“Münaqişənin genişlənməsi potensialı kifayət qədər yüksəkdir” Featured

 

TANINMIŞ RUSİAYALI POLİTOLOQ BOQDAN BEZPALKONUN “ƏDƏBİYYAT VƏ İNCƏSƏNƏT” PORTALINA AÇIQLAMASI

 

Fatimə Məmmədova, Ədəbiyyat və İncəsənət

 

Hazırda İran–İsrail müharibəsi ən gərgin mərhələsinə çatıb. Təbii ki, bu qarşıdurmanın Azərbaycana da təsir edəcəyi əvvəlcədən ehtimal olunurdu və bu narahatlıq artıq reallığa çevrilir. Ötən gün  baş vermiş hadisə ilə də bunu demək çox aydındır. Naxçıvana atılan raket...

 

Bəzən belə bir sual da yaranır: görəsən, dünya gündəmini dəyişmək, xüsusilə də Epşteyn qalmaqalı kimi mövzuları kölgədə qoymaq üçün müharibə kartından istifadə olunurmu?

Hər bir halda, bu qarşıdurmanın nə vaxt dayanacağı hələ də açıq sual olaraq qalır. Təəssüf ki, bəzən elə təsəvvür yaranır ki, böyük güclərin siyasətində insan həyatı arxa plana keçir və xalqlar bir-birini məhv edən proseslərin içində qalır.

Məsələnin perspektivlərini daha aydın anlamaq üçün rusiyalı politoloq Boqdan Bezpalko ilə şəxsi söhbət etdim və ondan müsahibə aldım. Onun fikirləri regionda baş verən hadisələrin mümkün inkişaf ssenarilərini anlamaq baxımından olduqca maraqlıdır.

 

-İrana qarşı hərbi əməliyyatlar Rusiya və Çinin Yaxın Şərq siyasətinə və regional təhlükəsizlik maraqlarına necə təsir edir?

 

-Rusiya və Çin üçün İran Yaxın Şərqdə mühüm müttəfiqlərdən biridir və hər iki ölkənin Tehrana siyasi dəstək verəcəyi gözlənilir. Rusiya üçün əsas regional maraq münaqişənin genişlənməsinin qarşısını almaq, xüsusilə də onun Cənubi Qafqaz və ümumilikdə Qafqaz regionuna yayılmamasıdır. Çin baxımından isə əsas prioritet Fars körfəzindən sabit neft tədarükünün qorunub saxlanılmasıdır. Böyük həcmdə enerji idxal edən Pekin müəyyən hallarda İran və Səudiyyə Ərəbistanından alınan nefti Rusiya tədarükləri ilə əvəz edə bilsə də, Hörmüz boğazının bağlanması Çin iqtisadiyyatı üçün ciddi risk hesab olunur. Bu səbəbdən Çin boğazın tam bağlanmaması üçün İrana diplomatik təsir göstərməyə çalışır. Ümumilikdə ABŞ və İsrailin İrana qarşı hücumu həm Çin, həm də Rusiyada təhlükəsizlik məsələləri ilə bağlı narahatlıqları artırır və regiondakı digər dövlətlər kimi onları da yeni geosiyasi riskləri yenidən qiymətləndirməyə məcbur edir.

 

-Bu hücumlar hansı şəhərlərə və strateji obyektlərə yönəlib və regionun təhlükəsizlik və iqtisadi vəziyyətinə nə dərəcədə təsir edir?

 

-Texniki baxımdan bu münaqişə artıq yayılıb və zərbələr Fars körfəzi regionunda yerləşən demək olar ki, bütün dövlətlərə endirilir. Bu hücumlar kifayət qədər ağrılı və həssas xarakter daşıyır. Səudiyyə Ərəbistanının “Aramco” şirkətinə məxsus ən böyük neft emalı zavodlarından birinə ciddi zərbə vurulub. Hazırda Dubay da hücumlar altındadır. Böyükmiqyaslı dağıntılar qeydə alınmasa da, zərbə təhlükəsi və müharibənin yaxınlaşması turizm və investisiyalar hesabına inkişaf edən bu şəhəri cəlbedici olmayan məkana çevirir və iqtisadi fəaliyyətə mənfi təsir göstərir. Bundan sonrakı proseslər hərbi münaqişənin necə inkişaf edəcəyindən asılı olacaq. Əgər münaqişə daha da genişlənərsə, quru əməliyyatları başlasa və ya qarşılıqlı döyüşlər, yeni raket və artilleriya zərbələri davam etsə, regiondakı ərəb ölkələri daha ciddi zərər görəcək. Hazırda İranın zərbələrinin hətta Tehranla münasibətləri dost xarakter daşıyan Oman ərazisinə, eləcə də Böyük Britaniyanın Akrotiri hərbi bazasının yerləşdiyi Kipr istiqamətinə də endirildiyi bildirilir. Bu isə münaqişənin genişlənmə potensialının kifayət qədər yüksək olduğunu göstərir.

 

“Ədəbiyyat və incəsənət”

(06.03.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.