 
				
				Super User
Sumqayıtlı Vətən Müharibəsi qəhrəmanı ADİL İBRAHİMLİ
İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Sumqayıt şəhərindən çıxan Qarabağ müharibəsi qəhrəmanlarından daha biri barədə danışmaq istəyirəm. Bu gün onun doğum günüdür. 1-ci Qarabağ müharibəsi günlərində dünyaya gəlib 2-ci Qarabağ müharibəsi günlərində şəhadətə ucalan Xüsusi Təyinatlı Qüvvələrin baş leytenantı Adil İbrahimliyə gəlin Allahdan rəhmət diləyək.
Ailəli idi. 2 övladı yadigar qalıb.
Adil İbrahimli 9 sentyabr 1992-ci ildə Sumqayıt şəhərində anadan olub. Sumqayıt şəhərində 14 nömrəli tam orta məktəbdə, Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil alıb. 2011–2015-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsil alıb. 2015–2017-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin "N" saylı hərbi hissəsində xidmət edib.
2017-ci ildən isə Xüsusi Təyinatlı Qüvvələrin sıralarında Baş Kəşfiyyatçı, Qrup Komandirinin müavini, Qrup Komandiri vəzifələrində xidmət edib.
Baş leytenant Adil İbrahimli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Murovdağ döyüşlərində, həmçinin Cəbrayılın, Füzulinin, Xocavəndin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb.
Adil İbrahimli qələbənin bircə addımlığında olarkən noyabrın 7-də Şuşanın azad edilməsi zamanı şəhid olub.
II Fəxri Xiyabanda dəfn olunub.
Təltifləri
1. "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi" yubiley medalı
2. "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalı
3. "Vətən Müharibəsi Qəhrəmanı" medalı (ölümündən sonra)
4. "Vətən uğrunda" medalı (ölümündən sonra)
5. "Şuşanın azad olunmasına görə" medalı (ölümündən sonra)
6. "Kəlbəcərin azad olunmasına görə" medalı (ölümündən sonra)
7. "Xocavəndin azad olunmasına görə" medalı (ölümündən sonra)
2021-ci ildə Sumqayıt şəhərində Adil İbrahimlinin adına yaşadığı ərazidə bulaq tikilib. 2021-ci ildə Sumqayıt şəhəri 14 nömrəli tam orta məktəbə Vətən Müharibəsi Qəhrəmanı Adil İbrahimlinin adı verilib.
“Ədəbiyyat və incəsənət”
(09.09.2025)
MÜTALİƏ MƏDƏNİYYƏTİ – 13-1.Mütaliə mədəniyyətinin inkişaf mərhələləri
Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”
MÜTALİƏ MƏDƏNİYYƏTİNİ NECƏ FORMALAŞDIRMALI?
“Ədəbiyyat və incəsənət” portalının təqdim etdiyi bu silsilə yazılar Azərbaycan Yazıçılar Birliyi Ədəbiyyat Fondunun Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərkib hissəsi olaraq nəşr edilir.
Azərbaycan Ədəbiyyat Fondu@
-Cəmi 6 dəqiqə kitab oxumaq stressin səviyyəsini 30 %-ə qədər azalda bilir ki, bu da musiqi terapiyasından və ya gəzintidən daha səmərəlidir.
-Həkimlər sübut ediblər ki, mütaliə həm də güclü sağaldıcı prosedurdur. Bu gün inkişaf etmiş ölkələrin bir çox aparıcı klinikalarında yeni müalicə metodu – biblioterapiya tətbiq edilir.
-Tədqiqat zamanı zəngin süjet xəttinə malik romanların beş gün ərzində oxucunun beyin hüceyrələrini dəyişdiyi sübut edilib.
Sizləri cəlb edə bildik, elədirmi? Onda hər gün mütaliə mədəniyyəti barədə oxuyun və özünüzdə mütaliə vərdişləri aşılayın.
13-1.
MÜTALİƏ MƏDƏNİYYƏTİNİN İNKİŞAF MƏRHƏLƏLƏRİ
Mütaliə mədəniyyətinin inkişaf mərhələləri 3-dür.
1. BİRİNCİ MƏRHƏLƏ. Bədii əsərdə bir qism oxucu hər şeydən çox onun məzmunu, fabulası ilə maraqlanır. Digər qism hiss, həyəcan, ehtiras axtarır. Hər iki kontingent üçün asudə vaxtı səmərəli keçirmək, yaxşı əylənmək üçün mütaliə lazımdır. Bu, əyləncəli mütaliədir. Əyləncəli mütaliə Mütaliə mədəniyyətinin ən aşağı mərhələsidir. Məsələn, satılma tirajına görə dünyada ilk cərgədə qərarlaşmış kitablar “Harri Potter” seriyasıdır ki, müəllifi C.K.Roulinq olan bu romanlar macəra janrındadır, gənc sehirbaz Harri Potter və onun dostlarının sərgüzəştlərindən bəhs edir. Bu romanlar əyləncəli mütaliə üçün nəzərdə tutulubdur. Ən çox satılanlar sırasında müasir bir sıra yazarların, eləcə də klassik dönəmin Aqata Kristi, Artut Konan Doyl kimi ustaların yazdıqları detektivlər də ön sırada qərarlaşıbdır. O xümlədən bizim ölkəmizdə bu janra maraq böyükdür. Dünyaşöhrətli Xalq yazıçımız Çingiz Abdullayev, kitabları Teas-press yayın evinin satış listəsində həmişə öndə qərarlaşan Elxan Elatlı, yeni debüt etmiş Fəxrəddin Qasımoğlu azərbaycanlı detektivsevərlərə bir-birindən maraqlı yeni-yeni kitablarını ərməğan etməkdədirlər. Detektiv janrı əyləncəli mütaliənin ən geniş yayılmış və populyar növüdür.
Əyləncəli mütaliənin bir növü də erotik romanlardır. 2015-ci ildə işıq üzü görən və qısa müddət ərzində 55 ölkədə çap olunan, tirajı milyonu keçən “Bozun əlli çaları” romanının triumfunu kim xatırlamır? Britaniyanın qadın yazıçısı E.L.Ceymsin qələmindən çıxan bu roman məhz erotik romandır.
Əlbəttə ki, kitab oxumaq özlüyündə müsbət haldır, istənilən şəxs kitab oxuyursa onu alqışlamağa dəyər. Zira, əgər o, sonadək yalnız əyləncə xatirinə kitab oxuyursa, bu artıq alqışlanası hal deyil. Belə ki, əyləncəli mütaliə oxucunun zövqünü korşaldır, nəticədə həqiqi sənət əsərləri onlara darıxdırıcı, maraqsız gəlir. Qoy oxucular macəra da oxusunlar, detektiv də oxusunlar, insanları kitabı sevdirmək, mütaliəyə alışdırmaq üçün əyləncəli mütaliənin əhəmiyyəti böyükdür, amma sonradan oxucuların mütaliə mədəniyyətini inkişaf etdirmək, onları 1-ci mərhələdən 2-ci mərhələyə qaldırmaq zəruridir.
2. İKİNCİ MƏRHƏLƏ. Əgər oxucunun mütaliə mədəniyyəti 1-ci mərhələyə nisbətən yüksəkdirsə, onu 2-ci mərhələyə aid edirlər. Bunlar bədii əsərdən böyük estetik zövq və yüksək həzz alan oxuculardır. Onlar oxuduqları əsərləri dərk edirlər. Halbuki, mütaliə mədəniyyətinin 1-ci inkişaf mərhələsində olan şəxslər barədə bunları söyləmək olmaz. Məsələn, yazıçı Varis “Yeddi iyunun yazısı” essesində yazır: “Bizə Nyu-Yorkda “Bestseller yazmağın qızıl qaydaları”ni tədris edəndə 3-cü minillik insanının mobil telefondan və internetdən qopub kitaba inteqrasiyası üçün yazıçıya cəmi 3 abzas şans verildiyini bildirmiş, uzunçuluqdan, müəmma və mücərrədçilikdən, bol bədii ifadə vasitələrindən qaçmağın lüzumunu sübut eləmiş, əsas oxucu kütləsi sayılan, hədsiz sosiallaşmış Z nəslinin maraq dairəsini nəzərə almağı tövsiyyə etmişdilər. Və ən əsası, təlqin olunmuşdu ki, hər bir bədii əsər öz mesajı ilə dəyərlidir.
