 
				
				Super User
REDAKSİYANIN POÇTUNDAN – Cavidan Hacıyevin şeiri
“Ədəbiyyat və incəsənət” portalının Redaksiyanın poçtundan rubrikasında sizlərə Cavidan Hacıyevin “Bəlkə” adlı şeiri təqdim edilir.
Həyat — qədəh hər insanın əlində,
 Saqisi var bir gün qəflətdən gələr.
 Heç bilmədən içər nə var badədə,
 Kimə zəhər, kimə şərbətdən gələr.
 
 Kimə zəhər ilac olar dərdinə,
 Kimə şərbət şəkər olub, dərd edər.
 Bəzən isə alma düşər bəxtinə:
 Kimə lənət, kimə rəhmətdən gələr.
 
 Alma görüb, axtarar son nağılda,
 Amma fikri ağacdakı ilanda.
 Bir kağızı sol əlindən alanda,
 Anlayar ki, qədər — niyyətdən gələr.
 
 Və bir də mən, bu ömrün bir çağını
 Zənn etdim ki, bildim həyat ağını.
 Bu şeir də adicə söz yığını --
 Həyat özü ulu hikmətdən gələr.
 
 Dünya — Ümman, bizlər kiçik qayıqdıq.
 Uzaqlarda Vətən qoyub, ayrıldıq.
 … «Bəlkə bu yerlərə bir də qayıtdıq»:
 Mən uzaqdan, babam — Cənnətdən gələr.
 
 “Ədəbiyyat və incəsənət”
(10.09.2025)
Kərimli Kurqanları - HÖKMDAR MƏZARLIĞI
İmran Verdiyev, Azərbaycan Respublikasının Əməkdar müəllimi, “Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi.
Zəngin təbiəti ilə hər bir azərbaycanlının və eləcə də turistlərin diqqətini çəkən Oğuz rayonu həm də tarixi abidələr diyarı kimi tanınır.
Oğuz elinin əski mədəniyyət mərkəzlərindən biri kimi tanınan bu rayonda eradan əvvələ aid olan tarixi abidələr buranın qədim yaşayış məskəni olduğunu bir daha təsdiq edir.
Belə qədim yaşayış məskənlərindən biri də turistlərin xüsusi diqqətini cəlb edən Yaqublu kəndi yaxınlığındakı Kərimli kənd bələdiyyəsinə məxsus torpaq sahəsində yerləşən qədim kurqanlardır. Məlumat üçün onu da qeyd edək ki, ,,kurqanlar çölü” və “hökmdar məzarlığı” adlandırılan bu ərazidə vaxtilə mövcud olmuş 9 kurqandan 5-i öz ilkin formasını saxlamış, 4-nün isə yerüstü hissəsi təsərrüfat işləri aparılarkən dağıdılmışdır.
Xüsusi olaraq qeyd edək ki, tarixi terminologiyada kurqan torpaq təpə deməkdir, yəni sosial bərabərsizliyin mövcud olduğu dövrdə tayfa başçılarının hakimiyyətinin qüdrətini ifadə edən sərdabə tipli qəbirdir. Kurqanlar, məqbərələr bütün dövrlərdə varlı, mənsəb sahibi olan insanlara, hökmdarlara, xaqanlara məxsus olub. O da maraqlıdır ki, tarix boyunca, kurqanlar ancaq türk xalqlarına aid olub.
Bu günə kimi ərazidə yerləşən 9 kurqandan ancaq bir neçəsində arxeoloji qazıntılar aparılıb. Arxeoloji qazıntılar Kərimli kurqanlarının eramızdan əvvəl (e.ə. 14-16-cı əsrlərə) aid olduğunu göstərir. Burada tədqiqat işləri aparmış, Elmlər Akademiyasının Tarix və Etnoqrafiya İnstitutunun əməkdaşı mərhum, Nəsib Muxtarov (Qaznıtı aparılan kurqanın bir addımlığındakı Yaqublu kəndində yaşadığıma görə tez-tez ora gedər, tapılan eksponatlara maraqla baxar, Nəsib müəllimin izahlarını acgözlüklə dinləyərdim. Onu da deyim ki, rəhmətlik burada yeraltı muzey yaratmaq istəyirdi) qeyd edirdi ki, bu kurqanlar son tunc dövrünə aiddir və onlardan ən balacasının diametri 70 metrdir. Kurqanın quruluşu Azərbaycanın orta tunc dövrünə aid torpaq kurqanlarla oxşar olsa da, səciyyəvi cəhətlərə malikdir. Bu abidələrin bir xüsusiyyəti də var ki, onların əksəriyyətinin həndəsi düzülüşü aypara şəklindədir.
Kurqandan eramızdan 1500 il bundan əvvələ aid çoxlu qədim əşyalar tapılıb. Belə bir kurqanın tapılması II minilliyin ortalarında Azərbaycanda çox güclü bir dövlətin olmasından xəbər verir. O dövrdə dövlət birləşməsi və təşəkkülü o səviyyəyə çatıb ki, hakimiyyətdə təmsil olunan sülalər üçün hətta kurqan da düzəldiblər.
Kərimli kurqanları yerli əhalinin iqtisadiyyatı, ticarəti və mənəvi dünyası haqda hərtərəfli araşdırmalara imkan verir, yaşanmış tərəqqini izah edir. Zəngin mifologiya, yüksək sənətkarlıq, siyasi və ticarət əlaqələri bu tapıntılarla təsdiq edilir.
Nəsib müəllim deyirdi ki, kurqan iki qatlıdır. Belə ki, burada ilk dədə bir hökmdar basdırılıb. Bir neçə əsr keçəndən sonra, həmin kurqanın üstündə yenə də digər bir kurqan tikərək, digər hökmdarı dəfn ediblər.
Kurqan bir neçə dəfə talanıb. Çünki qazıntılar zamanı dəmir bir nizə tapılıb. Belə ehtimal olunur ki, tunc dövrünə aid olan bir yerdə birdən- birə dəmir nizənin tapılması ondan xəbər verir ki, kurqanı bir neçə əsr sonra talayan adamlar, buranı qazarkən aləti unudub gediblər.
Burada aşkar edilmiş insan və at skeletləri, qab-qacaq və alətlər əcdadlarımızın qədim dəfn, yaşayış, inanc və digər adət-ənənələrini, məişətini aydın şəkildə əks etdirir. Dəfn kamerasında (11 m. x 4 m. x3 m.) aşkar edilən dəfn adəti xüsusi maraq doğurmuşdur. Dəfn adəti səciyyəvi cəhətlərə malikdir, xüsusi diqqət çəkir. Adətən belə kurqanlar dövrün mənsəb sahiblərinə aid olurdu və onların uyuduqları yerdə sağlıqlarında işlətdikləri əmək alətləri, məişət alətləri, qab-qacaqları, bəzək düzəkləri ilə yanaşı, o biri dünyada yeyib –içəcəkləri azuqələri, nemətləri , onların sevdikləri atları və itlərini də də özləri ilə birlikdə dəfn edirdilər. Həmin qabların, alətlərin üzərindəki işləmələr isə təkcə naxış deyil, onlar həm də danışan petroqlif yazılarıdır, rəmzləridir. Bunların hər biri İslamaqədərki abidələrdir.
Beş metr dərinlikdəki kameradakı qu quşu, göyərçin, bülbül, qaz, ördək, ilan fiqurları öz orijinallığı ilə fərqlənir. Nəsib müəllimin köməkçisi İ.Bədəlova söyləyirdi ki, ola bilsin belə ilan və quş fiqurları totemlər olub, həmin dövrün insanlarınıninançlarını, tamğalarını, mənsubiyyətini və hakimiyyətlərin simgələrini göstərir. Bir də ki, bizim arealın insanları hər zaman ilana hörmətlə yanaşıblar. Qədimdə hər evin bir ilanı olardı. O ilanlar insanların həyətinə gələndə ev yiyəsi onun üçün bir qabda su və ya süd qoyardı. Əgər bir ilan evi tərk edərdisə, deyərdilər ki, həmin evin bərəkəti getdi. Bir də ki, bu ilan fiqurları qədim türk torpaqlarında Mar tayfalarının yaşamasına da bir işarə ola bilər.
Həmin ərazidən, gildən eramızdan əvvəlki minilliklərə aid 100-ə qədər qab, mis, tunc, sümükdən hazırlanmış ox ucları, tunc və misdən hazırlanmış əşyalar, anqob naxışlı qablar, metal məmulatı da aşkarlanıb.
Diqqəti cəlb edən ən maraqlı eksponatlardam biriisə, bu gün dünyada ən çox geyilən və istifadə olunan “adidas” ayaq geyiminin üzərindəki naxışa bənzər işləmələri olan saxsıdan düzəldilmiş ayaqqabı fiquru oldu. Düzdür, dünyanın bir çox yerlərində müxtəlif tarixi dövrlərə aid ayaqqabı modelləri tapılıb. Kurqanlarda tapılan ayaqqabılar daha çox dini əhəmiyyət daşıyırdılar. Bu kurqanda tapılan ayaqqabı modelinin yaşı isə 3500 ildir. Bəlkə də yarandığı dövrdə başqa bir funksiyası da olub. Ya da ki, ancaq dini ritual mərasimlərdə işlədilib. Ancaq belə bir ayaqqabı modelinin tapılması ondan xəbər verir ki, həmin dövrün adamları da nəfis işlənmiş, yüksək sənətkarlıqla hazırlanmış ayaq geyimlərindən istifadə ediblər. İslama qədərki insanlarımız oda və Tanrıya sitayiş ediblər. Bəlkə də adidas ayaqqabısına bənzəyən bu fiqur müqəddəs odu saxlamaq məqsədi ilə çıraq kimi istifadə edilib.
Burdan həmçinin lap alt qatdakı olan kurqanda 59 qramlıq, 99 əyyarlı qızıldan hazırlanmış öküz başı eksponatı tapılmışdır. Qızıldan öküz başı olan yerdə həm də qızıl qolbağın bir hissəsi, qızıl üzük və sırğalar da tapılıb. Bu tapıntıların hər biri öz dövrləri haqqında xalqımıza yazılan məktublardır. Öküz başı fiqurları vaxtı ilə Şumerdən, Misirdən də tapılıb. Bu dünyada tapılan 5 və ya 6-cı öküz başı fiqurudur. Lakin Kərimli kurqanından tapılan öküz başı fiquruŞumer və Misirdən tapılan öküz başlarından fərqlənir. Həm də bu öküz başı özlüyündə çox orijinaldır. Bu tapıntı tədqiqatçılara böyük və qədim bir tarixin açarını vermişdir.
Kurqandan yüzdən çox muncuq aşkar edilmişdir. Bu cür zinət əşyalarına, metal və qeyri-metal muncuqlara, sinə bəzəklərinə Azərbaycandan kənarda - Anadolu, Mesopotamiya, Şimali Qafqaz, Çin, Hindistan, Əfqanıstan, İran ərzilərindəki abidələrdə də rast gəlinib. Bu muncuqlar bizi aparıb Şumer muncuqları, Misir muncuqları ilə bağlayır.
Burada tapılan əşyalar onu deməyə əsas verir ki, həmin dövrün də öz texnologiyasına və sivilizasiyasına görə bir tərəfdən Sarı dəniz, bir tərəfdən Atlantik okeanı bir-biri ilə həmişə təmasda olub. Azərbaycanın bu ərazisi Şimaldan Cənuba, Cənubdan Şimala körpü rolunu oynayıb. Gəlib gedən sivilizasiyaları həm qəbul edib mənimsəmişik, həm də ötürmüşük. Kərimli kurqanlar və buradan tapılanların hamısı onu deməyə əsas verir ki, biz yaranan bütün sivilizasiyalarda iştirak etmişik. Əcadadlarımızın yaradıcı olması da bu maddi mədəniyyət abidələrinin yaranıb- yaşamasına səbəb olub.
Təəssüf ki, digər kurqanların tədqiqi məlum olmayan səbəblərlə dayandırılmışdır. Halbuki burda qazıntıların davam etdirilməsi tək Azərbaycanın deyil, həm də regionun tarixinin öyrənilməsi üçün əlavə maraqlı, nadir arxeoloji materiallar üzə çıxarar, yerli əhalinin iqtisadiyyatı, ticarəti və mənəvi dünyası haqda hərtərəfli araşdırmalara təkan verər,yaxın kurqanların tunellərlə birləşdirilməsi ilə yaradılan yeraltı muzey isə unikal bir məkan olmaqla turizmin inkişafına güçlü təsir edərdi.
Deyəsən, Kərimli kurqanları barədə söhbəti çox uzatdıq. Ta Sizləri yormayaq. Ən yaxşısı gəlib öz gözlərinizlə görün!
“Ədəbiyyat və incəsənət”
(10.09.2025)
Güney Azərbaycan Ədəbiyyatı Antologiyasında Vida Heşmətinin şeiri
“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Poeziyası Antologiyası layihəsində Təbriz təmsilçimiz Əli Çağlanın növbəti təqdim etdiyi şair Parsabadda yaşayan Vida Heşmətidir.
Vida Heşməti
Təbriz
TANRI BOYALI SAÇLARIM
Saçlarım...
Doğu yellərin qançıllığı
Buludların manifesti
Batı qızlarının yağış lirikası
Gözüyaşlıdı tellərim.
Saçlarımda yellər ulayır kəndımi
Və hörükləyir çaylaqları
Su tökür qadınlar əlimə.
Bu mənəm “Vida”
Bu mənəm...
Bu mənəm türkün şeir qızı!
Saçlarım...
Günəş kölgəli saçlarım.
Mürgü döyür
Röyasında məni Təbriz
İndi şənbədi birçəklərim
Və bir sərçə yuva qurur
Mənim
Tanrı boyalı saçlarımda...
“Ədəbiyyat və incəsənət”
(10.09.2025)
Ata və oğulun qısa, maraqlı tarixçəsi -PORTERET CİZGİLƏRİ
Ağalar İdrisoğlu,
jurnalist, yazıçı, rejissor, Əməkdarincəsənətxadimi. “Ədəbiyyatvə incəsənət” üçün
Yaxşı yadımdadırki, düz 60 ilbundanqabaqMasallı şəhərNərimanNərimanovadına 2 nömrəliortaməktəbindoqquzuncusinifinə getdim. Buməktəbbirneçə il idiki, inşaolunmuşduvə Masallınınuniversitetiadlanırdı. Rayonunmərkəzində də yeganə ortaməktəbidi. Onagörə də rayonundeməkolarki, əksərkəndlərində səkkizincisinifibitirənlərortatəhsilalmaq üçünbuməktəbə gəlirdilər. Uzaqkəndlərdəngələnlər üçünayrıcayataqxana( internat) daayırmışdılarvə onlaroradaqalırdılar. Masallınınənsavadlı müəllimləridə məhzbuməktəbdə dərsdeyirdilər.
Həmin il rayonun kəndlərindən 9-cu sinifdə oxumağa 175 nəfər orta təhsil almaq, gələcək arzularını reallaşdırmaq üçün yeniyetmələr, gənclər gəlmişdi. Ona görə də beş doqquzuncu sinif yaratmışdılar. Bax, həmin ilin sentyabr ayın 1-də biz onunla tanış olduq. Məmmədəli Abasqulu oğlu Əlinağıyevlə. Məmmədəli ilə mən bir sinifdə- 9-c-də oxumağa başladıq. Bu məktəbdə oxumaq doğrudan da çox maraqlı idi. Yuxarıda dediyim kimi həmin vaxtı Masallıda təkcə müəllim yox, alim səviyyəsində biliyi olan müəllimlər- İsa müəllim, Arif müəllim, Rza müəllim, Mirnuf müəllim, Əlihüseyn müəllim, Nurulla müəllim, Seyidağa müəllim, Natiq müəllim, Adəm müəllim və onlarca başqa pedaqoqlar məhz bu təhsil ocağında dərs deyirdilər. Məktəbin direktoru isə Şəfiqə xanım Abdullayeva idi. İxtisası riyaziyyat olsa da, başqa fənləri də çox yaxşı, mükəmməl bilirdi. Şəfiqə müəlliməni mən hələ Digah kənd səkkiz illik məktəbində oxuyan vaxtdan tanıyırdım. Ali məktəbi bitirəndən sonra təyinatla bu məktəbə göndərilmişdi. Bizim həm sinif rəhbərimiz və həm də riyaziyyat müəllimimiz idi. Məhz onun sayəsində mən riyaziyyatı çox yaxşı oxuyurdum. Artıq biz altıncı sinifdə oxuyanda onu Masallı Nəriman Nərimanov adına orta məktəbə riyaziyyat müəllimi, direktor müavini aparmışdılar və bir il sonra isə bu məktəbin direktoru olmuşdu.
Biz artıq Masallı məktəbində oxuyanda həmin vaxtı hər bir sinif divar qəzeti buraxırdı. Bütün siniflər bir-biri ilə yarışa girmişdilər ki, “görək kim yaxşı divar qəzeti buraxır”. Həm də yaxşı divar qəzetləri məktəb rəhbərliyi tərəfindən mükafatlandırılırdı. Bizim sinif “Bahar” adlı divar qəzeti buraxırdı. Daha doğrusu bu qəzeti Məmmədəli ilə mən buraxırdıq. Məmmədəli yaxşı şəkillər çəkirdi və mən də yazılar, dörd sətirlik şeirlər yazırdım. Eləcə də başqa tanınmış şairlərin məktəblə, tərbiyə ilə, müəllimlə, Vətənlə bağlı şeirləini, maraqlı fikirlərini seçib divar qəzetində yazırdıq. Bizim qəzet daha çox satirik olduğuna görə, bu divar qəzetinə məktəbdə maraq başqa divar qəzetlərinə nisbətən çox idi. Tərif üçün demirəm. O vaxtı məktəbdə ən yaxşı və maraqlı qəzet sayılırdı Məmmədəli ilə mənim buraxdığım “Bahar” qəzeti. Hətta orada yazılan satirik yazılara, karikaturalara görə orta məktəb yoldaşlarımız bizdən inciyirdilər. Bəzən isə dalaşırdılar. Həmin vaxtı Məmmədəli və mən hər ikimiz idmanla məşğul olduğumuza görə özümüzü qorumağı bacarırdıq...
Dediyim kimi bizim divar qəzeti çox maraqlı olduğuna görə məktəbin direktoru Şəfiqə müəllimənin göstərişilə biz həm də məktəbin ümumi divar qəzetini də buraxmağa başladıq. O vaqxt başqa siniflərdə oxuyan və sonralar jurnalist təhsli alanlar, Əməkdar jurnalist, rəhmətlik Vasif Səmədov, rəhmətlik Asəf Ağayev, bu gün də çox maraqlı və peşəkar həkim olan Loğman Əliyev və sonralar pedaqoji təhsil alan, çoxlu şeirlər kitabının müəllifi Gülbuta xanım Abıyeva da bizimlə birlikdə həmin qəzeti buraxmağa başladılar. Bu divar qəzeti də çox oxunaqlı oldu. Həmin vaxtı mənim məktəbdə yaratdığım dram dərnəyi də çox məşhur idi. Orada da çoxlu satirik səhnəciklər hazırlayırdıq. Bu dərnəyin isə ən fəal üzvlərindən biri elə Məmmədəli idi. Çünki onun çox gur səsi vardı və yüksək aktyorsayağı şeirlər deyirdi və bu şeirlər həmişə də maraqla qarşılanırdı.
