Super User

Super User

Çərşənbə axşamı, 28 Oktyabr 2025 12:27

Mahnı sözləri niyə təhrif edilir?

 

“Ədəbiyyat və incəsənət” portalı Asif Osmanın qaldırdığı çox maraqlı bir mövzunu sizlərə təqdim edir. Mahnı sözlərimiz niyə təhrif edilir?

 

Mahnı sözlərini kimsə haçansa səhv oxuyub, indi hamı o səhvi təkrar edir. Məsələn, məşhur xalq mahnısının sözləri əslində belədir:

Qurban axan gözünə, 

Nazla baxan gözünə.

Yenə sürmə çəkmisən,

Evlər yıxan gözünə.

"Qurban axan gözünə" olduğu halda, "Qurbanam xan (?) gözünə" oxuyurlar.

"Xan göz" nəmənə şeydir görəsən?

 

Yaxud, "Gəl, ey səhər" adlı gözəl bir mahnı var. Sözləri Fikrət Qocanın, musiqisi Polad Bülbüloğlunundur. İlk dəfə Bülbüloğlu özü oxuyub və misraların birini "Günəş nur yerə ələr" əvəzinə "Günəş nur yerə əylər" (?) kimi oxuyub. Ondan sonra bu mahnını min nəfər oxuyub, hamısı da "ələr" əvəzinə "əylər" oxuyub.

 

Yaxud, N.Xəzrinin sözlərinə bəstələnmiş "Nar ağacı" mahnısının sözləri:

Nar ağacı, nar çiçəyi,

Bir ulduzdur hər ləçəyi. 

"Bir ulduzdur hər ləçəyi" olduğu halda,

"Nə gözəldir yar göyçəyi" (?) oxuyurlar.

 

Yaxud, M.Seyidzadənin sözlərinə bəstələnmiş "Xatırlayarsan məni" mahnısının sözləri:

Arzular çox, ömür az,

Mən olmayanda hər yaz,

Dolaşanda gülşəni,

Xatırlayarsan məni.

"Mən olmayanda hər yaz" olduğu halda, "Mən olmayanda bir yaz" (?) oxuyurlar.

 

Yaxud, R.Zəkanın sözlərinə bəstələnmiş "Qurban verərdim" mahnısının sözləri:

Keçən günlərimi qaytaraydılar,

Gələn günlərimdən qurban verərdim. 

"Gələn günlərimdən" olduğu halda, "gələn günlərimi" (?) oxuyurlar. Bircə rəhmətlik Gülağa Məmmədov düz oxuyub.

 

Xalq mahnılarında olan səhvləri, bəlkə də, hardasa başa düşmək olar, amma müəllifi bilinən mahnılarda bu səhvlər yolverilməzdir. Lütfən daha diqqətli olun, ey müğənnilər.

 

“Ədəbiyyat və incəsənət”

(28.10.2025)

Çərşənbə axşamı, 28 Oktyabr 2025 13:37

At muraddır, deyilmi?

 

Yusif Alıyev,

ADPU-nun Quba filialının direktoru. “Ədəbiyyat və incəsənət” üçün

 

 

12 yaşım olardı, sovxozun qoyun sürüləri məhsulu yığılmış üzüm tənəklərindəki yarpaqları yemək üçün kəndə gətirilmişdi. Hər il olduğu kimi bu il də çobanların binəsinə gedib onların gündəlik həyat tərzinə qatılaraq heyvan təlimlərində, məişət normalarında iştirak edirdim. At minmək və onu düz yolda dördnalla çapmaq arzusuna görə mənə tapşırılan bütün işləri zamanından qabaq və keyfiyyətli şəkildə yerinə yetirməyə çalışırdım.

 

 O, çobanlar hər zaman öz müdrikliyi, qoçaqlığı və ədalətliliyi ilə yadımda qalıb. At minmək, öz qoyunlarını sovxoz qoyunlarına qatıb rahatlıqla əylənmək ancaq bircə gün olardı. İkinci gün isə çobanların gördükləri işlərdə yardımçı olmalı idin ki, sənin qoyunlarını sovxozun qoyunlarına qatmağa mane olmasın. Rahat şəkildə at minə biləsən. 

 

Bir gün mənə tapşırılan iş çoban itləri üçün yal çalmaq oldu. Öncədən başa salmışdılar necə etməyimi. Meşədən odun toplayıb gətirdim iri qara, hisli-paslı qazanın altını qaladım. Gurhagur yanan qazanın içindəki suyu qaynağa düşənə kimi qarışdırıb “öldürməli” idim. Qazandakı su "öldükdən" sonra xurcunda ağzı bağlanmış qara unu dəmir quyruqlu ilə götürüb suyun üzərinə səpə-səpə suyu iri kəfkirlə qarışdırırdım. Beləcə, bəlli qərarda unu suya töküb qarışdıraraq üzərinə kəllə duzdan qopmuş qəlpələri atdım. Bir saata yaxın müddət ərzində itlərin yalı hazır oldu. Ertədən bişməsinə baxmayaraq, xüsusi istilik tutumu sayəsində axşama kimi yal isti qalırdı...

 

Həmin gün öz həmkəndlim çoban Kərim kişinin (el arasında ona “Qnaçe Kərim” deyirdilər) boz rənli, ağ xallı atını minib sürmək rüsxətim vardı. Təzminən 2 saata yaxın müddətdə ata istirahət vermədən sürdüm. Arada geri çobanların binəsinə tərəf gəldim ki, birdən məni axtararlar. Hər şeyin qaydasında olduğunu gördükdən sonra atı qamçı ilə döyəcləyib yenidən sürmək istəyirdim, at isə dartınıb sağa-sola dönərək idarəetməni qantarğadan almaq istəyirdi. Atı qan-tər içində görən Kərim kişi mənə səslənərək: “A bal, ay Usuf, atı döyüb sürmə, sığalla, yedirt sür”, - deyərək atdan enməyimi tapşırdı. Ata su vermək istəyəndə olmaz, - deyərək, at tərləyəndə dərisi ilə nəfəs alır, - deyib atı qaşovlayıb onu yumağı tapşırdı. Atı qaşovladıqca tükləri arasından su ilə birgə hava qabarcıqları da aşağı yuvarlanırdı...

