Super User

Super User

 

Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”

 


Yüz illərdi ruhumuzla yol gəlir,
Nakam eşqə başdaşıdı “Kərəmi”.
Qoşulubdu karvanına kədərin,
Yorulmadı, qəm daşıdı “Kərəmi”.

Bu dünyanın hikmətini bilən az,
Bu dünyada ağlayan çox, gülən az.
Deyirlər ki, axar, axar, qurumaz,
Başdan- başa göz yaşıdı “Kərəmi”.


O, vüsalsız məhəbbətin nərəsi,
Ancaq Tanrı mərhəməti çarəsi.
Qərarlaşan “Dilqəmi”də pərdəsi.
Bu dünyaynan savaşıdı “Kərəmi”.

Onda itər, onda doğar gümanın,
Onda çatar haqq yanına üryanın.
Açılmayan tilsimidir dünyanın
Göy üzünün yer daşıdı “Kərəmi”.

Mizrab sazın dərdlərini oynadar,
İçindəki ruhu, eşqi qaynadar.
İniltinin özündə bir ümid var,
Təsəllinin yoldaşıdı “Kərəmi”.

 

Bu gün bu gözəl şeirin müəllifi Mahirə xanımın ad günüdür, 65 illiyidir. Bu yazını bu yubileyə ərməğan edir, onu təbrik edir, cansağlığı, uzun ömür, həm elmdə, həm ədədbiyyatda bol nailiyyətlər arzu edirik.

 

Dünyanın hər bir yerində olduğu kimi, bizim cəmiyyətdə də xanım alimlərə xüsusi ehtiram və diqqət var. Fəqət, yaxın keçmişə qədər Azərbaycan xanımlarına elmlə, tədqiqatla məşğul olmaq yasaq edilmişdi. Sanki xanımların təhsil alması, savadlanması kimlərəsə mane olurdu. Yalnız XX əsrin ortalarından başlayaraq, elmin müxtəlif sahələrində alim xanımlarımız da yer tuta bildilər.

Bəli, bu dəfə sizə bir alim xanım - Mahirə Hüseynova haqqında söhbət açmaq istəyirəm. Onu həm də gözəl şeirlər müəllifi Mahirə Nağıqızı kimi tanıyırlar.

 

Gəlin əvvəlcə Mahirə xanımın ömür kitabına nəzər yetirək:

O, 1960-cı ilin noyabr ayının 4-də Naxçıvan MR-də, Babək rayonunun Sust kəndində anadan olub. Orta təhsilini 1978-ci ildə Abşeron rayonu Novxanı qəsəbə 1 saylı məktəb başa vurub.1980-1984-cü illərdə indiki Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsində ali təhsilə yiyələnərək oranı fərqlənmə diplomu ilə bitirib. Əvvəlcə təyinatla Abşeron rayonu Mehdiabad qəsəbə 1 saylı orta məktəbdə, sonra isə Bakı şəhəri Nəriman Nərimanov rayonundakı 43 saylı MLK-da öz ixtisası üzrə müəllim işləyib. Həmin illərdə Təhsil Nazirliyi tərəfindən “Qabaqcıl təhsil işçisi” fəxri adına layiq görülüb.

2009-cu ildən ADPU-nun Müasir Azərbaycan dili kafedrasının müəllimi kimi fəaliyyətə başlayıb. 2012-ci ildə “Həsən Mirzəyevin yaradıcılığında filologiya məsələləri” adlı dissertasiyasını uğurla müdafiə edərək, filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsinə yiyələnib. 2017-ci ildə isə “XIX-XX əsr Qərbi Azərbaycan aşıq və el şairlərinin yaradıcılığının dil və üslub xüsusiyyətləri (Dərələyəz mahalı üzrə)” mövzusunda elmi iş müdafiə edərək filologiya elmləri doktoru alimlik dərəcəsinə yüksəlib. ADPU-da işlədiyi müddət ərzində dosent, kafedra müdiri, fakültənin dekanı vəzifələrində çalışıb. 2021-ci ildən etibarən isə həmin universitetin Beynəlxalq əlaqələr üzrə prorektoru vəifəsində çalışır. Həm də 2024-cü ildən Milli Məclis yanında Toponimiya Komissiyasının tərkibində fəaliyyət göstərir...

Filologiya üzrə fəlsəfə doktoru Məlahət Babayeva onu belə təqdim edir: “Azərbaycan dilçilik elmini dünya miqyasında tanıdan, ölkəmizin elm xəzinəsinə sanballı töhfələr verən, beynəlxalq miqyasda böyük nüfuz qazanan, məhsuldar və yorulmaz fəaliyyəti ilə filologiya elminin, mədəniyyətin dinamik inkişafına qayğısını əsirgəməyən görkəmli dilçi-alim, filologiya elmləri doktoru, professor, tanınmış şairə, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru Mahirə Hüseynova zamandan bir addım öndə irəliləyən alimlərimizdəndir. XXI əsr Azərbaycan elmi və təhsili tarixində özünəməxsus yer tutan böyük alim, professor Mahirə Hüseynova bütün fəaliyyətini, yaradıcılığını mədəniyyətimizin, ədəbiyyatımızın, təhsilimizin inkişafına sərf edən dəyərli ziyalılarımızdandır. Onun mühüm həyati problemlər qaldıran, vacib ictimai-siyasi və mənəvi-əxlaqi məsələləri əks etdirən tədqiqatlarında əsas tədqiq və inikas obyekti insan, onun mənəvi dünyasıdır. Xalqımızın gözəl, zəngin mənəvi dəyərlərinin təbliği görkəmli alimin yaradıcılığında mühüm yer tutur. Onun məqalələri, araşdırmaları və monoqrafiyaları həm mövzu zənginliyinə, həm də dil və üslubuna görə böyük maraq doğurur. Dərin zəka sahibi olan Mahirə xanım həm görkəmli alim, pedaqoq, həm də istedadlı şair kimi tanınmaqdadır.”

