Azərbaycan Ədəbiyyat Fondunun “Yazıçı” nəşriyyatında Xalq yazıçısı Anarın “2=3+4, yaxud iki ailədə üç Xalq yazıçısı, dörd Xalq şairi” adlı kitabı işıq üzü görüb. Nəfis tərtibatlı, illüstrasiyalı kitab Azərbaycan ədəbiyyatı irsinə böyük töhfələr vermiş iki nəsildən, onlar barədə həqiqətlərdən və onların ədəbi nümunələrindən ibarətdir.
608 səhifəlik bu unikal kitabı tərtib edən Xalq yazıçısı Anar uzun illər ərzində təkcə öz yazdıqlarını yox, qəhrəmanlarının – Səməd Vurğun, Rəsul Rza, Nigar Rəfibəyli, Vaqif Səmədoğlu, Ənvər Məmmədxanlı və Yusif Səmədoğlunun yazdıqlarını eyni ideya-estetik yaradıcılıq məcrasına qoşaraq, onları eyni axında birləşdirərək ən yeni ədəbiyyatın ən milli paradiqması olaraq təqdim edibdir.
“Ədəbiyyat və incəsənət” portalı kitabdan hissələri oxucularına təqdim edir. Anar qəhrəmanlarının ən populyar əsərlərini bir daha yaddaşlarda təzələyir:
RƏSUL RZA, “GENİŞ YOLLARA ÇIX!”
Salon dərin sükut içində idi. Onun barmaqları pianonun ağlı-qaralı dilləri üzərində sürətlə gəzirdi. Səslər qüdrətli ahənglə axır, gah çırpına-çırpına yüksəlir, gah yorğun düşmüş qartal kimi, elə bil, qanad çalmadan süzür, enir, nəfəsini dərir, yeni qatlara yüksəlmək üçün qüvvət toplayırdı. Ortaboylu, qarayanız gənc sanki hər şeyi unutmuşdu. Onun baxışları qeyri-müəyyən nöqtəyə zillənmiş, deyərdin fikri, diqqəti, qəlbinin bütün hiss, həyəcanı sarsılmaz bir iradəyə bağlanmışdı. Raxmaninovun qüdrət və ehtiras dolu akkordları, elə bil, yalnız telləri deyil, bütün pianonu, səhnəni titrədir, yaralı nəhəng bir quş kimi havada çırpınırdı... Piano çalan bu gəncin qəlbində təsəllisiz bir nigaranlıq, onu içəridən dalayan bir təşviş vardı.
Salonda onun yüzlərlə tanışı, dostu, qohum-əqrəbası oturmuşdu. Lakin ömrünün bu unudulmaz imtahanlı günündə hər kəsdən artıq arzuladığı, bu günü görməsini hər kəsdən artıq istədiyi adam – atası salonda yox idi, məşum bir xəstəliyin amansız pəncəsində, ölüm yatağında yatırdı.
Dillərin, tellərin ahəngi və xalların bu təntənəsində kim deyərdi ki, səhnədə qərib bir tənhalığa düşmüş kimi görünən bu gəncin qəlbində daha müxtəlif, daha zəngin duyğuların, cəsarət və bacarığın, hiss və həyəcanın yatağı var.
İllər keçdi. Bir zaman mənə belə təsir buraxmış bir gecənin xatirəsi duman arxasında qalıb, konturları silinib formasızlaşmış bir mənzərəyə çevrildi.
Bu yaxınlarda bir təsadüf bütün olanları ən kiçik təfərrüatı ilə yenidən xəyalımda canlandırdı.
...Konverti açdım. Səhifələr, səhifələr, səhifələr... Uzun, gödək sətirləri görəndə: “Bu da tez-tez aldığım yaxşılı-pisli şeir silsilələrindən biridir”, – deyə düşündüm.
Hər zaman belə məktublar alanda qəlbimdə ikiyönlü bir hiss oyanır. Bir tərəfdən gənclərimizin şeir kimi incə, gözəl bir sahəyə can atdıqları, həqiqi istedad sahibi olan şair ürəkli adamların yetişdiyini görüb sevinirəm. Bir tərəfdən də belə məktubların əksəriyyətində, çox təəssüf ki, böyük bir əksəriyyətində həqiqi sənət alovundan məhrum olan, yalnız həvəsə düşüb nəzm düzən cavanların səmərəsiz və gələcəksiz bir işlə məşğul olduqlarına təəssüf edirəm.
