“Psixologiya və şeir” Hüseyn Şərqidərəcək və İbrahim İlyaslı ilə Featured

Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”

 

Salam, " Ədəbiyyat və İncəsənət" portalının dəyərli izləyiciləri, xoş gördük. Bu dəfə " Psixologiya və şeir" rubrikası ilə görüşnüzə gəlmişik.

Bu rubrikamızda həm elmin, həm sənətin dili ilə danışırıq. Elmin dili məntiqli düşündürür, poeziya isə sərhədsizliyi ilə ruhu coşdurur. Bu gün də peşəkar psixoloq və Ədəbiyyatda öz imzası ilə sevilən şair qonağımızdır.

Beləliklə, qonaqlarımız- yaradıcı, araşdırmaçı, Psixoloq, doktor Hüseyn Şərqidərəcək ( Soytürk) və misraları ilə könül oxşayan, ruhları titrədən İbrahim bəy İlyaslıdır.

 

-Xoş gördük, dəyərli Hüseyn bəy. Rubrikamızda bir çox şeirlərin psixoloji təhlilini ustalıqla vermisiniz.

Bu gün də ustad şair İbrahim İlyaslı yaradıcılığından bir şeirə psixologiya pəncərəsindən boylanacağıq.

 

    

NÖQTƏ

 

​Nöqtədən başlayıb hər şey dünyada,

Əvvəlimiz nöqtə, sonumuz nöqtə.

Nöqtədi dəryada təklənmiş ada,

Bir nöqtə boydadı canımız, nöqtə.

 

​Nöqtədən başlayıb otlar, çiçəklər,

Nöqtə boydadı nöqtə səsi də.

Eynicə nöqtədi fillər, böcəklər,

Nöqtə sürüsüdür Yer kürəsi də.

 

​Nöqtədən başlayıb qibləyə yönüm,

Nöqtə — bircə kəlmə, nöqtə — yeddi rəng.

...Sənin, şəkil çəkən, başına dönüm,

Mənim nöqtə boyda bir şəklimi çək.

 

-Söz Sizindir, Hüseyn bəy.

 

-Xoş gördük, Ülviyyə xanım.

İnsan bütün iddialarına baxmayaraq kosmik miqyasda sadəcə bir “nöqtə”dir. “Nöqtə”  şeiri  başlanqıcdan etibarən əsas və varoluşsal bir obrazla başlayır: nöqtə. Şair ən sadə və ən kiçik vizual və yazı vahidini seçərək dünyanı minimal bir anlayışa endirir və bu kiçik formanın içindən varlıq, insan, idrak və hətta iman haqqında dərin bir baxış ortaya qoyur. Bu təhlildə şeiri həm psixoloji baxımdan, həm də şeir psixologiyası açısından “nöqtə” başlanğıc və sonun simvoludur. “Nöqtədən başlayıb hər şey dünyada, Əvvəlimiz nöqtə, sonumuz nöqtə” misraları şairin həyata dair dövri və müəyyən mənada ekzistensial bir baxışa sahib olduğunu göstərir. Ekzistensial psixologiyada insanın əsas qayğılarından biri ölüm və məhdudiyyət şüurudur. Şair başlanğıcı və sonu “nöqtə”yə endirməklə həm insanın kainat qarşısında kiçikliyini vurğulayır, həm də başlanğıc və sonun birliyini göstərir. Bu baxış varoluş təvazökarlığının ifadəsi kimi qəbul oluna bilər. Şüuraltı səviyyədə “nöqtə” psixikanın mərkəzi və ya “öz”ün nüvəsi kimi yozula bilər.  “Self” – yəni “öz”  nəzəriyyəsində  öz– psixikanın mərkəzi və bütövlüyüdür. Həndəsədə nöqtə dairənin potensial mərkəzidir; bütün radiuslar ondan keçir. “Bir nöqtə boydadı canımız, nöqtə” misrasında şair insan ruhunu sıxılmış və yığcam bir nüvəyə endirir. Bu kiçiltmə alçaltmaq deyil, əksinə mənanın konsentrasiyasıdır. Şeir psixologiyası baxımından bu sıxılmış obraz oxucunun təxəyyülünü aktivləşdirir; çünki zehn bu “kiçiklikdən” böyük bir məna çıxarmağa çalışır.

İnkişaf psixologiyası baxımından uşaq ilkin mərhələlərdə dünyanı sadə və bütöv strukturlar kimi qavrayır. şair təbiətə müraciət edir: “Nöqtədən başlayıb otlar, çiçəklər” və “Eynicə nöqtədi fillər, böcəklər”. Bu misralar varlığa vahid və ayrı-seçkisiz baxışı ifadə edir., daha sonra fərqlər ön plana çıxır. Şair isə əks istiqamətdə hərəkət edir: fərqlilikləri yaşadıqdan sonra yenidən vəhdətə qayıdır. Bu qayıdış psixoloji yetkinliyin əlaməti kimi dəyərləndirilə bilər. Fil də, böcək də son nəticədə “nöqtə”dir; insan da, Yer kürəsi də kosmik miqyasda bir nöqtədən ibarətdir.

