Super User

Super User

Cümə axşamı, 06 Noyabr 2025 14:05

Qəhrəman Tofiq Oğuzun oğlu qəhrəman Polad Rzayev

Aysel Fikrət,

Azərbaycan Milli Konservatoriyasının mətbuat katibi, “Ədəbiyyat və incəsənət” üçün 

 

 

Azərbaycan bütün dünyaya sübut etdiyi zəfər tarixini özü yazdı.

Gəncliyimizi yaşaya bilmədik, yalnız 80–90-cı illərdə itirdiyimiz dincliyimizi, başımıza gələn fəlakətləri övladlarımıza gözəl ötürə bildik. Nəticədə, vətənini, torpağını sevən gənclərimiz böyüdü və bu vətənə dayaq oldular.

44 günlük əfsanəni yaradan oğullarımız torpaqlarımızı son qarışına qədər geri aldılar.

Biz böyüydən kiçiyə qədər bu ağrılı, acılı, qürurlu günləri sevinc göz yaşları ilə yaşadıq.

 

Azərbaycan Milli Konservatoriyası digər tədris müəssisələri kimi Zəfər tariximizə dair — 8 Noyabr Zəfər Günümüzün 5 illiyi münasibətilə — bir çox tədbirlər həyata keçirir.

Bu tədbirlərdən birində mənim vəzifəm təmsil etdiyim tədris müəssisəsinə AMK-ya bir qazimizi dəvət etmək idi. Mən qazi Polad Rzayevi belə tanıdım. Onun adını da telefona belə qeyd etdim — “Vətən qazisi”.

Gün yetişincəyə qədər ssenarini yazarkən qazimiz haqqında eşitdiklərim və gördüklərim məni çox düşündürdü.

Polad son döyüşlərin birində hər iki ayağını itirir və həkim gələnə qədər özü öz ayağını kəsir, özünə ilkin tibbi yardımı özü göstərir.

Müalicə olunan qazimiz bir müddət sonra dövlət başçımızın səyi ilə Almaniyada iki ay müalicə alır, əməliyyat keçirir və ona protez ayaqlar qoyulur.

Olduqca həyat eşqi olan Polad öz protez ayaqlarının üzərində belə, igid və dönməz yolundan əl çəkmir.

Polad Rzayev Oğuzda anadan olub.

Sonradan Bakıya köçərək Səbail rayonu 189 saylı orta məktəbdə təhsil alır.

2003-cü ildə Cəmşid Naxçıvanski adına Hərbi Liseyə qəbul olunur, 2006-cı ildə həmin liseyi bitirir və Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olur.

Ali Hərbi Məktəbin ikinci kursundan etibarən “Kəşfiyyat” ixtisası üzrə təhsilini davam etdirir. Onun vətən sevgisini aşılayanların isə valideynləri olduğunu deyir.

Ali Hərbi Məktəbi “Qoşun kəşfiyyatı” ixtisası üzrə tamamlayır və Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində (TTM) təhsilini davam etdirərək “Xüsusi təyinatlı kəşfiyyatçı” ixtisası üzrə məzun olur.

Hərbi xidmətə Xüsusi Təyinatlı Hərbi Hissədə leytenant kimi başlayır.

2016-cı ilin Aprel döyüşlərində iştirak edir və Talış kəndi istiqamətində yüksəkliklərin azad olunmasında fəallıq göstərir.

2020-ci ilin 27 sentyabrında başlayan 44 günlük Vətən müharibəsində ön cəbhədə döyüşlərin bütün mərhələlərində aktiv iştirak edir.

Xüsusilə də Murovdağ silsiləsində düşməndə olan taktiki yüksəkliklərin, Hadrut qəsəbəsinin bəzi kəndlərinin, Cəbrayıl və Qubadlı rayonlarının bir çox yaşayış məntəqələrinin azad olunmasında əməliyyat zabiti kimi iştirak edir.

19 oktyabr 2020-ci ildə Qubadlı rayonunda növbəti hərbi əməliyyat zamanı iki minaya düşərək, hər iki ayağını itirir.

Əsgərimizin göstərdiyi şücaətə görə ölkə başçımız tərəfindən “Qubadlının azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Şücaətə görə” medalları və “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilir.

Qeyd edək ki, Polad Rzayev Cəbrayıla bayraq sancan Xüsusi Təyinatlı Qüvvələrin üzvüdür.

O, həm də Birinci Qarabağ müharibəsində Şuşadan çıxmayaraq şəhid olan Tofiq Oğuzun oğludur.

O Tofiq Oğuzun ki, 1965-ci ildə keçmiş SSRİ çempionu olur, sonralar SSRİ İdman ustası adına layiq görülür.

1965–1968-ci illərdə Leninqradda (indiki Sankt-Peterburqda) hərbi xidmət keçirir.

Hərbi xidməti başa vurandan sonra Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında təhsil alır, 1972–1974-cü illərdə Kuybışev şəhərində Politexnik İnstitutunda idman müəllimi işləyir.

Tofiq Rzayev sambo üzrə SSRİ idman ustası idi.

O, 1974-cü ildə Azərbaycana qayıdır, Azərbaycan Dövlət Tibb İnstitutu, İnşaat Mühəndisləri İnstitutu və Sumqayıt Texnologiya İnstitutunda baş müəllim vəzifəsində çalışır. Respublika dərəcəli hakim olur.

1987-ci ildə doğma kəndi Yaqubluya qayıdır və Oğuz Rayon İdman Komitəsinə sədr təyin olunur.

T. Rzayevin Oğuz rayonunda idmanın inkişafında böyük əməyi olur.

O, 1988-ci ildən başlayan milli azadlıq hərəkatının fəal üzvlərindən biri, Oğuz rayonunda həmin hərəkatın əsas liderlərindən olur.

Torpaqlarımıza erməni təcavüzü başlayanda, Tofiq Rzayev 1989-cu ildə Oğuzdan Qubadlı rayonunun sərhəd kəndlərinin müdafiəsinə yollanan könüllülər dəstəsinə rəhbərlik edir.

20 Yanvar hadisələri zamanı əsl həqiqəti “Azadlıq” radiosu vasitəsilə bütün dünyaya çatdıranlardan biri də Tofiq Rzayev olur.

Qırğından sonra baş verənlərə etiraz edərək Oğuz Rayon İdman Komitəsinin sədri vəzifəsindən istefa verir və qalan həyatını torpaqlarımızın erməni işğalçılarından qorunmasına həsr edir.

1991-ci ildə 60 nəfər oğuzlu gənclə birlikdə Şuşanın müdafiəsinə yollanır.

Orada könüllülər batalyonunun komandiri təyin olunur.

