“Ayrılıq” oxudu, ikiyə bölünmüş xalqı ağlatdı Featured

 

İnci Məmmədzadə,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

Xalqımızın unudulmaz, dahi sənətkarı Rəşid Behbudov hələ 1985-ci ildə Almaniyada konserti zamanı Gülağa Məmmədovun təklifi ilə söz verilən 29 yaşlı Yaqub Zurufçunun "Ayrılıq" mahnısına heyranlıqla qulaq asaraq, 29 yaşlı gənc müğənnini elə səhnədəcə, tamaşaçıların gurultulu alqışları altında bağrına basıb, öpərək fəxrlə, qürurla deyib: "Daha arxayınam ki, məndən sonra davamçım var!".

 

Yaqub Zurufçu 8 aprel 1956-cı ildə Təbriz şəhərinin Çərandab məhəlləsində anadan olub. 7 yaşında Fərvərdin Mədrəsəsində ilk təhsilə başlayan Yaqub elə o illərdə Təbrizdə uşaq proqramlarında iştirak edib və məşhur "Cücələrim" mahnısı ilə həm Azərbaycanda, həm də İranda dillər əzbəri olub.

11 yaşında Azərbaycanın xalq mahnıları və bəstəkar mahnılarıyla tanış olan və onları məharətlə, şövqlə ifa edən Yaqub Zurufçu 15 yaşında Təbrizin Milli Televiziyasında ilk dəfə çıxış edərək, tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanan "Evləri var xana-xana", "De, gülüm gəlsin, ay nənə", "Dilbər" mahnılarını ifa edib.

Müğənni özünün musiqiyə olan böyük həvəsini, istedadını və oxumaq istəyini hər zaman atasının bir vaxtlar Bakıda yaşaması və Azərbaycan musiqisinə olan böyük sevgisi ilə izah edib. Tamaşaçıların, çoxsaylı musiqi həvəskarlarının xahişi ilə onu sonralar da vaxtaşırı Təbriz və Tehranın Radio və Televiziyaları öz musiqili proqramlarında çıxış etməyə dəvət ediblər.

 Ailədə 8 uşaqdan biri olan gənc Yaqub musiqi ilə yanaşı sonralar daha bir sənətə yiyələnmək üçün Tehran Universitetinin iqtisad fakültəsində ali təhsil almağa başlayıb, eyni zamanda Tehran Operasının xorunda öz musiqi fəaliyyətini davam etdirib.

İran İslam İnqilabı 1979-cu ildə İranda Xalq İnqilabından 1 il sonra — 1980-ci ildə İranı tərk edib, Almaniyaya köçməli olub. O, öz peşəkar musiqi təhsilinə Hamburq şəhərində başlamış və vokal sənəti üzrə diplomlu musiqiçi kimi daha sonra Amerikanın Florida ştatının Myami Universitetində vokal sənəti üzrə ali mütəxəssis diplomuna layiq görülüb.

Hər zaman ürəyində milli musiqi sevgisi yaşadan Yaqub Zurufçunun ən böyük, müqəddəs arzusu illərlə həsrətində olduğu, qəlbində böyük bir sevgi kimi yaşatdığı Azərbaycana gəlmək olub.

Nəhayət, 1989-cu ilin əvvəllərində Azərbaycanın məşhur müğənnisi, Xalq artisti Gülağa Məmmədov Almaniyada olarkən təsadüfən Yaqub Zurufçunun "Ayrılıq" mahnısına çəkilən sadə bir klipi görüb, adını ilk dəfə eşitdiyi gənc müğənninin ecazkar ifasından heyrətə gəlib.

Başı min-bir bəlalar çəkən Azərbaycanın 200 il əvvəl (1813-cü ildə) rus və fars şovinistləri tərəfindən "Gülüstan" müqaviləsi üzrə qəsdən iki yerə bölünərək, Güney və Quzey adlanan iki hissəyə ayrılmasına həsr edilən "Ayrılıq" mahnısını Yaqub Zurufçunun ifasında çox bəyənən Gülağa Məmmədov həmin klipi Azərbaycana gətirib və respublika televiziyasında yayımlanmasına nail olub.

Yaqub Zurufçunun o taylı — bu taylı Azərbaycanın birləşmə istəyinin ağrı-acı və böyük sevgi, həsrətlə dilə gətirildiyi "Ayrılıq" mahnısı qısa bir zamanda çox sevilərək, dillər əzbəri olub və ötən əsrin 90-cı illərində xalqımızın milli-mənəvi dirçəlişinə mühüm bir dayaq olmaqla ona sanki yön verərək, milli-azadlıq hərəkatının manifestinə çevrilib.

