Super User
Bir vaxtların ən mükəmməl Məcnunu
İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
7 noyabr günü Azərbaycan musiqisinin çox görkəmli nümayəndələrinin – Tofiq Qiliyevin, Oqtay Ağayevin, eləcə də Baba Mahnudoğlunun doğum günləridir. Əlbət ki, bülə azman musiqiçiləri dünyaya gətirən 7 noyabr gününün hünəri böyükdür.
Sovetlər dönəmində Baba Mahmudoğlu Nəzakət Məmmədova ilə “Leyuli və Məcnun” operasını o qədər mükəmməl ifa edirdilər ki, əsas rəqiblərini – Arif Babayevlə Zeynəb Xanlarovanı belə üstələyirdilər. Mən deyərdim. Babab Mahmudoğlu Hüseynqulu Sarabskidən sonra səhnəmizdə ən mükəmməl Məcnunun yaradıcısıdır.
Baba Mahmudoğlu 1940-cı ildə Qazax rayonunun Muğanlı kəndində doğulub.1956-cı ildə orta məktəbi gümüş medalla bitirərək Neft Akademiyasına daxil olub. Tələbəlik vaxtı yoldaşları onu Seyid Şuşinskinin yanına aparıb və Baba Mahmudoğlu Seyid Şuşinskinin dərslərində iştirak edib.
Həmin vaxt o, Süleyman Abdullayev, Əlibaba Məmmədov, Nəriman Əliyev, Nəzakət Məmmədova, Zeynəb Xanlarova ilə birgə Asəf Zeynallı adına Musiqi Məktəbində muğamları öyrənib. Sonra Səid Rüstəmovun rəhbərliyi ilə fəaliyyət göstərən orkestrlə televiziyaya çıxıb. Daha sonra Əhməd Bakıxanovun, Baba Salahovun ansamblı ilə ekranda görünməyə başlayıb.
Əhsən Dadaşovun ansamblında isə bir qədər sonra oxumaq hüququ alıb. 1962-ci ildə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında stajor kimi fəaliyyətə başlayan B.Mahmudoğlu sonralar bu teatrın muğam bölməsinin solisti olub. "Leyli və Məcnun"da Məcnundan başqa "Aşıq Qərib"də Aşıq Qərib, "Əsli və Kərəm"də Kərəm, "Koroğlu"da təlxək, "Şah İsmayıl"da Şah İsmayıl, "Xanəndənin taleyi"də Mir Seyid obrazlarını yaradıb.
1992-ci ildə xalq artisti fəxri adını alıb. Prezident təqaüdçüsü olan sənətkar 2005-ci ilin payızında uzun illər çalışdığı teatrdan təqaüdə çıxıb.
Filmoqrafiya
- Evlənmək istəyirəm
- Aşıq Kerib
- Tanrı payım, telli sazım
2006-cı il dekabrın 6-sında Azərbaycanın xalq artisti Baba Mahmudoğlu 66 yaşında vəfat edib.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(07.11.2025)
44 günə bitən 28 illik həsrət
Murad Vəlixanov, “Ədəbiyyat və İncəsənət”
8 Noyabr xalqımızın çoxəsrlik tarixinə qızıl hərflərlə yazılan şanlı gündür. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qüdrətli sərkərdəliyi ilə 30 illik işğala 44 gündə son qoyuldu, ərazi bütövlüyümüz bərpa olundu. Azərbaycan qalib ölkəyə, Azərbaycan xalqı qalib xalqa çevrildi. Bu möhtəşəm Qələbə, eyni zamanda, Azərbaycanın hərbi və iqtisadi gücünü dünyaya nümayiş etdirdi. Vətən müharibəsi başa çatdıqdan dərhal sonra Qarabağda genişmiqyaslı bərpa-quruculuq işlərinə start verildi, bu yerlərə yenidən həyat qayıtmağa başladı.
2020-ci il noyabrın 8-də xalqımızın tarixinə ən parlaq və möhtəşəm qələbələrdən biri yazıldı. Azərbaycan hərbçiləri dağlar qoynunda yerləşən Şuşa şəhərini erməni işğalçılarından azad etdi. Qəhrəman əsgər və zabitlərimiz mürəkkəb dağ relyefi, sıldırım qayaları, sıx meşələri, dərin dərələri, çətin və keçilməz dolayları adlayaraq düşmən hərbçilərini Qarabağın baş tacı hesab olunan Şuşadan qovub çıxardı. Prezident İlham Əliyevin Sərəncamı ilə həmin tarixi hadisənin baş verdiyi gün - noyabrın 8-i Zəfər Günü elan edildi. 2021-ci il yanvarın 14-də isə dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev Şuşa şəhərində Azərbaycanın üçrəngli Dövlət Bayrağını ucaltdı. Bu günkü mövzumuz Qarabağ Zəfərinə aparan yolun və Vətən müharibəsinin, rəşadətli Ordumuzun keçdiyi döyüş yolunun bəzi məqamlarına nəzər salmaqdır.
2020-ci il sentyabrın 27-də Ermənistanın törətdiyi növbəti hərbi təxribatlara cavab olaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatına başladı. Düşmənin on illiklər boyu qurub möhkəmləndirdiyi müdafiə xətti müharibənin ilk günündə yarıldı. Füzuli və Cəbrayıl rayonlarının altı kəndi, Ağdərə və Murovdağ istiqamətlərində yüksəkliklər işğaldan azad olundu.
Vətən müharibəsinin ilk günündən başlayaraq daim irəli gedən Ordumuz düşmənə sarsıdıcı zərbələr endirir, yaşayış məntəqələrimizi bir-birinin ardınca azad edirdi. Oktyabrın 3-də strateji əhəmiyyətə malik Suqovuşan və Talış kəndləri, bir gün sonra Cəbrayıl şəhəri və rayonun 9 kəndi düşmən tapdağından xilas olundu.
Oktyabrın 9-dan 26-dək Xocavənd rayonunun Hadrut qəsəbəsi, Füzuli şəhəri, Xudafərin körpüsü, Zəngilan və Qubadlı şəhərləri düşməndən azad edildi.
