İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Mahnı janrında musiqi tariximizdə ad qoyan bəstəkarlar az olmayıbdır. Mahnıları illər ötsə də dinlənilir, dəbdən düşmür. Nəğməkar şairlər isə azdır, şeirlərinə ardıcıl mahnılar bəstələnən belə şairlərdən biri –çox məşhurudur haqqında söhbət açdığımız şəxs. Bu gün onun anım günüdür. Onun – Tofiq Mütəllibovun.
Tofiq Mütəllibov 1929-cu il aprel ayının 13-də Naxçıvan şəhərində anadan olub. 1958–1963-cü illərdə Azərbaycan Dövlət Universitetində (indiki BDU) təhsil alıb. Onun 1946-cı ildə "Zəfər" adlı ilk şeiri "Azərbaycan pioneri" qəzetində çap olunub. O, "Pioner" jurnalında məsul katib, Televiziya və Radio Verilişləri Komitəsində redaktor, böyük redaktor, "Azərbaycan pioneri" qəzetində şöbə müdiri vəzifələrində çalışıb. Sonra isə "Azərbaycan gəncləri" qəzetində işə başlayan Tofiq Mütəllibov ömrünün sonuna kimi burada işləyib. XX əsrin 50-ci illərindən şair kimi diqqət çəkən Tofiq Mütəllibov 30-a yaxın kitabın müəllifidir.
"Görüş", "Şeirlər", "Bəxtiyar balalar", "Gözəllikdən doymur ürək", "Sənin xətrinə", "Danışan çiçəklər", "Mənim əzizlərim", "Görüş yerimiz" və başqa kitabları ilə oxucu rəğbəti qazanan Tofiq Mütəllibovun pərəstişkarlarına son töhfəsi ölümündən bir qədər əvvəl çap edilən "Sevənlərin ürəyi" adlanır. Azərbaycanın məşhur bəstəkarlarının əksəriyyəti şairin yaradıcılığına müraciət edib, onun sözlərinə bəstələnən mahnılar seviləsevilə dinlənilib.
Tofiq Mütəllibov bəstəkar Qənbər Hüseynli ilə birlikdə Azərbaycan musiqisinə "Cücələrim" mahnısını bəxş edib. "Cücələrim"in 60-dan çox yaşı var. Mahnının mətni bir çox xalqların dillərinə tərcümə olunaraq ifa edilib. Tofiq Mütəllibov uşaqların psixologiyasını çox yaxşı bildiyinə görə qələmindən çıxan şeirlər dillər əzbərinə çevrilib.
Əsərləri bir sıra teatrlarda səhnələşdirilib. 1981-ci ildə Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında "Meşə nağılı" (1982), "Danışan qayalar" pyesləri, 1984-cü ildə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında isə "Cücələrim" alleqorik pyesi tamaşaya qoyulub. 1968-1990-cı illərdə SSRİ Yazıçılar İttifaqının Uşaq və Gənclər ədəbiyyatı şurasının üzvü olub. 1970-ci ildə SSRİ-Çexoslovakiya Dostluğu Cəmiyyəti Azərbaycan şöbəsi İdarə Heyətinin üzvü seçilib. 1955-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü olub.
1986-cı ildə Azərbaycan Yazıçılar İttifaqı Təftiş Komissiyasının üzvü seçilib. 1988-ci ildə “Ədəbiyyat və incəsənət” qəzeti redaksiya heyətinin üzvü seçilib. 1989-cu ildə Azərbaycan SSR-nin Əməkdar incəsənət xadimi fəxri adına layiq görülüb, bir neçə dəfə Azərbaycan SSR-nin Ali Soveti Rəyasət Heyətinin Fəxri fərmanı ilə təltif edilib. Görkəmli şair Tofiq Mütəllibov 1992-ci il oktyabr ayının 30-da vəfat edib.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(30.10.2025)


 
		  	