Super User
Payızı sevmək, ya sevməmək ? – EKSPRESS SORĞU
Aynur İsmayılova, “Ədəbiyyat və incəsənət"
Portalın əməkdaşlarının cavablandırdıqları növbəti ekspress-sorğu hazırda sərin-ilıq günlərini yaşadığımız payız fəsli ilə bağlıdır. Payızı niyə sevmək, yaxud niyə sevməmək?
Niyə hər şeyin ya sevdiyimiz, ya da sevmədiyimiz tərəfi var?
Bəlkə də insan bir şeyi həm sevir, həm də sevmir. Məsələn, payızı...
Payız — çoxunun pəncərə önündə dayanıb ətrafı seyr etdiyi bir fəsildir. Toxunmadan, saçlarını oxşayan xəfif rüzgarı hiss etmədən, yağışın qoxusunu ciyərlərinə çəkmədən, sadəcə uzaqdan baxaraq izlədiyi fəsildir.
Payız — bəzilərinin rahatlıq tapdığı mövsümdür. Yarpaqların xışıltısında sakitlik, yağışın səsində düşüncələr gizlənir. Payızın dəyişkənliyi sanki insanın ruhunu da təzələyir.
İnsan payızı həm sevər, həm də sevməz. Sevdiyi — onun sakitliyi, gətirdiyi rahatlıqdır. Sevmədiyi isə bəzən bu səssizliyin içində öz səsini duymasıdır. Payızın səssizliyi həm rahatlıq, həm də narahatlıq doğurar. Ona görə payız duyğuların fəslidir — o, bizim içimizdəki xatirələrin səsi, yeniliklərin xəbərçisidir.
İnsan bu fəslə baxanda həm gülümsəyir, həm də ah çəkir. Çünki payız, insanın içindəki özüylə rastlaşdığı mövsümdür...
“Ədəbiyyat və incəsənət”
(30.10.2025)
Obrazlar qalereyası çox rəngarəng olan aktyor və rejissor
İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Teatr və kino sahəsində həm altyr kimi, həm də rejissor kimi fəaliyyət göstərmək gərgin əmək, konsentrasiya və peşəkarlıq tələb edir. Bu sahədə külüng döymüş Hilal Həsənovun bu gün anım günüdür.
Hilal Həsənov 10 sentyabr 1943-cü ildə Gəncə şəhərində anadan olub. 1959-cu ildə Gəncə şəhəri 20 saylı tam orta məktəbi bitirib. Həmin ilin oktyabr ayının 1-də Gəncə Dövlət Dram Teatrının yardımçı heyətinə aktyor kimi qəbul olunaraq əmək fəaliyyətinə başlayıb. Sənətə olan məhəbbəti onu 1962-ci ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun rejissorluq fakültəsinə gətirib. İnstitutda təhsil alarkən onun sənət müəllimi və kurs rəhbəri Rza Sarabski olub. Hilal Həsənov 1963–1966-cı illərdə hərbi xidmətə çağrıldığından ali təhsilini 1970-ci ildə bitirə bilib.
Azərbaycan Dövlət Akademik Musiqili Teatrında suflyor, rejissor köməkçisi və rejissor assisenti kimi də fəaliyyət göstərib. Bu teatrın səhnəsində 27 sentyabr 1969-cu ildə səhnəyə qoyulan dramaturq Asif Zeynallı və bəstəkar Nəriman Məmmədovun "Məmmədəli kurorta gedir…" pyesinin tamaşasında quruluşçu rejissor Səftər Turabovun və 7 mart 1970-ci ildə dramaturq Şıxəli Qurbanovla bəstəkar Süleyman Ələsgərovun "Sevindik qız axtarır" pyesinin tamaşasında quruluşçu rejissor Şəmsi Bədəlbəylinin assisenti olub.
Burada diplom işi üçün dramaturq Məhərrəm Əlizadə və bəstəkar Ağası Məşədibəyovun "Toy kimindir?" musiqili komediyasının quruluşu ona tapşırılıb. O, rəssam Adil Quliyev və dirijor Kamal Abbasovla birlikdə tamaşanı 1970-ci il iyulun 4-də uğurla təhvil verə bilib. Daha sonra o, 1971–1975-ci illərdə İrəvan Dövlət Azərbaycan Dram Teatrında aktyor və rejissor olaraq çalışıb.1975–1977-ci illərdə Moskvada Vaxtanqov adına Akademik Dram Teatrında təcrübə keçib. Təcrübə müddəti başa çatdıqdan sonra Gəncə Dövlət Dram Teatrına gəlib. O, burada səhnə fəaliyyətinə aktyor olaraq başlayıb.
Belə ki, H. Cavidin "Səyavuş"da Birinci məmur, C. Cabbarlının "Nəsrəddin şah"da İkinci silahlı, Ə. Məmmədxanlının "Şərqin səhəri"də Fəhlə, A. Məmmədovun "Həmyerlilər"də Gənc, Ə. Yusiflinin "Ürək sevərsə"də Poçtalyon, İ. Coşqunun "Komsomol poeması"da Şahsuvar, Y. Əzimzadənin "Anacan"da Qulu və başqa obrazlarını böyük ustalıqla yarada bilib.1986-cı ilə kimi burada aktyor və rejissor kimi fəaliyyət göstərib.
Gəncə Dövlət Dram Teatrının səhnəsində V. Şukşinin "Diribaş adamlar", İ. Coşqunun "Komsomol poeması", S. Rəhmanın "Xoşbəxtlər", S. Qədirzadənin "Gözəllik ondur…", Q. Rəsulov və Ə. Şərifovun "Molla Nəsrəddin zarafatları", Y. Əzimzadənin "Anacan", M. Qorkinin "Qoca", R. Əlizadənin "Doğmalar", O. Zaqradnikin "Zəngli saat", K. Vəliyevin "Üçtelli durna", L. Rəşidzadənin "Toya üç gün qalmış", C. Cabbarlının "1905-ci ildə", U. Şekspirin "III Riçard", E. Radzinskinin "Sokratla söhbətlər", İ. Şıxlının "Odlu çarpazlar", F. Əlyarbəylinin "Qonşular", N. Həsənzadənin "Atabəylər", N. Gəncəlinin "Səadət yağış deyil" və digər quruluşları maraqla baxılan səhnə traktofkalarındandır.
1979-cu ilin payızında Gəncə Dövlət Dram Teatrının bazasında yaradılan "Zərrabi" Nizami Poeziya Teatrının 1979–1990-cı illər ərzində repertuar zənginliyinin təmin olunmasında məhz rejissor olaraq Hilal Həsənovun xidmətləri əvəzsiz olub. Bu teatrın səhnəsində Nizami Gəncəvinin əsərləri əsasında özünün səhnələşdirdiyi "Xarəzm gözəli haqqında əfsanə", "Ədalət sorağında", "Qılıncla gələn, qılıncla ölər" pyeslərinə uğurlu səhnə həyatı bəxş etməklə müasir və maraqlı rejissor traktofkası ilə diqqəti cəlb edə bilib.
İstedadlı rejissor Hilal Həsənov 30 oktyabr 2019-cu il tarixində 76 yaşında İstanbulda vəfat edərək orada dəfn olunub.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(30.10.2025)
Azərbaycan oğlu – Məmmədbağır Bağırzadə
İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Bu gün müğənni Məmmədbağır Bağırzadənin anım günüdür. İyulda anadan olmasının 75 illiyini qeyd etmişdik, bu günsə vəfatının 20 illiyidir.
Məmmədbağır sovet dönəmində ən çox sevilən iki kişi müğənnidən biri olubdur, televiziya və radio, konsert salonları pz qapöılarını laybalay üzünə açıbdır. Toylarda ən çox tələb edilən olubdur. Onun musisi pasporu isə “Azərbaycan oğluyam” mahnısı hesab edilə bilər.
Azərbaycanın xalq artisti Məmmədbağır Bağırzadə 21 iyul 1950-ci ildə Bakının Nardaran kəndində dünyaya gəlib. Onun sənət yolu toylardan və el şənliklərindən başlayıb. O adətən öz mahnılarını oxusa da, klassik, müasir bəstəkar və şairlərin yaradıcılığına müntəzəm müraciət edib. Xüsusilə də, şairə Zivər Ağayeva ilə qurduğu yaradıcılıq əlaqələri nəticəsində Azərbaycan milli musiqi sənətinə çox sayda gözəl mahnılar bəxş edib.
Məmmədbağır Bağırzadəni televiziyaya gətirən və onun yaradıcılığında xüsusi rol oynayan bəstəkar Ələkbər Tağıyev olub. Müğənninin repertuarına Oqtay Kazıminin, Nəriman Məmmədovun, Tahir Əkbərin və digərlərinin mahnıları da aiddir.