Zəfərə uzanan çətin yol
Azərbaycan Ordusu Şuşaya doğru dayanmadan, çox böyük inamla irəlilədi və demək olar ki, mümkünsüz işin öhdəsindən gəldi. Qəhrəman döyüşçülər yolsuzluq şəraitində dağlar-qayalar aşaraq, uzun məsafə qət edərək çox çətin döyüş tapşırığını uğurla yerinə yetirdi. Əsgər və zabitlərin döyüş üsulu, qədim tarixi şəhəri dağıtmadan, ona xələl gətirmədən azad etməsi hərb tarixində tamamilə yeni idi. Xalqımızın qəhrəman oğullarının nümayiş etdirdiyi misli görünməmiş cəsarət və igidlik nümunəsi nəticəsində bir vaxtlar nağıl, xəyal kimi görünənlər gerçəyə çevrildi.
Heç şübhəsiz ki, Qarabağ Zəfərinin zirvəsində Şuşa əməliyyatı dayanır. Bu möhtəşəm Zəfərin memarı Prezident İlham Əliyev ata vəsiyyətini yerinə yetirərək Ulu Öndərin başladığı işi məntiqi sonluğuna çatdırdı, bununla da öz adını Azərbaycan tarixinə qüdrətli sərkərdə, Müzəffər Ali Baş Komandan kimi əbədi yazdırdı.
Şuşanın azad olunması müharibənin taleyini həll etdi
2020-ci il noyabrın 8-də Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Şəhidlər xiyabanından xalqa müraciətində səbirsizliklə gözlənilən müjdəni verdi və bu, əslində, müharibənin taleyinin həll olunması demək idi. Ertəsi gün Laçın rayonunun kəndləri də daxil olmaqla, 70-dən çox yaşayış məntəqəsi işğalçılardan təmizləndi. Nəhayət noyabrın 9-dan 10-na keçən gecə imzalanan üçtərəfli Bəyanata əsasən Ermənistan işğal altındakı digər rayonlarımızdan çıxmasının tarixini verdi. Kapitulyasiya aktına imza atan Ermənistan Ağdam rayonunun işğal altındakı hissəsini, Kəlbəcər və Laçın rayonlarını döyüşsüz geri qaytarmağa məcbur oldu. Ümumiyyətlə, rəşadətli Azərbaycan Ordusu 44 gün ərzində 5 şəhəri, 4 qəsəbə və 286 kəndi işğaldan azad etdi.
Qırx dörd günlük Vətən müharibəsi, xüsusən Şuşa əməliyyatı hərb tariximizin ən parlaq səhifəsidir. XXI əsrin müharibəsini aparan Azərbaycanın döyüş təcrübəsi və taktikası hərbi mütəxəssislər tərəfindən yüksək qiymətləndirilir, dünyanın aparıcı hərbi məktəblərində öyrənilir.
Tarixi Qələbənin böyük dəyəri
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Şuşanın azad edilməsinin və 8 noyabrın tarixi əhəmiyyətini belə səciyyələndirirdi: “Şuşa indi azaddır! Biz Şuşaya qayıtmışıq! Biz bu tarixi Qələbəni döyüş meydanında qazandıq. 2020-ci il noyabrın 8-i Azərbaycan tarixində əbədi qalacaqdır. Bu tarix əbədi yaşayacaq. Bu, bizim şanlı Qələbəmizin, zəfərimizin günüdür! Bu qələbəni biz döyüş meydanında qazandıq, danışıqlar masası arxasında yox. Mən dəfələrlə demişəm, bütün bəyanatlara rəğmən ki, bu münaqişənin – Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin hərbi həll yolları da vardır və bu gün biz bunu döyüş meydanında sübut edirik”.
“Məğlubedilməz erməni ordusu” mifini dağıdan, döyüş meydanında düşmənə hərb və kişilik dərsi keçən şəhid və qazilərimiz tariximizin şanlı səhifələrinə və xalqın yaddaşına əbədi həkk olundu. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan bu Qələbə yalnız Azərbaycan Silahlı Qüvvələrinin deyil, bütün xalqımızın Zəfəri idi.
Suverenliyimizin tam bərpası ilə nəticələnən uğurlu antiterror tədbirləri
Lakin Qarabağın bəzi ərazilərində Ermənistan tərəfindən qanunsuz yerləşdirilən silahlı birləşmələr, diversiya qrupları vaxtaşırı olaraq təxribatlar və terror aktları törətməkdə davam edir, təhlükə mənbəyi olaraq qalırdı. Ötən il sentyabrın 18-də erməni silahlı birləşmələrinin basdırdığı minanın partlaması nəticəsində 6 nəfər, o cümlədən polis əməkdaşları şəhid oldu.
Silahlı Qüvvələrimiz tərəfindən sentyabrın 19-da başladılan lokal xarakterli antiterror tədbirləri uğurla nəticələndi. Azərbaycan ərazisindəki qanunsuz silahlı birləşmələrin ön xətdə və dərinlikdə olan mövqeləri, atəş nöqtələri, döyüş vasitələri və bazaları yüksək dəqiqlikli silahlarla vurularaq sıradan çıxarıldı. Cəmi bir sutkaya yaxın müddətdə davam edən antiterror əməliyyatı Ali Baş Komandanın qətiyyətini, Ordumuzun gücünü bir daha nümayiş etdirdi. Düşmən 2020-ci ildə olduğu kimi, yenə ağ bayraq qaldıraraq təslim olmağa məcbur edildi. Bununla da Qarabağda terrorçuların və separatçı rejimin mövcudluğuna son qoyuldu, Qarabağ mövzusu birdəfəlik bağlandı.
Ötən il oktyabrın 15-də növbəti tarixi hadisənin şahidi olduq. İlham Əliyev Prezident seçilməsinin iyirminci ildönümü günündə Xankəndidə, Xocalıda, Xocavənddə, Ağdərədə, Əsgəranda Dövlət Bayrağımızı ucaldaraq daha bir şanlı tarix yazdı, xalqımıza böyük sevinc və qürur yaşatdı.