 

Sirrli cazibə qüvvəsi, güclü daxili enerjisi və sabit xarakteri ilə seçilir. Əslində, o özündə dərin duyğuları, güclü intuisiya qabiliyyətini ehtiva edir və öz dəyərlərinə sadiqdir. Həyatında nə istədiyini dəqiq bilir və bu məqsədlərə çatmaq üçün qətiyyətlə səy göstərir. Ətrafında baş verən hadisələrə qarşı soyuqqanlı və sakitdir. Bəzən qərarları emosional əsaslara söykənsə də, məntiqi düşüncəsini heç vaxt itirmir. Dostluqda sadiq və etibarlıdır. Xəyanəti, nankorluğu bağışlamır. Hissetmə qabiliyyəti çox güclüdür- qarşısındakı insanın niyyətini, necə deyərlər, ilk sözündən anlayır. Bəzən sərt və qapalı görünsə də, bu onun zəif olduğunu deyil, əksinə, çox güclü insan olduğunu göstərir. Ətrafındakı insanlara qarşı daim diqqətlidir və analitik yanaşma sərgiləyir...

Əməkdar müəllim, filologiya elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev isə onun haqqında yazır:Professor Mahirə Hüseynovanın elmi yardıcılığı çoxşaxəlidir. Azərbaycan dilçiliyi, ədəbiyyatşünaslıq, türkologiya, dilimizin metodika məsələləri, publisistika, bədii yaradıcılıq. Məlum olduğu kimi, Azərbaycan elmində bədii ədəbiyyatın araşdırılması əsasında yaranan dilçilik tədqiqatları əsasən iki sahədə: ədəbi dil tarixi və üslubiyyat istiqamətlərində inkişaf edib. Mahirə xanım isə Dərələyəz mahalının zəngin aşıq ədəbiyyatı və xalq şeiri materialları əsasında onomastik vahidlərin, toponimlərin tədqiq olunmasına üstünlük verməklə ədəbiyyat yönümlü dilçilik tədqiqatlarının əhatə dairəsini genişləndirib. Onun “Qərbi Azərbaycanın Dərələyəz mahalının aşıq və el şairlərinin yaradıcılığında onomastik vahidlər” adlı monoqrafiyası bu istiqamətdə meydana çıxan ilk uğurlu tədqiqatlardan biridir. Məsələyə bu cür elmi baxış, həm şifahi xalq ədəbiyyatının dərin qatlarının, ictimai-mədəni köklərinin nəzəri cəhətdən aydınlaşdırılmasına və həm də qrammatik strukturun real və təbii mənzərəsinin canlandırılmasına şərait yaradıb. Bu mənada Mahirə Hüseynovanın qədim Azərbaycan torpaqlarından olan Dərələyəz mahalının folklorunun dilçilik yönündən öyrənilməsinə həsr olunmuş tədqiqatları həm də həmin regionun tarixi, etnoqrafiyası və ədəbiyyatına dair araşdırmaların da vəzifəsini yerinə yetirir. Onun 2017-ci ildə “XIX-XX əsrlər Qərbi Azərbaycan aşıq və el şairlərinin yaradıcılığının dil və üslub xüsusiyyətləri” mövzusunda müdafiə etdiyi doktorluq dissertasiyası isə milli folklor irsinə fəlsəfə doktorluğu dövründən başlanmış vətəndaş alim münasibətinin daha da dərinləşməsinə xidmət edir. Mahirə xanım müxtəlif illərdə Azərbaycan aşıq və el şairlərinin əsərlərinin linqvistikasının ayrı-ayrı sahələrinin, həmçinin problemlərinin öyrənilməsinə həsr olunan ardıcıl və sanballı tədqiqatları ilə qrammatika üzrə mükəmməl bir dilçilik araşdırmaları silsiləsi yaradıb. Bu silsilənin davamı kimi professorun Dərələyəz mahalının dil materialları əsasında 2015-ci ildə qələmə aldığı “Aşıq və el şairlərinin fonopoetikası”, 2016-cı ildə “Aşıq və el şairlərinin leksikası”, daha sonra “Aşıq və el şairlərinin üslubi frazeologiyası”, Aşıq və el şairlərinin üslubi morfologiyası”, “Aşıq və el şairlərinin üslubi sintaksisi” adlı eyni ildə işıq üzü görmüş kitabları da problemin daha dərindən araşdırılmasına xidmət göstərir...”

Mahirə xanımın bədii yaradıcılığında isə mənəvi saflıq və vətənpərvərlik ana xətt rolunu oynayır. Onun şeirləri qürurun, mərdliyin, saflığın aydın poetik ifadəsidir. Mahirə xanım “Mənim anam”, “Su at dalımca, ana”, “Ana sevgisindən doğan nəğmələr”, “Yaşadacaq anam məni”, ”Ömrümün çırağı sənsən”, “Analı dünyam” adlı kitablarını təşkil edən poeziya nümunələrində ilahi sözün təbii poetik ifadəsi öz əksini tapıb. Ümumiyyətlə, professor, şair Mahirə Nağıqızı ədəbiyyatımızın inkişafında böyük xidmətlər göstərməkdədir və həm fədakar elm xadimi, həm də şair kimi yorulmadan yazıb-yaradır...

 

“Ədəbiyyat və incəsənət”

(04.11.2025)

 

 

Çərşənbə axşamı, 04 Noyabr 2025 12:00

ŞEİR SAATInda Xuraman Hüseynin şeirləri

 

“Ədəbiyyat və incəsənət” portalı Şeir saatı rubrikasında bu gün sizlərə Xuraman Hüseynin şeirlərini təqdim edir.

 

Bir-birimizə gecikdik,

yarpaqları saralan

budaqları quruyan ağaca

yağış gecikən kimi… - deyən şairə sevginin ülviliyindən, ayrılığın iztirablarından yazır. Bu şeirlərdə ayrılıq həm də qınaqdır, danlaqdır, peşiman etməkdir. Həqiqətən də, ürəyində sevgisizliyin boşluğundan hörümçəyin tor qurması dözülməzdir.

