İnci Məmmədzadə,
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
"Lenindən sonra Şərqin ən böyük ikinci itkisi" – o vəfat edəndə görkəmli inqilabçı Lev Trotski belə demişdi.
"Partiyamızın Şərqdəki ən böyük nümayəndəsi." – bunu isə digər görkəmli inqilabçı Serqo Orconikidze deyib.
Bunlar Sovetlərdə bir azərbaycanlının – Nəriman Nərimanovun necə böyük nüfuz yiyəsi olduğuna işarədir. Amma bizimçünsə Nərimanovun sovetlərə xidməti deyil, sovet bayrağı altında Azərbaycan üçün elədikləri önəm kəsb edir.
Nəriman Nərimanov 14 aprel 1870-ci ildə Tiflis şəhərində anadan olub. Onun ata tərəfdən babası indiki İranın Urmiya şəhərindəndir. 1890-cı ildə Qori seminariyasını, 1908-ci ildə İmperator Novorosiysk (Odessa) Universitetinin Tibb fakültəsini bitirib. 1905-ci ildə Sosial-Demokrat "Hümmət" təşkilatınnın rəhbərliyinə daxil olub, Rusiya Sosial-Demokrat Fəhlə (bolşeviklər) Partiyasının (RSDF(b)P) məramnaməsini Azərbaycan dilinə çevirib.
1909-cu ildə həbs olunaraq Həştərxan şəhərinə sürgün edilib. 1913-cü ildə Bakıya qayıdan Nərimanov fəhlələr arasında təbliğatla məşğul olub. Artıq 1917-ci ildə Nəriman Nərimanov "Hümmət" Təşkilatı Mərkəzi Komitəsinin sədri və RSDF(b)P Bakı Komitəsinin üzvü, "Hümmət" qəzetinin baş redaktoru olub.
Nəriman 1919-cu ildə Moskvaya çağırılaraq RSFSR Xalq Xarici İşlər Komissarlığında (XİN) Şərq məsələləri üzrə Xalq komissarının müavini vəzifəsinə təyin edilib. 28 aprel 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti bolşevik işğalından sonra süqut etdikdən və Azərbaycan SSR elan edildikdən sonra Nərimanov Azərbaycan SSR Müvəqqəti İnqilabı Komitəsinin Sədri və Xalq Komissarları Sovetinin Sədri vəzifəsini tutub.
1890-cı ildə Qori müəllimlər seminariyasını bitirən 20 yaşlı Nərimanov pedoqoji fəaliyyətinə Tiflis quberniyası Borçalı qəzasının Qızılhacılı kənd ibtidai məktəbində bir rus dili müəllimi kimi öz pedaqoji fəaliyyətinə başlayıb. Lakin gələcək ədib və dövlət xadiminə yalnız bir tədris ili işləmək müyəssər olub. Maddi imkan ucbatından məktəb bağlanıb. Bakıya getməli olub.
O zamankı Azərbaycan kəndinə məxsus olan cəhətlər- savadsızlıq və fanatizm, hüquqsuzluq və dözülməz istismar məhz bu kənddə bütün dəhşəti ilə Nərimanovun gözü qarşısında canlanıb və çox sonralar özünün yazdığı kimi "bəşəriyyətin geridə qalmış hissəsinə qüvvəsi çatdığı qədər kömək etmək" fikri onda ilk dəfə həmin kənddə yaranıb. Qızılhacılıda dərs dediyi müddət "Nadanlıq" əsərini qələmə almağa başlayıb.
Bir il sonra yeni məktəb açmaq niyyəti ilə Bakıya köçən Nərimanov çox genişmiqyaslı ictimai-pedoqoji fəaliyyətə başlayıb. Məktəb açmaq ona müyəssər olmayıb və Nəriman S. M. Qənizadənin köməyi ilə A. İ. Pobedonostsevin 6 sinifli progimnaziyasının hazırlıq sinfinin aşağı şöbəsinə müəllim qəbul edilib. Bu məktəb xüsusi məktəb olduğundan orada işləyənlər dövlət qulluqçusu hesab edilməyiblər.
Onlar dövlət məktəblərində çalışan müəllimlər üçün ayrılmış imtiyazlardan istifadə etmək hüququndan məhrum olublar. Maddi vəziyyətin ağır keçməsinə baxmayaraq, o, bu məktəbdə 5 il fəaliyyət göstərib, azərbaycanlı balalarının təhsilə cəlb edilməsinə, şagirdlərin sayının artmasına çalışıb. Bakı şəhər pedoqoji ictimaiyyətinin və əhalinin dərin hörmətini qazanan Nərimanov Bakı realnı məktəbinin direktoru tərəfindən 1896-cı ilin əvvəllərində həmin məktəbə Azərbaycan dili müəllimi və sinif mürəbbilərinin köməkçisi vəzifəsinə dəvət edilir.