... Beləliklə, həyatımızın daşlı-kəsəkli, acılı, ağrılı, sevincli altmış ilini arxada qoyduq. Artıq hər ikimiz 75 yaşına gəlib çatdıq... İndi isə əziz oxucular sizi Məmmədəli Abbasqulu oğlu Əlinağıyevlə və onun həyatında çox böyük rol oynayan, birinci müəllimi olan atası Abbasqulu kişinin həyatı ilə daha yaxından tanış etmək istəyirəm. İnanıram ki, bu gün Masallının ən böyük ziyalılarından, yüksək təşkilatçı rəhbərlərindən biri olan Məmmədəli müəllimin həyat tarixçəsi sizin üçün maraqlı olacaq. Belə bir maraqlı deyim var: “Dünyaya gəlmək asandı, amma şəxsiyyət kimi formalaşmaq çox çətindir. Buna görə insanda ilk öncə savad və zəhmətsevərlik lazımdır. Bu da, həyatda çox az insana nəsib olur”. Bax, Məmmədəli Əlinağıyev də ömürürn bu 75 ilində çox maraqlı şəxsiyyət kimi formalaşdı. Əlbəttə, insanın həyatda formalaşmasında ailənin də böyük köməyi olur. Yəni o valideynlər ki, övladlarının yaxşı gələcəyi üçün onlara daha çox diqqət yetirirsə, onların yaxşı savad almasına var-qüvvələrilə çalışırlarsa, həmin uşaqlar doğurdan da təkcə valideynləri üçün yox, həm də xalq üçün böyük şəxsiyyətlər kimi yetişir və ölkəsinə, dövlətinə layiqincə xidmət edirlər.
Əfsus ki, biz müstəqillik qazandığımız vaxtlardan bu meyar unuduldu və valideynlər, müəllimlər uşaqları “Allahın ümidinə” qoydular. Məktəblərdə dərslər yaxşı keçirilmədi. Bununla da savasızlıq baş alıb getdi. İndi baxmayaraq ki, övladlarımızın çoxu ali təhsil alıblar, amma heç əsl orta məktəb səviyyəsində biliyə malik deyillər. Bir millətidə məhv etmək üçün onun təhsilini və səhiyyəsini əlindən almaq kifayətdir.
Mən belə fikirləşirəm ki, Məmmədəli Əlinağıyevin savadlı, yaxşı mütəxəssis və böyük təşkilatçı insan kimi yetişməsində onun atası Abbasqulu kişinin çox böyük köməyi olduğuna görə də ona ilk sualı atası haqqında verdim.
-Məmmədəli müəllim ilk öncə Masallının inkişafı üçün böyük işlər görən atanız Abbasqulu kişi haqqında ətraflı məlumat verin. Qoy təkcə Masallı camaatı yox, məmləkətimizdə bu yazını oxuyan insanlar görsünlər ki, həyatlarını Azərbaycanın quruculuğu yolunda şam kimi əridən belə maraqlı kişilər olub.
-Açığı mən bu haqda danışmağı çox da xoşlamıram. Həmişə deyirəm ki, hər bir insan həyatda özü-özünə yol açmalı, öz taleyini özü həll etməlidir. Məşhur Hind ictimai xadimi, baş naziri Cəvahirləl Nehru deyib ki, “ Adamların məharəti onların təfəkkürünün doğru əks etdirilməsindədir. Ona görə də hər bir insan əgər fənəri arxasınca gəzdirərsə öz yoluna kölgə salar”. Bəli. O insan həyatda uğur qazanır ki, ilk öncə əlində tutduğu fanarla öz yoluna işıq salır. Əlbəttə, bu yolda sözsüz ki, valideynlərin, müəllimlərin də əməyi çox böyükdür. Çünki bu fanarı onların əllərinə verən, bu fanardan necə istifadə etməyi öyrədənlər də valideynlər və müəllimlər olur. Bu gün siz mənim 75 illik həyatımı vərəqlədiyiniz bir vaxtda əlbəttə, atam haqda deməsəm yəqin ki, yaxşı olmaz. Həm də bunu demək lazımdır ki, yazılı ədəbiyyatda qalsın.
Atam, Abbasqulu Əlinağı oğlu Mirzəyev 1899-cu ildə Masallı rayonunun Zuvandlı (indiki Köhnə Zuvand) kəndində anadan olmuşdur. Kənddə məktəb olmadığı üçün o vaxtın tanınmış din xadimi Molla Hüseyndən dini təhsil alaraq ərəb əlifbasını, latın və kiril əlifbalarını öyrənib. Bundan başqa atam çox avazla yaxşı quran oxuyurdu.
O, 1937-ci ildə Zuvandlı kəndində kolxoz sədri seçilib. Kolxozun ilk illərində orada çalışanlar heyvandarlıq və əkinçiliklə məşğul olurdular. Torpaqlar öküzlərlə xış vasitəsi ilə şumlanırdı. Ona gödə də bir neçə cüt öküzlər yetişdirilirdi. Əkinçilikdə əsasən buğda, arpa, kartof və soğan əkirdilər. Çünki bizim yaşadığımız Zuvandlı sahəsi kiçik dağlıq olduğuna görə torpaqlar münbit olduğu üçün orada bu bitkilər daha məhsuldar olurdu. O vaxtı anbarlar tikilir. İstehsal olunan məhsullar işçilərə işlədikləri əmək gününə uyğun olaraq verilirdi. Məhsullardan növbəti il üçün toxumlüq ayrılaraq ambarlara yığılır və müəyyən qədər ehtiyat fondu ayrılırdı. Həmin vaxtdan başlayaraq, 1950-ci ilə qədər kolxozda fermalar tikilərək heyvandarlıq briqadaları yaradıldı. Yəni burada mal-qara saxlamağa da yaxşı şərait vardı. Yaşıl otlar, meşələr maldarlıq üçün də çox əlverişli idi. Ana mallara, cavan mallara, işçi öküzllərə və qoyun sürülərinə briqadirlər və işçilər təyin edilirdi. Onlar da böyük cavabdehliklə öz işlərini görürdülər. İndi torpaqlar paybəlli kimi adamlara verilib və həmin torpaqda bu gün də buğda, arpa, kartof, soğan, çiyələk və tərəvəz bitkiləri əkirlər. Əldə olunan məhsulları ailə ehtiyacı üçün və artıq qalan məhsulu bazarda satırlar. Yəni sevindirici haldır ki, indiki kəndçilər də ata-babalarının yolunu davam etdirirlər.
Həmin vaxtı kəndin qarşısından axan çayın kənarında un üyüdülmək üçün dəyirman tikilmişdi. Əhali öz ehtiyacına uyğn dəyirmanda un üyüdürdülər. Təsəvvür edirsinizmi? Müharibədən sonrakı aclıq illərində kənndə heç kim əziyyət çəkmirdi. Hətta qonşu kəndlərin camaatına da köməklik edirdilər ki, onlar acından ölməsinlər. Təvazökarlıqdan uzaq olsa da deyim ki, bu müqəddəs işdə atamın çox böyük köməyi olurdu. Bir ağsaqqal kimi hamı da onu eşidirdi və evində qalan artıq məhsulları həmin kəndlərin camaatına pulsuz verirdilər. Kənd camaatının güzəranı yaxşı olduğuna görə adamlar yeni evlər tikdilər və köhnə evlərinin üstündəki qamışları, ot-ələfi kənara atdılar. Çünki həmin vaxtı əhalinin ehtiyacını yaxşılaşdırmaq üçün kənddə kirəmid sexi də tikildi. Beləliklə, evlərin üstü dəyişilərək, kirəmidlə örtüldü. Bundan sonra evlər daha abad və yaraşıqlı görünürdü.
1948- ci ildə Zuvandlı kəndində kənar kəndlərdən bacarıqlı ustalar cəlb edərək məktəb binası tikildi. Məktəbə kənardan müəllimlər də cəlb edildi. İlkin olaraq 7 illik təhsil məktəbi oldu. Hətta məktəbdə internat yaradılaraq qonşu Yolağac kəndindən və Yardımlının Ləzir kəndində uşaqlar cəlb edilərək internarda qalıb təhsil alırdılar. Dağ kəndi olmasına baxmayaraq bu məktəbdə dərs deyən müəllimlər rayon səviyyəsində yaxşı məktəblərdən hesab olunurdular. Sonradan bu məktəbin yetişdirmələri ali məktəblərdə təhsil aldılar. Onların içindən çoxlu alimlər və tanınmış insanlar yetişdi. 1950- ci ildən sonra məktəbin yetişdirməsi əmim Fərman Əlinağı oğlu Mirzəyev üzun müddət bu məktəbin direktoru oldu və “Əməkdar müəllim” adı aldı. Fərman müəllimin iki oğlu Cəbrayıl, Arif və bir nəvəsi Babək elmər doktoru səviyyəsinə yüksəliblər. Bu kənddə çoxlu ali təhsilli və müxtəlif peşə sahibləri olan insanlar yetişib.
O vaxtlar dövlət tərəfindən verilən göstərişə əsasən kiçik kolxozların birləşməsinə göstəriş verildi. Ona görə də 1950-ci ildə Güllütəpə, Tatyanoba, Yolağac və Zuvandlı kəndləri birləşdirildi. Kolxoz sədrliyinə hər kənddən bir neçə nəfər namizəd irəli sürüldü. Rayondan gələn rəhbərlər namizədlərə bir qəzet veriblər ki, bunu kim üzündən oxuya bilər? Qəzeti yalnız atam Abasqulu kişi çox səlif formada oxuyub. Sonra da oxuduqlarını səlis formada da danışıb. Məhz buna görə də onu seçicilərin səsvrməsinə buraxıblar. O, səs çoxluğu ilə birləşmiş kolxolardan yaranmış Andreyev adına kolxozun sədri seçilib. Güllütəpə kəndi də ortada olduğuna görə mərkəz olub. Yeni yaradılmış kolxoza kəndlilərdən könüllü olaraq inəklər, camışlar, qoyunlar, kəllər və atlar yığılıb. Yeni fermaların tikintisinə başlanılıb. Hər kənndə fermalar tikilməyə başlayıblar. Hər kəndə ferma müdirləri təyin ediblər. 1954 cü ildə Güllütəpə kəndində yerli materialdan qırmızı kərpic kürələri tikilmişdi. Ona görə də bu materialdan 40 metr üzunluğunda idarə binası tikilərək və qısa müddətdə təmir edilərək istifadəyə vrilib. Burada rəhbər otağı, mühasiblərin otaqları, digər mütəxəssislər otağı, kitabxana, klub vardı. Həmin kluba tez-tez rayon mərkəzindən və başqa yerlərdən musqiçilər, müğənnilər və aktyorlar gəlirdi. Hətta Bakıdan Milli Akademik Dram Teatrı kollektivi 1958- ci ildə kəndimizə gəlib, həmin klubda Cəfər Cabbarlının “Solğun çiçəklər” tamaşasını göstərmişdirlər. O vaxtı belə kollektivlər gələndə bu kəndlərdə əsl bayram olurdu. O vaxtlar torpaqlar şumlanırdı və əsasən tütün, buğda , arpa, noxud, mərci, çəltik bitkiləri əkilirdi. I956-ildən Zuvandlı kəndindən Güllütəpəyə qədər, Güllütəpədən rayon mərkəzinə getmək üçün Köhnə Alvadı kəndinə qədər yol çəkildi. Onu da qeyd edim ki, Zuvandlıdan Yolağacı kəndinə qədər yolu əl ilə çəkmişdilər. Bu da çox çətin iş idi. O vaxtı fermalar genişləndirildi, kənddə qonaq evi, uşaq baxcası və hamam tikildi. Bütün kənlər üzrə kənd arası yollar əsaslı təmir edilməyə başlanıldı. Texnika olmadığından bütün işlər əl ilə və kəl arabaları ilə icra olunurdu.
Əkinçilikdən yüsək məhsul əldə edildiyindən və maldarlıqda işlər yaxşı olduğundan əhalinin vəziyyəti çox yaxşı idi. İşçilərə əmək haqqı kimi verilən məhsulardan tələbatdan artıq qalanını onlar Masallı bazarında satıb pul əldə edirdilər. Ona görə də Masallı bazarına qonşu rayonlardan da çoxlu adamlar gəlib alver edirdilər. Çünki o vaxtı bu bazarda hər şey çox ucuz idi. Desəm ki, həmin vaxtı insanlar kommunizimdə yaşayırdılar, buna inanın...
1961-ci ildə göstərişə əsasən Güllütəpə kolxozu qonşu Yeyənkənd kolxozuna birləşdirildi. Atamın ali təhsili olmadığı üçün birləşmiş kolxoza rayon maarif şöbəsinin müdiri işləmiş Ağababa Adgözəlov kolxoz sədri təyin oldu. Atam isə müavin oldu. Bu birləşmə effet vermədiyi üçün 1964-cü il oktyabar ayında kolxozlar ləğv edilərək, Güllütəpədə Səməd Vurğun adına sovxoz yaradıldı. O vaxtı atamın 65 yaşı vardı. Ona görə də pesiyaya çıxdı. Baxmayaraq ki, o, vəzifədən çıxmışdı, amma yadımdadır ki, həmin bölgənin ağsaqqalı sayılırdı və bütün xeyirdə, şərdə başda olurdu. Atam Abbasqulu kişi baxmaraq ki, 1985-ci ildə haqq dünyasına qovuşdu, amma bu gün də o bölgədə onun adı həmişə yüksək səviyyədə çəkilir. Hamı ona rəhmət deyir. Sizə bir fikiri səmimi etiraf eləyim. Son vaxtlar atamı tez-tez yadıma salıram. Və həmişə də beynimdən bu sözlər keçir: “Belə deyirlər ki, göydəki ulduzlar haqq dünyalarına qovuşan insanlardır. Sən mənim göydəki ən parlaq ulduzumsan ata. Ömrüm boyu sənin qoyduğun yolu getmişəm və həmişə də sənin kimi böyük ürəkli olmağa, hamıya kömək etməyə çalışmışam. Bilmirəm bacarmışam ya yox, amma ən əsası odur ki, səni həmişə çox sevmişəm. Sevirəm...”. ( Məmmədəli kövrəldi. Bir qədər susdu və sonra bu sözləri dedi.) Bax, mən belə bir insandan tərbiyə aldığıma görə həyatım boyu həmişə çalışmışam ki, onun adını uca edəm. Ata, övladların söykəndiyi ən uca dağdır.
-Üzünüzə demək olmasın. Bu gün də Masalılıda sizin atanız haqqında hamı xoş sözlər danışır. Elə Masallıdan Zuvandlıya qədər olan iyirmi kilometrdən çox yolun məhz sizin atanız Abbasqulu kişi tərəfindən çəkilməsini Masallıda kim unuda bilər? Məmmədəli müəllim istəyirəm ki, öz həytınızın da qısa tarixçəsini elə özünüzdən eşidək.
-13 sentyabr 1950-ci ildə Masallı rayonu Güllütəpə kəndində anadan olmuşam. Güllütəpə kənd 8-illik məktəbini bitirib, Masallı şəhər Nəriman Nərimanov adına 2 nömrəli tam orta məktəbdə təhsilimi davam etdirmişəm. Burada oxumaq çox maraqlı idi. Yadınızdadırsa həmin il rayonun kəndlərindən 9-cu sinfdə oxumağa 175 nəfər uşaq gəlmişdi. Beş 9-cü sinif vardı. Məktəb üzrə hər sinifin divar qəzeti olurdu. Bizim sinfin “Bahar” adlı divar qəzetini bu gün respublikanın tanınmış jurnalisti, yazıçısı, rejissoru, Əməkdar incəsənət xadimi siz Ağalar İdrisoğlu ilə mən ikimiz buraxırdıq. Məktəbdə təhsilə çox ciddi nəzarət vardı. Ona görə də hamı yaxşı oxumağa çalışırdı. Məktəbin direktoru Şəfiqə müəllimə Abdullayeva çox tələbkar idi. Yaxşı müəllimlərimiz də çox idi. Unudulmaz müəllimlərimiz İsa, Arif, Rza, Mirnuf, Əlihüseyn, Nurulla və Adəm müəllimləri heç vaxt unutmuram. Bizim yolumuz uzaq olduğu üçün məktəbin internatında ( yataqxanada) qalırdıq. Burada ərzaqla əlaqədar çox çətinliklərimiz olurdu. Buna baxmayaraq yaxşı oxuyurduq.
1967 - ci ildə həmin məktəbin 10 - cu sinifini bitirdim. Sənədlərimi Xalq Təsərrüfatı İnstitutuna verdim və “Uçot iqtisadiyyat” - fakultəsinə qəbul oldum. Onu da qeyd edim ki, həmin vaxtı Masallı Nəriman Nərimanov adına 2 nömrəli orta məktəbi bitirən şagirdlərin 90 faizi ali və orta ixtisas məktəblərinə qəbul oldular. Tələbəçilik illərində İnstitutun içtimai işlərində aktiv iştirak etmişəm. Fakültənin “İqtisadçı” divar qəzetinin redaktoru olmuşam. Eyni zamanda institut üzrə yeganə “CANCAQ” satirik divar qəzetini mənim iştirakımla çıxarırdıq. İki il İnstitutun 2 nömrəli tələbə yataqxanasının tələbə şurasının sədri olmuşam. O vaxtı Bakıda tələbə yataqxanaları arasında keçirilən yoxlamaların nəticələrinə görə mənə qızıl saat mükafatı verildi. Aktiv tələbə olduğum üçün məni hər yay tətilində İnstitutun Quba rayonu Nügədi kəndindəki İdman düşərgəsinə bir aylıq istirahətə göndərirdilər. Orada olduğum illər də əbədilik yaddaşımdadır…
Mənim bu gün ali məktəbdə təhsil alan cavanlara ağsaqqal kimi belə bir məsləhətim var. Bu məsləhəti həmişə uşaqlarıma da ali təhsil alanda dönə-dönə demişəm: “ Həyatda çalışın ki, başqalarının ssenarilərilə, məsləhətləri ilə yaşamayın. Həyatınızın ssenarisini özünüz yazın. Onda həyat və yaşamaq, məqsədlərə çatmaq daha gözəl, daha asan olur”.
-İlk əmək fəaliyyətiniz hansı təsərrüfatda başlayıb? Orada gördüyünüz maraqlı işlər haqqında oxuculara məlumat verə bilərsinizmi?