Müzəffər Ali Baş Komandanın Xankəndidə qürurla dediyi bu sözlər bütün dünyada əks-səda verdi: “Xatırlayıram, o vaxt bəziləri sual verirdi: Nə üçün, nə üçün biz o vaxt - noyabrın 10-da müharibəni dayandırmağa razılıq verdik. Bu gün bax, burada durarkən bir daha bildirmək istəyirəm ki, biz hər şeyi vaxtında etməliyik və etmişik. Azərbaycan xalqının böyük əksəriyyəti o vaxt da - noyabrın 10-da və ondan sonrakı dövrdə çox yaxşı başa düşürdü ki, biz istədiyimizə nail olacağıq. İstədiyimiz isə bax, burada dalğalanan Azərbaycan Bayrağıdır... Bu gün burada qaldırdığım Bayraq burada əbədi dalğalanacaq və biz burada əbədi yaşayacağıq. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”.
Azərbaycan xalqına qarşı müharibə cinayətləri, terror aktları törətmiş şəxslərin, soyqırımı qatillərinin, separatçı rejimin başçılarının yaxalanaraq qandallanması, ədalət məhkəməsi qarşına çıxarılması hər bir soydaşımızın ürəyindən xəbər verir.
Şanlı Zəfərdən Böyük Qayıdışa doğru
Xalqımız Azərbaycan Prezidentinin qurub yaratmaq əzminin, Vətən müharibəsində olduğu kimi, quruculuq işlərində də sonsuz qətiyyət və əzmkarlığının şahididir. Şanlı Zəfərdən Böyük Qayıdışa doğru inamlı addımlar atılır, doğma Qarabağımıza yenidən həyat qayıdır. Artıq minlərlə ailənin azad edilmiş şəhər və kəndlərə qayıdışı təmin olunub, onlara yeni evlərin açarları təqdim edilib. Hazırda Qarabağda və Şərqi Zəngəzurda ümumilikdə təxminən 30 min insan yaşayır. Belə ki, doğma yurdlarına qayıdan keçmiş məcburi köçkünlərlə yanaşı, hazırda bu bölgələrdə aparılan bərpa-quruculuq işlərinə minlərlə işçi qüvvəsi cəlb olunub. Bu gün təkcə Xankəndi şəhərində 6 mindən çox insan yaşayır. Onlardan 1300-dən çoxu Qarabağ Universitetində çalışır və ya təhsil alır. Daha 500 nəfər isə Nizami Gəncəvi adına Xankəndi şəhər tam orta məktəbində işləyənlər və təhsil alanlardır. Ümumiyyətlə, azad edilmiş ərazilərdə həyata keçirilən işlərdə 20 min nəfərdən çox insan çalışır.
Bu gün Ulu Öndərimiz Heydər Əliyevin və bu vətən uğrunda canını, qanını fəda edən əziz şəhidlərimizin ruhu şaddır. Çünki bu günkü gündə erməni vəhşiliyi və vandalizmi üzərində qazandığımız qələbənin təməli məhz illər öncə ordu və xalq birliyi ilə başladılan Qarabağ savaşı bu gün qələbəmiz və şanlı zəfərimizlə yekunlaşmışdır. Azərbaycan xalqı əmindir ki, bu zəfərlərin davamı gələcək, Prezident İlham Əliyevin liderliyi ilə yeni-yeni uğur zirvələri fəth ediləcək.
“Ədəbiyyat və incəsənət”
(07.11.2025)
Repressiya qurbanı Məqsud Şeyxzadə
İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Azərbaycan ədəbiyyatına şərəflə xidmət etmiş, repressiyalara məruz qalmış özbək əsilli Məqsud Şeyxzadənin bu gün doğum günüdür, qərara gəldim ki, tanımayanlara onu tanıdım. Bu cür fədakar insanları unutmağa haqqımız yoxdur.
Məqsud Şeyxzadə 1908-ci il noyabr ayının 7-də Yelizavetpol quberniyasına daxil olan Ağdaş kəndində dünyaya gəlib. O, ilk təhsilini Ağdaşda "Rüşdiyyə" məktəbində alıb. Şair 1966-cı ildə azərbaycanlı ədəbiyyatçı Cəmil Məhərrəmliyə yazdığı məktubunda ilk müəlliminin Muxtar Əfəndizadə olduğunu bildirib.
Azərbaycan yazıçısı və ictimai xadim Nəriman Nərimanov 1918-ci ildə Ağdaşda ezamiyyətdə olarkən təşkil edilən bir tədbirdə 10 yaşlı Məqsud öz şeirini səsləndirib. Bu hadisə Nəriman Nərimanovun diqqətini cəlb edib və onun təşəbbüsü ilə “Kommunist” qəzetinin 1921-ci il 21 dekabr tarixli sayında 13 yaşlı Məqsudun üç şeiri dərc olunub.
Şeyxzadə, təhsilini davam etdirmək üçün 1921-ci ildə Ağdaşdan Bakıya gələrək Darülmüəllimində oxumağa başlayıb. Bu illərdə Darülmüəllimində məşhur şair və yazıçılar, məsələn, Abdulla Şaiq və Hüseyn Cavid müəllim kimi şəxslər dərs deyiblər. Məqsud Şeyxzadə də məhz bu şəxslərdən dərs dinləyib.
Bu dərslər onun millət, ədəbiyyat və türkçülüklə bağlı fikirlərini formalaşdırıb. Şeyxzadə, 1925-ci ildə Darülmüəllimini bitirdikdən sonra Azərbaycan Maarif Komissarlığı tərəfindən Dərbənd şəhərinə müəllim olaraq təyin edilib. Onun buraya təyin edilməsi təsadüfi olmayıb. Bunu səbəbi Dağıstan əhalisinin mühüm bir hissəsini azərbaycanlıların təşkil etməsi olub.
