Super User

Super User

 

 

İmran Verdiyev, “Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi

 

 

Yaqublu Oğuz rayonunun kəndlərindən biridir. Hər yerdə olduğu kimi burda da zaman-zaman müxtəlif hadisə və əhvalatlar baş vermişdir. Həmin hadisə və əhvalatlarla bağlı kənd sakinlərinin söylədikləri onların cəsarətindən, hazırcavablığından və zəkasından xəbər verir. Hadisə və əhvalatlarla bağlı söz söyləyənlər öz şəxsi ləyaqətlərini qorumağa çalışan, məğrur və bütov adamlardır. 

Hadisə və əhvalatlarla bağlı söylənilənlərin əsas pafosu nöqsan və eybəcərliklərə gülmək, onların tənqidi və ifşasıdır. Burada deyilmiş sözlər yaramazlıqlara və nöqsanlara atılmış “söz daşlarıdır”. Bu əhvalatları eşitdikcə, oxuduqca nöqsan və eybəcərliklərlə barışmaz olan insanları görürük. Görürük ki, onlarda həyatın işıqlı tərəfinə ehtiraslı məftunluq hissi var.

70-80 il bundan əvvəl baş vermiş bu hadisə və əhvalatlarla bağlı söylənilənlər artıq bədii təfəkkürün süzgəcindən keçmiş, zəka ilə nurlandırılmış ümümxalq dili zəminində formalaşan idiomlara, ibarə və aforizmlərə, atalar sözü və məsəllərə, lətifələrə çevrilməkdədir.  

Həmin hadisə və əhvalatlardan bir neçə nümunə təqdim edirik.

 

 

KONES  FİLM

 

QabaqcılmexanizatorXudukişikəndklubundanümayiş etdirilənheç birfilmi ötürməzmiş. Biraragecələrişə cəlbolunduğunagörə kino-filmlərə tamaşaedə bilmir.

Ammasəhərevə qayıdankimibacısı Şəkəriyanlayıb, bütünfilminməzmununusöylətdirərmiş. ŞəkərfilminməzmununudanışdıqcaXudutez-tezHə, sonranə oldu?-deyə sualedərmiş. Nəhayət, Şəkərbütünfilminağıledibqurtarır. Xuduadəti üzrə “Hə, sonranə oldu?- deyə soruşur.

Şəkərbezibdeyir: 

-Ə, tanə olacaq? Axırda kones film yazıldı da.

 

KİM  SEVMƏZ  Kİ ?

 

Kolxoz sədrinin tapşırığı ilə Sapıca düzündə işləyən biçinçilərin yeməsi üçün iki-üç yeşik faraş pomidor alınmışdı. Davud kişi yeşikləri kəl arabasına yükləyib Sarıcaya yola düşür.

Yolda piyada gedən bir nəfəri də arabaya götürür. Həmin adam arabaya minər-minməz yeşiklərdən birini qabağına çəkib faraş pomidorlardan yeməyə başlayır. Ara-bir də deyir:

-Davud, mən pomidoru çox sevirəm. 

Davud kişi əvvəlcə dinmir. Lakin yeşiklərdən birinin yarıya çatdığını görüb qeyzlənir:

-Ədə, bir dayan görək, rəhmətliyin oğlu! Qızmar Sarıca düzü ola, ac biçinçilər ola, faraş pomidor ola! Onu kim sevməz ki?!

 

“Ədəbiyyat və incəsənət

(17.09.2025)

 

 

 

 

 

“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Poeziyası Antologiyası layihəsində Təbriz təmsilçimiz Əli Çağlanın növbəti təqdim etdiyi yazar Təbrizdən Əmin Əhəryardır.

 

 

Əmin Əhəryar

Təbriz

 

Bəlkə bir gün

Dizləri ilə dünya yükünü daşıyan

Qızıl atları

Yaşıllıqlara dəvət etdilər

Və sarsılmış çiçəkləri

Evlərin qapısında

Pozulmuş boyalara boyadılar.

Çağırın yəhərçiləri

Çağırın dostları

Sibir buz adalarına günəşi çağırın

İsti dənizlərinə qocalar gəlsin

Dünyanın başa-başına

Çəkilsin həyatla həyat...

Bu gün bir ada,

Adamsız adamları gözləyir...

Birgə yaşamaq üçün;

Gəlin dostlar

Bura bir qızıl quş qonacaq...

 

“Ədəbiyyat və incəsənət”

(17.10.2025)

 

 

 

Şərəf Cəlilli,

Filologoya üzrə fəlsəfə doktoru, “Ədəbiyyat və incəsənət” üçün

 

Tağıyev qızını  Paşaya vermədi. Səbəb nə idi?

1918-ci il sentyabrın 15-də Qafqaz İslam Ordusu Bakını işğaldan azad etdi. Sentyabrın 16-da Hacı Zeynalabdin Tağıyevin, Bakı əsilzadələrinin istəyi ilə şəhər əhli Təzəpir məscidinə cəm oldu. On minlərlə insanın Bayram namazına durduğu Təzəpirin həyətində “iynə atsaydın yerə düşməzdi”deyirlər. Üstəlik Bakıda Qurani Kərimdə adı keçən Göyərçin – müəqəddəs quş da qalmayıbmış. Təzəpirin minbərində dövrə vuran, Azan oxunanda sükuta dalan göyərçinlər də şəhərin müqəddəs ruhuna dönüb Zəfər Ordusunun pişvazına çıxıbmış. Həmin gün şəhər əhli həm də ikinci bir müqəddəs bayramı – Qurban bayramını qeyd etmək üçün səcdəyə getmişdi. Ramazan ayı Qurani Kərimin mələklərin qanadında yer üzünə endirilib, Məhəmməd Peyğəmbər əleyhissəlamın ruhundan cücərildiyi ay idi. Onun həm də, bir İbrahim peyğəmbər və İsmayıl peyğəmbər, Hira və Sina, Həcərül-əsvət müqəddəsliyi vardı.Təzəpir məscidində qılınan Bayram namazında  minbərdən üzünü Axunda Ağa Əlizadə ilə birlikdə şəhər əhlinə tutan Nuru Paşa tarixi nitqini edirdi: “Bu gün Qurban bayramıdır. İsmayıl peyğəmbərin boğazına çəkilən bıçaqdan qurtulub, adına Meracdan qurbanın endirildiyi gündür. Bu gün müsəlman qardaşlarımızın yarasından axan qanın dindiyi, qan içən daşnakların cəzasının kəsildiyi gündür. Türklər ölər hicrət etməz. Biz zülmə, hicrətə məhkum edilən qan qardaşlarımızın xilası üçün burdayıq. Qardaş hər daim qardaşın yanında olmalıdır. Dünya Osmanlını çökdürərkən biz tarixi sizinlə yaratdıq.Sarıqamışda yaralarımızı siz sardınız. Qafqazlardan aşıb etdiklərinizi mükafatını vermək üçün buralara qədər gəldik. Bu torpaqlar bizim baba yurdumuzdur. Burada qan dinməli, Cümhuriyyət baş şəhərinə köçməli idi. Bu günü bizə yaşadan Tanrıya şükran duyğularımı dilə gətirir, Müjdəmi verirəm: Vətən torpaqları daşnaqların soyqırımından azad edildi. Bayramınız qutlu olsun! Kimsə əkdiyini biçmədən ölməz, kimsənin qisası kimsədə qalmaz!”On minlərlə insan “Amin” nidasından sonra Nuru Paşanın heyəti Bakı əsilzadələrin müşayiəti ilə İsmailiyyənin önündə təşkil olunan mitinqə gəldi. Bu təntənəli mərasimdən, Bakının ayrı-ayrı rəsmi qurumlarının nümayəndələrinin, xarici ordu birləşmələrinin komandanlarının önündə Bakını işğaldan azad olunduğunu ehtiva edən rəsmi sənəd oxunduqdan sonra Nuru Paşa, Xəlil Paşa və onun igid əsgərləri Hacı Zeynalabdin Tağıyevin İsmailiyyədən malikanəsində qədər sərdiyi Qırmızı xalının üzərindən keçib Bayram ziyafətinə vardılar. Tağıyevn xüsusi tapşırığı ilə həmin gün onların ayaqlarının altında nə az, nə çox düz 179 qoç qurban kəsildi.Hacının179 qoçu eyni anda qurban kəsdirməsinin də rəmzi mənası vardı. Bakının qoluna buxov Mart soyqırımı günü vurulmuşdu. Bakının hər anı qanın bir tarixi idi. Bu səbəbdən də Millətin Atası, daha doğrusu Millətin Ruhunun atası Bakıya sıradan bir şəhər kimi baxmırdı. Onu– Xəzərin Zümrüd qaşı, Qara brilyantı, Millətin, Məmləkətin, Cümhuriyyətin düşünən beyni, vuran qəlbi hesab edir,  işğaldan azad olunacağı günə qurban-sadağa deyirdi.