- Əlbəttə, Mən 1972 ci ildə İnstitutu bitirib “İqtisadçı” ixtisasına yiyələndim. Məni təyinatla Astara rayonu Meşə Təsərrüfatı İdarəsinə baş mühasib vəzifəsinə göndərdilər. Qısa müddətdə yeni işimə öyrəşdim. Hətta az bir vaxtda idarənin III-rübünün hesabatını hazılayıb Meşə Təsərrüfat Nazirliyinə təqdim etdim. 1972 - ci ilin noyabr ayında mənə Astara rayon Hərbi Komissarlığından “povestka” gəldi. Noyabrın 7 də hərbi xidmətə getdim. Qazaxıstanın Taldı Kurqan vilayətində olduq. Hərbi xidmətim çox maraqlı keçdi. Yazı-pozu işlərini, şəkil çəkməyi yaxşı bildiyim üçün məndən yalnız belə işlərdə istifadə edirdilər. Günüm “Lenkomnata” adlanan otaqda keçirdi. 1973- cü ilin 7 noyabrda məni hərbi xidmətdən tərxis etdilər. 1974-cü ilin aprel ayında məni Masallı rayonu Yeyənkənd kəndindəki “Odessa” sovxozuna baş iqtisadçı vəzifəsinə işə götürdülər. Odessa sovxozu rayonda ən kiçik sovxolardan biri idi. Ona görə də çətiliyim olmurdu. Sovxozda 4 tərəvəzçilik, 1 yemçilik və 1 heyvandarlıq briqadası vardı. Həmişə düşünürdüm necə etmək olar ki, işçilər daha yüksək əmək haqqı alsınlar. Briqada mühasiblərindən biri mənə dedi ki, briqadalarda 18- 20 adam işləyir 30 adama əmək haqqı yazırlar. İşləməyənlərə əmək haqqı yazmağı dayandıraq. 3-4 həftə briqadalarda işə davamiyyəti yoxlayıb artıq adamları müəyyən edib 80 faizini işdən azad etdirdik. Qalan 20 faiz briqadalarda əlavə xərcləri ödəmək üçün saxlanıldı. 1976-cı ilin əvvəlində rayonda ilin yekunlarına görə kənd təsərrüfat müşavirəsi keçirilirdi. İllik hesabatı məruzə edən raykomun birinci katibi Ələddin Həsənov idi. O hesabatda belə bir ifadə işlətdi: “ Hesabat ilində “Odessa” sovxozunda bir fəhləyə düşən əmək haqqı digər sovxozdakılardan çox yüksəkdir. Bu necə olur. Sovxozun iqtisadçısını qəbuluma dəvət edin”. İki gündən sonra birinci katib məni qəbul etdi. Mən hər şeyi ona izah etdim. O, məndən razılıq edərək belə sual verdi: “Digər sovxozlarda fəhlələrin əmək haqılarını necə qaldırmaq olar?” Həmin vaxtı sovxoz fəhlələrinə əmək haqqı işəmuzd qaydada normativ əsasında hesablanıb verilirdi. Mən dedim ki, “rayon ərazisində tətbiq olunan normativləri yerli şəraitə uyğun yenidən hazırlayıb tətbiq etmək olar. Bunun üçün Kənd Təsərrüfat Nazirliyinin əmək haqqı şöbəsinin mütəxəssislərinin cəlb edilməsi lazımdır”. Həmin vaxtı Ələddin Həsənov Nazirlyə zəng edərək lazım olan mütəxəssisləri rayona gətizdirdi. Rayonun sovxozlarında xronometraj yolu ilə bir neçə normativlərdə dəyişiklik edildi. Bu da nəticə etibarı ilə fəhlələrin əmək haqqılarının orta hesabla 25 faiz artımına səbəb oldu.
Bundan sonra rayon rəhbəri məni partiyaya keçirtdi. Sonra isə məni Rayon Kənd Təsərrüfatı idarəsinə işə götürdülər. 1996-cı ilə qədər bu idarədə şöbə müdiri, şöbə rəsi, rəisin müavini və idarə rəisi vəzifələrində işlədim. Bu illərdə də rayonun kolxoz və sovxozlarında çalışan işçilərin maddi rifah halının, əmək haqqının artırılması üçün mütərəqqi metodların tətbiqinə çalışmışam.
1992-ci ildə məni Respublika Kənd Təsərrufat Nazirliyində yaradlmış iqtisadi komissiyaya üzv qəbul etdilər. Respublika üzrə 12 nəfər komissiya üzvü idik. İşimiz müstəqil Azərbaycan Dövlətinin kənd təsərrüfatına aid olan qanunların hazırlanaraq, təsdiq olunmaq üçün Milli Məclisin iqtisadi komissiyasına təqdim etmək idi. Biz komissiya üzvləri məhz bu qanunların hazırlanmasında iştirak etmişik: “Aqrar islahat haqqında AR Qanunu”, “Sovxoz və Kolxozların islahatı Haqqında AR Qanunu”, “Torpaq icarəsi haqqında AR Qanunu” və “Sovxoz və kolxoz əmlakının əmlak payçıları arasında bölüşdürülməsi” qaydaları.
Mən 1996-cı ilin oktyabr ayında Masallı Rayon İcra Hakimiyyətində Aqrar şöbədə işə qəbul olundum. Həmin dövrdə sovxozlar, kolxozlar ləğv edilərək “Yerli Aqrar İslahat Komissiyaları” yaradılmışd. Torpaqlar fermer təsərrüfatları yaratmaq yolu ilə əhali qruplarına verilirdi. Mən burada bir səmimi fikir deyim. Həmin vaxtı torpaqlar verilərkən səhvlərə yol verilirdi. Verilən torpaqların keyfiyyət qrupu və torpaq norması nəzərə alınmırdı. Torpaq norması müəyyənləşdirilməmişdi. O vaxtı buraxılan səhvlər bəzi yerlərdə indi də problem və narazılıqlar yaradır.
Kənd Təsərrüfat Nazirliyinin İqtisadi komissiyasında öyrəndiklərim bu vaxt çox karıma gəldi. Sovxoz və Kolxozlarda əmlakların qiymətləndirilərək payçılara verilməsi üçün lazım olan bütün işləri Masallı rayon İcra Hakimiyyətinin İqtisadiyyat şöbəsi ilə (şöbə müdiri İsa Nuriyev idi) birlikdə hazırladıq. Bütün təsərrüfatlar üzrə ayrıca hesablamalar apararaq. hər min manat əmək haqqına düşən əmlak payını müəyyənləşdirdik. Təsərrüfatlarda işləmiş bütün işçilərin əmək haqqıları toplanaraq kitablara işlənildi. Texnikalar, tikili və binalar təsərrüfatda mövcud olan bütün əmlaklar yenidən qiymətləndirilib köhnəlmə məbləğ çıxıldıqdan sonra payçılara natura və dəyər ifadəsində verilməyə hazırlandı.
Rayon İcra Hakimiyyətinin İslahat Komissiyasının qərarı ilə bütün təsərrüfatlar üzrə möcüd əmlaklar əmlak payçılarına qazandıqları əmək haqqına uyğun olaraq paylanmağa başlanıldı. Bu işlərdə də aktiv iştirak etmişəm.
-Həmin vaxtı torpaqlar camaata verildi, amma adamlar bu torpaqdan necə istifadə etməyi bilmirdilər. O vaxtı onlarla bağlı hansı işlər görüldü?
-Bəli düz deyirsən. O vaxtı rayonlarda Kənd Təsərrüfat idarələri ləğv edilmişdi. Regional idarələr fəaliyyət göstərirdi. Ona görə də yerlərdə torpaq mülkiyyətçilərinə məsləhət və müvafiq informasiyalarin verilməsi çətinləşmişdi.
Həmin vaxtı Masallı rayonunda Dünya bankının maliyyələşdirdiyi “Masallı Regional Məsləhət Mərkəzi” fəaliyyətə başladı. Bu təşkilata qəbul müsabiqə yolu ilə aparılırdı. Mən Masallı rayon İcra Hakimyyətindən öz xahişimlə işdən azad olub bu təşkilata sənədlərimi təqdim etdim. Bu təşkilat Masallı rayonu mərkəz olmaqla Astara, Lənkəran, Lerik, Yardımlı və Cəlilabad rayonlarını özündə birləşdirirdi. Müsabiqədə iştirak etmək üçün region üzrə 120 nəfər sənəd vermişdi. Qəbul norması isə 30 nəfər idi. Bir ay bizə dərs keçdilər. Sonra isə imtahan verdik və 30 nəfər işə qəbul oldu. Mən yükək bal toplayaraq təşkilatda “Aqrar məsləhətçi” işinə qəbul oldum. Masallı rayonuna 7 işçi ayrılmışdı. Xidməti vəzifəmiz hər məsləhətçiyə təhkim edilmiş kəndlərdəki torpaq mülkiyyətçilərinə yüksək və keyfiyyətli məhsul istehsal etmək üçün inkişaf etmiş dövlətlərin təcürbəsini praktiki yolla mənimsətmək idi. Səkkiz il bu sahədə torpaq mülkiyyətçilərinə heyvandarlıq və bitkiçilik sahəsində məşğul olanlara məsləhət və lazımi informasiyalar verdik. Nəticə göz qabağında idi. Heyvandarlıq və bitkiçilik üzrə yüksək məhsuldarlıq əldə edilirdi. Xüsusilə kartofçuluqda və cavan mal-qara kökəlməsi üzrə rekord nəticələr əldə edildi. Təvazökarlıqdan uzaq olsa da deyim ki, bu işdə mənim xidmətlərim çox olub.
-Sonra siz bu işi dayandırıb, 1999-cu ildə yaraılan Bələdiyyəyə üzv seçilmək üçün namizədliyinizi verdiniz. Özü də 2009-cu ildə. Yəni bələdiyyələr birləşən vaxtı. Və seçki yolu ilə bələdiyyəyə seçildiniz. Axı əvvəlki iş yerində işləriniz yaxşı gedirdi. Bəs niyə bələdiyyə sisteminə gəldiniz?
-Bu yeni yaranan qurum məni çox cəlb elədi və fikirləşdim ki, bu sahədə Masallıya daha çox xeyir verə bilərəm. Beləliklə, 2009-cu ildə Masallı rayonu üzrə 106 bələdiyyə birləşərək 36 bələdiyyə yarandı. Mən də fikirləşdim ki, cəmi 36 bələdiyyə olacaq və burada daha çox işlər görmək mümkündür. Ona görə də bələdiyyə seçkilərinə namizədliyimi verdim və üzv seçildim. Məni 2010-cu ildə Güllütəpə bələdiyyəsinə sədr seçdilər. Fikirləşdim ki, bir vaxtlar atamın başladığı işi daha yaxşı və uğurla davam etdirə bilərəm. Həmin vaxtı pessimist olsa da belə sözlər yazmışdım: “Ata. Sənsiz darıxıram və sonsuz bir istəklə gözləyirəm ki, bəlkə bir gün gələcəksən və sənin başladığın işləri mən necə davam etdirdiyimi görəcəksən. Mənə məsləhətlər verəcəksən ki, necə uğurlu işlər görüm.” Beləliklə, atamın işlərini davam etdirmək üçün yaşadığım ərazidə abadlıq- quruculuq işləri görmək üçün əlimə yaxşı fürsət düşmüşdü. İlk işim ərazidə təmizlik yaratmaq, məişət tullantılarını küçələrdən yığışdırmaq və kəndləri təmiz saxlamaq üçün müvafiq tədbirlər görmək oldu. Məktəb yaşlı uşaqlardan tutmuş bütün əhali qrupları ilə görüşlərim olurdu. Ərazidəki təmizlik işlərinə xeyli nail olduq.
2011- ci ildə daha çox işlər gördük. Bir çox işlərin bünövrəsi qoyuldu. Güllütəpə kəndi ilə Əmirtürbə kənləri arasındakı çayın üstündəki körpü yararsız vəziyyətə düşmüşdü. Sel-su körpünü dağıtmışdı. Bu barədə rayonun rəhbəri hörmətli Qəzənfər Ağayevə müraciət etdik. Rəhbərlik Nəqliyyat Nazirliyinə məktub köndərdi. 2011-ci ilin aprel ayında Azəryolun körpütikənləri 10 gün ərzində müasir səviyyəli körpü tikib istifadəyə verdilər.
Hörmətli prezidentimiz cənab İlham Əliyevin ölkənin ən ucqar kəndlərinə olan qayğısı nəticəsində 2012-ci ildə rayonun rəhbəri Qəzənfər Ağayevin köməkliyi ilə Köhnə Alvadı-Güllütəpə kəndləri arasında asvalt yol çəkildi. Kəndarası yollarda Bələdiyyə tərəfindən cari təmir işləri aparıldı. Eyni zamanda Tatyanoba kəndindən Yolağac kəndinə gedən yolun 4 km hissəsini əsaslı təmir etdik.
2013-cü ildə “Azərbaycan Kənd İnvestisiya Layihəsi” Cənub bölgəsində fəaliyyətə başladı. Təşkilatın ilk işi Güllütəpə kəndində icma yaradaraq kəndin 5 kilometr məhəllədaxili yollarını onların köməkliyi ilə əsaslı təmir etdik. Sonra Tatyanoba, Əmirtürbə, Yeni Zuvand və Yolağac kəndlərinin daxili yolları əsaslı təmir edildi. Sonra da Kənd İnvestisiya layihəsinin gücü ilə Güllütəpə, Əmirtürbə və Yeni Zuvand kənd qəbrəstanlığlarının ətrafı müasir üsulla çəpər edildi.
“Azərbaycan Kənd İnvestisiya Layihəsi” tərəfindən ilk “Klaster” layihə icra edildi. Bu o deməkdir ki, Güllütəpə-Tatyanoba-Yolağac kəndləri arasındakı 8 kilometrlik yol əsaslı təmir edildi.
Güllütəpə kəndində demək olar ki, həkim məntəqəsi binası yox idi. Mən həmin vaxtı əslən İmişlidən olan ingilis dili müəllimi Füzuli Abıyevlə tanış oldum. Onun vasitəsi ilə Yaponiyanın Azərbaycandakı Səfirliyi ilə uzun müddətli danışıqlardan sonra Yapon Dövləti Güllütəpə kəndində həkim məntəqəst tikilməsinə razılıq verdi. 192 kvm ölçüdə 5 otaqlı hər cür şəraiti olan həkim məntəqəsi tikilərək əhalinin istifadəsinə verildi.
2025-ci ildə bizim bələdiyyə ilə Köhnə Alvadı bələdiyyəsi birləşdirilib. Mən indu burada sədr müaviniyəm. Sədrimiz də çox təcrübəli insan İnqilab Mirzəyevdır. Çalışırıq ki, burada çox işlər görək və insanlarımız bizdən razı qalsın. Axı dünyanın ən aparıcı ölklərində ölkəni idarə edən bələdiyyədir. Bəs bizdə niyə belə olmasın? Biz də inanırıq ki, bələdiyyə sistemində dəyişikliklər olacaq və biz camaatımız üçün daha böyük işlər götəcəyik. Məşhur Franslz yazıçısı Andre Moruanın belə bir maraqlı kəlamı var: “Qocalıq özünün incə təcrübəsini unutmur və xeyirxah məsləhətlər verməyi sevir. Çünki qocalıq ömrün elə müdrik çağı, pik nöqtəsidir ki, artıq axmaq nümunələr göstərməyi bacarmır”. Beləliklə, mən də ömrümün bu mükrik, ahıl vaxtında həmin bölgə camaatı üçün əlimdən gələni etdim.
-Siz həm də Masallı rayon Ağsaqqallar Şurasının aparıcı üzvlərindən birisiniz. Belə ki, rayonun sayılıb-seçilən ağsaqqallarından sayılırsınız. Burada hansı işlər görürsünüz?
- Bəli. Mən 2010-cü ildən Masallı rayon Ağsaqqallar Şurasının üzvüyəm. Həm də bizim bölgədə Ağsaqqallar Şurasının səlahiyyətli nümayəndəsiyəm. Bu ad altında daha məsuliyyətli işlər görmək iqtidarındayam. Ərazidə az yaşlı gənclərin vaxtsız nigaha girməsi, lüzumsuz boşanmaların qarşısının alınması, yas mərasimlərində israfçılığa yol verilməsi, yaşadığımız ərazinin təmiz saxlanılması əsas məqsədimiz olib. Rayon Ağsaqqallar Şurasının sədri Ələşrəf müllim Niftiyevin xüsusi göstərişlərinə əsasən RAŞ-nın Nizamnamə şərtləri əsasında hazırlanmış tədbirlər planına üyğun yerdəki işləri uğurla həyata keçiririk. Belə ki, boşanmaların sayı minimuma enib, az yaşlıların nigaha girməsi qeydə alınmayıb, yas mərasimləri də tədricən qaydaya düşməkdədir. Bundan başqa ağsaqqal kimi ən vacib işlərimizdən biri də ətraf mühitin və torpaq örtüyünün mühafizə olunmasnı və onun qorunmasının təşkil ediməsidir. Bu barədə əhali qrupları arasında daimi maariləndirmə işləri aparılır.
-Masallı əsasən kənd təsərrüfatı rayonudur. Burada kənd təsərrüfatını daha yaxşı inkişaf etdirmək və işsizlik problemini aradan qaldırmaq üçün əsasən hansı işlər görülməlidir?
-Son vaxtlar Masallıya cənab Araz Süleyman oğlu Əhmədov kimi bir ziyalı və yüksək təşkilatçı insan rəhbərlik edir. O, uzun illərdir ki, dövlətçilik, dövlət təhlükəsiziliyi sistemində çalışıb. Özü də yaxşı çalışıb. Qarabağ müharibəsi işçirakçısıdır. General mayor rütbəsinə kimi yüksəlib. Masallıya rəhbərlik elədiyi gündən bu rayon üçün əlindən gələni edir. Onu da qeyd edim ki, Araz müəllim Masallıya gələndən rayonun kənd təsərrüfatında güclü inkişaf gedir. Bu rayonda təkcə kənd təsərrüfatını yox, həm də turizmi, sənayeni dirçəltməyə çalışır. Masallı həm də gözəl təbiəti olan bir məkandır. Deməli, burada turizmi yaxşı inkişaf etdirməklə bu rayona böyük maliyyə gəliri gətirmək olar. Eləcə də bu rayon Cənub bölgəsinin düz ortasında yerləşir. Qonşu rayonlarla da böyük əlaqə qurub, Masallıda daha böyük işlər görmək olar. Ən əsası isə Masallı camaatı İcra Hakimyyəti başçısı cənab Araz Əhmədova çox inanır. Rəhbərə inam ən vacib məsələdir. Deyirlər ki, “səbr- bir ömürlük xəzinədir”. Araz müəllim də çox səbrli insandır. Deməli, o, tezliklə bu rayon üçün çox işlər görəcək.
- Hər bir insanın əsl arxa-dayağı yaxın qohumları, övladlarıdır. Xahiş edirəm ən yaxın qohumlarınız, övladlarınız haqqında oxuculara məlumat verin.
- Bəli. Qohumlar, övladlar özü elə kiçik bir dövlət deməkdir. Hər şeyin- mehribançlığın, hörmətin, sevginin də başlanğıcı elə bu kiçik dövlətdən başlayır. İnsanlar bu kiçik dövlətdə mehribançılıq gördükdə, bu dövlətin başçısına, ağsaqqalına çox böyük hörmətlə yanaşırlar. Onun verdiyi məsləhətlərə həvəslə, sevgi ilə qulaq asırlar. Bu qanun da bizim ailədə bir vaxtlar atam tərəfindən qoyulub və bu gün də davam eləyir.
İki qardaşım var. Qardaşım Əlihüseyn kənddəki sovxozda Baş iqtisadçı, Sovxoz direktoru və uzun müddət bələdiyyə sədri olub. O biri qardaşım Əlisəfa isə çox igüzar olub. İndi kənddə ticarətlə yanaşı xeyriyyəçiliklə də məşğuldur.
Bir səmimi fikiri də deyim ki, bu vaxta qədər gördüyüm işlərdən tam razı qalmamışam. Amma həyatda bir şeydən həmişə razı qalmışam. Bu da övlad tərbiyəsidir. Böyük oğlum Rüfət Bakı Dövlət Universitetininin riyaziyyat fakültəsini bitirib müəllimdir. O biri oğlum Ramiz Bakıda Texniki Universiteti bitirib. Hazırda Masallı rayon İcra Hakimiyyətinin Yeyənkənd İnzibati ərazisi üzrə nümayəndə işləyir. Oğlum Sərraf Rusiyanın Sankt Peterburq şəhərində İqtisadiyyat Universitetini bitirib və orada işləyir. Kiçik oğlum Əkbər kiçik biznes və fermer təsərrüfatı ilə məşğuldur.