Repertuarı
1. Tello musiqi: Oqtay Kazımi, sözlər: Vahid Əziz
2. Bağban — musiqi: Ş. Fazil
3. Nəvə — musiqi: Zivər Ağayeva
4. Muğam
5. Dilkeş təsnifi
6. Naz-naz
7. Dözə bilmədim
8. Qudam
9. Can Azərbaycan
10. Səməni nazlı gəlin (Şəkərbura-paxlava) — söz və musiqi: Məmmədbağır Bağırzadə
Müğənni 30 oktyabr 2005-ci ildə Bakı şəhərində vəfat edib. Nardaran qəbristanlığında dəfn edilib.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(30.10.2025)
Məşhur “Cücələrim”i o yazıb
İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Mahnı janrında musiqi tariximizdə ad qoyan bəstəkarlar az olmayıbdır. Mahnıları illər ötsə də dinlənilir, dəbdən düşmür. Nəğməkar şairlər isə azdır, şeirlərinə ardıcıl mahnılar bəstələnən belə şairlərdən biri –çox məşhurudur haqqında söhbət açdığımız şəxs. Bu gün onun anım günüdür. Onun – Tofiq Mütəllibovun.
Tofiq Mütəllibov 1929-cu il aprel ayının 13-də Naxçıvan şəhərində anadan olub. 1958–1963-cü illərdə Azərbaycan Dövlət Universitetində (indiki BDU) təhsil alıb. Onun 1946-cı ildə "Zəfər" adlı ilk şeiri "Azərbaycan pioneri" qəzetində çap olunub. O, "Pioner" jurnalında məsul katib, Televiziya və Radio Verilişləri Komitəsində redaktor, böyük redaktor, "Azərbaycan pioneri" qəzetində şöbə müdiri vəzifələrində çalışıb. Sonra isə "Azərbaycan gəncləri" qəzetində işə başlayan Tofiq Mütəllibov ömrünün sonuna kimi burada işləyib. XX əsrin 50-ci illərindən şair kimi diqqət çəkən Tofiq Mütəllibov 30-a yaxın kitabın müəllifidir.
"Görüş", "Şeirlər", "Bəxtiyar balalar", "Gözəllikdən doymur ürək", "Sənin xətrinə", "Danışan çiçəklər", "Mənim əzizlərim", "Görüş yerimiz" və başqa kitabları ilə oxucu rəğbəti qazanan Tofiq Mütəllibovun pərəstişkarlarına son töhfəsi ölümündən bir qədər əvvəl çap edilən "Sevənlərin ürəyi" adlanır. Azərbaycanın məşhur bəstəkarlarının əksəriyyəti şairin yaradıcılığına müraciət edib, onun sözlərinə bəstələnən mahnılar seviləsevilə dinlənilib.
Tofiq Mütəllibov bəstəkar Qənbər Hüseynli ilə birlikdə Azərbaycan musiqisinə "Cücələrim" mahnısını bəxş edib. "Cücələrim"in 60-dan çox yaşı var. Mahnının mətni bir çox xalqların dillərinə tərcümə olunaraq ifa edilib. Tofiq Mütəllibov uşaqların psixologiyasını çox yaxşı bildiyinə görə qələmindən çıxan şeirlər dillər əzbərinə çevrilib.
Əsərləri bir sıra teatrlarda səhnələşdirilib. 1981-ci ildə Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında "Meşə nağılı" (1982), "Danışan qayalar" pyesləri, 1984-cü ildə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında isə "Cücələrim" alleqorik pyesi tamaşaya qoyulub. 1968-1990-cı illərdə SSRİ Yazıçılar İttifaqının Uşaq və Gənclər ədəbiyyatı şurasının üzvü olub. 1970-ci ildə SSRİ-Çexoslovakiya Dostluğu Cəmiyyəti Azərbaycan şöbəsi İdarə Heyətinin üzvü seçilib. 1955-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü olub.
1986-cı ildə Azərbaycan Yazıçılar İttifaqı Təftiş Komissiyasının üzvü seçilib. 1988-ci ildə “Ədəbiyyat və incəsənət” qəzeti redaksiya heyətinin üzvü seçilib. 1989-cu ildə Azərbaycan SSR-nin Əməkdar incəsənət xadimi fəxri adına layiq görülüb, bir neçə dəfə Azərbaycan SSR-nin Ali Soveti Rəyasət Heyətinin Fəxri fərmanı ilə təltif edilib. Görkəmli şair Tofiq Mütəllibov 1992-ci il oktyabr ayının 30-da vəfat edib.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(30.10.2025)
Qədim miniatürlərimizə yeni baxış sərgiləyən rəssam
İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
"Uzun illər ərzində öz tükənməz yaradıcılıq potensialını dəzgah və kitab qrafikası sahəsində istifadə edən rəssamın son illər qədim miniatür sənəti ənənələrinin yeni forma-biçim və bədii-estetik tutumda dirçəldilməsinə səy göstərməsi çox diqqətçəkəndir. Onun bu yöndə milli folklora, adət-ənənəyə, maddi-mədəniyyət nümunələrinə həsr etdiyi silsilə rəsmləri qədim miniatürlərimizə yeni və yaradıcı baxış hesab etmək olar."
Sənətşünas Ziyadxan Əliyev.
Arif Hüseynov 1943-cü ildə Bakının Qala kəndində anadan olub. 1960–62-ci illərdə Əzim Əzimzadə adına Rəssamlıq məktəbində orta ixtisas, 1965–72-ci illərdə isə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində ali təhsil alıb. Arif Hüseynovun əsərləri hal-hazırda Azərbaycan Milli İncəsənət Muzeyində, Moskva Dövlət Şərq Xalqları İncəsənət Muzeyində, Azərbaycan Dövlət Rəsm Qalereyasında, həmçinin şəxsi kolleksiyalarda saxlanılmaqdadır. 1975-ci ildən Rəssamlar İttifaqının üzvüdür. 40 ildən artıqdır ki, ardıcıl olaraq yaradıcılıqla məşğuldur. Bu dövrə kimi əsasən dəzgah və kitab qrafikası ilə məşğul olub.
Fərdi sərgiləri
1. "100 illüstrasiya", Baku-Moskva
2. "Daikokuya" qalereyası, Tokio, Yaponiya
3. Galerie Berlin-Baku, Berlin
4. "Azərbaycan Nağılı" Bakı
5. M. Ə. Sabir "Hophopnamə" Bakı
Mükafatları
1. Azərbaycan Respublikasının əməkdar rəssamı
2. Sənət uğurlarına görə "Humay" mükafatı
3. Azərbaycan Respublikasının xalq rəssamı
4. Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü
5. "Şöhrət" ordeni
2015-ci ildə Azərbaycan televiziyasında istehsal olunan "Arif Hüseynov. Taleyimin cizgiləri" adlı qısametrajlı sənədli televiziya filmi həsr olunub.
“Ədəbiyyat və incəsənət”
(30.10.2025)
Dramaturqlarımız azdır, qədirlərini bilək
İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Həqiqətən də bizim dramaturqlarımız çox azdır, onların qədirlərini bilək gərək. Bir zamanlar İlyas Əfəndiyev, Sabit Rəhman, lap öncələr Cəfər Cabbarlı, lap öncələr Mirzə Fətəli Axundov... İndi bəs kim? Mən ha düşündüm, sırf bu sahədə külüng döyən tək elə Əli Əmirlini tapa bildim. Bir də gənc istedad Ülviyyə Heydərovanı.
Əli Əmirli 1948-ci il oktyabrın 30-da Ağdam rayonunun Novruzlu kəndində anadan olub. Ağdam şəhərində 1 saylı orta məktəbi bitirdikdən sonra Bakıda Elektrik maşınqayırma zavodunda fəhlə işləyib, eyni zamanda Azərbaycan Dövlət Universitetinin fılologiya fakültəsinin axşam şöbəsində təhsil alıb. Fəhlə işlədiyi 4 il ərzində zavodun çoxtirajlı "Elektrik" qəzetində oçerk və hekayələri ilə çıxış edib.
1971-ci ildə "Qızıl Şərq" mətbəəsində korrektor vəzifəsində işləyib. 1971-ci ildən 2006-cı ilədək Əli Əmirli Azərbaycan Dövlət Plan Komitəsinin Elmi-tədqiqat, elmi-texniki informasiya institunda əvvəl ədəbi redaktor, sonra redaksiya-nəşriyyat şöbəsinin müdiri, daha sonra direktor müavini vəzifələrində çalışıb. 1974–1975-ci illərdə ali təhsili başa vurduqdan sonra əsgəri xidmətdə olub, leytenant rütbəsi ilə tərxis edilib.
Əli Əmirli əmək fəaliyyəti ilə paralel olaraq ədəbi yaradıcılıqla məşğul olub, hekayə, povest və romanları ilə "Azərbaycan", "Ulduz", "Literaturnıy Azerbaydjan" jurnallarında çap olunub, kitabları dövlət nəşriyyatlarında nəşr edilib. 1981-ci ildən Azərbaycan Yazıçılar İttifaqının (AYB) üzvüdür. Yeddi il Birliyin dramaturgiya seksiyasına rəhbərlik edib. 2021-ci ildən Birliyin idarə heyətinin üzvüdür.
