Super User

Super User

 

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Hər halda etiraf etməliyik ki, Rusiyada təhsil almaq həm Çar dönəmində, həm də SSRİ illərində bu bayraq altında olan hər bir xalqın nümayəndəsi üçün müstəsna üstünlük verirdi, onlar fərqlənir, daha üstün nailiyyətlər əldə edirdilər.

 

Vaqif  Behbudov 1961-ci ildə Sank-Peterburq Dövlət Kino və Televiziya Universitetini bitirib. Azərbaycan Televiziyasında cizgi filmləri istehsalının təməlini qoyub. Əvvəlcə kinooperator, daha sonra isə kinorejissor kimi filmlər çəkib. "Gözlük", "Danışan işıqlar", "Qırmızılar, qaralar və başqaları", "İlham", "Göyçək Fatma", "Ustalar, qızıl əllər", "Yayın bir günündə", "Sağ ol, dostum", "Basatın igidliyi", "Xeyirli nağıl", "Qız qalası", "Qurbanəli bəy", "Qara leylək", "Sehirli çıraq", "Başlanğıc", "Analar və laylalar" adlı cizgi filmlərinin rejissoru və operatoru olub.

 V. Behbudov operator olaraq "Üzeyir Hacıbəyov", "Bizim Şamama", "Təsnif", "Şövkət Ələkbərova" və s. sənədli filmlərin hazırlanmasında işləyib. Rejissor kimi "Nailə", "Kamil", "Özümlə heç nə aparmayacağam"(Əzizə Cəfərzadə), "Əbədi zirvə", "Müslüm Maqomayev −55", "Mənlə mən arasında", "Azərbaycan Respublikasının Təhlükəsizlik orqanları", "Sənsiz", "Bakı-SOS uşaq kəndi", "Bağlı qapı" (Akademik Əziz Əliyev), "Sənsiz" (Akademik Zərifə Əliyeva), "Kərpickəsən kişi", "İlmələrdə yaşayan həyat" (rəssam Kamil Əliyev), "Sirli salnamələr", "Girdiman", "Yeraltı şəhərin izi ilə", "Lahıc", "Azərtac-85" sənədli filmlərini çəkib. Müəllifi olduğu cizgi filmlərindən altısı Beynəlxalq Televiziya Filmləri Festivalında Priz və Mükafatlara layiq görülüb.

Dövlət və "Humay" Mükafatları Laureatı, Azərbaycan Respublikasının Xalq artisti, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsüdür. "Azərbaycantelefilm" Yaradıcılıq Birliyində Operatorlar qrupunun rəhbəri, Azərbaycan Kinematoqrafçılar İttifaqının katibidir. Ümumilikdə 45 illik iş stajına malikdir

 

Filmoqrafiya

 

 

1. Analar və laylalar

2. Aşıq Veysəl

3. Bakı SOS Uşaq Kəndi

4. Basatın igidliyi

5. Başlanğıc

6. Boradigah

7. Bu yol Şabran yoludur

8. Danışan işıqlar

9. Deportasiya

10. Əbədi zirvə

 

“Ədəbiyyat və incəsənər”

(03.11.2025)

 

 

İlqar İsmayılzadə,

fəlsəfə üzrə fəlsəfə doktoru, "Həməşəra" mətbu orqanının təsisçisi və baş redaktoru, Azərbaycan Jurnalistlər Birliyi və Azərbaycan Yazıçılar Birliyinin üzvü, yazıçı-publisist, "Ədəbiyyat və incəsənət" portalının Cənub təmsilçisi

 

Cəlilabad şəhərində fəaliyyət göstərən Azərbaycan Dövlət Pedaqoji Universitetinin Cəlilabad filialının təşkilatçılığı ilə universitetin tədbirlərlə bağlı öncədən hazırlanmış planı və Azərbaycan Respublikasının müzəffər Prezidenti cənab İlham Əliyevin imzaladığı sərəncam çərçivəsində universitetin professor-müəllim heyəti, tələbələri və tədbirə dəvət edilmiş qonaqların iştirakı ilə görkəmli Azərbaycan şairi, akademik Bəxtiyar Vahabzadənin 100 illik yubileyinə həsr edilmiş "100 illik ədəbi irs və elmi baxış" adlı konfrans keçirilmişdir.

 

Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi və vətən uğrunda canını qurban vermiş əziz şəhidlərimizin xatirəsinin əziz tutulması hədəfi ilə 1 dəqiqəlik sükutla başlayan tədbirdə ADPU Cəlilabad filialının direktoru, Cəlilabad rayon Ağsaqqallar Şurasının üzvü, aqrar elmlər üzrə fəlsəfə doktoru, dosent Xudayar Sultanlı, qonaq qismində Cəlilabad rayon Göytəpə şəhər şəhid Vasif Hüseynov adına 2 N-li ümumtəhsil tam orta məktəbnin direktoru, "Həməşəra" və "Nizami Gəncəvi" Fəxri Diplomları laureatı, ədəbiyyatçı, filoloq, xüsusilə də bu il görkəmli Azərbaycan şairi Bəxtiyar Vahabzadənin poeziyasını "Ədəbi təhlillər" adlı kitabında ədəbi təhlil etmiş ədəbi təhlilçi və tənqidçi, şair Şəhla Rəvan, Göytəpə şəhər 2 N-li ümumtəhsil tam orta məktəbnin dil-ədəbiyyat müəllimi Aydan Ələkbərli və fəlsəfə üzrə fəlsəfə doktoru, "Həməşəra" mətbu orqanının təsisçisi və baş redaktoru, Azərbaycan Jurnalistlər Birliyi və Azərbaycan Yazıçılar Birliyinin üzvü, yazıçı, publisist, "Ədəbiyyat və incəsənət» portalının Cənub təmsilçisi İlqar İsmayılzadə, həmçinin, ADPU Cəlilabad filialı, Tədbirlərin təşkili və tələbələrlə iş şöbəsinin müdiri və filialın baş müəllimi Səbinə İsmayılova, filialın müəllim heyətindən: ADPU Cəlilabad filialının baş müəllimi, tədqiqatçı Mahmudağa Qasımov, arxeoloq və tarixçi-tədqiqatçı Ələsgər Mirzəzadə, filologiya üzrə fəlsəfə doktoru, dosent Yədulla Dadaşlı, Tofiq İsgəndərov, Aydın İbişov və digər professor-müəllim heyəti və eləcə də universitetin tələbələri yaxından iştirak etdilər.

 

Görkəmli ziyalı alim Xudayar Sultanlı öz açılış çıxışında Bəxtiyar Vahabzadə poeziyasından söz açaraq Azərbaycan dövlətinin daim milli-mənəvi dəyərlərin keşiyində dayandığı, görkəmli xalq şairi B.Vahabzadənin 100 illik yubileyinin respublika səviyyəsində qeyd edilməsi ilə bağlı cənab Prezidentin imzaladığı sərəncamı isə bunun bariz nümunəsi adlandırdı.

Konfransda çıxış edən digər qonaqlar, professor-müəllim heyəti və tələbələr də çıxış edərək görkəmli Azərbaycan şairi Bəxtiyar Vahabzadənin Azərbaycan ədəbiyyatına xidmətlərindən, onun bacarıqlı söz və poeziya ustadı olmaqla yanaşı, həm də sözün həqiqi mənasında öz şəxsiyyəti, vətəni, milli-mənəvi dəyərləri və xüsusilə də öz milli kimliyinə bağlı olan ziyalı bir şəxsiyyət olduğundan və buna görə də Azərbaycan dövləti və xalqı yaşadıqca, Bəxtiyar Vahabzadə adı və poeziyasının daim yaşayacağına təkid göstərdilər.

Tədbirdə ADPU Cəlilabad filialının tələbələrindən: Məmmədova Aysel, Quliyeva Hilalə, İmanova Fatimə, Hüseynzadə Mirzəhra və Məmmədli Gülər qısa çıxışlarında görkəmli şairin yaradıcılığından söz açaraq Bəxtiyar Vahabzadə poeziyasından nümunələr səsləndirdilər.

Yüksək səviyyədə təşkil olunmuş elmi və ədəbi konfrans xatirə şəkillərinin çəkilməsi ilə yekunlaşdı.

 

“Ədəbiyyat və incəsənət”

(03.11.2025)

 

İmran Verdiyev,

Azərbaycan Respublikasının Əməkdar müəllimi. “Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi

 

Bu günlərdə “Elm  və təhsil” nəşriyyatında Oğuzun tanınmış yazarlarından Nazim Hüseynlinin yeni “Oğuz soraqlı, Vətən sevdalı insanlar” kitabı çapdan çıxmışdır.

 

Kitabdan bəhs etməmişdən öncə sizə onun müəllifi barədə qısa danışmaq istərdim. Nazim Hüseynli 07 mart 1953-cü ildə Vartaşen (indiki Oğuz) rayonunun Xaçmaz kəndində anadan olmuşdur. 1970-ci ildə həmin kənddəki orta məktəbi bitirmişdir. Azərbaycan Dövlət Universitetinin (hazırkı BDU-nun) Şərqşünaslıq fakültəsinin türk filologiyası bölümündə təhsil almışdır. 1975-ci ildə universiteti bitirib Oğuz rayon qəzetinin redaksiyasında müxbir kimi əmək fəaliyyətinə başlamış, sonra şöbə müdiri işləmişdir. Bir müddət digər sahələrdə çalışdıqdan sonra yenidən rayonun mətbu orqanı olan “Lenin bayrağı” (sonrakı “Oğuz yurdu”) qəzetinin redaksiyasına qayıtmış, burada uzun illər redaktor müavini və 25 ildən çox redaktor vəzifələrində çalışmışdır.