Sarı donlu qızın əfsanəsi

Nuru Paşanın anası Anadoludan, Killigil dağının ətəyindən idi. Atası da, şəcərə dəftəri ilə Qarapapaq türklərinə bağlı idi. Əfşarların zamanında Türküstandan Anadoluya gəlmişdilər. Anası ömrü boyu bir bayatı çağırar, bir nəğməni zümzümə, qımqıma edərdi. Elə hey “Anan ölsün, Sarı gəlin” deyərdi. Onun bir qırağı Acaluşaqlarına, daha doğrusu Acarlara, Qafqaz türklərinə bağlı idi. Qardaşı İsgəndər bəy Osmanlı Ordusunda savaşmışdı. Rum elində bir gözələ aşiq olmuşdu. Anası Sofia Tanyelini ona qıymamışdı. Tanyeli İsgəndər Paşanın atının tərkinə minib qoşulub qaçmışdı. Xəbər qardaşlarına çatandan sonra qardaşları nişanlısı Stefanosla gəlib onları haqlamış, Tanyelini İsgəndər Paşanın əlindən göz yaşları içərisində alıb aparmışdılar. İsgəndər Paşanın dünyası da, sevdası da onunla qaralmışdı. Tanyelinin, sarıdonlu, sarı bənizli qara sevdasının əlindən alındığı yerdə iflic olan İsgəndər Paşanı bir daha görən olmamışdı. Deyirdilər, o, elə həmin yerdə qayanın başından özünü dərəyə atmış, parça-parça olmuşdu. Xəbəri eşidən anası ölənə qədər “Anan ölsün sarı gəlin” – deyib İsgəndər Paşanın sarı donlu, sarı bənizli qara sevdasını muncuq kimi ipə-sapa düşmüşdü. “Saçı ucun hörməzlər, gülü sulu dərməzlər, Sarı gəlin. Bu nə sevdadır, Səni mənə verməzlər... Bu dərənin uzunu, Çoban qaytar quzunu, nə ola bir gün görəm, nazlı yarın üzünü. Neynim aman, aman. Neynim aman, aman Sarı gəlin!”İsgəndər Paşa Sarı donlu sevdasının eşqinə Uzun dərədə tikə-parça olmuşdu. Quzu kimi mələr ruhu anasının bayatısına dönmüşdü. “Çoban, qaytar quzunu”- deyib Anadolunu lərzəyə salmışdı. Adəm sevib cənnətdən, Züleyxa sevib taxtdan, Yusif sevib özgürlükdən, Leyli sevib saraydan qopduğu, Məcnun sevib səhralara düşdüyü, Mahmud sevib Məryəmin eşqinə Kərəm olduğu , Beyrək Banuçiçəkdən, Abbas Gülgəzdən, Qərib Şahsənəmdən, Qurbani Pəridən keçməyib dastana döndüyü, Fərhad Bisitunu Şirinin eşqinə çapıb yox cavabı alanda qanını Süd Arxına axıtdığı, Sarı Aşıq Yaxşının qibləsini tərsinə yatdığı kimi,  İsgəndərin Paşa da, sərkərdə ucalığından oldu. Tanyelinə - sarıbənizli, alagözlü, sarıdonlu sevgisinə olan ilahi eşqi ilahiyə döndü: “Saçın ucun hörməzlər, gülü sulu dərməzlər!” Tərkidünya Aşıq Şenlik hansı məclisə vardı ondan “Sarı gəlin”i istədilər. Anadoludan Borçalıya, Borçalıdan Dəmirqapı Dərbəndə, Şimali Qafqazdan Türküstana, Osmanlıdan Rum elinə hamı “Sarı gəlin” dedi.Tağıyevin malikanəsində paşaların şərəfinə təşkil edilən ziyafətə Hacının istəyi ilə ustad sənətkarlar dəvət olunmuşdu. Cabbar Qaryağdıoğlu, Seyid Şuşinski, Şahnaz Abbas, Sadıxcan, Mirzə Güllər, Mirzə Bilal üzünü qavala söykəyib “Sarı gəlin”, bir də “İrəvanda xan qalmadı” deyirdi. Ona qoşulan Aşıq Bilal “Şirvan şikəstəsi”ni “Osmanlı gərayısı”na qatıb “Bu dərənin uzunu, çoban qaytar quzunu, neynim aman, aman, neynim aman, aman”- deyib, yeri-yerindən oynadırdı. Bu dəm Nuru Paşanın gözü ilə incə belli, ay bənizli, sarı donlu bir gözəli tutur. Elə həmin an eşqin atəşinə tutulan Paşa gözəlin kimliyini xəbər alır. Əliağa Şıxlinski Hacının istəkli övladlarından biri olduğunu deyir. Ziyafətdən iki gün sonra Tağıyev indi ki, Azərbaycan Tarix Muzeyinin binası olan malikanəsinin tapusunu və açarlarını Nuru Paşaya təqdim edir. Hadisə sentybarın 18-də Əliağa Şıxlinskinin, Səməd bəy Mehmandarovun, Əlimərdan bəy Topçubaşovun, Fətəli xan Xoyskinin, Məhəmməd Əmin Rəsulzadənin, Firudin bəy Köçərlinin, Həbib bəy Mahmmudbəyovun, Kərim bəy Mehmandarovun, Əhməd bəy Ağaoğlunun, Xəlil bəy Xasməmmədovun, Xasməmməd bəy Məlik-Aslanovun, Xosrov bəy Sultanovun, Şəmsi Əsədullayevin, Seyid Mirbabayevin, Cabbar Qaryağdıoğlunun, Seyid Şuşinskinin, Sadıxcanın iştirak etdiyi məclisdə baş vermişdi. Millətin Atası həmin gün malikanəsində Cümhuriyyəti Bakıya köçürən İstiqlal fədailərinin adına süfrə açmışdı. O müqəddəs və mübarək məclisdə iki tarixi an yaşanmışdı. Neft maqnatı, mesenat Seyid Mirbabayev indiki SOCAR-ın binası kimi tanıdığımız malikanəasinin açarını Fətəli xan Xoyskiyə təqdim etmiş, mülkünü Cümhuriyyətə bağışlamış, Cümhuriyyətin bayrağı ilk Milli Hökumətin, Demokratik Cümhuriyyətin rəmzi kimi Xəzərin yaxasından mesenat xanəndənin malikanəsindən boy vermişdi. Neft quyusu fontan vurandan sonra ifaçılığı atan, hətta qramafon vallarını belə baha qiymətə aldırıb sındıran, mərsiyəxan kimi sənətə gələn Seyid Mirbabayev Cümhuriyyətin və Qafqaz İslam Ordusunun şərəfinə “Heyratı” Əhməd Cavadın “Çırpınırdı Qara dəniz, baxıb türkün bayrağına! “Ah!”... deyərdim, heç ölməzdim, düşə bilsəm torpağına... Fırtınalar dursun yana, Salam türkün bayrağına! Olsun Turan ellər, Qurban türkün bayrağına! Yol ver,Türkün bayrağına!” şeirini oxuyur. Qılıncla Qələmin vəhdətində yoxdan bir dövlət qurub, bayraq yapanların sırasında yer alan Qafqaz İslam Ordusunun komandanına, bu misraların müəllifinə  sonsuz, hüdudları məlum olmayan sevgisini də dilə gətirir.