O gedən qatarın son vaqonu
sənin ürəyindi:
bomboş
soyuq...
Arada ürəyindən xəbər tut,
hörümçək tor qurar
mənsizlikdən...

Xoş mütaliələr!

 

 

ƏLLƏRİN

 

Hər dəfə
əllərin toxunduqca yanaqlarıma,
sildikcə göz yaşımı
utandım onlara əzab verməkdən.

təbəssümün düşməni kədər imiş –
gündüzdən qorxan yarasa kimi gizlənər o
gülümsəsən,
günəş doğsa qəlbində...

Gülə bilsən,
silahın qəhqəhələr olsa,
əliyalın düşmən kimi geri çəkilər
kədər...

gülüşüm gözlərimə qayıtdı,
qaranquş öz yuvasına qayıdan kimi.
əllərin unutsun göz yaşımı,
sərçələr qürbət elləri unudan kimi...


AĞ SAP

 

İlk dəfə

qara köynəyinin düyməsinin

ağ sapla tikilməyindən bildim

evinin

qadın əllərindən ötrü darıxdığını...

Sonra mənə hədiyyə etdiyin kitabların tozu

saralmış vərəqlərdəki tənhalıq qoxusu

anlatdı həyatını...

 

Ürəyim sənindi,

bilirəm,

saçlarım

gözlərim

ruhum...

Amma daha çox əllərim sənin olsun, istəyirəm...

 

Saçını tumarlayar,

süfrə bəzəyər sənə

əllərim...

Bir də

qara köynəyinə

qara,

ağ köynəyinə ağ sapla tikər düymələri...

  

 

YAĞIŞ GECİKƏN KİMİ

 

Bir-birimizə gecikdik,

yarpaqları saralan

budaqları quruyan ağaca

yağış gecikən kimi…

Göy üzü bir az tez tutulaydı,

buludlar gecikməyəydi

mehriban olmağa…

Birimiz tez çıxaydıq evdən,

birimiz gecikəydik,

təsadüfən rastlaşaydıq,

qağayıya dönəydik...

görüşəydik dəniz yurdumuzda,

zaman bu zaman olmazdı,

illər də bu illər...

nə sən ruhuna xəyanət edəydin,

nə də mən.

sevəydik bir-birimizi

qağayılar dənizi,

dəniz qağayıları sevən kimi…

 

 

 O YOL

 

Bu yolun başlanğıcı

o yolun bitdiyi yerdi.

o yol mənim gəldiyim,

sənin getdiyin yerdi.

 

biz o yolda qarşılaşmalıydıq,

mən gəldim,

sən getmədin...

orda bir yol yoruldu

səni gözləməkdən,

məni gözlətməkdən...

 

 

SAMAN ÇÖPÜ

 

Bulud aldı göy üzünü, batdı yenə günəşim,

Ruhumdakı son ümidi əsən yellər qopardı.

Mənim işim səninlədi, başqasıyla nə işim?

Saman çöpü, səni sular məndən əvvəl apardı.

        

Saman çöpü, sən də getdin, söylə, indi neyləyim?

İlk evimiz beşik olur, son evimiz də məzar.

Dayağım yox bu dünyada, kimə ümid eyləyim?

Dost da bəzən düşmən olub adama quyu qazar.

 

Əl uzatdım, əllərimi düşmən kimi sıxdılar,

Saman çöpü, de, hardasan? Səni gəzir əllərim.

Mən onları dost sanırdım, onlar düşmən çıxdılar,

Boğuluram, səndən başqa yoxdur bir ümid yerim.

 

 

SON VAQON  

 

O gedən qatarın son vaqonu
sənin ürəyindi:
bomboş
soyuq...
Arada ürəyindən xəbər tut,
hörümçək tor qurar
mənsizlikdən...

Yazdığın şeirin
son misrası mənəm,
nöqtə qoya bilmirsən.
birdən ardını yazarsan deyə,

Bir zərrə ümidin qalıb –
bəlkə, işığı
geri qayıtmam üçün
yollarımı aydınladar deyə...

        

 

SİZİF YÜKÜ

 

Necə ki Sizifin əziyyəti hədər gedirdi,

dağ başına daşıdığı böyük qaya parçası

yerə düşürdü, ürək də ayrılığı o cür daşıyır.

Tanrıların ittihamı Sizifə zülm verirdi,

hədər gedirdi əziyyəti,

sevənlərin də ittihamı bir-birlərinə

elə zülm edir.

Niyə?

Axı niyə bu gözəl həyatda

sevgi varkən,

ayrılıq da olsun?

Ayrılmasaq, əzab çəkməsək,

olmazmı?

 

Ayrılıqla, əzabla qol-boyun keçir

həyatımız,

bir də baxırıq ki,

fəsillər dəyişir,

dəyişir illər,

ömür də, gün də gedir...

saç ağarır, üz qırışır, dişlər tökülür,

ürəklərdə də ayrılığın ən dəhşətlisi:

Nə qaldı ki ömrümün sonuna?..

 

Ömrümüzün sonuna

nə qaldığını düşünməmək,

sevənlərin ittihamından

qorxmamaq üçün

ayrılmayaq,

sevək,

sevilək və

həyatın nə demək olduğunu

bilək...

 

 

TAXT-RƏVAN

 

Qara buludlar

mürəkkəb kimi yayılıb

göy üzünü gizləmişdi

zülmətin bətnində.

Nə qədər baxsam da,

nənəmin sönən ulduzunu

görə bilməmişdim...

Tez-tez cilddən cildə girib

şəkildən şəklə düşən buludları

nağıllarda təsvir olunan

taxt-rəvana bənzətmişdim

həmin gecə.

Elə bilmişdim ki,

bu “taxt-rəvan”da

başqa buludlara qonaq gedib

nənəmin ruhu...

Həmin gün –

nənəm günəşdən qaçıb

qara torpaqda gizlənən gün...