Dərbənd, Tabasaran, Samur, Buynak və Hacıtərxan kimi şəhərlərdə müəllimlərə böyük ehtiyac olub. Buna görə də Azərbaycan hökuməti, bu muxtar bölgənin razılığı ilə Bakıdakı məktəblərdən məzun olan gəncləri Dağıstana göndərib. Məqsəud Şeyxzadə, Dərbənd şəhərindəki ilk məktəblərdən birində türk dili və ədəbiyyatı dərsləri tədris edir.
Şeyxzadə yaradıcılığında Türkiyə ədəbiyyatının təsiri də özünü göstərib. Şair "Azərbaycan", "Çeçenlər", "İnquşlar", "Osetinlər", "Kabardinlər", "İranlılar", "Əfqanıstanın istiqlalı" kimi şeirlərlə yanaşı, ingilis müstəmləkəçiliyinə qarşı mübarizə aparan türk xalqına həsr olunan, "Türkiyə qəhrəmanı Kamal yoldaş" adlı şeirini yazıb.
Şeyxzadənin yalnız Türkiyə haqqında yazdığı "İkinci marş", "Üçüncü marş", "Beşinci marş" kimi şeirləri ilə yanaşı, eləcə də ana vətəninə ithaf etdiyi əsərlərində də Türkiyə ədəbiyyatının təsiri hiss olunmaqdadır. Məsələn, onun "Azərbaycan" şeiri, Namiq Kamalın "Vətən Şərqisi" şeirinin "Əməlimiz, əfqərimiz iqbali-vətəndir; Sərhədimizə qala bizim xaki-bədəndir." misraları ilə başlanan hissəsinə nəzirədir.
Məqsud Şeyxzadə 1964-cü ildə Özbəkistan SSR Əməkdar İncəsənət xadimi adına layiq görülüb. 2001-ci ildə (ölümündən sonra) "Fəxri Xidmətlərə görə" ordeni, "Şərəf nişanı" və medallarla təltif edilib
Bəli, qeyd etdiyimiz kimi, o da repressiyaya tuş gəlib, həbsxanalara düşübdür. İlk tutulduğu günlərdən bəri davam edən xəstəlikləri səbəbindən həyatının son on ilini çətinliklərlə keçirən Məqsud Şeyxzadə 19 fevral 1967-ci ildə xəstəxanada vəfat edib. Naim Kərimov, eyni gün şairin evinin talan edildiyini və “Biruni” əsərinin də bu ərəfədə itirildiyini bildirib. Məqsud Şeyxzadə, vəfatından sonrakı gün Daşkənddəki “Fərabi” məzarlığında dəfn edilib.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(07.11.2025)
Ötən günə gün çatarmı?
İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Gəl əzizizm, keçənləri
Yada salaq, dönə-dönə.
Ötən günə, gün çatarmı,
Çalasaq da günü-günə
İllər ötsə də bu mahnı və bu ifa dəbdən düşmür. Musiqi də gözəldir, sözlər də, ifa isə sadəcə, ecazkardır.
Bəli. Bu qızıl səs mərhum Oqtay Ağayevindir.
Oqtay Ağayev 1934-cü ildə noyabrın 7-də Bakıda dünyaya gəlib. Babası Ədalət Partiyasının sədri olub. 1937-ci ildə partiyanın digər üzvləri kimi o da SSRİ-nin Komi bölgəsinə sürgün edilib. Digər "xalq düşmənləri" kimi onun da ailəsinin başına müsibətlər gətirilib. Bütün var-dövlətləri, evləri əllərindən çıxandan sonra babalarının İçərişəhərdəki evində qalmalı olublar.
O.Ağayevin uşaqlıq illəri müharibə dövrünə təsadüf etdiyi üçün çox çətin keçib. Sənətkar musiqini uşaqlıqdan sevib. 1953-cü ildə Asəf Zeynallı adına Musiqi texnikumuna daxil olub. Müəllimi Sofya İvanovna Xalfen olub. Təxminən 78 yaşlı bu qadın özü də müğənnilik edib. O, Oqtaya vokalın sirlərini öyrədib, onun vokalist kimi inkişafında böyük zəhmət çəkib.
Əsgərlikdən qayıdandan sonra Oqtay Ağayev Firudin Mehdiyevin sinfində təhsilini davam etdirib. Firudin Mehdiyev konservatoriyada ölməz Bülbülün sinfini bitirib və texnikumda dərs deməyə başlayıb. Oqtay Ağayev Azərbaycanda olan iki böyük estrada orkestrinin hər ikisində solist kimi fəaliyyət göstərib. 1970-ci ilə qədər Rauf Hacıyevin, 1984-cü ilədək isə Tofiq Əhmədovun rəhbərliyi ilə Radio və Televiziya Estrada Orkestrinin solisti olub.
Dünyanın bir sıra xarici ölkələrində (Əlcəzair, Mərakeş, Polşa, Çexoslovakiya, Bolqarıstan, Rumıniya və s.), keçmiş SSRİ-nin bütün respublikalarında qastrol səfərlərində olub, Kreml Sarayında 11 konsert verib.
Kino sənətində də fəaliyyət göstərib. Vaqif Mustafayevin ""Yapon" və yaponiyalı" filmində milis rəisi rolunda çəkilib. "O qızı tapın", "Dağlarda döyüş" və başqa filmlərdə mahnılar ifa edib. Oxuduğu mahnıların 200-dən çoxu lentə yazılıb.
Filmoqrafiya
1. Abşeron ritmləri
2. Bakı bağları. Buzovna
3. Dağlarda döyüş
4. Xatirələr sahili
5. Mahnı qanadlarında
6. O qızı tapın
7. Oqtay Ağayev. Ötən günlər
Ürək-damar xəstəliyindən əziyyət çəkən xalq artisti Oqtay Ağayev 2006-cı il, noyabrın 14-də vəfat edib. Rəşid Behbudov adına Dövlət Mahnı teatrında vida mərasimi keçiriləndən sonra Yasamal qəbirstanlığında torpağa tapşırılıb.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(07.11.2025)
Bu gün dahi bəstəkar Tofiq Quliyevin doğum günüdür
İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Bəli, mübaliğısiz olaraq deyə bilərik – Azərbaycan musiqisinin mahnı janrının ən görkəmli, ən dahi nümayəndəsi Tofiq Quliyev olub, indi də odur, elə gələcəkdə də o olacaqdır.