 “Nöqtə sürüsüdür Yer kürəsi də” misrası koqnitiv psixologiya baxımından maraqlıdır. İnsan zehni “öz”lə bağlı olan obyektləri daha böyük və əhəmiyyətli qavramağa meyllidir. Şair isə çərçivəni dəyişdirərək Yeri “nöqtələr sürüsü”nə çevirir. Bu baxış terapevtik təsir göstərə bilər; çünki hadisələrə daha geniş miqyasdan baxmaq onların emosional yükünü azaldır.

Daha bir bənddə şeir mənəvi qatlara yüksəlir: “Nöqtədən başlayıb qibləyə yönüm.” İslam rəmzi mənasında da nöqtə əsas ölçü vahididir; bir çox hərflər nöqtənin nisbəti ilə qurulur. Burada nöqtə vəhdətin, tövhidin simvolu kimi yozula bilər. Din psixologiyası baxımından insan mərkəzi bir məna nöqtəsinə ehtiyac duyur; qiblə psixoloji istiqaməti müəyyənləşdirir. Şair qibləyə yönümü nöqtədən başlatmaqla iman və mənəvi yönəlişin də daxili bir mərkəzdən qaynaqlandığını bildirir.

 “Nöqtə - bircə kəlmə, nöqtə - yeddi rəng” misrası paradoksal bir ifadədir. Nöqtə həm təkdir, həm də çoxlu rəngləri özündə daşıyır. Yaradıcılıq psixologiyası baxımından bu, divergent düşüncənin nümunəsidir: şair sadə bir anlayışdan çoxqatlı mənalar yaradır. Şeir psixologiyası baxımından bu cür çoxmənalılıq oxucuya fərqli interpretasiyalar imkanı verir.

Axır misralarda “şəkil çəkən”ə müraciət edilir: “Mənim nöqtə boyda bir şəklimi çək.” Bu istək dərin psixoloji məna daşıyır. Şair hər şeyi nöqtəyə endirdikdən sonra özünün də nöqtə boyda təsvir olunmasını istəyir. Psixoanalitik baxımdan bu, bütövlük içində ərimək, eqonun şişkinliyindən azad olmaq arzusudur. Eyni zamanda, burada görünmək ehtiyacı da vardır.  Heç olmasa nöqtə qədər, amma məni çək. Bu, insan psixikasında mövcud olan əsas ikiliyi - həm yox olmaq, həm də görünmək arzusunu bildirir.

Bu şeir “nöqtə” anlayışı üzərindən həm varlıq fəlsəfəsini, həm estetik bütövlüyü, həm də insanın psixoloji özünüdərkinin dərin qatlarını açan simvolik bir mətndir. Zahirdə sadə görünən “nöqtə” obrazı burada həm başlanğıc, həm son, həm də sonsuzluğun özəyi kimi təqdim olunur. Şair minimal bir işarədən kosmik məna yaradır və bununla poetik düşüncənin gücünü nümayiş etdirir.

Bu şeirdə “nöqtə” sadəcə bir durğu işarəsi deyil; varlığın nüvəsi, psixikanın mərkəzi, imanın başlanğıcı və şairin özünüifadə formasıdır. Məhz bu zahiri sadəlik və daxili dərinlik onu psixoloji baxımdan zəngin və çoxqatlı bir mətnə çevirir.

Psixoloji planda şeir insanın öz kiçikliyini dərk etməsi ilə bağlıdır. “Bir nöqtə boydadı canımız” misrası fərdin faniliyini qəbul etməsidir. Bu qəbul iki cür təsir yarada bilər: ya qorxu və nihilizm, ya da sakitlik və təvazökar özünüdərk. Şeirin tonuna baxdıqda ikinci istiqamət üstünlük təşkil edir.

 

Nöqtə həm də identiklik simvoludur. Psixologiyada insan özünü kainat qarşısında kiçik hiss etdikdə iki reaksiya verə bilər: mənasızlıq hissi və ya bütövlüyə qoşulma hissi. Şeirdə ikinci hal müşahidə olunur. İnsan nöqtədir, amma bütün kainat da nöqtələrdən ibarətdir. Deməli, insan kainatdan ayrı deyil.

Eyni zamanda “nöqtə” yaradılışın rəmzidir. Hər şey nöqtədən başlayır – toxum, hüceyrə, səs, rəng. Bu yanaşma psixoloji olaraq başlanğıc enerjisinə, potensiala işarə edir: ən kiçik şeyin içində böyük bir aləm gizlidir. Burada insanın özünü kiçik görməsi zəiflik yox, əksinə, dərin idrak və təfəkkür göstəricisidir.

Sonuc olaraq, “Nöqtə” şeiri kiçik bir simvol vasitəsilə dərin fəlsəfi və psixoloji qatlar açır. Psixoloji baxımdan burada varoluş təvazökarlığı, ölümün qəbulu,  birlik duyğusu və yaradılış məna axtarışı öz əksini tapır. Şeir psixologiyası baxımından isə təkrar, semantik sıxlıq və obrazın mərhələli genişlənməsi oxucunun idrakını həm emosional, həm də intellektual səviyyədə hərəkətə gətirir. Bu şeir insanın varlığına və kainatdakı yerinə psixoloji-fəlsəfi baxışdır. Şeir insanın səmavi tənhalığını, faniliyini və eyni zamanda möhtəşəm başlanğıc gücünü simvolik dillə ifadə edir.

 

“Ədəbiyyat və incəsənət”

(06.03.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.