 

 

ÖMÜR

 

Sənə yaxşı yol arzulamıram, ömür!

“Getmə” də demirəm,

bilirəm ki, yol üstəsən,

gedəni saxlamaq olar,

amma səni olmaz,

heç olmaz!

Yol üstəsən,

gedirsən saniyə-saniyə...

Qorxuram ki, sözüm düşəcək yerə,

peşman olacam.

Hələ ki hiss etmirəm

getməyini,

nə vaxtsa

onu da hiss edəcəm...

Naxələf ömür,

arzularımızı

ürəyimizdə qoyan namərd!

 

“Ədəbiyyat və incəsənət”

(04.11.2025)

  

 

 

 

 

“Ədəbiyyat və incəsənət” portalının 1 şair, 1 şeir rubrikasında bu gün Şəhla Rəvanın "Zəfər nəğməsi” adlı şeiri təqdim edilir.

 

Şəhla Rəvan Cəlilabad rayon Göytəpə şəhər şəhid Vasif Hüseynov adına 2 N-li ümumtəhsil tam orta məktəbnin direktoru, "Həməşəra" və "Nizami Gəncəvi" Fəxri Diplomları laureatı, Cəlilabad ədəbi mühitinin tanınmış nümayəndələrindən biri, ədəbiyyatçı, filoloq, ədəbi təhlilçi və tənqidçi, şairdir.

 

ZƏFƏR NƏĞMƏSİ

 

Səkkiz Noyabr bizim şanlı tariximizdir.

Qızıl hərflə yazılmış, silinməz izimizdir.

 

Ana vətən deyərək, uğrunda verdilər can,

Şəhidlərin qanıyla tam oldu Azərbaycan!

 

"Dəmir yumruq" altında birləşərək qan dedik.

Yaşasın Azərbaycan!, Ali Komandan dedik.

 

Bu yolda and içərək vətənə qurban dedik,

Şanlı Zəfər qazandıq, vətənə can-can dedik.

 

Qovduq öz yurdumuzdan zalım, mənfur düşməni.

Sevin, fəxr et ey vətən, dinlə Zəfər nəğməni.

 

Nəğmən şəhid ruhların üzərindən keçəcək.

Başın sağ olsun vətən, Zəfər günün mübarək!

(Göytəpə şəhəri - 01.11.2025)

 

“Ədəbiyyat və incəsənət”

(04.11.2025)

Nemət Tahir, “Ədəbiyyat və incəsənət” portalının Qarabağ təmsilçisi

 

Sovet dövrünün ilk rəsmi milyonçusu, əslən naxçıvanlı Cənnət Əliyevin anım günü oldu. O, müsahibələrinin birində bildirir ki, milyonçu olmadan bir müddət öncə Sverdlovsk vağzalında dilənçiliklə məşğul olurmuş. Uşaqlığı məhrumiyyətlər içində keçən Cənnət böyüdüyü İnternatda ac qaldığından, anbardan çörək oğurladığını və buna görə tez-tez döyüldüyün də dilə gətirib.

1987-ci ildə Sverdlovskda yaratdığı “Təbriz” kooperativi isə, dilənçi Cənnəti milyonçuya çevirir.

 

Cənnət Əliyev 17 aprel 1954-cü ildə Şahbuz rayonunun Keçili kəndində anadan olub. 9 yaşında atasını itirdikdən sonra isə, Ordubad İnternat Məktəbinə qoyulur. Buranı bitidikdən sonra ali təhsil dalınca gedən Cənnət öncə Naxçıban Pedagoji İnstitutunu, daha sonra  Sverdlovski Dövlət Universitetinin Hüquq fakültəsini bitirir. O, 1982-ci ildən Sibir, Ural, Moskva, Sverdlovski və digər əyalətlərdə polis orqanlarında işləyib. Lakin, haqsızlıqla mübarizə apardığına görə, bir müddət sonra orqandan xaric edilir.

Onun necə milyonçu olması ilə bağlı geniş məlumatlar olmasa da, özü bunu belə izah edib: “Kooperativ qurdum və çox qısa zaman ərzində ölü pulları, ölü kapitalı, ölü istedadları və ölü zamanları diriltməklə SSRİ imperiyasının ilk rəsmi milyonçusu oldum”. Onun bu uğuru imperiyanın və kommunist təfəkkürünün çöküşü kimi dəyərləndirilərək, ölkədə səs-küyə səbəb olur.

Siyasətlə də məşğul olan Cənnət Əliyevin əsas ideologiyası Cənubi və Şimali Azərbaycanın birləşməsinə yönəlir. Sovet dövrü üçün təhlükəli olan bu ideologiyanın yaranma səbəbi isə, babası Qaçaq Ziyarətin vaxtilə çar zülmündən qaçıb, Cənuba pənah aparması olub. O, hələ uşaq vaxtı, Araz çayı üzərində yerləşən internatda oxuyarkən, tez-tez yuxuda babasını görürümüş. Kiçik Cənnət hətta, SSRİ - İran sərhədini yarıb, babasını tapmaq yollarını da axtarır. O, 1973-cü ildə bu həsrətdən doğan „Təbriz” şerini yazır. Milyonçu olduqdan sonra ansambıl yaradan Cənnət, 1980-ci ilin sonlarında bu şeir əsasında eyniadlı musiqi bəstələyir. Həmin musiqiyə klip çəkmək üçün o, Sverdlovskidə İset çayının sahilində 2 km uzunluğunda saxta sərhəd çəkdirir. Həmin klip efirə getdikdən sonra, saxta sərhəd yandırılır. Bundan 10 gün sonra isə, Azərbaycan xalqı ayağa qalxaraq, SSRİ imperiyasının İranla həmsərhəd həqiqi sərhədini yarmağa müvəffəq olur. Onun „Təbriz” mahnısı "Qızıl fond”da qorunur. 

