Ölü doğulan və siqaret tüstüsünə ağlayan körpə - Pablo Pikasso Featured

İnci Məmmədzadə,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

 Kubizm cərəyanının banilərindən biri Pablo Pikassonu hər ilin 8 aprelində dünyanın əksər yerində anırlar. Axı bu gün onun vəfatı günüdür.

 

Böyük ispan rəssamı Pikasso 25 oktyabr 1881-ci ildə dünyaya göz açıb. Pikasso rəssamlığa çox erkən yaşlarında başlayıb. İlk rəssamlıq dərslərini isə rəsm müəllimi olan atası Xose Ruisdən alıb və tezliklə bu sənətə mükəmməl yiyələnib. 8 yaşında ikən özünün ilk ciddi əsəri olan "Pikador"u yaradıb və bunu bütün ömrü boyu özü ilə saxlayıb.

Pikasso 1894–1895-ci illərdə La-Korunyada incəsənət məktəbində təhsil alıb. 1895-ci ildə Barselona incəsənət məktəbinə daxil olub. İlk əvvəl atasının adı — Ruiz Blasko adı ilə işləyib, lakin sonradan anasının soyadını — Pikassonu seçib. 1897-ci ilin sentyabr ayında Madridə yollanan Pikasso San-Fernand akademiyasına daxil olub.

Pikasso Barselonaya 1898-ci ilin iynunda dönüb və burada "Els Quatre Gats" kafesində fəaliyyət göstərən rəssamlar cəmiyyətinə üzv yazılıb. Onun ilk rəsm sərgisi məhz bu kafedə nümayiş etdirilib. O, Barselonada yaxın dostları olan Karlos Kasagemas və Jaim Sabarteslə tanış olub.

1900-cü ildə Pikasso dostu Kasagemasla Parisə yollanıb. Pablo Pikasso məhz burada impressionistlərin yaradıcılığı ilə tanış olub. Ömrünün bu illəri müxtəlif çətinliklərlə müşayiət olunub, dostu Kasagemasın intiharı isə gənc rəssamı dərindən sarsıdır. Məhz bu şəraitdə 1902-ci ilin əvvəllərində sonralar "mavi dövr" adlandırılacaq üslubda əsərlər işləməyə başlayıb.

Pikasso bu üslubu 1903–1904-cü illərdə Barselonaya dönüşündən sonra işləyib. Bu dövrə aid əsərlərində yoxsulluq, melanxoliyanın və kədərin xarakterik obrazları olan qocalıq və ölüm kimi mövzular açıq-aydın ifadə olunub, insanların hərəkətləri də çox yavaşıyıb ("Absent həvəskarı", 1901; "Görüş", 1902, "Gənc və Dilənçi qoca", 1903).

Çünki, Pikassoya görə dərdli adam daha səmimi olub. Rəssamın palitrasında mavi çalarlar üstünlük təşkil edib. İnsan iztirablarını əks etdirən Pikasso bu dövr əsərlərində korlar, dilənçilər, əyyaşlar və fahişələri canlandırıb. Onların bir qədər uzunsov bədənləri ispan rəssamı El Qrekonun əsərlərini xatırladıb.

Məşhur "Şar üzərində qızcığaz" əsəri "mavi" və "çəhrayı" dövrlər arasındakı keçid mərhələsinə aiddir. Pikasso 1904-cü ildə Parisdə məskunlaşıb. "Çəhrayı dövr" adlandırılacaq yeni mərhələ açılıb. Bu illərdə "mavi dövrün" qəm və kədəri teatr və sirkin daha canlı obrazları ilə əvəzlənib.

Rəssam əsərlərində çəhrayı-qırmızımtıl və çəhrayı-bozumtul çalarlara üstünlük verib. Əsərlərin personajlarına gəldikdə bunlar bir qayda olaraq sərsəri komediantlar, rəqqaslar və akrobatlar olublar. Bu dövr əsərləri sərsəri komediantların romantikadan məhrum olan faciəvi tənha həyatlarını əks etdirib ("Akrobat ailəsi meymunla", 1905).