Yaradıcılığa orta məktəbin yuxarı siniflərində oxuyarkən başlamış, bədii yazıları respublikanın qəzet və jurnallarında, Yazıçılar Birliyinin ədəbi orqanlarında, “Gənclik” və “Yazıçı” nəşriyyatlarında buraxılmış “Bahar çiçəkləri”, “Yaşıl budaqlar”, ”Yeni səslər” almanaxlarında dərc olunmuşdur. 1991-ci ildə “Yazıçı” nəşriyyatında hekayələrdən ibarət “Şabalıdlı dərə” adlı ilk kitabı çap edilmişdir. N.Hüseynli həm də Oğuz yazarlarının yaradıcılıq nümunələri toplanmış “Kövrək addımlar” və “Oğuzun sözü” almanaxlarının tərtibçisi və redaktorudur. Bu gün Nazim müəllim nəinki Oğuzda, bütün ölkədə tanınmış yazarlardandır.

Hekayələrində Qarabağ savaşı, kənd həyatı, kənd adamlarının qarşılaşdıqları problemlər, onların mənəvi dünyasında baş verən aşınmalar, şeir və poemalarında vətənpərvərlik, Azərbaycanın bütövlüyü, türkçülük və turançılıq ideyalarının təbliği mühüm yer tutur.

AYB və AJB-nin üzvü olan N.Hüseynli Prezident təqaüdçüsüdür. Tərəqqi, həmçinin Türkiyənin Adana şəhərində Çukuroba Ədəbiyyatçılar Dərnəyinin düzənlədiyi VII Uluslararası Şeir və Musiqi Festivalı adına təsis olunmuş Atatürk medallarına layiq görülmüşdür. O, həm də “Qızıl qələm” media mükafatı laureantı, müxtəlif müsabiqələrin qalibidir.

Zənnimizcə, Nazim Hüseynlinin yazılarını iki yerə bölmək olar: bədii

əsərləri (şeir, poema və hekayələri);  publisistik  və Oğuzun tarixi, keçmişi, bu günü, tanınmış insanları haqqında olan yazılar.

Biz onun sayca 13-cü  olan, yenicə çapdan çıxan və haqqında söhbət açmaq istədiyimiz “Oğuz soraqlı, Vətən sevdalı insanlar”  kitabını da ikinci qrupa aid edirik. Bu kitabda da əvvəlki kitablarının ənənələrinə sadiq qalan müəllif müxtəlif mənbələr, arxiv sənədləri əsasında Oğuz yetirmələrinin həyatını, fəaliyyətini və göstərdikləri xidmətləri işıqlandırır.

Onu da deyək ki, Nazim müəllimin “Oğuz soraqlı, Vətən sevdalı insanlar”   kitabının ilk təqdimatı bu ilin oktyab ayının 6-da Bakı EKSPO Mərkəzində XI Beynəlxalq Kitab Sərgisində baş tutmuşdur. Oradakı təqdimatda digər oxucularla yanaşı oğuzlu oxucular, həmçinin tanınmış yazarlardan AYB-nin üzvləri R.Behrudu, Q.Nəcəfzadə, A.Heydərova və digərləri də işrirak etmişlər.

Oğuzun ilk ali təhsilli müəllimləri (S.Əbdürrəhmanbəyzadə və A.Tahirzadə) haqqında oçerklərlə başlayan “Oğuz soraqlı, Vətən sevdalı insanlar” kitabında, N.Hüseynlinin özünün “Ön söz”də yazdığı kimi, “Oğuz bölgəsində dünyaya gəlmiş, buradan qanadlanıb müxtəlif yerlərdə, müxtəlif sahələrdə fəaliyyət göstərərək xalqa, elə fayda verərək ad-san qazanmış, Oğuzun başını ucaltmış” insanlardan söz açılır. Onlar I və II Qarabağ müharibələrinin şəhid və veteranlarıdırlar. Təhsil və mədəniyyət işçiləri, həkimlər, hüquqşünaslar və qanun keçikşiləri, oğuzlu yazarlar, oğuzlu alimlər və ali məktəb müəllimləri, ölkədə və onun ayrı-ayrı regionlarında Oğuzu layaqətlə təmsil edənlər, iş adamları, rayonun özündə fəaliyyət göstərərək onun yüksəlişi üçün çalışanlardır. Bu gün də xoş xatirələrlə yad olunan insanlardır. Kitabda ayrıca oçerklər həsr olunmuş bu cür insanlara  şəhidlərdən K.Rəhimov, A.Əliyev, T.Babayev, V.İbrahimov və N.İbrahimlini, uzun illər RTŞ-nə rəhbərlik etmiş Əməkdar müəllim Ə.Aslanovu, müharibə veteranı M.Hacıyevi, SSRİ Rəssamlar İttifaqının üzvü olmuş xalçaçı M.Dəftəzanovanı, alimlərdən İ.Çələbi, S.Vahabova, M.Yolçuyev və G.Əliyeva/Əyyubovanı, Əməkdar həkim İ.Abdullayevi, həkim  A.Hüseynovu, Əməkdar müğənni, Dağıstanın Xalq artisti Ə.Oğuzu,  yazarlardan Azərbaycan və İsrail YB-nin üzvü S.Şeyda, V.Oğuz, E.Əzimli, R.Şərifi və onlarla başqalarını nümunə göstərmək olar.