İmperiyaya qarşı mübarizə aparan Cənnət Əliyev 20 Yanvar hadisələrində də aktiv şəkildə öz xalqının yanında olub. Bu hadisədə güllə-borana düşən milyonçu ciddi psixoloji zədələr alır. 

Cənnət Əliyev sovet imperiyası dağıldıqdan sonra da siyasətlə məğul olur.  Kalmıkiya Respublikasının o vaxtkı prezidenti, yaxın dostu Kirsan İlyumjinov 1994-cü ildə onu özünün şərq və ərəb ölkələri üzrə səfiri təyin edir. Bir çox ərəb ölkələrində səfərdə olmuş Cənnət Səddam Hüseyn, Bəşər Əsəd hakimiyyətləri ilə görüşlər keçirib.

1990-cı illərin sonunda Azərbaycana qayıdan Cənnət Əliyev xeyriyyəçilikə məşğul olur. Lakin o, iş həyatında müxtəlif təzyiqlərlə qarşılaşır. İstər rəsmi, istər qeyri-rəsmi şəxslər tərəfindən basqıya məruz qalması onun psixoloji durumuna mənfi təsir edir. Bundan sonra o, bir müddət mənəvi rahatlığı vəhşi heyvanları saxlamaqda, kəndir üzərində gəzməkdə görür. Bir müddət sonra Cənnət Əliyev var-dövlətini itirib. O, bunu mafioz qruplar tərəfindən qarət olunması ilə izah edib. Daha sonra isə onun fəaliyyətində yoxlamalar aparılıb və həbs olunub. O bildirib ki, yoxlamalar icazəsiz aparılıb və əsassız səbəblərlə tutulub. Bundan sonra isə Cənnət Əliyev ruhi xəstəxanada müalicə alıb.

 Son günlərini ibadətlə keçirən Cənnət Əliyev 2014-cü ilin oktyabrın 30-da 60 yaşında Bakıda vəfat edib. Ölümünə səbəb yüksək təzyiq nəticəsində ağciyər damarının partlaması göstərilib.

 

“Ədəbiyyat və incəsənət”

(03.11.2025)

4 noyabr 2025-ci il tarixində, Özbəkistanın Səmərqənd şəhərində keçirilən YUNESKO-nun Baş Konfransının 43-cü sessiyası çərçivəsində Türk dünyası üçün tarixi əhəmiyyətə malik mühüm bir hadisə baş tutacaq — Türk Mədəniyyəti və İrsi Fondu ilk dəfə olaraq türk sivilizasiyasının dərinliyini və böyüklüyünü əks etdirən unikal layihələrin təqdimatını keçirəcək.

 

“Ədəbiyyat və İncəsənət” portalına Türk Mədəniyyəti və İrsi Fondundan verilən məlumata görə, təqdimata aşağıdakı layihələr daxildir:

Türk Dövlət Başçılarının qəbul etdiyi “Türk Dünyasına Baxış– 2040” və “TURKTIME” strateji sənədlərinə uyğun olaraq hazırlanmış “Türk Dünyasının Mədəni Kodu” adlı Türk dünyasının mədəni irsinə dair kataloq;

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin təşəbbüsü və Türk dövlətləri başçılarının dəstəyi ilə həyata keçirilən çoxcildli “Türk Folklor İrsi” Antologiyasının nəşri.

 

Qeyd etmək lazımdır ki, təqdim olunan bu unikal layihələrin həyata keçirilməsi məqsədilə Türk Mədəniyyəti və İrsi Fondu Türk dünyasının görkəmli alim və mütəxəssislərini bir araya gətirib. Onlar türk xalqlarının çoxəsrlik mədəni və elmi irsinin sistemləşdirilməsi, tədqiqi və gələcək nəsillərə ötürülməsi işinə əvəzsiz töhfə veriblər.

Proqram çərçivəsində, həmçinin, 2025-ci il noyabrın 3-də YUNESKO Baş Konfransının 43-cü sessiyasının qətnaməsi ilə qəbul edilmiş Türk Dili Ailəsi Gününün (World Turkic Language Family Day) qeyd olunması ilə bağlı tədbir keçirildi. Tədbirdə Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Türkmənistan, Özbəkistan və Macarıstanın YUNESKO yanında Daimi Nümayəndəliklərinin rəhbərləri, Özbəkistanda akkreditə olunmuş diplomatik korpusun və beynəlxalq təşkilatların nümayəndələri, tanınmış alimlər, mədəniyyət institutlarının təmsilçiləri və media nümayəndələri iştirak edirdilər. Tədbir Türk mədəniyyəti və irsinin səfiri, etno-folklor “Turan” ansamblının solistlərinin çıxışları ilə müşayiət olunurdu.

Beləliklə, YUNESKO 15 dekabr gününü Türk Dili Ailəsi Günü elan etdi. Hər il həmin gün qeyd ediləcəkdir.

Bu tədbir türk xalqlarının tarixi üçün növbəti əlamətdar hadisə olmaqla, onların dil və mədəni birliklərinin beynəlxalq miqyasda tanınmasını, eləcə də türk sivilizasiyasının dünya mədəniyyətinin və humanitar əməkdaşlığın inkişafına verdiyi töhfəni əks etdirəcək.

 

“Ədəbiyyat və incəsənət”

(03.11.2025)

 

Almaniyanın Köln şəhərində “Avropada yaşayan Azərbaycanlı Mühəndislərin II Forumu” keçirilib. “Azərbaycan və Avropa arasında süni intellekt və enerji mübadiləsinin perspektivləri” mövzusunda keçirilən forum Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin tabeliyindəki Azərbaycan Diasporuna Dəstək Fondunun dəstəyi və Almaniya Azərbaycanlıları Alyansının təşkilatçılığı ilə baş tutub.

 

“Ədəbiyyat və incəsənət” portalına Diasporla İş üzrə Dövlət Komitəsindən berilən məlumata görə, Azərbaycan Respublikasının və Almaniya Federativ Respublikasının Dövlət himnləri səsləndirilib, torpaqlarımızın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin əziz xatirəsi yad olunub.