Bakıdan kənara qız vermərəm

Millət, məmləkət sevgisi ilə başa keçirilən, Cümhuriyyət qədər əziz, şəhidlərin ruhu qədər müqəddəs bilinən Nuru Paşa münbit mühitdən istifadə edib Paşa şərəfi ilə malikanənin tapusunu da, açarlarını da, Hacının Kontorunun müdirinin ovucuna qoyur. Onu mülkü, malikanəsi ilə deyil, günlərdir könlündə Sultan etdiyi qızı Sürəyya xanımla şərəfləndirməsini istəyir. Tağıyev millətinə, məmləkətinə bağlı olduğu kimi övladlarına da vurğun idi. Sürəyya onun ikinci nigahından, General Balakişi bəy Ərəblinskinin qızı Sona xanımdan olan sonbeşiyi idi. Sarı bənizli, ala gözlü, sarı donlu Sürəyyaya aşiq olan Nuru Paşa Hacının yox cavabını eşidəndə dünyası qaralır, varlığı titrəyir. “Qarşınızda boynum tükdən incədir. Üstümdə Bakı boyda haqqınız vardır, amma, mən qürbətə qız vermərəm. Övladlarım gözümün qabağında olmalıdı.” İki gün sonra elçiliyi təklikdə edən Nuru Paşa evlənib Bakıda yaşayacağını desə də, Tağıyev yenə razı olmur. Xəbəri eşidən, oğlunun eşq atəşinə tutulduğunu bilən atası Əhməd Paşa və digər oğlu  Osmanlı Ordusunun Müdafiə Naziri Ənvər Paşa Bakıya Tağıyevin qapısına elçi gəlsə də, Qazi Mustafa Kamal Paşaya telefon açıb Hacıdan mötəbər paşaların sözünü geri çevirməməsini xahiş etsə də, Tağıyev sözünün üstündə durur: “Bakıdan kənara qız vermərəm!”Nuru Paşa üst-üstə fetih dastanı yazanda, Azərbaycanın xilaskarı, Qafqaz İslam Ordusunun komandanı kimi tarix yarandanda 29 yaşı vardı. Sürəyya aşiq olanda da, o yaşda idi. Bakıdan könlü boş dönən Nuru Paşa uzun müddət Sarıdonlu qızı – Gəlin edə bilmədiyi ,“Sarı Gəlin”i unuda bilmədi. Deyirlər, Nuru Paşa Bakıdan yola salınan  gecə də, Tağıyevin malikanəsində süfrə açılıb. Nuru Paşanın durumunu bilən, fəqət Millətin atasına təsir etmək imkanı olmayan Cabbar Qaryağdıoğlu həmin gecə Sarı Aşıqdan oxuyurmuş: “Əzizinəm, Sarı qız, sarı gəlin sarı qız, aç kəmərin belindən, cənazəmi sarı qız!” Nuru Paşa uça-uça gəldiyi yolu yəqin ki, sürünə-sürünə, qanadı qırıq quş kimi gedib. Onun dağlar qədər sevgisinə, ilk və son məhəbbətinə qıymışdılar, İsgəndər Paşanın Tanyelisi, Sarı Aşığın Yaxşısı kimi özgələrə yar, daha doğrusu yem etmişdilər. Övlad sevgisini qardaş məhəbbətindən üstün bilmişdilər. Qaysaq tutmayan yarası, Sürəyyanın küskün butası ilə Nuru Paşa nə az, nə çox düz 28 il 9 ay ömür etdi. Sürəyanı, daha doğrusu Sarı donlu həsrəti ilə də, elə bu yaşda üz-üzə gəlmişdi. Adını qəlbinə yazmışdı. Bir ömür unuda bilməmişdi. Ölümündən üç il öncə Misir məlaikəsi İffət xanımın qızı Misli Mələk xanımla nigaha getmişdi. Bu zaman onun 56, Misli Mələk xanımın isə 45 yaşı vardı. Qışda gələn bahardan onların övladları olmamışdı. 1989-cu ilə qədər ömür sürən Misli Mələk xanımla ilk və son görüşümüzdə söylədiyi bu cümləni üstündən 26 ilötməsinə baxmayaraq heç unuda bilmədim: “Paşam, yuxuda diksinəndə, bir təsadüf mənə toxunanda bəzən Sürəyya deyərdi. Mən ondan heç incimədim...” Nuru Paşa 1949-cu il mart ayının 2-də sahibi olduğu Sütlücə hərbi fabrikində baş verən partlayış nəticəsində həlak oldu. Cəmi 59 il ömür sürən, onun 29 ilini Qurtuluş Savaşına, Azərbaycanın erməni daşnaklarından təmizlənməsinə, Bakının işğaldan azad edilməsinə həsr edən Nuru Paşa ömürünün geridə qalanını Sürəyyanın nisgilinə, həsrətinə həsr etdi. Misli Mələk xanım deyirdi ki: “Paşam hər axşam Sürəyya xanıma həsr etdiyi “Sarı donlu mələkşəm” şeirini pıçıltı ilə deyər, baxışlarını uzaqlara dikər, bəzən də, gözlərindən yaş süzülərdi. Az-az hallarda cibindən bir Sarı parça çıxarıb qoxusunu alar yenə cibinə qoyardı. Sütlücə qazası zamanı yanıb kül olan fabrikadan Paşamı yanmış, bir çox yerləri kül olmuş halı ilə çıxardılar. Hər axşam qoxusunu alıb uyuduğu Sarı parça salamat qalmışdı, Paşamın ovucunda. Hər halda , o məlun yanğında da  Paşam könlünün Paşasını anmışdı. Olsun! Paşam incə qəlbli adamdı. Mən onun Sürəyya xanıma aşiq Qəlbini sevdim!”

Mən onun Sürəyyaya aşiq Qəlbini sevdim

Qafqaz İslam Ordusu Azərbaycanan çıxandan, Nuru Paşa Bakıdan ayrılandan sonra uzun müddət-6 il özünə gələ bilməyən Sürəyyanı atası Əsəd bəy Abdullayev adlı mühəndislə evləndirir. Onlar 1922-ci ildə ailə qururlar. Sürəyyanın bu nigahdan iki övladı dünyaya gəlir. Oğlu geofizika elmləri doktoru, professor Rəsmi Abdullayev və qızı Dilarə xanım Abdullayeva. Nuru Paşa 1949-cu ildə 59 yaşında, Sürəyya xanım isə 1975-ci ildə 71 yaşında dünyasını dəyişdi. Biri Bakıda, digəri İstanbulda torpaq müqəddəsliyinə qovuşdu. Nuru Paşanın həsrəti 30, Sürəyya xanımın nisgili 54 il çəkdi.Nuru Paşa Bakıdan döndükdən, Qurtuluş Savaşına qardaşı Ənvər Paşa, dayısı Xəlil Paşa isə töhfələr verməsinə rəğmən Cümhuriyyət elan olunduqdan sonra Cankaya köşkünə girişləri yasaq edildi.Qəvi düşmən, bolşevik Rusiyası Tağıyevin topdağıtmaz mülklərini əlindən aldı. Bakının yolunda fəda etdiyi malikanəsinə də əl qoydular. Türkiyənin Qurtuluş Savaşı üçün dövlətin büdcəsindən 500 kq qızıl, 300 sistern neft və neft məhsulları, 10 min manat şəxsi vəsaitini ayıran, bu səbəbdən də bir çox məmurların etirazı ilə üzləşən,  Tağıyevin sərmayəsi ilə təhsil alan komissar Nəriman Nərimanovun sayəsində Mərdəkandakı bağ evinə sığınan Tağıyev Türkiyədə və Bakıda cərəyan edən hadisələri düşündükcə Sürəyyanı qürbət elə verməməkdə, gözünün qabağında saxlamaqda haqlı olduğunu düşünürdü. Ata ürəyidi...  Hər halda bu kədərli eşq hekayəsinə “ Nuru Paşanın küskün bütası, Tağıyevin xətası” da demək olar. Bəlkə də, Nuru Paşa ilə Sürəyya evlənəcək başına Qaspıralının qızı Şəfiqə xanımın başına gələnlər gələcəkdi. Nəsib bəy Usubbəyli kimi Nuru Paşanın da, qəlbində  Sürəyyanın yerini kimsə tutacaqdı. Bu beləmi olacaqdı bilmirik.  Bildiyimiz odur ki, Sürəyya xanımın taleyindən keçən ağa atlı Paşanın sevgisi ona bir ömür baha başa gəlib. Mirzə Cəlil Həmidə xanım Cavanşiri boynunda gəzdirdiyi medalyondan boylanan Kərim bəy Mehmandarovun şəklinə görə incitdiyi kimi, mühəndis əri də, Sürəyyanın “ Paşa sevgisinin sarayı”ndan gündə bir kərpic qoparıb. Hər halda, bəlkələr çoxdu. Ən böyük həqiqət isə həsrətin göz yaşlarından qurumadan yaylıqlar, son məktublar, boyundan asılan medalyonlardır. Ən gözəli isə şübhəsiz ki, Misli Mələk xanımın xatirəsi, Paşanın sevgisinə hörmətidi : “Paşam hər axşam uzaqlara göz dikər, “Sürəyya, sarı donlu  mələkşəm” şeirini pıçıltı ilə söyləyər, bəzən də gözlərindən yaş süzülərdi. Yuxuda bir təsadüf mənə toxunanda Sürəyya deyərdi. Qırılardım fəqət üzə vurmazdım. Paşam incə qəlbli adamdı. Mən onun Sürəyyaya aşiq Qəlbini sevdim!