1990-cı ildən başlayaraq Əli Əmirli yaradıcılığını dramaturgiyaya yönəldib. Onun 30-dan çox səhnə əsəri ölkənin, demək olar ki, bütün teatrlarında və 10-a yaxın xarici ölkə teatrında tamaşaya qoyulub. Ölkənin baş teatrı olan Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının son 30 illik repertuarında Əli Əmirli imzası görünməkdədir. Dramaturq 2003-cü ildən Azərbaycan Teatr Xadimləri İttifaqının üzvüdür.
2000-ci ildən başlayaraq Əli Əmirli Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində elmi-pedaqoji fəaliyyətə başlayıb, əvvəl müəllim, baş müəllim, dosent, professor vəzifələrində çalışıb, gələcək kinoşünaslara və kinodramaturqlara dramaturgiyanın sirlərini təlim edib. 2018-ci ildən Kinoşünaslıq və ekran dramaturgiyası kafedrasının müdiri, professorudur.
Əli Əmirli 1971-ci ildən ədəbi yaradıcılıqla məşğul olur. Bu illər ərzində onun onlarla hekayəsi, povest və romanları dövri mətbuatda, o cümlədən "Azərbaycan", "Ulduz", "Literaturnıy Azerbaydjan" jurnallarında dərc
edilib. "İldırımötürən", "Axirətdən qabaq gəzinti", "Haram", "Meydan", "Sonalar gölü", "Bir il", "Ərizə", "Tapança", "Ölü doğan şəhər" kimi roman və povestlərin və iyirmidən yuxarı hekayənin müəllifidir.
Kitablar
1. Bir qış günü (hekayələr)
2. Yeddi hekayə
3. İldırımötürən (povest)
4. Axirətdən qabaq gəzinti (roman)
5. Haram (roman və povest)
6. Meydan (roman)
7. Ölü doğan şəhər (roman)
Pyeslər
1. Ərizə
2. Meydan
3. Tiran və aktyor
4. Ağqoyunlular və Qaraqoyunlular
5. Bala bəla sözündəndir?
6. Xoşbəxt gün
13 dekabr 2023-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin 100 illiyi münasibətilə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülüb.
“Ədəbiyyat və incəsənət”
(30.10.2025)
Türk dünyası məşhurları – MAHMUD QƏZNƏVİ
Nigar Xanəliyeva, “Ədəbiyyat və incəsənət”
Türk Mədəniyyəti və İrsi Fondu ilə Azərbaycan Ədəbiyyat Fondunun “Ədəbiyyat və incəsənət” portalında yayımlanan Türk dünyası məşhurları layihəsində bügünkü təqdimat Sultan Mahmud Qəznəvi barədədir.
XI əsr Türk-İslam sivilizasiyasının yüksəliş mərhələsidir. Bu dövrdə türk xalqları yalnız hərbi qüvvə kimi deyil, həm də dini, mədəni və elmi inkişafın aparıcı daşıyıcısı kimi çıxış edirdilər. Bu yüksəlişin ən parlaq simalarından biri Sultan Mahmud Qəznəvi(971–1030) olmuşdur. O, Qəznəvilər dövlətinin banisi, həm də İslam aləminin ilk böyük türk hökmdarı kimi tarixə düşmüşdür. Onun fəaliyyəti həm dövlətçilik və hərbi strategiya, həm də mədəniyyət və elmi himayəçilik baxımından mühüm tarixi mərhələ təşkil edir.
Mahmud Qəznəvi 971-ci ildə Qəznədə (indiki Əfqanıstan) doğulmuşdur. Atası Sebük Tigin Səmənilər dövlətinin sərkərdəsi olmuş və 977-ci ildə Qəznə vilayətini ələ keçirərək müstəqil hakimiyyət qurmuşdur. Mahmud atası Sebük Tiginin ölümündən (997) sonra taxta çıxaraq Qəznəvilər dövlətini imperiyaya çevirmiş, paytaxtı Qəznə şəhəri etmişdir.
Mahmud Qəznəvi türk dövlətçilik ənənəsini İslam idarəçilik prinsipləri ilə birləşdirmişdir. Onun dövləti mərkəzləşdirilmiş monarxiya formasında qurulmuş, inzibati bölgü “vilayət” və“diwan” sistemi üzərində formalaşmışdır.
Əsas islahatları:
• Ordu islahatı – daimi türk süvari ordusu və nizami vergi sisteminin yaradılması;
• Ədli və maliyyə nəzarəti – diwanül-vizarə, diwanül-əzəm kimi idarə orqanlarının formalaşması; (w- qoşa v ifadə edir, qədim Türk abidələrində də işlədilmişdir.)
• Elm və ədəbiyyatın himayəsi – Qəznəni Şərq intibahının elmi-mədəni mərkəzinə çevirməsi.
Sultan Mahmudun ən çox tanınan fəaliyyəti onun Hindistan yürüşləri (1000–1027) olmuşdur. Tarixi mənbələrə görə, o, Hindistan səfərinə 17 dəfə çıxmış və bu yürüşlər nəticəsində:
• Şimal Hindistanda Pəncab vilayətini fəth etmiş,
• Somnat məbədini (1026) ələ keçirmiş,
• Bölgədə İslam mədəniyyətinin əsasını qoymuşdur.
Bu yürüşlər dini ekspansiyadan çox iqtisadi və siyasi xarakter daşıyırdı, lakin nəticədə Hindistanın şimalında Türk-İslam təsir dairəsi formalaşdı. Sultan Mahmud həm də İslamı zorla deyil, mədəniyyət vəidarəçilik nümunəsi ilə yaymışdır.
Sultan Mahmudun sarayı yalnız bir hökmdarlıq mərkəzi deyil, həm də elm, poeziya və fəlsəfə ocağı idi. O, fars, ərəb və türk dillərində yazan alim və şairləri himayə etmiş, elmi biliklərin inkişafına şərait yaratmışdır.
Onun sarayında fəaliyyət göstərmiş görkəmli şəxsiyyətlər:
• Firdovsi – “Şahnamə” əsərini Mahmud Qəznəviyə ithafetmişdir;
• Beyruni – “Əl-Qanunül-Məsudi” əsərini ona həsr etmişdir;
• İbn Sina (Avicenna) – Mahmud dövründə Qəznə elmi dairələrində tanınmışdır.
Bu faktlar göstərir ki, Mahmud Qəznəvi yalnız sərkərdə deyil, həmdə elmi-intellektual mədəniyyətin himayədarı idi.
Mahmud Qəznəvinin dünyagörüşü Türk siyasi ideologiyası ilə İslam təliminin harmoniyasına əsaslanırdı. Onun əsas məqsədi “ədalət əsasında güclü dövlət qurmaq” idi. Qurani-kərim və türk qanunçuluq prinsiplərini birləşdirərək, “ədalət dövlətin dayağıdır” ideyasını dövlətin əsas şüarına çevirmişdir.
Sultan Mahmud Qəznəvinin fəaliyyəti nəticəsində:
• Türk ordusu tarixdə ilk dəfə müsəlman dünyanın müdafiəçisi rolunda çıxış etdi;
• Türk dilləri və mədəniyyəti fars və ərəb mədəniyyətləri ilə sintez halına gəldi;
• Türk hökmdarlarının mədəni himayəçilik ənənəsi formalaşdı(bu ənənə sonradan Səlcuqlarda və Osmanlılarda davam etdi).
O, həm Şərq, həm də Qərb tarixçiləri tərəfindən “Sultan-ül-Müəzzəm (Uca Sultan)” və “İslamın Qılıncı” kimi yad edilir.
Sultan Mahmud Qəznəvi türk-İslam mədəniyyətinin hərbi və mədəni sütunlarından biridir. O, türklərin yalnız döyüşkən xalq olmadığını, həm də siyasi ağıl, idarəçilik və elmi təfəkkür sahibi bir sivilizasiya qurduğunu sübutetmişdir. Onun dövləti İslam dünyasında türklərin mərkəzi rolunu müəyyən etmiş, gələcək nəsillər üçün dövlətçilik modeli yaratmışdır.
“Ədəbiyyat və incəsənət”
(30.10.2025)
Bir hovur oxuyun - ARAŞDIRMA
İmran Verdiyev,
Azərbaycan Respublikasının Əməkdar müəllimi. “Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi
“Azərbaycan dilinin izahlı lüğəti”ni (II cild, 2006) vərəqləyərkən təsadüfən 398-ci səhifədə “hovur” sözü ilə “rastlaşdım”. Həmin an uşaq vaxtı dəcəllik edəndə nənəmin dediyi “A bala, bir hovur dincəl də” sözləri (cümləsi) yadıma düşdü.