Bəs nə edəsən ki, əksər oxucularımız hadisə təfsilatına, təhkiyəyə uyurlar, amma mesajlara önəm vermirlər? Bakı Kitab Klubunun elan etdiyi kimi, Azərbaycanda ən çox satılan “Sonuncu ölən ümidlərdir” romanımı oxuyanlar bir uğursuz sevgi əhvalatına təəssüflə acıyırlar. Halbuki, o romanda sevgi əhvalatı yalnız butaforadır. Canlı olan isə "məqsəd vasitələri doğruldur” deyərək ən əyri, ən alçaldıcı yollarla məqsədlərinə çatanlara bu sayaq yüksəlişin sonda çöküş olacağı qanunauyğunluğunu sübut etməkdir.”
Həqiqətən də cəmiyyətin qarşısında duran ən ümdə məsələ kitab oxuyanların sayını artırmaqdır, eyni zamanda, onların mütaliə zövqünün də korşalmasına imkan verməməkdir. Bu isə, həqiqətən, çox çətin bir prosesdir və özlüyündə həm naşirləri, həm yazarları, həm kitabxana əməkdaşlarını, həm pedaqoqları, həm də ki, əlbəttə, valideyinləri külüngü eyni nöqtəyə vurmağa səfərbər edir.
3. ÜÇÜNCÜ MƏRHƏLƏ. 3-cü mərhələnin oxucusu böyük estetik mədəniyyətini, bədii yaradıcılıq xüsusiyyətini anlaması, əsəri bədii və ideya cəhətdən bütövlükdə təhlil etmək qabiliyyəti ilə fərqlənənlərdir. Əlbəttə ki, əgər oxucu Kafkanın “Qəsr”, Bulqakovun “Usta və Marqarita”, Oruelin “1984” romanlarını oxuyursa, Füzulinin qəzəllərini oxuyub rahat şəkildə qavrayırsa, demək onun mütaliə mədəniyyəti ən yüksək mərhələdədir.
Növbəti: 13-2.Mütaliənin hərtərəfli olması qaydası
“Ədəbiyyat və incəsənət”
(09.09.2025)
Teatrımızda mükəmməl ad – KAMRAN QULİYEV
İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət””
Naxçıvan Teatrında işlədiyi müddətdə Azərbaycan Respublikasının xalq artisti Kamran Quliyev H. Cavidin "Şeyx Sənan"ında Keşiş, "Uçurum"unda Uluğ bəy, "Ana"sında Səlim, "Topal Teymur"unda Əmir Teymur, A. N. Ostrovskinin "Günahsız müqəssirlər"də Neznamov, A. Dudayevin "Astana"da Nikolay, H. Arzulunun "Əlincə qalası"nda Əmir Altun, "İtilənən Xəncərlər"ində Qubuşov, C. Məmmədquluzadənin "Kamança" pyesində Qəhrəman Yüzbaşı, "Anamın kitabı"nda Mirzə Məmmədəli, O. Kamalın "Yad qızı"nda Məzhər bəy, A. Turan Oflazoğlunun "Dəli İbrahim"ində Silahdar Yusif, N. Nərimanovun "Nadir şah"ında Nadir şah, N. Həsənzadənin "Atabəylər"ində Qızıl Arslan, "Pompeyin Qafqaza yürüşü"ndə Pompey, İ. Əfəndiyevin "Hökmdar və qızı"nda, İbrahim xan və s. rollar oynayıb. Bu rollar da onu məşhurlaşdırıbdır.
Kamran Quliyev 9 sentyabr 1958-ci ildə dünyaya göz açıb. 1981-ci ildə M. A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun mədəni-maarif fakültəsinin qiyabi şöbəsinə daxil olub, 1986-cı ildə institutu bitirib. Kamran Quliyev 1979-cu ildən Naxçıvan teatrında aktyor işləyir. 1997-ci ildən teatrın baş rejissorunu əvəz edib. 2004-cü il fevraldan 2013- cü ikin iyun ayına qədər teatrın direktoru və baş rejissoru vəzifəsində çalışıb.
Rejissor kimi Anarın "Sizi deyib gəlmişəm"(1992-ci il), Həmid Arzulunun "İtilənən xəncərlər"(1996), "Ərsizlər və arsızlar"(1999), "Mərhəmət məhəbbət deyil"(2003), Rauf İçərişəhərlinin "Arzum çin oldu"(1997), "Kələkbaz qızlar"(1999), Ramiq Muxtarın "Şəhərli kürəkən"(1998), Ü. Hacıbəyovun "Arşın Mal Alan"(1999), Həsən Elsevərin "Qorxulu oyun"(2000), H. Cavidin "Topal Teymur"(2000), "İblis"(2003),(2007), Elçinin "Mənim ərim dəlidir"(2001), "Mənim Sevimli dəlim"(2002), İ. Əfəndiyevin "Şeyx Xiyabani"(2001) Adil Babayevin "Yarımçıq şəkil"(2001), N. Həsənzadənin "Pompeyin Qafqaza yürüşü"(M. Fərzəlibəyli ilə birlikdə 2002), İ. Məlikzadə "Gəl qohum olaq"(2002), M. F. Axundovun "Lənkəran xanın vəziri"(2004), Hidayətin "Bu dünyanın adamları"(2004), C. Məmmədquluzadə "Dəli Yığıncağı"(2005), Elman Həbib "Sahilsiz çaylar"(2005), Mir Cəlal "Dirilən adam"(2006) əsərlərinə və digər tamaşalara quruluş verib.
1987-ci ildə Azərbaycan SSR əməkdar artistİ, 1999-cu ildə Azərbaycan Respublikasının Xalq artisti fəxri adına layiq görülüb. 25 sentyabr 2008-ci ildə "Tərəqqi" medalı ilə təltif olunub. 26 iyul 2002-ci ildə Prezident Mükafatı alıb. Hazırda Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyində çalışır.
“Ədəbiyyat və incəsənət”
(09.09.2025)
Venesiya kinofestivalının mükafatçılarının tam siyahısı
Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”
İtaliyanın Venesiya şəhərində 82‑ci Beynəlxalq Venesiya Kino Festivalı bu dəfə də kimlərinsə triumfu, kimlərinsə uğursuzluğu, kino adına xeyli qənaətbəxş nəticələr, bəzi iadlar və çoxlu dedi-qodularla yadda qaldı. 27 avqust–6 sentyabr 2025 tarixlərində keçirilən festivalın əsas mükafatçılarını Reuters-ə istinadən təqdim edirik;.
1.
Əsas Mükafatlar
Qızıl Şir (Golden Lion) – Ən Yaxşı Film
 Father Mother Sister Brother (rejissor Jim Jarmusch) festivalın ən prestijli mükafatına layiq görülüb.
Gümüş Şir – Böyük Jury Mükafatı (Grand Jury Prize)
 The Voice of Hind Rajab (rejissor Kaouther Ben Hania) — bu film Qəzza zolağında beş yaşlı bir qızın yardım çağırışını təsvir edən və tamaşaçılar arasında 23 dəqiqəlik dayanmadan alqış dalğası yaratmış dramatik təsiri ilə tanınıb.
Gümüş Şir – Ən Yaxşı Rejissor
 Benny Safdie – The Smashing Machine filmi ilə bu mükafata layiq görülüb.
Xüsusi Jury Mükafatı (Special Jury Prize)
 Below the Clouds (rejissor Gianfranco Rosi) — əlavə xüsusi mükafat.
2.
Aktrisa və Aktyor Mükafatları
Ən Yaxşı Aktrisa (Volpi Cup)
 Xin Zhilei – The Sun Rises on Us All filmindəki performansı ilə mükafatlandırılıb.
Ən Yaxşı Aktyor (Volpi Cup)
 Toni Servillo – La Grazia filmindəki rolu ilə mükafata layiq görülülüb.
3.
Digər Mükafatlar
Ən Yaxşı Ssenari: At Work (Valérie Donzelli və Gilles Marchand)
Marcello Mastroianni Mükafatı – Luna Wedler – Silent Friend filmində göstərdiyi performansla.
Auditoriya Mükafatı (Armani Beauty Audience Award) – Calle Málaga (rejissor Maryam Touzani)
Lion of the Future (Debüt Filmləri üzrə) – Short Summer (rejissor Nastia Korkia)
4.
Orizzonti (Horizons) Bölməsi
Ən Yaxşı Film: En el Camino (rejissor David Pablos; Meksika) – həm əsas film, həm də festivalın Queer Lion mükafatını qazanıb.
Ən Yaxşı Rejissor: Anuparna Roy – Songs of Forgotten Trees ilə Orizzonti kateqoriyasında ən yaxşı rejissorluğa görə mükafat alıb. Bu, Orizzonti bölməsində mükafat alan ilk Hindistan rejissoru kimi tarixə düşüb.
5.
Həyat Uğurları və Onur Mükafatları
Kim Novak, 92 yaşında, festivalda Golden Lion for Lifetime Achievement — karyerasına görə həyat uğurları mükafatı ilə təltif edilib. Həmçinin festivala onun haqqında çəkilən “Kim Novak’s Vertigo” adlı sənədli film təqdim edilib.