 

“Ədəbiyyat və incəsənət”

(17.09.2025)

 

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Haqqında danışacağım dünyaşöhrətli aktyorun bu gün anadan olmasının tam 109 ilidir. James Jeffrey Griffith 13 fevral 1916-cı ildə Kaliforniyanın Los-Anceles şəhərində anadan olub. Uşaqlıqdan incəsənətə maraq göstərib, xüsusilə musiqi və teatra həvəsli olub. O, gənclik illərində həm musiqiçi, həm də aktyor kimi fəaliyyət göstərib. İlk vaxtlar radio və səhnə tamaşalarında çıxış edib, sonradan isə kino dünyasına qədəm qoyub.

 

"Karyerasının başlanğıcı"

 

1940-cı illərin ortalarından etibarən Hollivud filmlərində görünməyə başlayıb. Onun kəskin üz cizgiləri, arıq və hündür boyu, sərt baxışları çox vaxt onu mənfi obrazlara, qanun pozanlara və ya sərt xarakterli qəhrəmanlara uyğunlaşdırıb. Bu səbəbdən Griffith tezliklə “western” janrında məşhurlaşıb.

 

"Əsas işləri və rolları"

 

James Griffith-in ekran fəaliyyəti çox zəngindir – o, 100-dən çox film və televiziya serialında rol alıb. Onun ən tanınmış işləri:

House of Wax (1953) – klassik qorxu filmində rol alıb.

Masterson of Kansas (1954) – western janrında tanınmış obrazlardan birini canlandırıb.

Lust for Gold (1949) – burada köməkçi rollardan birində çıxış edib.

Adventures of Superman (1950-ci illər) – müxtəlif epizodlarda fərqli rollarda görünürdü.

The Lone Ranger – məşhur televiziya serialında dəfələrlə rol alıb.The Life and Legend of Wyatt Earp – burada da qərb mövzulu rollarla çıxış edib.

Bat Masterson – televiziyada onu məşhur edən işlərdən biri olub. Onun ekran karyerası westernlərdən kənara da çıxıb. Griffith dram, macəra və kriminal janrda da fərqli rollar oynayıb.

 

"Ssenarist və rejissor fəaliyyəti"

 

James Griffith yalnız aktyor olmayıb, o həm də bir neçə layihənin ssenarisini yazıb, bəzilərində isə rejissorluq edib. O, kino sənətində daha çox “kölgədə qalan, amma yadda qalan aktyor” kimi tanınıb.

 

"Şəxsi həyatı və ölümü"

 

James Griffith şəxsi həyatını çox gizli saxlayan insan olub. Onun ailəsi və şəxsi münasibətləri barədə çox az məlumat var. O, 17 sentyabr 1993-cü ildə 77 yaşında Kaliforniyanın Monterey Park şəhərində vəfat edib.

 

"İrsi və xatirəsi"

 

James Griffith Hollivudun “ikinci plan aktyorları” arasında çox sevilən simalardan biri olub. Onun xarakterik görkəmi və peşəkar oyun tərzi western filmlərinin tipik üslubunu tamamlayan əsas elementlərdən biri hesab olunur. Bugün də o, klassik Amerika televiziya və kino tarixində “tanış sima” kimi xatırlanır.

 

“Ədəbiyyat və incəsənət”

(17.09.2025)

Azərbaycan Dövlət Kukla Teatrı “Aktau – Türk dünyasının mədəniyyət paytaxtı” layihəsi çərçivəsində “NOMAD PUPPET” I Beynəlxalq Kukla Teatrları Festivalında ölkəmizi layiqincə təmsil edib.

 

“Ədəbiyyat və incəsənə” portalı xəbər verir ki, bu barədə AzərTAC-a Dövlət Kukla Teatrından məlumat verilib.

 

Bildirilib ki, TÜRKSOY və Qazaxıstan Respublikası Mədəniyyət və İnformasiya Nazirliyinin təşkilati dəstəyi ilə türkdilli ölkələri bir araya gətirən ilk sənət bayramı öz işini uğurla başa vurub və təmsilçilərimiz festivalın "Milli ənənələrin qorunmasına görə" nominasiyasında qalib olublar.

 

Bundan başqa, teatr festivalda yüksək səviyyədə iştiraka görə TÜRKSOY-un Baş katibi Sultan Raev adından təşəkkürnamə də təqdim edilib.

 

Yaradıcı heyət üzvlərimiz qazax teatrsevərlər və münsiflər heyəti qarşısında tarixi irsimiz, soy kökümüzlə bağlı hazırlanan “Yalquzaq” tamaşasını nümayiş etdiriblər.

 

Yazıçı-dramaturq Məhbubə Hacıyevanın “Yalquzaq və Simurq quşunun nağılı” hekayəsi əsasında hazırlanan birhissəli uşaq tamaşasının səhnələşdirəni və quruluşçu rejissoru Anaxanım Abdullayeva, quruluşçu rəssamı İqbal Əliyev, musiqi tərtibatçısı Əməkdar artist Vüqar Camalzadə, qum rəssamı Lalə Hüseynzadədir.

 

Modern üslubda hazırlanan tamaşanın səhnə tərtibatında qum üzərində təsvirlər ön plana çıxır. Beləcə parket kuklalar (biri canlı plan olmaqla) və iri monitor vasitəsilə qum üzərində rəsmlərin sintezində vizual həllə nail olunub.

 

Tamaşada rolları Rəhim Rəhimov (Ata qurd), Ramiz Qəmbərov (Yalquzaq), Səbinə Məmmədova (Ana qurd), Könül Nəsibova (Simurq quşu), Araz Həsənli (Baybora, Bala qurd) və Yasin Abbasov (Bala qurd) ifa edirlər.

 

Tədbirdə kukla teatrı üzrə əməkdaşlığın möhkəmləndirilməsi, beynəlxalq əlaqələrin inkişafı, kukla sənətinin təbliği və beynəlxalq səviyyədə tanıdılması məqsədilə memorandum da imzalanıb.

 

Kukla teatr sənətində müasir tendensiyaların təşviq olunması, tamaşaların səhnə təqdimatları vasitəsilə unikal xüsusiyyətlərinin nümayiş etdirilməsi, gənc nəslin estetik təhsilinə töhfə verilməsi, kukla teatr sənətinin beynəlxalq nüfuzunun artırılması və effektiv istifadəsi kimi məqamları önə çıxaran sənəd sonrakı əməkdaşlıq üçün uğurlu təməl hesab oluna bilər.

 

Qeyd edək ki, bütün qalib kollektivlər festivalın diplomları və pul mükafatları ilə təltif olunublar.

 

“Ədəbiyyat və incəsənət”

(17.09.2025)

Cahangir NAMAZOV,

“Ədəbiyyat və incəsənət” portalının Özbəkistan təmsilçisi

 

Bugünkü həmsöhbətimiz — məşhur livanlı şair, yazıçı, tərcüməçi və jurnalist Dünya Sülh Yaradıcılığı Təşkilatı (London) və Dünya Yazıçılar və Rəssamlar İttifaqı (Portuqaliya) Livan səfiri, həmçinin ərəb və dünya ədəbiyyatında aparıcı simalardan biri və bir çox beynəlxalq mükafatlar laureatı Taghrid Bou Merhidir.

 

Ədəbiyyat ürəkləri ürəklərə, xalqları xalqlara bağlayan qızıl körpüdür.Sülh və əmin-amanlıq isə millətlərarası dostluq tellərini möhkəmləndirməkdə ədəbi əlaqələrin rolu misilsizdir. Millətlərarası dostluq tellərini daha da gücləndirmək məqsədilə müxtəlif millətlərin şair və yazıçıları ilə ədəbi söhbətlər layihəmizi həyata keçirdirik..

Taghrid Bou Merhi ədəbi fəaliyyəti ərzində Nizar Sartawi Beynəlxalq Yaradıcılıq Mükafatı, Naji Naaman Şeir və Ədəbiyyat Yaradıcılığı Mükafatı (2023), Kazi Nazrul Islam Mükafatı (2022), Zhang Nian Cup Birinci Mükafat (2023), Fico Xavier Ramirez Sanchez Beynəlxalq Mükafatı və çoxsaylı medallarla təltif olunub.

