Super User

Super User

Könül, “Ədəbiyyat və incəsənət”

 

Haqqında danışacağımız Pərixanım Sofiyeva başlıqdan da göründüyü kimi, Gürcüstanda deputat seçilən ilk müsəlman qadın olub. Tarix – uzaq 1918-ci il.

O, nüfuzlu Sofiyevlər ailəsinin üçüncü qızı olub və gənc yaşlarından yaşadığı kəndin və rayonun liderinə çevrilib. Cəmiyyətin ağsaqqalları belə onun məsləhətlərinə qulaq asıb, kənd təsərrüfatı və sosial məsələlərdə ona müraciət ediblər. Hətta ona “Kişi Pəri” ləqəbi qoyulub.

 

Pərixanım Sofiyevanın həyatı barədə söhbətimi davam etdirəcəyəm. Haşiyəyə çıxıb deyim ki, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə hazırda “Alyans” Gənclər Mərkəzi “Azərbaycan həqiqətlərinin və mədəni irsinin Gürcüstanda təbliği” layihəsi həyata keçirir, layihə çərçivəsində də qonşu ölkənin mediasında “Qarayazının matriarxı – Pərixanım Sofiyeva” adlı məqalə dərc olunub. Sizə bəhs etdiyim həyat hekayəsi də məhz orada qələmə alınıb.

Məqalə İrakli Xvadaqianinin müəllifliyi ilə Gürcüstan Milli Arxivinin tarixi materialları əsasında hazırlanıb.

 

Pərixanım Sofiyeva 1918-ci ildə Gürcüstanın Qarayazı rayonunda keçirilən seçkilərdə güclü partiya namizədlərini məğlub edərək deputat seçilib. Onda hakimiyyətdə Zaqafqaziya seymi idi, az sonra Gürcüstanda müstəqil respublika qurulub. Lakin 1921-ci ildə sovet işğalından sonra yerli özünüidarəetmə orqanları ləğv edilib, ailəsinin mülkləri müsadirə olunub. 1937-38-ci illərdə Stalinin "Böyük təmizləmə" kampaniyası zamanı onun 5 qardaşı repressiyaya uğrayıb.

Pərixanım ömrünün son illərini qardaşlarının yetim qalan övladlarına baxmaqla keçirib və 1953-cü ildə dünyasını dəyişib.

Xatirəsi Gürcüstanda indi də yaşayır, yaşlı nəsil onun adını hələ də xatırlayır. Tbilisi sakrebulosu (şəhər şurası) sədrinin müavini Marika Darçiyanın təşəbbüsü ilə “Tbilisinin xatirə skamyaları” adlı layihəyə start verilib. Layihə çərçivəsində şuranın binası qarşısında, Azadlıq meydanında yerləşdirilən skamyalara Gürcüstanın tarixində önəmli rol oynamış ictimai xadimlərin adları olan xatirə lövhələri vurulub. Bu lövhələrdən biri Pərixanım Sofiyevanın adını daşıyır. Gürcüstanın Mərkəzi Seçki Komissiyası və Tbilisi Dövlət Universiteti onun haqqında kitab nəşr etdirib. 2018-ci ildə isə məzarı abadlaşdırılıb və qəbirüstü abidəsi qoyulub.

Əlbəttə ki, fəxr ediləsi, qürur duyulası bir şəxsiyyət olub Pərixanım Sofiyeva. Ruhu şad olsun.

 

“Ədəbiyyat və incəsənət”

(14.03.2025)

 

Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”

 

Haqsızlığa qarşı çox dözümsüzdür, mərd və dürüst kişilərdəndir. O qədər haqq üstündə başı bəlalar çəkib ki... Axı hamı haqqı tələb etsə də, onun "şilləsinə" hər adam tab gətirə bilmir. Necə deyərlər, haqq tonqal kimidir- yaxın gedəndə adamı yandırır, uzaq düşəndə də donursan... 

 

Bu gün sizə texnika elmləri doktoru, professor Misirxan Atduxan oğlu Talıbov haqqında söhbət açmaq istəyirəm. Artıq uzun illərdir ki, Azərbaycan Texniki Unuversitetində müəllim işləyir. Əgər xarici ölkələrdə Azərbaycandan tanınan üç-beş texniki elmlər üzrə alim varsa, biri də odur. Əcnəbi elmi jurnalları onun məqalələrini sevə-sevə dərc edirlər. Onu aparıcı ölkələrin elmi şuralarına məmnuniyyətlə üzv seçirlər...