Qızım evdar xanımdır və dörd övlad böyüdüb.
Ümumilikdə, mənim beş övladım, on iki nəvəm və altı nəticəm var. Dahi Nəsirəddin Tusinin belə bir kəlamı var: “Ata-ananın övlada məhəbbəti sövq-təbii, övladların ata-anaya məhəbbəti isə şüurludur”. Buna şüurlu yanaşan övladlardan valideynlər həmişə razı qalırlar. Dahi Səməd Vurğun deyib ki: “ Dünya bir evdirsə, övlad işıqdır. Oğul arxadırsa, qız yaraşıqdır”. Təki hər bir valideynin övladları onlar üçün işıq, arxa və yaraşıq olsunlar. Ailə adlı kiçik dövlətdə mehribançılıq yaxşı olanda, həmin insanların dövlətə də məhəbbəti çox olur. Bu insanlar Vətəni iman əsəri bilirlər.
“Ədəbiyyat və incəsənət”
(10.09.2025)
Dəyişdirilmiş bir tarixdə, dəyişməmiş insanların içində yazmaq çox çətindir -ESSE
Harun Soltanov, “Ədəbiyyat və incəsənət”
Yazmaq istəyirəm. Yəni istəmək də deyil, yazmalıyam. Çünki yazmaq, psixoloqa getməyin ən ucuz, amma ən keyfiyyətli variantıdır. Yazmamaq passiv ölüm kimidir. Səni fiziki olaraq görmürlər amma canlı-cansız arası bir yerdə sürünürsən.
Hamı yazır. Kimisi gündəliyinə, kimisi qeydlərinə, kimisi "tərbiyəsiz sözlər yazmaq olmaz" filtiri keçməyən sosial mediaya. Amma yazır. Çünki yazmaq, susmağın estetik versiyasıdır. Mən də yazmalıyam. Mövzu axtarıram. Olmazmı, sadəcə oturum, nəsə deyim? Xeyr. Gərək "mesaj" olsun. Gərək "ictimai rezonans" doğursun. Gərək "oxucuya bir şey ötürəsən."
Nə ötürüm, axı? Mən özümü belə daşıya bilmirəm. Mövzu tapa bilmirəm. İnsanın başına bu qədər iş gəlib, amma hələ də yazı çıxmırsa demək ya həyat çox mənasız yaşanıb, ya da adam yazmaq istəmir. Mən ikisini də yaşayıram. Uşaq vaxtı həyətdə daşları qaldırıb qurd yığırdım. İndi isə buna "ekzistensial böhran" deyirlər. Atamla dalaşırdım, anamsa döyürdü. İndi onlara "toksik şəxsiyyətlər" deyirlər. Məktəbdə müəllim acıqlanırdı, mən susurdum, indi buna "emosional dissosiasiya" deyirlər. Yəni nə baş veribsə, sonradan adına termin çıxıb. Amma bu terminlərdən hələ bircə cümləlik yazı da düzəldə bilməmişəm.
Sən deyəcəksən, dostum "Mövzu yoxdursa, yazma da!". Doğrudur. Amma sən "musiqi" dinlədiyin üçün musiqiçi olmursansa, "kitab" oxuduğun üçün yazıçı deyilsənsə, niyə "mövzu" tapmadığın üçün yazmamalısan? Mövzu olmamaq da bəlkə bir mövzudur? Bəlkə də bu yazı yazılmamalı idi. Digər bütün yazılar kimi.. Bəlkə də bu yazını oxumağa vaxt ayıran sən, daha faydalı bir iş görməli idin. Amma artıq gecdir. Mən başladım, sən davam elədin. İndi ikimiz də bu absurda ortaq olmuşuq. Və bu absurda ortaq olmaq, insan olmağın yeganə təsdiqidir..
Bəs nə qədər "mövzusuzluq" yaşamalıyam dostum?
Ailəmi yazsam, deyəcəklər ki, "Dram axtarır."
Özümü yazsam, deyəcəklər ki, "Narsistdir."
Cəmiyyətə girsəm, deyəcəklər ki, "Bir də bu çıxdı ortaya."
Heç nə yazmasam, deyəcəklər ki, "Susmaq da mövqe deyil."
Yəni hər halım şərhlikdir. Sonda bir şey aydın olur, sən nə edirsən et, sən yoxsan. Sənin yazdığın haqqında fikir var. Sən isə, sadəcə, baş verən hadisəsən. Mövzu tapmamaq bir növ depressiyanın yazılı formasıdır. Qarşında boş vərəq var, onu da seyr edirsən, sanki sənə nəsə deyəcək. Boş ekrana baxmaq üçün gözümün işığını verirəm, amma ağlıma bir cümlə gəlmir. Sanki beynimdə fikir yoxdur, sadəcə arxivdə səhvən saxlanmış xatirələr var, onların da heç biri yazılacaq qədər maraqlı deyil. Sanki mən varam, amma mənə aid deyiləm.
Yaxşı, bəs bu yazı niyə var?
Yəqin tək səbəb budur ki, yazmaq, həyatda hələ də təslim olmadığının sübutudur. Susmaq isə sadəcə yavaş-yavaş yoxa çıxmaqdır. Mövzu yoxdursa da yazı var. Çünki bu dünyada hər şeylə barışmaq olar. Bir tək, ifadə edə bilməməklə yox. Bu yazı da bir mövzunun yoxluğuna yazılmış ağıdır. Yəni, yazının özü də yazılmağa layiq deyil. Amma yenə də buradadır. Əslində bu sualın cavabı çoxdan verilib, yazmalısan. Çünki yazmırsansa, deməli satılmısan. Bəs kimə? Ən azı düşmənə. Bəlkə də Amerika səfirliyinə. Ən pis halda vicdanına. Halbuki mən sadəcə mövzu tapa bilmirəm. Amma mövzu tapa bilməmək indi "satqınlıq əlaməti" sayılır. Əgər gündə bir dəfə "Vətən sağ olsun" demirsənsə, bu xalqın ölüsünə hörmətsizlik etmiş olursan. Nə olsun ki, özün diri deyilsən.
Vətən… kimə görə? Birinci sual budur, "Vətən kimindir?" Həmişə cavab da hazırdır, "Hamımızındır." Amma bu hamıya mən düşmürəm nədənsə.
Vətəndə işləmək istəyirəm, diplomuma baxmadan deyirlər ki, "təcrübən azdı."
Vətəndə yaşamaq istəyirəm, kirayələr elə bil NASA-nın maaşı ilə ölçülür.
Vətəndə susmaq istəyirəm, deyirlər ki, "niyə susursan, sən də danış."
Danışıram, deyirlər ki, "yaxşısı sus."
Bəlkə də vətən təkcə torpaq deyil. O həm də daxilində nə desən, səhv çıxacağın məkandır. Sən vətəni sevsən də, vətən səni bəyənməyə bilər. Əsgər olsan, qürur. Əsgərlikdən qorxsan, biabırçılıq. Əsgərlikdə ölsən, şəhid. Amma sağ qalsan, soruşurlar, "Nə xeyrin dəydi?"
Bayrağı da sevməlisən. İndi bayraq artıq sadəcə bayraq deyil, testdir. Sevirsənsə, düzgün insansan. Sevmirsənsə, yoxlama gələcək. Amma bəlkə də mən bu sevgini içimdə yaşayıram, çöldə musiqi fonunda "Bayrağım, sənə qurban" deyə hekayə atmıram. Demək, sevgi yetərli deyil. Sevgini performans şəklində göstərməlisən. Yoxsa sayılmır. "Vətən sağ olsun", amma kim üçün? Bax, bu ən ironik yerdir. Hamı deyir, "Vətən sağ olsun." Amma kimin sağlam qalacağı heç də dəqiq deyil. Şəhid ailəsi olursan, 40 kamera qabağında "göz yaşını tutma, ana, biz səninləyik" deyirlər. Sonra? Sonra sən tək qalırsan. Sonra sən bəzi insanlar üçün "əlaqəsi kəsilən dosye"yə çevrilirsən. QR kodun belə yoxdur. Vətəni sevirsən, amma onun səni sevməsi üçün nəyisə sübut etməlisən.
– Nəyi sübüt etməlisən?
+ Onlar deyəcək.
– Nə vaxt?
+Bilinmir.
– Nə qədər?
+ Son nəfəsə qədər.
Vətən mövzusuna toxunan kimi iki cür reaksiya alırsan:
1. "Caaan, qurban olum bu uşağa, necə vətənpərvərdi."
2. "Bunun ünvanını tapın, bu xəyanətkardı."
Ortası yoxdur. Vətəni sevirsənsə, ağlamağını çəkməlisən. Yoxsa təbliğat yetərli sayılmır. Yəni içindən yox, kamerasından sevməlisən. Bəlkə də vətən sadəcə bir yer deyil. Bir fikirdir. Bəlkə də vətən, heç vaxt sənə aid olmayan, amma uğrunda bütün həyatı boşa verdiyin ilğım kimidir. Sən ona can verirsən, o sənə sms belə atmır. Sən onun üçün ölməyə hazırsan, o sənin üçün iş yeri tapmır. Sən onun üçün göz yaşları tökürsən, o sənə "niyə ağlayırsan, bəlkə sənsən problem?" deyir. Və nəticədə... Vətən haqqında yazmaq, ya çox təhlükəlidir, ya çox gülüncdür. Hər iki halda sən uduzursan. Ona görə də yazmıram. Yaxud bəlkə yazıram. Yəni yazıram ki, yazmadığımı izah edim. Ən azı bu, emosional şantajdan azad bir ifadədir. Heç olmasa "Vətən sağ olsun" demədən yazı yaza bilirəm. Bu da bir irəliləyişdir.
Bəlkə Millətdən yazım? Yəni "millət olaraq belə birik" tiplilərin milləti. O cür paylaşımlarda sanki hamımız eyni filmin personajlarıyıq. "Zəhmətkeşik.""Qonaqpərvərik." "Tariximiz şanlıdır." "İrəliyə gedirik." "Birliyimiz tükənməzdir."
Əslində isə biri maşın sürür, biri söyür, biri qarşıdakı adamın cinsinə, yaşına, dininə, hətta nəfəsinə belə dözmür. Və bütün bu xaosun içində biz özümüzə "millət" deyirik. Bəlkə də bu elə Stokholm sindromunun kollektiv versiyasıdır. "Birlikdə güclüyük", amma Zoom-da belə birləşə bilmirik. Biz ancaq şüar səviyyəsində birlikdəyik. Konkret həyatda isə..
Toyda biri yer tutubsa, artıq düşmən sayılır. Taksidə 2 manat artıq alırlarsa, bu artıq xalqa "xəyanətdir". Kassada növbəyə girmədən qabağa keçən adam "tülkülük" edir. Səhvini deyənə "sən özün kimsən axı?" deyirik. Biz birlik deyilik. Biz sadəcə tək-tək qalanların kütləsiyik. Yan-yana düşmüş, amma heç vaxt eyni yerdə olmayan varlıqlar. Yaxşı bəs, millət necə tanınır? Ən çox reaksiya verdiyi şeylə. Bizim millət də linçlə tanınır. Kiminsə bir sözünü kontekstdən çıxarıb, linç eləməkdə ustayıq. O adam pis olsun, ya olmasın, biz onsuz da çoxdan onun qəlbindəki taxtı yandırmışıq.
Bir qadın açıq geyinibsə, "şərəfimizə ləkə"
Bir kişi ağlayıbsa, "əə bu nədi, kişiyə yaraşır?"
Bir uşaq nəyisə soruşursa, "sus, böyüyün sözün kəsmə"
Kimsə susursa, "bu da yuxarıdan danışır."
Yəni səssizliyin də, səsin də, mövqenin də, mövqesizliyin də cəzası var. Millətin gözü qarşısında yaşamaq üçün ya təsdiq qazanmalısan, ya da təslim olmalısan.
"Xalq nə desə, odur?", çox gülməlisən dostum.
Çünki xalq nə desə, o olmur. Xalq hər gün sosial mediada kimisə "bitirir", sonra həmin adam TV-də veriliş aparır. Xalq hər il eyni mahnıya səs verir, sonra həmin mahnını söyür. Xalq şikayət edir, amma özünün də niyə şikayət etdiyini bilmir. Bir gün birinə heykəl qoyuruq, ertəsi gün heykəlini söyürük, sonra da deyirik ki, "gör bir bu millət nə qəribə millətdi." Sanki kənardan kimsə danışır. Halbuki o cümləni deyən, o millətin özüdür.
Bəs millət deyəndə nəyi nəzərdə tuturuq?
Yəqin ki, müharibə başlayanda cəbhəyə gedən, qələbə olanda bəyənmələrdə birinci dayanan, oğlunu şəhid verib, amma oğlunun borcuna görə bankdan zəng alan, Ədəbiyyat oxumayan, amma "bizim klassiklər" deyə fəxrlə danışan, öz dilində danışıb, öz dilinə hörmət etməyən....
Qəribədir. Hamımız bir-birimizə oxşayırıq, amma heç kim bir-birini bəyənmir. Niyə? Çünki özümüzü də bəyənmirik. Millət olmaq, hiss yox, KİV materialıdır. Millət anlayışı reklam çarxlarına düşəndən bəri hiss yox, brend olub.
Milli kimlik, mövsümlük məhsuldur.
Milli qürur, tədbirdən tədbirə aktivləşir.
Milli birlik, ancaq başqasına nifrət etməyə gələndə ortaya çıxır.
Yəni biz birləşirik… amma qarşı çıxdığımız şey ətrafında. Sevdiyimiz şey ətrafında yox. Və nəticədə ortaya "millət" deyil, onlayn klaviatura ordusu çıxır. Son olaraq... Millətdən yazmaq da çətindir. Çünki ya yaltaqlanırsan, ya da "xalq düşməni" elan edilirsən. Amma mən yazıram. Çünki yazmasam, sanki bu yerdə şəriksiz qalmış olacağam. Və deyim sənə dostum, ən tək qalmaq, millətin içində ola-ola təklik hiss etməkdir. Bax, bu hiss millət sevgisini doğurmur. Sadəcə... boğur.
Bəlkə? Bəlkə tarixi dəyişən şəxslərdən nə isə yazım?
Bəli, dəyişiblər. Hamısı. Amma məsələ burasındadır, hansı tarixi?
Mənim yaşadığım tarixi yox. Sənin gündə bir şikayət etdiyin, axşam "şükür elə!!" deyə bitirdiyin günü yox. Mənzil növbəsinə düşməyən, kreditə keçməyən, avtobusa minməyən tarix.
Bax, o tarixi dəyişiblər. Onlar dəyişdilər, biz qaldıq. Napoleon Avropanı dəyişdi. Çingizxan yarım qitəni. Qarabağda igidlər tarix yazdı. Mən isə evdə oturub düşünürəm. "Əgər bu qədər adam tarixi dəyişibsə, niyə hələ də eyni ayın sonunda maaşım çatmır?" Bəlkə də tarix dəyişib, sadəcə biz tarixin kontakt siyahısında blokdayıq. "Dahi" anlayışının instaqram versiyası, əvvəllər dahi olmaq üçün 40 il yazmalıydın. İndi isə 40 saniyəlik video bəs edir. Əvvəllər biri tarixə düşürdü. İndi biri "reels"lərə düşür. Eyni prinsipdir, görüntü var, real təsir yoxdur. Səncə, Sokrat TikTok-da yaşasaydı, susardı? Yoxsa "Qısa fəlsəfə videoları. part 3"çəkərdi?
Tarixi şəxsiyyətləri sevirik... çünki onları şəxsən tanımırıq. Kiminsə heykəlini sevirsən, çünki onun səsini eşitməmisən. O sənə "bəsdir ağladın", "özünü qurban eləmə", "nəylə məşğulsan?" deməyib. Tarixi şəxsiyyətlər, romantik, məsuliyyətsiz sevgilər kimidirlər. Xəyali və ideallaşdırılmış. Amma o adamlar indi yaşasaydı, bəlkə də uyğun olunmamışdılar. Biri "diktator" deyərdi onlara, biri "seksist." Biri "qətliam etdi" yazardı, biri "əslində yaxşı idi, amma çox sərt idi" deyib, arada qalardı. Bizim dövrün tarixi yaddaşsız bir ekrandır. Tarix bizə tarix kimi yox, məzmun kimi təqdim olunur.
"Bu gün filankəsin doğum günüdür.""Bu gün filan savaş oldu." "Bu gün filankəs belə dedi." Amma bizə nə? O tarix bizim yataqxanamızı isitməyib. O şəxsiyyət bizim sənədlərimizi imzalamayıb. O qəhrəman bizim üçün şəhid olub, amma biz adını bilmirik. Tarix, paylaşım üçün maraqlı, amma yaşamaq üçün həddindən artıq uzaqdır.
Qəhrəmanlıq, KİV-dən əvvəl mövcud idi. İndi qəhrəman olmaq üçün kimisə xilas etməyə ehtiyac yoxdur. Sadəcə düzgün musiqi fonunda videonu montaj elə. Uzaqdan birinə bax, sonra əlini uzat, kamera səndə qalsın "insanlıq ölmədi" yaz. Budur, sən də tarix oldun. Əsl qəhrəmanlar? Onlar bu cür montajları görsə, bəlkə də şəhid olduqlarına peşman olardılar. “Tarixi dəyişənlər” və mən. Onlar dünyanı dəyişdi. Mən isə bu gün marketdən "yanlışlıqla" alınmış vaxtı keçmiś məhsulun pulunu geri ala bilmədim.
Tarix öz axarı ilə gedir, mən isə vaxtı keçmiş məhsulun içində həyatın mənasını axtarıram. Onlar "manifest" yazdı. Mən "reklam blok et" düyməsinə basıram. Onlar "xalqı oyatdı." Mən isə mürgülə düyməsinə basdım. Və nəticə... Tarixi dəyişən insanlardan yazmaq? Bəlkə. Amma dəyişdirilmiş bir tarixdə, dəyişməmiş insanların içində yazmaq çox çətindir. Bu günün qəhrəmanı susur. Çünki qəhrəmanlıq indi alınmayan kreditlə yaşamaqdır. Və onu heç kim tarixə yazmayacaq.
Efirdən də yazmaq olar əslində. Efir açılır. Studiyada süni işıq. Par-par parlayan bir masa. Bir aparıcı, sifətində dəhşətli miqdarda botoks, daha dəhşətli miqdarda saxta kədər.
Deyir ki, "Canım qardaşım, sənə Allah kömək olsun." Yanında skripka səsi. Arxa planda zümzümə qoxulu bir dua musiqisi. Ağlayan bir qadın. Gülən bir operator. Rejissor pıçıltı ilə deyir, "Keçdi 30 min baxışı."
Xoşqədəm, Zaur, Elgiz və s... Bunlar göz yaşı satışı üzrə ixtisaslaşmış efir dırnaqarası qəhrəmanlarıdır.
Kimsə itkin düşüb? Onlar üçün kontentdir.
Kimsə evdən qaçıb? Elə bil serialın yeni sezonudur.
Ər arvadını döyür? Mövzu çox aktualdır.
Uşaq anasını tanımır? Bu həftənin finalıdır.
Efirdə tək bir prinsip var, "Məzlum varsa, kontent var." İnsan dramı, onların produksiyasıdır. Dərd satışı, onların reytinq silahıdır. Empatiya? O, montaj otağında əlavə olunur..