Werner Herzog – eyni kateqoriyada daha bir həyat mükafatı laureatıdır.
Şəkildə: Festivalın baş mükafatı Amerikanın müstəqil kinosunun klassiki Cim Carmuşa (Jim Jarmusch) qismət olur. O, əsla favorit deyildi. Foto -BBC.
“Ədəbiyyat və incəsənət”
(08.09.2025)
Bu ağrı haradandır, ay Raskolnikov? - ESSE
Harun Soltanov, “Ədəbiyyat və incəsənət”
Bəzən düşünürəm... yox, əslində çox vaxt düşünürəm. Hətta bəzən düşünməkdən o qədər düşünürəm ki, düşünməyimin belə artıq düşünülmüş olduğunu düşünürəm. Yaxşı, görəsən bu dövrü necə qıra bilərəm? Yox, başqa sual, bu dövrü qırmağa ehtiyac varmı? Və beləliklə, mənasızlığın içində məna axtarıram.
Kimsə demişdi ki, insan əvvəlcə var olur, sonra isə "özünü müəyyənləşdirir". Mən isə əvvəlcə doğuldum, sonra isə çox düşünməkdən cibimə pul yığdım. Bəs bu pul nəyə lazımdır? Var olmaq üçün pul lazımdır? Yoxsa pul olmasaydı, mən daha az var olardım? Bu da bir kimlikdir, elə deyilmi? Kimlik.. Hə, kimlik. Bəlkə də mənim kimliyim, sadəcə cibim və içindəki puldur. Hər dəfə pul çıxdıqda, mən özümü bir az daha çox hiss edirəm, yəni, var olduğumu təsdiqləyirəm.
Gəl dostum, indi əsas məsələyə toxunaq. Mənasızlıq. Əgər hər şey mənasızdırsa, bu cümlə də mənasızdır. Mənasızlıqda mənalı olmaq, əslində mənası olmayan şeyi mənalı etmək. Niyə mən də bunu eləmirəm? Niyə kiməsə "bu mənalıdır" deyəndə onlar inanırlar, amma mən deyəndə mənasızdır? Deməli, əslində bu cümlə çox mənalıdır. Çünki o öz mənasızlığı ilə mənanı ləğv edir. Mənanı ləğv etdiyi üçün isə... özlüyündə bir mənaya çevrilir.
Yəni, başa düşürsən dostum? Mən də yox. Yaxşı, bəs mən nə başa düşürəm? Mən heç nə anlamıram, amma mənasızlığı anlamamaq da bir mənadır, elə deyilmi? Amma Dostoyevski olsaydı, göz yaşları içində deyərdi, "Axı insan əzab çəkə bildiyi qədər insandır." Yəni, əzab yoxdursa, insan da yoxdur? Və mən əzab çəkdiyim üçün varam? Amma bəs mənim əzabım sarkazm və boşqab yığmaq qədər dərin olmasa?
Və mən soruşuram: Bu ağrı haradandır, ay Raskolnikov? O isə cavab verir: "Bir mənaya ehtiyacım var idi... ona görə bir qadını baltaladım." Ah, əlbəttə, böyük mənalar böyük hərəkətlərə gətirib çıxarır. Mən isə? Mənim mənam cibimlə, telefonun batareya səviyyəsi ilə və soyuducuda sındırılmış yumurtayla ölçülür.
Nitşe isə yazardı: "Əgər kifayət qədər uzun müddət boşluğa baxsan, boşluq da sənə baxar." Mən isə uzun müddət soyuducuya baxdım, orada heç nə yox idi. Yaxşı, baxdım, amma boşluq da yox idi. Sadəcə bir soyuq plastik və yumurta qırığı. Boşluq yox, əvəzinə soyuducunun sarkazmı. Boşluq geri baxmadı. Sadəcə yumurta sındı. Bu da həyatdır. Əbədi qayıdış yox, əbədi aclıq. Həyat yumurtanın sındığı kimi əyləncəli və bir o qədər əzablıdır bəlkə də.
Və sonsuzluq məsələsi... Əgər sonsuzluq anlayışına sahibiksə, niyə telefonun batareyası ölür? Sonsuzluq niyə məni hər dəfə 10% batareya ilə tərk edir? Sonsuzluq heç vaxt bitməyən batareya kimi deyil, daha çox telefonun şarjı kimi tez tükənən, sarkazmlı bir yalandır. Niyə "daha 5 dəqiqə yatım" deyirik və zaman bizə sadəcə kinayəli bir təbəssüm atır? Yatmaq istəyirəm, amma zaman belə düşünmür. Zaman deyir: "Yaxşı, yuxunu kəs, həyat səni gözləyir!" Zaman sonsuz ola bilər, amma sən niyə 7-də işə gecikirsən? 7-də işə gecikmək, sonsuzluğa verilən ən absurd cavabdır.
Bəlkə də zaman özü də bezib bizdən. Zaman deyir ki, "mən onsuz da sonsuzam. Siz niyə hər şeyi çatdırmaq istəyirsiniz axı Görmürsünüzmü, heç nə etmədən də hər şey keçir?" Sən demə, zaman həm də kinayəni çox sevirmiş.. Və bəlkə də, bütün bu fəlsəfi əzabların ortasında, bizə yalnız bir həqiqət qalır. Mənalı və ya mənasız,çay süzüləndə həmişə soyuyur. Soyuq çay, soyuq həyat, soyuq varlıq... Amma yaxşıdır, ən azından çay var. Bəzən düşünməkdən, bəzən düşünməməkdən, bəzən isə sadəcə oyanmaqdan başım ağrıyır. Elə bil bu baş, bu bədənə uyğun deyil. Ya da bədən bu başı daşımaqdan yorulub. Bəlkə də mən bu bədənə tərs bir fikir kimi düşmüşəm. Bir yanlışlıq. Bir səhv bilet. Bir tənha metafora. Başım ağrıyır.. və heç bir ağrıkəsici işə yaramır. Həyatın özü kimi. Bəzən dərman içirəm ki, sakitləşim amma dərman içdikdən sonra düşünürəm, "Sakitlik nədir axı? Sakitlik, ağrının başqa formada gizlənməsidir yoxsa sadəcə ağrını görməzdən gəlməyimiz?" Bu ağrı günlərlə çəkir. Hətta bəzən düşünürəm ki, bu artıq baş ağrısı yox, başda yaşayan bir yazarın tənbəl romanıdır. Səhifə-səhifə eyni cümlə, "niyə?". Hər səhifədə eyni sual və cavab yoxdur. Hər səhifədə bir az daha çox qaranlıq. Bəlkə də beynim mənimlə yazışır. Bəlkə bu ağrı, məktubdur.
Göndərən: Şüur.
Mövzu: Heç nə.
Başım ağrıyır çünki yuxudan oyandım. Başım ağrıyır çünki yuxuya getmədim.
Başım ağrıyır çünki düşündüm. Başım ağrıyır çünki düşünmədim.
Başım ağrıyır çünki varam. Olmasaydım, ağrımazdı. Deməli, ağrının özü də sübutdur. Mən varam, çünki ağrıyıram. Hansısa ölü yazar yanımda olsayd, bəlkə də biri yazardı, "İnsan nə qədər çox düşünürsə, bir o qədər çox başı ağrıyır." Başqa biri cavab verərdi, "bəlkə də baş ağrısı Tanrının varlıq haqq-hesabıdır. "Sən çox sual verdin, indi al cavabını: sancı!""
Mən bəzən başımı tuturam, amma sanki baş mənə aid deyil. O, başqa bir insanın depressiyaya düşmüş orqanıdır. Bəlkə də kimin başısa səhvən mənə ilişib. Mən isə gündəlik ağrılarla oyanıb yatıram, elə bil varlıq, başda gəzən sonsuz bir səslə eyni cümləni təkrarlayır:
"Sən heç nə deyilsən, amma çox şey hiss edirsən. Niyə?"
Sakitcə durub, ağrını dinləyirəm. O danışmır. Amma susaraq qışqırır. Sanki beynimdə miniatür bir varoluş konfransı keçirilir. Moderator Əzabdır, spiker isə boşluq. Və sən bütün günü başınla danışırsan. Qulaq asan yoxdur. Baş isə cavab vermir. Cavab verəndə isə bu olur, "gum", "part","zzzz" bunlar ya ağrı siqnallarıdır, ya da həyatın özünün titrəməsi. Baş ağrısı sadəcə fiziki deyil. O, mövcudluğun sarkazmıdır. "Sən yaşayırsan? Al sənə ağrı. Bir az da düşün. Əvvəlcə sorğula, sonra ağrını qəbul et. Sonda isə... yenidən ağrını sorğula." Başım sanki dünyaya deyir, "mən səndən doymadım. Amma sən məndən çoxdan bezmisən."