Avropada Yaşayan Azərbaycanlı Mühəndislərin I Forumunun Təşkilat Komitəsinin sədri, Almaniya Azərbaycanlıları Alyansı İdarə Heyətinin rəhbəri Altay Rüstəmli giriş nitqi ilə çıxış edib. O, forumun mühəndislərin vəhdət halında fəaliyyəti baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb.

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov forumun bilik və təcrübə mübadiləsi, eləcə də əməkdaşlıq baxımından mühüm bir platforma olduğunu qeyd edib, dövlətin diaspora qayğısından danışıb: “Harada yaşamasından asılı olmayaraq, hər bir soydaşımız Azərbaycan dövlətinin diqqət mərkəzindədir. Prezident İlham Əliyevin müasir çağırışlara uyğun müəyyən etdiyi diaspor siyasəti  soydaşlarımızın fəaliyyətini, o cümlədən mədəni və elmi diplomatiyanı stimullaşdırır. Forumla bağlı bildirmək istəyirəm ki, Avropada yaşayan azərbaycanlı mühəndislərin forumu onların intellektual potensialından səmərəli istifadə olunmasına, yeni ideyaların formalaşmasına və ortaq təşəbbüslərə şərait yaradır. Komitə olaraq biz də xaricdə yaşayan soydaşlarımızı dəstəkləməyə, onların inkişafı üçün real imkanlar yaratmağa davam edirik”.

Azərbaycan Respublikasının Almaniya Federativ Respublikasındakı Səfirliyinin müşaviri Samir Rzayev, Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi İdarə Heyətinin üzvü Sənan Tapdıqov, İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin sədri vəzifəsini icra edən Tahir Xəlilov, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin sədr müavini Rəşad Xalıqov çıxış edərək forumun işini yüksək qiymətləndiriblər.

Forum iştirakçılarına komitənin layihələri, xüsusilə ixtisaslaşmış formların məqsəd və əhəmiyyəti barədə geniş videomaterial nümayiş olunub.

Forumda süni intellektin müxtəlif sahələrdə tətbiqi, süni intellekt vasitəsi ilə insan duyğularını oxumaq, insanabənzər robot texnikasında etik innovasiya, Azərbaycandan Avropaya baxış və bir sıra digər istiqamətlər üzrə təqdimatlar olub.

Forumun Təşkilat Komitəsinin sədri, Korea Universitetinin xüsusi təyin olunmuş professoru Elxan Riçard Sadıqzadə, “Women in Engineering” təşkilatının sədri Sonabəyim Hüseynzadə, Berlin Ali Tibb Məktəbi və Berlin Ali Biznes Məktəbinin mühəndisi Rauf Abdullayev,  eləcə də Avropanın bir sıra tanınmış azərbaycanlı mühəndisləri, alim və mütəxəssislər çıxış edərək mühəndislik sahəsində beynəlxalq əməkdaşlığın, innovativ təşəbbüslərin və elmi-texnoloji mübadilənin əhəmiyyətindən danışıb, şəxsi təcrübələrini bölüşüb, forumun diasporun elmi və intellektual potensialının inkişafına mühüm töhfə verəcəyini bildiriblər. Soydaşlarımız həmçinin göstərilən dəstəyə görə Azərbaycan dövlətinə minnətdarlıqlarını bildiriblər.

Forumda iştirak edən Almaniyanın Keramika Texnologiyaları və Sistemləri İnstitutunun professoru Konstanse Çöpe belə tədbirlər sayəsində Azərbaycanla Almaniya arasında əməkdaşlığın daha da güclənəcəyinə ümid etdiyini söyləyib.

Avropanın 16 ölkəsindən, Almaniyanın 45 şəhərindən ümumilikdə 200-ə yaxın soydaşımızın və xarici qonaqların qatıldığı foruma “Muğam" Alman-Azərbaycan Musiqi Cəmiyyətinin sədri Səbinə Məmmədova moderatorluq edib.                                  

Qeyd edək ki, Diasporla İş üzrə Dövlət Komitəsi son illər xarici ölkələrdə yaşayan azərbaycanlı alimlərin, həkimlərin, mühəndislərin, gənclərin və tələbələrin beynəlxalq forumlarını sistemli şəkildə təşkil edir və bu təşəbbüs həm diasporun, həm də Azərbaycan ictimaiyyətinin böyük rəğbətini qazanıb.

 

“Ədəbiyyat və incəsənət”

(03.11.2025)

Almaniyanın Düsseldorf şəhərində Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi şanlı Zəfərin 5 illiyi münasibətilə “Zəfərin nəğmələri” adlı konsert keçirilib.

 

Konsert Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, azərbaycanlı pianoçu, bəstəkar Səbinə Məmmədovanın rəhbərliyi altında Düsseldorfda fəaliyyət göstərən “Mugam” Alman-Azərbaycan Musiqi Cəmiyyətinin və Almaniyada yaşayan həmyerlimiz, müğənni, bəstəkar Seyran İsmayılxanovun birgə təşkilatçılığı ilə baş tutub. Tədbirdə Almaniyanın müxtəlif şəhərlərindən 200-dən çox tamaşaçı iştirak edib.

 

“Ədəbiyyat və incəsənət” portalına Komitədən verilən məlumata görə, əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəman şəhidlərimizin əziz xatirəsi yad olunub.

Konsert Səbinə Məmmədovanın pianoda bəstəkar Vaqif Mustafazadənin “Bayatı-Şiraz” əsərini səsləndirməsi ilə başlayıb. Köln Musiqi Akademiyasının vokal müəllimi Seyran İsmayılxanovun öz alman tələbələri ilə birgə Azərbaycan xalq mahnılarını həm azərbaycanca, həm də almanca ifa etməsi alqışlarla qarşılanıb. Əməkdar artist Sahib Paşazadənin milli musiqi alətimiz olan tarda ifa etdiyi əsərlər izləyicilərdə nostalji hisslər oyadıb. Konsertdə dahi bəstəkar Üzeyir Hacıbəyovun yaradıcılığına həsr olunan musiqi nümunələri də səsləndirilib.

