İlhamə Məhəmmədqızı,
“Ədəbiyyat və incəsənət” portalının Sumqayıt təmsilçisi
Bu günlərdə Sumqayıt Dövlət Dram Teatrının mətbuat katibi Turan Etibaroğlu ilə həmsöhbət olduq. Öyrəndik ki, bu mədəniyyət ocağı 2026-cı ilin ilk aylarında sənətsevərləri bir-birindən fərqli, məzmun və janr baxımından zəngin iki yeni səhnə əsəri ilə sevindirərək teatr həyatına yeni nəfəs gətirib.
Repertuarın yenilənməsi istiqamətində atılan bu addımlar həm klassik, həm də müasir dramaturgiyanın uğurlu sintezini nümayiş etdirməklə yanaşı, tamaşaçı zövqünün inkişafına da xidmət edir.
Martın 1-də təqdim olunan “Gəlinlərin savaşı” tamaşası görkəmli yazıçı Mirzəağa Atəşin “Şərəfin sandığı” pyesi əsasında hazırlanıb. Xalq artisti Firudin Məhərrəmovun quruluş verdiyi bu səhnə əsəri ailə münasibətlərinə yumor prizmasından yanaşaraq gündəlik həyatda tez-tez rast gəlinən sosial problemləri komediya dili ilə təqdim edir. Tamaşanın süjet xətti üç gəlinlə qayınana arasında baş verən qarşıdurma üzərində qurulub. Bu qarşıdurma yalnız məişət səviyyəsində deyil, eyni zamanda dəyərlər, nəsillərarası fərqlər və ailədaxili balansın qorunması kimi daha geniş məna daşıyan məsələləri əhatə edir. Tamaşa boyunca gülüş doğuran situasiyalar vasitəsilə ailə harmoniyasının bərpasının vacibliyi incə şəkildə tamaşaçıya çatdırılır.
Martın 10-da isə teatr Milli Teatr Günü münasibətilə növbəti premyerasını - “Sonuncu qonaq” tamaşasını təqdim edib. Tanınmış tatar dramaturqu Taufiq Minullinin əsəri əsasında hazırlanan bu səhnə işi Xalq artisti Valeh Kərimovun quruluşunda tamaşaçıların ixtiyarına verilib. Dərin fəlsəfi məzmunu ilə seçilən tamaşa həyatın mənası, zamanın keçiciliyi, sevgi, ölüm və insan iradəsi kimi əbədi mövzulara toxunur. Əsərin mərkəzində dayanan 91 yaşlı Əlməndər obrazı vasitəsilə insanın həyat yoluna, seçimlərinə və sonluq qarşısında göstərdiyi mövqeyə bədii və düşündürücü yanaşma sərgilənir. Dramatik qarşıdurmalar və incə yumor elementləri tamaşaya xüsusi rəng qataraq onun emosional təsir gücünü artırır.
Hər iki premyera bir daha sübut edir ki, Sumqayıt Dövlət Dram Teatrı yaradıcı axtarışlarını davam etdirən, müasir səhnə həllərinə açıq olan və aktual mövzuları tamaşaçıya peşəkar şəkildə çatdırmağı bacaran sənət ocağıdır. Səhnə quruluşları, aktyor oyunu və rejissor yanaşması baxımından seçilən bu tamaşalar şəhər ictimaiyyəti, teatr xadimləri və media nümayəndələri tərəfindən böyük maraqla qarşılanıb.
Bir sözlə, teatrın yeni repertuarı həm əyləncəli, həm də düşündürücü məzmunu ilə tamaşaçıları cəlb etməyi bacarır və milli teatr ənənələrinin müasir ədəbi yaradıcılıqda uğurla davam etdirildiyini nümayiş etdirir.
“Ədəbiyyat və incəsənət”
(08.04.2026)