Təqdirə layiq haldır ki, bu kitabda da müəllif əvvəlki kitablarında olduğu kimi rayonda təhsilin inkişafında xidmətləri olmuş fədakar müəllimlərimiz haqqında xeyli məlumat verir. Tanınmış müəllimlər Ə.Aslanov, Emin Əzimli, Fərrux Əbilov, Abdulla Həsənov, Nüşabə Hacıyeva, Dilguşə Süleymanova, Azadə Xəlilova, Sədrəddin Qarayev, Gülbala Həmidov, Qəmzə Süleymanova, Afət Məmmədova, Samir Cəbrayılov, Rumiyyə Camalova, Anar Məcidov haqqında təqdim olunan məlumatlar buna misal ola bilər. Bunu hörmətli yazarımızım müəllimə olan böyük hörmət və ehtiramı sayırıq.

Onu əlavə edək ki, kitaba müəllifin bəzi informasiya vasitələrində çap olunmuş bir sıra məqalələri, yazıları da daxil edilmişdir.

İnanırıq ki, N.Hüseynlinin “Oğuz soraqlı, Vətən sevdalı insanlar” kitabında öz əksini tapmış informasiyalar gələcəkdə Oğuzun tarixi, onun tanınmış simaları ilə maraqlananlar üçün qiymətli bir mənbəyə çevriləcəkdir.

Özünün də yazdığı kimi, hələ əlindən qələm düşməyən, Dədə Qorqud yurdu olan Oğuzun tarixində, dünənində və bu günündə xidmətləri, izi olan insanların tanıdılması, onların fəaliyyətlərinin işıqlandırılması sahəsində öz işini bundan sonra da davam etdirmək ümidi ilə yaşayan N.Hüseynliyə yeni-yeni uğurlar arzulayırıq.

 

“Ədəbiyyat və incəsənət”

(03.11.2025)

İlhamə Məhəmmədqızı, “Ədəbiyyat və incəsənət” portalının Sumqayıt təmsilçisi

 

Sumqayıt Dövlət Rəsm Qalereyasında “Qələbənin Rəngi” adlı sərgi-tədbir təşkil olunub. Tədbir Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş igidlərin xatirəsinə həsr edilib.

 

Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunmasından daha sonra çıxış edənlər -Sumqayıt Dövlət Rəsm Qalereyasının direktoru Ellada Həsənova, Azərbaycan Yazıçılar Birliyi Sumqayıt bölməsinin sədri Gülnarə Camaləddin, şair Akif Amal, rəssam İntiqam Cəfərov və şəhid kəşfiyyatçı-snayper, gizir Elmar Nəsibovun anası Sürəyya Mehdiyeva torpaqlarımızın azadlığı uğrunda canlarından keçən qəhrəmanların Vətən sevgisindən, xalqın birliyindən və bu kimi tədbirlərin gənc nəsildə vətənpərvərlik ruhunun aşılanmasında mühüm rol oynadığından danışıblar.

Çıxış edənlər qeyd ediblər ki, bu cür mədəni tədbirlər şəhidlərin xatirəsini yaşatmaqla yanaşı, onların qəhrəmanlıq yolunu gənc nəsilə tanıtmaq baxımından da xüsusi əhəmiyyət daşıyır.

Tədbirdə şəhid anaları və şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Sərgi çərçivəsində Gülayə Sadıqovanın rəhbərliyi ilə general-mayor Polad Həşimov adına 28 nömrəli məktəbin şagirdləri musiqi nömrələri ilə çıxış ediblər. Onların ifasında səslənən vətənpərvərlik ruhunda mahnılar tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılanıb.

Sərgi bölməsində isə Nəriman Nərimanov adına Mədəniyyət Mərkəzinin rəsm dərnəyinin üzvlərinin əl işləri nümayiş etdirilib. Gənc rəssamların əsərlərində Vətən, Qələbə, azadlıq və qəhrəmanlıq motivləri əsas yer tutub.

Tədbirin sonunda iştirakçılar sərgiyə baxış keçirib, gənc rəssamların yaradıcılığını yüksək qiymətləndiriblər. “Qələbənin Rəngi” adlı bu tədbir həm şəhidlərimizin xatirəsinə dərin ehtiramın ifadəsi, həm də Vətən sevgisinin sənət dili ilə təqdimatı kimi yadda qalıb.

 

“Ədəbiyyat və incəsənət”

(03.11.2025)

 

Şəhla Rəvan,

Cəlilabad rayon Göytəpə şəhər şəhid Vasif Hüseynov adına 2 N-li ümumtəhsil tam orta məktəbnin direktoru, filoloq, ədəbi təhlilçi və tənqidçi, şair. “Ədəbiyyat və incəsənət” üçün

 

Azərbaycanın Xalq şairi mərhum Bəxtiyar Vahabzadənin (1925-2009) xatirəsini əziz tutmaq və 100 illik yubileyinə ədəbi töhfə olaraq onun poeziya nümunələrinin təhlilini davam etdiririk. Bu dəfə görkəmli şairimizin daha bir şerini təhlil etmək və onu B.Vahabzadə poeziyasının vurğunları ilə bölüşmək istəyirəm...

 

İLLƏR

 

Böyümək eşqiylə uşaqlıqda mən

Boyumu ölçərdim gündə yüz kərə

Çox vaxt gileylənib kiçikliyimdən,

Qibtəylə baxardım mən böyüklərə.