"Canım, sən danış, biz sənə dəstəyik" Yox, əslində dəstək-filan yox. Sadəcə kameraya baxıb ağlayan adam görmək istəyirlər. Studiyadakı "qurban" danışır, aparıcı sözünü kəsir, deyir:
– Deməli... sən bu kişini 3 dəfə bağışladın?
Qadın göz yaşı içində cavab verir. Tamaşaçı baxır və "nə qədər axmaqdı bu qadın" deyir. Reytinq qalxır. Sistem qazanır. Qadın isə növbəti həftə yenə oradadır. Onlar üçün insan, ətdir. Sadəcə kamera üçün doğulmuş ətdir.
Kimsə başına şal atıb ağlayır? Kadrı zoom elə.
Uşaq əsəbi şəkildə danışır? Səsini bir az ver.
Tanınmış musiqiçi kiminsə üstünə “balta” atıb? Bu artıq xəbər deyil, reytinqdir.
Tamaşaçı ekranda öz evində olanı görür, amma bir fərqlə, burda musiqi var, işıq var, bir də "analiz edən" aparıcı. Halbuki aparıcının öz həyatında bu analizlərin 3-ü də sınıqdır. Amma yenə də studiyada hislər üstündür. Aparıcılar, məncə akademik Diplomlu Dram Tüpürənlərdir. Onların CV-si belə ola bilərdi:
Adı: Zaur və ya Xoşqədəm və ya Elgiz
İxtisas: Kamera qarşısında empatiya performansı
İş təcrübəsi: 15 il efirdə ağlayanlarla selfi
Bacarıqlar: danışanın sözünü kəsmək, ağlayanın göz yaşına sponsor tapmaq, "Allah özü bilən olar" deyib məsuliyyətdən yayınmaq
Hobbi: real problemi şouya çevirmək
Tamaşaçı da şərikdir. Bəli, təkcə efir deyil. Tamaşaçı da bu sirkə bilet alır. Oturub deyir:
– Ay yazıq qadın.
– Ay Allah, o kişinin bəlasını versin.
Sonra kanal dəyişir. Növbəti gün efirdə yenə başqa yazıq var. Serial davam edir. Reytinq od kimi. Efir hal hazırda, real həyatın tik-tok versiyasıdır. Real problem 3D-dirsə, efirdə bu 1D göstərilir. Sadəcə drama. Çünki sistem ağlamağı sevir. Qışqırığı sevir. Bir də... reklam arasından sonra davam etməyi. Əslində isə... Əslində isə o qadının evinə dönmək üçün pulu yoxdur. O kişi studiyadan çıxanda yenə zor tətbiq edəcək. O uşaq böyüyəndə yenə "problemlərin məhsulu" olacaq. Aparıcı isə instaqramda yazacaq:
– Çox ağır bir gün idi... amma haqq yerini tapdı.
Haqq? Tapmadı. Sadəcə reytinq yerini tapdı. Nəticədə isə, efir emosiyaların qəssabxanasıdır. Orda hisslər doğulmur. Sadəcə kəsilir. Sən ağlayırsan, onlar gülür. Sən zülm çəkirsən, onlar montaj edirlər. Sən həll axtarırsan, onlar ssenari yazır. Amma nə olsun? Sonda deyirlər:
– Allah hamının köməyi olsun.
Ən universal yalan budur. Studiyada deyilir, amma heç bir kamerada görünmür.
Yazım cinayətdən? Yox e, ayıbdır. Axı "xəbərlər" onu onsuz da şirin paketdə verir.
– 18 yaşından kiçik qıza yaxınlıq edən şəxs saxlanılıb.
Yaxınlıq? Yəni yanına oturub çay içib? Yoxsa “cinayəti sən demə, romantik jest kimi” təqdim etmək daha çox klik gətirir? Adını demirlər. Üzünü göstərmirlər. Bir tək qurban bütün kameralara açıqdır.
Ənənəvi resept budur, cinayət, musiqi fonu, efirdə müzakirə, reklam və verliś bitdi. Amma pedofil hələ də küçədədir. Ona "psixoloji problemləri var" deyirlər. Yəni bu ölkədə kiminsə əxlaqsızlığı məhrumiyyət yox, diaqnoz sayılır. "Bu mövzuları danışmaq olmaz, ayıbdır” Amma yaşamaq olar. Qarşındakı uşaq məhv olur, amma sən deyirsən:
– Qonşu danışmasın deyə bir şey eləmədik.
– Onsuz da polis heç nə etmir.
– Ailə məsələsidir, qarışmaq olmaz.
İnsan canavar olanda, cəmiyyət onu gizlətməyə çalışır. Niyə? Çünki “ayıb olar.” Ayıb. Ayıb. Ayıb. Əxlaqsızlıq bu qədər “əxlaqlı” olar, Pedofil gizlənmir. Sadəcə cəmiyyət gözünü yumur. Məktəbdə müəllim, Qohum içində bir “dayı”, Qonşunun tərbiyəli oğlu və ya öz atan, əmin, böyük qardaşın, Hamı tanıyır. Heç kim demir. Niyə? Çünki ailə parçalanar. Yəni bir uşaq məhv olar, amma "ailə" qalsın. Bu məntiq səni də, ailəni də çoxdan çürüdüb. Xəbərin yoxdu, ay bədbəxt.
Bəlkə polisə getsinlər? Polis?
Sübut var? Uşaq danışır. Deyirlər, "uşaqdır, nə danışdığını bilmir." Cinayətkar danışır. Deyirlər, "Sakitdir, peşman olub." Peşmanlıq bu ölkədə zamin kimidir. Uşağın həyatı çökür, pedofilin qohumları xahişə gəlir. Və deyirlər:
– Bağışlayaq, bu da bir insandır.
Hə, insandır. Sadəcə insanlığın dibində sürünən forması.
Efir? Efir belə şeyləri ya musiqi ilə yumşaldır, ya da xəbərdən sonra hava proqnozu ilə keçir. Sanki bir can yanır, söndürməyə yağış yağacaq. Bir dəfə belə bir anons eşidə bilərsən, "6 yaşlı qız zorlandı... sabah 25 dərəcə isti olacaq." Buyur burdan yandır içini. Yandır, amma çox yox, çünki gündəm dəyişəcək. Kiminsə nişanlısı, kiminsə əri başqa qadınla tutular. Cinayət "kontent deyil" deyə unudular. Cəmiyyətin əli qanda deyil, amma qanlı əli gizlədir Hamı bilir. Amma sən susursan. Susduqca o böyüyür. Əvvəl qohumunu qoruyursan, sonra ailəni, sonra kəndini, sonra bütöv ölkəni. Nə uğrunda? Şərəfsizliyin reputasiyasını qorumaq uğrunda. "Sosial şəbəkədə paylaşdım, ürəyim boşaldı" Yəni sən hashtag atdın ki, #uşaqlarımızıqoruyaq. Ertəsi gün sən də bir yetim uşağa “qulağının dibinə birini ilişdirdin.” Sosial şəbəkə vicdanı yuyur, real həyatda əxlaqı itiririk. Çünki burda qorumaq yox, görünmək daha vacibdir. Və nəticə, dostum? Cinəyət və pedofiliya haqqında yazmaq çətindir. Çünki bu cəmiyyətin əsas qorxusu, qurbanın səsi deyil, cinayətkarın adı çıxmasıdır. Amma yenə də yazıram. Çünki yazmaq, susmaqdan yeganə fərqli şeydir bu ölkədə. Qalan hər şey, "ayə biabır olarsan" qorxusunun içində çürüyür.
Bəs sadəcə içini yazmaq?
Onsuz da Hər Şey Yazılıb, Nəyə Lazım?
Dostoyevski yazıb. Tolstoy bitirib. Kamyu içindəki boşluğa izah verib. Nitşe isə "Allah ölüb" deyib, təpəsini örtdü. Və indi mən gəlirəm. Çayım soyuq, fikrim dağınıq, mövzum yox. Və soruşuram: Mən niyə yazmalıyam axı? Yazmaq istəyirəm, amma... yazılacaq nə qalıb?
Hər kəlmə sanki artıq haradasa işlənib.
Varoluş? Sartre yazdı.
Absurdluq? Kamyu dartan kimi ortaya atdı.
Ruhun zibilxanası? Dostoyevski ora 5 mərtəbə bina tikdi.
Tanrının sükutu? Kierkegaard eşitdi, Heidegger dərinləşdirdi.
Mən? Mən sadəcə susuram. Və susduğumu yazıram. Yazmaq istəyirəm, amma... kim oxuyacaq? Məqaləni qoyuram, 4-5nəfər oxuyur:
Biri Varis bəydir (çünki o sadəcə qeyd şərtsiz oxuyur)
Biri portalın redaktorlarıdır (onların işi budur məncə)
Biri sevgilimdir (çünki məcburdur)
Biri də mən özüməm (çünki gərək göstərim ki, "nəysə alınır")
Qalanlar Zaurun verilişində ərindən şikayət edən qadının videosunu izləyir. Və deyirlər:
– Ədəbi yazılar oxunmur axı.
Ədəbi? Bəlkə də ədəbsiz bir dünyanın içinə ədəb qatmağa çalışıram. Yazmaq istəyirəm, amma... bəlkə bu da travma kapitalizmidir? Hər yazı, travmanın satışıdı? Duyğu çörəyə çevrilib?
Bəlkə mən də ağrımı monetizasiya edirəm? Mən də yazıb, içimi bölüşüb, izlənmə istəyirəm? Onda nə fərqim qaldı efirdə ağlayan "qonaq"dan? Heç nə. Fərq sadəcə budur, onlar kamera üçün ağlayır, mən ölməmək üçün.
Yazmaq istəyirəm, amma... yazsam da dəyişməyəcək.. Cinayət yenə olacaq. Pedofil yenə evdə oturacaq. Zaur yenə qadını efirdə ağladacaq. "Millət olaraq birlikdəyik" hekayəsi yenə sosial şəbəkələrə düşəcək. Vətənpərvərlik "səs tonu"yla ölçüləcək. Mən isə bir cümlə yazacam. "Bəzən yazmaq, susmaqdan daha gurultusuz olur." Heç kim eşitməyəcək. Amma özüm eşidəcəm. Bəs bəlkə bu yetər?
Yazmaq, bəlkə də dua deyil, söyüşdür Sənə heç cavab gəlməyəcək. Amma ürəyindəki bataqlıqdan bir az palçıq çıxacaq. O palçıqla cəmiyyətin üzünə yazacaqsan ki, "Mən sizə bənzəmədim." Bəziləri oxuyacaq, bəziləri yazını report edəcək. Amma sən biləcəksən ki, yazdın. Və bu ölkədə bəzən yazmaq, əsl müqavimətdir. Nəticədə isə, mən yazmıram, çünki deyəcək sözüm yoxdur. Mən yazıram, çünki söz deyilməyəndə içim çürüyür.
Bu yazı, digərləri kimi heç bir dərdi sağaltmadı. Heç bir pedofiliya dayanmadı. Heç bir aparıcı efirdən getmədi. Heç bir millət dəyişmədi. Vətən məni qucaqlamadı.
Amma sən oxudun.
Və bu, hər şeyin əvvəlidir.
“Ədəbiyyat və incəsənət”
(10.09.2025)
STALİN DƏ BİR KİŞİ DEYİLMİŞ - Yaqublu və yaqublular barədə maraqlı hekayətlər
İmran Verdiyev, “Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi
Yaqublu Oğuz rayonunun kəndlərindən biridir. Hər yerdə olduğu kimi burda da zaman-zaman müxtəlif hadisə və əhvalatlar baş vermişdir. Həmin hadisə və əhvalatlarla bağlı kənd sakinlərinin söylədikləri onların cəsarətindən, hazırcavablığından və zəkasından xəbər verir. Hadisə və əhvalatlarla bağlı söz söyləyənlər öz şəxsi ləyaqətlərini qorumağa çalışan, məğrur və bütov adamlardır.
Hadisə və əhvalatlarla bağlı söylənilənlərin əsas pafosu nöqsan və eybəcərliklərə gülmək, onların tənqidi və ifşasıdır. Burada deyilmiş sözlər yaramazlıqlara və nöqsanlara atılmış “söz daşlarıdır”. Bu əhvalatları eşitdikcə, oxuduqca nöqsan və eybəcərliklərlə barışmaz olan insanları görürük. Görürük ki, onlarda həyatın işıqlı tərəfinə ehtiraslı məftunluq hissi var.
70-80 il bundan əvvəl baş vermiş bu hadisə və əhvalatlarla bağlı söylənilənlər artıq bədii təfəkkürün süzgəcindən keçmiş, zəka ilə nurlandırılmış ümümxalq dili zəminində formalaşan idiomlara, ibarə və aforizmlərə, atalar sözü və məsəllərə, lətifələrə çevrilməkdədir.
Həmin hadisə və əhvalatlardan bir neçə nümunə təqdim edirik.
STALİNDƏ BİRKİŞİ DEYİLMİŞ
BriqadirSaməddin üçünStalindövrü idealdövrimiş. Baş verənnöqsanları gördükcə əlinidizinə vurubdeyərmiş:
-Görün çatdasın, a Stalin. Durub, bir baxaydın, görəydin nələr olur.
Siyasi məşğələlərin birində mühazirəçinin Stalinin Azərbaycan xalqının başına açdığı bəlalar haqqında söylədiklərinə diqqət və təəccüblə qulaq asan Saməddin kişi axırda dözməyib deyir:
-Ə, bu Stalin də bir kişi döyülmüş.
SAHİBSİZ QALSA, BELƏ DAĞILMAZDI
Mehdi kişi ara-sıra taxıl xırmanına gələr, burada işləyənlərə öz dəyərli məsləhətlərini verərdi. O, hər gələndə görür ki, bəziləri əllərində kisə və ya vedrə xırmana gəlir, iznsiz-filansız qablarını taxılla doldurub aparıb gedirlər. Xırman müdiri isə utandığından heç nə demir.
İşi belə görən Mehdi kişi günlərin bir günü dözməyib, üzünü gələnlərə tutub deyir:
-Ay bala, talandır, bostan pozulur? Bu xırman sahibsız qalsaydı, belə dağılmazdı.
Gələnlər qəbahətlərini anlayıb, sakitcə qayıdıb çıxıb gedirlər.
“Ədəbiyyat və incəsənət”
(10.09.2025)
RƏSUL RZANIN VAQİF SƏMƏDOĞLUYA UĞURLU YOL DİLƏYİ
Azərbaycan Ədəbiyyat Fondunun “Yazıçı” nəşriyyatında Xalq yazıçısı Anarın “2=3+4, yaxud iki ailədə üç Xalq yazıçısı, dörd Xalq şairi” adlı kitabı işıq üzü görüb. Nəfis tərtibatlı, illüstrasiyalı kitab Azərbaycan ədəbiyyatı irsinə böyük töhfələr vermiş iki nəsildən, onlar barədə həqiqətlərdən və onların ədəbi nümunələrindən ibarətdir.
608 səhifəlik bu unikal kitabı tərtib edən Xalq yazıçısı Anar uzun illər ərzində təkcə öz yazdıqlarını yox, qəhrəmanlarının – Səməd Vurğun, Rəsul Rza, Nigar Rəfibəyli, Vaqif Səmədoğlu, Ənvər Məmmədxanlı və Yusif Səmədoğlunun yazdıqlarını eyni ideya-estetik yaradıcılıq məcrasına qoşaraq, onları eyni axında birləşdirərək ən yeni ədəbiyyatın ən milli paradiqması olaraq təqdim edibdir.
“Ədəbiyyat və incəsənət” portalı kitabdan hissələri oxucularına təqdim edir. Anar qəhrəmanlarının ən populyar əsərlərini bir daha yaddaşlarda təzələyir:
RƏSUL RZA, “GENİŞ YOLLARA ÇIX!”
Salon dərin sükut içində idi. Onun barmaqları pianonun ağlı-qaralı dilləri üzərində sürətlə gəzirdi. Səslər qüdrətli ahənglə axır, gah çırpına-çırpına yüksəlir, gah yorğun düşmüş qartal kimi, elə bil, qanad çalmadan süzür, enir, nəfəsini dərir, yeni qatlara yüksəlmək üçün qüvvət toplayırdı. Ortaboylu, qarayanız gənc sanki hər şeyi unutmuşdu. Onun baxışları qeyri-müəyyən nöqtəyə zillənmiş, deyərdin fikri, diqqəti, qəlbinin bütün hiss, həyəcanı sarsılmaz bir iradəyə bağlanmışdı. Raxmaninovun qüdrət və ehtiras dolu akkordları, elə bil, yalnız telləri deyil, bütün pianonu, səhnəni titrədir, yaralı nəhəng bir quş kimi havada çırpınırdı... Piano çalan bu gəncin qəlbində təsəllisiz bir nigaranlıq, onu içəridən dalayan bir təşviş vardı.
Salonda onun yüzlərlə tanışı, dostu, qohum-əqrəbası oturmuşdu. Lakin ömrünün bu unudulmaz imtahanlı günündə hər kəsdən artıq arzuladığı, bu günü görməsini hər kəsdən artıq istədiyi adam – atası salonda yox idi, məşum bir xəstəliyin amansız pəncəsində, ölüm yatağında yatırdı.
Dillərin, tellərin ahəngi və xalların bu təntənəsində kim deyərdi ki, səhnədə qərib bir tənhalığa düşmüş kimi görünən bu gəncin qəlbində daha müxtəlif, daha zəngin duyğuların, cəsarət və bacarığın, hiss və həyəcanın yatağı var.
İllər keçdi. Bir zaman mənə belə təsir buraxmış bir gecənin xatirəsi duman arxasında qalıb, konturları silinib formasızlaşmış bir mənzərəyə çevrildi.
Bu yaxınlarda bir təsadüf bütün olanları ən kiçik təfərrüatı ilə yenidən xəyalımda canlandırdı.
...Konverti açdım. Səhifələr, səhifələr, səhifələr... Uzun, gödək sətirləri görəndə: “Bu da tez-tez aldığım yaxşılı-pisli şeir silsilələrindən biridir”, – deyə düşündüm.
Hər zaman belə məktublar alanda qəlbimdə ikiyönlü bir hiss oyanır. Bir tərəfdən gənclərimizin şeir kimi incə, gözəl bir sahəyə can atdıqları, həqiqi istedad sahibi olan şair ürəkli adamların yetişdiyini görüb sevinirəm. Bir tərəfdən də belə məktubların əksəriyyətində, çox təəssüf ki, böyük bir əksəriyyətində həqiqi sənət alovundan məhrum olan, yalnız həvəsə düşüb nəzm düzən cavanların səmərəsiz və gələcəksiz bir işlə məşğul olduqlarına təəssüf edirəm.
...Dəqiqələr keçir, vərəqlərdən birini qoyub, o birini götürür, təkrar oxuyuram. Mümkündürmü, ilk dəfə əlinə qələm alan bir gənc belə bitkin, müasir təfəkkür və geniş müşahidələrlə zəngin şeirlər yazsın.
Mən şeirlərini oxuduğum bu müəllifın imzasına bu vaxta qədər heç bir yerdə rast gəlməmişdim. Bəlkə o, illərdən bəri yazır, şeirləri özünü təmin etmədiyi üçün onları oxucuya təqdim etməyi lazım bilməyib, heç bir redaksiyaya göndərməyib. Əgər belədirsə, bu faktın özü təqdirəlayiqdir. Bu, gənc müəllifin yaradıcılıq işinə ciddi yanaşdığını göstərir.
