İnci Məmmədzadə,
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
Az tanınmışlar rubrikasından daha bir sənətkar – aktyor Sadıq Bağırov. Yarım əsr səhnədə olmaqla rekord sayda obraz yaradan bu şəxs, halbuki, daha çox tanınmağa layiqdir.
Sadıq Saleh Xəlil oğlu Bağırov 19 mart 1907-ci ildə Bakı şəhərində anadan olub. Üçsinifli şəhər, sonra üç il 9 saylı, 1920–1922-ci illərdə sovet fəhlə məktəblərində təhsil alıb. 1926-cı ildə Əbilov adına klubun dram dərnəyinə üzv olub. Həmçinin Qaraşəhər, Metallist, Həkimlər klublarının dram dərnəklərində həvəskar aktyorluq edib. 1929–1932-ci illərdə Mirzə Fətəli Axundzadə adına Bakı Teatr Məktəbində aktyorluq təhsili alıb.
Tələbə vaxtı Akademik Milli Dram Teatrının yardım heyətinə götürülüb. Təhsilini başa çatdırdıqdan sonra isə bu truppaya götürülüb. Sadıq Saleh sənətə 1925-ci ildə gəlib. Teatra məhəbbət Sadıq Salehdə çox gənc yaşlarında yaranıb. O, "Əbilov" adına, "Şvars" adına və başqa klublarda həvəskar kollektivlərin fəal iştirakçısı olub. Burada, klub səhnəsində özünün aktyor məharətini göstərib, həyatını incəsənətə həsr etməyi qərara alıb.
1929-cu il, sənətə yenicə qədəm qoymuş aktyor üçün fərəhli olub. Onu Azərbaycan Dram Teatrı truppasına qəbul ediblər. Teatrda işləməklə bərabər Sadıq Saleh Azərbaycan Dövlət Teatr məktəbində təhsil alıb. Tələbə ikən xarakter rolları daha yaxşı oynamaqla Sadıq Saleh diqqəti cəlb edib. 1932-ci ildə həmin məktəbi müvəffəqiyyətlə bitirib. A. A. Tuqanov, A. M. Mudrov, H. Cavid, M. Kirmanşahlı və başqa görkəmli müəllimlərin məşğələləri peşəkar aktyor ustalığına yiyələnməkdə ona kömək edib.
O, səhnədə keçirdiyi yarım əsrlik bir dövrdə istər öz dramaturqlarımızın, istərsə də başqa dramaturqların əsərlərindəki onlarca obraza öz aktyorluq bacarığı ilə yeni ruh, yeni təravət gətirib. O, oynadığı rolun böyük və ya kiçikliyindən, mənfi və ya müsbət olmasından asılı olmayaraq ən kiçik detallarına belə diqqət yetirib. Obrazın daxili aləmini tamaşaçılara bacarıqla çatdırıb.
M. Əzizbəyov adına Azərbaycan Dövlət Akademik Dram Teatrı səhnəsində oynadıgı müxtəlif planlı, müxtəlif xarakterli rolların sayı yüzdən çoxdur. O, klassik və müasir pyeslərdə müsbət və mənfi personajlar oynayıb. Onun milli əsərlərdən oynadıgı obrazlar xüsusilə müvəffəqiyyətli alınıb.
C. Cabarlının "Od gəlini"ndə Qorxmaz, "Almaz"ında Barat və Balarza, M. F. Axundovun "Müsyo Jordan və Dərviş Məstəli şah"ında Şahbaz bəy, M. F. Axundovun "Xırs quldurbasan"ında Koxa, C. Məmmədquluzadənin "Ölülər"ində Hacı Kazim, Ə. Haqverdiyevin "Dagılan tifaq"ında Süleyman bəy, S. Vurgunun "Vaqif" pyesində Əlibəy və Təlxək, S. Vurgunun "Xanlar"ında İvan Fialetov, "Şeyx Sənan" pyesində Şeyx Hadi, "1905-ci ildə" əsərində Volodin obrazları Sadıq Salehin yadda qalan rollarındandır.
Sadıq Saleh filmlərdə, dublajlarda, habelə televiziya və radio verilişlərində də çıxış edib. Böyük bəstəkarımız Ü. Hacıbəyovun "O olmasın, bu olsun" musiqili komediyası üzrə çəkilmiş eyniadlı bədii filmdə Sadıq Saleh Mirzə Ələkbər Sabirin obrazını yaradıb. Bundan əlavə Nəsimi filmində də epizodik rolda iştirak edib
1959-cu ildə Sadıq Saleh Bağırov Moskvada keçirilən "Azərbaycan Ədəbiyyatı və İncəsənəti Ongünlüyündə" iştirak edib və həmin il, iyunun 10-da "Azərbaycan SSR əməkdar artisti" adına layiq görülüb. Sadıq Saleh Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanı və bir sıra medallarla təltif edilib
“Ədəbiyyat və incəsənət”
(19.03.2026)