“Hovur”un an, az müddət və ya az vaxt mənasını daşıdığını bilirdim. Amma yenə də marağım güc gəldi. Kiçicik bir araşdırma etdim.
Məlum oldu ki, (havır//hovur//hor//hour//our) kimi müxtəlif şəkillərdə işlənən, “birhovur/birhor/birour variantları da olan bu söz Cənubi və Qərbi Azərbaycan, Naxçıvan dialektləri başda olmaqla, demək olar ki, dialekt və şivələrimizin əksəriyyətində işlənib. Elə indi də insanlar (ən çox da kənddə-kəsəkdə yaşayanlar) təkəm-seyrək də olsa, bu sözü işlədirlər.
Bədii əsərlərdə də “Hovur”a az təsadüf olunmur. Məsələn, “Dəlilər girib qocanın zəmisini bir hovurun içində yığıb qurtardılar”. (“Koroğlu” dastanı), “Bir hovur nübar yedim, Budaqları dəmirdən” (tapmaca-cavabı:kabab); “Sən bir hovur əyləş, bu saat gəlirəm” (B.Vahabzadə), “Şahlıq taxtı bir hovur oturub dinc almaq üçün deyil.” (Ə.Əmirli), “Bir hovur oturub nəfəs dərməyə bir daş kölgəsi də yox idi”. (M.Cəlal), “Gecələrim tapqır-tapqır, Gecələrim bircə hovur almır çimir”. (A.Ziyad) və s. Bu sözəY.V.Çəmənzəminlinin əsərlərində “bir hor, iki hor, üç hor, bircə hovur” formalarında da təsadüf edirik: “Axşama üç hor qalmış getdik”.
Amma mənə bir şey maraqlı gəlsə də, inandırıcı gəlmir. Bəzi tədqiqatçılar bu sözün yunan dilindən dünya dillərinə yayıldığını söyləyirlər. Dediklərinə görə, “yunan sözü “hora” qədimdə ”zaman, vaxt, çağ, dövr” mənasında işlədilirdi. Sonralar bu söz həmin şəkildə latın dilinə, oradan “hore” şəklində qədim fransız dilinə (fransızca heure “saat” deməkdir), oradan da “hour” şəklində (“saat” mənasında) ingilis dilinə keçmişdir. İngilis dilində vaxt mənasında “saatı” ifadə edən “haur” sözü qrafik cəhətdən Azərbaycan dilinə transliterasiya olunmuş (hour) və öz semantik mənasını qoruyub saxlamışdır”.
Əlbəttə, dillərin bir-birindən qarşılıqlı olaraq söz alması təbiidir. Azərbaycan dilində başqa dillərdən alınmış sözlər coxdur. Amma dilimizdən başqa dillərə keçən sözlər də az deyil. Elə haqqında söhbət etdiyimiz “hovur” sözü də əski türkcədən fars dilinə keçmişdir.
“Hora”nın müxtəlif şəkillərdə yunanlardan latın, fransız və ingilis dillərinə keçməsi ilə işimiz yoxdur. Daha doğrusu, bu mümkündür. Bir də özləri bilərlər, necə qəbul edirlər etsinlər. Amma bunu bizim ana dilimizdəki “Hovur”a da aid etmək heç inandırıcı gəlmir. (Termin olsa idi, bəlkə də) Əsassız olaraq yunan sözü hesab edilən “Hovur”un fırlana-dolana ingilis dilindən dilimizə keçməsi fikri ciddi dəlil və faktlara söykənmir, sübut olmadan söylənilir. Elmi əsası görünmür. Təkcə səs tərkibinə istinad olunur. Zənnimizcə, bu oxşarlıq sadəcə bir təsadüfdür, səs oxşarlığıdır, məna eyniliyi yox. Bir də unutmayaq ki, “bütün mövqelərin hamısında kök morfemlərin birmənalı paralelliyini iddia etmək mümkün deyildir”. Türk dillərinin görkəmli tədqiqatçılarından olan A.M.Şerbak da müştərək sözlər əsasında faktların sistem təşkil etmədiyini, ancaq təsadüfi olduğunu göstərir.
Səs tərkibinin eyni və oxşar olmasına qalanda, onda gəlin, eyni məna daşıyan və səs tərkibi digər dillərdə olan sözlərlə oxşar və eyni olan onlarla sözlərimizi də ucdantutma yunan, latın, ingilis, fransız, çin, fars, ərəb dillərinə aid edək. Belə yerdə yadıma görkəmli şairimiz B.Vahabzadənin məşhur ifadəsi düşür: ”İtin də dilinə hörmətimiz var, təkcə öz dilimiz yaramır bizə”. Doğmaca sözlərimizi əcnəbi dillərə bağlamaq, əslini-kökünü o dillərdə axtarmaq heç də caiz deyil. “Tanrı ərmağanı olan türk dilini” bu qədər kasıb saymaq heç kəsə şərəf-şöhrət gətirməz.
Filologiya elmləri doktoru, professor M.Adilovun fikrincə, “hovur” sözü
-ur şəkilşisini qəbul etməklə təkrarlanaraq yeni təqlidi söz (hovur-hovur=az-az) yaradır. Məsələn, “Su gələ hovur-hovur, Yer içə hovur-hovur” (R.Ə.Xələfli). Əgər professor “hovur”da “ur”u şəkilçi hesab edirsə, onda belə çıxır ki, sözün kökü “hov”dur. “Azərbaycan dilinin izahlı lüğəti”ndə (II cild, səh:398) də “hov” sözünün danışıq dilində müxtəlif mənalar daşıdığını görürük. Həm də omonim sözlər kimi: hov – kömək etmək (“Bəs kimlər gəldi hovuna, Eyvaz əgləndi, gəlmədi”- Q.Təbrizi), hov – işlək qaramalı hərəkətə gətirmək və ya qovmaq üçün təqlidi söz (“Cütçü hər şeydən bezar cansız bir səslə hov, hov, hov deyə səslənir, səslənirdi”-M.İbrahimov), hov – şişmək, iltihab (“Ola bilər ki, ətin içində sümük qırığı da qalsın. Onun üçün hov eyləyir”-Y.V.Çəmənzəminli.). Tədqiqatçılar “hov” sözünə leksik şəkilçilər artırılmaqla “hovxurmaq (nəfəs ilə əlləri isitmək), eyni səs tərkibinə malik müxtəlif mənalı hovur (imkan), hovur (an, az vaxt, az müddət) və hovur (ehtirasa gəlmək üçün lazım olan vaxt ölçüsü) kimi sözlərin yaradıldığını da söyləyirlər. Məsələn, “Dünyanın sən üzü soyuq imiş, dost, Hovxurmaq da olmur əl üşüyəndə” (S.Abdulla), “Toyda oynamaq üçün əlverişli hovur olurdu” (danışıq dilində), “Sən Allah, o atı bir hovur saxla, bu beçələri kəs ver maa” (V.Məhərrəmov), “Sənin də hovrun qalxıb ha” (danışıq dilində).
Kərküklərin folklorunda və Türkmən dilində bu söz həm də “az-az/təpər, taqət, güc mənalarında da işlənir (“Olanda hovur-hovur, olmayanda barmağını sovur”//”Əjdəhada dahı sömürmək hovuru qalmadı”.
Bizcə, “hovur” sözünün yunan sözü olmasını və ingilis dili vasitəsi ilə dilimizə keçdiyini söyləmək absuddur. Dillərin yaranması haqqında Günəş nəzəriyyəsinin türk versiyasına əsasən Daş-Mədən dövründə köç yolu ilə dünya dillərinə mədəniyyət sözlərini yayan, qədim mədəniyyət dilinin, yaplanetlilərin belə “tələffüzü türkcəyə bənzəyən bir dildə” danışdıqları türk dilinin buna ehtiyacı olmamışdır. Çünki “hovur” elə qədimdən dilimizdə olub.
İddia edirik ki, yunanlar özləri də bu sözü bizdən - türklərdən alıblar. “Göroğlu/Koroğlu” və “Təpəgöz” miflərini pelasklardan və etrusklardan, eləcə də iskitlərdən eşidib onları Herakla və Polifemə çevirən yunanlar “hovur” sözümüzü də “hora” çevirə bilməzdilərmi?! Əlbəttə, çevirə də bilərdilər.
Nə isə. “Hovur” sözü dopdoğmaca öz sözümüzdür. Dədə-baba sözümüz kimi sahiblənib, şirin-şirin istifadə edək. Və unudulmağa da qoymayaq!
