"Çeşmə" Ədəbi Məclisinin növbəti yığıncağı keçirilib Featured

İlhamə Məhəmmədqızı, “Ədəbiyyat və incəsənət” portalının Sumqayıt təmsilçisi

 

Bu günlərdə “Çeşmə” Ədəbi Məclisinin növbəti yığıncağı Dədə Ələsgərin adını, ruhunu daşıyan məkanda baş tutub. Tədbiri giriş sözü ilə “Çeşmə” Ədəbi Məclisinin sədri, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, tanınmış şair-qəzəlxan Lilpar Cəmşidqızı açıb.

 

O, iştirakçıları salamlayaraq bildirib ki, bu il Azərbaycanın bütövlüyü uğrunda canından keçən Vətən müharibəsi şəhidlərinin xatirəsinin beş ili tamam olur. Məclis iştirakçıları şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Daha sonra söz Azərbaycan Yazıçılar Birliyinin üzvü, iki “Divan” müəllifi, ustad şair Gülarə Munisə verilib. Gülarə Munis məclisə xeyir-duasını verərək belə tədbirlərin gənc şairlərin inkişafında mühüm rol oynadığını vurğulayıb və qəzəllərindən bir neçəsini səsləndirib.

Tədbirdə iştirak edən tanınmış şair-qəzəlxan, Prezident təqaüdçüsü Əşrəf Pirşağılı da çıxış edərək “Çeşmə” Ədəbi Məclisinin əruzun qorunması və gənc istedadların formalaşmasında mühüm rol oynayacağını qeyd edib. O, məclis rəhbərliyinə uğurlar arzulayıb, təşəkkürünü bildirib və bir neçə qəzəlini oxuyub.

“Bütöv Azərbaycan” qəzetinin baş redaktoru Tamxil Ziyəddinoğlu da çıxışında məclisə uğurlar arzulayaraq bildirib ki, ayda bir dəfə keçirilən bu ədəbi toplantıların bütün iştirakçılarının şeirləri qəzetin səhifələrində dərc olunacaq.

Məclisə ilk dəfə qatılan İlhamə Müslümova və Namiq Müslümov Türkiyə və Azərbaycan şairlərinin birgə yazdığı, 63 şəhidə həsr olunmuş “1 Şəhid, 1 Hekayə, 1 Şeir” adlı kitabın IV cildinin nəşrindən danışıblar və öz şeirlərindən bir neçəsini səsləndiriblər.

Tədbir zamanı həkim-şair Səadət Salmanqızı, Gülnarə Zeynalova, Ziyafət Tovuzlu və Hatəm Əsgərov da çıxış edərək şeirlərini oxuyublar.

Böyük maraq və səmimiyyətlə keçən “Çeşmə” Ədəbi Məclisi uğurla başa çatıb.

Sonda Məclisin sədri Lilpar Cəmşidqızı tədbirin keçirilməsində göstərdiyi dəstəyə görə “Şahənşah” restoranının rəhbəri Rəşid Süleymanova və Dədə Ələsgər Ocağı İctimai Birliyinin sədri Xətai Ələsgərliyə minnətdarlığını bildirib.

Məclis iştirakçıları növbəti görüşdə bir araya gəlmək ümidi ilə tədbiri yekunlaşdırıblar.

 

“Ədəbiyyat və incəsənət”

(30.10.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.