Nemət Tahir,
“Ədəbiyyat və incəsənət” portalının Qarabağ təmsilçisi
17 mart 2026-cı il tarixdə Ağdam Dövlət Sosial-İqtisadi Kolleci Publik Hüquqi Şəxsdə xalqımızın milli-mənəvi dəyərlərini özündə yaşadan, baharın müjdəçisi olan Novruz bayramına həsr olunmuş möhtəşəm bayram tədbiri keçirilib.
Tədbiri giriş sözü ilə açan kollecin direktoru Neymət Rüstəmli kollektivin və tələbələrin bayramını təbrik edərək, bu əlamətdar günün xalqımız üçün daşıdığı tarixi və mənəvi əhəmiyyətdən danışıb. Çıxışında xüsusi vurğulanıb ki, bu gün qeyd etdiyimiz bayramlar ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçən cənnətməkan şəhidlərimizin fədakarlığı sayəsində daha da təntənəli qeyd olunur.
Direktor şəhid ailələrini bayram münasibətilə təbrik edərək qeyd edib:
“Artıq neçə ildir ki, Novruz tonqalları yağı tapdağından azad olunmuş Qarabağımızda, doğma torpaqlarımızda alovlanır. Bu möhtəşəm mənzərə hər bir azərbaycanlının qəlbində sonsuz qürur və iftixar hissi yaradır. Biz bu zəfər ruhunu gənc nəslə aşılamağı özümüzə mənəvi borc bilirik."
Bahar Əhval-ruhiyyəsi
Tədbirin bədii hissəsi tələbələrin hazırladığı rəngarəng proqramla davam edib. Təbiətin oyanışını, yazın gəlişini və Novruzun qədim adət-ənənələrini tərənnüm edən müxtəlif səhnəciklər maraqla qarşılanıb.
Gənc istedadların ifasında səslənən bayram əhval-ruhiyyəli musiqilər, milli rəqslər və Novruzun rəmzi personajlarının çıxışları tədbir iştirakçılarına unudulmaz anlar yaşadıb. Tədbir kollektivdə yüksək bayram coşqusu və birlik nümayişi ilə yekunlaşıb.
“Ədəbiyyat və incəsənət”
(18.03.2026)