1989-cu ildə Gülağa Məmmədovun təşəbbüsü və "Vətən" Cəmiyyətinin dəvəti ilə Vətən eşqli, Vətən həsrətli Yaqub Zurufçu ilk dəfə olaraq doğma Azərbaycana gəlib. Həmin il oktyabrın 29-da Azadlıq meydanında dəniz kimi dalğalanaraq, kükrəyib-coşan izdihamın sürəkli alqışları altında Yaqub Zurufçu azadlıq eşqli doğma xalqımızı tribunadan böyük sevgi və ehtiramla salamlayıb.

Sonra da izdiham qarşısında diz çöküb, "Ayrılığ"ı oxuyub, birlik, həmrəylik çağırışı kimi səslənən bu mahnını Azərbaycanın azadlıq hərəkatında bir inqilabi "Marselyoza"ya, müstəqillik yolunda sönməz bir məşələ çevirərək, hamını kövrəldib. O vaxt Yaqub bəy çox cavan bir oğlan olub, cəmi 33 yaşı olub, ancaq artıq bütün Azərbaycan onu "Ayrılıq" və digər vətən eşqli mahnıları ilə tanıyıb və sevib.

Həmişə doğma Azərbaycanda, onun yanında olmağı, xalqımızın ağır günlərində ona kömək durmağı, onun qayğıları ilə yaşamağı arzulayan Yaqub Zurufçu 1989-cu ilin dərdli-həyəcanlı günlərində təşkil edilən konsertlərindən yığılan böyük həcmdə vəsaiti bütünlüklə azğın düşmən təfəfindən yaşadıqları doğma torpaqlardan — Qərbi Azərbaycandan və Qarabağdan qovulan, didərgin salınan evsiz-eşiksiz həmvətənlərimizə yardım fonduna köçürülüb — Yaqub Zurufçunun xahişi, öz təşəbbüsü ilə!..

Təsadüfi deyildi ki, həmin günlərdə Xalq hərəkatına rəhbərlik edən Əbülfəz Elçibəy fars əlifbası ilə ona təşəkkür məktubu yazıb.

Yaqub Zurufçu Azərbaycanın, bütün türk-müsəlman dünyasının görkəmli sənətkarı olaraq, milli musiqimizi Avropada – Almaniya, İngiltərə, Fransa, İspaniya ilə yanaşı ABŞ-da, Kanadada, Braziliyada, Cənubi Afrika Respublikasında, Misirdə, Mərakeşdə, hətta uzaq Yaponiya və Avstraliyada da uğurla təbliğ edərək, milyonlarla tamaşaçıya, dinləyiciyə sevdirə bilib.

Azərbaycanın görkəmli şəxsiyyətlərinin adını daim uca tutan Yaqub Zurufçu 2015-ci ilin sentyabrında Azərbaycanın professional musiqi sənətinin banisi, bütün Şərq dünyasının ilk opera yaradıcısı, dahi bəstəkar Üzeyir Hacıbəylinin 130 illik yubileyinə öz sanballı töhfəsini verib.

O, əbədiyaşar musiqi korifeyimizin və onun davamçıları olan bəstəkarlarımızın əsərlərindən ibarət maraqlı mahnı albomu hazırlayıb və respublikanın musiqi ictimaiyyətinin iştirakı ilə dahi bəstəkarın Ev-muzeyində onun təqdimatını keçirərək, klassik Azərbaycan mahnılarını böyük sənətkarlıqla, məftunluqla ifa edib.

Ulu öndər Heydər Əliyev də türk dünyasının sevimli müğənnisi Yaqub Zurufçu sənətinin böyük pərəstişkarı olub. Xalqımızın unudulmaz xilaskarı Amerikada müalicə olunarkən müğənninin ona baş çəkərək, o böyük şəxsiyyətin sevdiyi mahnıları pianinoda özü çalaraq, böyük sevgi ilə ifa etməsi dahi rəhbərin çox xoşuna gəlib. İlk müalicədən sonra Bakıya qayıdan Heydər Əliyev Prezident Aparatında Yaqub bəyi qəbul edərkən ona olan rəğbətini, sevgisini dilə gətirərək deyib:

"Mən səni, sənin sənətini çox sevirəm. Təbiidr, səni məndən başqa da Azərbaycanda çoxları, hamı sevir. Çünki sən Azərbaycanın o ağır illərində xalqımıza öz mahnılarınla, öz sənətinlə çox qürur vermisən, mənəvi dayaq olmusan!"