Konsertdə, həmçinin Düsseldorf Opera Teatrının solisti Mara Hüseynova Azərbaycan və dünya bəstəkarlarının əsərlərini ifa edib. Azərbaycanlı müğənni Vüsalə Cabir isə muğam və xalq mahnıları ilə gecəyə xüsusi rəng qatıb.

 

“Ədəbiyyat və incəsənət”

(03.11.2025)

 

283 nömrəli məktəbin 5-ci sinif şagirdləri Respublika Uşaq Kitabxanasına ziyarət ediblər. Ziyarət çərçivəsində uşaqlar üçün maarifləndirici və bədii məzmunlu görüş təşkil olunub.

 

“Ədəbiyyat və incəsənət” portalına Kitabxanadan verilən məlumata görə, görüş zamanı kitabxananın əməkdaşı məktəblilərə müxtəlif janrlarda yeni nəşrlər haqqında məlumat verib, oxu vərdişlərinin inkişafında bu əsərlərin əhəmiyyətini vurğulayıb.

Kitabxana əməkdaşı yazıçı Humayın Sevincin “Xarıbülbül” əfsanələri”, türkiyəli yazıçı Nilgün Özelin “Şirinin Dünyası”, italyan yazıçısı Françesko D’Adamonun Azərbaycan dilinə tərcümə olunmuş “Çanta, dəniz və ümid”, eləcə də Mürşüd İsmayılzadənin “Hər günə bir sual” adlı kitabları haqqında məktəblilərə  geniş məlumat verib.

Uşaqlar xüsusilə “Xarıbülbül” mövzusuna böyük maraq göstəriblər. Onlar “Xarıbülbül” sözünün mənası, bu gülün harada yetişdiyi və ona niyə belə ad verildiyi barədə yeni biliklər əldə ediblər. Şagirdlər həmçinin bu simvolun Azərbaycan xalqı üçün mənəvi dəyəri və azadlıq rəmzi kimi əhəmiyyəti barədə öz maraqlı fikirlərini səsləndiriblər.

Tədbir zamanı şagirdlər müzakirələrdə fəal iştirak edib, oxuduqları əsərlərin mövzusu, qəhrəmanları və hadisələri haqqında düşüncələrini bölüşüblər.

Sonda məktəblilər kitabxananın müxtəlif bölmələri ilə tanış olub, uşaq ədəbiyyatı fonduna daxil olan yeni kitablarla maraqlanıblar.

Ziyarətin məqsədi uşaqlarda kitabxana mədəniyyətini formalaşdırmaq, mütaliəyə marağı artırmaq və onların ədəbiyyat haqqında biliklərini zənginləşdirmək olub.

 

“Ədəbiyyat və incəsənət”

(03.11.2025)

 

 

 

“CHARACTERS” Müasir Dramaturgiya Festivalı “EURODRAM” Avropa teatr tərcümə şəbəkəsi ilə əməkdaşlıq çərçivəsində Azərbaycan dilində pyes müsabiqəsini elan edib.

 

“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən  xəbər verir ki, dramaturq İsmayıl İmanın kuratorluğu ilə 2023-cü ildə təsis edilmiş “CHARACTERS” Müasir Dramaturgiya Festivalı müəlliflərin yazı prosesinə marağını artırmaq və dramaturqlar, rejissorlarla teatrlar arasında əlaqələri gücləndirmək məqsədi daşıyır.

 

Təhsil proqramları, həm Azərbaycan, həm də xarici müasir pyeslərin oxunması ilə yanaşı, festival orijinal mətnlər və Azərbaycan dilinə tərcümələr üzrə artıq iki müsabiqə keçirib. Keçən il Şəbnəm Xeyrullanın “Arqon” pyesi müsabiqənin qalibi olub və səhnə həyatı qazanaraq Azərbaycan Dövlət YUĞ Teatrında, eləcə də ölkənin digər səhnələrində tamaşaya qoyulub.

 

“Azərbaycan pyesləri-2026” müsabiqəsinə son beş il ərzində 18-50 yaşarası dramaturqlar tərəfindən yazılmış əsərlər qəbul olunur.

 

Ərizələrin qəbulu 2025-ci il noyabrın 1-dən 2026-cı il fevralın 1-dək davam edəcək. Seçim nəticəsində üç qalib müəyyən ediləcək və onların adları gələn ilin mart ayında elan olunacaq.

 

Əsasnaməyə əsasən, bu dramaturgiya müsabiqəsi “CHARACTERS” Müasir Dramaturgiya Festivalının tədbirləri çərçivəsində keçirilir. Qəbul edilmiş pyeslər əsasında ekspert münsiflər heyəti uzun siyahını (long-list), qısa siyahını (short-list) və üç qalibi (birinci, ikinci və üçüncü yerlər) müəyyən edəcək.

 

Təşkilatçılar vurğulayırlar ki, uzun və qısa siyahıların mövcudluğu təqdim edilən işlərin sayından və keyfiyyətindən birbaşa asılı olacaq:

 

* Birinci, ikinci və üçüncü yerləri tutan müəlliflər festivalın sertifikatlarını alacaqlar;

 

* Birinci, ikinci və üçüncü yerləri tutan əsərlər Azərbaycan Respublikasının dövlət və özəl teatrlarına səhnələşdirmə üçün tövsiyə olunacaq;

 

* Müəlliflər pyeslərinin mövzusunu və janrını seçməkdə azaddırlar;

 

* Müsabiqədə yaşadığı şəhər və ya ölkədən, təhsilindən və peşəsindən asılı olmayaraq, Azərbaycan dilində yazan müəlliflər iştirak edə bilərlər;

 

* Pyeslər Azərbaycan dilində yazılmalıdır;

 

* Müsabiqəyə müraciət anına qədər peşəkar teatr səhnəsində hələ səhnələşdirilməmiş və son beş il ərzində yazılmış əsərlər qəbul olunur;

 

* Bir müəllifdən ən çox üç pyes qəbul edilir;

 

* Əsər ədəbi əsərin səhnələşdirilməsi (Инсценировка) olmamalıdır;

 

* Aşağı və orta məktəb yaşlı uşaqlar üçün yazılmış pyeslər nəzərdən keçirilmir;

 

* Əvvəlki illərdə müsabiqəyə təqdim edilmiş əsərlər qəbul edilmir;

 

* Təqdim edilmiş pyeslərə rəy verilmir;

 

* Əsərlər 2026-cı il fevralın 1-dək (həmin gün daxil olmaqla) elektron formada (pdf, doc, docx) aşağıdakı ünvana göndərilməlidir: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. .