Az sonra, 1896-cı il sentyabrın 1-də Bakı şəhər dumasının qərarı ilə Probedonostsevin progimnaziyasının bazasında Bakı oğlan klassik gimnaziyası təşkil edilib və artıq dövlət qulluqçusu vəzifəsinə təsdiq edildiyindən həmin gimnaziyada eyni vəzifəyə dəyişilib. O, burada fasiləsiz olaraq 1902-ci ilədək çalışır və özünü işguzar, nümunəvi müəllim kimi göstərib. Yüksəksəviyyəli pedaqoji xidmətlərinə görə əvvəlcə medalla, daha sonra üçüncü dərəcəli Müqəddəs Stanislav ordeniilə təltif edilib.
Onun pedaqoji fəaliyyəti təkcə müəllimliklə məhdudlaşmayıb. O həm də ictimai xadim kimi Azərbaycanda maarif və mədəniyyətin yayılmasına ciddi təsir göstərib. Həmin dövrdə Bakı şəhərinin müxtəlif tədris müəssisələri nəzdində fəaliyyət göstərən bazar günü məktəbləri və axşam kurslarında da pulsuz olaraq dərs deyib, dövrünün digər mütərəqqi ziyalıları ilə birlikdə yaşlı əhaliyə savad öyrədir, mütərəqqi fikirlər yayıb, bu məktəb və kursların xeyrinə teatr tamaşalarının göstərilməsində iştirak edib.
O, ruspərəst şovinistlərin mövqeyinə qarşı öz mövqeyini də izah edərək deyirdi:
"Türk (azərbaycanlı) uşaqları tək Puşkini deyil, həm də Şekspiri, Şilleri bilməlidir. Ancaq türk (azərbaycanlı) uşağı özünə doğma olan əsl proletar şairi Sabirin odlu-alovlu şeirlərini, xalq şairləri Vaqifin, Zakirin, Vidadinin şeirlərini biləndən sonra bunları bilməlidir".
Onun tövsiyəsi bu idi ki, "türk (Azərbaycan) dilinin tədrisini azaltmaq təklifini irəli sürənlər özləri bu dili öyrənsinlər ki, Sabiri anlasınlar".
Xalqımızın milli dirçəlişi naminə gördüyü işlərin sayı olduqca çoxdur. Bu yolda onun qətiyyətini sübut edən daha bir fakt:
1924-cü il martın 20-də Moskvada partiyanın siyasi bürosunda N. Nərimanovun təklifi ilə məsələ müzakirə olunub. O, F. Dzerjinskinin fikrinin əleyhinə gedərək neftdən gələn gəlirin böyük hissəsinin Azərbaycanda maarifin və səhiyyənin inkişafında xərclənməsi məsələsini qoyub. N. Nərimanov buna nail olub və öz tövsiyələrini XKS sədri Q. Musabəyova yazıb.
Nərimanov 1902-ci ildə 32 yaşında Odessadakı Novorossiysk İmperator Universitetinin tibb fakültəsinə qəbul olub, 1908-ci ildə buranı bitirib.
4-cü kursda oxuyarkən "Tibb və İslam" əsərini yazıb. Həştərxanda sürgündə olarkən ictimai-siyasi fəaliyyətlə yanaşı həkimliklə də məşğul olub. Həştərxan "Xalq Universitetləri Cəmiyyəti"nin sədri olan Nərimanov Həştərxan quberniyası həkimlərinin II qurultayında "Şurayi — İslam" cəmiyyəti adından çıxış edib. 1918-ci ildə Nərimanov Bakı şəhər təsərrüfatı komissarı kimi şəhərin sanitar vəziyyəti, eləcə də xəstəxanaların vəziyyəti ilə bağlı bir çox lazımi tədbirlər görüb.
1914-cü ildən Nərimanov Bakının Qara şəhər rayonunda pulsuz müalicəxanasında işləyib, neft mədənlərində işləyən xəstə fəhlələri və xəstəxanaya yaxın kəndlərin camaatını müalicə edib. O, öz mənzilində də xəstələri pulsuz müalicə edib. 1909-cu ildən 1918-ci ilə qədər N. Nərimanov Həştərxanda və Bakıda "Xolera-vəba", "Şaxotka-vərəm", "Traxom", "Qadınlar aləmi", "Tibb və İslam", "Əyyaşlıq" və başqa bu kimi faydalı elmi-publisistik mövzularda mühazirələr oxumuş, məqalələr və kitabçalar çap etdirib.
