Heykəltaraşlıq mədəniyyətimizin parlaq səhifələrini yazıb Featured

 

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

"İbrahim Zeynalovun abidələri və layihələri bir-birindən forma müxtəlifliyi, əldə olunmuş quruluşların təkrarlanmaması cəhdi ilə fərqlənir. Onun abidələrinin təsir effekti - tamaşaçıya yaxınlıq, fiqur və postament ölçülərinin düşünülmüş uzlaşdırılmasındadır.  Çox vaxt abidə hazırlanmazdan öncə portret üzərində iş gedir, heykəltaraş məhz burda gələcək monumental obrazın cizgilərini müəyyənləşdirir. Beləliklə, heykəltaraşın yaratdığı abidələr yüksək idealı, yaradıcı şəxsiyyətin möhtəşəmliyini və gözəlliyini təsdiqləyən monumental obrazın yaradıcılıq axtarışları ənənələrini izləməyə imkan verir. Bu ənənələrin ideya zəminindən onun formal əlamətləri də yaranır" - Sənətşünaslıq doktoru, professor Cəmilə Novruzova yazır bunları.

 

İbrahim Zeynalov 1934-cü il dekabrın 27-də Bakı şəhərində anadan olub. Hələ kiçik yaşlarından sənətə olan böyük marağı onu natamam orta məktəbi bitirdikdən sonra 1951-ci ildə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbinə gətirib çıxarıb. 1956-cı ildə məktəbin heykəltaraşlıq şöbəsini qurtaran İbrahim Zeynalov elə həmin ildən təhsilini Xarkov Rəssamlıq institutunda davam etdirib.

 1957-ci ildən etibarən ən müxtəlif respublika, ümumittifaq və beynəlxalq sərgilərin iştirakçısı olan İbrahim Zeynalov özünün sənətkarlıq fəaliyyətini pedaqoji işlə uğurla əlaqələndirib, 1971–1973-cü illərdə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində müəllim, 1973–1993-cü illərdə Azərbaycan Pedaqoji İnstitutunda müəllim, baş müəllim, dosent, professor və kafedra müdiri vəzifələrində çalışıb.

O, 1994-cü ildən 2003-cü ilədək Rüstəm Mustafayev adına Azərbaycan Dövlət İncəsənət Muzeyinin direktoru olub.  1962-ci ildə institutun heykəltaraşlıq fakültəsində ali təhsilini başa vuraraq Bakıya qayıdıb və bütün ömrünü heykəltaraşlıq sənətinə həsr edib. Harada işləməsindən və hansı vəzifəni tutmasından asılı olmayaraq, İbrahim Zeynalov milli mədəni irsin təbliği, tədrisi və qorunmasında qüvvə və bacarığını əsirgəməyib.

Özünün zəngin bilik və təcrübəsini gənc sənətkarlar nəslinin yetişdirilməsi işinə sərf edib. Azərbaycanda milli heykəltaraşlıq məktəbinin inkişaf etdirilməsində İbrahim Zeynalovun böyük xidmətləri olub. Onun monumental heykəl, büst-portret və digər heykəltaraşlıq janrlarında yaratdığı gözəl sənət əsərləri ölkəmizin zəngin ənənələrə malik heykəltaraşlıq mədəniyyətinin parlaq səhifələrindəndir.

İbrahim Zeynalov tarixi şəxsiyyətlərimizin, o cümlədən Mücirəddin Beyləqaninin, Əcəmi Naxçıvaninin, İmadəddin Nəsiminin, Şah İsmayıl Xətainin, İsmayıl bəy Qutqaşınlının, Mirzə Fətəli Axundovun, Mirzə Ələkbər Sabirin, Nəriman Nərimanovun və Hacı Zeynalabdin Tağıyevin unudulmaz obrazlarını gözəl abidələrə çevirərək mədəniyyət tariximizə həmişəlik həkk edib

 

Təltif və mükafatları

- SSRİ Dövlət mükafatı — Bakıdakı 26 Bakı komissarı abidəsi üçün

- Azərbaycan SSR Dövlət mükafatı — Naxçıvan şəhərində V. İ. Lеnin mеmorialı üçün

- "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı

- "Azərbaycan SSR xalq rəssamı" fəxri adı

- Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü.

 

Düzdür, bugünkü baxışlarımız bizi 26 Bakı komissarından, Lenindən itələyir, onlar bir vaxtlar sitayiş edilənlər idilərsə indisə düşmən sayılırlar. Amma konyektura, dövr, məcburiyyət, bilməzlik kimi faktorlar var ortada.

İbrahim Zeynalov 6 mart 2008-ci ildə vəfat edib.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(06.03.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.