   

O, 13 mart 1966-cı ildə dünyaya gəlib. 1981-ci ildə 8 illik təhsilini başa vuraraq, tam orta təhsilini Bakı şəhəri, 1 saylı fizika-riyaziyyat təmayüllü məktəbdə alıb. Sonra indiki Azərbaycan Texniki Universitetinin "Mexanika" fakültəsini  fərqlənmə diplomu ilə bitirərək ali təhsilə yiyələnib. Daha sonra sovet ordusu sıralarında hərbi xidmətdə olub…

 

Uşaq kimi kövrək ürəyi var, yanında biri sızıldayanda az qalır ki, sonuncu qəpiyindən də keçsin. Dostluqda sədaqətli adamdır, kimə quşu qondusa, onun uğrunda mübarizə aparmaqdan çəkinmir. Xeyirxahdır, mehribandır, comərddir, bir sözlə YAXŞI ADAMDIR...

 

Əsgəri xidmətini başa vurandan sonra o, Texniki universitetin "İstilik texnikası və istilik qurğuları" kafedrasında tədqiqatçı mühəndis vəzifəsində əmək fəaliyyətinə başlayıb. 1993-1996-cı illərdə həmin elm müəssisəsində aspiranturanın qiyabi şöbəsində oxuyaraq, “Alifatik spirtlər və onların binar qarışıqlarının yüksək təzyiqlərdə istilik tutumu” mövzusunda namizədlik dissertasiyasını müdafiə edib. 1993-1998-ci illərdə Azərbaycan Texniki Universitetinin “İstilik texnikası və istilik qurğuları” kafedrasında tədris ustası və baş laborant, 1998-2001-ci illərdə "Soyuducu texnika" kafedrasında assistent, 2001- 2004-cü illərdə "İstilik və soyuqluq texnikası" kafedrasında baş müəllim, 2004-2018-ci  illərdə kafedranın  dosenti vəzifəsində çalışıb. 2001-2018- ci illərdə "İstilik və soyuqluq texnikası", sonradan “İstilik energetikası” adlandırılan kafedranın müdir müavini vəzifəsində işləyib. 2018- ci ildə “Alternativ və bərpa olunan enerji mənbələrinin istilik daşıyıcılarının istilik – fiziki xassələri” mövzusunda doktorluq dissertasiyası müdafiə edərək texnika elmlər doktoru elmi dərəcəsini alıb və 2019-cu ildən “İstilik energetikası” kafedrasının professorudur...

 

Nailiyyətləri çoxdur. Onların hamısını sadalasam, uzun vaxt aparar. Amma bəzilərini sizinlə bölüşmək istəyirəm. Bir sıra xarici ölkələrdə onu novator alim kimi tanıyır və ixtiralarından istifadə edirlər. Təsadüfi deyil ki, müxtəlif nüfuzlu jurnallarda- ABŞ, Almaniya, Fransa, Portuqaliya, Macarıstan, Yunanıstan, Türkiyə, Rusiya və s. ölkələrdə onun dərc olunan 220 adda elmi əsəri var. O cümlədən o, 12 dərslik, dərs vəsaiti və monoqrafiyanın müəllifidir...

 

Çox baməzə adamdır. Gözəl yumor hissi var. Həqiqəti elə incələyir ki, lap yerinə düşür., dodaq qaçırır.

 

Deyir ki:- “Dovşanın acizliyi onun qorxaqlığında deyil, dovşan olaraq doğulmasındadır”...

 

2006-2016-cı illərdə “D02.031” Dissertasiya Şurasının Elmi Seminarının elmi katibi, 2019-2022-ci illərdə “ED 2.09” Dissertasiya Şurasının və Elmi Seminarının, 2010-2021-ci illərdə Azərbaycan Təhsil Nazirliyinin “Sabahın alimləri” Respublika Müsabiqəsi Elmi Ekspertiza Komitəsinin üzvü olub. Bu gün o, Dövlət İmtahan Mərkəzinin Dövlət qulluğuna qəbul üçün müsabiqənin ekspertidir...

 

Bəli, professor Misirxan Talıbov sədaqətli dost, novator alim, bir sözlə, dəyərli şəxsiyyətdir. Martın 13-ü Misirxan müəllimin 59 yaşı tamam olur. Bu münasibətlə onu ürəkdən təbrik edir, möhkəm cansağlığı, işlərində müvəffəqiyyətlər arzulayıram.