Nərimanov hər mühazirədən sonra "Tibb və islam" kitabçasını yoxsul fəhlələr arasında yaymaq üçün pulsuz paylayıb. (Bax: həmin illərdə Həştərxanda nəşr olunan "Burhani-tərəqqi", "İdel", "Astraxanskiy kray" və s. eləcə də Bakıda nəşr olunan "İqbal", "Baku", "Sədayi-həqq" və s qəzetlər) Bu elmi-kütləvi mühazirələr ən çox yayılan vəba, çiçək, traxoma, malyariya, revmatizm, mədə-bağırsaq xəstəliklərinə qarşı təcili profilaktik tədbirlərin görülməsində böyük rol oynayıb.
Nərimanov çıxışlarının birində deyirdi:
"Həkimlərin xəstələrin qəbuluna vaxtı çox az qalır. Hər bir xəstəyə orta hesabla 2 dəqiqədən 3,5 dəqiqəyədək vaxt sərf edə bilirlər"
Fəaliyyətində milli təmayül və millətin mənafelərini qorumaq üstünlük təşkil edib, o, Azərbaycanda baş verən inqilabi proseslərə digər bolşeviklərdən fərqli münasibət bəsləyib, yerli xüsusiyyətləri nəzərə alıb və milli birliyə xüsusi diqqət yetirib. Beləliklə, N. Nərimanovun ictimai, siyasi, dövlətçilik fəaliyyətində Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizə başlıca yerlərdən birini tutub.
Onun bu mövqeyi Bakı, Zəngəzur, Naxçıvan, Dağlıq Qarabağ və Zaqatala məsələlərinin həlli zamanı özünü göstərib. Azərbaycanın ərazi problemləri N. Nərimanovun zamanında deyil, ondan əvvəl meydana çıxıb. Bu problemlər Azərbaycan Xalq Cümhuriyyəti dövründə də xarici siyasətin ən ağrılı və mürəkkəb məsələləri olaraq qalmış və həll edilməyib
Əsərləri
1. Nadanlıq
2. Şamdan bəy
3. Bahadır və Sona
4. Nadir şah
5. Tibb və İslam
6. Vərəm
7. Traxom
8. Bir kəndin sərgüzəşti
Nəriman Nərimanov 1925-ci ilin 19 mart tarixində müəmmalı şəkildə ölüb və Moskvada Kremlin divarları yaxınlığında dəfn edilib.
Rəsmiməlumatlaragörə, o, ürəktutmasından- infarktdandünyasını dəyişib. Amma mübahisəli məqamlar çoxdur. Onun ölümünün qəfil olması şübhələr doğurub. Bəzi araşdırmaçılar bu ölümün siyasi səbəblərlə əlaqəli ola biləcəyini ehtimal edir. Sovet rəhbərliyi daxilində onun fikir ayrılıqları yaşadığı da məlumdur. Azərbaycanlıların, müsəlmanların keşiyində duran şəxs kimi digərləri üçün o, arzuolunmaz birisi idi.
Bakı şəhərində Nəriman Nərimanovun adını daşıyan metrostansiya, rayon, məktəb, küçə, prospekt, kinoteatr, Xatirə Muzeyi, park mövcuddur. Lənkəran rayonunun Liman şəhərində Nəriman Nərimanovun adını daşıyan park və küçə mövcuddur.
Lənkəran, Şəmkir, Goranboy, Biləsuvar, Qobustan, Gədəbəy və Sabirabad şəhərlərində Nəriman Nərimanov adına kənd və qəsəbələr mövcuddur. Füzulinin Horadiz şəhərində Nəriman Nərimanov adına küçə mövcuddur.
Şuşa, Gəncə, Şirvan şəhərində Nəriman Nərimanov adına park və küçə, Neftçala şəhərində Nəriman Nərimanov Stadionu, Gürcüstanın paytaxtı Tblisi şəhərində Nəriman Nərimanovun Ev Muzeyi açılıb. Sumqaytın ən böyük mədəniyyət evlərindən biri onun adını daşıyır.
Belarusiyanın Qomel şəhərindəki bir kənd, Qazaxıstanın Kostanay şəhərindəki Kostanay Hava Limanı, Rusiyanın Həştərxan şəhərində rayon, Zimovnikovski şəhərində qəsəbə, Nurlatski şəhərində yaşayış məntəqəsi, Tümen şəhərində kənd, Şaturadakı mədəniyyət mərkəzi, Moskva Volqoqrad, Çernyanka və Belqorod şəhərlərindəki küçələr Nəriman Nərimanovun adını daşıyır.
"Bolşevik Nərimanov" gəmisi 1957-ci ildə düzəldilərək istifadəyə verilib, 1982-ci ildə isə istifadə müddəti bitib. Gəmi istismardan çıxarıldıqdan sonra Sumqayıt sahilində saxlanılıb, iaşə obyekti kimi istifadə olunub.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(19.03.2026)