 

Özümü həkimə, gah müəllimə,

Gah da mühəndisə mən bənzədirdim.

Atamın hər kiçik hərəkətini

Böyük bir həvəslə təqlid edərdim.

 

“Üzüm tüklənəcək, bəs nə vaxt?” deyə

On dəfə baxardım gündə güzgüyə

Yaşımı deməyə mən utanırdım,

Özümdən böyüyü xoşbəxt sanırdım...

 

Böyümək istərdim mən gündə bir yaş,

İstərdim tez keçsin aylar, fəsillər,

Həftələr ötdükcə hey yavaş-yavaş,

“Nə yaman ləng keçir” deyərdim, illər...

 

İllər ləng keçmədi, hər anda illər

Min insan ömründən kam aldı keçdi

Bir zaman gördüm ki, otuz yaşım var,

İllər saçlarıma dən saldı keçdi...

 

Dəyişir insanda məhəbbət, həvəs,

İllər də ömürdən getmir boş yerə,

Bu gün böyüklərə deyil, nədən bəs,

Qibtəylə baxıram mən kiçiklərə.

 

Başımız işlərə qarışır yaman

Heç bilmirik axşam nə zaman düşür

Yamyaşıl gördüyün dünənki yarpaq,

Bir də görürsən ki, budaqdan düşür.

 

İllər çox sürətlə ötür dalbadal

Bir anda dağların qarı sel olur,

Gözümüzü yumub-açınca dərhal,

Həftələr ay olur, aylar il olur.

 

Min gediş, min gəliş olur bir anda,

Qovur bir-birini sanki nəsillər.

Mən hər təzə ili qarşılayanda,

“Nə yaman tez keçir” deyirəm, illər...

 

Deyin, hara belə tələsirsiniz?

Sizsiniz ömrümün yelkəni, illər!

Mən sizi qovardım uşaqlığımda,

İndi qovursunuz siz məni, illər!...

                         Bəxtiyar Vahabzadə

 

Şeirin təhlili:

"İllər" şeiri insan ömrünün müxtəlif dövrlərində zamanın qavranışındakı dəyişikliyi, uşaqlıqdan yetkinliyə keçidlə yaranan hissləri çox ustalıqla əks etdirən təsirli bir əsərdir.

Şeir, zamanın gedişatını və insanın yaşlandıqca bu gedişata münasibətini olduqca canlı təsvir edir.

Şeirdə mövcud olan gedişat və mövzuları aşağıdakı formada təqdim və izah etmək olar:

 

1. Uşaqlıq;

İnsanın uşaqlıq dövrü zamanın yavaş axışı və böyümək arzusunun tərənnüm etdiyi dövrdən ibarətdir.

Şeirin ilk bəndləri uşaqlıq illərinin səbirsizliyini və böyümək arzusunu təsvir edir. Kiçik qəhrəman daim boyunu ölçür, böyüklərə həsədlə baxır və onların hərəkətlərini təqlid edir. Bu dövrdə zaman ona çox yavaş gəlir.

 

2. Səbirsizlik və həvəs;

"Boyumu ölçərdim gündə yüz kərə"

"Qibtəylə baxardım mən böyüklərə".

Uşaq canfəşanlıqla böyümək istəyir, həkim, müəllim, mühəndis olmağı xəyal edir.

 

3. Yetkinlik əlamətlərinin axtarışı;

"Üzüm tüklənəcək deyə

On dəfə baxardım gündə güzgüyə".

Bu misralar uşağın fiziki böyüməyə canfəşanlığını göstərir.

 

4. Zamanın ləngliyindən şikayət;

Şeirdə "Nə yaman ləng keçir" deyərdim, illər..." misrası uşaqlıq illərində zamanın uzandığı hissini mükəmməl ifadə edir. Hər ay, hər fəsil ona sonsuzluq kimi gəlir.

 

5. Zamanın sürətlənməsi və dəyişən həsrət;

Şeirin ikinci hissəsində zamanın qavranışında kəskin dəyişiklik baş verir. Uşaqlıqda ləng keçən illər yetkinlikdə qaçaraq keçir.

 

6. Zamanın sürəti;

"İllər ləng keçmədi, hər anda illər

Min insan ömründən kam aldı keçdi".

Bu misralar illərin necə sürətlə keçdiyini, hər anın min ömür kimi dolğun olduğunu vurğulayır.

 

7. Yaşlanma əlamətləri:

Şeirdəki "İllər saçlarıma dən saldı keçdi..." misrası yetkinlik yaşına çatdığını və zamanın fiziki izlər buraxdığını göstərir.

 

8. Həsrətin tərsinə çevrilməsi;

Uşaqlıqda böyüklərə həsəd aparan qəhrəman, yetkinlikdə kiçiklərə həsədlə baxır:

"Bu gün böyüklərə deyil, nədən bəs,

Qibtəylə baxıram mən kiçiklərə."

Bu, itirilmiş qayğısız uşaqlığa duyulan bir nostalji və yetkinliyin yükü ilə bağlı bir etirafdır.