7–8 may tarixlərində Şuşada qanlı döyüşlərin ən fəal iştirakçılarından, düşmənə qarşı şücaətlə vuruşanlardan biri olur.

Döyüşçü yoldaşlarının dediyinə görə, ağır yaralı olan Tofiq Rzayev onların atəş altından çıxmasına kömək edərkən başından ağır yara alır, dostlarını təhlükədən xilas etsə də, onların təkidlərinə baxmayaraq özü döyüş meydanını tərk etmir.

Araşdırmalar və faktlar göstərir ki, o, Şuşanın son döyüşçülərindən biri olur, axır nəfəsinə kimi vuruşur.

Polad bu cür igidliyinə əfsanələr qoşulan bir vətən aşiqinin oğludur.

Ata əmanəti olan vətəni qorumaq Poladın ta uşaqlıqdan çəkdiyi həsrətinə bir məlhəm oldu.
Ailəsindən səssiz ayrılıb, o zamanlar ordunun gücünü bilərək, canı-qanı bahasına torpağını qoruyan, vətən eşqini həyat eşqindən üstün bilən Tofiq Oğuz bu dünyadan əmanət kimi üç övlad və həyat yoldaşını qoyub getdi.
Yalnız illər sonra onun yoxluğunu hər gün duyan, həsrəti ilə böyüyən oğlu Polad onu əvəz edə bildi, onun yarım qalan işini tamamladı.
Ruhu Şuşada gəzən
 döyüşçü deyilən atasının ruhunu şad edə bildi.
Bu, bir ailənin vətən adlı dastanıdır. Dövr dəyişsə də, zaman keçdikcə də zəfər tariximizin yaddaşına yazılacaq bir əfsanə olaraq qalacaq.

Tofiq Oğuz nəinki ailəsinin, qohum-əqrəbasının, dost-tanışının və doğmalarının ürəyində öz gözəl xasiyyəti, davranışı və sevgisi ilə yeri olan bir şəxsiyyət, bir vətən qəhrəmanıdır.
Əfsanəvi qəhrəmandır və unudulmazdır.

Əlbəttə, əlindən torpaqları gedən bir xalq üçün son damla qanına qədər döyüşən əsgərlərinin ruhu qarşısında yarım qalan missiya böyük faciə idi.

Yalnız 30 illik həsrətə son qoyan əvəzedilməz ordumuz, müharibə strategiyamız bizi aydınlığa — zəfər yoluna çıxara bildi.

 

 

Onunla görüşə gələn hər kəs həyəcanlı idi.

Tələbələr, müəllimlər zalda dərin hüzn və səssizlik içində idi, bir hörmət, bir ehtiram var idi.

Qazi səhnəyə qalxıb tələbələrin suallarına cavab verirdi.

Tələbələr çox utanırdılar, sualları çəkinərək verirdilər.

Yalnız qazimizin cavabları lakonik və çox mənalı idi.

Mən qələm əhli deyiləm, dostlar, siz mənə kömək edin, danışmağa deyin — qazimizin söylədiyi bir neçə cümlə onun son dərəcə ağıllı, tədbirli, gələcəyi görən, vətəninə, ölkəsinə nə qədər sadiq olduğunu göstərirdi.

Tələbələrdən biri “Qələm əhli deyilsiniz, amma yazdığınız tarixi biz heç zaman yaza bilmərik” deyiminə isə o, “Biz bu gün üçün tarix yazdıq, gələcək üçünsə bizi yazmaq, yaşatmaq üçün mütləq qələm əhlinə ehtiyac olacaq” — deyimi ilə cavab verir. Bu cavab məni bu günə qədər düşündürür.

Cavablarının birində deyir ki: “Belə bir deyim var — döyüşdə ölərəmsə şəhidəm, qalarsamsa qaziyəm, amma daima irəli getməliyəm və torpaqları son qarışına qədər düşmən caynağından xilas etməliyəm.”

Və bir övlad — daima özünün igid, pəhləvan, artıq bir mifə çevrilmiş qəhrəman atasını bir ömür gözləyən övlad.

Bəlkə də döyüşə can atmaq, qələbənin, zəfərin ətrini belə duymaq hissi ona atasından genetik keçmiş ən böyük ruh payıdır, mirasdır.

 

Polad Rzayev kimi qəhrəmanlar indiki gənclərimizə böyük örnəkdir.

Həm dövləti haqqında çox bilikli olmaq, həm də döyüş strategiyalarını bilmək, igidlik və əzm nümunəsi ola bilməkdir.

Onun cəsurluğu bununla da qalmır — o, idman sahəsində də Tofiq Oğuzun qoyduğu izlərlə gedir, onu layiqincə davam etdirir.

Ən çox gözlərimi yaşadan amillərdən biri də budur ki, o hara gedirsə, ən uca yüksəkliklərə belə Azərbaycan Bayrağını sancır.

Bu, onun bayrağa, vətənə olan sevgisinin timsalıdır.

İndi də belədir…

Paralimpiya hərəkatının dağ xizəyi idman növünə cəlb olunan Vətən müharibəsi iştirakçısı Polad Rzayev üzgüçülük və bir sıra digər idman növləri ilə də məşğuldur.

Hal-hazırda bu yolda çəkinən neçə-neçə gəncə örnək ola bilir.

Qazi Polad Rzayev inanılmaza imza atıb - 5642 metr hündürlükdə olan Elbrus zirvəsini fəth edib və oraya Azərbaycan Bayrağını sancıb.

Əzmkar, güclü iradəli bir qəhrəman — Polad Rzayev.

Qəhrəman Şuşa uğrunda şəhid olan Tofiq Oğuzun oğlu.

Vətənin zirehli zərrələri… vətən aşiqləri.

 

“Ədəbiyyat və incəsənət”

(06.11.2025)

 

 

 

 

Turanə Orucova,

İncəsənətin Tərəqqisinə Dəstək İctimai Birliyinin rəhbəri. “Ədəbiyyat və incəsənət” üçün

 

Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə yeni mərhələ başlayıb. İşğaldan azad olunmuş torpaqlarımızda milli dirçəliş, mədəni və ictimai həyatın bərpası vacib vəzifəyə çevrilib. Bu sahədə mədəniyyət və incəsənət önəmli rol oynayır. “İncəsənətin Tərəqqisinə Dəstək” İctimai Birliyi olaraq biz də bu prosesdə fəal iştirak etməyə çalışacağıq.