Bu gün görkəmli bəstəkarın doğum günü- anadan olmasının 108-ci ildönümüdür.
Tofiq Quliyev 1917-ci il noyabrın 7-də Bakı şəhərində mühəndis-iqtisadçı Ələkbər Quliyevin ailəsində anadan olub. 12 yaşında Azərbaycan Dövlət Konservatoriyasının yanındaki peşə məktəbinə, 1934-cü ildə Azərbaycan Dövlət Konservatoriyasına daxil olub. Həm İ. S. Aysberqin sinfində fortepiano, həm də S. Q. Ştrasserin sinfində dirijorluq dərsi alıb və 1936-cı ildə Konservatoriyanı bitirib.
1931-ci ildə Asəf Zeynallının məsləhəti ilə Mirzə Ələkbər Sabirin sözlərinə "Məktəbli" mahnısını bəstələyib. 1935-ci ildə Məşədi Əzizbəyov adına Azərbaycan Dövlət Dram Teatrında dirijorluğa başlayıb. 1936-cı ildə bəstəkar Zakir Bağırovla birgə "Rast", "Segah", "Zabul", "Dügəh" muğamlarını fortepianoda hazırlayıb. Üzeyir Hacıbəyovun təşəbbüsü ilə təhsilini davam etdirmək üçün Moskva Dövlət Konservatoriyasına göndərilib. Tezliklə orada A. Tfasmanın rəhbərlik etdiyi orkestrdə pianoçu kimi çalışmağa başlayıb.
1939-cu ildə Bakıya qayıdıb və 1941-ci ildə "Qırmızı ordu" ansamblını yaradıb. 402-ci diviziyanın tərkibində çalışan ansambl üçün müxtəlif vətənpərvər mahnılar yazıb. 1943-cü ildə iki yerə bölünən ansamblın "Qırmızı flot" hissəsinin rəhbəri olub.
Müharibədən sonra M. Əzizbəyov adına dram, Səməd Vurğun adına rus dram, M. Qorki adına gənc tamaşaçılar teatrları ilə əməkdaşlıq edib. XX əsrin 40-cı illərindən həm də kino sahəsində işləməyə başlayıb. 1948-ci ildə Moskva Dövlət Konservatoriyasında təhsilini davam etdirib. 1951-ci ildə aspiranturaya daxil olub və A. Qaukun rəhbərliyi altında elmi iş müdafiə edib. Həmin il "Azərbaycan xalq rəqsləri" toplusunu hazırlayanlardan biri olub.
1954-cü ildə Azərbaycan Dövlət Konservatoriyasında dərs deməyə başlayıb. 1956–1958-ci illərdə bir neçə mahnısı "Azərbaycan mahnıları" musiqi cildinə salınıb. 1958-ci ildə Filarmoniyanın bədii rəhbəri, sonra direktoru olub. 1960–1970-ci illərdə bir çox beynəlxalq konfrans, festival, incəsənət günlərində iştirak edib.
XX əsrin 70-ci illərinin sonlarında bir çox uşaq və gənc musiqi müsabiqələrini, o cümlədən "Bakı payızı"nı yaradıb. 1969-cu ildən 1979-cu ilə qədər Azərbaycan Bəstəkarlar İttifaqına rəhbərlik edib. 1990-cı ildən ömrünün sonuna kimi Azərbaycan Bəstəkarlar İttifaqının idarə heyətinin sədri vəzifəsində çalışıb.
Onun o qədər populyar, dillər əzbəri nahnısı var ki. Mənsə sadəcə korifey müğənni Şövkət Ələkbərovanın repertuarından bir neçə mahnının adını çəkməklə kifayətlənirəm.
Mahnıları:
1. Şövkət Ələkbərova — Axşam mahnısı — sözlər: Zeynal Cabbarzadə
2. Şövkət Ələkbərova — Laylay — sözlər: Zeynal Cabbarzadə
3. Şövkət Ələkbərova — İlk bahar — sözlər: Zeynal Cabbarzadə
4. Şövkət Ələkbərova — Sən mənimsən, mən sənin — sözlər: Zeynal Cabbarzadə
5. Şövkət Ələkbərova — Axşam mahnısı — sözlər: Zeynal Cabbarzadə
6. Şövkət Ələkbərova — İlk bahar — sözlər: Zeynal Cabbarzadə
7. Şövkət Ələkbərova — Axşam mahnısı — sözlər: Zeynal Cabbarzadə
8. Şövkət Ələkbərova & Mirzə Babayev — Qəmgin mahnı — sözlər: Zeynal Cabbarzadə
9. Şövkət Ələkbərova — Ağacda alma — sözlər: Ənvər Əlibəyli
10. Şövkət Ələkbərova — Rusiya mahnısı — sözlər: Ənvər Əlibəyli
Filmoqrafiya
1. İyirminci bahar
2. Səbuhi - bəstəkar
3. Qayğı
4. Bakı döyüşür
5. Qardaşlıq köməyi
6. Şəfa nəğməsi
7. Əbədi odlar ölkəsi
8. İran Azərbaycanının paytaxtında
Fəxri ad və mükafatları
1. "Azərbaycan SSR xalq artisti" fəxri adı — 29 iyun 1964
2. "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı — 21 fevral 1959
3. Azərbaycan SSR Dövlət mükafatı — 1980
4. "İstiqlal" ordeni — 7 noyabr 1997
5. "Qırmızı əmək bayrağı" ordeni — 9 iyun 1959; 4 noyabr 1977
6. "Xalqlar dostluğu" ordeni — 6 noyabr 1987
7. "Şərəf nişanı" ordeni — 2 iyul 1971
8. "Əmək igidliyinə görə" medalı — 6 mart 1950
9. Xəzər Universitetinin fəxri doktoru
Tofiq Quliyev 4 oktyabr 2000-ci ildə Bakı şəhərində dünyasını dəyişib.Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(07.11.2025)
Televiziya işinin gözəl bilicisi
İnci Məmmədzadə, ”Ədəbiyyat və incəsənət”
Hazırda TV1 televiziyası ilk qədəmlərini atır, tezliklə ölkə teleməkanında xüsusi yerə çıxacağı isə təqdim etdikləri proqramların sanbalından aydın duyulur.