Yuxusuzam. Artıq üçüncü gecədir ki, bu lənətə gəlmiş ağrıdan yata bilməmişəm. Nə gecə mənə yuxu verir, nə də səhər yuxusuzluğumu geri alır. Əvəzində zaman... Zaman sadəcə keçir. Elə bil heç nəyin baş verməməsinə baxmayaraq, tələsir. Sən hara tələsirsən, axı zaman? Mən yerimdəyəm. Və təxmini bundan 35-40 il sonra da burda olacam.
Saat 03:17.
"Bu saat niyə var? Bu konkret dəqiqə nəyə xidmət edir? Həyatda heç kim "03:17-də həyatımı dəyişdim" deməyib. 2 il əvvəl 04:17 də sadəcə, tək mənim həyatım dəyişib. Vəssəlam"
Zamanla küsülüyəm. Nə vaxt barışmışdıq ki, küsək? Mən doğulanda o artıq qaçırdı. Mənimsə əllərim boş idi, tutmağa nə bir fikir vardı, nə də bir səbəb. Zaman isə saatlarla, təqvimlərlə, xronoloji silsilələrlə məni izləyirmiş kimi davranır, amma heç vaxt gözümün içinə baxmır. Zamandan şikayətçiyəm. Niyə məni götürüb heç yerə aparmır?
Yuxusuzam. Çünki gözlərimi yumanda beynim qışqırmağa başlayır:
- Sabah nə olacaq?
- Əgər sabah varsa.
Və ya sən sabaha qalacaqsansa.
- Qaldınsa belə, görəsən səhər ac qalacaqsan?
- Su çənini doldurmusan?
Başımda bu səslər dönür, dönür, dönür. Əslində yuxusuzluq, elə zamanla müharibənin sakit dövrüdür. Top səsləri yox, amma beyin səsi var. Fikirlər yeriyir, yürüş edir, bayraq qaldırır, hakimiyyətə gəlir və heç nəyi dəyişmir. Fikir rejimi dəyişsə də, aclıq eyni qalır.
Bəzən saatın səsi belə mənə ironiya kimi gəlir. "Tik-tak" — elə bil Zaman mənim qulağıma pıçıltı ilə deyir ki, "Sən heç vaxt yetməyəcəksən." Cavab verirəm, "Heç yerə?”, "Bəli, heç yerə. Amma tələs."
Yuxusuzam. Və əgər bu hal bir az da uzansa, bəlkə də Zaman mənimlə danışmağa başlayacaq. Və mən ona deyəcəm:
- Bağışla, mən sənə uyğun bir varlıq deyiləm.
Zaman cavab verəcək:
- Onsuz da mənə uyğun heç kim yoxdur. Mən özümə də uyğun deyiləm.
Yuxusuzam. Və artıq zamanın axını mənə qum saatı yox, hər gün yenidən təkrarlanan bir zarafat kimi gəlir. Amma gülə bilmirəm. Çünki çox yorğunam. Amma yatmıram. Çünki çox fikir var. Amma fikir deyərsən? Hamısı eyni sualın başqa. variantları.. "Əgər sabah varsa, bu gün nəyə lazımdır?", "Əgər hər şey keçəcəksə, niyə indi keçmir?", "əgər vaxt hər şeyi sağaldırsa, niyə mən hələ də eyni yerdəyəm?"
Və beləliklə, yuxusuzluq, mənim zamana olan etirazım, passiv dirənişim, səssiz inqilabım olur. Zaman axır, mən isə gözlərimi qapaya bilmirəm. Çünki hər dəfə qapadığımda, içimdəki saat deyir,
"Sən gecikmisən. Nəyə? Bilmirəm. Amma mütləq nəyəsə."
Tavana baxıram. Və yenə. Artıq 3 cü gecədi bu.
Gözlərim yanır. Yatmaq istəyirəm. Yuxu gəlmir. Qaranlıq otaqda yeganə sabit varlıq odur, tavan. Və mən onunla danışmıram, amma... danışırmışam kimi hiss edirəm. Onun səssizliyi sanki cavabdır. Elə bir cavab ki, nə inkar edir, nə də təsdiqləyir. O sadəcə... var. Mənə oxşayır. Səndə nəsə var, ay tavan. Bir qəddarlıq var, amma sakit. Elə bil deyirsən ki, "Hara baxırsan, bax. Mən dəyişməyəcəm." Və sən dəyişmirsən. Bu səssizlik, bu heçliyə bənzər mövcudluğun... məni də susdurur. Niyə sənə baxıram axı? Həqiqətən baxırammı? Yoxsa içimdəki boşluq səni sadəcə fon kimi istifadə edir? Bəlkə sən heç tavan deyilsən. Bəlkə sən üstümə yığılmış bütün cavabsızlıqların sərtləşmiş formasısan. Sual vermədiyim günlərin cəzası. Ya da əksinə, çox sual verdiyim üçün Tanrı tərəfindən yuxusuz qalmaqla cəzalandırılmışam. Nə bilim... Bəzən düşünürəm, bəlkə sən yuxunun özüsən. Səssiz, hərəkətsiz və əlçatmaz. Baxıram... və gözümün qarşısında nə varsa, onu çəkirsən özünə. Xatirələr, qorxular, sabahkı gün üçün planlaşdırdığım saxta motivasiyalar. Hətta uşaqlıqda düzəldə bilmədiyim oyuncaq qatar da. Hamısını udursan, tavan. Sanki düşüncələrim səssizcə sənin üstünə axır. Və sən... heç nə demirsən. Sakitcə udursan hər şeyi. Eynilə həyat kimi. Sən bilirsənmi, insan necə susur içində dostum? Qışqırmadan. Danışmadan. Sadəcə baxaraq. Mən bu gecə də tavana baxaraq susuram.
Və tavan.. sən bu susqunluğun şahididir. Hər gecə. Eyni baxış. Eyni mövqe. Eyni nəticəsizlik.
Tavana baxıram. Amma əslində özümə baxıram. Gecənin içində parlaq bir tənha nöqtəyə çevrilmişəm. Nə qədər zaman keçib, bilmirəm. Saat yəqin 4-ü keçib. Amma mən hələ də burdayam. Və sən də burdasan. Bəlkə də bu dünyada sabit olan tək şey, mənim səni hər gecə belə baxışlarla məhv etməyim və sənin buna göz yummağın. Ən səssiz döyüş bizim aramızdadır, tavan. Və sənin qalib gəlməyin üçün bir söz belə deməyin lazım deyil.
İndi hər şey sakitdir. Tavan yerindədir. Zaman keçib, amma fərqinə varmaq üçün artıq çox gecdir. Gecə ilə səhər arasında bir yerdəyəm — nə oyanmışam, nə də tam yatmışam. Varlıqla yoxluq arasındakı bu incə qatda nəfəs almaq belə qəribə gəlir. Hər şey keçdi... ya da keçməyib, amma mən keçmişəm. O qədər sual verdim ki, indi sükut belə artıq sual kimi səslənir. Başımda səslər yoxdur artıq. Sadəcə sakitlik var. Amma o sakitlikdən xoşbəxtlik doğmur. Sanki səhnə bitib, tamaşaçılar çıxıb, işıqlar sönüb, amma aktyor hələ də səhnədə qalıb. Niyə? Bilmir. Bəlkə də həyat elə bu idi: gözlədiyin mənanı tapmamaq, amma tapmadığın üçün də bir növ... rahatlamaq. "Deməli, mənlik deyilmiş" demək və bir az yüngülləşmək.
Bu qədər düşüncədən sonra gəlib çıxırsan bir nöqtəyə. Heç bir şey anlamadın. Və bəlkə də... bu, anlaman gərəkən tək şey idi. Həyatın mənası yoxdur, bəli. Amma hər dəfə çay süzüləndə yenə də soyuyur. Və bu səhnə təkrar-təkrar oynanır. İnsan var, insan düşünür, insan yorulur, insan susur. Sonra yenidən.. Var.
Bəlkə də bütün bu sarkazm, bu fəlsəfə, bu tənhalıq, sadəcə bir şey üçündür. Yuxudan ayılanda "hər şey normaldır" deyə bilmək. Halbuki heç nə normal deyil. Və bu da... tamamilə normaldır...
“Ədəbiyyat və incəsənət”
(08.09.2025)
“ABAD” Şəkidə “Sənətkarlıq diyarı” tədbirini reallaşdırıb
5 sentyabr 2025-ci il tarixində Şəki “ABAD” Keramika və Tətbiqi Sənət Mərkəzində “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Sənətkarlıq diyarı” adlı mədəni-kütləvi tədbir təşkil olunub.