Çox yaşasın!

 

“Ədəbiyyat və incəsənət”

(14.03.2025)

 

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Yüksək daxili intizama yiyələnməyin gətirdiyi gəlir qeyri-adidir. Daxili intizam və özünü qiymətləndirmə arasında düz mütənasiblik var:

- özünüidarə və nəzarət bacarığınızı artırdıqca özünüzə olan hörmətiniz də artır.

- daxili intizamınızı artırdıqca özünüzlə fəxr edəcəksiniz.

- daha intizamlı olduqca özünüzü daha ucalarda görəcəksiniz. Özünüz haqda daha pozitiv düşünəcəksiniz.Özünüzü daha xoşbəxt və qüdrətli hiss edəcəksiniz.

 

 Daxili intizam xüsusiyyətinin aşılanması bütün ömrün boyu davam edən uzun bir mübarizədir. Asan yola qaçmaq həvəsi daim alt şüurunuzda parlayacaq. O, sizi yalnış yola çəkmək, lazım olanı deyil, əyləncəli olanı seçməyə həvəsləndirərək daxili intizamınızı pozmaq üçün əlverişli məqam gözləyəcək. Napaleon Hill, bestsellerə çevrilmiş kitablarından birini bu sözlərlə bitirmişdir: “Daxili intizam, sərvətin açarıdır”. Daxili intizam, özünü dəyərləndirməyin, özünəhörmətin və fəxrin açarıdır. Daxili intizam, bütün çətinliklərinizi aşıb istədiyiniz xoşbəxt həyata nail olmağınızın qarantıdır. Bəzi insanların digərlərindən daha xoşbəxt və zəngin olmaqlarının səbəbi daxili intizam aşılamaq bacarığıdır.

 

Brayan Treysi/ Bəhanələrə yox (Daxili intizamın gücü)

 

“Ədəbiyyat və incəsənət”

(14.03.2025)

 

“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Poeziyası Antologiyası layihəsində Təbriz təmsilçimiz Əli Çağlanın növbəti təqdim etdiyi şair Təbrizdə yaşayan Məryəm Qurbanzadədir.

 

Məryəm Qurbanzadə

Xoy

 

I

Saçlarımdan

Bağlama teli yaradın

Gələcək aşiqlər mahnısız qalmasın bəlkə.

Tarixdən sonraya yazdı bunu qadın

Yəni:

“Mən”.

 

1.

Yazdım eşq

Oxudunuz daş-qalaq.

Gözlərimin yaşına baxmayanların

Anası kim idi, kim?

 

2.

Evin adresi mənəm

Dünya ətəyimdir.

Daşlarını atdım

Bir

Bir

Ayrıldınız sonra

Savaşdan sonrakı barışın yolu mənim bağrımdı

Açdım sizə bağrımı

Gözlərimdə bağladınız ağrılarımı.

 

3.

Qırılmış aynada qanad açdım yalqızlığa

Gözlədim gələcəyi gəlmədən

Sən hayandasan oğlum!

Bir

Güllə açıldı bağrında qaranlıq gizlənən dünyada.

 

4.

Əllərim

Qırılmış telləridir bağlamanın

Oy gözəlim, hüznümün qanadsızlığı oy...

 

5.

Ağarmış saçlarıma

Qonaq çağırdınız qışı

Yaz

Gələcək alın yazımdır mənim

İcazə versəniz:

Çiçək qondura bilərəm dodaqlarınıza.

 

6.

Sürgün gedən qızcığazların baxışında

Yerə töküldü ruhum

Savaşdan qalan həyatın yükünü

Çiyinlərimdə dolandırıram

O isə

Siz

Xəritələrin üzünü qaralayırsınız.

 

7.

Dünyanın dərdini

Köksümdə yirğalayıram

Süd verirəm

Lay-lay oxuyuram

Amma hayıf

Amma hayıf

Əllərinizdə tüfəng tumurcuqlanır yenə

Hansı ananın bağrında

Sovrulacaqsınız?

Hansı?

 

“Ədəbiyyat və incəsənət”

 (14.03.2025)

 

 

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun “Ədəbiyyat və İncəsənət” portalı ilə birgə “Türk dünyasının mədəniyyət xadimlərini Azərbaycanda tanıdaq” layihəsi təqdim edilir.