 

Bu hadisələrin üzərindən aylar, illər gəlib keçdi. Ciddi şəkildə türk mifologiyaları ilə maraqlanmağa başladım. Bu mifologiya içində atlarla bağlı marağım daim üst düzəydə olurdu. İlk olaraq bizim eradan əvvəl III minillikdə mövcud olmuş, bəzi özünəməxsus xüsusiyyətlərinə görə ilkin türk soylarına aid olduğu iddia edilən, Şumer mədəniyyətindən xəbər verən, dünyanın böyük maddi-mədəniyyət abidəsi hesab olunan “Bilqamış” dastanını anlayacağım qədər incələdim. Gil lövhələr üzərində yazılmış dastanda həm döyüş səhnələrindən, həm də qəhrəmanlardan danışılsa da at haqqında yekun məlumat verilmirdir. Bu da atla bağlı mifologiyanın tarixinin 4000-5000 il olduğunu göstərir.

 

Atla bağlı qədim ynan tarixçisi Homerin "Odisseya" əsərində Troya qalasını ələ keçirə bilməyən yunanların hiyləsini görürük ki, bugünkü siyasət elmində də "Troya atı" adı qazanmış bu mifoloji element türk əxlaqı ilə heç bir uyğunluq kəsb etmir. Çünki türklər ata şərəf, namus kimi baxarlar deyə, atı hiyləyə, kələyə salmazlar. 

 

“Manas” dastanında cəngavər döyüşçülərin sürdüyü Tulparın qanadları haqqında yayılmış nağıllar, “Kitabi Dədə Qorqud” dastanındakı atlarla bağlı bayatı və deyimlərin, “Koroğlu” dastanında ildırımsürətli Qıratın və günəş işığı dəyərək qanadı ərimiş Düratın haqqındakı əfsanə və əsatirlər  bu xalqlar üçün atın necə müqəddəs və ilahi varlıq olduğunu görürdüm.

Hətta kəndimiz də daxil olmaqla hələ də islamdan çox-çox öncələrə aid totem inanclarında doqqazın payasına bağlanmış at başı sümüyü və göz qaytarmaq üçün evlərin girişindən asılan at nallarının inancı bu gün də günümüzdə öz aktuallığını qoruyub saxlayır.

 

Bu yaxınlarda Qazaxstan türklərinin atla bağlı atalar sözü və zərb məsəlləri ilə tanış olurdum. Onlar içində “Атты қамшымен айдама, жеммен айда”, yəni “Atı qamçı ilə sürmə, yemlə sür”, - atalar sözü ata qarşı bütün türk kişilərinin eyni münasibətdə olduğunun şahidi oldum. 

Məlumdur ki, atların ilk dəfə əhilləşdirilərək insan həyatında istifadə edilməsi bizim eradan əvvəl I minillikdə Manna dövlətində baş vermişdir. Hər kəsə məlumdur ki, Umiya gölü ətrafında təşəkkül tapmış qədim Manna dövləti indi də türklərin geniş yayıldığı ərazilərdə mövcud olub. 

Manna dövləti dağıldıqdan sonra Azərbaycan ərazisində mövcud olmuş Midiya və Atropatena dövlətlərində atçılıq sahəsinə bağlı sənətkarlıq nümunələri də geniş inkişaf etmidşir. 

Burada mövcud olan əhilləşdirilmiş saf qanlı at nümunələri qızılı rəngdə olmuşdur. Hazırda Türkmənistanda qorunub saxlanılan və bu gün də dünyaca məşhur olan Aхaltəkə atları da bu at cinslərinin davamıdır. Eyni məsuliyyət hissi ilə deyə bilərik ki, Azərbaycan хalqına məхsus olan Qarabağ atları da rəng və digər fizionomik-genetik göstəricilər baxımından Nesey atlarının davamçılarıdır.

Güclü genetik xüsusiyyətlərinə rəğmən nə avropa cinsləri, nə yaxın ərəb cinsləri ilə qarışdıqda əsas genetik xüsusiyyətlərini itirmir, əksinə digər cinsləri öz xüsusiyyətləri ilə deqradasiyaya uğradır. Odur ki, dünyada hazırda mövcud olan at cinslərinin əldə edilməsində ən böyük üstünlüklərə malik Azərbaycan ərazisində mövcud olmuş Xəzər dənizinin cənub-qərbində yerləşən Nesey düzənində mövcud olmuş iri cüssəli, güclü, yaraşıqlı və sürətli qaçışı olan Nesey atları müstəsna rol oynamışdır. 

 

Dünyaca məşhur "Thoroughbred" ingilis safqanı olaraq tanınan at cinsi XVII-XVIII əsrlərdə yerli qısraklarla xaricdəki Ərəb, Berberi və Türkistan ayğırlarının cütləşdirilməsi nəticəsində yetişdirilmişdir. 

Ərəb Xilafətinin Azərbaycan ərazilərinə qarşı işğalçılıq dönəmlərində Azərbaycan ərazilərindən on minlərlə qızılı atlar ərəbistana daşınıb aparılmış və burada bu gün dünyada Ərəb atı kimi tanınan məşhur cinslərin yetişdirilməsini təşkil etmişdilər. 

 

Bu yerdə tam əminliklə deyə bilərik ki, Türküstan və odlar yurdu Azərbaycanda mövcud olmuş atçılıq sənəti üzrə təhsil, təlim, sənətkarlıq geniş inkişaf etmişdir. Böyük türk cahangiri Əmir Teymur deyərdi: Biz türklər səhralarda çadırlarda doğular, döyüşlərdə at belində ölərik. Gerçəkdən də türkün atla təması heç bir xalqın, millətin bacara bilmədiyi şəkildə möhtəşəm olmuşdur. 

 

İstər 1071-ci il 26 avqust Malazgird döyüşündə, istərsə də 1526-cı ilin 29 avqust tarixində baş vermis Mohac döyüşündə Avropa döyüşçüləri ata ağır zireh, zəncirlə bir-birinə bağlanmış nizam versələr də, əsasən zərbə endirəcək silahlarla silahlanmış, ön sırada olan atlarn baş hissələrinə dəridən tikilmiş qoruyucu örtük keçirmiş Səlcuqlu və Osmanlı döyüşçüləri həmin döyüşlərin qalibi olmuşdular. 

Bu da türklərin atla bağlı döyüş qabiliyyətinin üstünlüyünün göstəricisidir. 