 

İncəsənət cəmiyyətin ruhunun güzgüsüdür, tariximizin, mədəniyyətimizin və dəyərlərimizin yaşadılması üçün vacib vasitədir. İşğaldan azad edilmiş ərazilərdə həyata keçiriləcək tədbirlər, konsertlər və müxtəlif incəsənət layihələri ilə biz burada yeni həyatın təməlini qoymaq niyyətindəyik. Bu bölgələrdə yaşayan sakinlərə, xüsusilə də gənc nəsilə, öz tarixi-mədəniyyətlərinə bağlılıq hissi aşılamaq çox önəmlidir.

Hal-hazırda Şuşa, Laçın, Ağdam və digər azad olunmuş ərazilərdə “İncəsənətin Tərəqqisinə Dəstək” İB olaraq hələ konkret tədbirlər keçirməmişik. Lakin gələcək planlarımızda bu istiqamətdə ciddi layihələr həyata keçirmək var. Biz musiqi festivalları, teatr tamaşaları, sərgilər və digər mədəni fəaliyyətlərlə bölgədə ruh yüksəkliyi yaratmaq istəyirik. Eyni zamanda, istedadlı sənətkarlarımızı və gənc musiqiçiləri bu layihələrə cəlb etməklə onların inkişafına dəstək olmaq niyyətindəyik.

Bu kimi tədbirlər işğaldan azad olunmuş torpaqlarımızda milli ruhun bərpası üçün vacibdir. Onlar həm tarixi yaddaşımızı canlandıracaq, həm də gələcək nəsillərin vətənpərvərlik ruhunda yetişməsinə zəmin yaradacaqdır. İncəsənətin dili millətlər arasında sülh və dostluq körpüləri qurmağa da xidmət edir. Buna görə də biz bu sahədə həm dövlət strukturları, həm də digər QHT-lərlə əməkdaşlıq etməyə hazırıq.

Müasir dünyada ictimai-siyasi proseslər və mədəni inkişaf sıx bağlıdır. Biz inanırıq ki, sağlam cəmiyyət yalnız inkişaf etmiş mədəniyyət və incəsənət sayəsində formalaşa bilər. Bu baxımdan, “İncəsənətin Tərəqqisinə Dəstək” olaraq öz missiyamızı Azərbaycan xalqının milli birliyi, mədəni zənginliyi və ictimai-siyasi maarifləndirmə ilə uzlaşdırırıq.

Gələcəkdə həyata keçirməyi planlaşdırdığımız layihələrdən biri də işğaldan azad edilmiş ərazilərdə yerləşən məktəblərdə və mədəniyyət müəssisələrində incəsənət dərnəklərinin yaradılmasıdır. Bu, gənclərimizi yaradıcı fəaliyyətə cəlb etməklə onların həm mənəvi, həm də intellektual inkişafına xidmət edəcəkdir. Həmçinin, regionun bərpasına sənət vasitəsilə töhfə vermək üçün xeyriyyə və sosial layihələr də düşünürük.

Mədəniyyət təşkilatı olaraq,  fəaliyyətimizi ölkəmizdə mədəniyyət və incəsənət sahəsində aparılan genişmiqyaslı dövlət siyasətinə və strateji vizyona uyğun qurmağa çalışırıq. Bu istiqamətdə xüsusilə Heydər Əliyev Fondunun, onun prezidenti Mehriban xanım Əliyevanın milli-mədəni irsin qorunması, beynəlxalq səviyyədə tanıdılması, musiqi, teatr, rəssamlıq və digər incəsənət sahələrinin inkişafı naminə atdığı uğurlu addımlar bizim üçün həm ilham mənbəyidir, həm də örnəkdir.

Fondun təşəbbüsü ilə keçirilən beynəlxalq musiqi festivalları, restavrasiya olunmuş mədəniyyət abidələri və ölkəmizin mədəni irsinin dünyaya tanıdılması istiqamətində atılan hər bir addım cəmiyyətin incəsənətə olan baxışını dəyişmiş, bu sahənin strateji önəmini bir daha ortaya qoymuşdur.

“İncəsənətin Tərəqqisinə Dəstək” İctimai Birliyi olaraq biz də çalışırıq ki, bu ali məqsədə öz töhfəmizi verək, istər işğaldan azad olunmuş ərazilərdə, istərsə də respublikanın digər bölgələrində, sənətin gücü ilə cəmiyyətə ruh, mədəni dəyərlərə bağlılıq və yaradıcılıq aşılayan layihələr həyata keçirək.

 

“Ədəbiyyat və incəsənət”

(06.11.2025)

 

 

 

 

Könül, “Ədəbiyyat və incəsənət”

 

Adı sərhədləri aşan çox az sayda yazıçımız vardır, onlardan biri də türk dünyasında kifayət qədər tanınan, tarixi romanlar müəllifi Yunus Oğuzdur. Yazıçı ilə bağlı xoş bir xəbəri sizlərlə bölüşmək istəyirəm.

 

Ötən gün Atatürk Mərkəzində Yunus Oğuza TÜRKSOY-un Onur nişanı təqdim olundu. Tədbirdə çıxış edən Atatürk Mərkəzinin direktoru, akademik  Nizami Cəfərov bildirdi ki, Yunus Oğuz təkcə yazıçı deyil, həm də şair, filosof, publisist və jurnalist kimi Azərbaycan ədəbi mühitində özünəməxsus yerə malik şəxsiyyətdir:
"Yunus Oğuz ümumtürk təfəkkürünə sahib nadir yazıçılardandır.
O, əsərlərində yalnız Azərbaycanı deyil, bütün türk dünyasını düşündürən mövzuları qələmə alır. Onun hər yeni kitabı məsuliyyət və vicdanla yazılmış bir əsərdir, hər cür mükafata və təqdirə layiqdir"

TÜRKSOY-un Baş katibi Sultan Raev Yunus Oğuzun yaradıcılığının türk mədəniyyətinə verdiyi töhfəni yüksək qiymətləndirərək söylədi:

“Bu gün Atatürk Mərkəzində toplaşmaqdan qürur duyuram. Atatürk türk dünyası üçün simvoldur. TÜRKSOY olaraq biz ilk türk xalqları birliyiyik, tam 32 ildir ki fəaliyyət göstəririk, türk xalqalrının dili, mədəniyyəti, irsi - bütün sahələrdə türk xalqlarının birliyinə çalışırıq. UNESCO ilə birgə iclaslarda da 300 milyonluq türk dünyasının dilinin beynəlxalq səviyyədə tanıdılması üçün fəaliyyət göstəririk."

Sultan Raev əlavə etdi ki, Yunus Oğuzun "Nadir Şah" və "Əmir Teymur" kimi tarixi əsərləri türk tarixinin yaşadılması, bu birliyin gücləndirilməsində mühüm rol oynayır:

"Yunus Oğuz bizim tariximizi, dəyərlərimizi yaşadan, keçmişi gələcəklə birləşdirən altun bir yazardır."

