“Ədəbiyyat və incəsənət” portalının Redaksiyasının poçtundakı növbəti məktubla sizləri tanış edirik. Məktub müəllifi Sadıqov Musa Mehman oğlu 27 noyabr 2001 ci ildə Bərdə rayonu Həsənqaya kəndində anadan olub. Gənc yaşlarından ədəbiyyata sevgisi olub və on beş yaşından şeir və hekayələr yazmağa başlayıb. O, ilk olaraq 2023 cü ildə "Mənim hekayəm" kitabının müəllifi olub. Daha sonra "Əbədi səmalarda" şəhid kitabı, "Qovuşmasaq da ayrılmayaq" romanı, "Mən də sevdim" şeir və esselərdən ibarət kitablarını oxucularına təqdim edib.
Musa Sadıqov tezlikdə "Kaş ayrılıq ölüm olsa" romanını oxucularına təqdim edəcək. Bu onun 5-ci kitabı olacaq. Musa Sadıqov hal- hazırda Azərbaycanın ordu sıralarında xidmət edir. Bu şeirlərini də bizə elə əsgəri xidmətdən göndərib.
"Vallah bu dünyaya bir də gələrdim"
Nüsrət Kəsəmənlinin "Bir də bu dünyaya gətirmə məni" şeirindən ilhamlanaraq...
Önümdə çiçəkli bağ görəcəmsə,
Eybi yox, keçilməz dağ görəcəmsə,
Atamı-anamı sağ görəcəmsə,
Vallah bu dünyaya bir də gələrdim.
Mənə pis çalsa da həyat zəngini,
Yenə də dözərəm versə dərdini,
Sevdiyim nigardan görsəm sevgini,
Vallah bu dünyaya bir də gələrdim.
Nuranə təbəssüm açsa üzümdə,
Günəş tək bir sevinc saçsa üzündən,
Kədər də, baş alıb qaçsa üzümdən,
Vallah bu dünyaya bir də gələrdim.
Gözəl keçirərdim bahar, yazımı,
Min şükür deyərdim, çoxa, azıma,
Xoşbəxt görəcəmsə, oğul, qızımı,
Vallah bu dünyaya bir də gələrdim.
"Əlvida"
Söylə ki, gedirəm ötürüm səni,
Arxanca su belə atmayacağam.
Getdiyin yerədək götürüm səni,
Dönüb arxanca da, baxmayacağam.
Getmək istəyirsən? Qapı açıqdır,
Bütün xatirəni yığıb gedərsən.
Mənlə qazandığın bu səadətə,
Son dəfə dayanıb, baxıb gedərsən.
Getsən vecimə deyil, qəm yemərəm mən,
Qoyduğun o, yerdə sanma qalaram.
Getmək istəyənə qal demərəm mən,
Qapını açaram, yola salaram.
Bizim eşq yolunuz bura qədərdir,
Gözündən yaş olub axıb gedəndə.
"Əlvida" deyənlər görüşmür bir də.
"Əlvida" deyərsən çıxıb gedəndə.
“Bağışla”
Dedilər ki, sevgi ölməz heç zaman,
Mən o eşqi dəfn elədim bağışla.
İndi ürəyimə necə deyim ki?
Qatilini əhv elədim, bağışla.
Dərd üstə dərd gəlir bu yazıq cana,
Bir nəfər olmadı halıma yana,
Məni tanımasan nə olar, ana,
Oğlunu da məhv elədim, bağışla.
Dilim öyrənibdir çəkdiyim aha,
Sevgi günahdırsa, batdım günaha,
Mən hər zaman yalvarıram Allaha,
Onu sevib səhv elədim, bağışla.
“Ədəbiyyat və incəsənət”
(08.04.2026)