Bu dəfə sizləri qırğız şairi, tərcüməçisi, müəllimi Altınbek İsmailin yaradıcılığı ilə tanış edəcəyik.

 

Təqdim edir: Joldıbek Kaçkunbayev, “Ədəbiyyat və incəsənət” portalının Qırğızıstan təmsilçisi

 

Altınbek İSMAİL 1982-ci ildə Oş bölgəsinin Köldük kəndində doğulub. 2005-ci ildə MANAS Universitetinin Türkologiya fakultəsini bitirib. Türk ədəbiyyatı və şeiri, özəlliklə təsəvvüf şairləri və şeirləri üzrə mütəxəssis olan şair, Yunus Əmrənin, Mövlananın, Bəxtiyar Vahabzadənin əsərlərindən örnəkləri qırğızcaya çevirərək, yayımlayıb. 2005-ci ildə DGTYB-nin təmsilçisi seçilib. 2006-cı ildə isə Qırğız Respublikası Milli Yazıçılar Birliyinə üzv qəbul edilib. Hazırda MANAS Universitetində çalışır. Şairin “Daş güzgü” şeirlər kitabı 2008-ci ildə ilk dəfə, 2009-cu ildə isə təkrar nəşr edilib.

Şeirləri qırğız dilindən Azərbaycan dilinə çevirən İbrahim İlyaslıdır.

 

İÇİMDƏKİ ADAM

 

Nədənsə qorxulu tər basır məni,

Qorxular yığılıb, tərs asır məni;

Boşluq zəmisinə yıxılır zaman, –

Mən şeir yazıram... şeir yazır məni.

 

Arzular puç oldu, sındı qanadım,

Gün döydü, odunda kəmiyim yandı;

Boylanıb göyüzlü aynalara mən,

Bir xeyli özümün seyrinə daldım...

 

Köksümü qovurdu qəlbin atəşi,

yandı budaqlarım, yaşıl yarpağım;

Qəlbimin oduna su səpsin barı, -

bir soyuq daş tapıb, hey qucaqladım...

 

Sümürüb cismimin alovlarını,

bir qüvvə o daşa çəkib ötürdü.

Od tutan canımı heç bilmirəm kim,

bir uçrum başına dartıb gətirdi...

 

Dinləyib rüzgarın xoş avazını,

Mən şeirə sarıldım, tək-tənha qaldım.

Əslimi bulmadım Yer üzündə mən,

Dolandım dünyanı, xəyala daldım.

 

Gecəm gündüz oldu, gündüzüm gecə,

Günəş hardan çıxdı, hayanda batdı?..

İlk dəfə özümü gördüm, onda da,

Gördüm ki, bir kölgə ardınca çatdı...

 

Ciyərim od tutdu... su içirmədi,

İçimdəki yanğı heç kiçilmədi;

Gördüm, nə divanlar tuturmuş mənə

İçimdəki adam – öz içimdəki..!

 

Qabaran dəniztək hey dalğalandım,

Duydum: güzgüdəki adam nə çəkir...

Bilənlər bilir ki, mən ömrüm boyu,

Özümdən qorxmuşam, öz içimdəki...

 

EŞQ ELANI

Köhnə yatağından çağlayıb-daşan

Bir düşüncə məni özümdən aldı.

Sözləri qış kimi bir şeir yazdım,

O bir gənc qızaydı... – xatirə qalsın.

 

Gözləri önündə kinolent kimi

Canlandı olaylar oxuyanların...

Qısqanclıq duyunca, qaldı yarısı,

Gəldim evdəkinə oxuyum barı...

 

Xanımım hirslənib çıxdı özündən, –

Savaşdıq, danışdıq dan ağarınca...

“Kimə vurulmusan?” sorğu-sualı

Uzandı, uzandı, ta usanınca...

 

Doğrusu, nə deyim, aldadıb onu,

Gerçəyi desəm də, o inanmamış.

Axır ki, yorulub cəngi-cidaldan,

Yatdı axşamadək Allah saxlamış.

 

Anlam verməyib də, sözün məğzinə,

Düşünüb, burda yad ünvan tapacaq.

Subay vaxtımızı xatırlayıb da,

Mən ona yazmışıdım bu şeiri ancaq...

 

QIRĞIZISTAN

Kim dünyadan dövlət umar, çox-azdan,

Kim baxt umar göydə Aydan, ulduzdan.