“Ədəbiyyat və incəsənət”
(30.10.2025)
"Çeşmə" Ədəbi Məclisinin növbəti yığıncağı keçirilib
İlhamə Məhəmmədqızı, “Ədəbiyyat və incəsənət” portalının Sumqayıt təmsilçisi
Bu günlərdə “Çeşmə” Ədəbi Məclisinin növbəti yığıncağı Dədə Ələsgərin adını, ruhunu daşıyan məkanda baş tutub. Tədbiri giriş sözü ilə “Çeşmə” Ədəbi Məclisinin sədri, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, tanınmış şair-qəzəlxan Lilpar Cəmşidqızı açıb.
O, iştirakçıları salamlayaraq bildirib ki, bu il Azərbaycanın bütövlüyü uğrunda canından keçən Vətən müharibəsi şəhidlərinin xatirəsinin beş ili tamam olur. Məclis iştirakçıları şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Daha sonra söz Azərbaycan Yazıçılar Birliyinin üzvü, iki “Divan” müəllifi, ustad şair Gülarə Munisə verilib. Gülarə Munis məclisə xeyir-duasını verərək belə tədbirlərin gənc şairlərin inkişafında mühüm rol oynadığını vurğulayıb və qəzəllərindən bir neçəsini səsləndirib.
Tədbirdə iştirak edən tanınmış şair-qəzəlxan, Prezident təqaüdçüsü Əşrəf Pirşağılı da çıxış edərək “Çeşmə” Ədəbi Məclisinin əruzun qorunması və gənc istedadların formalaşmasında mühüm rol oynayacağını qeyd edib. O, məclis rəhbərliyinə uğurlar arzulayıb, təşəkkürünü bildirib və bir neçə qəzəlini oxuyub.
“Bütöv Azərbaycan” qəzetinin baş redaktoru Tamxil Ziyəddinoğlu da çıxışında məclisə uğurlar arzulayaraq bildirib ki, ayda bir dəfə keçirilən bu ədəbi toplantıların bütün iştirakçılarının şeirləri qəzetin səhifələrində dərc olunacaq.
Məclisə ilk dəfə qatılan İlhamə Müslümova və Namiq Müslümov Türkiyə və Azərbaycan şairlərinin birgə yazdığı, 63 şəhidə həsr olunmuş “1 Şəhid, 1 Hekayə, 1 Şeir” adlı kitabın IV cildinin nəşrindən danışıblar və öz şeirlərindən bir neçəsini səsləndiriblər.
Tədbir zamanı həkim-şair Səadət Salmanqızı, Gülnarə Zeynalova, Ziyafət Tovuzlu və Hatəm Əsgərov da çıxış edərək şeirlərini oxuyublar.
Böyük maraq və səmimiyyətlə keçən “Çeşmə” Ədəbi Məclisi uğurla başa çatıb.
Sonda Məclisin sədri Lilpar Cəmşidqızı tədbirin keçirilməsində göstərdiyi dəstəyə görə “Şahənşah” restoranının rəhbəri Rəşid Süleymanova və Dədə Ələsgər Ocağı İctimai Birliyinin sədri Xətai Ələsgərliyə minnətdarlığını bildirib.
Məclis iştirakçıları növbəti görüşdə bir araya gəlmək ümidi ilə tədbiri yekunlaşdırıblar.
“Ədəbiyyat və incəsənət”
(30.10.2025)
Yazıb-oxumaq bilməyən Aşıq Ələsgər dühası
Şərq dünyasının böyük sənətkarı, 199 il öncə doğulub aşıq sənətinə ən böyük töhfələr vermiş dahi Aşıq Ələsgərin Bakıda abidəsi qoyuldu.
“Ədəbiyyat və incəsənt” portalı Aşıq Ələsgər barədə daha geniş bilgilər vermək məqsədi ilə silsilə yazıların dərcini davam etdirir.
Bu gün sizlərə Filologiya üzrə fəlsəfə doktoru Adilə Nəzərovanın “Aşıq Ələsgər yaradıcılığında İrfan məqamları və Hz. Əli qüdrəti” məqaləsini təqdim edirik.
Azərbaycan ədəbiyyatının inkişafı prosesində aşıq ədəbiyyatı mühüm yer
tutur. İslama qədər bu ədəbiyyatın mənəvi əsaslarını türk inancları, dərviş ənənələri
və şaman ayinləri təşkil edib. Türk xalqları islamı qəbul etdikdən sonra şifahi xalq
yaradıcılığından gələn aşıq ənənələri zəminində bu ədəbiyyatın nümayəndələri
xalqın duyğu və həyəcanının tərcümanına çevrilmişlər. Onlar öz şeir və
dastanlarını dildən-dilə, teldən-telə (saz dili), könüldən-könülə ötürməklə
keçmişdən bugünə çatdırırlar.
Aşıq ədəbiyyatının özünəməxsus ədəbiyyat janrı kimi meydana çıxması və
formalaşması XVI əsrin sonlarına təsadüf edir. Azərbaycanda müsəlman ictimai-
mədəni hadisəsi kimi ortaya çıxan, divan ədəbiyyatı mənsublarının bayağı kimi
qələmə verdikləri aşıqlıq ənənəsi zaman keçdikcə öz klassik formalarını
yaratmışdır. Yarandığı dövrdə əsasən, “gözəlləmə”yə üstünlük verən aşıqlar
getdikcə milli vəznimiz olan hecalarla oxuduqları və sadə dildən istifadə etdikləri
melodik şeirlərdə ictimai həyatın bütün sahələrindən mövzulara müraciət etmiş,
özünəməxsus üslub yaratmış, təkmilləşmələrlə bu günə qədər yaşamağa davam
edən bir sənət nümayiş etdirərək xalqın diqqət və rəğbətini qazanmışdır. Zaman
keçdikcə yaşadıqları cəmiyyətin inanc və dəyərlərindən qidalanan aşıqlar bu
mövzuları həmsöhbətlərinin marağına uyğun şeirləşdirmişlər.
Azərbaycanın milli aşıq ədəbiyyatı tarixində önəmli yеri olan ustad aşıqlardan
biri də Aşıq Ələsgərdir. Sonralar Dədə Ələsgər adı ilə tanınan bu böyük sənətkar
fitri istedadı ilə, şeirin dodaqdəyməz, müxəmməs, qıfılbənd, təcnis, cığalı təcnis,
gəraylı, divani növlərində müxtəlif məzmunlu sənət nümunələri yaratmaqla aşıq
sənətinin zirvəsini fəth etmişdir.
Bildiyimiz kimi, aşıq şeirində qapalı şəkildə bəyan edilən, içində adın,
nəsnənin, dünyəvi və İlahi bilgilərin gizləndiyi sirlər var. Bəlkə də buna görədir ki,
Aşıq Ələsgər də özündən əvvəlki ustadları kimi “Haqq aşığı” adlandırılıb. Çünki o
da “vergili”, “buta verilən”, “badə içirilən” aşıqlardan biri kimi özünəməxsus
unikal bir yaradıcılıq yolu keçmişdir.
Aşıq ədəbiyyatında yuxu motivinin izləri çox qədimlərə gedib çıxır. Yuxu
motivi türk xalq ədəbiyyatında, xüsusilə xalq nağıllarında, dastanlarda yer alır. Bu
motiv bir çox aşıqların, o cümlədən, Aşıq Ələsgərin də həyat hekayəsində görünür.
O, özündəki bu vergini belə izah edir:
Şəhrin şöləsindən buldum bələdi,
Xoş gəldi xoşuma halı qabaqda.
Pir mana göstərdi şah məqamını,
Gördüm cəmdi çox calalı qabaqda.
Türk ədəbiyyatında yuxu motivi mürəkkəb quruluşa malikdir. Belə ki, yuxuda
“buta verilən” adam, yuxuda öz vəzifələrini də öyrənir - saz çalmaq, söz qoşmaq,
İlahi bilgilərdən hali edilmək, yuxuda görüb sevdiyi qızı axtarıb tapmaq və s. kimi
xüsusi qabiliyyətlərlə sadə şəxsiyyətdən sənətkar şəxsiyyətə keçirlər ki, bu da
onların ustad aşıq olmağa başlamasının, daha doğrusu, ifaçı aşıqdan yaradıcı aşığa çevrilməsinin ənənəvi elementi kimi görünən mühüm yoludur. Aşıq Ələsgər
“Pеyğəmbərin mеracı” şeirində yazır:
Yеtişdi hücrəyə əzizü əzim,
Şahi-Mərdan dеdi: “Mеracın qədim!”
Göstərdi almanı, еtdi təbəssüm,
Buyurdu: “Hər işin sirri-qüdrətdi”.
Şeirdən göründüyü kimi, Aşıq Ələsgərin özündə baş verən bu nirvana halını
(hinduizm fəlsəfəsində arzulardan, iztirablardan azadolma anı) peyğəmbərin
meracına bənzədir. Folklorda “vergi” şərbət, alma, nar, çörək, üzüm, bir cam su
kimi istənilən qida da ola bilər, əsas olan verilənin və qəbul olunanın nəticəsində
yaranan mənəvi dəyişiklikdir. Bu şeirdə Aşıq Ələsgər “pir”in ona alma uzadıb -
şah məqamını göstərdiyini qeyd edir. Sənətkar “Yüküm” şeirində yenə eyni
məqama işarə edir.