Onun əsərləri 48 dilə tərcümə edilib, 100-dən çox qlobal antologiyada və 70-dən çox ərəb antologiyasında dərc olunub.

 

 — Bu gün Livandakı gənc ədəbiyyat nümayəndələri haqqında nə düşünürsünüz, onlarda klassikadan ilham alma gücü daha üstün, yoxsa modernizm ön plandadır?

 

— Çağdaş Livan ədəbiyyat səhnəsində müasirlik aydın şəkildə üstünlük təşkil edir və gənc səslərin yaradıcılığını yönləndirir. Bu yeni nəsil yazıçılar klassik irsi rədd etmir; əksinə, onu mədəni və estetik bir istinad kimi qəbul edir, özlərinə uyğun olan elementləri götürərək, dil və baxışlarını cəmiyyətin və intellektual dəyişikliklərin tələblərinə uyğun şəkildə yenidən formalaşdırırlar.

 

Gənc Livan ədəbiyyatı poetik və nəsr ənənələrini qırmaq cəsarəti ilə seçilir və şəxsi və kollektiv problemləri sadə, amma dərin bir dildə ifadə edə bilmək qabiliyyətinə malikdir. Müharibə, siyasi qeyri-sabitlik, miqrasiya, kimlik və mənanın axtarışı kimi mövzular onların əsərlərində güclü şəkildə əks olunur.

Demək olar ki, bu səslər xatirə ilə reallığı, nostalji ilə dəyişiklik arzularını birləşdirərək, dünyaya açılan və sərhədlərdən asılı olmayaraq insanlığa müraciət edən mətnlər yaradırlar.

 

 — Şeirləriniz digər dillərə tərcümə olunduqda, sizin üçün hansı hiss daha önəmlidir: ruhani səmimiyyət, estetik doğruluq, yoxsa qlobal perspektiv?

 

— Şeirlərim digər dillərə tərcümə olunduqda, mənim üçün ən önəmli olan hiss ruhani səmimiyyətdir, istər özüm tərcümə edim, istərsə də başqaları tərəfindən.

Mən altı dünya dilinə hakim olduğum üçün ədəbiyyatımın böyük bir hissəsini şəxsi olaraq tərcümə edirəm. Belə hallarda tərcümə orijinal mətnin təbii bir uzantısına çevrilir, çünki şeiri yaradan eyni ruhdan çıxır. Tərcümə də orijinal kimi eyni ritm və daxili musiqini daşıyır. Hər bir söz seçimi mənim orijinal şeirə göstərdiyim estetik və emosional qayğını əks etdirir. Bu proses sözün həqiqi mənasında tərcümə deyil, ruhun və mahiyyətin qorunması ilə yenidən yaradılmasıdır.

Başqaları tərəfindən tərcümə olunan şeirlərimdə isə bu, mədəni zənginləşmə kimi qəbul olunur. Hər bir tərcüməçi öz ruhundan bir parça əlavə edir. Tərcüməçi də şairdirsə, tərcümə daha da canlı olur: o, yalnız mənanı ötürmür, həm də şeiri öz mədəni səmasında yeni qanadlarla ucaldır. Mən bunu itki kimi deyil, qazanc kimi görürəm, çünki bu, şeirə bir neçə həyat bəxş edən qlobal bir perspektiv yaradır.

Hər iki halda, həqiqətən önəmli olan ruhani səmimiyyətdir, çünki bu, estetik doğruluğu da özü ilə gətirir. Bu iki element uğurlu ədəbiyyat tərcüməsində ayrılmazdır. Tərcümə olunan əsər ritm, emosional həqiqət və poetik bütövlük baxımından bütöv qalmalıdır. Bu balans əldə olunduqda, tərcümə olunan şeir orijinalın həqiqi uzantısına çevrilir və mesajını dərinlik və dürüstlük ilə başqalarına çatdırır.

 

 — Sizcə, şeir tərcüməsində ən vacib elementlər hansılardır – müəllifin ruhu, ifadə gözəlliyi, yoxsa dil zənginliyi?

 

 

— Mənim fikrimcə, şeir tərcüməsinin əsas elementləri – müəllifin ruhu, ifadə gözəlliyi və dil zənginliyi bir-birindən ayrılmazdır. Hər hansı birinin olmaması tərcüməni zəiflədir.

Müəllifin ruhu şeirin daxili ritmidir; mətnə səmimiyyət və emosional həqiqət verir. Bu ruh olmadan tərcümə cansız olur – sadəcə sözlər ardıcıllığı kimi qalır.

İfadə gözəlliyi isə şeirin oxucunun qəlbinə çatma yoludur. Şeir yalnız məzmundan ibarət deyil; ritm, təsvir və dilin incəliyi də vacibdir.

Dil zənginliyi şeirin dərinliyini qoruyaraq başqa mədəniyyətə keçməsini təmin edir. Zəngin dil tərcüməçiyə həm mənanı, həm də emosiyanı qorumaq üçün alətlər verir.

Ona görə də mən birini digəri üzərində seçmirəm; uğurlu şeir tərcüməsi bütün bu elementlərin harmoniyasını təmin edən tərcümədir. Yalnız bu halda tərcümə olunan şeir orijinal kimi emosional və bədii gücə sahib ola bilər.

 

— Ruhani əzab və ilahi məhəbbət şeirlərinizdə necə əks olunur?

 

— Mənim şeirlərimi diqqətlə oxuyan hər kəs görəcək ki, ruhani əzab və ilahi məhəbbət yazımın tonunda dərindən əks olunur. Əksər şeirlərim fəlsəfi, ruhani və dərin düşüncəyə söykənir; varlıq sualları və metafizik ölçülərlə zənginləşir, oxucunu düşündürməyə, təfəkkür etməyə və görünməyən həqiqətlərin genişliyinə dalmağa dəvət edir.

Mənim şeirlərim yalnız lirik deyil, daxili bir səyahətdir. Onlar varlıq, zaman, ölüm və görünməyənlərlə bağlı suallarla məşğuldur. Bu metafizik meyil təsadüfi deyil; o, iman, şübhə, ağrı və mütləqə olan bir həsrətdən formalaşmış şeir vizionumdan qaynaqlanır.

Həyatımın böyük bir hissəsini ölkələr və mədəniyyətlər arasında, ailəmdən və vətənimdən uzaq keçirdiyim üçün dərin bir həsrət və emosional ağrı hissi inkişaf etdi. Bu hisslər şeirlərimə toxunmuş, ruhani həsrət və ilahi istilik axtarışı kimi əks olunmuşdur.

Bu fəlsəfi və ruhani əks-sədaları əks etdirən əsas əsərlərim arasında bunlar var:

“Ruhun Kənarındakı Fəlsəfələr” – dərin fəlsəfi və düşüncəli şeirlər toplusu. Burada insan təcrübəsindən doğan dərin meditativ düşüncələr, ruhaniyyət və əks etdirmə birləşir. Bir çox şeir Qurani-Kərim ayələrindən ilham alır, mövcudluq, yaradılış, taley və həyatın mənası suallarını araşdırmaq üçün zəmin yaradır. Kitab həm klassik, həm də müasir fəlsəfi məktəblərdən istifadə edərək müqəddəs mətn və fəlsəfi sorğular arasında dialoq qurur. Şeirlər insanla kainat, bədən və ruh, ölüm və əbədiyyət münasibətlərini düşünməyə dəvət edir, zaman, işıq, görünməyən və qətiyyət anlayışlarını təhlil edir. Bu Qurani rezonans və fəlsəfi vizionun birləşməsi şeirlərə həm intellektual dərinlik, həm də ruhani səs verir.

“Düşüşün Əlifbası” – parçalanma, sonlar və dəyişiklik üzərində fəlsəfi düşüncələr.

“Görünməyənin Qoruyucusu” – metafizik və reallığın arxasında duran anlaşılmaz mənanı araşdırmağa dəvət edən poetik əsər.

“Son Hava” – İngilis dilindəki şeirlərim, kosmik və ruhani ölçünü qlobal bir səslə çatdırır.

Həsrət və nostalji mövzusuna xüsusi diqqət yetirmişəm: “Həsrət Mahnısı”, mənim ilk nəşr olunmuş əsərim, və “Ehtiras Yaraları”, emosional ağrı ilə ruhani əzabı birləşdirir.