Şeirlərindən biri “Dünyanın ən ağır qanteli” adlanır. Bu şeir mənə konsert gecəsini, geniş səhnədə qərib bir tənhalıqda qalmış kimi görünən, gözləri qeyri-müəyyən bir nöqtəyə zillənmiş gənci xatırlatdı. Mən bu şeirdə həmin gecənin sevinc və iztirab dolu havasını duydum. Şeirin kədərli bəstəsi, şübhəsiz ki, ifadə etdiyi hadisə ilə bağlı günlərdə yaranmış, harda isə qəlbin dərinliklərinə sığınıb qalmışdır.
Poetik, təsirli, inandırıcı sətirlərlə verilmişdir. Şeirin qüvvəti adamda bir qürur hissi oyadır, iftixarla “mən də insanam” düşünürsən.
Nazim Hikmətə yazılmış şeirin sonluğundakı ümumiləşdirmə öz-özlüyündə gözəl olduğu kimi, bütün şeirin məna ahəngində həlledici, yönəldici bir vurğu kimi səslənir. Bəlkə də o, hələ doğulmamış idi. Onun şeiri, sənəti gələcək günlərə ünvanlanmışdı. O, yazıb-yaratdığından daha artıq yaradacaqdı.
“Nəhayətsiz yol” şeirində buxarlanmış bir damlanın oyatdığı duyğular, insan ovcuna bir şeh damlası kimi düşmüş suyun həm okeanın əzəmətindən bir parça, həm də bir qızın hər gün yuyulan yeganə paltarından buxarlanan həyat qoxulu, insan ətirli bir damla olduğu nə qədər lakonik, gözəl ifadə olunmuşdur.
Əfsanəyə görə, çıraq yandırıb gündüz adam axtaran məşhur filosof Diogenin adı ilə başlanan şeir də maraqlıdır.
Şair sonda:
Çıraq olmaq istəyirəm,
Qardaşım, hey –
deyə öz dostuna müraciət edir. Çıraq! Bu günün ən böyük xarüqələrini yaradan insan adı ilə bağlı bir çıraq. Elə bir çıraq ki, qaranlıqları əridir, işıq, hərarət saçır, elə bir çıraq ki, özü yanır, ətrafdakılara yaşayıb-yaratmaq üçün geniş, işıqlı bir aləm yaradır. Hələ bu şeirdəki “Qardaşım, hey!” ifadəsi nə qədər təbii və Azərbaycan şeir ənənəsi ilə üzvi bağlıdır. Bu, bizə “Dədə Qorqud”un “Xanım, hey” ifadəsini xatırlatmırmı?
Gənc şairin göndərdiyi şeirlərin hamısı eyni qüvvədə deyil. Bu da təbiidir. Onun qələmi hələ bərkiməmişdir. Belə bir təşbeh yerli olarsa, deyərdim ki, o, üzməyi dörd yanı bağlı bir çarhovuzda öyrənmişdir: indi açıq dənizə, insan dənizinə, həyat dənizinə çıxır.
Mən onun müvəffəqiyyətinə əminəm. Çünki o, oxucuların böyük əksəriyyətində məhəbbət, qayğı görəcək. Onu anlayaraq, duyaraq, sevərək, öz nöqsanlarından və mümkün olan səhvlərdən qoruyaraq tənqid edəcəklərsə, nə qəm. Bu, ancaq onun və şeirimizin xeyrinə olar.
Uğur olsun, Vaqif. Həm adınla, həm mənsub olduğun ocaqla bağlı şair adını şərəflə daşı, usanma, yorulma. Yaz, yarat!
1963
“Ədəbiyyat və incəsənət”
(10.09.2025)
Həm rəssamlıq, həm müğənnilik…
İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
O incəsənətə uşaqlıqdan maraq göstərirdi. Bu maraq onu rəssamlığa aparıb çıxarır. Amma musiqiyə də sevgisi vardı. Musiqi ony rəssamlıqdan alır, taleyini bu sənətə bağlayır. Amma sonradan yenə də rəsm çəkməyi davam edir…
Bugünsə mərhum sənətkarın doğum günüdür, anadan olmasının 94-cü ildönümüdür.
Azərbaycan Respublikasının xalq artisti Mobil Əhmədov 10 sentyabr 1931-ci ildə Gəncədə doğulub. 1955-ci ildə Əzim Əzimzadə adına Bakı Rəssamlıq Məktəbinə daxil olub. Amma musiqi onu rəssamlıqdan qoparıb. Bir il sonra Azərbaycan Dövlət Konservatoriyasına qəbul edilib və Bülbülün sinfində oxuyub. 1961-ci ildə təhsilini başa vuraraq bir neçə ay Dövlət Radiosunun xorunda işləməyə başlayıb. Sentyabr ayında isə MkT-yə solist dəvət olunub. Elə həmin vaxtdan da qırx ilə yaxın teatrın əksər tamaşalarında əsas partiyaları ifa edib. Teatrın yetmişdən çox tamaşasında oynamaqla zəngin yaradıcılıq irsi yaradıb, bir neçə rolunu müxtəlif quruluşlarda ifa edib.
Mobil Əhmədov müxtəlif təhsil ocaqlarında pedaqoji fəaliyyət də göstərib. Sənət dostlarının yüzlərlə şarjını çəkib. Radionun fondunda 600-dən çox lent yazısı, 40 valı var. Aktyor-müğənni Azərbaycanın əməkdar artisti və xalq artisti fəxri adlarına layiq görülüb.
Klassik operettalarda və klassik milli dramaturgiya əsasında yazılmış musiqili komediyalarda oynadığı rollar:
- Sərvər və Rüstəm bəy, Əsgər ("Məşədi İbad" və "Arşın mal alan", Üzeyir bəy Hacıbəyov);
- Heydər bəy ("Hacı Qara", Mirzə Fətəli Axundzadənin eyniadlı əsəri əsasında libretto müəllifi Şəmsi Bədəlbəyli. Bəstəkarlar Ramiz Mustafayev və Vasif Adıgözəlov);
- Məhəmmədhəsən əmi ("Danabaş kəndinin əhvalatları", Cəlil Məmmədquluzadənin eyniadlı əsəri əsasında libretto müəllifi Cənnət Səlimova, bəstəkar Oqtay Kazımov).
Müasir mövzulu musiqili komediyalarda ifa etdiyi səhnə surətləri:
- Tuğay ("Bir dəqiqə", Məhərrəm Əlizadə və Hacı Xanməmmədov);
- Nadir ("Qızıl axtaranlar", Həsən Seyidbəyli və Tofiq Quliyev);
- Ayaz ("Qaynana", Məcid Şamxalov və Zakir Bağırov);
- Alay ("Gözün aydın", Məhərrəm Əlizadə və Fikrət Əmirov);
Tərcümə əsərlərində oxuduğu partiyalar:
- Zurab ("Tiflis nəğməsi", Levon Cubabiriya və Şota Milorava);
- Kote ("Keto və kote", Vladimir Dolidze);
- Elbrus ("Sevgilimin anası", Georgi Xuqayev və A. Ovanov).
Filmoqrafiya
- Qara daşlar (film, 1956)
- Aktrisanın təbəssümü (film, 1974)
- Üzeyir ömrü (film, 1981)
- Məkanın melodiyası (film, 2004)
- Cümhuriyyətə doğru üç addım (film, 2008)
- Yeni il gecəsində (film, 1958)
Mobil Əhmədov uzun sürən xəstəlikdən sonra 2006-cı il iyun ayının 3-də 75 yaşında Bakı şəhərində vəfat edib, Gəncə şəhərində dəfn olunub.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(10.09.2025)
Nərgiz Əlili "Qələm tutan incə əllər"də...
İlqar İsmayılzadə,
fəlsəfə üzrə fəlsəfə doktoru, AJB və AYB-nin üzvü, "Ədəbiyyat və incəsənət" portalının Cənub təmsilçisi
“Ədəbiyyat və incəsənət” portalı oxucularına "Qələm tutan incə əllər" layihəsində Cəlilabad ədəbi mühitinin xanım yazarları təqdim edilir. Bu dəfə isə növbədə Cəlilabad ədəbi mühitinin yeniyetmə nümayəndəsi, 12 yaşlı şair Nərgiz Əlilidir.
Qısa təqdimat:
Əlili Nərgiz Pərviz qızı (Nərgiz Əlili): 2013-cü il fevral ayının 2-də Cəlilabad rayonunun qədim tarixə malik olan Şatırlı kəndində dünyaya göz açmışdır.
2018-ci ildə Araz Qardaşxanov adına Şatırlı kənd tam orta məktəbində təhsil almağa başlamış və hal-hazırda həmin məktəbin VI sinif şagirdidir.
Nərgiz xanımın yaşı az olsa da ədəbiyyata böyük maraq göstərir. Şeir yazmaq onun üçün sadəcə bir hobbi deyil, duyğularını və düşüncələrini vərəqlərə tökərək həm özünü tanımaq, həm də dünyanı dinləməyi öyrənməkdən ibarətdir.
Şeir və poeziyada hələ yolun başlanğıcında olan bu balaca xanım hər misrası ilə bu sahədə bir addım irəliləməyə çalışır. Bu yolda ona ruh verən, sözə olan sevgisini daha da artıran insanlardan biri isə "Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyi"nin üzvü və Cəlilabad rayonu üzrə rəsmi təmsilçisi, "Həməşəra Poeziya Məclisi"nin yaradıcısı və rəhbəri, "Zərif kölgələr" ədəbi saytının idarə heyətinin üzvü, Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair-yazıçı Arzu xanım Əyyarqızıdır. Məhz bu sahədə ona verdiyi dəstəyə və göstərdiyi diqqətə görə Arzu xanım Əyyarqızına minnətdardır.
2025-ci ildə Cəlilabad ədəbi mühitinin xanım yazarları barədə ilk dəfə olaraq yazılıb işıq üzü görmüş "Qələm tutan incə əllər" kitabında onun həyat yolu və həvəskar şeir nümunələrindən danışılmış, Cəlilabad ədəbi mühitinin ən kiçik üzvü olaraq "Həməşəra" Fəxri Diplomuna layiq görülmüşdür.
Bu gün Nərgiz Əlili gələcəkdə daha böyük uğurlar qazanmaq və ədəbiyyat aləmində öz imzası ilə tanınmaq arzusu ilə yorulmadan çalışır...
Bədii ədəbiyyat nümunəsi:
Nərgiz Əlilinin qələmi ilə yazılmış bir şeirlə tanış oluruq:
"Oynayaq"
Durun gedək oynayaq,
Mən yumum siz gizlənin.
Tapım sizi sevinclə,
Həyacanla izlənin.
Durun gedək oynayaq,
Palçıqla evcik quraq.
Biş-düş edək, şənlənək,
Özümüzü biz yoraq.
Durun gedək, oynayaq,
"Əlimsəndə" deyək biz.
Qovaq bir -birimizi,
Ucalsın şən səsimiz.
Son olaraq doğma elimizin yeniyetmə şairi və bu günə kimi Cəlilabad ədəbi mühitinin sonbeşiyi sayılan Nərgiz Əliliyə uzun, sağlam, mənalı-məsud ömür, yaradıcılıq sahəsində uğurlar arzulayıram!
“Ədəbiyyat və incəsənət”
(10.09.2025)
MÜTALİƏ MƏDƏNİYYƏTİ ÜÇÜN SEÇMƏLƏR – İlqar Fəhmi, “İldırım”
Könül, “Ədəbiyyat və incəsənət”
MÜTALİƏ MƏDƏNİYYƏTİNİ NECƏ FORMALAŞDIRMALI?
“Ədəbiyyat və incəsənət” portalının təqdim etdiyi bu silsilə yazılar Azərbaycan Yazıçılar Birliyi Ədəbiyyat Fondunun Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərkib hissəsi olaraq nəşr edilir.
Sizlər üçün çağdaş yazıçı və şairlərimizin ən yaxşı ədəbi nümunələrini seçərək təqdim edəcəyik.
Azərbaycan Ədəbiyyat Fondu@
NƏSR
İLQAR FƏHMİ
İLDIRIM
(Fantasmaqorik novella)
Qurban Qurbanova ithaf
Artıq futbol cameəsinin çoxdan unutduğu məşqçi Rəsul Mirbabayev qəfil peyda olub AFFA-nın qapısını döyəndə, təbii, heç kimin ağlına da gəlməzdi ki, qarşıda ölkə futbolunu hansı sürprizlər gözləyir.
Onu AFFA-dakı yaşlı mütәxәssislәr müәyyәn qәdәr tanıyırdı. Sovet dövrünün sonlarında “Nefçi”nin ən perspektivli gənc futbolçularından idi, SSRİ dağılandan sonra bir çox idmançılar kimi Avropaya getmiş, bir neçə il orda müxtəlif klublarda oynasa da, ordakılardan özünə qarşı elə aşağılayıcı münasibət görmüşdü ki, dözməyib qayıtmış, Türkiyədə məşqçilik məktəbini bitirib, Şərq ölkәlәrindә ortabab klublarda mәşqçilik fәaliyyətiylə mәşğul olmuşdu. Әvvәl perspektivli mәşqçi kimi qәbul edilsә dә, elә dә uğur qazana bilmәmişdi. Bәzilәri һәtta onun әrәb ölkәlәrinin birindә vәfat elәdiyini düşünürdülər. Lakin sağ- salamat imiş... Yaşı əllini keçsə də, çox qıvraq vә diribaş әһvalını da saxlamışdı.
Onun tәklifi isә sәfeһ adamın sәrsәmlәmәsinә bәnzәyirdi - Siz mәnә çempionatdakı әn geridә qalan klublardan birini verin, mәn öz һeyәtimi bütünlüklə ora gәtirim vә ... nәticәsini özünüz görəcəksiz.
Tәbii ki, onun sözünә AFFA-nın vitse-prezidenti Şakir müəllim әvvәlcә ciddi yanaşmamışdı. Necə yəni öz heyətimi? Bütöv komandanı hardan gətirəcək?
Vә yalnız bundan sonra Rәsul Mirbabaјev mәcbur qalıb özüylə gәtirdiyi flaşkadan bir videomaterialı ona göstәrmәli oldu...
Şakir müəllim uzun illər əvvəl dostluq elədiyi һәmkarına yalnız һörmәt әlamәti olaraq bu videomateriala baxmağa razılıq verdi vә... peşman olmadı. Videoda yeniyetmә futolçuların iki dəstəyə bölünüb futbol oynamağı çəkilmişdi.
Oyun tərzi isə həqiqətən çox fərqli idi. Hər biri elə bil ki sözün həqiqi mənasında topla doğulmuşdular. Həm fərdi ustalıqları, həm ümumi komanda oyunu... Topla elə bil ki, janqlyorluq edirdilər. Topu ayaqlarıyla, sinələriylə, başlarıyla yox, öz istəkləriylə idarə edirdilər. Top da onların iradələrinə tam tabe olurdu...
Şakir müəllim elə bil sadəcə oyuna yox, ilahi bir idman tamaşasının fraqmentlərinə baxırdı.
Video bitəndən sonra Şakir müəllimin sual dolu baxışlarını görən qəfil qonaq öz hekayətini qısa şəkildə danışmağa başladı. Bir şərtlə ki, bu hadisə geniş ictimaiyyətdən gizli qalmalıdı.
Hekayət isə belə idi. Rəsul Mirbabayev müxtəlif ərəb ölkələrində məşqçilik edəndən sonra, doxsanıncı illərin sonlarına yaxın Dubayda məskunlaşmışdı, yerli komandaların birinə məşqçilik edərkən, komandanın prezidenti olan gənc ərəb şeyxi ilə möhkəm dostlaşmışdı. Və bir gün ona uzun müddət düşündüyü ideyasını bildirmişdi - müharibələr içində od tutub yanan Şərq ölkələrindən 7-8 yaşlı yetim uşaqları seçib yığmaq və onları dünyadan tam təcrid edərək, qapalı şəraitdə uzun illər ərzində hazırlayıb qeyri-adi, peşəkar futbol komandası yaratmaq...
Ərəb şeyxinə bu fantastik ideya maraqlı gəlmişdi. Razılaşmışdı və Rəsulun Bank hesabına on milyon dollar köçürtmüşdü.
Rəsul Mirbabayev də gənc Şeyxin yaxın adamlarının köməyi ilə bir il ərzində müxtəlif Şərq ölkələrindən, qaçqın düşərgələrindən, yetimxanalardan seçilmiş istedadlı yetim oğlan uşaqlarını yığıb gizli yollarla Türkiyəyə gətirmişdi. Dubaydan fərqli olaraq Türkiyədə gözdən uzaq bölgələr çox idi və qərara alınmışdı ki, gizli təlim-məşq bazası məhz belə ucqar yerlərdən birində qurulsun.
Rəsul Mirbabayevin ilk baxışdan amansız görünən ideyası bu uşaqları bu düşərgədə tam qapalı saxlamaq (eynən Koroğlunun Qıratı, Dürratı kimi) və on il ərzində yalnız futbol üzərində formalaşdırmaq idi....
Baza tam təchiz edildikdən sonra Rauf Mirbabayev işə başlamışdı. Bakıdakı köhnə dostlarından bir neçəsini də öz yanına çağırmışdı və bir rəhbər heyət formalaşdırmışdı. Hətta texniki heyətin, tibbi personalın da əksəriyyəti onun köhnə dostlarından ibarət idi.
Beləliklə, bu qeyri-adi eksperementə start verilmişdi. Şimali-Qafqaz, Azərbaycan, Türkiyə, İrak, Suriya, Əfqanıstan və sair yerlərdən yığılan uşaqlar qapalı şəraitdə yeni həyata başladılar.
Mirabayevin səyləri nəticəsində bir-iki ildən sonra onların keçmiş həyatları artıq unudulmaqda olan yuxu kimi görünürdü. Onlarçün reallıq yalnız yaşıl meydançadan ibarət idi. Yemək içmək və məşq. Yaşıl meydan və top... Boş qalan vaxtda isə köhnə futbol oyunlarına baxış və müzakirə...
Ara-sıra Rəsulun dostu olan gənc ərəb şeyxi də gəlirdi, uşaqların hazırlıq prossesinə baxırdı. İlk baxışdan, sıradan bir “uşaq idman klubu”nun fəaliyyətinə bənzəyə bilərdi. Lakin Rəsul Mirbabayevin ideyasının vahiməli tərəfi məhz psixoloji beyin yuyulması prossesi idi. O, uşaqlara sadəcə futbol öyrətmirdi. Beyinlərini bütün dünyəvi fikir və düşüncələrdən təmizləməyi, keçmişlərini unutdurmağı, bütün fiziki və əqli enerjini yalnız və yalnız bir istiqamətə yönəltməyi planlayırdı. Eynən orta əsrlərdəki gizli batini təriqətlərin yetişdirdiyi kimi, onun iradəsinə tam tabe olan böyük bir ailə formalaşırdı. Bu ailənin üzvləri rəhbərin iradəsinə tam tabe olub, bu ailədən kənar bütün dünyaya isə nifrət və qəzəblə baxmalı idilər. Yalnız biz - yalnız bizim dəstə, bizim ailə... vəssalam. Bütün gözəlliklər - güc, qüdrət, sədaqət, etibar, inam, qardaşlıq, dostluq, birlik, vəhdət yalnız bu ailənin içindədir. Seçilmiş varlıqlardan təşkil olunmuş bu ailənin... Bu ailədən kənar bütün dünya yırtıcı və vəhşi varlıqlardan ibarətdir. Onlara yaxın getmək olmaz, yaxın buraxmaq olmaz, inanmaq olmaz, etibar eləmək olmaz... Olmaz, olmaz... Onlara yalnız qalib gəlmək lazımdı. Amma həyatda yox, yaşıl meydanlarda...