 

9. Həyatın məşğuliyyəti;

"Başımız işlərə qarışır yaman

Heç bilmirik axşam nə zaman düşür".

Bu misralar yetkinlikdə zamanın necə məşğuliyyətlər arasında itdiyini, insanın özünü də zamanın axarına buraxdığını göstərir.

 

10. Təbiət metaforları;

"Yamyaşıl gördüyün dünənki yarpaq,

Bir də görürsən ki, budaqdan düşür".

Bundan əlavə, "Həftələr ay olur, aylar il olur" kimi təbiət obrazları zamanın qəfil və sürətli keçişini çox təsirli şəkildə ifadə edir.

 

11. Zamanın idarəolunmaz gücü;

Şeirin son bəndləri zamanın idarəolunmaz gücünü və insanın bu axış qarşısındakı acizliyini vurğulayır:

 

12. Dövrü qavrayış;

Uşaqlıqdakı "Nə yaman ləng keçir" şikayəti, yetkinlikdə "Nə yaman tez keçir" təəssüfünə çevrilir. Bu, zamanın nisbi olduğunu və yaşla birlikdə onun qavranışının dəyişdiyini göstərir.

 

13. Zamanın personifikasiyası;

Şair illəri canlı bir varlıq kimi təsvir edir: "Sizsiniz ömrümün yelkəni, illər!" və ən güclü sətir olaraq:

"Mən sizi qovardım uşaqlığımda

İndi qovursunuz siz məni, illər!..."

Bu misra illərlə insanın yerinin dəyişdiyini, uşaqlıqda illəri qovmağa çalışan insanın indi illər tərəfindən qovulduğunu, yəni həyatın sonuna doğru getdiyini göstərir.

Şeir dilinin sadəliyi, amma ifadə gücünün dərinliyi ilə oxucuya təsir edir. Hər bir insan öz həyatında bu hissləri yaşadığı üçün şeir ümumbəşəri bir mövzuya toxunur.

Görkəmli şairimizin "İllər" şeiri həm zamanın qaçılmaz axışını, həm də onun insan həyatında yaratdığı dəyişiklikləri dərindən hiss etdirən gözəl bir əsərdir.

 

“Ədəbiyyat və incəsənət”

(03.11.2025)

 

Nigar Xanəliyeva, “Ədəbiyyat və incəsənət"

 

Portalın əməkdaşlarının cavablandırdıqları növbəti ekspress-sorğu hazırda sərin-ilıq günlərini yaşadığımız payız fəsli ilə bağlıdır. Payızı niyə sevmək, yaxud niyə sevməmək?

 

Mənim ömrümün ən sərt, ən kəsici fəsli elə payızdır. Elə bir fəsil ki, mən təkliyin nə demək olduğunu düz iki dəfə, eyni ayda, eyni gündə ondan öyrəndim.

 Bəzən düşünürəm, insan ən çox kimi sevir? Bəs onun ən böyük düşməni kim olur? Özü? Ailəsi? Yoxsa, sevmək üçün seçdiyi insan?

 Əslində, insanın ən böyük düşməni, onu sevirmiş kimi davrananlardır.

 Bax, payız, mənim səninlə heç bir şəxsi-qərəzliyim olmayıb. Amma sən, sanki, ruhumdakı o balaca körpəni küləyinlə sovurub aparmaq, içimdəki isti nəfəsi soyutmaq istəyirsən. Nədir bu tilsim? Nədir bu acığın mənə, oktyabr?

 Bilirəm, qəribə gələcək, amma mən səni yenə də sevirəm, payız. Bəli, bəli… həm səni sevən, həm də o ağrını yaşayan mənəm.

 Bəlkə də indi bu yazını oxuyan düşünəcək ki, insan niyə dəfələrlə yaralayan bir fəsli sevsin axı? Amma mən bilirəm, insanı insan edən, qazandıqları yox, vaz keçdikləridir.

 Mən bu fəsildə atamı basdırmışam ruhumun ən qaranlıq küncündəki məzara.

Və atama bənzəyən o insanı da, eyni gün, eyni soyuqluqda oraya dəfn etmişəm.

Amma səni yenə sevirəm, payız. Çünki küləklə qarışıq çiskin yağışın hər dəfə mənə kim olduğumu xatırladır. Səni ən çox verdiyin dərslərə görə sevirəm. Çünki hər ilin 27 oktyabrında özümə yeni sözlər verirəm və Allahın izni ilə, onları növbəti payıza qədər yerinə yetirirəm.

 İlk sorğu göndərilən gündən bu yazını neçə dəfə yazıb-silib başladığımı saymadım. Çünki hər oktyabrda sənə bir az küsürəm, payız… Amma nə qədər küssəm də, sonda yenə səni sevirəm.

 Hər şeyə görə sağ ol, payız.

Səninlə ağrını da, sevinci də yaşadım və bu, məni mən elədi.

 

 “Ədəbiyyat və incəsənət”

(31.10.2025)

 

Cümə, 31 Oktyabr 2025 12:36

Lənkəranda kino günləri keçiriləcək

 

Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) həyata keçirdiyi mühüm layihələrdən biri, film nümayişləridir. Bu layihə çərçivəsində Bakıda, məktəblərdə və bölgələrdə müxtəlif film nümayişləri təşkil olunur.