Tanınmış yazıçı, Azərbaycan Yazıçılar Birliyinin katibi, əməkdar incəsənət xadimi Elçin Hüseynbəyli xüsusilə TÜRKSOY-un Baş katibi Sultan Raevin iştirakını yüksək dəyərləndirdi.

Yazıçı çıxışında həmçinin qarşıdan gələn 8 Noyabr - Zəfər Günü münasibətilə təbriklərini çatdırdi və bu günün yalnız Azərbaycanın deyil, bütün türk dünyasının qələbə rəmzinə çevrildiyini vurğuladı:

"Qarşıdan Zəfər Günü gəlir. 8 Noyabr təkcə Azərbaycanın deyil, bütün türk dünyasının bayramıdır. Bu gün türk birliyinin, qardaşlığının, həmrəyliyinin təntənəsidir."

Yeri gəlmişkən, Yunus Oğuz həm də tarixi zəfərimizdən bəhs edən “Çığır” romanının da müəllifidir.

Elçin Hüseynbəyli çıxışını Yunus Oğuzun yaradıcılığının türk mədəniyyəti və ədəbiyyatı üçün əhəmiyyətini qeyd etməklə tamamladı, yazıçını təbrik edib, ona yeni yaradıcılıq uğurları arzuladı.

Publisist, filologiya üzrə elmlər doktoru Abid TahirliYunus Oğuzun müasir Azərbaycan ədəbiyyatında və mətbuatında fəal mövqeyindən danışaraq onun yaradıcılığını yüksək qiymətləndirdi:
"Yunus Oğuz haqqında çox danışmaq olar.
Çünki o, hər gün mətbuatda görünür, daim ictimai fikir məkanındadır. Onun romanlarının adlarını sadalamaq üçün bir neçə dəqiqə kifayət etməz. Bu, onun nə qədər məhsuldar və dinamik yaradıcılığa malik olduğunun göstəricisidir."
Filoloq qeyd e
tdi ki, Yunus Oğuzun "Cığır" romanı ədəbi mühitdə geniş maraq doğurub və əsərin mövzu seçimi, bədii dili, təsvir və ifadə vasitələri ilə oxucular arasında xüsusi populyarlıq qazanıb:
"Biz "Cığır" romanı ilə bağlı çoxlu müzakirələr aparmışıq. Yunus Oğuz tarixi faktları necə topladığını, onları necə bədii şəkildə təqdim etdiyini ustalıqla göstərir. Bu kitab həm ədəbi, həm də mənəvi baxımdan dəyərli əsərdir."

Abid Tahirli həmçinin qarşıdan gələn Zəfər Günü münasibətilə tədbir iştirakçılarını təbrik etdi və TÜRKSOY-un Baş katibi Sultan Raevə də təşəkkürünü bildirdi. O, təşkilatın türk xalqları arasında mədəni və ədəbi əlaqələrin inkişafına böyük töhfələr verdiyini vurğuladı:
"Bu 32 il ərzində TÜRKSOY-un çoxsaylı möhtəşəm tədbirləri keçirilib. Amma biz arzu edərdik ki, türk xalqlarının, o cümlədən Azərbaycan mühacirətinin ədəbi irsi, coğrafi və tarixi izləri bu istiqamətdə daha geniş şəkildə təqdim olunsun."

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə daxil olan İri Şəhərlərin Birləşmiş Su Təchizatı publik hüquqi şəxsin (keçmiş "Azərsu" ASC) mətbuat xidmətinin rəhbəri Ceyhun Musaoğlu (Musayev) da yazıçı Yunus Oğuzun fəaliyyətini yüksək qiymətləndirdi. Ceyhun Musaoğlu bildirdi ki, yaxşı jurnalist ilk növbədə "pozmağı" bacaran, nəyi yazmamağı dəqiq müəyyən edən peşəkardır. Onun sözlərinə görə, yazıçı isə yaratdığı cümlələrlə oxucunu öz tərəfinə çəkməyi bacarmalıdır. "Yazıçılıq həm pul qazanmaq, kapital toplamaq, həm də ədəbiyyata xidmət etməkdir. Elə yazıçılar var ki, sırf ədəbiyyata görə yazır. Yunus bəy də onlardan biridir. Yazdığı kitablarla milyonlarla gəlir əldə etmək olar, amma o, bunu ədəbiyyata, amala xidmət üçün edir", - deyə Musaoğlu qeyd etdi.
O, Yunus Oğuzun xarakterinin və yaradıcılığa yanaşmasının onu digərlərindən fərqləndirdiyini vurğula
:
"Yazıçılar həm də qeyri-adi insanlardır. İnsan xarakterinə uyğun yaşayır. Mən öz vətənimə minnətdaram ki, sizi yetişdirib."

Milli-azadlıq hərəkatının öncüllərindən olan, hazırda QHT sektorunda fəalliği ilə seçilən Yadigar Məmmədli jurnalistikadan ədəbiyyata yol tutmuş Yunus Oğuz yaradıcılığını tarixi səlnaməçilik baxımından Azərbaycan üçün olduqca önəmli olmasını vurğulayıb.

Sonda  Sultan  Raev  mükafatı  Yunus  Oğuza  təqdim  edib.

 

Qeyd edim ki, Yunus Oğuzun TÜRKSOY-un "Onur nişanı" ilə təltif olunması Azərbaycan ədəbiyyatının, eləcə də ümumtürk mədəniyyətinin növbəti böyük uğuru kimi qiymətləndirmək olar.

 

“Ədəbiyyat və incəsənət”

(06.11.2025)

 

 

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Bir dəfə bir qubalı rəfiqəmdən sruşdum ki, ən çox sevdiyin qadın aktrisası kimdir. Dedi, Amalya Pənahova və Zərnigar Atakişiyeva. Ardınca soruşdum, bəs qubalı aktrisalardan kimi tanıyırsan, dedi, heç kimi. Onda dedim, ay mənim əzizizm, Zərnigar Ağakişiyeva elə qubalıdır da. Bəli, çox təəssüf ki, biz ustad, tanınmış sənətkarlarımızın şəxsi həyatları barədə əsasən məlumatsızıq.

 

Zərnigar Ağakişiyeva 1945-ci ildə Quba rayonunun Rustov kəndində doğulub. O, 1972-ci ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun "Dram və kino aktyoru" fakültəsini bitirib.