Özgələri bilməm, ancaq mənimçün,

Qırğızıstan dövlət-vardı, ad-sandı!

 

Əsil dünya nə minnətdə, nə haqda...

İnsanlar var – saf əməldən uzaqda;

Özgələri bilməm, ancaq mənimçün,

Qırğızıstan namus, həm də vicdandı!

 

Özü üçün şöhrət gəzən, taxt quran,

Şahlar gördük, yıxıldı da o taxtdan;

Özgələri bilməm, ancaq mənimçün,

Qırğızıstan uca durur səmadan!

 

“Ədəbiyyat və incəsənət”

(14.03.2025)

 

Qoşqar İsmayılzadə, “Ədəbiyyat və incəsənət”

 

 

 

Xəstəxanaya yolum düşmüşdü. Dəhlizdə gəzərkən gözüm qapısı açıq bir palataya sataşdı. Xəstənin yanında, kiçik şkafın üzərində "Çərəkə" kitabı var idi. Ötəri baxmışdım, amma yaddaşıma həkk olunub, yolboyu məni düşünməyə vadar etdi.

 

İnsanda ölən ən sonuncu emosiya ümiddir. Hansı ki, o ümid insanda ikinci immunitet yaradır. Ümid yanan ocaq kimidir: alov dilimləri nə qədər yüksələrsə, nə qədər hənirtili olarsa, bir o qədər güclüdür.

Bu mənzərə mənə xatırlatdı ki, bir xəstənin otağında gözlərini qapıya, pəncərədən yollara dikməsi közərmiş ümiddir. Sabaha, həftəyə, aya, gələcəyə yaşam istəyinin bir çabasıdır. Yaşam yeri gözlərdir, amma gözlər də qəlbin aynasıdır. Qapılar arxasındakı dualar da, yollara dikilən gözlər də, taxtalı qapılar da, ot basmış yollar da, açılmayan qapılar da, oxşanmayan saçlar da və bir də "uman yerdən küsərlər" deyirlər, umduğumuz yerlər də ümidlərlə doludur...

Ən bariz nümunə isə xalq olaraq etdiklərimizdir. Cəmi 23 ay ömrü olan bir cümhuriyyətin sabaha olan ümidi kimi. "İnşallah"lar da, "hər şey yaxşı olacaq"lar da, arzular da bir ümiddir. Bunun ən yaxşı isbatı torpaqlarımızın 30 illik əsarətdən azad olunmasıdır. Gələcəyə bəslənilən ümid heç vaxt sönmədi və əbədi məşəl alovu kimi daim yandı.

 

“Ədəbiyyat və incəsənət”

(14.03.2025)

 

 

Kübra Quliyeva, “Ədəbiyyat və incəsənət”

 

Sinqapurda gənc cütlüklər övlad sahibi olmadan öncə ev heyvanı saxlayırlar. Onlar 12-18 ay müddətində heyvanın yeməyini, suyunu, baxımını və baytar müayinələrini düzgün şəkildə yerinə yetirməyi öyrənirlər. Bu mərhələni uğurla keçdikdən sonra isə 6-8 ay boyunca sosial-psixoloji və meditativ təlimlər alır, uşaq psixologiyası, tərbiyə və təhsil sahəsində dövlət tərəfindən təşkil edilən xüsusi dərslərdə iştirak edirlər. Yalnız bundan sonra valideyn olmağa qərar verirlər.

 

Təbii ki, müqayisə aparmaq, “bizdə belə deyil”, “bizim millət geri qalıb” deyib mənfi fikir bildirmək mənim də xoşuma gəlmir. Amma reallıq göz önündədir. Bizim cəmiyyətdə mental dəyərlər və inkişaf etməkdə olan ölkələr sırasında yer almağımız çoxuşaqlılığın geniş yayılmasına səbəb olur. Nəticədə isə ailə-məişət problemləri artır, valideynlər övladlarına yetərincə diqqət ayıra bilmir, ailədaxili gərginliklər dərinləşir və uşaqlar arasında fərq qoyulur.

Bu kimi problemlərin aradan qaldırılmasında əsas yük psixoloqların, valideyn-övlad münasibətləri üzrə mütəxəssislərin və sosial qurumların üzərinə düşür.

 

Valideynlər Nələri Öyrənməlidirlər?