 

İttifaqdan AzərTAC-a bildirilib ki, bu ənənəni davam etdirən AKİ noyabrın 3-dən 6-dək Lənkəran şəhərində film nümayişlərini həyata keçirəcək.

Dörd gün ərzində tamaşaçılar Mirsadıq Ağazadənin “Eviniz abad”, Qulu Əsgərovun “Mən burdayam, ilahi!”, İlqar Nəcəfin “Suğra və oğulları”, Elvin Adıgözəlin “Biləsuvar” tammetrajlı bədii filmləri, Orxan Ağazadənin “Kinomexanikin qayıdışı”, Pərviz Həsənovun “Başlıbel – mühasirə gündəliyi” tammetrajlı sənədli filmləri, Emin Əfəndiyevin “Tənha insanın monoloqu”, Qulu Əsgərovun “Hasar”, Teymur Qəmbərovun “Quxuroba”, Orxan Ağazadənin “Oturacaqlar”, Elvin Adıgözəlin “Rəna xanımın çəkilişi” bədii qısametrajlı filmlərini izləyə biləcəklər. 

Layihənin əsas məqsədi, Azərbaycan tamaşaçılarını həm dünya kinosunun inciləri, həm də yerli və müstəqil filmlərlə tanış etmək, xarici filmlərin Azərbaycan dilində nümayişi vasitəsilə kino sənətini daha geniş auditoriyaya çatdırmaq, həmçinin müzakirə mədəniyyətini formalaşdırmaqdır.

Bu təşəbbüs mədəniyyətlərarası dialoqu gücləndirir: tamaşaçılar müxtəlif ölkələrin kino nümunələri vasitəsilə yeni ideyalar əldə edir və dünyagörüşlərini zənginləşdirirlər. Layihə həm də yerli kino irsinin qorunmasına və təbliğinə xidmət edir. Azərbaycan filmlərinin nümayişi yerli kinematoqrafçılar üçün əlavə stimul yaradır. Bununla yanaşı, tamaşaçıların filmlər ətrafında fikir mübadiləsi aparmasına şərait yaradaraq, kino mühitinin canlı və aktiv qalmasına töhfə verir.

Layihə, cəmiyyətin estetik zövqünün inkişafına xidmət edir, kino sənətini yalnız əyləncə vasitəsi deyil, həm də maarifləndirici və mədəni dəyər daşıyan sahə kimi təqdim edir. Eyni zamanda, gənc nəsildə kino yaradıcılığına maraq oyadaraq, onların gələcəkdə Azərbaycan kino sənətinə töhfə verməsi üçün zəmin yaradır.

Xatırladaq ki, bundan öncə AKİ bir çox bölgələrimizdə kino nümayişlərini həyata keçirib.

 

“Ədəbiyyat və incəsənət”

(31.10.2025)

 

Oktyabrın 30-da mədəniyyət nazirinin müavini Fərid Cəfərov Türkiyə Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) rəhbəri Abdullah Erenin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

 

“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, görüşdə “bir millət, iki dövlət” prinsipi əsasında mədəni əlaqələrin inkişafı, tarixi abidələrin bərpası, arxeoloji tədqiqatlar və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunub.

 

Abdullah Eren TİKA-nın fəaliyyəti barədə məlumat verərək birgə layihələrin davam etdirilməsində maraqlı olduqlarını bildirib.

 

Həmçinin Birinci Türkoloji Qurultayın 100 illiyi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

 

 “Ədəbiyyat və incəsənət”

(31.10.2025)

 

“Bakıya Uçuş. İncəsənət Həftəsonu. Gələcəyimizi İNDİ Duy” (“Fly to Baku. Art Weekend. Sense the Future NOW”) layihəsi çərçivəsində oktyabrın 30-da bir neçə rəssamın əsərlərindən ibarət “Axar yaddaş” sərgisi təqdim olunub.

 

“Ədəbiyyat və incəsənət”

AzərTAC-a istinadən xəbər verir ki, sərgi İçərişəhərdəki tarixi Yeraltı hamamda keçirilib və “Art Weekend” layihəsinin əsas elementi olan su ilə bağlılıq ideyasını özündə əks etdirir.

 

Layihə Əməkdar rəssam Səbinə Şıxlinskaya, eləcə də gənc rəssamlar Nərgiz Əsgərova Ramizqızı, Aliyə Bayramova və Timur Zaripovun iştirakı ilə hamam məkanını keçmişlə bu gün arasında axan yaddaş sahəsinə çevirir.