Təhsilini tamamlayandan sonra bir müddət Tədris teatrında aktrisa kimi çalışan Z.Ağakişiyeva, rejissor Əşrəf Quliyevin dəvəti ilə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında ilk tamaşası 19 may 1973-cü ildə göstərilən A.Ostrovskinin "Müdriklər" dramında Mamayeva rolunu oynayıb. 1974-cü ildən isə Akademik Milli Dram Teatrının aktyor heyətinə aktrisa kimi qəbul olunub.

Aktrisa yaradıcılığının xarakterik xüsusiyyətlərinə görə, realist aktyor məktəbinin poetika göstəricilərinə daha uyğundur. Yaratdığı obrazlar tamaşaçılar tərəfindən həmişə maraqla qarşılanıb:

 

1. Tatyana (M.Qorki "Meşşanlar")

2. Xuraman (S.Vurğun "Vaqif")

3. Dilbər ( C.Cabbarlı "Sevil")

4. Şəfəq (S.Dağlı "Kölgələr pıçıldaşır")

5. Zeynəb (B.Vahabzadə "Kimdir haqlı?")

6. Zivər (Anar "Təhminə və Zaur")

7. Kəmalə (İ.Əfəndiyev "Qəribə oğlan")

 

Aktrisaya 1989-1992-ci illərdə səhnədə cəmi 2 rol verilməsi onun teatrdan uzaqlaşmasına səbəb olub. 7 ildən sonra o dönəmdə mədəniyyət nazirinin müavini olan, sənətə və sənətçilərə, xüsusən teatr cameəsinə hədsiz diqqət və qayğı göstərən Ədalət Vəliyevin dəvəti ilə yenidən teatra qayıdıb. Və bundan sonra Zərnigar xanıma sanki ikinci nəfəs gəlib, o. teatrımızın qızıl fonduna yeni-yeni rollar bəxş edibdir.

Zərnigar Ağakişiyeva Azərbaycan Dövlət Televiziyasının hazırladığı teletamaşalarda və "Azərbaycanfilm" in istehsal etdiyi bir çox filmlərdə də çəkilib. Filmlərdə əsas, ikinci dərəcəli, epizodik rollar ifa edib.

 

Filmoqrafiya

- 777 №-li iş

- Ağ atlı oğlan

- Atayevlər ailəsi

- Bağ mövsümü

- Balaca çoban

 

Zərnigar Ağakişiyeva 8 fevral 2018-ci ildə ürək çatışmazlığından Bakıda vəfat edib. 9 fevral 2018-ci ildə Quba şəhər qəbiristanlığında, valideynlərinin yanında torpağa tapşırılıb

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(06.11.2025)

Cümə axşamı, 06 Noyabr 2025 14:28

Uşaq ədəbiyyatının parlaq nümayəndəsi

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

 "Kəsməsəm də, görməsəm də" – inqilabi yüksəlişin, kommunizm qurucularının vəsfi, sovet quruluşu düşmənlərinin kəskin tənqidi! Bu, gənc Tofiq Mahmudun yazdığı ilk şeiridir ki, həmin şeir İosif Stalinin hələ sağ olduğu dönəmdə - 1953-cü ildə "İnqilab və mədəniyyət" jurnalında dərc olunmuşdu...

Biz bu gün Tofiq Mahnud haqqında danışacağıq. Anadan olmasının bu il 94 illiyidir.

 

Tofiq Mahmud 1931-ci il noyabrın 6-da Naxçıvan MSSR Şahbuz rayonunda anadan olub. O Bakıda 31 saylı məktəbi bitirib. Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində 1949–1954-cü illərdə bakalavr təhsili alıb.

Əmək fəaliyyətinə Azərbaycan Mədəniyyət Nazirliyinin Mədəni-Maarif Müəssisələri İdarəsində metodiki kabinetin metodisti kimi başlayıb. Sonra "Azərbaycan müəllimi" qəzeti redaksiyasında xüsusi müxbir, "Göyərçin" jurnalı redaksiyasında ədəbi işçi olub.

1976-cı ildən "Göyərçin" jurnalının redaktoru vəzifəsində işləyib. Bədii tərcümə ilə də məşğul olub. Onun tərcüməsində Xuta Berulavanın "Quş südü", İsabəy İshaqovun "Hər şeyi öyrənmək istəyən" kitabları işıq üzü görüb. Əsərləri xarici ölkə xalqlarının dilinə tərcümə olunub.

Azərbaycan Respublikası Uşaq Fondunun Bakı şöbəsinin sədri, həm də rəyasət heyətinin üzvü olub. Azərbaycan Yazıçılar Birliyi uşaq və gənclər ədəbiyyatı şurasının sədri, keçmiş SSRİ Yazıçılar İttifaqı uşaq və gənclər ədəbiyyatı şurasının üzvü seçilib. Azərbaycan Ali Soveti Rəyasət Heyətinin Fəxri fərmanı ilə təltif edilib.

 

Əsərləri

1. Yola çıxıram

2. Mənim kürəkənim

3. Dibçək

4. Buzovna qayaları

5. Utancaq oğlan

6. Açıqdır pəncərəm

7. Alpinistlər

 

Tofiq Mahmud 1997-ci il aprelin 4-də Bakıda vəfat edib. Şairin adına "Tofiq Mahmud mükafatı" (hər il ən yaxşı uşaq şeirlərinin müəlliflərinə təqdim olunub) təsis edilib.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(06.11.2025)

Nigar Xanəliyeva, “Ədəbiyyat və incəsənət”

 

XIX əsrin ilk yarısından etibarən Qərbi Azərbaycan bölgəsində (məhz indiki Ermənistanın ərazisi daxilində) azərbaycanlıların demoqrafik mövqeyində və əhali strukturunda mühüm dəyişikliklər baş vermişdir. Bu dəyişikliklərin fonunda müxtəlif sosial‑siyasi və tarixi amillər dayanır.

 

Birinci əsas amil Gülüstan müqaviləsi (1813) və Türkmənçay müqaviləsi (1828) nəticəsində rus imperiyası Şimali Azərbaycanı işğal ürmiş, Qafqazda nüfuzunu artırmış, İran və Osmanlı imperiyasından Azərbaycan torpaqlarına erməni icmalarının köçürülməsi siyasəti həyata keçirilmişdir. İkinci əsas amil rus imperiyasının “köçürmə”, “yenidən yerləşdirmə” siyasətidir: ermənilərin Cənubi Qafqaza köçürülməsi genişləndirilmiş, bunun nəticəsində Azərbaycan türklərinin etnik‑demoqrafik mövqeyi zəifləməyə başlamışdır.