Mənim şeirlərim yalnız oxunmaq üçün sözlər deyil, yaşanacaq vəziyyətlər, hiss ediləcək ritmlər və oxucuda həsrət, sual və görünənin arxasında olan həqiqətə sarsılmaz bir inam oyandıran mesajlardır.

 

— Əgər şeir vasitəsilə dünyaya yalnız bir həqiqəti çatdıra bilsəydiniz, bu həqiqət nə olardı?

 

— Əgər şeir vasitəsilə dünyaya yalnız bir həqiqəti çatdıra bilsəydim, bu belə olardı: Ruh əbədidir və səmimiyyətlə yazdıqlarımız, susduqdan sonra belə yaşayır.

Mənim üçün şeir yalnız misralar toplusu deyil, danışılmayanı ifadə edən, adi dilin ifadə edə bilmədiyini özündə daşıyan canlı bir varlıqdır. Bu müqəddəs vasitə ilə mən inanıram ki, hər bir şeir – ağrıdan və ya məhəbbətdən, təfəkkürün işığından və ya həsrətin kölgələrindən doğulmuş – ölümsüzlük qığılcımı daşıyır.

İnsan ruhu bədənindən daha geniş, anından daha dərin, və şeir bu ruhu zaman, məkan və başqa varlıqlarla birləşdirən körpüdür. Şeir yazarkən, sanki havada iz buraxıram, kosmik yaddaşda barmaq izi qoyuram. Dillər dəyişsə belə, mahiyyət dəyişməz: biz bir ürək döyüntüsünü əbədiləşdirmək, demək istədik ki, burada olmuşuq, xəyal etmişik, əzab çəkmişik, sevmışik və inanmışıq.

Səmimi yazı bilinməyə, cavabsız suallara, sağalmayan yaralara qarşı bir üzləşmədir. Amma bu, eyni zamanda ümid aktıdır: sözlərimiz bir gün kimsənin qəlbinə çatacaq, rahatlıq, işıq və ya heyrət bəxş edəcək.

Beləliklə, mən şeirlərimlə dünyaya deyirəm: Ruh heç vaxt ölmür və həqiqət söylənmir, hiss edilir.

 

  Sizcə, şairin qəlbi ən dərin hissləri hansını yaşayır: məhəbbət, itkı, qurtuluş, yoxsa ümid?

 

— Mənim fikrimcə, şairin qəlbi hissləri ayrı-ayrılıqda yaşamır; o, bütün hissləri eyni anda yaşayır, sanki çözülə bilməyən bir toxuma kimidir. Məhəbbət itkidən ayrı deyil, itki ümidlə sıx bağlıdır, və ümid qurtuluşla birləşir. Bu dörd hiss ardıcıl anlar deyil, həm şeirin, həm də şairin daxili dünyanın təbəqələridir.

Şair üçün məhəbbət keçici bir duyğu deyil, kainatı genişləndirən və bağlılığı dərinləşdirən mövcudiyyət halıdır. Məhəbbətlə birlikdə itki qaçılmazdır; sevdiyimiz hər şey yoxluğa və ya keçiciliyə məruz qalır. İtki isə düşüncəyə, qurtuluşa, qaranlığın içində işıq tapmağa yol açır. Burada ümid sakitcə, lakin inadkar bir işıq kimi ortaya çıxır, dayanıqlılığı oyadır və şairin iradəsini gücləndirir.

Şairin qəlbi incə, amma möhkəmdir. O dərindən hiss edir, amma qaçmır. O əzab çəkir, amma yazır. Qurtuluş son vəziyyət deyil; o, yazmaq hərəkətindən doğan daxili bir dönüşdür. Beləliklə, şair yazarkən yalnız şəxsi hissləri ifadə etmir, bütün insan təcrübəsini – məhəbbətini, itkisini, həsrətini və işığını – canlandırır.

 

 — Uzun illər ərzində ədəbiyyat sahəsində müşahidə etdiyiniz ən önəmli dəyişiklik nə olub?

 

— Ədəbiyyat yolumda müşahidə etdiyim ən əhəmiyyətli dəyişikliklərdən biri, ənənəvi elitist çərçivələrdən insan mərkəzli, sərhədsiz ədəbiyyata keçid olmuşdur. Ədəbiyyat artıq yalnız akademik və ya mədəni elitanın sərhədlərində qalmır; o, dürüst insan ifadəsi üçün açıq bir məkana çevrilmişdir. Marjinal və müxtəlif səslər indi ön plana çıxır, öz baxışlarını və təcrübələrini hər kəs üçün əlçatan dildə paylaşır.

Bu dəyişiklik tərcüməyə və mədəni çoxluğa qarşı misli görünməmiş açıqlıqla müşayiət olunur, beləliklə, mətnlər coğrafi sərhədləri aşır və fərqli təcrübələrə malik oxucularla əlaqə yaradır. Şeir isə ümumi hisslərin körpüsünə, roman isə insan ağrısı və ümidini hər yerdə əks etdirən güzgüyə çevrilmişdir.

Xüsusilə diqqət çəkən odur ki, müasir ədəbiyyat daha interaktiv, insan mərkəzli və azaddır; sərt formalar və kateqoriyalardan uzaqlaşır, müxtəlifliyə, cəsarətə və uzun müddət qəbul edilmiş qaydaların sorğulanmasına yer açır. Bu isə çağdaş ədəbiyyatı daha yaxın, daha anlaşılır və daha qüdrətli edir, çünki o, xalq üçün danışır, onları əks etdirir və daxili dünyalarını işıqlandırır.

 

— Sufizm və fəlsəfə şeirlərə necə zəriflik və sükunət qatır?

 

— Sufizm və fəlsəfə şeirə bənzərsiz bir zəriflik və şəffaflıq gətirir, çünki şairi yalnız səthi deyil, varlığın mahiyyətini araşdırmağa dəvət edir. Mistika şeiri dünyanı təsvir etmir, onu deşifrə edir. Yalnız söz demir, onların gizli işığını göstərir.

Sufizm və fəlsəfə bir şeirdə qarışdıqda üçüncü bir dil yaranır: həm tam səbəbə, həm də tam emosiyaya aid olmayan, amma hər ikisinin işıqlı birləşməsidir. Şair yazır ki, məlumat vermək üçün deyil, üzə çıxarmaq, düşüncəni oyatmaq, suallar yaratmaq və sözlər arasındakı sükunəti dinləməyə çağırmaq üçün.

Belə şeir, ruhani incəlik və mövcudiyyət sakitliyi ilə zənginləşdirilmiş, oxucunu ruhani coşğu, düşüncəli heyranlıq və bilik sevgisi halına gətirir. Şeir daxili dua və ya özünü kəşf səyahətinə çevrilir. Sufizm şeiri işığın yüngüllüyü ilə bəzəyir, fəlsəfə isə ona dərinlik verir, beləliklə misralar torpaq aləmi ilə ilahi işıq aləmi arasında süzülür.

 

— Sizin üçün ilham ilahi bir nemət midir, yoxsa zəhmət və əməyin nəticəsi?

 

— İlham əslində ilahi hədiyyədir; insanla birlikdə doğulur, əldə edilə bilməz, amma bəxş olunur. O, səyin və planlamanın nəticəsi deyil, gözlənilmədən gələn bir nəfəs, kəşf və ya vizion kimidir; ruhu oyadır və onu dərinliyini fərqli yollarla ifadə etməyə təşviq edir.

Amma bu hədiyyə, müqəddəs olsa da, təkcə öz-özünə həqiqi sənəti yaratmaq üçün kifayət deyil; sadiqlik, səy, düşüncə və davamlı təkmilləşdirmə ilə müşayiət olunmalıdır. İstedad, bilik, oxu və təcrübə ilə qidalanmasa, sönür və parıltısını itirir. İlham bir qığılcım kimidir, səy isə onu digərlərinə işıq saçan isti alova çevirir.

İlham və əməyin əlaqəsi müqəddəs bir tarazlıqdır: ilham toxum, əməy isə su, torpaq və işıqdır. Ona görə yaradıcı proses yalnız bir tərəfə endirilə bilməz. İlham içimizdə doğulur, amma onu böyütmək, inkişaf etdirmək və təkmilləşdirmək məsuliyyəti bizə aiddir ki, ruhlara toxunan və zehnləri oyadan mənalı bir sənət əsəri olsun. Əks halda, bu hədiyyə səssizlikdə qalır, heç vaxt dünyaya çıxmır.