Bu gün telekanalın qurucusu, ölkədə televiziya işinin gözəl bilicisi kimi tanınan Faiq Hüsiyevin doğum günüdür.
Faiq Hüsiyev 7 noyabr 1970-ci ildə Sumqayıt şəhərində anadan olub. Sumqayıt şəhər 30 saylı orta məktəbi bitirib. 1988–1990-cı illərdə hərbi xidmətdə olub. 1991–1997-ci illərdə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində ali təhsil alıb. 1991-1993-cü illərdə “168 saat” qəzetində, 1993–1995-ci illərdə Azərbaycan Dövlət Televiziyasında müxbir işləyib. O illərin populayar “Gecə kanalı” proqramının həmmüəllifi kimi şöhrət tapıb.
1996-cı ildə Azərbaycan Dövlət Televiziyasının "Yurd" mübadilə proqramları Baş redaksiyasına redaktor vəzifəsinə təyin olunub.
1997–1998-ci illərdə Televiziyanın "Ədəbiyyat və publisistika" redaksiyasında redaktor vəzifəsində, 1998–2005-ci illərdə "Beynəlxalq proqramlar" redaksiyasında böyük redaktor vəzifəsində çalışıb. 2006-cı ildə Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin "Müəllif proqramları" departamentinin rəisi vəzifəsində işləyib. 2007–2009-cu illərdə Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin "TV İnformasiya proqramları" studiyasının direktoru olub.
4 Noyabr, 2008-ci il tarixində "Azərbaycan Respublikasının əməkdar jurnalisti" fəxri adı ilə təltif edilib. Azərbaycan Respublikası Prezidentinin 16 avqust 2009-cu il tarixli sərəncamı ilə Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin sədr müavini vəzifəsinə təyin edilib. 2015–2021-ci illər ərzində Televiziya və Radio Akademiyasının rektoru olub.
Hal hazırda Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin Analitik qrupun rəhbəridir və dediyimiz kimi, TV1 televiziyası layihəsini də icra etməkdədir. Filologiya üzrə fəlsəfə doktorudur. Rus və alman dillərində sərbəst, ingilis dilində orta danışır. 300-ə yaxın televiziya verilişinin, 10-a yaxın sənədli filmin müəllifidir.
Bizimlə söhbətində Faiq Hüsiyev çağdaş dövrdə internetin televiziyaların auditoriyasına əsaslı şəkildə basqı etdiyi dövrdə öz inkişaf konsepsiyasından bəhs etdi, bildirdi ki, bu konsepsiyanı TV1 efirində tədricən tamaşaçılara çatdıracağıq.
Biz də portalımızın kollektivi adından Faiq müəllimi 55 illik yubileyi münasibətilə səmimi qəlbdən təbrik edir, ona yeni yaradıcılıq uğurları arzulayırıq.
“Ədəbiyyat və incəsənət”
(07.11.2025)
İrəvan bölgəsinin mifoloji təsəvvürləri və qədim türk inancları
Nigar Xanəliyeva, “Ədəbiyyat və incəsənət”
İrəvan bölgəsi (xüsusilə indiki erməni ərazisində yerləşən tarixi İrəvan xanlığı və qonşu ərazilər) qədim türk-etnik elementlərinin və onların inanclı-mifoloji sistemlərinin formalaşdığı məkanlardan biridir. Bölgənin coğrafi‑etnoqrafik xüsusiyyətləri və türk tayfa kökləri bu yerdə mifoloji təsəvvürlərin inkişafına münbit zəmin yaratmışdır.
Mifoloji baxımdan, türk etnosunun universal (pan‑Türk) inanc sistemindən qaynaqlanan “Göylə torpaq”, “su, dağ, od” kimi təbiət elementlərinə hörmət və tapınma anlayışları burada da iz qoymuşdur. Məsələn, Tengri göy tanrısı anlayışı türk mifik sistemində əsas yer tutur və “Göy”ə, “yuxarı aləmə” aid ideallar təmsil edir. İrəvan bölgəsində yerləşən göllər, dağlar və məbəd yerləri türk-mifoloji qavramlarla bağlılıq göstərir, məsələn, Göyçə gölü ətrafında “göy”, “mavi”, “göylə əlaqəli” kimi köklər mövcuddur.
Türk inanclarına xas olan “məkanın müqəddəsliyi” ideyası İrəvan bölgəsindəki toponimlər və xalq arasında yaşayan mifoloji hekayələr vasitəsilə qorunub saxlanmışdır. Məsələn, folklor tədqiqatlarında qeyd olunur ki, bu bölgədəki toponimlər və müqəddəs yerlər “adların tarixi yaddaş dəsti” kimi çıxış edir və türk xalqının yurd anlayışı ilə bağlıdır.
Mifologiyanın konkret formalarından biri qədim türklərin “qəbirüstü at heykəlləri” və “at‑simvolu” anlayışıdır. İrəvan bölgəsində türk qəbir daşlarında at təsvirləri və ya at heykəllərinin olması qeyd edilir ki, bu da atın türk mədəniyyətində qəhrəmanlıq, şücaət və ruhlar aləmi ilə bağlı statusunu göstərir.
Bundan başqa, türk etnosu arasında “ağac müqəddəsləşməsi” anlayışı hökm sürürdü. Ağaclar, su mənbələri və daş quruluşlar mifik və sakral səviyyəyə çatmışdır. İrəvan‑Göyçə zonasında belə məkanlar “pir”, “müqəddəs yer”, “ailə yurdu” kimi xatırlanır.