 

Odur ki, min illiklər boyunca tarixdən süzülüb gələn bu söz, min illiklər boyunca da türkün adı ilə yaşayacaq: 

At minən türkdür, türk deyilsə yükdür. (Azərbaycan)

Ot mingan turk, turk bo‘lmasa, yuk. (Özbək)

Атқамінгентүрік, түрікболмаса, жүк. (Qazax)

At minɡen kishi tyrk , 'eɡer tyrk bolmisa , 'u bir yyk. (Uyğur)

Аткаутырганкеше - төрек, төрекбулмаса, улавыр. (Tatar)

 

Bəli, uca Tanrı türk xalqlarına daha böyük var olma səxavəti bəxş etmişdir. Bu səxavət təkcə millətin dözümlülüyündə deyildir, həm torpağın bərəkətliliyində, həm də türkün namusu sayılan atların da üstünlüyündə öz əksini tapmışdır. 

At muraddır!

 

“Ədəbiyyat və incəsənət”

(28.10.2025)

 

Çərşənbə axşamı, 28 Oktyabr 2025 09:29

“Maraqlı söhbətlər”də arılardan inanılmaz hərəkət

 

 

Nemət Tahir, “Ədəbiyyat və incəsənət” portalının Qarabağ təmsilçisi

 

Əgər bal qoxusuna gələn siçan, kərtənkələ kimi kiçik bir heyvan təsadüfən arı pətəyinə girərsə, arılar dərhal və böyük aqressiya ilə reaksiya verirlər!

Onlar dəfələrlə sancaraq, həmin canlını ölümünə qədər hücum edirlər.

Lakin bu “sancma” başa çatdıqdan sonra yeni bir problem yaranır: ölmüş heyvanın cəsədi o qədər böyük ola bilər ki, arılar onu pətəkdən çölə çıxara bilməzlər.

 

Bu vəziyyətdə arılar inanılmaz bir yaşamaq instinkti nümayiş etdirirlər. Cəsədin çürüyüb bakteriya və pis qoxu yaymasının qarşısını almaq üçün onu propolis adlanan xüsusi maddə ilə tamamilə örtürlər.

Propolis — arıların ağaclardan və bitkilərdən topladığı qətranabənzər bir qarışımdır və çox heyrətamiz xüsusiyyətlərə malikdir:

• Antimikrob və göbələk əleyhinə təsir göstərir

• Nəmə qarşı davamlıdır

• Qoxuları neytrallaşdırır və toxumanın qurumasını sürətləndirir.

Arılar ölmüş heyvanı propolis və mum qatları ilə örtərək onu tam şəkildə izolyasiya edirlər, beləliklə pətəyin daxili mühitinə heç bir zərər gəlmir. Zaman keçdikcə bədən quruyur və heç bir təhlükə yaratmadan yalnız bir skelet kimi qalır.

Bu davranış, arıların öz yuvalarını təmiz və sağlam saxlamaq bacarığının nə qədər möhtəşəm olduğunu göstərir. Bu, tamamilə təbiətin verdiyi instinkt və vasitələrə əsaslanan təbii bir sağlamlıq nümunəsidir.

Mənbə:  Rəşad Həsənov

 

“Ədəbiyyat və incəsənət”

(28.10.2025)

Çərşənbə axşamı, 28 Oktyabr 2025 10:28

Payızı sevmək, ya sevməmək ? – EKSPRESS SORĞU

 

Nail Zeyniyev, “Ədəbiyyat və incəsənət”

 

Portalın əməkdaşlarının cavablandırdıqları növbəti ekspress-sorğu hazırda sərin-ilıq günlərini yaşadığımız payız fəsli ilə bağlıdır. Payızı niyə sevmək, yaxud niyə sevməmək?

 

Payızı sevmək yaşamağın özünü sevməkdir. O qızıl paltarında, ağacların dilində bir həzin nəğmə oxuyaraq gəlir. Tökülən hər yarpaq bir xatirə kimi uçub gedir, ömrün təqvimlərini xatırladır insana. Elə düşünürəm ki, payız bizə gözəllik sona çatanda belə ona heyran olmağı öyrədir, məhz bu itkinlikdə, bu rənglərin solğunluğunda həyatın, ölümün dərin mənası gizlənir.

Payızı sevmək bəzən dəyişməyin gözəlliyini qəbul etməkdir. Yarpaqlar əbədi yaşamadıqlarına görə əslində bizi hər il yenidən valeh edir. Bu fəsil bizə sakitləşməyi, özümüzə qayıtmağı, həyata müxtəlif pəncərədən baxmağı öyrədir. Payız gələndə insan sanki yenidən doğulur, yenidən düşünməyə başlayır. Baxırsan ki, təbiət özünü dəyişikliyə təslim edir, heç bir etiraz etmədən yarpaqlarını tökür, öz dövrünü tamamlayır. Biz insanlar da bəlkə elə olmalıyıq keçmişi buraxıb, yeniliyə qucaq açmalıyıq.

Payızın xüsusi bir cazibəsi var. Səhər gəzintilərində ayaq altında xışıldayan yarpaqların səsi, buludlu səmaya baxıb düşüncələrə dalmaq... Bunların hamısı payızın bəxş etdiyi sadə, amma əvəzolunmaz məqamlardır. Payız romantikadır, payız poeziyadır. Şairlər boşuna yazmayıblar bu fəsil haqqında - payızda hər şey şeir kimi axır.

Amma.. payızı belə sevdiyimiz kimi, sevməmək də mümkündür. Çünkü o, acı həqiqətlərlə gəlir. Gündüzlər qısalır, işıq azalır və havadaki soyuqluq sümüklərimizi belə titrədir. O bizə heçnəyin əbədi olmadığını xatırladır, bəzən sevdiyimiz şeylərlə vidalaşmağı bacarmalıyıq. Hər axşam erkən qaralmağa başlayan göy üzü sanki ümidlərimizi də qaraldır. Günəş tez batır, qaranlıq tez çökür və insan özünü tənha hiss edir bu qaranlıqda.

Yağan yağış damcıları da insanın boğazında düyünlənən kədərə çevrilir. Pəncərəyə dəyən yağmur səsi bəzən sakitləşdirici olsa da, bəzən içindəki kədəri daha da dərinləşdirir. İtirdiyimiz şeylərə ağlamaq, qaranlığa qorxu ilə baxmaq payızı sevməməyin bir parçasına çevrilir. Payız bizi öz-özümüzlə qalmağa, tənhalaşmağa, suallar içində itib-batmağa vadar edir. O suallar ki, bəlkə də biz onlardan qaçmaq istəyirik - harada səhv etdik, nəyi itirdik, nə qazandıq bu həyatda?