 

 

 — Bu gün dünya müharibələr, ədalətsizlik və qadınlara qarşı zorakılıq kimi problemlərlə üz-üzədir. Sizcə, şairlər və yazıçılar bu bəlalara qarşı necə mübarizə aparmalıdır?

 

— Bu gün dünyada baş verən müharibələr, ədalətsizlik və xüsusilə qadınlara qarşı zorakılıq fonunda şair və yazıçıların məsuliyyəti əvvəllərkindən daha böyükdür. Şeir artıq yalnız estetik ifadə vasitəsi deyil; o, milli ağrını əks etdirən, zülm və ayrı-seçkiliyi ifşa edən sərbəst bir səsə çevrilmişdir.

Bu gün dünya üzrə şairlərin səsi yüksəlir, ədalətsizliyi qınayır, hökmranlığı tənqid edir və sülh və ədalət çağırışı edir. Bu artan hərəkat ümidvericidir: müqavimət şeiri ön plana çıxıb, müharibə və qadınlara qarşı zorakılıq kimi mövzuları əhatə edən antologiyalar yaratmaq genişlənən bir təşəbbüsə çevrilmişdir. Bu çağırışlar yalnız şeir həmrəyliyini ifadə etmir, həm də qlobal şüur şəbəkəsi yaradır və dəyişiklik üçün ümid verir.

Şeir xalqın səsidir; onu heç vaxt susdurmaq, almaq və ya senzura etmək mümkün deyil. O, azadlıq, ədalət, məhəbbət və gözəllik səsidir. Şair və yazıçılar qələmlərini çirkinlik və ədalətsizlik əleyhinə birləşdirdikdə fərq yaradır və ürəklərdə sülh toxumlarını əkirlər. Şeir yumşaq, amma güclü bir silahdır; vicdanları oyadır, səssizlərin səsini çatdırır və heç vaxt ölməyəcək.

 

 — Sizin üçün əbədilik haradadır – kitab səhifələrində, yoxsa oxucuların qəlbində?

 

— Hər ikisində… çünki ölümsüzlük yalnız söz ruhla görüşəndə tamamlanır.

Əgər səhifələr olmasaydı, oxucular şeirləri oxumaz, əzbərləməz və onlarla dərin emosional və ruhani bağ qurmazdılar. Kitab ölümsüzlüyün əsas vasitəsidir; xatirənin qoruyucusu, şairin düşüncə və hisslərini əks etdirən güzgüdür. Eyni zamanda, oxucuların qəlbi sözlərin böyüdüyü, çiçəkləndiyi və hər oxunuşda yenidən doğulduğu münbit torpaqdır.

Səhifələr şeirlərə forma və fiziki mövcudluq verir, oxucuların qəlbi isə onlara yenilənmiş həyat və daimi dirçəliş bəxş edir.

Hər dəfə bir misra oxucunun qəlbində yaşayırsa, şair yenidən yaşayır; sözlər ruhda əks-səda verəndə isə zaman və məkan sərhədlərini aşır.

Beləliklə, şair yalnız kitab vasitəsilə deyil, insan şüurundakı bu canlı varlıqla ölümsüzdür, burada şeir daxili bir rituala çevrilir və hər dəfə söz çağrıldıqda təkrarlanır.

 

 

— Əgər şeiriniz insan qəlbində yalnız bir duyğunu oyada bilsəydi, bu duyğu nə olardı?

 

— Əgər şeirim insan qəlbində yalnız bir hissi oyada bilsəydi, mən məhəbbəti seçərdim. Çünki məhəbbət bütün ali dəyərlərin kökündədir; sülh, səxavət, bağışlama və mərhəmət kimi böyük mənaların qaynağıdır.

Məhəbbət keçici bir duyğu deyil; o, şəxsi istəkləri aşan, başqasını dərin anlamağa, onların varlığı ilə birləşməyə, həm zəifliklərini, həm də gözəlliklərini qucaqlamağa imkan verən mövcudiyyət halıdır. Həqiqətən məhəbbəti hiss edən insan, başqalarında özünü görməkdən başqa çarə tapmaz; beləliklə zərər verməkdən çəkinir, qarşılıq gözləmədən xeyir yayır və həmişə işığın tərəfində dayanır.

Belə bir mənbədən doğan şeir yalnız sözlər deyil; o, zülmü incəliyə, yadlaşmanı tanışlığa çevirə bilən bir qüvvədir. Şeirdə məhəbbət romantik bir son deyil, dünyaya qarşı fəlsəfi bir mövqedir; çirkinliyin üzərinə gözəlliyi, xaosun üzərinə sükunəti və mənəvi çürümənin üzərinə insan yüksəlişini seçən bir vizyondur.

Kimdə məhəbbət varsa, zorakılıqsız dəyişiklik etməyi, nifrət olmadan üsyan etməyi və insanlığın azaldığı dünyada insan olaraq qalmağı bacarır.

 Məhz buna görə yazıram ki, qəlblərdə məhəbbət doğulsun… və onun vasitəsilə pislik məğlub edilsin.

 

“Ədəbiyyat və incəsənət”

(17.09.2025)

Çərşənbə, 17 Sentyabr 2025 11:43

Şəhidlər barədə şeirlər - Mirzağa Əliyev

 “Ədəbiyyat və incəsənət” portalı gənc yazar Elşad Baratın şəhidlər barədə silsilə şeirlərinin təqdimini davam etdirir.

 

Şəhid Mirzağa Əliyev

Mirzağa Əliyev 1996-cı il iyunun 15-də Neftçala rayonunun Xıllı qəsəbəsində anadan olub. 2002-2011-ci illərdə Xıllı qəsəbəsində R. Gözəlov adına 1 nömrəli tam orta məktəbdə, 2011-2014-cü illərdə isə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil alıb. Ali hərbi təhsilini 2014-2018-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) alıb. Subay idi.

Mirzağa Əliyev 2018-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin Beyləqan rayonunda yerləşən "N" saylı hərbi hissəsində leytenant hərbi rütbəsində taqım komandiri vəzifəsində xidmət edirdi.

Azərbaycan Ordusunun leytenantı olan Mirzağa Əliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin və Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Mirzağa Əliyev oktyabrın 7-də Cəbrayıl rayonu istiqamətində döyüş tapşırığını yerinə yetirən zaman Ermənistan Ordusunun canlı qüvvəsini məhv edib, geri qayıdan zaman isə onun və döyüş yoldaşlarının olduğu Piyadanın Döyüş Maşını (PDM) ermənilər tərəfindən vurulub. Mirzağa Əliyev digər 2 döyüş yoldaşını maşından çıxarsa da, özü şəhid olub. Neftçala rayonunda dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Mirzağa Əliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Mirzağa Əliyev ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni ilə təltif edildi.

Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Mirzağa Əliyev ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Mirzağa Əliyev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.

 

Öncə bala, sonra şagird,

Daha sonra kursant oldun.

Min xəyalla, min arzuyla,

Oxuyub leytenant oldun.

 

Geyindin hərb paltarını,

Dəyər səndə dəyərləndi.

Anan sarıldı boynuna,

Atan baxıb fərəhləndi.

 

İkicə il keçdi belə,

Payız bitdi, qış başladı.

Dedilər müharibədir,

Dedilər savaş başladı.

 

Sən də qatıldın savaşa,

Qisas ilə alışırdın,

Mərmi yağış yağan yerdə,

Ön cəbhədə vuruşurdun.

 

Hər gün xəbərlər gəlirdi,

Biz tarixə iz salmışıq,

Hansı kəndlərə girmişik,

Hansı rayonu almışıq.

 

Sən savaşda dostlarını,

Tək qoymadın bircə an da.

İki dostu xilas etdin,

Şəhid olduğun zaman da.

 

Sən tarixsən, zəfər-zəfər,

Yazılmış kitab leytenant.

Yaşayırsan qəlbimizdə,

Əbədi, cənab leytenant.

 

“Ədəbiyyat və incəsənət”

(17.09.2025)

 

 

Könül, “Ədəbiyyat və incəsənət”

 

MÜTALİƏ MƏDƏNİYYƏTİNİ NECƏ FORMALAŞDIRMALI?

“Ədəbiyyat və incəsənət” portalının təqdim etdiyi bu silsilə yazılar Azərbaycan Yazıçılar Birliyi Ədəbiyyat Fondunun Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərkib hissəsi olaraq nəşr edilir.