Bu kontekstdə “deportasiya” termini ilə XIX əsrdə yüksək səviyyədə dövlət tərəfindən təşkil edilmiş məcburi kütləvi köçlər tam sənədləşməmiş olsa da, azərbaycanlıların öz doğma yaşayış yerlərindən təzyiq altında köçməyə məcbur edilmələri, sosial‑iqtisadi olaraq sıxışdırılmaları ilə bağlı hallara işarə edilə bilər. Məsələn, mənbələr qeyd edir ki, XIX əsrin əvvəllərindən başlayaraq türk‑azərbaycanlı əhali “məqsədyönlü şəkildə didərgin salınmış, doğma torpaqlarından çıxarılmışdır”.

Səbəblər baxımından bunlar əsas başlıqlardır:

·         Rus imperiyasının bölgədə siyasi‑military strateji maraqları: Qafqazı idarəetmə sistemi daxil etmək, “mürəkkəb” etnik strukturdan sadə və etibarlı etnik quruluşa keçid etmək.

·         Ermənilərin “yenidən yerləşdirilməsi” siyasəti: İran və Osmanlı imperiyalarından ermənilərin Cənubi Qafqasa köçürülməsi nəticəsində azərbaycanlıların yaşadığı torpaqlarda demoqrafik balans dəyişmişdir.

·         Azərbaycan türklərinin məskunlaşdığı torpaqların strateji baxımdan “təmizlənməsi” və ya “yenidən qurulması” üçün münasib görməsi, yəni etnik‑demoqrafik tərkibdə türk mənşəli əhalinin azaldılması istiqamətində qeyri‑rəsmi siyasətlər.

Nəticələr baxımından isə aşağıdakı təsirlər müşahidə edilmişdir:

·         Etnik‑demoqrafik tərkibdə azərbaycanlıların nisbi payının azalması: Məsələn, mənbələrdə göstərilir ki, XIX əsrin sonlarına doğru regionlarda azərbaycanlıların artımı gözlənildiyindən çox az olmuşdur.

·           Torpaqların, yaşayış məntəqələrinin boşalması, və ya azərbaycanlı əhalinin migrasiyası: Özü‑özlüyündə deportasiya kimi görülməsə belə, sosial‑iqtisadi sıxışdırma və siyasi təzyiqlər nəticəsində əhali köç etməyə məcbur qalmışdır.

·          Milli kimlik və mədəni irsin məhv riski: Azərbaycan türklərinin yaşadıqları coğrafiya ilə bağlı bağları zəifləməyə başlamış, mədəni‑memarlıq irsi, qəbiristanlıqlar, dini məkanlar risk altında qalmışdır.

Bununla belə, qeyd etmək lazımdır ki, XIX əsrdə konkret “sinxron kütləvi deportasiya” üzrə geniş arxiv sənədləri və say mexanizmləri müstəqil beynəlxalq tədqiqatlarda geniş təqdim edilməmişdir, əksər mənbələr XX əsrə aid hallarla bağlıdır. Bu, tədqiqat üçün vacib boşluqdur.

Yekun olaraq, XIX əsrdə Qərbi Azərbaycan bölgəsində yaşayan azərbaycanlı əhalinin yerləşdiyi torpaqlardan çıxarılması və ya çıxmağına məcbur edilməsi prosesi müasir səviyyədə “deportasiya” termini ilə təsnif oluna bilər: bu proses dövlət siyasətləri, etnik‑demoqrafik manipulyasiyalar və sosial‑iqtisadi təzyiqlərin birgə təsiri nəticəsində baş vermişdir. Lakin onu da vurğulamaq vacibdir ki, bu dövrə dair konkret say‑sənəd göstəriciləri və beynəlxalq tədqiqatlar məhduddur. Buna görə də mövzunun daha dərindən araşdırılması üçün arxiv işləri, imperial rus sənədləri və region tədqiqatlarının genişləndirilməsi zəruridir.

Şəkildə: qərbi azərbaycanlıların öz dəd-baba torpaqlarından deportasiyası

 

“Ədəbiyyat və incəsənət”

(06.11.2025)

 

 

 

Cümə axşamı, 06 Noyabr 2025 16:28

Türk dünyası məşhurları – MƏLİKŞAH SƏLCUQİ

Nigar Xanəliyeva, “Ədəbiyyat və incəsənət”

 

Türk Mədəniyyəti və İrsi Fondu ilə Azərbaycan Ədəbiyyat Fondunun “Ədəbiyyat və incəsənət” portalında yayımlanan Türk dünyası məşhurları layihəsində bügünkü təqdimat Məlikşah Səlcuqi barədədir.

 

Məlikşah Səlcuqi (tam adı: Cəlaləddin Əbu’l-Fəth Məlikşah ibn Alp Arslan, 1055–1092) — Böyük Səlcuqilər imperiyasının ən qüdrətli hökmdarlarından biri, XI əsr türk-islam dünyasının siyasi, mədəni və elmi yüksəlişinə rəhbərlik etmiş şəxsiyyətlərdən biridir. Onun dövrü (1072–1092) yalnız Səlcuqi imperiyasının deyil, ümumiyyətlə, Orta əsr islam tarixinin “qızıl dövrü” kimi xarakterizə edilir. Məlikşah təkcə sərkərdə və dövlət başçısı kimi deyil, həm də elm, mədəniyyət və idarəetmə sahəsində islahatları ilə fərqlənmişdir.

Məlikşah Alp Arslanın oğludur və Səlcuqi sülaləsinin üçüncü hökmdarı idi. Atasının 1072-ci ildə vəfatından sonra cəmi 17 yaşında taxta çıxmışdır. Onun hakimiyyətə gəlməsi ilə Səlcuqilər imperiyası sürətlə gücləndi və sərhədləri Mərkəzi Asiyadan Aralıq dənizinə, Xəzərdən Yəmənə qədər uzandı. O, imperiyanı mərkəzləşmiş şəkildə idarə etmək üçün vəziri Nizamülmülk (Əbu Əli Həsən ibn Əli Tusi) ilə birlikdə dövlət idarəetmə sistemini mükəmməlləşdirdi.

Məlikşah dövründə iqta sistemi sabitləşdirildi, vergi və torpaq idarəçiliyi qaydaya salındı. Nizamülmülkün rəhbərliyi ilə Siyasətnamə adlı məşhur əsər yazıldı ki, bu kitab sonrakı əsrlərdə türk və islam dövlətlərinin idarəçilik mədəniyyətinə dərin təsir göstərdi. Dövlət aparatında həm türk əyanları, həm də fars və ərəb mənşəli məmurlar arasında tarazlıq qorunurdu.