“Ədəbiyyat və incəsənət” portalına ASAN-dan verilən məlumata görə, tədbir Şəki Şəhər İcra Hakimiyyətinin və “ABAD” publik hüquqi şəxsin təşkilatçılığı, Dövlət Turizm Agentliyinin tərəfdaşlığı ilə reallaşdırılıb.
Əsas məqsəd qədim sənətkarlıq ənənələrinin yaşadılması, müasir dövrdə inkişafı, yaradıcı insanların bir araya gətirilməsi və mədəni dəyərlərin təbliği olub.
UNESCO-nun “Yaradıcı şəhərlər” şəbəkəsinin üzvü olan Şəki şəhərində keçirilən tədbir çərçivəsində “ABAD”çı sənətkarların “Konstitusiya və Suverenlik İli” mövzusunda hazırlanmış əsərlərindən ibarət sərgi təşkil edilib, müxtəlif sənət sahələrinin canlı nümayişləri ictimaiyyətə təqdim olunub. Qonaqlar Şəkinin zəngin tarixi-mədəni irsi ilə yanaşı ölkəmizin müxtəlif bölgələrindən gələn sənətkarların yaradıcılıq nümunələrini də yaxından izləmək imkanı qazanıblar.
Sonda tərəfdaş qurumlar və iştirakçı sənətkarlar qədim sənət ənənələrinin qorunması və təbliğindəki xidmətlərinə görə sertifikatlarla təltif olunublar.
“Ədəbiyyat və incəsənət”
(08.09.2025)
GAP Antologiyasında Tohid Namvərin “Sahildə” şeiri
“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Poeziyası Antologiyası layihəsində Təbriz təmsilçimiz Əli Çağlanın növbəti təqdim etdiyi şair Parsabadda yaşayan Tohid Namvərdir
Tohid Namvər
Parsabad
SAHİLDƏ
Sevgidən Biz iki sınmış qanadıq, sahildə,
Közmələnmiş yara idik, qanadıq sahildə.
Sanki dağdan düzə enmiş iki qurduq və ac-ac,
Yağlı bir cəmdəyə möhtac uladıq, sahildə.
Susduq ancaq ki, baxışdıq təpədən dırnağadək,
Duz kimi gözlərimizlə yaladıq sahildə.
"Mövcu-həsrət" üzünə şillə çəkən sal qayayıq,
Tufana qarşı dayanmış inadıq sahildə.
Sevgi qoynunda ki, dünyaya göz açmaqdır ölüm,
Ölməyə qolları biz çırmaladıq sahildə.
Yaşlı gözlərdə ümid tapmaq üçün zilləndik,
Biz yasaq bir adanı tapdaladıq sahildə.
İki yanmış kösöv olduq dayanıb gizlincə,
Bir ocaq varlığımızdan qaladıq sahildə.
Sevgimiz güllə toxunmuş quşa bənzər, Adlım,
Sevgidən biz iki sınmış qanadıq, sahildə.
“Ədəbiyyat və incəsənət”
(08.09.2025)
Ad özünü doğruldanda və ya Elçin dünyası - ESSE
Ağalar İdrisoğlu,
yazıçı, publisist, rejissor, Əməkdar İncəsənət Xadimi. “Ədəbiyyat və incəsənət” üçün.
Həmin gün, 2025-ci ilin avqust ayının 4-də Bakıdan çox uzaqda olduğuma görə sizi son mənzilə yola salmağa, sizinlə son dəfə Dövlət Milli Gənc Tamaşaçılar Teatrında olan vida mərasiminə gələ bilmədim böyük Ustad. Mən sizə həmişə Ustad deyə müraciət edirdim. Siz də məni özünüzün kiçik qardaşınız kimi qəbul etmişdiniz. Əlbəttə, vida mərasiminə gələ bilmədiyimə görə özümü bağışlamıram. Və fikirləşirəm ki, Bakıda olsaydım həmin vaxtı mənim orada olmaq borcum idi və olacaqdım. Axı siz mənim kimi yüzlərlə yazarların həyatında mayak rolunu oynayıbsız. Mən həyatımın ən çətin problemli anlarında sizə müraciət edirdim və siz də həmin problemləri tez bir vaxtda həll edirdiniz.
... Bizim sizinlə yaxın tanışlığımız 1985-ci ildən başladı. O vaxt ki, siz Azərbaycan Yazıçılar Birliyinin katibi kimi nəsr şöbəsinə rəhbərlik edirdiniz və mənim “İnan mənə” pyesimi altı Azərbaycan dramaturqlarının pyesləri arasından seçib Moskvaya, SSRİ dramaturqları müsabiqəsinə göndərdiyiniz və mənim pyesim SSRİ-nin 48 dramaturqu arasında laureat olduğu vaxtdan. Bu hadisəyə siz məndən daha çox sevinirdiniz. Axı Moskvaya müsabiqəyə gedəcək pyeslərin arasında sizin dostlarınızın da pyesləri olub. Amma siz yeganə məhz mənim pyesimi seçib göndərməklə həmin dostlarınıza da sübut etdiniz ki, dramaturgiyanı yaxşı bilirsiniz. Bax, həmin vaxtdan mənim sizinlə yaxın münasibətim başladı.
Ən maraqlısı da bu idi ki, hələ 1977-ci ildə sizin atanız, Xalq yazıçısı İlyas Əfəndiyev Azərbaycan dramaturqlarının pyeslərinin müsabiqəsində sədr olduğu vaxtı məni tanımaya-tanımaya “Həyatın astanasında” pyesimə də birinci yer vermişdi. Bəli. Siz hər ikiniz həmişə istedadlı yazarları müdafiə eləyib və həmişə də onlara arxa-dayaq olubsunuz. Bu, əsl ağsaqqallıq, kişilik timsalı, simvolikasıdır deyərdim.
Tale elə gətirdi ki, siz dram əsərləri yazanda onların bəzilərini mənə verdiniz oxudum və öz fikirlərimi də dedim. Hətta onlardan bəzilərinə quruluş da vermək istəyirdim rəhbərlik etdiyim Sumqayıt Dövlət Musiqili-Dram Teatrında, amma oradan işdən çıxmağımla bu arzularım da yarımçıq qaldı. Amma İlyas Əfəndiyevin “Məhv olmuş gündəliklər” pyesinə Dövlət Gənclər Teatrında quruluş verdim və bu tamaşa sizin də xoşunuza gəldi. Sonra sizin “ Mən sənin dayınam” pyesinizi müzikıl kimi hazırlamaq istədiyim bir vaxtda Dövlət Gənclər Teatrı ilə Dövlət Milli Gənc Tamaşaçılar Teatrı birləşdi və bu iş də yarımçıq qaldı...
Amma mən hələ 2000-ci ildə sizə bir esse həsr eləmişdim və həmin esse sizin çox xoşunuza gəlmişdi. “Ad özünü doğruldanda” adlı bu esseni sonralar siz bir neçə kitabınızda çap etdirdiniz. Sonra mən həmin esseyə əlavələr də elədim. Bircə buna təskinlik tapıram ki, siz həmin esseni oxuyub bəyənmişdiniz Ustad.
Yeriniz cənnət olsun. Mən bilirəm ki, bu, belədir. Axı siz cavan yaşlarınızdan əsl ağsaqqal və xeyirxah müdrik insan idiniz. Sizin leksikonunuzda “yox” sözü yox idi. Ona görə də biz sizi Peyğəmbər xislətli bir insan kimi tanıyırdıq. Siz, Ulu Tarının ən sevimli bəndələrindən idiniz.
Sizə həsr etdiyim esseni sizin ruhunuzun şərəfinə yenidən çap edirəm Ustad və sizə qəni-qəni rəhmət diləyirəm. İnanıram ki, Azərbaycan nə qədər olacaqsa onun ədəbiyyatında siz həmişə birinci yerlərdən birində olacaqsınız. Ən sevimli klassiklərimizdən biri kimi əbədi yaşayacaqsınız.
Bu yazını sizin sağlığınızda yazmışdım. İstərdim ki, ona yenidən qayıdım.
