İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Onu çox sevirlər. Çağdaş dövr bəstəkarlarımız arasında xüsusi yerə malikdir. Həm simfonik əsərlər yazır, həm mahnı janrında parlayır.
Söhbət Gövhər Həsənzadədən gedir.
Gövhər Həsənzadə 6 mart 1969-cu ildə Bakıda, ziyalı ailəsində anadan olub. Atası Azərbaycan Elmlər Akademiyası Respublika Təcili Məlumat Xidmətinin rəisi vəzifəsində çalışıb, anası isə filoloqdur. 1976-cı ildə Bakı şəhər M. Rahim adına 7 saylı orta məktəbin birinci sinfinə, 1977-ci ildə isə Səbail rayonundakı 2 saylı yeddiillik musiqi məktəbinin fortepiano sinfinə müsabiqəsiz daxil olub.
1984-cü ildə orta məktəbin 8-ci sinfini, musiqi məktəbinin 7-ci sinfini fərqlənmə ilə bitirərək elə həmin ildə Asəf Zeynallı adına Bakı Musiqi Kollecinin musiqi nəzəriyyəsi və tarix fakültəsinə müsabiqəsiz daxil olub. İlk bəstəkarlıq dərslərini Əməkdar incəsənət xadimi, bəstəkar Leonid Vaynşteyndən alıb. 1988-ci ildə təhsilini fərqlənmə ilə başa vuraraq Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasının Bəstəkarlıq fakültəsinə daxil olub.
Ali və peşəkar təhsilini Xalq artisti, professor Cövdət Hacıyevin sinfində alıb və 1993-cü ildə həmin təhsil ocağını bitirib. Gövhər Həsənzadə 1993-cü ildə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəvəti ilə Heydər Əliyev Sarayında bədii rəhbər və rejissor vəzifəsinə təyin edilib və 3 aprel 2001-ci ildə Bakı Şəhər İcra Hakimiyyəti başçısının sərəncamı ilə M. Şəhriyar adına Bakı Mədəniyyət Mərkəzinin direktoru vəzifəsinə təyin edilib.
Gövhər Həsənzadə təşkilatçılıq fəaliyyəti ilə bərabər peşəkar yaradıcılıq ilə də məşğul olub. 1993-cü ildən fəaliyyət göstərən ümumrespublika gənc estrada musiqisi ifaçılarının "Zirvəyə doğru" müsabiqəsinin yaradıcısı və bədii rəhbəridir.
O, böyük simfonik orkestr üçün poema, simfoniya, fortepiano və orkestr üçün konsert, skripka və orkestr üçün konsert, simli kvartet və kvintet, fortepiano və skripka alətləri üçün prelüd, sonata və bir çox klassik janrda yazılan 50-yə yaxın əsərin və 300-ə yaxın mahnının, eləcə də Azərbaycan Respublikası Gənclərinin Himni (1996), "Olimpiada yolları" himni (1996), "Biz varıq"(BMT Azərbaycan nümayəndəliyi) himni, "Sən qalib gələcəksən" (2008), "Sən azərbaycanlısan"(2013) kimi layihələrin müəllifidir.
2008-ci ildə Azərbaycanı ilk dəfə təmil olunduğu Avroviziya Mahnı Müsabiqəsində "Day After Day" mahnısının müəllifi və kompozisiyanın bədii rəhbəridir. 2013-cü ildə isə Türkviziya Mahnı Müsabiqəsinda yenə də Azərbaycanı ilk dəfə təmsil edərək "Yaşa" mahnısının müəllifi və kompozisiyanın bədii rəhbəri kimi 24 türkdilli ölkələr arasında birinciliyi ölkəsinə qazandırıb
Bu günə qədər Azərbaycan musiqiçiləri ilə bərabər Türkiyə, ABŞ və Avropada fəaliyyət göstərən Zərrin Özər, Mustafa Ceceli, Nilufer, "In-Grid", MİŞA, Pınar Aylin, Bengü, "Studio-A", Kaan Yalçın, Kanun Yıldırım, Zeliha Sunal, Barrbaros, Meyra, Ayla İşıl, Senem və bir çox peşəkar müsiqiçilər və yaradıcı kollektivlərlə çalışıb. Hal-hazırda "Azərbaycan professional mahnı janrının yaranmasının tarixi aspekti" mövzusunda elmi iş və iki cildlik kitab üzərində çalışır. Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasının dissertantıdır.
Gövhər Həsənzadə Azərbaycan Respublikası Prezidentinin 16 may 2006-cı il tarixli Sərəncamı ilə "Azərbaycan Respublikasının əməkdar artisti" fəxri adına layiq görülüb. 1999-cu ildən Yeni Azərbaycan Partiyasının, 2007-ci ildən Azərbaycan Bəstəkarlar İttifaqının, 1998-ci ildən MESAM (Türkiye Musiki Eseri Sahipleri Meslek Birliyi)-nin, 2013-cü ildən ARAF-ın (Azərbaycan Respublikası Atçılıq Federasiyası), 2019-cu ildən "Azad Azərbaycan" Teleradio və Yayım Şirkətinin Bədii Şurasının üzvüdür.
2021-ci ildən "Müəllif Hüquqları Uğrunda" İctimai Birliyin sədridir. Gövhər Həsənzadə 2023-cü il tarixdə keçirilmiş Avrasiya Hüquq sahibləri Təşkilatları Konfederasiyasının (AHTK) Baş Assambleyasının növbəti iclasında yetkilliklə Konfederasiyasının (AHTK) Baş Direktoru vəzifəsinə seçilib. Hal-hazırda Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin "Sərhədçi" Mədəniyyət Mərkəzi rəisinin müavini və mədəniyyət-təminat şöbəsinin rəisi vəzifəsində çalışır.
Bəstələdiyi mahnılar
"Yerli müğənnilər tərəfindən ifa olunanlar"
- Get
- Nəydi
- Anladım sonunda
- Mən səni deyə - deyə
- Olanlar Oldu
- Bahar çiçəyi
- Bir də
- Deyirlər ki
- Gözəlim
"Xarici müğənnilər tərəfindən ifa olunanlar"
1. Git
2. Tek senin uğrunda
3. Yar aman yar
4. Masal bu ya
“Ədəbiyyat və incəsənət”
(06.03.2026)