 

1. "Övladlarınızı öz dövrünüz üçün yox, onların dövrü üçün yetişdirin."

İmam Əlinin (ə) bu kəlamı hər bir valideynin şüurunda möhkəmlənməlidir. "Bizim vaxtımızda belə deyildi" düşüncəsindən uzaqlaşıb, uşaqların yaşadığı zəmanəyə uyğun tərbiyə metodları tətbiq olunmalıdır.

 

2. Valideyn olmaq hər şeyi bilmək demək deyil.

Övladınızın həyatına, peşə seçiminə, geyim tərzinə, saç stilinə və düşüncə tərzinə daim müdaxilə etmək hüququnuz yoxdur. (Təbii ki, bu sərhədlər həddi aşmadıqda.) Övladına doğru yol göstərmək istəyən valideyn sevgi dolu olmalı, nəzarət və qəzəbdən çox, anlayış və örnək olmaq yolunu seçməlidir.

 

3. Uşaqları yarışdırmaq zərərlidir.

Uşaq bir test robotu deyil ki, valideynin müəyyən standartlarına uyğunlaşsın. Əgər bir uşaq rəssam olmaq istəyirsə, onu zorla idmançı etmək olmaz. Eyni şəkildə fizika ilə maraqlanan bir uşağı məcbur edib ədəbiyyatçı etməklə onun potensialını məhv edə bilərsiz. Hər bir uşaq fərqlidir və fərqli bacarıqları inkişaf etdirmək lazımdır.

 

Bəs Uşaqlar Nələri Bilməlidirlər?

 

1. Valideynlər də insandır.

Bəzən əsəbi, bəzən kobud ola bilərlər. Amma biz öz həddimizi aşmamalıyıq.

 

2. Valideynlər hər zaman haqlı deyillər, amma çox vaxt haqlıdırlar.

Onların sözlərinə qulaq asmaq lazımdır, lakin bu, öz arzularından imtina etmək mənasına gəlmir. Xəyalların arxasınca getmək də önəmlidir.

 

3. Minnətdarlıq duyğusu mühümdür.

Valideyni sevmək üçün bəhanə yox, səbəb axtarın. Hər zaman onlardan daha çox şey gözləmək əvəzinə, sahib olduqlarınız üçün minnətdar olun. Bir yetimin sizin yerinizdə olmaq istədiyini təsəvvür edin.

 

Nəticə

 

Əlbəttə, hər kəs həmişə haqlı ola bilməz. Bəzən valideyn haqsızdır, bəzən övlad. Bəzən hər iki tərəf yorğun, həssas və bezgin olur. Amma sağlam valideyn-övlad münasibətində sevgi heç vaxt bitmir.

 

Sevin, sevilin, qədir-qiymət bilin!!!

 

 “Ədəbiyyat və incəsənət”

(14.03.2025)

 

 Nigar Xanəliyeva, “Ədəbiyyat və incəsənət”

 

Nazlı pəncərədən bayıra baxırdı. Gecə sakit idi, amma onun içində fırtınalar qopurdu. Arasın bu qədər dəyişməsinə hələ də inanmaq istəmirdi. Vaxtilə gözlərinin içinə baxaraq “Sən nəfəsimsən” deyən adam, indi onun varlığını belə unutmuşdu.

Telefonu əlinə aldı, amma zəng etmədi. Artıq lüzumsuz idi. Arasın qüruru, anasının təsiri və dəyişən baxışları onu çoxdan unutduğunu sübut edirdi. Nazlı gözlərini yumdu. Bəlkə də, hər şey yalandı…

Amma yox… O yalan deyildi. Onların sevgisi də yalan deyildi. O anların şirinliyi gerçək idi. Aras onu necə sevirdisə, indi elə də acı çəkdirirdi.

 

Bir neçə il sonra…

Nazlı artıq uğurlu bir alim idi. Konfrans zalında auditoriya qarşısında çıxış edərkən, gözləri birdən qapının yanında dayanmış bir nəfərə sataşdı. Aras.