İrəvan bölgəsində türk‑mifoloji təsəvvürlərin formalaşmasına tarixi elementlər də təsir etmişdir. Bölgənin türk tayfa və dövrlərdən, məsələn, oğuz‑qıpçaq, sak‑skit köklərindən gəlməsi, türk epik ənənələrinin (mənimsənilmiş və lokalizasiya olunmuş) burada yaşaması ilə əlaqədardır.
Nəticə olaraq, İrəvan bölgəsinin mifoloji təsəvvürləri və qədim türk inancları təbiət elementlərinə hörmət, məkanın müqəddəsləşməsi, qəhrəmanlıq‑at simvolu, türk‑epik kökləri birləşərək türk etnik kimliyinin bu məkan çərçivəsində yaşadılmasına və mədəni yaddaşın formalaşmasına xidmət etmişdir. Bu sahə hələ də arxiv tədqiqatları və folklor materialları ilə daha dərindən araşdırmağa ehtiyac duyur.
“Ədəbiyyat və incəsənət”
(07.11.2025)
Türk dünyası məşhurları – BÖRİ XAN
Nigar Xanəliyeva, “Ədəbiyyat və incəsənət”
Türk Mədəniyyəti və İrsi Fondu ilə Azərbaycan Ədəbiyyat Fondunun “Ədəbiyyat və incəsənət” portalında yayımlanan Türk dünyası məşhurları layihəsində bügünkü təqdimat Böri xan barədədir.
Böri xan — XIII əsrdə yaşamış Qızıl Orda dövlətinin tanınmış hökmdarlarından biridir. O, Cuçi ulusuna mənsub idi və Çingiz xanın nəvələrindən sayılırdı. Atası Orda xan idi, yəni Cuçinin böyük oğlu. Beləliklə, Böri xan Monqol imperiyasının qərb qolunu təşkil edən Orda ulusunun (Ağ Orda) rəhbərlərindən biri olmuşdur. O, həm hərbi sərkərdə, həm də dövlət idarəçiliyində bacarıqlı bir hökmdar kimi tanınmış, türklər və monqollar arasında siyasi sabitliyin qorunmasında mühüm rol oynamışdır.
Böri xan tarix səhnəsinə XIII əsrin ortalarında çıxmışdır. O, atası Orda xanın ölümündən sonra Orda ulusunun başına keçmiş və Qızıl Orda dövlətinin şimal-şərq hissəsinə hökmranlıq etmişdir. Onun hakimiyyəti dövründə Qızıl Orda dövlətinin daxili strukturunda müəyyən sabitlik yaranmış, müxtəlif tayfa ittifaqları arasında əlaqələr bərpa edilmişdir. Böri xan, eyni zamanda, Orda ulusunun müstəqilliyini qorumağa çalışmış və Batı xanın təsirindən mümkün qədər uzaq dayanmağa çalışmışdır. Bu səbəbdən onun adı çox zaman Qızıl Orda ilə Ağ Orda arasındakı münasibətlər kontekstində xatırlanır.
Böri xanın dövründə Orda ulusu əsasən İrtiş çayı hövzəsində, Qazaxıstan və Qərbi Sibir ərazilərində yerləşirdi. Burada türk və monqol elementlərinin sintezi nəticəsində yeni etno-siyasi birliklər formalaşmağa başlamışdı. Böri xan türkdilli tayfaların idarəçiliyə daha çox cəlb olunmasına, onların dövlətin əsas dayağı kimi tanınmasına şərait yaratmışdı. Bu siyasət sonradan Qızıl Orda dövlətinin tədricən türkləşməsinə və türk dilinin dövlət idarəçiliyində aparıcı yer tutmasına zəmin yaratdı.
Böri xanın dövrü həm də dini baxımdan maraqlıdır. Qızıl Orda hələ rəsmi olaraq islamı qəbul etməmişdi, lakin Böri xanın sarayında müsəlman tacirlərə və alimlərə münasibət müsbət idi. Onun dövründə İdil sahillərində islam mədəniyyətinin təsiri artmış, türk tayfaları arasında islamın yayılmasına zəmin yaranmışdı. Bu proses daha sonra Əmir Qazan xanın dövründə (XIV əsr) tam şəkildə başa çatmış və Qızıl Orda dövlətinin rəsmi dini islam olmuşdur.
Böri xan həm də diplomatik əlaqələrə xüsusi önəm verirdi. Onun hakimiyyəti illərində Orda ulusu Çin, Orta Asiya və Qərbi Avropa ticarət yolları üzərində mühüm rol oynayırdı. Karvan yollarının təhlükəsizliyinə nəzarət etməklə o, həm iqtisadi sabitliyi təmin edir, həm də dövlətin gəlirlərini artırırdı. Böri xanın idarəçilik bacarığı sayəsində Orda ulusu uzun müddət mərkəzləşdirilmiş bir bölgə olaraq qalmış və Batı xanın qurduğu Qızıl Orda imperiyasının davamlılığında mühüm yer tutmuşdur.
Bəzi qaynaqlarda Böri xanın ölüm tarixi XIII əsrin sonlarına aid edilir. Onun yerinə oğlu Konçi xan keçmişdir. Böri xanın hakimiyyəti Qızıl Orda tarixində nisbətən sakit və sabit dövr kimi qiymətləndirilir. Onun dövründə türk dövlətçilik ənənələri möhkəmlənmiş, türkdilli tayfalar arasında birgə idarəçilik mədəniyyəti formalaşmışdır.
Böri xan türk dövlətçilik tarixində yalnız Qızıl Orda hökmdarı kimi deyil, həm də türklüyün siyasi və mədəni kimliyinin qorunmasına xidmət edən uzaqgörən lider kimi dəyərləndirilir. O, monqol mənşəli idarə sisteminə türk ünsürlərini gətirməklə, Orda ulusunu gələcəkdə müstəqil türk dövlətlərinin formalaşacağı bir məkana çevirmişdir.