Məlikşah həm də böyük bir elm və mədəniyyət himayədarı idi. Onun hakimiyyəti dövründə Səlcuqi sarayı elm adamları, astronomlar, şairlər və filosoflar üçün bir mərkəzə çevrilmişdi. Onun sifarişi ilə məşhur Nizamiyyə mədrəsələrinin fəaliyyəti genişləndirildi. Bu mədrəsələrdə Nizamülmülk, Əl-Qəzali kimi tanınmış alimlər fəaliyyət göstərmiş, islam dünyasının müxtəlif bölgələrindən tələbələr təhsil almışlar.

Məlikşah elmin müxtəlif sahələrinə xüsusi diqqət ayırmışdır. Onun göstərişi ilə astronom Ömər Xəyyam başda olmaqla, bir qrup alimdən ibarət heyət tərəfindən Cəlali təqvimi hazırlanmışdır. Bu təqvim o dövrdə mövcud olan digər sistemlərdən daha dəqiq hesab edilirdi və bu, Səlcuqilərin elmi səviyyəsinin göstəricisi idi.

Hərbi sahədə də Məlikşah böyük uğurlara imza atmışdır. O, Qafqazda, Anadolu torpaqlarında, Suriyada və Mavəraünnəhrdə bir sıra yürüşlər təşkil etmiş, imperiyanın sərhədlərini genişləndirmişdi. Xüsusilə Qərbi Anadoluda Bizansla olan münasibətlərdə türk hakimiyyətinin möhkəmlənməsinə nail olmuşdur. Məlikşah dövründə Anadolu Səlcuqiləri dövlətinin əsası qoyuldu ki, bu da sonradan Osmanlı imperiyasına qədər uzanan türk dövlətçilik ənənəsinin başlanğıcı sayılır.

Məlikşahın daxili siyasəti də sabitlik üzərində qurulmuşdu. Onun dövründə iqtisadiyyat çiçəklənmiş, karvan yolları və ticarət şəhərləri inkişaf etmiş, poçt və rabitə sistemi gücləndirilmişdi. Təhlükəsiz ticarət yolları sayəsində Orta Asiya, İran, Azərbaycan və Yaxın Şərq arasında ticarət əlaqələri daha intensiv hala gəlmişdi.

Məlikşahın dini siyasəti tolerantlıq üzərində qurulmuşdu. O, sünni-islam birliyinin qorunmasını əsas məqsəd kimi müəyyən etsə də, müxtəlif dini məzhəblərə və xalqlara qarşı ədalətli davranırdı. Bu siyasət sayəsində Səlcuqi imperiyasında çoxmillətli və çoxdinli harmoniya yaranmışdı.

Məlikşahın vəfatı (1092) Səlcuqi imperiyasının birliyinə ciddi zərbə vurdu. Onun ölümündən sonra imperiya daxili çəkişmələrə məruz qaldı və tədricən parçalanmağa başladı. Lakin o, ardında həm güclü dövlətçilik irsi, həm də mədəni yüksəliş dövrü qoydu.

Məlikşah Səlcuqi türk tarixində həm siyasi, həm də mədəni baxımdan yenilikçi bir hökmdar kimi yadda qalmışdır. Onun dövründə türk-islam sivilizasiyası Qərbə doğru genişlənmiş, elmi və fəlsəfi düşüncə yeni səviyyəyə yüksəlmişdir.

 

“Ədəbiyyat və incəsənət”

(06.11.2025)

 

İlhamə Məhəmmədqızı, “Ədəbiyyat və incəsənət” portalının Sumqayıt təmsilçisi

 

Azərbaycan Yazıçılar Birliyinin Sumqayıt bölməsi, N.Nərimanov adına Mədəniyyət Mərkəzi və C.Cabbarlı adına mədəniyyət evinin birgə təşkilatçılığı ilə zəfər tariximizin 5 illiyinə həsr olunmuş “Sözümüzün zəfəri – Zəfərimizin sözü” adlı ədəbi-bədii gecə keçirilib. Tədbir Poeziya Evində gerçəkləşib.

 

Gecənin əvvəlində Azərbaycan torpaqlarının bütövlüyü uğrunda canlarını fəda etmiş Vətən oğullarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbirin moderatoru Adil Səfərov çıxış edərək iştirakçıları salamlayıb, ədəbi-bədii gecənin məqsəd və məramı haqqında geniş məlumat verib, Zəfərin 5 illik yoluna, bu illər ərzində qazanılan uğurlara nəzər salıb.

Daha sonra AYB Sumqayıt bölməsinin sədri Gülnarə Cəmaləddin çıxış edərək qeyd edib ki, necə ki, döyüş meydanında taktika və cəsarət vacibdirsə, diplomatik masalarda da söz eyni dərəcədə qüvvə və təsir gücünə malikdir. O, sözü “qələm əhli”nə  - ədəbiyyat nümayəndələrinə verib.

Gecədə tanınmış yazarlar və şairlərdən Rafiq Yusifoğlu, Ümid Abbas Nihani, Hikmət Fərzəli, Elvin İntiqamoğlu, Elşad Xaqan Davudoğlu və Zakir Zahir vətənpərvərlik ruhunda şeirlərini səsləndiriblər.

Tədbir boyu musiqi və rəqs nömrələri də gecəyə xüsusi rəng qatıb. Hüseyn Səlimovun rəhbərlik etdiyi “Nice” rəqs qrupunun çıxışı, eləcə də Pənah Məmmədli və Hüseyn Məmmədovun ifasında səslənən mahnılar məclisə əsl Zəfər ovqatı bəxş edib.

Gecə, həm sözün, həm də zəfərin bir daha birlikdə ucaldıldığı, milli qürur və birliyin tərənnüm olunduğu unudulmaz bir ədəbi-bədii bayrama çevrilib.

 

“Ədəbiyyat və incəsənət”

(06.11.2025)

 

 

Cümə axşamı, 06 Noyabr 2025 10:02

Nəğməkar şair – İslam Səfərli

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Sovet dönəminin bir nəğməkar şairi vardı – İslam Səfərli. Müharibə görmüşdü, dinc quruculuq görmüşdü, amma bəxti gətirmişdi ki, repressiya illərində hələ yeniyetmə idi, qırmızı terroru öz üzərində yaşamamışdı. Düzdür, sosializm realizmi onun da yaradıcılığına xas idi, dövrün qaydaları bu cür idi, bununla belə, poeziyasında xəlqilik çox güclü duyulurdu. Bu da onu sevdirirdi.

 

İslam Səfərli 12 fevral 1923-cü ildə Naxçıvan MSSR-in Babək rayonunun Şəkərabad kəndində dünyaya göz açıb. Naxçıvandakı 1 saylı məktəbi (hazırda məktəb şairin adını daşıyır) bitirdikdən sonra könüllü olaraq Böyük Vətən müharibəsində iştirak edib.