O, heç dəyişməmişdi. Amma gözlərində tanış bir peşmanlıq vardı. Əlləri titrəyirdi. O baxışlar deyirdi: Sənin qədər yalan olan birini tapa bilmədim. Ölüm qədər acı bir ayrılıq yaşadım. Günah qədər şirin olan sən idin…

Nazlı isə artıq çoxdan susurdu. Çünki bəzi sözlərin mənasını anlamaq üçün illər lazımdı. Aras  üçün isə artıq çox gec idi…

 

“Ədəbiyyat və incəsənət”

(14.03.2025)

 

 

 

“Ədəbiyyat və incəsənət” portalı PORTAL AKADEMİYASInda növbəti, üçüncü abituriyent kurslarına davam edir. Həyatda necə uğur qazanmalı, hədəfi necə seçməli, hədəfə doğru necə irəliləməli, necə lider olmalı – bu sayaq suallar hər birinizi düşündürür, bilirik. Onlara PORTAL AKADEMİYASI məşğələlərinə qatılmaqla çavab tapacaqsınız.

 

Rubrikanı millət vəkili, motivasiya spikeri, yazıçı Əlibala Məhərrəmzadə aparır.   

 

Təbiidir ki, illərdir bir çox müəlliflər uğur qazanmağın yollarını göstərmək niyyəti güdən kitablar yazıblar. Onların içində adı dünyalarca məşhurlaşanlar, ən tanınmış motivasiya spikeri adını alanlar da var, yazdıqlarını bestseller səviyyəsinə daşıya bilməsələr belə, kütləvi oxucu qazanmaq şərəfinə nail olanlar da var, heç bir iz qoya bilməyərək yazdıqlarının makulaturaya çevrilməsiylə barışanlar da var.

Əlbəttə ki, mən öz tədqiqatım boyunca ən çox səs-küy qoparan «uğurqazanma bestsellerlərinə» toxunacağam. Oxuculara oxunması məsləhət görülən bu bestsellerlərin əsas müddəalarını göstərəcək, tezislərini qabardacağam.

Zaman-zaman ən yaxşıların seçimini etməyə ən müxtəlif mənbələr cəhd göstəriblər. Onların ən nüfuzlularını qruplaşdıranda (bu qruplaşmada tiraj, satış həcmi, yayıldığı areal, buraxdığı iz və s. əsas götürülür) kitab mağazalarındakı yüzlərlə rəngbərəng cildlərin içində azmayaraq «nəyi və niyə oxumaq» sualına mütləq cavab tapmaq mümkün olur.

Biz öncə peşə fəaliyyətində, biznesdə uğur qazanmağın yolunu göstərən ən çox tələb olunan kitablara nəzər yetirək. Bu, o kitablardır ki, onların hesabına bir neçə nəsil uğurlu mütəxəssis və iş adamı yetişmişdir.

Bilmirəm, başqa ölkələrdə necədir, amma bizim Azərbaycandla motivasiya spikeri söylənəndə ilk öncə ağıla Deyl Karnegi gəlir. Motivasiya kitabı söylənəndə isə ağıla onun «Dostları necə qazanmalı və  insanlara necə nüfuz etməli» (Kak zavoevıvatğ druzey i okazıvatğ vliənie na lödey) kitabı gəlir. İlk dəfə 1937-ci ildə dərc edilən və dərhal da populyarlaşan bu kitabı, əminəm ki, dünyanın əksər digər dövlətlərində də motivasiya ədəbiyyatının klassikası hesab edərək sevirlər. Dahi liderlərin və biznesmenlərin həyatlarından olan real hadisələr kitabı olduqca maraqlı və faydalı edib.

Həmin 1937-ci ildə haqqında ayrıca danışacağımız daha bir motivasiya şedevri – Napoleon Hillin «Düşün və varlan» kitabı da işıq üzü görüb.

Bu kitabdan bir qədər öncə, 1926-cı ildə Amerikada motivasiya ədəbiyyatının pionerlərindən olan «Vavilonda ən varlı adam» kitabı işıq üzü görmüşdü. Corc S.Kleysonun bu kitabı çoxları üçün şəxsi maliyyənin idarə edilməsi işində əsas bələdçiyə çevrilmişdi.

Motivasiya ədəbiyyatı adlı janrın banisi isə, şübhəsiz, Britaniya yazıçısı Ceyms Allendir. XIX əsrdə – 1864-cü ildə İngiltərənin Lester şəhərində günyaya gəlmiş Ceyms Allen bütün həyatı boyu nə şan-şöhrət, nə də var-dövlət qazana bilmişdir. Bununla belə, bu şəxs yüz illərdir ki, insanlara öz əsərləriylə şan-şöhrət və var-dövlət qazanmağın sirlərini öyrətməkdədir.