***
Onunla ilk tanışlığım yadıma gəlmir... Bəlkə "Ağ dəvə" rəvayətini, “Mahmud və Məryəm” dastanını lap uşaq yaşlarımdan kəndimizin qocalarından, ağsaqqallarından, ağbirçəklərindən eşidən vaxtlardan tanımışam onu? Bəlkə Poçt şöbəsində işləyən ilk sevdiyim qızın yanında dayanıb və sevgimi ona deməkdən utanaraq, xəyallara daldığım vaxtdan yaranıb, bu tanışlıq?.. Bəlkə Baladadaş yaşında ilk sevginin acısını daddığım vaxtdan tanımışam onu?.. Bəlkə “Dolça” adlı itimizin özgə çörəyi ilə qudurub, bizi qapdığı vaxtdan yaranıb bu tanışlıq?.. Bəlkə teatr adlı, bu dünyada özümüz-özümüzə gülüb, şəbədə qoşduğumuz vaxtlardan yaranıb tanışlığımız?.. Bəlkə “Bülbülün nağılı”nı oxuyub, yazıçının inci kimi sözləri bir-birinə düzüb, zərli, qiymətli bir boyunbağı yaratdığına mat qaldığım vaxtdan tanımışam onu? Bəlkə bu kiçik bədii əsərin qalın-qalın kitablar qədər olan fəlsəfəsi məni heyran etdiyi vaxtdan yaranıb bu tanışlıq? Bəlkə...
Bilmirəm. Bərcə onu bilirəm ki, bu görüşün tarixçəsi çox qədimdir. O vaxtlar nə “Şuşaya duman gəlmişdi”. Nə bu dünyamızdan qatarlar getmirdi... Nə par-par parıldayan Yuqoslaviya ayaqqabımız, nə ox kimi bıçağımız vardı. Nə də “İki çal Papağın və bir Qara Kepkanın nağılı”nı oxumamışdıq ki, bu keşməkeşli dünyada, özümüzü Qara Kepkalardan qorumağı öyrənək... “Ölüm hökmü”nün də nə olduğunu bilmirdik... “Beş dəqiqədə əbədiyyət”də yaşamamışdıq, Mərdan Dadaşlı kimi. Hər şeyə romantik hisslərlə baxırdıq. Baladadaş kimi...
Yazıçı Elçinin hekayələrində, esselərində, povestlərində, romanlarında, pyeslərində və başqa janrlı əsərlərində, El üçün yanan, El üçün düşünən, El üçün həyatını şam kimi əridənlər, dələduzlarla, yaltaqlarla, xəbislərlə, milli mənsubiyyətini satanlarla, millətinə düşmən olanlarla vuruşub, gah müdrik, gah yumorlu sözlərlə, eyhamlı cümlələrlə, fikirlərlə, hadisədən-hadisəyə, zamandan-zamana keçərək yabançıları, naqisləri, nakəsləri ram eləyir, onların əsl simasını müəllifın və öz obrazlarının dili ilə bizə çatdırır, göstərir və inandırır. Bütün yaradıcılığında haqqı, haqq işi, kişiliyi, mərdliyi müdafiə eləyən Elçin isə ən yüksək zirvədə dayanıb, bu hərc-mərclik, vuruş dünyasında müsbət qəhrəmanlarının qələbə çalmasını izləyir, gözləyir və onlara məntiqli cümlələri, fəlsəfi fikirləri ilə köməklik edir. Onları mübarizləşdirir, mətinləşdirir. Hər bir əsərində millətin dərdini öz dərdi bilir yazıçı Elçin...
Ömrünün yarım əsrini arxada qoyanlar və onlardan cavan olan yazarlar, ədəbiyyat oxucuları, milli ruh, istək üstündə köklənmişlər üçün, Elçinin dili, inci zərgərliyi ilə sözləri-sözlərə, obrazlı fikirləri- fikirlərə ustalıqla calaması və özünün də lap cavanlıqdan sifətindəki nur, gözlərindəki mərhəmət, onu bizə çox yaxın eləyib, sevdirib. Biz də ilk yazılarımızda onu təqlid eləyib, onun yaradıcılığından bəhrələnmişik. Onun iç dünyasına baş vurub, yazılarımızda özümüzü ona oxşatmağa çalışmışıq... Onun yaratdığı körpüdən keçmişik... Elçinsə, El üçün yaza-yaza, öz yolunu yaradıb, öz dünyasını yaşayıb, yaşadır...
Əlində tutduğu fanarla, yaratdığı yolu işıqlandırıb, bizi də ardınca aparır. Bizə dünya mədəniyyətindən, ədəbiyyatından inciləri öz dilimizdə gözəl, bədii cümlələrlə təqdim eləyir... Dünyanın ən böyük dahilərini, dühalarını öz dilimizdə bizə tanıdır... Beləcə, El çin yanan, El çin düşünən müdrik Elçin, öz yazıları, əsərləri, fəlsəfi fikirləri ilə, əlindəki fanarla milləti qaranlıqdan işıqlığa, çamurluqdan laləzara aparır...
Hər dəfə mən böyük yazıçı, müdrik insan Elçinlə görüşəndə, onunla söhbət eləyəndə neyçünsə yadıma “Qış nağılı” adlı qədim bir el rəvayəti və rəvayətin baş qəhrəmanı, El ağsaqqalı Kərim kişi düşür... Əlbəttə, Bakıda qarlı-çovğunlu qış səhərinin açılmasına pəncərədən məyusluqla baxan və Bilgəhdəki bağında zəncirli qalan iti Nabran üçün nigaran olan, Elçinin “Qış nağılı” əsərindəki Kərim kişini demirəm. Mən həmin həqiqətə oxşar başqa rəvayəti demək istəyirəm.
Belədir həmin rəvayət:
Belə nəql eləyirlər, belə deyirlər ki, bir elə, bir obaya Ulu Tanrı o qədər qar yağdırır, bu obanın, bu elin başqa obalarla yolları, izləri tamam kəsilir, bağlanır. Bir ay yağan qar bu obada heç kimin evində azuqə qoymur, hamının taxçası, boxçası boşalır... Uşaqlar, xəstələr çörək istəyir... Heç nəyə çarə tapa bilməyən həmin elin camaatı, obanın ağsaqqalının evinə gəlib, ondan imdad, kömək diləyirlər...
Ağsaqqal Kərim kişi hamıya diqqətlə qulaq asıb, özünə məxsus qalın, qaltanlı səslə, aramla deyir:
-Sizin hamınızın həyəcanını, təlaşını başa düşürəm... Bu bəladan qurtarmaqçün bircə yol var. Bu günün işini sabaha saxlamamaq şərti ilə, elə bu gecə, obanın qoçaq, igid kişiləri hərə bir heybə götürsün, mənimlə birlikdə gedib, qonşu obadan çörək, azuqə gətirək. Onu da bilirsiz ki, bizim obamızla qonşu obanın yolu çox uzaqdır. Və yollar da qurd-quşla doludur...
İmdada, köməyə gələnlərin, heç biri bu qarlı-çovğunlu gecədə, yolları çaqqal-çuqqalla dolu olan bir məmləkətdə həyatını bada vermək, qurda-quşa qismət olmaq istəmir... Və hərəsi bir bəhanə ilə evlərinə dağılışırlar.
Obanın kişiləri dağılışıb gedəndən sonra ağsaqqalın, Kərim kişinin məyus olduğunu görən madar oğlu, Cavanşir dözməyib deyir:
- Gəl, mənimlə gedək ata. Ölməmişəm ki. Mən hazır. Hərəmiz bir heybə çörək gətirsək, heç olmasa uşaqlara, xəstələrə bir günə çatar. Sonrasına da Allah kərimdir...
Özündən sonra, onun çırağını, ocağını yandıracaq, bircə madar oğlunun bu sözlərinə ağsaqqal razılaşmaq istəmir.
- Yox, oğlum,- deyə o, oğlunun üzünə heyranlıqla baxıb deyir. Mən tək, özüm gedəcəm. Əgər mənə bir şey olsa, həyatım sona yetsə, qurda-quşa qismət olsam, heç olmasa sən mənim çırağımı, ocağımı sönməyə qoymazsan... Əgər gedib qonşu obaya çıxa bilsəm, orda çətin günlərimin dostları var. Onlar yəqin ki, mənə kömək eləyərlər və biz bu obaya bir neçə heybə çörək gətirərik...
Oğul atası ilə razılaşmaq istəmir və deyir:
- Mən də səni tək getməyə qoymayacam. Sən öz çırağını, öz ocağını hələ əlli il də bundan sonra özün yandırmalısan... Ancaq belə tufanlı, çovğunlu gecədə tək getsən...
Ata-oğul çox mübahisə eləyirlər... Axırda çar-naçar qalan ağsaqqal Kərim kişi, oğluCavanşirlə razılaşır. Razılaşır ki, oğlu da onunla getsin qonşu obadan çörək gətirməyə. Ona kömək, arxa olsun.
... Heybələri çörəklə dolu ata və oğul alatoranda, qonşu obadan öz obalarına dönürlər. Uzaqdan canavarların, çaqqalların ulaşması eşidilir. Tufan, çovğun onlara yeriməyə imkan vermir. Bir yandan da hər tərəfdən eşidilən vəhşi heyvanların səsləri böyük vahimə yaradır...