“Ədəbiyyat və incəsənət”
(07.11.2025)
Zəfərin səsi, Vətənin nəfəsi – 8 Noyabr coşqu ilə qeyd olunub
Nigar Həsənzadə, “Ədəbiyyat və incəsənət”
"ZƏFƏRİN NƏĞMƏKAR PALİTRASI” ADLI TƏDBİR
“Uşaq və tələbə gənclər dünyası” İB-nin təşkilatçılığı, “Gənclər və mədəniyyət evi” tədriz mərkəzinin təşkilati dəstəyi ilə təşkil olunan tədbiripsixoloq Nabat Mirzəyevanın aparıcılığı ilə Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açıq elan edilib. Ardınca şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və 44 günlük Vətən Müharibəsini Əks etdirən Video-slayd qonaqlara nümaiş etdirilib.
Qonaqlar içərisində Şəhid ailələri və Qazilər də yer alıblar. Tədbirdə Həsənov Azər Aydın oğlunun (Suqovuşan uğrunda Şəhid olmuşdur) həyat yoldaşı Əsmər Həsənova çıxış etmiş, qızı Fatimə Həsənova çəkdiyi rəsm əsərini nümayiş etdirib, Musazadə Abbas Natiq oğlunun (Tərtərdə əməliyyat zamanı ağır yaralanmış və şəhid olmuşdur) atası Natiq Abbasov, bacısı Nərmin Qasımova və gözəl rəsm əsəri sərgiləyən bacısı qızı İlayda Qasımova da çıxışçı olublar.
Qazılərmiz - Xüsusi Təyinatlı Şəhid və Qazı Veteranı İctimai Birliyi Abşeron Rayonu filialının sədri, ehtiyatda olan zabit, 44 günlük Vətən Müharibəsinin iştirakçısı Süleyman Cəfərov və müavini Vidadi Əliyev də çıxış etmişlər.
Ardınca gənc ifaçı Sübhan İbişli tarın müşahidəsi ilə “Qarabağ, Can Qarabağ” mahnısını ifa edib. Rəqs və musiqi nömrələri tədbirə xüsusi rəng qatıb. Leon Rəqs Qrupu və Leyla Babacanova “Azərbaycan ruhu” adlı rəqs kompozisiyasını təqdim ediblər. Elşən Hüseynov və Nağara ansamblının çıxışı, həmçinin səhnədə “Gənlər və Mədəniyyət Evi” Tədris Mərkəzinin Tibb-Əzaçılıq kursunun müəllimi, həkim-pediatr Gülafət Baxşalıyevanın təşkilatçılığı ilə hazırlanan Vətən Müharibəsində arxa cəhbədə şəhidlərmizlə çiyin-çiyinə mücadilə aparan Həkim-tibb bacısıəhnəçiyi və “Azərbaycan” ifasını səsləndirməsi tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb. Xanəndə Yusif Kazımov “Xudayar təsnifi” ifa edib. Daha sonra Aysu Əzizli səhnəyə çıxaraq solo rəqslə çıxış edib.
Tədbirin bədii hissəsində saz ifaçısı Teymur Teymurovun çıxışı da böyük maraq doğurub. Gecənin sonunda rəssam-dizayner,pedaqoq Könül Ələskərova çıxış edərək Qarabağ və Zəfər mövzusunda görülən yaradıcılıq işlərindən danışıb. Gözəl, yaradıcı rəsm əsərləri təqdim edən gəncləri“TƏLTİFNAMƏ” ilə mükafatlandırılıb.
Zəfər Günü münasibətilə keçirilən bu tədbir iştirakçılarda qürur, vətənpərvərlik və birlik duyğularını bir daha gücləndirib.
“Ədəbiyyat və incəsənət”
(07.11.2025)
Zəfər Günü münasibətilə tədbir keçirilib
İmran Verdiyev,
Azərbaycan Respublikasının Əməkdar müəllimi. “Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi
Elm və Təhsil İşçiləri Oğuz Rayon Komitəsinin təşkilatçılığı ilə Zəfər Günü münasibətilə Mirzə Fətəli Axundov adına Xaçmaz kənd bir saylı tam orta məktəbdə tədbir keçirilmişdir.
Tədbirdə Oğuz Rayon İcra Hakimiyyətinin başçısının müavini Aliyə Osmanova, Şəki–Zaqatala Regional Təhsil İdarəsinin müdiri Günay Mahmudova, Yeni Azərbaycan Partiyası Oğuz Rayon Təşkilatının sədri Saleh Məhərrəmov, Oğuz Rayon Təhsil Sektorunun müdiri Sərdar Nəbiyev, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Oğuz Rayon Komitəsinin sədri Fərman İbrahimov, Xaçmaz kənd icra nümayəndəsi Bakıxan Nəbiyev, Xaçmaz bələdiyyəsinin sədri Teymur Atakişiyev, məktəbin direktoru Aynurə Səfərova, şəhid ailələri, qazilər, müharibə iştirakçıları, müəllimlər, kənd sakinləri və şagirdlər iştirak etmişlər.
Tədbir başlamazdan əvvəl Xaçmaz kənd Şəhidlər xiyabanı ziyarət olunmuş, şəhid məzarları önünə gül-çiçək dəstələri qoyulmuşdur. Daha sonra tədbir məktəbin akt zalında davam etdirilmişdir.
Dövlət himni səsləndirilmiş, şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Videoçarx nümayiş etdirilmişdir.
Çıxış edənlər Vətən müharibəsində Ali Baş Komandanın rəhbərliyi ilə ordumuzun qazandığı tarixi qələbədən və bu qələbəni bizə bəxş edən Azərbaycan əsgərlərinin, igid və qəhrəman oğullarımızın həyat və döyüş yollarından danışıblar.
Tədbir məktəbin şagirdlərinin ifasında bədii hissə ilə davam etdirilmişdir.
“Ədəbiyyat və incəsənət”
(07.11.2025)