Onun 1902-ci ildə yazdığı «Düşünən insan» adlı əsəri isə tarixin ilk motivasiya kitabı kimi tanınır. Bu hissədə həmin kitab barədə ayrıca söz açacağam.

İndi isə gəlin əksər reytinq sıralamalarında yer alan «bizneçdə və peşəkar fəaliyyətdə uğur qazanmaq» mövzusunda ən populyar motivasiya bestsellerləri arasından sizinçün seçdiyim 10-luğa nəzər yetirək.

Sırada 1-ci Henri Fordun «Mənim həyatım, mənim nailiyyətlərim» kitabıdır. Kitab barədə növbəti söhbətimizdə ətraflı danışacağıq.

 

“Ədəbiyyat və incəsənət”

(14.03.2025)

 

Yeniyetməlik dövründə yaşanan fiziki və psixoloji yeniliklər şagirdlərdə böyük dəyişikliklərə səbəb olur. Bu prosesdə şagirdin üzərinə qoyulan həddən artıq məsuliyyət məktəb uğurlarının azalmasına səbəb ola bilər. Bu prosesdə şagirdlərin, valideynlərin və pedaqoqların üzərinə böyük vəzifələr düşür. Yetkinlik yaşına çatmış uşaqlar sevgi dolu baxışlar tapa bilməsələr, müəllimlərindən və ailələrindən uzaqlaşacaqlar. Müəllimlər hansı mövzularda diqqətli davranmalıdırlar? “Ədəbiyyat və incəsənət” portalı verilən suala yeniyetmə psixoloqu Nəzrin Həşimzadənin cavabını təqdim edir.

 

* Müəllimlər yeniyetməlik dövrünün psixologiyası və inkişafı haqqında məlumatlara malik olmalıdırlar.

* Bu çətin prosesdə şagirdlərə qarşı anlayışlı və səbrli olmalıdırlar.

* Şagirdlər arasında müqayisə etməməlidirlər. Bilmək lazımdır ki, hər bir insanın anlamaq,düşünmək qabiliyyəti fərqlidir, hər bir şagirdə  mütləq şəkildə individual yanaşılmalıdır.

* Gənclərlə çox mübahisə etmədən problemləri aradan qaldırmağa çalışmalıdırlar.

Bəs yeniyətmələrlə ünsiyyət necə olmalıdır?

* QƏBUL EDİN: Tələbələrinizi olduğu kimi qəbul edin. Qəbul etmək onların hisslərini anlamaq və onlara hörmət etmək deməkdir. Şagirdlərinizin hisslərinə hörmət edin. Şagirdlər hörmətlə dinlənilmək və başa düşülmək istəyirlər. Onlarla göz təması ilə danışın.

* İCAZƏ VERİN: Özlərini ifadə etmələrinə icazə verin. Qəbul etmək çətin olsa da, onların sizdən çox fərqli düşüncələri və hissləri ola biləcəyini unutmayın. Çevik və anlayışlı olun. Zülmkar olmayın.

* DİQQƏT EDİN: Ünsiyyət bacarıqlarınıza fikir verin. Tənqid, mühakimə etməyin, günahlandırmayın, digər tələbələrlə müqayisə etməyin.

* DİNLƏYİN: Yaxşı dinləyici olun. Onları hər dəfə nəsihətlərlə sıxışdırmayın. Yeniyetmələr, böyüklər kimi, bəzən sadəcə etibar etdikləri birinin onları dinləməsini istəyirlər.

* SEVGİYİNİZİ GÖSTƏRİN: Tələbələrinizə sevgi və qayğı göstərin. Deməyin ki, "bu uşaq böyük dərddir, öhdəsindən gələ bilmirəm". Belə bir düşüncəylə uşaqda irəliləyiş əldə edə bilməzsiniz. Tərif edilməli olduqları zaman onları tərifləyin. Çətin vəziyyətdə alternativ yollar axdarın.

Müəllimlər bu qaydalara riayət etsələr, bir-birlərinə qarşı daha anlayışlı, sevgi dolu olarlar. Çünki bu dünyada həqiqi səadət yolunu tapmaqda yol göstərən varlıq müəllimdir.

Unutmamaq lazımdır ki, gənclər üçün bu çətin, lakin müvəqqəti bir dövrdür.

 

“Ədəbiyyat və incəsənət”

(14.03.2025)

 

 

101 -dən səhifə 2167

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.