...Dəqiqələr keçir, vərəqlərdən birini qoyub, o birini götürür, təkrar oxuyuram. Mümkündürmü, ilk dəfə əlinə qələm alan bir gənc belə bitkin, müasir təfəkkür və geniş müşahidələrlə zəngin şeirlər yazsın.
Mən şeirlərini oxuduğum bu müəllifın imzasına bu vaxta qədər heç bir yerdə rast gəlməmişdim. Bəlkə o, illərdən bəri yazır, şeirləri özünü təmin etmədiyi üçün onları oxucuya təqdim etməyi lazım bilməyib, heç bir redaksiyaya göndərməyib. Əgər belədirsə, bu faktın özü təqdirəlayiqdir. Bu, gənc müəllifin yaradıcılıq işinə ciddi yanaşdığını göstərir.
Şeirlərindən biri “Dünyanın ən ağır qanteli” adlanır. Bu şeir mənə konsert gecəsini, geniş səhnədə qərib bir tənhalıqda qalmış kimi görünən, gözləri qeyri-müəyyən bir nöqtəyə zillənmiş gənci xatırlatdı. Mən bu şeirdə həmin gecənin sevinc və iztirab dolu havasını duydum. Şeirin kədərli bəstəsi, şübhəsiz ki, ifadə etdiyi hadisə ilə bağlı günlərdə yaranmış, harda isə qəlbin dərinliklərinə sığınıb qalmışdır.
Poetik, təsirli, inandırıcı sətirlərlə verilmişdir. Şeirin qüvvəti adamda bir qürur hissi oyadır, iftixarla “mən də insanam” düşünürsən.
Nazim Hikmətə yazılmış şeirin sonluğundakı ümumiləşdirmə öz-özlüyündə gözəl olduğu kimi, bütün şeirin məna ahəngində həlledici, yönəldici bir vurğu kimi səslənir. Bəlkə də o, hələ doğulmamış idi. Onun şeiri, sənəti gələcək günlərə ünvanlanmışdı. O, yazıb-yaratdığından daha artıq yaradacaqdı.
“Nəhayətsiz yol” şeirində buxarlanmış bir damlanın oyatdığı duyğular, insan ovcuna bir şeh damlası kimi düşmüş suyun həm okeanın əzəmətindən bir parça, həm də bir qızın hər gün yuyulan yeganə paltarından buxarlanan həyat qoxulu, insan ətirli bir damla olduğu nə qədər lakonik, gözəl ifadə olunmuşdur.
Əfsanəyə görə, çıraq yandırıb gündüz adam axtaran məşhur filosof Diogenin adı ilə başlanan şeir də maraqlıdır.
Şair sonda:
Çıraq olmaq istəyirəm,
Qardaşım, hey –
deyə öz dostuna müraciət edir. Çıraq! Bu günün ən böyük xarüqələrini yaradan insan adı ilə bağlı bir çıraq. Elə bir çıraq ki, qaranlıqları əridir, işıq, hərarət saçır, elə bir çıraq ki, özü yanır, ətrafdakılara yaşayıb-yaratmaq üçün geniş, işıqlı bir aləm yaradır. Hələ bu şeirdəki “Qardaşım, hey!” ifadəsi nə qədər təbii və Azərbaycan şeir ənənəsi ilə üzvi bağlıdır. Bu, bizə “Dədə Qorqud”un “Xanım, hey” ifadəsini xatırlatmırmı?
Gənc şairin göndərdiyi şeirlərin hamısı eyni qüvvədə deyil. Bu da təbiidir. Onun qələmi hələ bərkiməmişdir. Belə bir təşbeh yerli olarsa, deyərdim ki, o, üzməyi dörd yanı bağlı bir çarhovuzda öyrənmişdir: indi açıq dənizə, insan dənizinə, həyat dənizinə çıxır.
Mən onun müvəffəqiyyətinə əminəm. Çünki o, oxucuların böyük əksəriyyətində məhəbbət, qayğı görəcək. Onu anlayaraq, duyaraq, sevərək, öz nöqsanlarından və mümkün olan səhvlərdən qoruyaraq tənqid edəcəklərsə, nə qəm. Bu, ancaq onun və şeirimizin xeyrinə olar.
Uğur olsun, Vaqif. Həm adınla, həm mənsub olduğun ocaqla bağlı şair adını şərəflə daşı, usanma, yorulma. Yaz, yarat!
1963
“Ədəbiyyat və incəsənət”
(10.09.2025)