Oğluna ürək-dirək vermək üçün hərdən müdrik qoca deyir:
- Yorulmamısan ki, oğlum? Bir az da döz, obamıza az qalıb. Çatmışıq...
- Mən sənin oğlunamsa dözümlüyəm, ata. Arxayın ol. Səninlə dünyanın hər çətinliyinə, dərdinə dözüb, hara lazımsa gedərəm. Təki xalqın ağsaqqal kimi sənə olan inamı, sevgsi itməsin, -deyə oğul da öz növbəsində, qabaqda gedən atasına ürək-dirək verirdi.
Beləcə qarlı-çovğunlu qış gecəsində ata ilə oğul yol gedir, hər biri öz iç dünyasında, öz-özünə təskinlik, inam verərək, obalarına tələsirlər...
Ata fikirləşir ki, “bircə qurda-quşa rast gəlməyəydik. Onlara yem olmayaydıq. Belə bir hadisə baş versə, gərək özümü qurban verim, oğlum qaçıb qurtara bilsin. Çırağım sönməsin”...
Oğul da qurdun-quşun səsini qulaq ardına vurub fikirləşir ki, “qabaqda dağ boyda atam gedir. Qurd-quş mənə neyləyə bilər?.. Atamın qorxusundan onlar bizə yaxınlaşmazlar”...
Bu vaxt birdən atanın ayağı büdrəyir və yerə yıxılır. Belində olan heybənin ağzı açılır və çorəklər qarın üstünə səpələnirlər. Oğul cəld atasına kömək eləyib onu qarın üstündən qaldırır. Köməkləşib çörəkləri heybəyə yığırlar...
İndi hər ikisi pərt, pəjmürdə yol gedirlər. Hər ikisi də öz aləmində, öz dünyasında...
Ata Kərim kişi fikirləşir:
- Nə pis oldu. Heç kimin qarşısında yıxılmayan mən, oğlumun qarşısında yıxıldım. Axı o, məni bir dağ bilirdi. Dağsa uçar, amma yıxılmaz...
Oğul Cavanşir də öz növbəsində fikirləşir:
- Mənim atam niyə yıxılmalıydı? Axı mən onu məğrur, uca bir dağ bilirdim...
Bu vaxt birdən, Cavanşirin gözləri, atasının əlində olan tək fanara sataşır. Sən demə... Sən demə bu qarlı, çovğunlu yol boyu ata, əlində olan tək fanarla, arxasınca gələn oğlunun ayalarının altını, qarlı, çovğunlu, çətin keçidli yolunu işıqlandırırmış. Özü isə qaranlıqda gedirmiş. Demək ata fikirləşirmiş ki, özü yıxılsa da olar. Onsuz da bu keşməkeşli həyatda o, çox yıxılıb, durub və özünün mənini, kimliyini sübut eləyib. Amma ata Kərim kişi istəmirmiş ki, oğlu Cavanşir yıxılsın...
Bax, Elçin də ömrünün bu ağsaqqal, müdrik çağında özündən cavan ədəbiyyat dünyasının yazarlarının ayaqlarını, yolunu həmin tək fanarla işıqlandırır və bu sözlərlə onlara ədəbiyyat aləmində öz yollarını tapmaqda köməklik eləyir və deyir:
- Yazıçı yazarkən yalnız bir insan, bir fərd kimi özünü ifadə etmir. Hərgah yalnız belə olsaydı, onda bəlkə doğrudan da Füzulidən, Balzakdan, Tolstoydan sonra yazmağın mənası yox idi. Lakin hər bir yazıçı özü ilə bərabər, öz xalqını da ifadə edir. Hər hansı bir yazıçının yerinə başqası gəlib onun xalqının hiss və həyəcanlarından, psixologiyasından, əməl və arzularından, gələcəyi naminə keçmişindən və bu günündən yazmayacaq. Bu, yalnız həmin xalqın öz doğma oğlunun, yazarınınişidir.
Yazıçı o, şəxsdir ki, öz ana dilini yaşadır və inkişaf etdirir. Və bundan da böyük müqəddəs bir vəzifə ola bilərmi?..
Yazıçı həmişə istibdadın, milli hüquqsuzluğun düşməni olmaqla, öz xalqının ən qızğın, sadiq, etibarlı, milli təəssübkeşi olmuşdur.
Milli təəssübkeşlik işığını yaşadan, qoruyan, gələcək nəsillərə aparan YAZIÇI ELÇİN, işığınız mübarək! Ey böyük İNSAN, ziyalı, müdrik şəxsiyyət, filosof, alim, dövlət xadimi, Xalq yazıçısı, El üçün yazan, onun məşəqqətlərini, dərdlərini bədii şəkildə yazıya köçürüb, gələcək nəsillərə ərməğan eləyən ELÇİN müəllim!
Məm həmişə arzu edirdim ki, gün o gün olacaq, sizin əlinizdə tutduğunuz fanar elə bir gur işıq saçacaq ki, milləti həmin fanarın işığına səfərbər eləyib, milli birlik yaradacaq və QARABAĞ torpağımızı da işıqlandıracaq... Xalqı bu torpaq uğrunda döyüşlərə qaldıracaq. Millət məğlubiyyət təpkisindən, məğlubiyyət sərkisindən, başı aşağı gəzməkdən, xəcalətdən qurtaracaq. Yoxsa gələcək nəsillərimiz bu səhvi bizə bağışlamayacaqdı…
Şükür Tanrının böyüklüyünə həmin fanarın işığı artıq Qarabağa da gur işıq saçdı. Vətənpərvər igidlərimiz o cənnətməkan torpaqlarımızı erməni haylarından, gavurlarından təmizlədi. İnanırdım ki, millət, tarixlər boyu qazandığı Ərənlər diyarı, Odlar yurdu, Babək, Cavanşir, Koroğlu, Şah İsmayıl, Qaçaq Nəbi nəvələri adını doğruldacaq. Başqa cür də ola bilməzdi. Çünki başqa yolumuz da yox idi. Şuşaya gələn “dumanı” yalnız biz özümüz təmizləməliydik. Öz gücümüzlə və öz birliyimizlə. İnanırdım ki, yazıçı Elçin kimi ağsaqqalların, müdriklərin nəsihətləri, ağıllı fikirləri, əllərində tutduqları fanarlar Qarabağa gedən yolumuza işıq saçacaq. İşıqlandıracaq o cənnətməkan torpağımızı. Mən, artıq əllərində silah o yola, o işığa, o torpağa gedən igidlərimizi görürdüm... Onu da fikirləşirdim ki, vuruşla, döyüşlə verilən torpaqları yalnız vuruşla, döyüşlə və böyük igidliklər göstərməklə geri qaytarmaq olar. 44 günlük Vətən müharibəsində həmişə də daxilimdə tez-tez bu sözlər səslənirdi: “Uğurlar, uğurlar sizlərə. Yolunuz işıqlı olsun igid əsgərlərimiz”. Yolumuz uğurlu oldu. Uca Tanrıya şükür ki, millətimizin Qarabağ adlı ümidlərini, əsirlikdə qalan torpaqlarımızı azad eləyib, tarixi bir qələbə çaldıq. İndi ağsaqqal yazıçımız Elçin özünün 80 illik yubileyini azad olunmuş Şuşada qeyd eləyir. Bir vaxtlar “Şuşaya duman gəlmişdi” əsərini yazdığı cənnətməkan yerdə. Və Şuşa ilə bağlı yazacağı yeni əsərlərini fikirləşir. Xalqımızın qəhrəmanlıq dastanına Elçinin imzası ilə yeni dastanın əlavə olunacağına inanıram.
İnanıram ki, həmin cənnətməkan yerlərimizə düşmənlərimiz haylar, gavurlar bir daha heç vaxt “duman gətirməyəcək”. Gətirə bilməyəcək. Bundan sonra gələn duman yalnız təbii duman olub, təbiəti saflaşdıracaq. Necə ki, 44 günlük Vətən müharibəsində millət birləşib, bir yumruq oldu və tam saflaşıb, böyük birlik yaratdı. İnanıram ki, bu birlik və dəmir yumruq tezliklə cənubi Azərbaycanın, Borçalının, İrəvanın, Göycənin, Dərələyəzin, Zəngəzurun, Dərbəndin də “dumanını, qara buludunu” təmizləyəcək. Təmizləyəcək!.. O günlər heç də uzaqda deyil!.. Uzaqda deyil!..
Sumqayıt şəhəri, noyabr 2000-ci il.