Uzun illər boyu belə söhbətlərin təsiri altında futbol meydançası uşaqların beynində Xeyir və Şərin müharibə meydanı kimi formalaşmışdı. Onlar da bu müharibədə özlərini Xeyirin yeganə komandasının mücahidləri kimi təsəvvür edirdilər. Rəsul isə onların nəzərində az qala peyğəmbər kimi bir ilahi varlığa bənzəyirdi. Buna görə də bütün çətinliklərə dözürdülər, ən ağır məşq proseslərini həvəslə keçirdilər. Özlərini kainatda Xeyirlə Şərin son döyüşünə hazırlayırdılar.
Yetim uşaqları 7-8 yaşlarından başlayaraq bu cür robotlaşdırmaq yaxşı idimi, pis idimi, bu barədə fikirləri Rəsul öz düşüncələrindən uzaq saxlayırdı. Məqsəd vasitəni üstələyir. Məqsəd ideal saat kimi işləyən vahid bir mexanizm yaratmaq və bu ideal mexanizm vasitəsiylə ən yüksəklərə qalxmaq idi. Bu mexanizmin hər detalı, hər hissəsi öz işində mütləq ideala nail olmalı, adi idmançı bacarığını qat-qat üstələməliydi. Hər kəs vahid mexanizmin iradəsini bütün ruhuyla hiss eləməli, bir-birini sözsüz başa düşməli, yalnız bir nöqtəyə vurmalı idi. Beləcə yaşıl meydanda ideal nizam üzərində qurulan bir qələbə maşını təzahür etməliydi.
Lakin prossesin ən aktiv fazasında qəfildən bəd xəbər gəlmişdi. Rəsulun himayədarı olan Ərəb şeyxi iki dostuyla birlikdə avtomobil qəzasına düşüb, heç biri sağ çıxa bilməyib. Bu hadisədən sonra Rəsul xeyli düşünmüş və eksperementini təkbaşına davam etdirmək qərarına gəlmişdi... Onun Dubaydakı bank hesabında kifayət qədər vəsait var. Bu vəsaitin aylıq faizləri düşərgəni saxlamağa yetəcək qədərdir. Sonrasını isə düşünmək hələ tezdi.
Beləcə, Rəsul sonrakı illərdə öz fəaliyyətini müstəqil davam etdirmişdi. İstədiyinə də nail olmuşdu. Və budur, artıq komanda yetişib. Onu gün işığına çıxartmaq vaxtı çatıb.
Vitse-prezident Şakir müəllim bütün bu söhbəti dinlədikdən sonra, bir müddət susdu, Rəsulun gətirdiyi daha bir neçə videomateriala baxdı, özlüyündə analiz elədi, sonda bir neçə sual verdi - yeniyetmələr bu vaxta qədər kənar komanda ilə oynayıblar, ya yox... və niyə bunların işıqa çıxmağını elə Türkiyədə təşkil eləməyib?
Rəsul Mirbabayev də bildirdi ki, Türkiyədə son vaxtlarda bir neçə yeniyetmə yarışlarında iştirak ediblər, lakin öz güclərini tam göstərməklərinə icazə verməyib. Türkiyədə bunları ortaya çıxartmaq isə çox tez diqqəti cəlb edə bilər. Rəsul isə istəyirdi ki, komandanın Avropa meydanlarına çıxmasından öncə çox diqqət çəkməsin. Yoxsa yüksəlişə mane olanlar çox ola bilər.
Vitse-prezident düşünməkçün Rəsuldan bir neçə gün vaxt istədi, nəhayət qərara gəldi. Artıq bankrot olmaq üzrə olan və yüksək liqada yerini zorla qoruyub saxlaya bilmiş “İldırım” komandasının sahibi ilə danışıldı, razılıq alındı və komandanı yenidən qurmaq məşqçi Rəsul Mirbabayevə həvalə olundu. Yeganə çətinlik isə heç bir sənədi filanı olmayan yeniyetmələri ölkəyə necə gətirmək və onları yerli sənədlərlə təchiz eləmək idi ki, bunu da yol tapıb birtəhər həll eləyə bildilər.
Beləcə yenilənmiş “İldırım” ölkənin yaşıl meydanlarına çıxdı.
Mövsümün əvvəlində o qədər də inamlı oynamayan komanda bir müddət sonra yavaş-yavaş xal ehtiyatını artırmağa nail oldu, turnir cədvəlinin ortalarına yaxınlaşdı.
Rəsul Mirbabayev isə ara-sıra köhnə dostu olan vitse-prezident Şakir müəllimlə söhbətləşir, fikir və düşüncələrini yalnız onunla bölüşürdü. Düzdü, ilk turlarda Şakir müəllim Rəsulu danlayırdı ki komanda yaxşı oynamır, potensialını göstərə bilmir. Rəsul isə onu sakitləşdirirdi ki, hələ tezdi... Qoy kənardan elə görünsün ki, bunların ara-sıra qələbə qazanmaqları da yalnız təsadüfdür. Vaxtı çatanda hamı onların gücünü görəcək. Həm də mövsümün ilk yarısı uşaqların müxtləif fərqli komandalarla oyunlara adaptasiya dövrüdü.
Şakir müəllimin ürəyinə ara-sıra şübhələr də yol tapırdı. Bəlkə köhnə dostuna inanmaqda düz eləməyib? Bəlkə onun bütün danışıqları uydurmadı? Bəlkə bu nağıl nəsə başqa məqsədlə uydurulub?
Lakin mövsümün sonuna yaxın “İldırım” həqiqətən də bir az sürəti artırdı və Avropa liqası zonasına düşə bildi. Hərçənd, Şakir müəllimə elə gəlirdi ki “İldırım” istəsəydi ölkə çempionu olub Çempionlar liqasına da vəsiqə qazana bilərdi. Lakin Rəsul bunun əleyhinə idi. Ora diqqət mərkəzindədi. Avroliqada isə sürprizlərə öyrəşiblər. Çox diqqət çəkmədən işimizi görəcəyik.
Rəsul öz strategiyasında haqlı çıxmışdı. Komanda Avrokuboklara vəsiqə qazansa da, özünü yenə də müəyyən qədər diqqətdən kənarda saxlamağa müvəffəq olmuşdu... Futbolçular media qarşısına demək olar ki çıxmırdı, yalnız Baş məşqçi ara-sıra müsahibələr versə də, özünü təsadüfən gəlib Avrokuboklara düşən və bundan özünü itirən çaşqın bir adam kimi aparırdı. Hətta bir neçə dəfə bildirmişdi ki, nə komanda, nə də mən belə böyük yarışlara hazır deyilik.
Ölkənin idman cameəsinin diqqətinin əsas hissəsi çempionun və yuxarı yerlərdəki digər komandaların mərhələ keçmək şanslarına yönəlmişdi. “İldırım” barəsində isə ya heç danışmırdılar, ya da adı gələndə, deyirdilər ki, elə birinci mərhələdən uduzub Avrokubokları tərk edəcək.
Növbəti mövsümün əvvəlində komandanın daxili çempionatda göstərdiyi çox zəif oyun bu fikirləri sanki bir daha təsdiq edirdi.
İkinci mövsümdə bu uğursuz startın fonunda, Avrokuboklarda birinci və ikinci mərhələni keçməyi də, o qədər maraq oyatmadı. Kənardan elə görünürdü ki, komanda sanki uğurlu təsadüflərə minnətdar olmalıdı... Birində son dəqiqələrdə vurduğu qolun köməyi ilə, ikincidə isə oyunsonrası penalti zərbələri nəticəsində mərhələ adlaya bilmişdi. Ələlxüsus, rəqiblərinin zəif komandalar olduğu nəzərə alınanda, bu uğur o qədər də parlaq görünmürdü. Moldova və Kipr komandalarını udmağa nə var ki?
Yalnız pley-offda Slovakiya klubunu keçib Avropa liqasının qrup mərhəsinə düşəndə, “İldırım” barəsində qismən ciddi söhbətlər getməyə başladı. Hərçənd, yenə də diqqətin böyük hissəsi qrup mərhələsində yerini təmin eləmiş ölkə çempionunun üzərində idi, ondan daha böyük uğur gözləyirdilər, proqnozlar verirdilər, rəqiblərini analiz edirdilər. “İldırım”ın təsadüfi uğuru isə sadəcə qrup mərhələsinə ölkədən iki klubun düşməsinin futbol tariximiz üçün bir ilk olmağı üzərində idi. Axı kənardan həqiqətən də belə görünürdü ki, “İldırım”ın yenə də ard-arda bəxti gətirir. Uğurlu təsadüflər və bəxtin köməyi. Vəssalam.
Şakir müəllimsə “İldırım”ın bütün oyunlarını diqqətlə izləyirdi. Özlüyündə analiz etdikcə görürdü ki, elə bil oyunlar qabaqcadan oxşar strategiya ilə planlaşdırılır.
Əvvəlcə komanda hücumda çox dişsiz, sönük oyun nümayiş etdirir, lakin müdafiədə möhkəm dayanırdı. Hansısa məqamda rəqib onun qapısına yol tapsaydı, bir müddət “İldırım” sanki özünü itirmiş kimi görünür, elə təəssürat yaranırdı ki, yenə qollar buraxacaq. Lakin elə olmurdu. Bir müddət xaotik oyun tərzi ilə rəqibin diqqətini keyidəndən sonra, sanki bir anda ideal mexanizm işə düşür, sıxılmış yay açılır, komanda gözlənilməz şəkildə qol vuraraq hesabı bərabərləşdirir, ardıyca yenə dəqiq riyazi nizam pozulur, ideal mexanizm qırılıb dağılır, oyun yenə sönük xaotik bir məcraya düşür. Sona yaxın isə lazım olan nəticəni almaq üçün ilk baxışdan təsadüfi görünən bir qol vurulur. Vəssalam. Hamı sevinir, lakin heç kim bu uğuru nəsə qeyri-adi bir şey kimi görmür.
Vitse-prezident Rəsulla söhbətlərini xatırlayarkən, bu strategiyaya haqq qazandırırdı. Bəlkə də düz eləyir. Əgər elə ilk oyunlardan öz ideal mexanizmini, dəqiq nizamını göstərsə, kimlərsə qorxacaq, kimlərsə ehtiyatlanacaq, bu qəfil göbələklərin qabağını kəsməkçün nələrsə edəcək. Belədə isə, heç kim əhəmiyyət vermir, sən də rahat, sakitcə işini davam edirsən.
Şakir müəllim görürdü ki, deyəsən bu saat qələbə qazanmaq yox, bu qələbənin çox da diqqət cəlb edən olmamağı Rəsulun daha çox enerjisini aparır. Elə bil lazım olan yerə gedib çatana qədər öz ovcundakı qiymətli incini hamıdan bacardıqda gizlətməyə çalışırdı. Qorxurdu ki əlindən ala bilərlər. Hətta oyunçüların adları da elə idi ki, heç kimin yadında qalmırdı. Əli Quliyev, Məmməd Həsənov, Əli Məmmədov, Həsən Ağayev.. Adam əlləşsə də bunların içindən hansınınsa adını yadında saxlaya bilmirdi.
Vitse-prezident yalnız bir şeydən narazı idi - “İldırım” ikinci mövsümdə ölkə çempionatının ilk on turunda bircə qələbə də qazana bilməmişdi. Hiss edirdi ki, Rəsul bunu da qəsdən edir. Özündən soruşanda, cavab alırdı ki, uşaqların bütün diqqətini yalnız Avrokubok oyunlarına yönəltmişəm.
Axı düzgün deyil, Rəsulun köhnə dostu deyirdi, bəs gələn il nə olacaq, avrozonaya düşməsəniz, gələn il Avrokuboklarda oynaya bilməyəksiz axl? Rəsul da əlini yellədib deyirdi ki, bu ildən salamat çıxaq, gələn ili sonra fikirləşərik.
Şakir müəllimin ürəyindən ani şübhələr keçirdi ki, deyəsən heç gələn il olmayacaq...
“İldırım” qrup mərhələsinin oyunlarına da sönük başladı. Yenə eyni strategiya ilə oynadı. Az qol vurdu, əksəriyyəti də təsadüfi qollar kimi görünürdü. Amma çox qol da buraxmadı. Son tura qədər qrupda vəziyyət eləydi ki, qrup liderliyini təmin eləmiş “Roma”nı çıxmaq şərtiylə, qalan üç klubun da qrup ikincisi olmaq şansı var idi. Həm “Slovan”, həm də “Rapid” eyni xal yığmışdı, son sırada olan “İldırım” onlardan bir xal geridə idi.
Düzdü, “İldırım”ın son tura qədər şansını saxlaması inanılmaz görünsə də, oyun tərzinin sönük və solğun olması, yenə də böyük diqqət cəlb çəkməsinə mane olurdu. Ara-sıra onu sürpriz adlandırsalar da, hətta Avropa mediasında belə, yalnız təsadüflər nəticəsində bu yerə qədər gəlib çıxdığı bəyan edilirdi.
Son turda adətiycə sönük bir oyunun sonunda cərimə zərbəsindən vurulan bir qolla qrupdan çıxmağa nail olan “İldırım” yenə də müəyyən mənada əsas diqqətdən kənarda qalmağa nail ola bildi. Çünki ölkə çempionu da qrupdan çıxmışdı və medianın diqqəti də daha çox onun üzərində idi.
Əlbəttə yerli media “İldırım”ın məşqçisini də, oyunçularını da tez-tez kamera qabağına gətirirdi, Rəsul bunun qabağını tam ala bilməyəcəyinə əmin idi... Lakin oyunçular eynən meydançada oynadıqları kimi elə sönük və mənasız şeylər danışırdılar ki, bir dəfə müsahibə alan jurnalist ikinci dəfə yaxın gəlmək istəmirdi.
Təbii ki, icmalçılar, şərhçilər, idman jurnalistləri səthi də olsa, “İldırım”ın oyununu analiz edirdilər. Lakin deyilən əsas fikirlər bu idi ki, komanda öz oyununu hələ tapa bilmir, ara-sıra maraqlı kombinasiyalar, fərdi texnika nümayiş etdirə bilsələr də, çox xaotik oynayırlar, qurulan nizam tez dağılır, oyun tərzi daha çox başıpozuq xarakter daşıyır. Bir sözlə, komanda oyunu yox səviyyəsindədir. Komanda öz gücündən daha ağır bir yükün altına girib və çapalayır.
Yalnız Şakir müəllim hiss edirdi ki, bütün bunlar məqsədli şəkildə qurulub. Rəsulun komandası bu saat öz gücünü göstərməkdən daha çox gizlətməklə məşğuldur.
Qrupdan çıxandan sonra ölkə çempionu elə ilk mərhələdə “Ayaks”a məğlub olub yarışı tərk etdi, “İldırım” isə iki oyunda bir top fərqi ilə “Partizan”ı keçə bildi.
Yalnız bundan sonra ölkə mediasının diqqəti “İldırım”a yönəldi. Komandanın oyunu daha ciddi şəkildə analiz edilməyə başladı. Ara-sıra Avropa şərhçiləri də onlar barədə qısa da olsa yazılar və reportajlar hazırlamağa başladılar.
İlk öncə komandanın müdafiə xəttinin çox möhkəm olduğu ön plana çıxarıldı. Müdafiəçilərin sanki qapı qarşısında keçilməz dəmir hasar çəkdiyi təqdir olunurdu. Sanki məşqçi bütün diqqət və bacarığını müdafiə xəttinin qurulmasına yönəldib. Lakin yarımmüdafiə və hücum xəttinin çox zəif olduğu deyilir, bunun ardıyca yenə də oxşar fikirlər təkrar edilirdi - zəif rəqiblər və təsadüfi qollar. Bəxt, uğur amili... Yalnız nadir mütəxəssislər başa düşürdülər ki, bəxt bu qədər uzun müddət bir komandanın üzünə gülə bilməz, burda nəsə hiylə var.
Püşkatma nəticəsində “İldırım”ın səkkizdə bir final mərhələsindəki rəqibinin “Olimpik Lion” olacağı bilindi. Çempionlar liqasında “Çelsi”yə uduzub Avroliqaya düşən “Lion” burda ən əsas favoritlərdən biri sayılırdı. Təbii ki, ölkə mediası da öncədən “İldırım”ın böyük hesablı məğlubiyyətlə yarışı tərk edəcəyi anonsunu verirdi. Elə Avropada da eyni fikirləri yazırdılar.
Püşkatmadan sonra, məşq zamanı Rəsulla ikilikdə görüşən Şakir müəllim qəribə də olsa onun üzündə sevinc və fərəh hiss elədi. Şakir müəllim bunun səbəbini soruşanda, Rəsul bildirdi ki, bu vaxta qədər komandamın gücünü çox göstərmədən, qələbələr qazanmaq çox çətin idi. Şükürlər olsun ki, çətin də olsa, buna nail olduq. Bu vaxta qədər heç kim bizi ciddiyə almadı, əl-ayağımıza dolaşmadı, mane olmadı. İndi daha maskaları atmaq vaxtı yetişib. Daha rahat nəfəs almaq, ayaqlarımıza bağlanmış daşları açmaq olar.
Rəsul Mirbabayevin üzündəki qəribə fərəh və rahatlıq hissini Şakir müəllim məşq prossesində uşaqların sifətlərində də gördü... Simaları müxtəlif olsa da, üzlərindəki təbəssüm, gözlərindəki ifadə eyni idi. Çöhrələrində qəribə bir işıq parıldayırdı. Elə bil artıq bütün mümkün qələbələri qazanıb bütün kubokları almışdılar. Hər birində eyni ifadə, eyni işıq, eyni parıltı. Elə bil üzlərindəki ifadəni klonlaşdırmışdılar.
Şakir müəllim onların hazırlıqına mane olmamaqçün Rəsulun vaxtını çox almadı, ayrılanda yalnız onu soruşdu ki, “Lion”a qarşı hansı taktika ilə oynayacaqsan?
Rəsul Mirbabayev ani düşündü, gülümsünüb dedi ki, üç mərhələdə hamının tanıdığı üç fərqli oyun üslubu quracam, dördüncüdə isə öz oyunumuzu oynayacağıq.
Rəsul heç nə anlamadı. Nə üç, nə dörd? Axı mərhələ yalnız iki oyundan ibarət olur? Lakin bunun səbəbini soruşmağa vaxtı qalmadı. Rəsul sağollaşıb aralandı, uşaqların yanına getdi.
Şakir “İldırım”ın oyunçularının üzündə məşqdə gördüyü təbəssümün səbəbini, həm də Rəsulun dediklərinin mənasını “Lion”la səfərdə ilk oyunda anladı və heyrətə düşdü. Həm də tək o yox. İlk oyundan sonra bütün azarkeşlər eyni əhvaldaydılar.
“İldırım”ın oyunçuları elə bil həqiqətən də zəncirdən qurtulmuşdular. “Lion”un məşqçisi rəqibinin keçmiş oyunlarını analiz edib, iti bir hücum xətti qurmuşdu ki, “İldırım”ın möhkəm müdafiə xəttini sındıra bilsinlər. Lakin ilk dəqiqələrdən “Lion”un bütün taktiki gedişləri iflasa uğradı. “Lion” öz qarşısında sanki 80-ci illərin sonlarının Almaniya yığmasını görürdü.