Biçarə Aşıq Ələsgər,
Sığın Şahi-Hеydara;
Onun damənindən tutan
Məhşərdə yanmaz nara.
Pirim mana nüsrət vеrib,
Bu gün çıxdım bazara;
Sən sərrafsan, aç xırd еlə,
Bax gör, nə maldı yüküm!
Burada da sığınacağını “Pirim” dediyi “Şahi-Hеydar” adlandırır. Bir başqa
şeirində əsli-zatı ilə şərəfli, ləyaqətli ad qazanan igidə xitabən yazdığı “Dəli Alı”
şeirində deyir:
Gün kimi aləmi tutubdu adı,
İyidlər sultanı, xanı Dəli Alı.
Pirim – Şahi-Mərdan vеrib muradı,
Artırıb şövkəti, şanı Dəli Alı.
*
Dərs alıbdı o, Əliyyi-əladan,
Xof еyləmir Xеybər kimi qaladan.
Gəzən zəlzələdən, yaman bəladan
Hifz еyləsin kərəmkanı, Dəli Alı!
Və yaxud:
Oxuram inna-fətəhna,
Mətləb allam yuxuda;
Şahi-Mərdan nökəriyəm,
Dərsimi pünhan vеrir.
Qeyd etmək yerinə düşər ki, “Şahi-Hеydar”, “Şahi-Mərdan” İslam
Peyğəmbərinin canişini və vəlisi Həzrət Əlinin ləqəbi kimi poeziyada çox işlədilib.
Məlum olduğu kimi, Hz. Əlinin bütün mənəvi aləmi Həsən Bəsri və Həllac Mənsur
qüdrətindən qidalanır. Yazıb-oxumaq bilməyən Aşıq Ələsgər dühası o qədər işıqlı
və pak idi ki, bu bilikləri ağızdan-ağıza əxz edərək onlardakı dərin mənaları aça
bilir və sadə şeir dili vasitəsilə müasirlərinə çatdıra bilirdi.
Yazıq Ələsgərəm, bir kəminə qul,
Əysik sözü hərgiz еtmərəm qəbul.
Bəndеyi-xudayam, ümməti-Rəsul,
Dost tutmuşam Şahi-Mərdan Əlini.
*
Dar günümdə yеtiş dada,
Ya Şahi-Mərdan ağa!
Nitq vеr, mеydan içində
Qoyma sərgərdan, ağa!
Həm Əlisən, həm Vəlisən,
Həm səxisən, həm səxa,
Həmi dildə zikrim sənsən,
Həmi əzbərdən, ağa!
“Vergi” aşıq ədəbiyyatında şeir demək (bir çox aşıqların, ozanların yazıb-
oxuma savadları olmayıb) bacarığına yiyələnməkdə, dini bilikləri və lədun elmini
öyrənməkdə, bir növü dərvişlik, ozanlıq xüsusiyyətlərini əldə etməkdə mühüm
amildir. Yuxarıdakı nümunələrə əsaslanaraq demək olar ki, Aşıq Ələsgər “vergi”sini yuxuda Həzrət Əlidən alıb.
İstisnalar olsa da, sözügedən “vergi” adətən böyük bir kədər və ya qorxudan sonra, 10-20 yaş arasında baş verir. Tədqiqatlara görə, Aşıq Ələsgər də təxminən 17-18 yaşlarında sevdiyi Səhnəbanudan ayrıldıqdan sonra, onun sevgisilə kədərlə “yüklənmış” və bədahətən şeirlər qoşmuş, məzmun, forma rəngarəngliyi, saf xalq
dili ilə qoşma, bayatı, gəraylı ilə bərabər, irfan sirlərini özündə ehtiva edən, çətin
şeir növü sayılan qıfılbəndlər söyləməyə başlamışdır. Bu, Ələsgərin aşiqlikdən
aşıqlığa keçid yolu idi ki, gəlib “Haqq Aşığı” (aşiqi)ndə birləşirdi.
Bundan sonra, bir çox şeirlərində “Quran”dan ayələrin, 12 imamın, xüsusilə
İmam Əlinin adı keçir. “İmamlar” şeirini ““Bismillahir-rəhmanir-rəhim!” – dеyib,
Sidq ilə çağırram Şahi-Hеydəri” misraları ilə başlayıb, sıra ilə hər bənddə bir
imamın adını çəkməklə davam edir və:
Mеhdinin şəninə gəlibdi ayat,
İsminə möminlər vеrir salavat.
Yovmi-ərəsətdə еtmə xəcalət,
Yandırma odlara qul Ələsgəri! –
deyərək bitirir. “Qabaqda” şeirində:
Dünyada əl çəkmə sövmü səlatdan,
Təmiz vеr, qalmasın xümsü zəkatdan.
Ələsgər, xof еtmə puli-Siratdan,
İrəhbərdi Cənab Əli qabaqda. –
deyərək Hz. Əlini rəhbər tutduğunu diqqətə çatdırır.
Haşiyə: Ustad sənətkarın bəzi şeirləri məzmun etibarilə “Quran”la, şəriətlə,
hədislərlə bağlı olduğuna görə, Sovet dövründə dərc olunması qadağan edilib. Eyni
zamanda, “Qələm”, “Çəksən”, “Görünsün”, “Qaçaqaç”, “Məni”, “Düşdü” və başqa
şeirləri isə o vaxt yaşanan inqilabdan və Azərbaycan türklərinin öz dədə-baba
yurdlarından sürgün olunmasından bəhs etdiyi üçün məhz həmin dönəmdə dərc
olunmayıb, sonralar el aşıqlarından toplanaraq kitaba salınıb.
Aşıq Ələsgərin Hz. Əliyə olan bağı “Ya Əli”, “Yaxşı hörmət ilə, təmiz ad
ilə”, “Olmaz”, “Məhəmməd”, “Kеçmişəm”, “Rənc Ali-Əba”, “Qan ağla, gözüm, şahi-şəhidana bu gündə” (mərsiyə), “Sənsən”, “Şahi-Heydəri”, “Vardır” və s.
şeirlərində daha aydın görünür. O cümlədən, “Baş еndirir” şeirində ustad, öz
biliyinə, elminin dərinliyinə, inancının gücünə əsaslanaraq, başqa aşıqlardan
üstünlüyünü bildirir, onları dərya, özünü ümman adlandırır:
…Ölməyincə bu sеvdadan
Çətin dönəm, usanam;
Həqiqətdən dərs almışam,
Şəriətdən söz qanam.
Şahi-Mərdan sayəsində
Еlm içində ümmanam;
Dəryaların qaydasıdı,
Ümmana baş еndirir.
Aşıq Ələsgər özündəki bu gücü – islam dininin həqiqətini, sufi təriqətinin
mərifətini aşıq sənətinin – sözün və sazın (musiqinin) gücü ilə birləşdirirdi.
Ahəngər dеyiləm, naşı bəzirgan,
Gözüm dürdanədə, a yəməndədi.
…Bir sazım var, yox pərdəsi, nə simi,
Onu çalıb, kim tərpədər nə simi?
Firdovsi, Fizuli, Hafiz, Nəsimi -
Onlar da yazdığı, ayə, məndədi.
Ustad “naşı bəzirgan”lara bildirmək istəyirdi ki, o, suyun ahənginə uyub
gəlmir, onun gözü dürrdə-dürdanədədir. Yəni, həyatda mücadilə etmək mübarizlər
üçün hadisə deyil, həyat tərzidir. Burada, “özünü bilmə”nin ideologiyanı aşan
tərəfi də var – bu inancdır. İnanc bir varlıq formasıdır ki, insanın həyata, insanlığa,
təbiətə baxış tərzini, hətta arzularını da müəyyən edir. Bu fikir, Hz. Əlinin həyatı,
şücaəti, mərdliyi, mərifəti ətrafında formalaşır, ona olan inancda, onun verdiyi
“vergi” ilə açıqlanır.
Qeyd edək ki, bu sevgi təkcə Aşıq Ələsgər yaradıcılığında deyil,
ümumiyyətlə, türk ədəbiyyatında bütün irfani düşüncələr, xüsusən də əksər
məzhəblər və onların üzvləri Hz.Əlidə cəmləşmişdir. Təsəvvüf ədəbiyyatında
ənənə halını almış Həzrət Əli və onun xüsusiyyətləri ilə məşğul olmaq bəzən onu
ilahiliyə qədər yüksəltmişdir.