 

Müşayiətedici məktubda (və ya Giriş məktubu) müəllif haqqında bu məlumatlar göstərilməlidir: ad və soyad, doğum tarixi, yaşayış yeri, təhsil, peşə, pyesin yazılma ili, telefon nömrəsi və elektron poçt ünvanı. Bu məlumatlar göstərilmədiyi halda əsərlər nəzərdən keçirilməyəcək.

 

Müsabiqənin və ümumilikdə festivalın şərtləri və mərhələləri dəyişə bilər, bu dəyişikliklər media vasitəsilə və festivalın Instagram səhifəsində (@characters.az) dərc olunacaq.

 

Əsərlər əvvəlki tərkibdə qalmış münsiflər heyəti tərəfindən nəzərdən keçiriləcək və qiymətləndiriləcək. Münsiflər heyətinin tərkibi bunlardır: teatrşünaslar İsrafil İsrafilov, Elçin Cəfərov və Aliya Dadaşova, rejissorlar Mikayıl Mikayılov və Tural Mustafayev.

 

Layihənin məqsədi aktual mövzuları əks etdirən və Azərbaycanın teatr məkanını inkişaf etdirən müasir pyeslərin yaradılmasını, yayılmasını və səhnələşdirilməsini stimullaşdırmaqdır.

 

“Ədəbiyyat və incəsənət”

(03.11.2025)

 

“Bakıya uçuş. İncəsənət həftəsonu. Gələcəyi İNDİ Duy” (Fly to Baku. Art Weekend. Sense the Future NOW) layihəsi çərçivəsində Azərbaycan Dövlət Akademik Rus Dram Teatrında “Nə qədər kifayətdir?” adlı inklüziv rəqs tamaşası təqdim olunub.

 

“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən  xəbər verir ki, tədbirdə “Art Weekend” layihəsinin təşəbbüskarı, Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və direktoru Leyla Əliyeva iştirak edib.

“DanceAbility Azerbaijan”ın kollektivi tərəfindən hazırlanan teatr-rəqs performansı dövrümüzün ekoloji və sosial çağırışlarına bədii cavab olub.

COP29-un 2024-cü ildə Bakıda keçirilməsi kontekstində yaradılan bu tamaşa aldığımız geyimlərdən tutmuş istehsal etdiyimiz tullantılara qədər gündəlik seçimlərimizin planetin vəziyyətinə və bəşəriyyətin gələcəyinə təsirini tədqiq edir.

AZƏRTAC-ın müxbiri ilə söhbət edən “DanceAbility Azerbaijan” şirkətinin direktoru Nigar Sultanova deyib ki, tamaşanın ideyası 2024-cü ilin əsas mövzusuna çevrilən iqlim dəyişikliyi və ətraf mühit məsələlərinə ictimai diqqət dalğasında yaranıb.

“Biz həmişə inklüzivlik və əlçatanlıq ideyasını təşviq edirik, amma bu dəfə biz ətraf mühit haqqında danışmaq qərarına gəldik. Bunu səmimi şəkildə etmək bizim üçün vacib idi, ona görə də altı ay ərzində truppamızla görüşüb, planetə qayğı göstərməyin bizim üçün nə demək olduğunu müzakirə etdik”, - deyə o vurğulayıb.

 

İdeyanın əsasını iştirakçıların illər ərzində diqqətlə qoruduqları əşyalarla bağlı şəxsi hekayələri təşkil edib.

 

Problemi araşdırarkən “DanceAbility Azerbaijan” komandası hər il dünyada təxminən 92 milyon ton tekstil tullantısının əmələ gəldiyini və insanların əvvəlkindən orta hesabla 36 faiz daha az geyim geyindiyini öyrənib. Məhz bu, kollektivi istehlak mədəniyyətinə və davamlı inkişafa həsr olunmuş “Nə qədər kifayətdir?” adlı tamaşanın yaradılmasına ruhlandırıb.

 

Tamaşa insan, istehlak və planetin ən vacib resurslarından olan su arasındakı əlaqəni tədqiq edir.

 

Hərəkət, hekayə danışma və kollektiv yaddaş vasitəsilə tamaşa həddindən artıq istehlak, çirkləndirmə və okeanların sağlamlığı arasındakı qarşılıqlı əlaqəni açır, davamlı inkişafı və zəncirvarı iqtisadiyyat ideyalarını təşviq edir.

 

Tədbirin sonunda Nigar Sultanova peşəkar və həvəskar rəqqasları, müxtəlif qabiliyyətlərə və təcrübəyə malik insanları bir araya gətirən layihənin realizəsi üçün dəstəyə və şərait yaradıldığına görə Heydər Əliyev Fonduna və Leyla Əliyevaya minnətdarlığını bildirib.

 

Qeyd edək ki, 2017-ci ildə qurulan “DanceAbility Azerbaijan” şirkəti uzun illərdir minlərlə insanın həyatına davamlı təsir göstərərək müxtəlifliyə, bərabərliyə və inklüzivliyə dəyər verilən cəmiyyətin qurulmasına töhfə verib.

 

“Ədəbiyyat və incəsənət”

(03.11.2025)

90 -dən səhifə 2609

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.