“Ədəbiyyat və İncəsənət” portalının media dəstəyi ilə Azərbaycan Ədəbiyyat Fondunun Bakı Şəhəri Üzrə Təhsil İdarəsi ilə birgə keçirdiyi “Bir direktor, bir şagird” adlı layihəsinin məqsədi nümunəvi məktəblərimizi, istedadlı şagirdlərimizi üzə çıxarmaq, onların ədəbiyyata olan marağına diqqət yönəltməkdir.
Hazırda təqdimatda 32 nömrəli tam orta məktəbdir.
Layihəni təqdim edir: Ülviyyə Əbülfəzqızı
DİREKTOR:
Sevda Əli qızı Abdullayeva 3 aprel 1962-ci ildə Yevlax şəhərində anadan olmuşdur.1979-cı ildə Yevlax şəhər 3 saylı orta məktəbini bitirmişdir. 1984-cü ildə Azərbaycan Dövlət Dillər Universitetinin ingilis dili fakültəsinə daxil olmuş, 1989-cu ildə həmin universiteti bitirmişdir. Təyinatla Cəlilabad rayonu Hasıllı kənd məktəbinə ingilis dili müəllimi təyin olunmuşdur. 1998-ci ildən Bakı şəhəri Nizami rayonu M.Rüstəmov adına 32 nömrəli tam orta məktəbə ingilis dili müəllimi işləmişdir. 2002-ci ildən təlim-tərbiyə işləri üzrə direktor müavini, 24 yanvar 2003-cü ildən isə həmin məktəbə direktor təyin edilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 1 sentyabr 2009-cu il tarixli sərəncamı ilə 2008-2009-cu il tədris ilində işlədiyi müəssisə "Ən yaxşı ümumtəhsil məktəbi" müsabiqəsinin qalibi olmuşdur.
Azərbaycan Respublikası təhsil nazirinin 3 oktyabr 2011-ci il tarixli qərarı ilə Azərbaycan Respublikasının Qabaqcıl Təhsil İşçisi Döş nişanı ilə təltif edilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 1 oktyabr 2012-ci il tarixli sərəncamı ilə "Əməkdar müəllim" fəxri adına layiq görülmüşdür.
Azərbaycan Respublikası Təhsil Nazirliyinin 11 sentyabr 2015-ci il tarixli sərəncamı ilə rəhbəri olduğu məktəb buraxılış imtahanlarının nəticələrinə əsasən yüksək nailiyyət əldə etdiyi üçün Fəxri Fərmanla təltif olunmuşdur.
2015-ci ildə Azərbaycan Respublikası Təhsil Nazirliyi və Qafqaz Universitetinin birgə təşkil etdiyi "Məktəb direktorlarının hazırlığı"təlim kursunu müvəffəqiyyətlə bitirərək sertifikat almışdır.
31.08.2015-9.09.2015-ci il tarixlərində Parisin Sorbon Universitetinin müəllimlərinin iştirakı ilə Quba şəhərində "Liderlik, şagird sağlamlığının qorunması, vaxtın idarə olunması, təqdimat və bacarıqların inkişafı"mövzusunda keçirilmiş kursda iştirak etmiş və sertifikat almışdır.
14.11.2015-19.11.2015-ci il tarixində Birləşmiş Ərəb Əmirliyinin Abu-Dabi şəhərində təşkil edilmiş "Yeni məktəb yaradılması"adlı,22.02.2016-26.02.2016-cı il tarixində isə İngiltərənin London şəhərində "İngilis dilini öyrənək" adlı kursları bitirmişdir.
2016-cı ilin may ayında Azərbaycan Müəllim İnkişafı Mərkəzi tərəfindən təşkil edilmiş "Direktorlar üçün strateji planlaşma" modulunu müvəffəqiyyətlə bitirərək sertifikat almışdır.
ŞAGİRD:
Ceyidova Dərya Turan qızı 5.01.2012-ci ildə Qəbələ rayonunda anadan olmuşdur. Məktəbəqədər təhsilini tamamlayıb 2018-ci ildən Bakı şəhəri Nizami rayonu M. Rüstəmov adına tam orta məktəbin 1-ci sinfinə qəbul olmuşdur. Hal-hazırda həmin məktəbin 8-ci sinfində təhsilini davam etdirir.
Sevdiyi məşğuliyyəti hekayə yazmaqdır. Tez-tez inşa müsabiqələrinin qalibi adını qazanır. 2024-cü ildə Nizami rayonu Yeni Azərbaycan Partiyasının "Parlaq zəfərlə qisası alınmış Xocalı"bmövzusunda keçirtdiyi inşa müsabiqəsinin qalibi olmuşdur.
2025-ci ildə 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkil etdiyi şeir müsabiqəsində diplomla təltif olunmuşdur.
Məktəb tədbirlərində mütəmadi olaraq iştirak edir. Asudə vaxtlarında mütaliə etməyi sevir. İngilis dili və biologiya fənlərinə xüsusi marağı var. Gələcəkdə həkim olmaq arzusundadır.
ESSE:
Nədir Vətən?
Nədir Vətən? Niyə Vətən kəlməsi hər birimiz üçün bu qədər əzizdir? Niyə Vətən adı gələndə hər birimizin gözləri dolur, damarlarında qanı qaynayır?
Haradan başlanır Vətən? Kimdən başlanır Vətən?
Məncə, Vətən səndən, məndən, bizdən başlanır. Doğulduğumuz evdən, kənddən, şəhərdən, boy atdığımız küçədən, torpaqan başlanır.
Vətən Şəhidlərin qanı ilə suvarılan müqəddəs torpaqdan başlanır. Vətən Şəhid qanı ilə suvarılmış lalələrin açdığı, üçrəngli bayrağımızın qürurla dalğalandığı, 30 ildən çox düşmən caynağında inləyən, bu gün rahat nəfəs alan torpaqlarımızdan başlanır. Vətən Şəhidlərimizin ağlar qoyduğu gözlərdən başlanır.
"Torpaq uğrunda ölən varsa, vətəndir". Bəli, torpağı göz bəbəyi kimi qorumasaq, uğrunda gözümüzü qırpmadan canımızdan keçməyə hazır olmasaq, Vətən olmaz. Çünki hər qarışı Şəhid qanı ilə yoğrulan, Şəhid qoxusu duyulan bu torpaq nəsildən -nəslə ötürülən əmanətdir, qiymətli mirasdır.
Bəli, torpağı sevərsən, qoruyarsan, əzizləyərsən, Vətən olar.
Bu torpağın uğrunda kimlər canını fəda etmədi ki... Poladlar, Əliflər, Mübarizlər, Çingizlər, Xudayarlar və daha kimlər, kimlər... Hər biri bir evin sevinci, hər biri bir elin arxa-dayağı.
Bayraqları bayraq yapan üstündəki qandır,
Torpaq uğrunda ölən varsa, Vətəndir.
“Ədəbiyyat və incəsənət”
(18.03.2026)