Bu şeirdə klassik Şərq şairlərinin adları təsadüfən çəkilməyib. Bu, onların da
Hz.Əli haqqında dedikləri tərifləri diqqətə çatdırmaq üçündür. Şair demək istəyir
ki, o, “Şahi-Mərdanı” elə-belə tərif etmir, ondakı simsiz-pərdəsiz Eşq sazını ona
gör kim verib. Yeri gəlmişkən, adları çəkilən klassik şairlərimizin Hz.Əli haqqında
dediklərini xatırlayaq:
Ş.İ.Xətai “Dəhnamə”nin “Dər mənqəbəti-şahi-mərdan Əli” bölümündə Adəm
əleyhissəlamla Hz.Əlini müqayisə edir: “Həm səndə bulundu ismi-əzəm, Həm
səndə göründü ruhi-Adəm. Tiğində yazıldı sətri-lövlak Lövlak ləma xələqtul əflak.”
Sufilər İsmi-əzəmin (əsmaül hüsna) ancaq Allaha aid, peyğəmbərlərə agah
olduğunu deyirlər. Ş.İ.Xətai (yəqin ki, şiəlik görüşləri səbəbilə) o adı Həzrət Əliyə
də şamil edir.
Bir hədisə əsasən, Allah-Təala Məhəmməd peyğəmbərə meracda Cəbrail
vasitəsilə deyir: “Əgər sən olmasaydın, mən fələkləri yaratmazdım”. Xətai bu
kəlamın Hz.Əlinin qılıncında yazıldığını qeyd edir və bununla bir növ həmin
sözlərin imama aid olduğunu da ifadə etmiş olur.
Xətai yenə başqa bir şeirində Hz.Əliyə xitabən “Həm səndə göründü ruhi-
Adəm.” - deyir, M.Füzuli bu motivə başqa tərəfdən yanaşır. Hz. Əlinin axirətdə
Adəmlə birgə olmağına, cənnəti - Kövsərdə Adəmi qonaq qəbul etdiyinə işarə edir:
“Kövsəri-cənnət onun hökmündədir, ol vəchilə, Cümlə nəslindən həmin Adəm ona
mehman olur.” Bu beytdə məhşər günü Hz.Əlinin Tanrıdan bəzi insanlara da
şəfaət diləyəcəyi fikri də öz əksini tapır.
İ.Nəsimi şerində də tez-tez Hz.Əlinin “Özünü Tanıyan tanrısını tanıyar.”
kəlamına rəst gəlirik.
Ə.Firdovsi məhşur “Şahnamə” əsərində dəfələrlə imam Əlini xatırlayır.
“Kimin ki, Əli ilə düşmənliyi var, Hər iki dünyada olacaqdır xar. Mən kiməm?
Nəbinin kiçik bir qulu, Yolumdur hər zaman Əlinin yolu.”
İslam dini inancı Aşıq Ələsgər yaradıcılığının böyük bir hissəsini təşkil edir, -
desək, səhv etmərik. Amma bununla yanaşı, elm-ifran körpüsündən keçən, sözün
və sazın vəhdətilə inşa edilən şeirlərində sufi mətləblərindən də söz açılır. Bəlkə də
Aşıq Ələsgər şeirinin məhz musiqi ilə vəhdətdə olması, sufilərin inanc və vəcdi
birləşdirən musiqi anlayışları ilə üst-üstə düşməsindən irəli gəlir ki, bu da İlahi eşqi
dərin bir sevgi və şövqlə yazdığı ölməz əsərlərləri ilə təkcə Azərbaycana deyil,
bütün türk-islam dünyasına bəxş etmişdir. Əsrlər boyu ağızdan-ağıza, qəlbdən-qəlbə keçən bu əsərlər indi də eyni zövqlə, canlılıqla ifa olunur.
Klassik xalq şeirini rövnəqləndirən şairin “Bax, bax” rədifli dildönməz
gəraylısı Hz.Əlinin şəhadətinə yazılan ağıdır.
Əxi, biya, biya, bеqu,
Bеqu, biqof, ağa, bax, bax.
Həyyi, həqqü hakim sənsən,
Həyyə bax, bu bağa bax, bax.
Gözüm sağı, sübh ayağı
Gеyək ağı, gəzək bağı.
Hamı sеvib bu sayağı,
Qaymağa, həm yağa bax, bax.
Əziz ayə, müəmmayə,
Gərək sayə bu məvayə.
Səbəb sənsən bu qovğayə,
Böyük Ağa, sağa bax, bax.
Şeirin birinci bəndində işlənən “əxi” və ərəb sözlərini açsaq, şairin nə demək
istədiyi anlaşılır. Əxi – XIII əsrdə Hacı Bektaşi Vəli tərəfindən qurulan türk-islam
təşkilatının üzvlərinin bir-birinə müraciətidir – qardaş (əqidə qardaşlığı) anlamına
gəlir. Qardaşlar, gəlin, deyin ki, Həyyi (diri olanı - Allahı) həqqü hakim – həqq
olanı hakim bilən, yəni Allahı tanıyan sənsən. * Bu arada qeyd edək ki, “biqof”
sözünün doğru yazılışı “biqoft”dur. (tərcüməsi: demək). Həyyə bax - qalx, bax.
(Əlinin ucalığına işarə edir), bu bağa bax, (bağ sözü burada böyüklüyü ifadə edir).
İkinci bəndın izahı: Ey sağ gözüm, sübh çağı (dan üzü, namaz vaxtı) geyək
ağı (kəfəni), gəzək bağı (bağ – burada: cənnət) Hamı (burada: şəhidlərin hamısı)
Allahı bu sayaq sevib, qaymaq, yağ yeyərcəsinə (xoşluqla, rahatlıqla) Allah
yolunda can veriblər. Bu bənddə şair sübh namazında Hz.Əlinin qılınclandığını –
şəhadətə yetirildiyini vurğulayır.
Üçüncü bəndin izahı: “Əziz ayə, müəmmayə” deyərkən, şair bəzi Quran
təfsirçilərinə və hədislərə görə bir neçə ayənin, o cümlədən, Nəcm surəsinin (53)
14-cu “(Yeddinci göydəki) Sidrətül-müntəhanın yanında.” ayəsi 15-ci (Mələklər,
şəhidlər və müttəqilər məskəni olan) Mə’va cənnəti onun yanındadır. ayəsinin və
“Maidə” (5) surəsinin 3-cü ayəsinin Həzrət Əli ilə əlaqədar nazil olduğuna diqqət
çəkir. Deyir ki, gəlin, biz də bu səsə - məlumata, bu guşəyə kölgə salaq (qoruyaq,
inanaq). Bu səsin (xəbərin) səbəbi sənsən (Əli sənə inandı), Böyuk ağa
(Məhəmməd peyğəmbər (s)) Əli sənin sağındadır (cənnətdə Mə’va bağında).
Tarixən türk toplumlarında hörmət ifadəsi olaraq, xalqa yol göstərən
təcrübəli, bilikli şəxslərə, irfan sahiblərinə, ariflərə Dədə titulu verilib. Aşıq
Ələsgərə “Dədə Ələsgər” deyə xitab olunması onun İslam dini ilə yanaşı, həm də
Mövləvi və Bəktaşi təriqətlərinin təlim-tərbiyəsini örnək almasının, o kultun
ənənəsini davam etdirməsinin göstəricisidir. Dədə Ələsgərin bu nizamı saxladığı
qüdrətli sənətkarın bir çox şeirlərindən, eləcə də özündən sonrakı ustad aşıqların
onun haqqında söylədikləri rəvayət və dastanlardan bəlli olur.
Adım Ələsgərdi, əslim Göyçəli,
Ələst aləmində dеmişəm “bəli!”.
Həm aşiqəm, həm dərvişəm, həm dəli,
Canım gözəllərin yol qurbanıdı.
Burada üçüncü misradakı “aşiq”, “dərviş”, “dəli” sözlərinin ardınca ifadə
olunan “gözəllər” sözünün qadınlara aid olmasını düşünmək əlbəttə ki, absurd olar.
Şairin bu ifadəsi onun Dədələrin – “gözəl əxlaqlı, nur üzlü, pak qəlbli, haqq-ədalət
əməlli, şərəfləndirilmiş mübarək adamlar”ın yoluna can qoymasına, o yolun
davamçısı olmasına işarədir.
Bundan başqa Ələvilər və Qızılbaşlar ruhanilərinə Dədə deyirlər. Ələvilər
(şiələr) ümumiyyətlə, babalarının Hz. Əlinin nəslindən olduğunu qəbul edirlər.
Dədələrin Ələvilərin və Qızılbaşların dini həyatında çox mühüm funksiyası vardır.
Onlar dini, şəriəti təbliğ etmək üçün kənd-kənd, oba-oba gəzir, dini ayinləri icra
edir, mərsiyələr və dualar oxuyurlar.