“İldırım” bütün taktika və strategiyası, oyun tərzi ilə, həqiqətən də məşhur alman maşınını təqlid edirdi. Həm də çox yüksək səviyyədə... Fransızların bütün cəhdləri bu alman maşınının ağır təkərləri altında qalıb ovulurdu. “Lion” oyunçuları elə bil İkinci dünya müharibəsində dəmir tankın qarşısına çıxmış əliyalın fransız əsgərləri idi və atdıqları bütün qumbaralar dəmir zirehə dəyib partlasalar da, heç bir xətər yetirə bilmirdilər.
Birinci hissədə iki, ikinci hissədə isə daha bir qol vuran “İldırım” elə bir komanda oyunu göstərdi ki, çoxlarına elə gəldi ki, istəsəydi üç yox, otuz qol vurardı. Onlar oynamırdılar, sadəcə dəqiq saat kimi işləyən bir mexanizm göstərirdilər.
Bakıdakı oyun da eyni hesabla başa çatdı. “Lion”u kənarlaşdıran “İldırım” növbəti mərhələdə Diyeqo Simeonenin uzun illər rəhbərlik etdiyi “Atletiko” Madridlə üz- üzə gəlməli oldu. Simeone işə daha ciddi yanaşdı, “İldırım”ın son oyunlarını dəqiq analiz edərək, uzaq ölkədən qəfil pırtlayıb çıxmış bu yeni alman maşınının qarşısına necə çıxmaq barədə planlar qurdu.
Lakin ilk oyunda Simeonenin da bütün planları iflasa uğradı. Oyun başlayan kimi “Atletiko” oyunçuları qarşılarında klassik alman maşınını yox, 60-70-ci illərin Braziliya yığmasını gördü.
Alman mexanizmi sanki bir anda göyə sovrulmuş, yerində əsl futbol şousu göstərən Braziliya yığması peyda olmuşdu. Sadəcə fərq onda idi ki, burda Pele bir dənə yox, çox idi. Komanda sanki bir estetik futbol şousu nümayiş etdirirdi. Oyunçular futbol yox, rumbo oynayırdılar, ritmik bir rəqs göstərirdilər. Hər oyunçunun fərdi oyun texnikası, qeyri-adi fintləri, topla aktrobatik hərəkətləri, daban ötürmələri, baş üstündən zərbələri heyrət doğururdu. Oyunun sürəti də elə bil maksimum aşağı salınmışdı. Heç kim tələsmirdi. Sanki tamaşaçılara bu estetik oyundan yetərincə zövq almağa şərait yaradılırdı.
Əvvəlki oyunlardakı dəmir müdafiə xətti də qaldırılmışdı. “İldırım” oyunçuları elə bil eynən o vaxtkı braziliyalılar kimi demәk istәyirdi ki, siz nə qədər bacarırsızsa vurun, biz istədiyimiz qədər vuracağıq... İlk oyun üç-iki, ikinci oyun isə beş üç hesablı qələbələrlə başa çatdı. “İldırım” hətta hesabda geri düşəndə də, oyun tərzini dəyişmir, sürəti artırmır, eyni cür şən, estetik futbol şousu göstərirdi.
Şərhçiləri ən çox çaşdıran isə komandanın hər iki mərhələdə bir-birindən radikal şəkildə fərqli oyun tərzi nümayiş etdirməsi idi. Axı bu necə ola bilər? Eyni oyunçuların bu qədər fərqli oyun nümayiş etdirməsi ağlasığmaz görünürdü.
Yarımfinal püşkatmasında “İldırım”ın qarşısına Almaniyanın “Ayntraxt” komandası çıxdı. Klubun məşqçisi Dino Topmüller “İldırım”ın əvvəlki oyunlarını analiz edərək heyrətlənsə də, əsl alman soyuqqanlılığını qoruyub saxladı. Oyundan əvvəlki müsahibələrində də qəribə bir kinayə ilə bildirdi ki, onlar nə oynayır oynasın, özləri bilər. İstər futbol oynasınlar, istər tanqo. Biz elə öz oyunumuzu oynayacağıq.
Yalnız peşəkarlar bu kinayənin arxasında qəribə bir acizlik çaları olduğunu da hiss elədilər. Axı onun qarşısında iki müxtəlif oyun tərzi göstərən bir klub vardı. O öz komandasını bunların hansına uyğun hazırlasın? Axı bilmirdi “İldırım” bu dəfə nə göstərəcək? Ona görə də bu fikrin üstündə qətiyyətlə durdu - heç bir taktiki dəyişikliklər etmədən öz oyunlarını oynamaq.
“İldırım” isə üçüncü sürpriz edərək, bu dəfə “Ayntraxt”ın qabağına Yoһan Kroyfun vaxtındakı Holland komandası kimi çıxdı. Klassik alman maşınına qarşı hollandların total futbolu.... Maşın mexanizmində hər detal öz yerini dəqiq bilir, artıq heç nə eləmir və bu da nəticə verir. Burda isə heç kəsin konkret yeri yox idi. Hər kəs hər yerdə idi.
“İldırım” oyunçuları sürətli yerdəyişmələrlə, gözlənilməz improvizasiyalarla “Ayntraxt”ın dəqiq saat mexanizmini elə çaşqın vəziyyətə gətirmişdilər ki, oyunçuların az qala başları da hərlənirdi. Belə bir vəhşi sürəti olan oyuna hazır deyildilər. “İldırım”ın sürətli total futbolu qarşısında alman maşını cırıldayır, fısıldayır, lakin yerindən tərpənə bilmirdi. İlk oyun iki sıfır, ikinci oyun isə iki bir hesablı qələbə ilə bitdi və “İldırım” Avropa liqasının finalına çıxdı.
Əvvəlki oyunlardan sonra mətbuat konfranslarında iki kəlmə danışıb aradan çıxan Rəsul Mirbabayev bu dəfə tamam fərqli bir ampluada çıxdı. Müdrik, ağıllı, ciddi görkəmdə olsa da, eyni zamanda qəribə bir divanəlik çaları ilə sanki Avropa futbol cameəsini heyrətləndirmək məqsədi güdürdü.
Rəsul jurnalistlərin ilk suallarını kənara qoyub öz fikirlərini danışmağa başladı, bildirdi ki, dünya şər, rəzalət, zülmət dünyasıdır. Bu zülmət, şər dünyasının ortasında ilahi işıq altında yaşıl meydan var. Futbol şərə qalib gəlmək üçün yeganə döyüş meydanıdı. Bura ilahi ədalətin zəfər çala biləcəyi yeganə yerdir. Bu meydanda tam qələbə çalan, bütün şeytani rəqiblərini yenən dəstə isə bütün dünyada ədaləti bərpa edəcək, şərin kökünü kəsəcək, bütün dünyada işıq və səadət bərpa olunacaq... Tanrı kainatı, təbiəti ideal mexanizm kimi qurub. İnsanlar öz dünyalarında bu ideal düzəni pozublar. Şərə təslim olublar, bir-biriylə yola getmirlər, didişirlər, vuruşurlar. Vəhdət yoxdu. Lakin insanların içində kimsə kiçik də olsa bir ideal mexanizm, ilahi bir struktur yarada bilsə, deməli bu mexanizmin həm yaradıcısı, həm də hər bir fraqmenti öz-özlüyündə Tanrı düzəninin bir hissəsinə çevrilir və dünyanın düzəlməsinə doğru aparan yeni bir cığır açmış olur. İlahi düzənə açılan cığır məhz futbol meydançasından başlamalıydı. Bir şərtlə ki tamah, şöhrətpərəstlik, sərvət, pul, var-dövlət, intriqalar, bir sözlə insanı rəzilliyə sürükləyən bütün bu şeytani əməllər bu yaşıl meydançadan uzaqlaşdırılmalıdı. Necə ki biz bu vaxta qədər öz komandamızı bu rəzililklərdən kənar saxlaya bilmişik...
Rəsulun bu qəribə çıxışını dinləyən jurnalistlər təəccüblə baxışırdılar və anlamırdılar ki qarşılarındakı futbol məşqçisidi, ya möizə oxuyan bir keşişdi. Ya da peyğəmbər.
Rəsul Mirbabayev həmin an kameraların qarşısında həqiqətən də bir futbol peyğəmbəri kimi dayanmışdı.
Çıxışını bitirib başqa heç bir suala cavab verməyərək ayağa qalxanda Rəsul Mirbabayev qəfildən nəyisə xatırladı, yenə kameralara çönüb dedi ki, biz sizə ideala yaxın üç klassik oyun tərzi göstərdik. Başqalarının oyunlarını... Finalda isə öz oyunumuzu göstərəcəyik. Və bir də unutmayın. Bir oyunçu on dəfə ard-arda zərbə vurub qol ata bilər. Amma heç bir futboloçu on dəfə ard-arda qapı dirəyini nişan ala bilməz...
Bunu deyib çıxıb getdi. Heç kim də heç nə anlamadı. Qapı dirəyinin bura nə dəxli? Oyunçu niyə qapını yox, qapı dirəyini nişan almalıdı? Hәtta Şakir müәllim dә bu barәdә soruşanda, Rәsul söһbәti yayındırıb dәqiq cavab vermәdi.
Final öncəsi ölkədə qəribə bir ajiotaj vardı. Azarkeşlərdə “İldırım”ın bu sürprizi qəribə hiss və duyğular yaratmışdı. Elə bil bu qəfil nağıla həm inanır, həm də inanmırdılar. Çaşqınlığın əsas səbəbi isə məlumatsızlıq idi. Son һәftәlәrdә klub yenə də qapanmışdı və hazırlıqlarını gözdən uzaq bazasında keçirdirdi. Heç kim nə məşqçidən, nə oyunçulardan musahibə ala bilmir, məşq prosesindən reportajlar edə bilmir, oyunçuların keçmişi barədə məlumatlar tapa bilmirdi.
Yalnız Rəsul Mirbabayevin son mətbuat konfransındakı çıxışını müzakirə edir, deyilən fikirlərin qəribəliyinin təsiri altında çaşıb qalırdılar. Kimsə Rəsulu dahi, kimsə divanə adlandırırdı. Hətta belə söhbətlər gəzirdi ki, komandanı tamam başqa bir mütəxəssis hazırlayır, Rəsul Mirbabayev isə saxta bir fiqurdu, camaatın qabağına çıxarılmaqçün saxlanılır.
Beləcə hamı nəfəsini qısıb bu nağıl-simfoniyanın son akkordunu - finalı gözləyirdi. Avropanın qrand klublarının selesksionerləri və məşqçiləri isə əl-ayağa düşərək, burdan hansı oyunçuları transfer edəcəkləri barədə qızğın mübahisələr edirdilər. Hətta belə bir şayiə gəzirdi ki, Madridin “Real” kulubunun prezidenti istəyir ki, “İldırım”ın bütün oyunçularını məşqçisiylə birlikdə alıb, “Real-2“ klubunu tam təzələsin, özünü doğruldanları hissə-hissə əsas heyətə qatsın.
Portuqaliyanın Lissabon şəhərində keçiriləcək bu final oyununda isə “İldırım”ın qarşısına futbolun yaradıcıları olan İngiltərənin təmsilçisi - Londonun “Arsenal” klubu çıxacaqdı.
“Arsenal”ın məşqçisi müsahibələr zamanı “İldırım”la bağlı suallara cavab verərkən, maraqlı bir fikir səsləndirmişdi. Biz topçularıq, həmişə alovla, ildırımla oynamaq bizim alnımıza yazılıb...
Belәcә, Lissabondakı final oyunu başladı...
İlk hissə bitənə yaxın azarkeşlər Rəsul Mirbabayevin son mətbuat konfransındakı sözlərini yada salmağa başladılar. Dirəyə vurulan toplar barədə fikrini...
Həqiqətən də oyunda çox qəribə bir görüntü vardı. “İldırım”ın oyununda heç bir vahid üslub, dəqiq strategiya, taktika hiss olunmurdu. Elə bil ki, bugünki oyun bütün taktikalardan, strategiyalardan üstün idi. Bu da şou idi, amma başqa bir şou idi. Karusel şousu. Peşəkar idmançılar bunu yəqin ki, voleybol üslubu adlandıra bilərdilər. Qapıçıdan başqa bütün futbolçular eynən voleybolda olduğu kimi hər iki dəqiqədən bir dairəvi hərəkətlə yerlərini dəyişirdilər. Müdafiəçi on dəqiqədən sonra dövrə vurub hücumun ön xəttində mövqe tutur, sonra yenə geri qayıdırdı. Hücumçü dövrə vurub yarımmüdafiəçi, sonra da müdafiəçi olurdu və yeni mövqeyində öz işini eyni peşəkarlıqla görürdü. Braziliya üslubunda fərdi peşəkarlıq da öz yerində idi. Lakin bu hələ məsələnin əsas tərəfi deyildi. Əsas sürpriz bu idi ki, “Arsenal”ın qapısına vurulan bütün zərbələr qapı tirlәrinә dəyirdi. Nə qapıya girirdi, nə də qapıdan kənara gedirdi. Yalnız qapı tirlәri. “İldırım” oyunçuları elə bil bilyard oynayırdılar. Bəlkə də bütün dünya futbolu tarixində qapı tirləri bu qədər ağır zərbələr almamışdılar.
Fasilə zamanı bu məqamı təsadüfə yozanlar da oldu, burda bir ilahi işarə görənlər də... Uzun müddət ərzində komandanın həmişə bəxti gətirib, indi isə ən məsuliyyətli məqamda bəxt “İldırım”dan əvəz çıxır, verdiyi bütün şansları sanki geri alır, bütün zərbələr qapı tirindən geri dönür.
İkinci hissədə də eyni oyun tərzi davam elədi. “Arsenal” topçularının hücumları “İldırım”ın cərimə meydançasında boğulurdu, əks hücumlar isə mütləq şəkildə “Arsenal”ın qapı tirlәrinin silkələnməsiylə başa çatırdı.
İkinci hissənin ortalarında iş o yerə çatmışdı ki, “Arsenal”ın qapıçısı vurulan topların ardıyca heç tullanmırdı. Çünki arxayın idi ki, yenə top qapı tirinә çırpılıb qayıdacaq... Elə də olurdu. Azarkeşlər dumanlı şəkildə anlayırdılar ki, absurd görünsə də, bu detal öncədən planlaşdırılıb. Lakin səbəbini anlaya bilmirdilər. Niyә bir komanda qarşısına belә bir mәqsәd qoya bilәr ki?
Hamı nәfәsini qısıb bu qәribә oyunun nәticәsini gözlәyirdi.
Düz doxsanıncı dәqiqәdә “İldırım”ın cәrimә meydançasında müdafiәçilәrdәn biri әllә oјnadı vәһakim oyunu saxlayıb penalti tәyin elәdi. Yenәһamı һeyrәtә düşdü. Axı elә dә tәһlükәli vәziyyәt deyildi vә topun qarşısına әl uzatmağa eһtiyacјox idi.
Penalti vurulanda “İldırım”ın qapıçısı elәcә dayanıb gülümsәyәrәk rәqib oyunçusuna baxdı.
Elә bil “İldırım” nümayişkaranә şәkildә “Arsenal”a bir qol һәdiyyә elәmişdi...
Niyә axı? Bәlkә komanda daһa bir möcüzәgöstәrmәk istәyir? Әlavә olunmuş 4 dәqiqәdә bir neçә qol vurub, qәlәbә çalmaq istәyir?
Amma Rәsul Mirbabayevin planı deyәsәn başqa idi. Әlavә olunmuş vaxtın son saniyәlәrindә “İldırım” sәlis vә sürәtli bir һücumla “Arsenal”ın müdafiә xәttini yardı, cәrimә meydançasına daxil olan һücumçu isә topa Roberto Karlosun da qibtә edәcәyi çox qüvvәtli bir zәrbә vurdu vә... Top doqquzluğun üstündә dirәyin küncünә elә möһkәm çırpıldı ki, qapı tirlәri birlәşәn yerindәn qopub bir anda şaqqıltıyla sınıb dağıldılar...
Elə o andaca Rəsul Mirbabayevin dəli qəhqəhəsi bütün stadiona yayıldı...
Hamı şok içindә idi. Bu nә zәrbә idi? Vә niyә mәһz qapı tirlәrinin birlәşәn yeri nişan alınmışdı? Bu nә mesaj, nә ideya idi?
Bu barədə düşünməyə artıq vaxt qalmamışdı. Hakim heç qapını dəyişməyə də icazə vermədi. Onsuz da oyunun son saniyələri idi. Bir də niyə bu qədər gözləyəydilər ki...
“Arsenal”ın qapıçısı topu oyuna daxil edən kimi, hakim final fitini səsləndirdi və oyun bitdi. Ən maraqlısı bu idi ki “Arsenal”ın çaşqın oyunçuları qələbə çaldıqlarına hələ də, tam əmin deyildilər.
Nəhayət, tribunaların hay-küyü sanki oyunçuları yuxudan oyatdı, topçular başa düşdülər ki, UEFA kubokunun bu qəribə finalında qalib gəliblər.
Mükafatlandırmadan sonrakı mətbuat konfransında Rəsul Mirbağırov yalnız bir söz dedi - Biz bal arısıyıq. Yalnız bir dəfə sanca bilirik. Həm də biz çərçivədən qol keçirdən yox, çərçivələri sındıran bir komandayıq... -sözünü dedi və çıxıb getdi.
Oyun haqqında müzakirələr isə hələ bir müddət davam elədi. Ən çox da məhz qapı tirlərinə vurulan zərbələr müzakirə olunurdu. Bir oyunda qapı tirinə 48 zərbə dəymişdi. 49-cu isə qapı üçün ölümcül olmuşdu.
Oyunun ertəsi günü Rəsul Mirbabayev Lissabonda icarə götürdüyü iri katerə komandanı yığıb yüngül bir dəniz səyahətinə çıxdı. Ölkəyə qayıtmazdan əvvəl oyunçuların bir az istirahət eləməyi üçün.
...Və gəmi bir gün sonra yoxa çıxdı.
Kimsə dedi Afrikaya gediblər, kimsə dedi Amerikaya, kimsə dedi Şərq ölkələrinə...
Katerin yoxa çıxmağından bir həftə sonra AFFA-nın icraiyyə komitəsinə Rəsul Mirbabayevin adından bir mesaj daxil oldu.
“Ildırım çaxdı, itdi. Bu rəzil dünya ilahi oyun üçün hələ hazır deyil. Biz dünyaya ilahi oyunun necə olduğunu göstərdik. İndi isə yoxa çıxmaq vaxtıdı... Özünüzü yaxşı aparsanız, yenə qayıda bilərik...”
Bununla da nağıl bitdi.
Azarkeşlər arasında isə uzun müddət Rəsul Mirbabayevin son müsahibəsindəki fikirlər müzakirə olunurdu - Bir oyunçu on dəfə ard-arda zərbə vurub qol ata bilər. Amma heç bir futboloçu on dəfə ard-arda qapı dirəyini nişan ala bilməz... Həm də biz çərçivədən qol keçirdən yox, çərçivələri sındıran bir komandayıq.
“Ədəbiyyat və incəsənət”
(10.09.2025)


 
				     
				     
				     
				     
				     
				     
				     
				     
				     
				    