Doğma Odlar Yurdunu bütün varlığı ilə sevən Yaqub Zurufçu uzun illər xaricdə yaşadığına baxmayaraq, Azərbaycan musiqisini dünyada ən çox təbliğ edən bir sənətkar olub. Onun Almaniyada, ABŞ-də, Kanadada, Azərbaycanda və digər ölkələrdə 30-dan çox musiqi albomu işıq üzü görüb.

Azərbaycan musiqisinin həm respublikada, həm də xarici ölkələrdə pərəstişkarlarının daha çox olmasını arzulayan Yaqub Zurufçu 1995-ci ildə respublikada ilk professional səsyazma studiyası yaradıb. Xalqımızın unudulmaz, sevimli şairi Səməd Vurğunun adını verdiyi həmin səsyazma studiyası bir-neçə il uğurla fəaliyyət göstərib, tanınan musiqi sənətkarlarının böyük tirajla mahnı albomlarının buraxılmasına nail olub.

Hələ gənclik illərindən Bakının həsrətini çəkən görkəmli sənətkar Qarabağın, Azərbaycanın musiqi beşiyi, həm də akademiyası olan Şuşanın azad olunmasında Milli Ordumuzun gücünə, qələbə əzminə inanaraq, bu müqəddəs amala tezliklə nail olunması üçün özünün sənətkar töhfəsini verib.

Son 20–25 il ərzində Müdafiə Nazirliyinin təşkilatçılığı ilə əsgər və zabitlərimizin vətənpərvərlik ruhunun gücləndirilməsi məqsədilə 35-ə qədər hərbi hissədə geniş konsert proqramı ilə çıxış edib. Azərbayacanı bütün varlığı ilə sevən Yaqub Zurufçu Qarabağımızın işğaldan azad edilməsi uğrunda canlarından keçmiş Vətən şəhidlərini daim ehtiramla yad edib.

Bakıda, Mingəçevirdə, Masallıda və digər rayonlarımızda Şəhidlər xiyabanlarına gedərək, torpaqlarımıza azadlıq bəxş edən igid oğulların müqəddəs məzarlarını ziyarət edib, şəhid ailələrinə yardım göstərib.

Ölməz qəhrəmanlarımızın ruhuna onların şərəfli adına layiq çox təsirli və kövrək duyğulu "Ağlama, anam, mənə…" mahnı-elegiyasını bəstələyib və qəlb ağrısıyla ifa edib. Bununla o, Vətənə böyük Qələbə sevincini bəxş edən oğul və qızlarımıza öz sənətkar minnətdarlığını ifadə edib, sanki onlarla qəlbən vidalaşıb.

Yaqub Zurufçunun 2019-cu il oktyabrın 12-də Heydər Əliyev adına Respublika sarayında təşkil edilən konserti onun son solo-konserti kimi sənətsevərlərin yaddaşına əbədi həkk olunub.

Dahi Üzeyir Hacıbəylinin əsərlərinin, Bülbülün, Rəşid Behbudovun repertuarlarından klassik mahnıların, bütöv Azərbaycana, doğma Təbrizə və Bakıya həsr edilən musiqi əsərlərinin səsləndirildiyi, respublikamızın görkəmli mədəniyyət və incəsənət xadimlərinin, yüzlərlə pərəstişkarın iştirak etdiyi həmin möhtəşəm konsert sanki Yaqub Zurufçunun öz doğma xalqı ilə heç vaxt unudulmaycaq son, vida konserti olub

Yaqub bəy 2021-ci ilin iyun ayında xalqımızın Bütöv Azərbaycan həsrətinə — Güney və Quzey Azərbaycanın 200 illik birləşmə arzusuna həsr etdiyi, Xalq şairi Söhrab Tahirin "Daha" şeirinin motivləri əsasında iki hissəli klipin layihəsi üzərində işləyib.

Klipin 30 il əvvəl Arazın o tayından tikanlı məftillər arxasından milyonlarla ürəkləri alovlandıran "Ayrılıq" mahnısının təkrarsız ifası ilə çəkilən ilk klipə "cavab" olaraq Arazın bu tayından, bir zamanlar hələ parçalanmayan Azərbaycanın Xudafərin körpüsü üzərindən xalqımızın azad, sərbəst el-oba gediş-gəlişinin yenidən bərpasını, Vətənin iki sahilinin birləşməsini tərənnüm edəcək maraqlı bir klip ssenarisi hazırlayıb.

Görkəmli sənətkar 14 sentyabr 2021-ci ildə 65 yaşında Bakıda ağır xəstəlikdən sonra vəfat edib.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(08.04.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.