Mənə soruşsanız, mən payızı bütün fəsillərdən daha çox sevirəm. Bəlkə də məhz onu sevməmək üçün olan hər səbəbə görə. Çünki həyat məhz belədir - gecə və gündüz, sevinc və kədər, həyat və ölüm yan-yanadır. Payız mənə öyrədir ki, gözəlliyi qiymətləndirmək üçün itkini də yaşamalısan. Xoşbəxtliyi anlamaq üçün kədəri də tanımalısan. Payız həqiqətdir, yalan deyil. Və mən nə qədər acı olsa da həqiqəti sevirəm. İndi isə həqiqəti sevdiyim kimi, payızın qarışıq ahəngində olan qəzəlimi təqdim edirəm..

 

Şimşək kimi birdən yerə çaxmaq nə gözəldi,

Göylərdən enib göylərə baxmaq nə gözəldi.

Al-pəmbə buludlar təki dolmaq və yorulmaq,

Coşqun dəli çaylar kimi axmaq nə gözəldi.

Dərdin dolanıb boynuna kəndir kimi olmaq,

Boğmaq, yapışıb boynunu sıxmaq nə gözəldi.

Məndən necə sormaz səni, sevdalı əsən yel,

Sevdalı əsən yellə darıxmaq nə gözəldi.

Nail, sənə yerlərdə sürünmək yaraşarmı?

Hər gün yeni bir zirvəyə çıxmaq nə gözəldi.

 

“Ədəbiyyat və incəsənət”

(28.10.2025)

 

Çərşənbə axşamı, 28 Oktyabr 2025 14:28

“1 şair, 1 şeir”də Əfrayim Hüseynli

 

Təqdim edir: İlqar İsmayılzadə, “Ədəbiyyat və incəcənət”

 

“Ədəbiyyat və incəsənət” portalının “1 şair, 1 şeir” rubrikasında bu gün Əfrahim Hüseynlinin “Bizim qismətimiz belə ömürdü” şeiri təqdim edilir. Əfrahim Hüseynli Azərbaycan Yazıçılar Birliyinin üzvüdür, həkim və şairdir.

 

 

BİZİM QİSMƏTİMİZ BELƏ ÖMÜRDÜ

 

Ürək də dəyişib, bir sözə bənddi,-

Yağış selə dönüb yuyacaq bəndi...

Bu ömür açılmaz bir qıfılbənddi,-

Bizim qismətimiz belə ömürdü.

 

Getdik harayına süfrə başından

Qəlbi kövrəyin də, qəlbi daşın da.

Əlacı biziksə, axan yaşın da...

Bizim qizmətimiz belə ömürdü.

 

Arzu var, muraz var düşüb düyünə,-

İsinə bilmirik toya - düyünə.

Dözdük, acımadıq bu ömür-günə,

Bizim qismətimiz belə ömürdü.

 

Varsa da üstündə Tanrı kölgəsi,

Bizi soraqlayar, gəzər bəndəsi.

Dərd yiyəsi qalıb, biz əriyəsi...

Bizim qismətimiz belə ömürdü.

 

Arzuya körpüyük, keçib gələn yox,

Dərdliyə sevincik, deyib-gülən yox.

Əriyən biziksə, bunu bilən yox,-

Bizim qismətimiz belə ömürdü.

 

...Vaxt qısa, ötənlər uzaqda qaldı,

İllər ya yuxudu, ya da nağıldı?!

Başıma yığışan dostlar dağıldı,-

Bizim qismətimiz belə ömürdü.

 

Taledən, ömürdən nəydi istəyim?-

Nə zirvə, nə də ki, göydü istəyim!

Dərd olub qapını döydü istəyim,

Bizim qismətimiz belə ömürdü.

 

Hamıya yanırıq...daha nə xeyri?

Bir yan günəşlidi, bir yan qüzeyli.

Bacı da, qardaş da bizdən gileyli,-

Bizim qismətimiz belə ömürdü.

 

Ürək də dəyişib, bir sözə bənddi,-

Yağış selə dönüb yuyacaq bəndi.

Bu ömür acılmaz bir qıfılbənddi,

Bizim qismətimiz belə ömürdü.

 

“Ədəbiyyat və incəsənət”

(28.10.2025)

Çərşənbə axşamı, 28 Oktyabr 2025 12:00

Koroğlu Heraklın prototipidir? - ARAŞDIRMA

İmran Verdiyev,

Azərbaycan Respublikasının Əməkdar müəllimi. “Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi

 

 

”Koroğlu” dastanı türk xalqları arasında ən çox yayılmış ortaq abidələrdəndir. Bu eposun türkmən-özbək və Azərbaycan-Anadolu versiyaları daxilində 500-dən artıq varantı vardır. “3500-3000 il öncə miflərdən folklora keçid aşamasında yaranan” dastanın mövcud variantlarında onun baş qəhrəmanının Goroğlu/Koroğlu/Qoroğlu və s. adlanması isə eyni semantik kodun mifoloji səviyyədə ayrı-ayrı  yönləri ilə təqdimatıdır. On beşdən çox xalqın (o cümlədən qeyri-türk xalqlarının) şifahi və yazılı irsində öz həyatını yaşamağa davam edən, yayılma arealına görə qarşılığı olmayan və mifdən formalaşan dastanın motivləri   dünya xalqlarının folklorunun da oxşar motivlərlə zənginləşməsinə öz təsirini göstərmişdir.

 

Şifahi ifa ilə Mərkəzi Avropaya - Dunay çayı sahillərinə, bütöv Avrasiyaya, Sibirdən Afrikaya - Aralıq dənizi sahillərinə qədər geniş ərazilərə yayılmış Goroğlu/Koroğlu motivləri qədim Avropa xalqlarının da mifologiyasında təzahür etmişdir. Digər xalqlar kimi yunan və latın xalqları da bu mötivlərdən bəhrələnmiş, Goroğlu/Koroğlu Herakl-Herkul obrazında yeni çalarlar qazanmışdır. 