 

Əməkdar rəssam Səbinə Şıxlinskaya jurnalistlərə açıqlamasında söyləyib ki, hamam ənənəsi bizim milli kimliyimiz haqqında danışan ən mühüm tarixi ənənələrdəndir. O, rəssamlar üçün videoinstalyasiyaları, yəni, müasir incəsənət əsərlərini muzey məkanında nümayiş etdirmək baxımından unikal imkan yaratdığını vurğulayaraq deyib: “Hesab edirəm ki, bu, möhtəşəm layihədir. Biz öz irsimiz və ənənələrimiz ilə fəxr edirik. Məhz buna görə İçərişəhərdə səkkiz hamam mövcuddur. Bu, həm emosional, həm də vizual baxımdan inanılmaz effekt yaradır. Bizim üçün burada işləmək, bu qədim divarlara toxunmaq, videoproyeksiyalarımızın bu qədimliyin enerjisi ilə necə birləşdiyini görmək çox maraqlı idi. İstəyirik ki, ziyarətçilər suyu həm də fəlsəfi mənada dərk etsinlər. Çünki bu, insanın qədim zamanlardan bəri su ilə birləşərək mənəvi təmizlənməsi, kamilləşməsi və kainata toxunması ilə bağlıdır”.

 

Kurator Mənsurə Məmmədəliyevanın sözlərinə görə, sərgi ictimai münasibətlərin, şəxsi xatirələrin və mədəni davamlılığın daşıyıcısı kimi təqdim olunur. “Hamam mədəniyyəti burada həm kollektiv, həm də fərdi yaddaş məkanı kimi oxunur. Sərgi Azərbaycanın hamam mədəniyyətini su, yaddaş və təmizlik anlayışları kontekstində araşdırır. Burada hamam yalnız memarlıq forması və fiziki məkan kimi deyil, həm də mədəni davamlılığın daşıyıcısı kimi təqdim olunur”,- deyə kurator əlavə edib.

 

Sərginin art meneceri Aqnessa Tariverdiyeva AZƏRTAC-a açıqlamasında bildirib ki, layihə həm tarixi-mədəni irsin qorunması, həm də ekoloji və sosial məsuliyyət anlayışlarını çağdaş sənət diskursuna daxil edir. O, sərginin tədqiqatyönümlü kurator jesti olmaqla yanaşı, çağdaş insanın yaddaş və məkanla münasibətinə poetik refleksiya yaratdığını da diqqətə çatdırıb.

 

Gənc rəssam Nərgiz Əsgərova öz əsəri barədə danışarkən bildirib: “Hamam mədəniyyətində suya duz və sirkə qataraq bədəndəki mənfi enerjini təmizləmək ritualı var. Mənim əsərim “Su kimi” adlanır və bu, insanın bütün maneələrə baxmayaraq, öz yolunu tapmasını simvolizə edir. Su heç vaxt dayanmaz – qarşısına maneələr çıxsa da, yolunu tapır. Su dəyişməkdən qorxmaz, o, bizə çevrilməyi öyrədir”.

 

Rəssamın təqdim etdiyi nanovideoinstalyasiya suyun mədəni və simvolik qatlarını araşdırır. “Burada su həyatın başlanğıcı, təmizlənmə və yenilənmə rəmzi kimi təqdim edilir. Hamam isə bu kontekstdə bədənin, ruhun və yaddaşın təmizlənməsi, yenidən doğuluş məkanı kimi təsvir olunur.

 

Əsərdə rəqəmsal texnologiya vasitəsilə suyun yaddaş və kimlik daşıyıcısı kimi çevrilmə gücü vurğulanır. Suyun şəffaflığı və axması insanın daxili aləmi ilə qovuşur, tamaşaçını sakit, lakin dərin bir təcrübəyə dəvət edir”, - deyə o əlavə edib.

 

“Axar yaddaş” sərgisi noyabrın 13-dək davam edəcək.

 

“Ədəbiyyat və incəsənət”

(31.10.2025)

 

Oktyabrın 31-dən noyabrın 2-dək İçərişəhərdə Zeytun Festivalı keçiriləcək. “Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, bu barədə “İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi xəbər yayıb. 

 

Tədbirin əsas məqsədi Azərbaycanın qədim zeytunçuluq ənənələrinin təbliği, yerli istehsalçıların dəstəklənməsi və bu sahədə milli brendin formalaşdırılmasına töhfə verməkdir.

Festival çərçivəsində zəngin yarmarka proqramı, konsertlər, rəssamların açıq hava plenarı, həmçinin sərgilər təşkil olunacaq. Qonaqlar həm müxtəlif bölgələrdən gətirilən zeytun və zeytun məhsulları ilə tanış olacaq, həm də İçərişəhərin tarixi mühitində maraqlı mədəni və əyləncəli anlar yaşayacaqlar.

İçərişəhərin özünəməxsus ab-havasında keçiriləcək bu festival yerli sənətkarların, rəssamların, musiqiçilərin iştirakı ilə birgə ənənə və müasirliyin vəhdətini nümayiş etdirəcək.

Bundan əlavə, festival çərçivəsində uşaqlar üçün xüsusi əyləncə proqramı da nəzərdə tutulub. Kiçik ziyarətçiləri oyunlar, yaradıcılıq guşələri və maraqlı ustad dərsləri gözləyir.

Tədbir hər kəs üçün açıqdır. Ziyarətçiləri dadlı məhsullar, canlı musiqi, sənət nümayişləri və ailəvi istirahət üçün unudulmaz atmosfer gözləyir.

 

“Ədəbiyyat və incəsənət”

(31.10.2025)

93 -dən səhifə 2609

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.