İnci Məmmədzadə,
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
10 mart 1965-ci ildə Azərbyacan Yazıçılar İttifaqının binasında görünməmiş hadisə baş verdi. Bir yazıçının haqsız və əsassız ittihamları o qədər ifrat həddə çatdı ki, Azərbaycan Yazıçılar İttifaqının birinci katibi Mehdi Hüseynin ürəyi dözmədi, partladı. Sovet quruluşunda vicdanlı yazıçıları yalançıların, donosbazların, üzəduranların vasitəsilə həm də çərlədib öldürmək var idi...
Xalq Yazıçısı Mehdi Hüseyn (Hüseynov) 22 mart 1909-cu ildə Qazax rayonunun II Şıxlı kəndində ziyalı ailəsində anadan olub. 1929-cu ildə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirib. 1938-ci ildə Moskvada Dövlət Kinematoqrafiya İnstitutunun nəzdində akademiya tipli kinossenariçilər kursunu bitirib. O, müxtəlif illərdə Azərbaycan Yazıçılar İttifaqının birinci katibi, SSRİ Yazıçılar İttifaqının katibi kimi məsul vəzifələrdə çalışıb.
Həmçinin Mehdi Hüseyn keçmiş SSRİ və Azərbaycan Ali Sovetlərinə deputat seçilib. O, öz fəaliyyətinə hekayə ilə başlayıb, ilk hekayəsi 1927-ci ildə nəşr edilib. İlk irihəcmli əsərlərinə məhəbbət mövzusunda yazdığı "Kin" povesti və siyasi motivli "Daşqın" romanı aiddir. 1930-cu illərin hadisələrini əks etdirən "Tərlan" romanı da onun qələminin məhsuludur.
Müharibə mövzusunda isə "Nişan üzüyü" hekayəsini, "Fəryad" və "Ürək"povestlərini yazıb. 1948-ci ildə Bakı neftçilərinin bədii obrazını "Abşeron" romanında əks etdirib. Yazıçının tarixi mövzulu dram əsərlərində: "Cavanşir", "Nizami", "Şamil" görkəmli şəxsiyyətlərin obrazları hazırlanıb. M. Hüseyn şəxsiyyətə pərəstiş dövrünün acınacaqlı təsvirini "Yeraltı çaylar dənizə axır" romanında bədii şəkildə, sənətkarlıqla əks etdirə bilib.
O, Azərbaycan yazıçısı, dramaturq, tənqidçi, ictimai xadim, Azərbaycan xalq yazıçısı və SSRİ Dövlət mükafatı laureatıdır. Azərbaycan Dövlət Universitetinin pedaqoji fakültəsinin tarix şöbəsini və Moskvada Dövlət Kinematoqrafiya İnstitutu yanında akademiya tipli kinossenariçilər kursunu bitirib.
İlk dönəmlərdə ona Azərbaycan Proletar Yazıçıları Cəmiyyətinin məsul katibi, Azərbaycan Sovet Yazıçıları İttifaqı Təşkilat Komitəsinin məsul katibi kimi vəzifələr də həvalə edilib.
Yaradıcılığa müxbir yazıları ilə başlayıb.
İlk tənqidi məqaləsi ("Bizdə futurizm cərəyanı") 1926 ildə, ilk hekayəsi ("Qoyun qırxımı") isə 1927 ildə dərc edilib. "Bahar suları" (1930), "Xavər" (1930) kitablarındakı hekayələrdə Azərbaycan kəndində yeni həyat uğrunda mübarizənin səciyyəvi epizodları, dövrün koloriti əksini tapıb. "Tunel" (1927), "Qan intiqamı" (1928), "Kin" (1935), "Daşqın" (1933–36) romanında Mehdi Hüseyn fərdi xüsusiyyətləri ilə seçilən sujetlər yaradıb.
Azərbaycan ədəbiyyatında ilk tarixi povest olan "Komissar"da (1942–49) pəşəkar inqilabçı M. Əzizbəyovun surəti ön plana çəkilib. Əlbəttə ki, o dövrdə Əzizbəyov pərəstiş edilən şəxsiyyətlər sırasına ucalmışdı. Yalnız müstəqillik dönəmindən sonra tariximizə taxılan maskalar çıxardıldı.
Mehdi Hüseynin ən mühüm tarixi əsəri olan "Səhər" (1953), "Tərlan" (1940), "Vətən çiçəkləri" (1942), "Moskva" (1942), "Ürək" (1945), "Fəryad" (1945) əsərlərində vətənpərvərliyin qüdrəti, adamların mərdliyi və qəhrəmanlığı tərənnüm olunur.
Neftçilərin həyatından bəhs edən "Abşeron" (1949), müəyyən mənada onun davamı olan "Qara daşlar" (1957–59) və ölməz "Yeraltı çaylar dənizə axır" (1965–1966) romanları ictimai, mənəvi əxlaqi problemlərə cəsarətli müdaxilə baxımından diqqətə layiqdir.
Mehdi Hüseyn dramaturq kimi də tanınıb. O, dram yaradıcılığına "Şöhrət" pyesi ilə başlayıb. "Nizami" və "Cavanşir" tarixi dramlarında Azərbaycan xalqının vətənpərvəliyi, qəhrəmanlıq ənənələri əks olunub. "Alov", "İntizar" (1944, İ. Əfəndiyevlə birgə), "Şamil" və "Qardaşlar" pyesləri, habelə xatirələri, yol qeydləri "Bir ay və bir gün", gündəlikləri var.
"Şair", "Fətəli xan" (1947, Ə. Məmmədxanlı ilə birgə), "Səhər", "Qara daşlar" kino ssenarilərinin müəllifidir. Mehdi Hüseyn tənqid və publisistika sahələrində də fəaliyyət göstərib. Onun əsərləri bir sıra xarici dillərə tərcümə olunub. Adına Bakıda küçə, Qazax rayonunda məktəb-lisey var.
Kitabları
- Mehdi Hüseyn. Seçilmiş əsərləri: I cild – Hekayələri, "Yeraltı çaylar dənizə axır" romanı
- Mehdi Hüseyn. Seçilmiş əsərləri: II cild – "Abşeron" romanı
- Mehdi Hüseyn. Seçilmiş əsərləri: III cild – Pyesləri, ədəbi-tənqidi məqalələri.
Filmoqrafiya
- Şair
- Fətəli xan (Ənvər Məmmədxanlı ilə birgə)
- Qara daşlar
- Səhər
- Mənim dostum
- Mehdi Hüseyn
- Vulkana doğru
- Alov
- Bizim qəribə taleyimiz
- Üç zirvənin fatehi
Elçin Şıxlı müsahibələrinin birində deyir: “Atam danışırdı ki, 1960-cı illərin əvvəllərində Mehdi Hüseyn Türkiyədə səfərdə olur və həmin səfərdən qayıdandan sonra belə bir əsər yazır – “Bir ay və bir gün”. O, atama Əliağa Şıxlinskiyə görə, paşam deyirdi. Mehdi əmi siqareti müştüklə çəkərdi. Səfərdən həmən sonra görüşəndə atam onun yaman dalğın və həyəcanlı olduğunu görəndə soruşub ki, Mehdi müəllim, nə olub? O da cavabında papirosunu tüstüləndirib, paşam, mən həyatımı, deyəsən, səhv yaşamışam, deyib…”
Bax bu, həqiqətləri bilmədən Məşədi Əzizbəyov kimilərə əsər həsr etməyin səhv olduğunu anlamaq demək idi.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(10.03.2026)