Görkəmli türkoloq, filologiya elmləri doktoru,professor F.Ağasoylu özünün “Goroğlu necə Herakl oldu” kitabında (səh:12-13) yazır ki, “...Ön Asiyada ortaya çıxmış Goroğlu mifi m.ö. II minilin başlarında Anadolunun Tuman, Kaşkay, Palu (Bolu) adlanan orta bölgələrini və Azərbaycanın batı bölgələrini də... içinə alan geniş alanda yaranıb zamanla epos formasında gəlişmiş, bütöv Anadolu ilə Azərbaycana yayılmışdır. Sonralar bu epos türklərlə qonşu olan xalqların folkloruna keçmiş, onun qədim variantını 3500-3000 il öncə Anadolu üzərindən pelasklar və etrusklar (onlar türk mənşəli hesab olunurlar, etruskların üç min il öncə Anadoludan Etruriyaya getməsini DNH testləri də təsdiq edir-İ.V.) Yunan və İtaliya bölgələrinə...aparmışlar...Goroğlu ilə bağlı qədim motivlər Anadolu və Azərbaycanda pozulsa da, buradan batıya və doğuya aparılan variantlarda ilkin süjet və elementlərin önəmli hissəsi saxlanmışdır”. Türk araşdırmaçı, professor O.Karatay da bu fikri təsdiqləyərək “İran ile Turan Hayali Milletler Çağında Avrasya ve Ortadoğu” (Ankara-2003, səh:159) əsərində  yazır: “…Türkçe ile akraba bir dil konuşan etrüsklerin  mühtemelen asıl yurtları olan Azerbaycandan alıb Batı Anadoluya, oradan İtaliyaya götürdükleri Hekül/Köroğlu dastanı, başka bir koldan kuzeye gitmiş, sakaların hafizasında yüzyıllarca yaşamış, nihayət raviler (rəvayət söyləyənlər-İ.V.) onu Herodotosa anlataraq ebedileşməsini sağlamışlar”. Böyük ehtimalla Göroğlu/Koroğlu haqqında Herodota anladılanlar hələlik dastana çevrilməmiş miflər olub. Çünki filologiya üzrə elmlər doktoru, professor R.Qafarlının da yazdığı kimi,  “Koroğlunun Herakl...ilə bağlanan kökləri çox dərin qatlarda yerləşsə də, mif motivin eposlaşması sonrakı dövrlərə düşür”. (https://mifologiya.az/wp-content/uploads/2021/05/ mifologiya_1.pdf)

Göroğlu/Koroğlu-Herakl bağlılığı hələ XIX yüzillikdə Avropa alimlərinin diqqətini özünə cəlb etmişdi. Həmin əsrdə indiki Yunanıstan ərazisində arxeoloji tədqiqatlar aparmış ingilis arxeoloqu L.Vulli bölgənin yunanlardan öncə yaşamış qədim əhalisi olan pelasklıların proto türk mədəniyyətinin daşıyıcıları olmasını yazmışdır. L.Vulli hətta əski yunan mədəniyyətində, o cümlədən mifik təsəvürlərinin formalaşmasında pelaska türklərinin izlərinin olmasından da bəhs etmişdir. Herodota görə də, yunanlar böyük millət halına gəldikləri üçün pelasklara borcludurlar.    (https://www.angelfire.com/tn3/tahir/trk35.html).

Bu baxımdan qədim yunan mifologiyasının qəhrəmanı Herakl obrazının mənşəyinin də prototürk tayfalarına bağlanması təəccüblü gəlməməlidir. Tarixin atası adlandırılan Herodotun  saqaların (skitlərin) soykökü barədə Qara dənizin quzey sahillərində yunan kaloniyalarından topladığı mifdən aydın olur ki,  Herakl saqaların ulu babası olan Skifin atasıdır.  Herodot saqaların özlərindən topladığı mifdə isə Targitayı onların əcdadı kimi təqdim edır. O, Heraklın saqaların - skiflərin əcdadı Targitayın yunanlaşmış variantı olduğunu da qeyd göstərir. (Çox güman ki, bu, deyildiyi kimi, Herodotun Targitayı daha qədimdən Yunanıstana gedib çıxan, orada çox yayğınlaşan, Goroğlu və ya Koroğlunun yunan  mifologiyasında Herakla çevrilmiş obrazı ilə müqayisə və izah etmək cəhdindən irəli gəlir.) Deməli, yunanlar Targitay adını Herakl şəklinə salmışlar. Yəni yunan miflərindəki Herakl elə Targitaydır. Bu faktları artıq bir çox alimlər də etiraf etmişlər. B.N.Qrakov yazırdı ki, “yunanların Targitayı Herakla çevirmələri üçün o qədər də böyük əziyyət çəkməyə ehtiyac olmamışdır”. Qeyd edilənlər avropalı araşdırmaçıların “Herakl yunan mifologiyasına dışarıdan gəlmişdir” sözlərində haqlı olduqlarını göstərir. Tanınmış mifologiya tədqiqatçı M.Eliade də yazır ki, Heraklla bağlı süjetlər “doğu mənşəli görənəkləri daşıyır”.H.Qrets isə deyirdi: “Herakl yunanların mifik qəhrəmanı deyil, Turan ordularının alpıdır”. Bu baxımdan O.Karatayın “Sakaların Herkülün milleti olduğunu söylemek gayriciddi bir tespih deyildir” fikri də özünü tamamilə doğruldur. Miflərin həm Targitayı, həm  də Heraklı tanrı oğlu kimi təqdim etməsi də deyilənlərə haqq qazandırır. Targitay Ulu Baba (Göy) ile Ulu Ananin (Yerin), Herakl isə tanrı Zevislə gözəl Alkmenanın izdivacından doğulub. Koroğlu rəmzi – sufizmdə “Qor Oğlu” kimi açılır ki, bu da Herakl rəmzi kimi “Qor-İlahi”, yəni qədim...Qor Allahı mənasındadır. Qor Allahı isə elə Ra-Amon, yəni Rəhman Allahdır (Firudin Gilar Bəg).

Zənnimizcə, Targitay da, Herakl da elə Goroğlu/Koroğludur. Onların  adlarının etimologiyası da eyni ismi daşıdıqlarını ortaya çıxarır.  O.Karatay yuxarıda adı çəkilən əsərində qeyd edir ki, “Yunanca Her-akle(s) keliməsi, etrükskçede Kher-okle biçimində keçər. Latince Her-kul(s) bundan gəlmiştir”. Hörmətli alimimiz F.Cəlilov da Britaniya müzeyində saxlanan və etrusk dilində olan bir metal lövhə (Taboba Oska) üzərində iki dəfə Goroğlu adının Hereklu şəklində verildiyini qeyd edir. “Koroğlu ilə Herakl adları eyni adın, yəni “Gor-oqulu” praformasının sonrakı fonetik dəyişmələrə uğramış və çox asan bərpa olunan formalarıdır” (F.Cəlilov). Tarix üzrə fəlsəfə doktoru Ə.Ələkbərov özünün “Türk tarixinin gizlədilmiş səhifələri” məqaləsində yazır ki, yunan dil qaydalarına uyğun olaraq isə Zevsin“oğlu” “Əroqlu /' Ήρακλης ” sonralar “Herakl / Herkules” adlandırıldı. Bir sözlə, Göroğlu da, Koroğu da, Herakl da əslində müxtəlif cür səslənib, mənaca eyni adı daşıyan bir şəxsdir.Tanınmış şair-araşdırmaçı Namiq Hacıheydərli demişkən, “Bizim Koroğlu dediyimizə antik dönəmdə yunanlar Herakl deyirdi”. 