Müharibə illərində qələmə aldığı "Ordumuza ithaf", "Ədəbi gənclik", "Onüçlər", "Əmin ol ata!", "Qoşa söyüd", iki dəfə Sovet İttifaqı Qəhrəmanı, general-mayor Həzi Aslanovun əziz xatirəsinə həsr ediyi "Təzə çiçəklər", "Üçüncü hərb istəmirik" və s. şeirləri onun hafizəsində buraxdığı dərin izlərin təsirindən yaranıb

Müharibə mövzusu gənc şairin poemalarında da öz əksini tapıb. "Sınaq gecəsi", "Çex qızının məhəbbəti, "Yaralı nəğmə", "Qığılcım", "Fırtınalar adası", "Dəfinə", "Ələsgər", "Birinci katib", "İnsan ləpiri", "İki bacı", "Qeyrət qapısı", "Abşeron yatağı" və s. biri-birindən maraqlı poemaları diqqəti çəkib, yaddaqalan olub.

İslam Səfərli dramaturq kimi də böyük uğurlar qazanıb. "Göz həkimi", "Ana ürəyi", "Yol ayrıcı", "Xeyir və Şər", "Dədəgünəş əfsanəsi" və s. müxtəlif vaxtlarda, ayrı-ayrı bölgələrdə tamaşaya qoyulub, tamaşaçı rəğbəti qazanıb.

İslam Səfərli oçerk, novella, libretto və kinossenari, məqalələr müəllifi kimi də tanınıb. Onun "İki qardaş" (1950), "Badamlı kəndinin qızı" (1955) oçerkləri, "Təzə qəsəbədə gülüş", "Məzhəkli itki" (1973) novellaları, "İki könül bir olanda" (1947) balet-librettosu, "Şərqin qalibləri" (1960), "Bir stəkan çay" (1971) kinossenariləri və xeyli sayda məqalələri dövrünün nəbzini tutmaq baxımından çox əhəmiyyətlidir.

İslam Səfərli tərcüməçilik fəaliyyəti ilə də məşğul olub. O, A. S. Puşkin, M. M. Svetlov, S. Marşak, M. Kərim, M. Tursunzadə, K. Koladze, Y. Dolmatovski və b. kimi tanınan sənətkarların əsərlərindən müvəffəqiyyətlə tərcümələr edib.

 

Filmoqrafiya

- Ulduzlar sönmür

- Göz həkimi

 

Kitabları

- "Ordumuza ithaf" (şeirlər)

- "Naxçıvan gənclərinə məktub"

- "Məktub"

- "Biz kəşfiyyata necə gedək" (oçerklər)

- "Biri ailənin üzvləri" (oçerklər)

 

Təltif və mükafatları

1. "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı

2. 3-cü dərəcəli "Şöhrət" ordeni

3. "İgidliyə görə" medalı

4. "Qafqazın müdafiəsinə görə" medalı

 

İslam Səfərlinin 18 kitabı işıq üzü görüb. Şair 6 noyabr 1974-cü ildə uzun sürən xəstəlikdən sonra əbədiyyətə qovuşub və Fəxri Xiyabanda dəfn olunub.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(06.11.2025)

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Ən yaxşı xanəndələr bir Qarabağdan, bir də Şirvandan çıxır. Haqqında danışacağım xanəndə də Qarabağda dünyaya göz açıbdır. Amma əsli gedib Qərbi Azərbaycanda – Dərələyəz mahalına çıxır.

 

Şahmalı Kürdoğlu 1930-cu il aprelin 12 də Ağdamın Qiyaslı kəndində dünyaya göz açıb. Atası, Dərələyəz mahalının tanımışlarından olub, amma qaçaqçılığı ilə tanınıbdır. Mirsəqulu Fətəliyev elə bu qaçaqçılığı ilə də özünə ermənilər arasında çoxlu düşmən qazanıbdır. Daha sonra Qarabağa üz tutub. Ağdamın Qiyaslı kəndinə sığınıb. Ermənilərin onu tanımaması üçün özünə "kürd" ləqəbi götürüb. Oğlu Şahmalı dünyaya gələndə, uşağın təqiblərə məruz qalmamasından ötrü anası onun soyadını "Hacıyev" yazdırıb.

Buna baxmayaraq o da atasının ləqəbinə uyğun olaraq Şahmalı Kürdoğlu kimi tanınıb. Şahmalıda elmə, təhsilə, eləcə də musiqiyə hədsiz maraq olduğundan, o, oxumaqdan əsla yorulmayıbdır, ardıcıl 4 təhsil ocağında – özü də ən müxtəlif bölgələrdə oxumağa müəssər olubdur. Ağdam pedaqoji institutunu (indiki Şuşa Pedaqoji Texnikumu), Aşqabad Universitetinin hüquq fakültəsini, Asəf Zeynallı adına musiqi texnikumunu, Bakı Dövlət Universitetinin filologiya fakültəsini bitirib. Asəf Zeynallı adına Musiqi Kollecində Seyid Şuşinskidən muğam təhsili alıb.

İslam Abdullayev, Xan Şuşinski, Seyid Şuşinski kimi xanəndələrin davamçısı hesab olunurdu. Atasına görə Sovet hökuməti onu ixtisası üzrə işləməyə qoymayıb. Bir müddət rayon məktəblərindən birində müəllim kimi fəaliyyət göstərib. Fikrət Əmirov Ağdama "Leyli və Məcnun"da oynaya bilən xanəndə tapmaq üçün gəldikdə Şahmalı Kürdoğlunu Bakıya dəvət edib. 

Bundan sonra filarmoniyada konsertlər verib.

Sonra həyatının qara dövrü gəlib. Səbəbini bilmirəm, amma 1978-ci ildə həbs olunub. Yeddi il Şuşa türməsində məhbus həyatı yaşayıb.

"Şur" ansamblının yaradıcılarından biri olub.

Qəribə, kəşməkəşli taleyi ilə qəribə bir sonluqla da bitibdir. 6 noyabr 1992-ci ildə onda ki, erməni işğalşıları Dağlıq Qarabağdakı və ətraf bölgələrdəki ərazilərimizi daim atəşə tuturdular, Ağdam da fasiləsiz atəşə tutulurdu. Şahmalı həyətlərində 8 yaşlı oğlu Şahiməli ilə birlikdə nar yeyərkən həyətə düşən "qrad" qəlpəsinin partlaması nəticəsində həlak olub.

Allah rəhmət eləsin.

 

“Ədəbiyyat və incəsənət”

(06.11.2025)

83 -dən səhifə 2608

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.