Sizlər üçün çağdaş yazıçı və şairlərimizin ən yaxşı ədəbi nümunələrini seçərək təqdim edəcəyik.

Azərbaycan Ədəbiyyat Fondu@

 

POEZİYA

 

VAHİD ƏZİZ,

Xalq şairi

 

 

ZƏFƏR MİLLƏTİMİN ALTUN TACIYMIŞ

 

Zəfər millətimin altun tacıymış,

özü yetməliymiş qisas zamanı,

həm savaş xəmiri çox acıyıbmış,

həm də müharibə acıymış hamı!

 

Görəndə şəhiddi nə cür igidlər,

qanları coşurdu mərd oğlanların,

hərbi hissələrə yeniyetmələr cumurdu –

“bizi də əsgər aparın!”

 

Yaralı tanıdım şirin qanıynan

udaraq söndürür qəlb acısını,

nişanın qaytarıb əsgər yollanan

sevdim neçə-neçə tibb bacısını.

 

Qaçqın nənələrin əli qaşında,

Yollara baxırdı – “nə oldu Şuşam?”,

Qonşuda bir ahıl – Doxsan yaşında,

döşünə döyürdü – “topçu olmuşam!”

 

Bu Zəfər millətin altun tacıymış,

Qələbə yetişdi Qırx dördcə gündə,

 həm “savaş xəmiri” çox acıyıbmış,

 millət müharibə “acıymış” həm də...

 

 

SƏN MƏNİM ƏBƏDİ QARABAĞIMSAN...

 

Yetişdin zirvənə, üçrəngli Bayraq!

Qarabağ – qəlblərdə atəşsən, odsan,

Dözdük hicranına alovlanaraq,

Düşmən elə bildi – “Unudulmusan”.

 

Qələbə gətirdi Bayraq özüylə,

Günü başlamaqda – “Vətən” sözüylə,

Yağı elə bildi “Cıdır düzüylə”,

Keflənib, hallanıb yerimək asan.

 

Dirçəldin – qəfəsdə quş olsan belə,

Həsrətli gözlərdə yaş olsan belə,

Bir şeyi bilirəm – daş olsam belə,

Qarabağ, köksündə ərimək asan!

 

Qurtardıq – Sərsəngi, əsir Tərtəri,

Ordunun dizində millət təpəri,

İndi “Xarıbülbül” adlı gülləri,

Doğma öpüşlərə bürümək asan.

 

Qarabağ, yenə də bəxtəvər görün,

Közərir kül tutmuş közün, kömürün,

Ötəri olsa da cahanda ömrüm,

Sən mənim əbədi Qarabağımsan...

 

 

MƏNƏ YÜZ İL ÖMÜR ARZULAMAYIN

 

Mənə yüz il ömür arzulamayın -

Xəzan yarpağıtək qovmasın külək,

Gözlərim görsə də, ayağım - əlim

Əsalı olanda dayansın ürək.

 

Mən yüz il ömür arzulamayın -

Bu qədər yaşayan hansı çiçəkdir?!

Mən yaşda qalmırsa taytuşum-tayım,

Qurdnan qiyamətə qalmaq deməkdir.

 

Mənə -" Yüz il yaşa" - deməyin, dostlar,

Yerişim, gülüşüm, səsim itməsin,

Məndən cavan olan, gümrah olanlar

Çiynimdə dünyadan köçüb getməsin.

 

Mənə elə ömür arzulayın ki,

Ölüncə ümmantək çağlaya bilim,

Qapı - pəncərəni öz evimdəki

Özüm aça bilim, bağlaya bilim.

 

Tanrıdan bir ömür diləyin mənə,

Taleyim sevgiylə baxsın üzümə,

Görsün yad payına şərik deyiləm

Gərək olmayanda özüm-özümə,

Deməli heç kəsə gərək deyiləm!

 

Sağlıqlar deyəndə hərdən şənimə,

Nə özüm kövrəlim, nə sizə gülüm,

Tanrıdan bir ömür diləyin mənə,

Hər vaxt sevə bilim, sevilə bilim.

 

Mənə yüz il ömür arzulamayın -

Ləyaqət, təmiz ad atıb getməsin

Dünyaya qalacaq malı dünyanın -

Karvanın lənətə batıb getməsin

Mənə yüz il ömür arzulamayın...

 

 

HƏKİMƏ MƏKTUB

 

Həzin bir nəğmədir ürəyimdəki,
elə hey çağlayar, elə hey daşar,
yarsan-ürəyimdə asta gəz, həkim,
birdən bıçağına arzum dolaşar. 

 

Ovcuna çilənsə, qorxma, qan deyil-
billur bir sevdadır axar sinəmdən,
mənim ki ürəyim damardan deyil,
asılmış bir qızın hörüklərindən!

 

Çətin ki qəlbimi görərsən, həkim,
bürünmüş guman ki, dumana, çənə,
guman ki, yaram da köhnəldiyindən
köhnə bir tanıştək yad gələr sənə.

 

Bəlkə ağlayarsan, həkim, yenə də,
doğrayıb-qırarsan barmaqlarını,
həkimlər-hər dəfə insan oləndə,
itirər əlinə etibarını…

 

 

YADIMA DÜŞÜR

 

Payızın eyvana dəyir qədəmi.

Nəmli məhəccərdən əlim sürüşür.

Dibçəkdə soluxan qızıl gül kimi,

Səni gözlədiyim yadıma düşür.

 

İndi xatirələr qalxır eyvana

Soyuq varlığımı bürüyə bilmir.

Çiskindən, dumandan, qəmdən o yana

Sənli xatirələr yeriyə bilmir

 

Yerdən çox hündürdə keçdi illərim.

Qəlbinə gah uzaq, gah yaxın oldum.

Hələ də məhbusdur, xatirələrim.

Mən sənin bir eyvan dustağın oldum.

 

O, qədər giley var bu qapılarda.

Hər elçi bir təzə yar gətirərdi.

Bir çinar mən qədər dursaydı, burda.

Bəlkə də həsrətdən bar gətirərdi.

 

Payızın eyvana dəyir qədəmi.

Nəmli məhəccərdən əlim sürüşür

Dibçəkdən boylanan qızıl gül kimi.

Səni gözlədiyim yadıma düşür...

 

“Ədəbiyyat və incəsənət”

(17.09.2025)

 

 

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasının kiçikyaşlı oxucuları böyük sevinclə F.Köçərli adına Respublika Uşaq Kitabxanasının nəşr etdiyi “Göy Qurşağı” jurnallarının yeni sayları ilə tanış oldular. Jurnallarda maraqlı məlumatlar, yeni nəşr olunan kitabların anonsu, əyləndirici oyun və krossvord verilib.

 

“Ədəbiyyat və incəsənət” portalına kitabxanadan verilən məlumata görə, jurnalların “Yeni kitablara səyahət” rublikası isə hamı üçün maraqlı oldu. Burada  uşaqlar yeni maraqlı kitablarla tanış oldular.

Burada istedadlı uşaqların yazdığı hekayə və nağıllar, çəkdiyi rəsmlər də verilib.

Jurnallarda olan materiallar haqqında ətraflı məlumat aşağıdakı keçidlərdə yerləşdirilib:

https://drive.google.com/file/d/1pTkXet_AzeODSIiObDdRZwVuIa1x2ZBT/view

 

https://drive.google.com/file/d/1TyeOzhvNmGuUpX6QQDm4o3iMTtYFRYj-/view

 

“Ədəbiyyat və incəsənət”

(17.09.2025)

 

Azərbaycan Turizm Bürosunun iştirakı ilə Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində keçirilən “Kingdom Business & Luxury Travel Congress” (KBLT) tədbirində Azərbaycanın işgüzar turizm imkanları təqdim olunub.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Dövlət Turizm Agentliyindən AzərTAC-a bildirilib ki, tədbir çərçivəsində Səudiyyə Ərəbistanının işgüzar tədbirlər, korporativ və lüks səyahət seqmentləri üzrə aparıcı mütəxəssisləri və agentliklərinə Azərbaycanda irimiqyaslı konfransların və yüksəksəviyyəli işgüzar tədbirlərin təşkili üçün mövcud infrastruktur və ölkəmizin ümumi turizm potensialı haqqında ətraflı məlumat verilib.

 

Qeyd edək ki, KBLT tədbirində 35 ölkədən 140 şirkət olmaqla, ümumilikdə 200 təmsilçi iştirak edir.

 

“Ədəbiyyat və incəsənət”

(17.09.2025)

87 -dən səhifə 2514

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.