Filologiya üzrə elmlər doktoru İ.Sadiq “Şumer və türk dastanları” əsərində yazır ki, italyan və yunanlar Herakl (Goroğlu/Koroğlu) adı ilə birlikdə onunla bağlı süjet və motivləri də skiflərdən götürmüşlər. M.Hacıyevin söylədiyi kimi, özününküləşdirdikləri əfsanələrdən başlıcası isə Goroğlu əfsanəsi olmuşdur. Amma Gerkules, Herkules kimi. Və bir də öz tanrı və tanrıçalarıyla kifayət qədər bəzək-düzək qoşaraq, cürbəcür macəralar əlavə edərək. Ona görə də romalıların Herkulesi ilə yunanların Heraklı eyni şeydir, çünki ikisini də Orta Asiyadan  Balkan və Apennin yarımadalarına türkdillilər gətiriblər. Həm də mifoloji qəhrəman Göroğlu/Koroğlu  kimi. (https://modern.az/ news/67904/)

Buna görə Herakl hekayələri də Goroğlu/Koroğlu mötivləri ilə bağlanır. Herakl  və Goroğlu/Koroğlu eyni mifik motivlərin qəhrəmanlarıdır.  Üstəlik “Heraklın 12 qoçaqlığı” “Goroğlu” dastanının 12 qolu (ilkin variantda) ilə say bağlantısını da saxlayır.

Diqqəti cəkən digər bir məsələ də Herakla verilən 12 tapşırıq sırasında Erimant (Ağrı) dağı, Troya (Marmara bölgəsii, Çanakqala rayonu) və Amazonlar yurdu (Albaniya, Qafqaz dağının ətəkləri...) kimi adı keçən yerlərin yunanlardan doğuda, Anadolu və Qafqazda olmasıdır. Hətta Heraklın on ikinci qoçaqlığının Türkiyənin Zonguldak rayonundakı “Cehennem Ağzı Mağaraları”nda baş verdiyi söylənilir. Üstəlik Antalya bölgəsində 1980-cı ildə qazıntılar zamanı 1800 illik tarixi olan “Yorğun Herakl” adı verilmiş heykəl tapılmışdır.  Atropatenadakı Kerefto dağlarında yerləşən qaya məbəd tikilisində isə yunan dilində belə bir yazı vardır: "Herakl burada məskundur, pis şey olmaz" (http://elibrary.bsu.edu.az/files/ books_460/N_253.pdf. Səh:198). Herakl həm də Qafqaz dağlarında qayaya zəncirlənmiş Prometeyi azad etmişdir. Professor R.Qafarlı isə “Azərbaycan türklərinin mifologiyasında dünya dağına inam” məqaləsində yazır ki, “Qaf dağının qoruyucusu Hərkayıl yunanlara saklardan keçən mifik mədəni qəhrəman Heraklı xatırladır”.  

Araşdırmaçıların Heraklla bağlı mif, əfsanə, rəvayət və hekayələrlə “Goroğlu”/”Koroğlu” miflərindəki (dastanlarındakı) bir sıra motivlərin (tanrı və tanrıçalarla kifayət qədər bəzək-düzək qoşulmuş hallar və əlavə edilmiş cürbəcür macəralar istisna olmaqla) paralelliyibarədə söylədikləri də Göroğlunun/Koroğlunun Heraklın prototipi olduğuna inandırır.

Əvvələn, qəhrəmanların hər biri iki adlıdır. Onların əvvəlki adları Rövşən və Alkid olub. Koroğlu və Herakl (Heraklus, Herkules, Herekle, Hereklu) adları onlara sonradan verilən ikinci adlardır.  Yuxarıda qeyd etdiklərimizdən də məlum olduğu kimi, sonradan verilən adların ikisi də “Gor-oqulı” praformasından yaranıb. Deməli, türklərin mifik qəhrəmanının adı da dəyişməyib, sadəcə kiçik fonetik fərqlərə uğramışdır.

Bir başqa motivə-süd içməklə uzun yaşam imkanı qazanmaq motivinə baxaq. Qəbirdə doğulan Goroğlu kiçik bir deşikdən çıxaraq keçidən, Herakl isə yatmış Heradan süd içərək “ölümsüzlük” qazanırlar. Azərbaycan variantında isə Koroğlu Qoşabulaq suyundan içib yenilməz bir qəhrəman, həm də aşıq olur. Ümumiyyətlə, süd, dirilik suyu və ya adi su içməklə həyatda qalmaq, igid, aşıq, şair və ölümsüz olmaq türk mifologiyasında geniş yayılmış motivlərdəndir.

Və yaxud onların doğulacaq övladları (xüsusən oğlanları) üçün əmanət qoyma mötivlərini götürək. Dastanın Azərbaycan variantında (“Koroğlunun Dərbənd səfəri”) Koroğlu Ərəb paşanın qızı Möminə xanıma bazubənd, “Herakl və skiflər” adlı mifdə də gördüyümüz kimi, Herakl isə İlan-qız cildində olan pəriyə (Apa (Ana) ilahəyə) yayını və kəmərini əmanət qoyur.

Hətta Goroğlu (Koroğlu) ilə Heraklın ilk xanımlarının adları da çox oxşardır: Nigar və Megara. Hər iki xanım da əsilli-nəsilli xanımdır. Nigar xanım İstanbul sultanının, Megara isə Fiv kralı Kreonun qızıdır.

O da maraqlıdır ki, qəhrəmanların doğulan övladları hamısı oğlandır. Yəni onların qız övladları yoxdur. (Heraklın  Apa tanrıdan olan övladları nəzərdə tutulur.)

Bu paralellər sırasına hər iki qəhrəmanın - həm Koroğlunun, həm də Heraklın atlarının itməsi; hər ikisinin də övladlarının yad yerdə doğulması; hər ikisinin də oğulları doğulmamış o məkanı tərk etmələri, hər ikisinin də əmanətləri oğullarını gələcəkdə tanımaq məqsədi ilə qoyması; xilaskarlıq missiyası daşımaları və digər mötivləri də aid etmək olar.