Tədqiqatlardan görünür ki, Dədə Ələsgər də eyni minvalla el-oba arasında hər
hansı bir müşkül işin çözülməsində məsləhətlər verir, əhali arasında yaranan
ixtilafların həllində arbitr kimi çıxış edir, günahkar olanları İlahi ədalətdən,
cəhənnəm əzabından xəbərdar edirdi. “Bax, bax!” rədifli ikinci şeiri bu fikri
əsaslandırır:
Şəriət oxuyan, təriqət bilən,
Haqlıq еyləyirsən, haqq dinə bax, bax!
Qalmayıb dünyada “mənəm” dеyənlər,
Həzrət Sülеymanın taxtına bax, bax!
Oxuduğun Quran hardadı, hanı?!
Hansı yola dəvət еdir insanı?!
Salıbsan zindana gözəl bir canı,
İqbalına bax, bax, baxtına bax, bax!
Dədə Ələsgərin yaradıcılığını ümumilikdə tədqiq etsək, görərik ki, bəzi
şeirlərində indiyədək diqqət edilməyən kiçik anlaşılmazlıqlar da var. Məsələn,
“Kimi” şeirinə nəzər salaq:
Adı Tərlan, özü tərlan balası,
Cilvələnib tərlan tavarı kimi.
Üzün görən xəstə düşər müttəsil,
Turuncun novrəstə nubarı kimi.
…Bu gözəl Zеynəbin nışanasıdı,
Ləbləri qırxların pеymanasıdı,
Dəhanı şahlığın xəzanasıdı,
Düzülüb dəndanı mirvari kimi.
(Aşıq Ələsgər. Əsərləri. Bakı, “Şərq-Qərb”, 2004, 400 səh. s.58)
Göründüyü kimi, şeirdə Tərlan sözü böyük hərflə yazılıb, bu, xüsusi isim
kimi sözün adam adı olmağını bildirir. Halbuki, şeirin davamı bu şeirin Tərlan adlı
birinə ithafı olmadığını göstərir. Çünki tərlan - comərd, dağ qartalı, güclü, yüksək
məqamlı, ucaboy və s. anlamlara gəlir ki, bu da Hz. Əlinin görkəmini, ləyaqətini
ifadə edir. İkinci bənddəki “Zeynəbin nişanası” və “qırxların pеymanası” (bu
barədə sonra) bunu təsdiq edir. Yəni, şeirlərdə bir hərfin yanlış yazılması belə Aşıq
Ələsgər şeirinin yanlış anlaşılmasına gətirib çıxarır ki, bu da aparılan və gələcəkdə
aparılacaq tədqiqatlarda öz nəticəsini göstərə bilər.
Xatırlamaq yerinə düşər ki, Hz. Əli İslamın ümumi çərçivəsində hansı
məzhəbdən olmasından asılı olmayaraq, bir çox şair və aşıqlar tərəfindən imanlı və
mübariz bir insan kimi işlənmişdir. Bu həqiqəti bir daha təsdiq edir ki, ədəbiyyat
hər dövrdə ənənəvi inanclardan, onlar haqqında yaranan əsatirlərdən bədii
məqsədlərlə istifadə edərək inkişaf etmişdir. Aşıq Ələsgər də poeziyasında həm
dərin mənalar, maraqlı mülahizələr yaratmış, şair bir sıra dini-fəlsəfi fikirləri əks
etdirmiş, özündən əvvəlkilərin dini baxışlarına toxunmuş, həm də poetik fikrin
yüksək bədiiliklə tərənnüm olunmasına nail olmuşdur.
Dinə, təbiətə, vətənə, insana, Allaha məhəbbət hisslərini bir vəhdətdə
aşılayan, doğma dilimizin saflığının hüdudsuz ifadə imkanlarını öz yaradıcılığında
cəmləşdirən, milli poeziyamızı zənginləşdirən Dədə Ələsgəri bir başqa tərəfdən də
araşdırmağa ehtiyac vardır. Əlbəttə ki, bir məqalədə geniş və hərtərəfli tədqiqat
mümkün deyil, amma bir şeirinin - “Haraya qərəz” cığalı təcnisinin fonunda
ustadın dünyabaxışına yeni rakrusdan boylanmaq olar.
Qırxlar məclisində dedim “bəlini”,
Sərdar gördüm Şahimərdan Əlini.
…Ələsgər, daməndən üzmə əlini,
Çəksələr nizaya haraya qərəz.
Şeirdən göründüyü kimi, Aşıq Ələsgər “vergi”sini “Qırxlar məclisi”də qəbul
edib. “Qırxlar məclisi” hansı anlama gəlir? Təsəvvüf alimlərinə görə Haqq
Aşıqlarını “vergi”dən əvvəl bu hadisəyə hazırlayan bəzi səbəblər var. Yuxarıda da
qeyd etdiyimiz kimi, şəyirdlikdən, mühitdən, mənəvi sıxıntıdan və qəfil
depressiyadan sonra yuxu görülür və “badə içirilir.” Bu “vergi” bir pir, üçlər,
beşlər, yeddilər, qırxlar və ya Hz.Əli, Hacı Bektaş Vəli kimi ruhanilər tərəfindən
verilir. Bəs “üçlər, beşlər, yeddilər, qırxlar” kimdir? Təsəvvüf alimlərinin
izahlarına əsaslanaraq qısaca izah edək:
Üçlər – Allah, Məhəmməd peyğəmbər, Həzrət Əli;
Beşlər - Məhəmməd peyğəmbər, Həzrət Əli, Həzrət Fatimə, Həzrət Hüseyn,
Həzrət Həsən;
Yeddilər – Məhəmməd peyğəmbər, Hz. Xədicə-Kübra, Həzrət Əli, Həzrət
Fatimə, Həzrət Hüseyn, Həzrət Həsən; Salman Farisi (Pak)
Mənbələrə əsasən, yeddilər ən önəmlisidir, çünki yeddilər olmasa qırxlar da
olmazdı. Yeddilər dünyaya aid olan dörd, insana aid olan üçdən meydana
gəlmişdir. Dörd – od, yel, su, torpaq və üç – can, canan və uşaqdır. Burada can
kişi, canan qadın, uşaq gələcəkdir, bu isə soyun davamını, eyni zamanda, 12 imamı
təmsil edir.
Qırxlar – Allahın mübarək ruh olaraq yaratdığı, bütün dövrlərdə yer üzündə
var olan, adları heç vaxt heç yerdə açıqlanmayan 23-ü kişi, 17-si qadından ibarət
dünyanın səmavi sahibləridir ki, onlar fərqli zamanlarda, fərqli surətlərdə yenidən
gəlirlər. Təbii ki, bu inancın tam olaraq İslam dini ilə əlaqəsi yoxdur, sadəcə
hədislərə və rəvayətlərə əsaslanır. Bir çox mənbələrdə isə bu inancın İslamdan
əvvəl də var olması qeyd olunur. Xızır, İlyas, Nəbi və başqa isimlərlə adlandırılan
bu kəslər dara düşənlərin köməyinə çatar, onların qəlbini sıxıntıdan qurtarıb
paklayar və yüksək dərəcələrlə mükafatlandırmaqla yer üzündə haqq-ədalətin,
xeyirxahlığın bərqərar olmasını təmin edərlər. Aşıq Ələsgər kimi əsil soydan gələn,
duyğusal təbiətə malik, ruhunda şairlik olan insanlar bu mükafatlanmanı –
“vergi”ni bir ehtiyac olaraq qəbul edərlər.
Bu ehtiyacı Aşıq Ələsgər şeirlərində də vurğulayır.
Onun bu gəlməyi, gör, nəyə bənzər,
Nə xana, sultana, nə bəyə bənzər,
Misirdən gəlmiş bir köynəyə bənzər,
Kənanda Yaquba dərman gəlibdi.
Şair bu “vergi”ni (və ya Hz. Əlinin onun həyatına “gəlişini”) Yaqub
peyğəmbərin tutulan gözlərinə Hz. Yusifin göndərdiyi köynəyin dərman olmasına
bənzədir. Yəni, Aşıq Ələsgərin düşdüyü kədər quyusundan çıxmasına vasitə olur.
Yuxarıda qeyd edildiyi kimi, Aşıq Ələsgər irsi ənənəvi sovet
ədəbiyyatşünaslığında tam araşdırılmadığına görə onun irfani şeirləri büsbütün
nəzər-diqqətdən kənarda qalıb. Dədə Ələsgərin şair, aşıq obrazı uzun onilliklər
boyu xalqa birtərəfli təqdim edilmişdir. Amma buna baxmayaraq, ustadın
yaradıcılığının böyük bir qolunu təşkil edən eşq, sevgi, vəsf şeirləri bu gün də
Azərbaycan xalqının dillər əzbəri və məhəbbət nəğməsidir. Aşığın irfani irsinin
tədqiqi və izahı onun təsəvvüf ədəbiyyatına verdiyi böyük töhfələri, eləcə də
indiyədək anlaşılmaz qalan bir çox mənəvi məqamları oxuculara aça bilər.
“Ədəbiyyat və İncəsənət”
(30.10.2025)