Rənglərlə eksperimentlərdən və əhval-ruhiyyənin ötürülməsindən formaların analizinə keçən Pikasso Sezanın birtərəfli interpretasiyası və Afrika heykəltaraşlığını yeni janra çevirib. 1907-ci ildə Jorj Brakla görüşən Pikasso naturalizm və incəsənətin təsviri-idrak funksiyasını inkar edən bədii cərəyan olan kubizmin əsasını qoyub.

Pikasso formaların həndəsi bloklara çevrilməsinə xüsusi diqqət ayırıb (Horta de Ebroda fabrik, 1909), həcmləri artırır və sındırıb (Fernand Olivyenin porteri, 1909), onları müstəvi və səthlərə bölərək fəza boyu uzadıb (Kanveylerin portreti, 1910). Pikassonun rəsmlərində perspektiv itib, palitra monoxromluğa meyil edib.

Kubizmin ilkin məqsədi ənənəvi üsullardan fərqli olaraq məkan və kütlənin ağırlıq hissini ifadə etmək olsa da, Pikassonun rəsmləri tez-tez anlaşılmaz müəmmalara aparıb çıxarıb. Reallıqla əlaqəyə qaytımaq üçün isə Pikasso və Brak əsərlərinə tipoqrafik şriftlər daxil edir, divar kağızı, qəzet parçaları, kibrit qutuları kimi elementlərdən istifadə ediblər

Onların əsərlərində bir qayda olaraq musiqi alətləri, tütün tənbəkisi və qutusu, notlar, araqla dolu şüşələr və bu kimi əsrin əvvəllərində bohemaların həyat tərzinə xas olan atributlar üstünlük təşkil etməyə başlayıb. Kompozisiyalarda "kubistik kriptoqrafiya" — şifrələnmiş telefon nömrələri, evlər, sevgililərin adı, küçə adları yazılmış kağız parçaları, qəlyanaltılar meydana gəlib.

Kollaj texnikası kubistik prizmaların kənarlarını daha böyük müstəvilərdə birləşdirir (Gitara və skipka, 1913)  və ya çox rahat və yumoristik tərzdə tapıntını büruzə verib(Qızın portreti, 1914).

"Sintetik" dövrdə təmkinli kompozisiyalarla koloritin harmonizasiyasına cəhd edilib. Pikassonun yaradıcılığında kubistik dövr onu Jorj Brakdan ayıracaq Birinci Dünya müharibəsinin başlanmasından az sonra bitib. Lakin buna baxmayaraq Pikasso bir çox əsələrində bu üsluba yendən müraciət edib (Üç musiqiçi, 1921).

 

Pablo Pikassoya məxsus fikirlər:

1) Allah da başqa rəssamlar kimi rəssamdır.

2) Cavan rəssamı az adam başa düşür, yaşlı rəssamı ondan da azı.

3) Bədii cərəyanlar mağaza vitrinlərini öz silahı kimi işlədəndə qalib gəlirlər.

4) İnsanlar arasında da kopiya orijinaldan daha çoxdur.

5) Rəngkarlıq korlar üçündür. Rəssam gördüyünü yox, duyduğunu çəkir.

6) Hər bir uşaq dahi rəssamdır. Çətinlik ondadır ki, uşaqlıq dövründən çıxandan sonra da rəssam kimi qalsın.

7) Müharibə millətlər və xalqlar arasında elə bir dəhşətli mühakimə üsuludur ki, həm mühakimə edəni, həm də mühakimə ediləni məhv edir.

8) İncəsənət bizə həqiqəti anlamağa kömək edən yalandır.

 

Pikasso 8 aprel 1973-cü ildə vəfat edib.

Xaçpərəstə belə demək düzgündürmü, bilmirəm. Allah rəhmət eləsin.

 

“Ədəbiyyat və incəsənət”

(08. 04.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.