Belə paralellərin sayını artırmaq da olardı. Amma tədqiqat nəticələrinə istinadən  yazıda qeyd etdiklərimizın Goroğlu/Koroğlunun Herakl olmasını, onların ən azından Herakl haqqında mif, əfsanə, rəvayət və hekayələrin formalaşmasına təsir etdiyini sübut etmək üçün yetərli olduğunu zənn edirik. Ola bilər ki, bəziləri bu oxşarlıqların təsadüfi olduğunu düşünürlər. Belələrinə demək istərdik ki, bunların  təsadüfi oxşarlıq sayılması mümkün deyil.  Təsadüf bir olar, iki olar, lap üç olar. Onlarla oxşarlıq təsadüfi ola bilərmi?! Bir də ki, bəs siz bunların təsadüf olduğunu hardan bildiniz?! Axı “təsadüfi surətdə baş vermiş şeyləri Allahın özü də bilməz” (M.T.Siseron).

Uzun sözün qısası, Herakl Goroğludur/Koroğludur. Başqa sözlə, Heraklın parolu “türk bədii-estetik təfəkkürünün və milli-mənəvi özünüifadəsinin yaratdığı”   Goroğlu/Koroğludur.

 

“Ədəbiyyat və incəsənət”

(28.10.2025)

 

 

 

 

 

 

 

Çərşənbə axşamı, 28 Oktyabr 2025 11:14

“Məndən xəbərsiz” – Yeni kitabın təqdimatı

 

İlqar İsmayılzadə,

fəlsəfə üzrə fəlsəfə doktoru, "Həməşəra" mətbu orqanının təsisçisi və baş redaktoru, AJB və AYBi-nin üzvü, "Ədəbiyyat və incəsənət" portalının Cənub təmsilçisi

 

Bu günlərdə Cəlilabad ədəbi mühitinin nümayəndələrindən olan dəyərlimiz, yazıçı və şairə xanım Pərvanə İsgəndərqızının ilk şeir kitabı işıq üzü görmüşdür.

Kitabın əsas məlumatları:

Kitabın adı: "Məndən xəbərsiz" (Pərvanə İsgəndərqızının poeziya dünyasından bir damla) - Şeirlər toplusu

Müəllif: Pərvanə İsgəndərqızı

Redaktor: Arzu Əyyarqızı ("Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyi"nin üzvü və Cəlilabad rayonu üzrə rəsmi təmsilçisi, "Həməşəra" Ədəbi Məclisinin yaradıcısı və rəhbəri, "Zərif kölgələr" ədəbi saytının idarə heyətinin üzvü, Azərbaycan Yazıçılar Birliyi və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, "Həməşəra" Fəxri Diplomu laureatı, yazıçı-şair)

Məsləhətçi redaktor və ön söz müəllifi: İlqar İsmayılzadə (fəlsəfə üzrə fəlsəfə doktoru, "Həməşəra" mətbu orqanının təsisçisi və baş redaktoru, Azərbaycan Jurnalistlər Birliyi və Azərbaycan Yazıçılar Birliyinin üzvü, "Ədəbiyyat və incəsənət" portalının Cənub təmsilçisi)

Naşir: "Elm və təhsil" nəşriyyatı, Bakı

 

Kitab barədə:

Bu kitab Pərvanə İsgəndərqızının şeir və poeziya sahəsində oxucularının görüşünə gəlmiş ilk kitabıdır. Kitabda 80 heca, sərbəst, bayatı və s. formalarda qələmə alınmış şeirlər mövcuddur. Onun poeziya və şeir dünyası rəngarəng və maraqlı olsa da səmimi və aydındır. Əlbəttə, kitabda təqdim edilən şeirin müəyyən hissəsi ata, ana və s. bu kimi mövzulara aid olsa da onların əsas hissəsi sevgi, həmçinin, nakamlıq və kədərə məhkum olmuş sevgiyə həsr olunmuşdur. Hər bir halda Pərvanə xanımın şeirləri poetik tələblərə cavab verir və daha çox sərbəst şeirləri oxucu və dinləyiciyə ürək sözü və fikirlərini çatdıracaq səviyyədədir...

 

Minnətdarlıq:

Fürsətdən istifadə edib, Cəlilabad ədəbi mühitinin əziz və dəyərli nümayəndəsi, yazıçı-şair, "Həməşəra" Fəxri Diplom laureatı Pərvanə xanımı işıq üzü görmüş ilk şeir kitabına görə səmimi qəlbdən təbrik edir, bu sahədə mənə göstərdiyi etimada görə ona səmimi təşəkkürümü bildirir, eyni halda ona uzun, sağlam və mənalı-məsud ömür, yeni-yeni yaradıcılıq uğurları arzulayıram!

Bu arada kitabın redaktoru, əzizimiz və dəyərlimiz Arzu xanım Əyyarqızına, eləcə də "Elm və təhsil" nəşriyyatının rəhbərliyi və bacarıqlı əməkdaşlarına, xüsusilə də texniki redaktor Rövşanə xanım Nizamiqızına və peşəkar dizayner Zahid bəy Məmmədova göstərdikləri diqqət, peşəkarlıq və səmimiyyətə görə təşəkkürümü bildirir, onların hər birinə işlərində davamlı uğurlar diləyirəm!

 

“Ədəbiyyat və incəsənət”

(28.10.2025)

Çərşənbə axşamı, 28 Oktyabr 2025 11:00

Sağalmaz yaralar -ESSE

 

Aynur İsmayılova, “Ədəbiyyat və incəsənət”

 

Bir şeyin şahidi oldum. Bəzi yaralar heç zaman bağlanmır. İzi ya dərinə batmış gözlərdə, ya da bir toxunuşla alovlanan qəlblərdə gizlənir. Bu, o qədər həssas bir duyğudur ki, onu yazmaq da toxunmaq qədər ağırdır. Yaşamasan belə, yaşamış kimi hiss etdirir.

 

Daha dərini nədir, bilirsən? İnsan bu yaralarla birlikdə zamanla yarışmağa davam edir. İnsan üçün dəyərli olan zaman indi hər milində bir sızıltı, bir boşluq gizlədib. Hər anı, hər dəqiqəsi, hər günü ağrıdır.

Bu, ilk başlarda daha çox əzab verir, incidər. Zaman keçdikcə isə ağrının şiddətini daha az hiss etməyə başlayırsan. Çünki onunla yaşamağa alışırsan. Amma o, heç vaxt səni tərk etmir. Sən hər zaman o ağrıyla yaşamağa məhkum olursan.