Bəzi əlavələr 6-7 dekabr 2008-ci il və 21-22 may 2023-cü ildə olub
“Ədəbiyyat və incəsənət”
(08.09.2025)
Teatr rejissorluğunda unudulmaz ad – HÜSEYNAĞA ATAKİŞİYEV
İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Onu Milli Dram Tetarında istedadına qısqanıb təqib etdilər, çalışmağına imkan vermədilər, o da teatrdan ayrılmalı oldu, amma tetarsız yaşaya bilməzdi, Gənclər teatrını yaratdı və ömrünün sonunadək orada çalışdı…
Söhbət bu gün doğum günü olan Azərbaycan teatr rejissoru Hüseynağa Atakişiyevdən gedir…
Hüseynağa Atakişiyev 8 sentyabr 1949-cu ildə Bakıda Çəmbərəkənd məhəlləsində yoxsul bir ailədə anadan olub. Atası Ağahüseyn Atakişiyev sürücü, anası İranida Atakişiyeva evdar xanım olub. Üç uşaqlı ailənin (bir qız, iki oğul) böyük oğlu olan Hüseynağa Atakişiyev altı yaşında olarkən anasını itirib. Anasının ölümündən sarsılan aktyor evdən qaçıb, yalnız bir neçə gün sonra onu tapmaq mümkün olub.
Hüseynağa Atakişiyev yoxsul ailədə böyüdüyü üçün 12–13 yaşlarından işləməyə məcbur olub. Lakin təhsilini yarımçıq qoymayıb, orta təhsilini başa vurduqdan sonra M. Əliyev adına İncəsənət İnstitutuna qəbul olub. Burada 4 il boyunca teatr professoru Mehdi Məmmədovdan aktyor sənətini öyrənib.
1975-ci ildə universiteti bitirdikdən sonra dostu, Moskva Teatr İnstitutunun məzunu Vaqif Abbasovla birlikdə Şəkiyə gedib. O, Şəki Dövlət Teatrında aktyor kimi işə başlayıb. Bir il sonra Hüseynağa Atakişiyev həmin teatrda baş rejissor kimi fəaliyyət göstərməyə başlayıb. Bu teatrda "Hacı Qara" tamaşası onun ilk rejissor işi olur və ona uğur gətirib. Həmçinin aktyor Şəki Dövlət Teatrında Vaqif Səmədoğlunun məşhur "Bəxt üzüyü" əsərini səhnəyə qoyan ilk rejissor olub.
Bir neçə il sonra Bakıya dəvət alıb. 1985-ci ildən etibarən Milli Dram Teatrında çalışmağa başlayan rejissor tamaşalara quruluş verib. Lakin kollektiv arasında Hüseynağa Atakişiyevin ilk gündən tətbiq etməyə başladığı yenilikləri qəbul etməyənlər olub. Buna görə də aktyor Milli Dram Teatrından ayrılıb və 1989-cu ildə özünün Gənclər Teatrını yaradıb, vəfatına qədər (17 il) teatrın bədii rəhbəri və direktoru olub.
Gənclər Teatrı 27 mart 1989-cu ildə Yusif Səmədoğlunun "Qətl günü" tamaşası ilə öz yaradıcılıq fəaliyyətinə başlayıb. 1993-cü ildə isə teatra Dövlət statusu verilib. Hüseynağa Atakişiyev rejissor kimi 157-dən çox tamaşaya quruluş verib. O, həmçinin aktyor kimi 57-dən artıq rol oynayıb. Aktyorun "Uzun ömrün akkordları" filmində canlandırdığı Üzeyir bəy obrazı, habelə "Ac həriflər" teletamaşasındakı Artist obrazı xüsusilə məşhurdur. Eyni zamanda Hüseynağa Atakişiyev "Üzeyir ömrü" bədii televiziya filmində Hacıbəyovun obrazını canlandırıb, 1995-ci ildə isə İstanbulda Hacıbəyovun "Arşın mal alan" musiqili komediyasını tamaşaya qoyub.
Filmoqrafiya
1. Üzeyir ömrü
2. Ac həriflər
3. Olum, ya ölüm və ya hər şeyə baxmayaraq
4. Ömürdən uzun gecə
5. Fatehlərin divanı
Əməkdar incəsənət xadimi Hüseynağa Atakişiyev 9 aprel 2006-cı ildə vəfat edib.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(08.09.2025)
Unudulan unudulmazlardan daha biri - HAFİZ BAXIŞ
Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”
Sentyabrın 7-si şair Hafiz Baxışın anım günü idi...
Böyüyüb boya-başa çatdığım məhəllə Sumqayıt şəhərində yerləşir. Çox mehriban qonşularımız olub. Onlardan biri də əslən Zəngəzurun Qafan rayonunun Giratağ kəndindən olan Fazil dayı idi. Hansısa zavodda sex rəisi işləyirdi. Hər dəfə hyətimizdə ağ rəngdə "Niva" avtomobilini görəndə bilirdik ki, şair Hafiz Baxış yenə də Fazil dayının qonağıdır. Deyəsən, yaxın qohum idilər. Hər dəfə gələndə də xeyli onlarda oturar, hərdən birlikdə mənzilin eyvanına çıxıb həyətimizi seyr edərdilər. İndi nə Fazil dayı həyatdadır, nə də ki şair Hafiz Baxış...
...Hafiz Baxış 1932-ci il oktyabrın 15-də Zəngəzur mahalı Qafan bölgəsinin Yuxarı Girətağ kəndində müəllim ailəsində anadan olmuşdu. Orta məktəbi 1950-ci ildə Qafan bölgəsinin Şəhərcik kəndində bitirmişdi. 1950–1952-ci illərdə Qovşud kəndində ibtidai sinif müəllimi işləmiş, 1952-1956-cı illərdə Azərbaycan Dövlət Teatr İnstitutunun teatr və kino aktyorluğu fakultəsində təhsil almışdı. Tələbə ikən 1954-cü ildə Azərbaycan diviziyasında bədii özfəaliyyət dərnəyinin rəhbəri olmuşdu. 1956–1961-ci illərdə Sumqayıt şəhərində tərbiyəçi, pionerlər evinin və mədəniyyat sarayının direktoru vəzifəsində çalışıb.
1961-ci ildə Azərbaycan Dövlət Radio və Televiziya verilişləri Komitəsində rejissor köməkçisi, rejissor, yüksək dərəcəli rejissor vəzifələrində işləyib. İlk şeirləri "Sosialist Sumqayıtı" qəzetində dərc olunub, "Samur-Dəvəçi kanalı" adlı ilk şeiri də həmin qəzetin 1957-ci il 9 fevral tarixli sayında, "Zirvə" adlı ilk poeması isə "Azərbaycan" jurnalının 1968-ci il 2-ci sayında çap olunub. Bundan sonra o altı poema qələmə alsa da lirik şair kimi tanınınıb. İyirmidən çox şeirinə musiqi bəstələnib. 1989-cu il sentyabrın 7-də vəfat edib...
Sonda, onun "Bizim dost itirən vaxtımız deyil" adlı məşhur şerini xatırlatmaqla ruhuna rəhmət diləyirəm:
Gəlin itirməyək dostları, qardaş!
Onsuz da çox deyil yaxşı dost, sirdaş.
Dostluq qalasından bir kərpic, bir daş
Uçurub aparır hər saat, hər il -
Bizim dost itirən vaxtımız deyil!
Bir könül həmdəmi tapana qədər
Can evi illərlə olur dərbədər.
Var-dövlət dünyada gəlib də gedər,
Hər şeyə göz yumub dosta et meyil-
Bizim dost itirən vaxtımız deyil!
Tutmursa xasiyyət, tutmursa ürək,
Havayı duz dadıb, kəsməyək çörək.
Dostun hər cövrünə qatlaşıb gərək,
Olaq yaxşısına, pisinə qayil -
Bizim dost itirən vaxtımız deyil!
Onsuz da qısadır, dönükdür ömür,
Tale biz deyəni həmişə demir.
Ey dost, biz nə daşıq, nə də ki, dəmir,
Əsl dost yolunda ikiqat əyil-
Bizim dost itirən vaxtımız deyil!
Dünyanı tutub ha qalan deyilik,
Əbədi məskən də salan deyilik.
Ömrü bir də satın alan deyilik,
Dostluqda hər anın qiymətini bil-
Bizim dost itirən vaxtımız deyil!
Canını istəsə, dosta qurban de,
Dərdinə çarə qıl, ona dərman de.
Dost sənə "çor" desə, sən ona "can" de,
Düşməni dost edir xoş söz, şirin dil-
Bizim dost itirən vaxtımız deyil!
Hafiz, dar ayaqda dosta ol dayaq,
Dostluğu müqəddəs bir nemət sayaq.
Fitnə-fəsadlara məhəl qoymayaq,
Çəkək nankorların gözlərinə mil -
Bizim dost itirən vaxtımız deyil!
“Ədəbiyyat və incəsənət”
(08.09.2025)


 
				     
				     
				     
				     
				     
				     
				     
				     
				     
				    