Redaksiyanın poçtundan - Sevil Ülvinin essesi Featured

(gerçək həyatdan)

 

“Ədəbiyyat və incəsənət” portalının “Redaksiyanın poçtundan” rubrikasında bu gün sizlərə Sevil Ülvinin essesi təqdim ediləcək. Esse belə adlanır: “Analar da yorulur”.

 

Uşaqlığımı xatırlayıram...

Dünya kirlərinin qəlbimə dəymədiyi günləri...

Yaşadıgımız binada su saatla gəldiyinə görə anam hər gün tezdən "bir azdan su kəsiləcək, durun, vedrələri doldurun"- deyə bizi oyatmağa çalışardı.

Yuxudan oyananda isə bütün vedrələrin dolduğunu, qazın üstündə isə artıq nahar yeməyinin ətinin qaynadığını görərdik.

Biz üç bacı idik. Atam Sumqayıtda zavodda işləyirdi.

Mən atamı heç xatırlamıram. Çünkü atam dünyasını dəyişəndə böyük bacımın üç, mənim iki yaşımız vardı, balaca bacım isə səkkiz aylıq idi.

Anamın bizə anlatdıqlarından bilirəm ki, atamı işlədiyi zavodda əlinin içindən elektrik vurmuşdu. Sol əli olduğundan elektrikin şiddəti ürəyini partladaraq, parça-parça etmişdi. Atamı itirəndə anamın iyirmi bir yaşı var idi.

Atamı dəfn etmək üçün doğulduğu səhərə - Naxçıvana apardılar. Anam gənc yaşında üç qız uşağı ilə dul qalmışdı.

Çətin günlərimiz atamı Naxçıvanda torpağa tapşırıb, Sumqayıta qayıtdıqdan sonra başladı. Bir neçə ildən sonra anam bizi uşaq baxçasına qoyub, işləməyə başladı.

Biz evimizi də dəyişməli olduq. Atamdan qalan evi satıb, anam bizim baxçamıza və iş yerinə yaxın ərazidə iki otaqlı ev aldı.

Ən çox yadımda qalan isə buydu - atamın iki köynəyini anam həmişə paltar yuyarkən  təmiz suda işladıb, sıxardı.

Birinci zivədən həmişə atamın qolu uzun köynəkləri sallanardı. O vaxtlar anamın nə üçün belə etdiyini başa düşməmişdim. Çox sonralar anladım ki, anam atamın o köynəklərini ətrafa guya evdə kişi var görüntüsü yaratmaq üçün asırmış.

Anamın istirahət günlərində ev işlərindən başqa heç bir məşğuliyyəti olmurdu. Hətta onun rəfiqəsi belə yox idi.

Nədənsə uşaqkən Anamın ən yaxın rəfiqəsinin Allah olduğunu düşünərdim. Çünki Anamın Ondan başqa kiminləsə dərdini bölüşdüyünü görməmişdim. Və Allahın da ən yaxın rəfiqəsinin anam olduğunu sanardım.

Nə zaman anam ondan sıxıntılarının azalmasını diləsəydi, səhərisi gün Allaha "məni eşitdiyini bilirdim", deyib şükür edərdi.

Ümidsiz insanlar ağır xəstələrə bənzərlər, həyata hər zaman daha qüvvətlə sarılırlar. Anam bütün ümidini Allaha təslim etmişdi.

Çünkü nə olur olsun, Allahın onu darda qoymayacağından əmin idi. 

Bilmirəm nədənsə uşaqkən həmişə düşünürdim ki, anamın sehr gücü var. Və elə bilirdim ki, o bunu bizdən gizlədir.

Nə çətinliklərlə qarşılaşırdıqsa qarşılaşaq, o hər zaman çıxış yolu tapırdı. Anamın sehirli gücü var idi. Və onun gücü adında idi.

Hər dəfə yeməyimizi yeyib süfrədən qalxarkən, anamın "doydunuzmu?" sualı, bizim isə "doyduq" cavabımız anamın ürəyindəki bütün dərdlərinə su səpirdi.

Sanki qarnımız tox olunca bizim başqa dərdimiz olmayacaq.

Bir gün babagil bizə gəldi. Gözlərində kədər vardı, sanki gözlərimizə baxsalar bu baxışlar şimşək olub bizi zədələyə bilərdi deyə gözlərini bizdən gizlədirdilər. Əslində, gizlətdikləri göz yaşları idi, bizi qorumaq deyildi .

Həmin gün...anamın öləcəyini bildiyimiz gündü...

Dünyada insan gücünün yetmədiyi nəsnələrin olduğunu həmin gün anladım. Allah yoxsa Anam?..

Anam yoxsa Allah?..

Anam sağ olarkən bu sual mənə verilsəydi heç tərəddüd etmədən Anam, deyərdim. Bilirdim ki, o məni Allahın sevdiyi kimi sevir, Allahın qoruyacağı kimi qoruyur.

Anam dünyasını dəyişərkən bizi ən yaxın rəfiqəsinə tapşırdı.

Çünkü Anam bilirdi ki, O bizi onun sevdiyi kimi sevəcək, onun qoruyacağı kimi qoruyacaq.

Anam xəstə olarkən anladım ki, onun heç bir sehirli gücü yox imiş. İllərdir övladlarına xərclədiyi gücü artıq tükənmişdi.

Daha ən yaxın rəfiqəsi olan Allahdan belə kömək istəmirdi.

Bütün gün heç bir şey bilmədən, anlamadan yatırdı, amma nəfəsi vardı.

Hər gecə saat neçə olur olsun, otağına girər, yanına oturub, qaranlıqda nəfəsini dinlərdim

Anamın nəfəsi içimi isidərdi.

O halı ilə belə mənə güc verirdi.

O nəfəs getdi, gücüm qüvvətim getdi. Mənim anam getdi...

Mən Anam ölərkən anladım. Analar da yorulur..

 

“Ədəbiyyat və incəsənət”

(19.03.2026)


 

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.