Çünki o, artıq yoxdur. Səndən bir parça kimi qopub ayrılıb və heç vaxt sənə geri birləşməyəcək. Ona görə o yaranın yeri heç vaxt sağalmır. Gedənlər geri dönmədiyi kimi, açılan yaralar da heç zaman sağalmır. Onu sağaldacaq nə bir məlhəm, nə də bir qüvvə var.

Bəlkə də yaşamaq elə bu yaralarla barışmaqdır. Həyat, səncə də həm seviləsi, həm də sevilməyəsi bir hekayə deyilmi? Xoşbəxt anlarda ağrını hiss etdiyin kimi, sevmədiyin zamanlarda da gizli gözəlliyi duya bilirsən.

Bəlkə də həyat bu iki duyğunun arasında, sağalmayan yaraların izində yaşamağı öyrənməkdir.

Bilmirəm…

 

“Ədəbiyyat və incəsənət”

(28.10.2025)

Çərşənbə axşamı, 28 Oktyabr 2025 10:01

Azərbaycan sovet nəsrinin görkəmli nümayəndəsi

 

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Bəli. Bir vaxtlar həqiqətən də kitablar oxunardı, böyük şəhərlərdə kitab mağazalarında yeni kitaba növbələr yaranar, ucqar kənd kitabxanalarında isə üç ay o yana kitab götürməyə ad yazdırılardı. O dönəmlərdə İsmayıl Şıxlı, Mirzə İbrahimov, Bayram Bayramov, İlyas Əfəndiyev kimi yazıçılarin kitablarına hədsiz ehtiyac və təlabat var idi.

 

Mirzə İbrahimov 1911-ci il oktyabrın 28-də Cənubi Azərbaycanın - İranın Sərab şəhəri yaxınlığındakı Eyvəq kəndində (indiki İran İslam Respublikası, Şərqi Azərbaycan ostanı, Sərab şəhristanı, Şərəbiyan dehistanı, Eyvəq kəndi) anadan olub. 1918-ci ildə atası və böyük qardaşı ilə Bakıya gəlib. Əvvəlcə anası, sonra isə atası vəfat edəndən sonra kiçik yaşlarından Balaxanı və Zabrat kəndlərində muzdurluq edib çörək pulu qazanıb. Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra 1926–1930-cu illərdə Balaxanı fabrik-zavod məktəbində oxuyub və işləyib. Bədii yaradıcılığa da Zabrat fəhlə ədəbiyyat dərnəyinin üzvlüyündən başlayıb.

Mirzə İbrahimovun "Qazılan buruq" adlı ilk şeiri 1930-cu ildə "Aprel alovları" məcmuəsində dərc olunub. Bundan sonra dövri mətbuatda şeirləri nəşr olunub. O, ilk tənqidi, publisist məqalələrini, hekayə və oçerklərini də 30-cu illərdə yazıb. 1932-ci ildə beşilliklərin nəhəng tikintilərini və sosialist sənayesinin inkişaf sürətini öyrənmək üçün Ukraynaya — Donbas şaxtalarına, Dnepropetrovsk sənaye müəssisələrinə səfərdə olub, "Giqantlar ölkəsində" adlı oçerklər kitabını qələmə alıb. Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutunun ikiillik hazırlıq şöbəsində təhsil aldıqdan sonra partiya onu Naxçıvan MTS siyasi şöbəsinə — "Sürət" qəzetinin redaktoru vəzifəsinə göndərib. "Həyat" (1935) pyesi bu dövrün bəhrəsi olub

İkinci dünya müharibəsinin ağır sınaq illərində əsərləri, istərsə də fabrik-zavodlarda, kəndlərdə əsgəri hissələrdə odlu-alovlu çıxışları ilə düşmənə nifrət və qəzəb aşılayıb. 941-ci ildə Cənubi Azərbaycanda olarkən "Vətən yolunda" qəzetinin məsul redaktoru vəzifəsində işləyib. 1942-ci ildə Uzaq Şərqdə Xabarovsk, Vladivostok və s. hərbi dairələrdə 416-cı diviziyanın döyüşçüləri ilə görüşlərdə iştirak edib.

O, milli filoloji elmi kadrların hazırlanması sahəsində böyük işlər görüb. 20 avqust 1956-cı ildə Azərbaycan SSR Ali Sovetinin "Azərbaycan SSR-in dövlət dili haqqında Azərbaycan SSR-in Konstitusiyasına maddə əlavə edilməsi haqqında qanunu qəbul etməsi bu yüksək dövlət təşkilatının rəhbəri Mirzə İbrahimovun böyük səyləri nəticəsində mümkün olub. Onun sayəsində Azərbaycan SSR-də fəaliyyət göstərən rus, erməni və gürcü dilli məktəblərdə Azərbaycan dilinin tədrisi qanunlarda rəsmiləşdirilib. Həmçinin onun "Azərbaycan dili dövlət idarələrində" adlı məqaləsində (1956) milli məsələ ilə bağlı tale yüklü problemlər ön mövqeyə çəkilib.

 

Əsərləri

1. Giqantlar ölkəsi

2. Həyat üçün

3. Həyat (pyes)

4. Böyük demokrat

5. Azad

6. Gələcək üçün.

7. Böyük dayaq (Roman)

8. Mədinənin ürəyi (Hekayələr)

9. Xəlqilik və realizm cəbhəsindən

10. Murovdağın ətəyində

 

Yazıçı 1993-cü il dekabrın 17-də Bakıda vəfat edib, Fəxri Xiyabanda dəfn olunub.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(28.10.2025)

Çərşənbə axşamı, 28 Oktyabr 2025 11:33

Ahmet Kaya – Türk musiqisinin unudulmaz səsi

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

 

Söylə, söylə, yar bizə noldu,

Yenə qəlbim dərbədər oldu.

İstədim gözündən öpüm,

Gzölərin düşmənim oldu.

 

Bu mahnı o qədər qəlbi riqqətə gətirən, insanı tərpədən, duyğuları oyadan bir mahnıdır, uzun illərdir dəbdən düşmür. Biz onu indi şövqülə dinləyirik,  böyüklərimiz doxsanıncı illərdə eləcə dinləyib təsirlənərdilər…

Ahmet Kaya – türk musiqi ulduzlarından biri. 28 oktyabr 1957-ci ildə Malatyada doğulub, kasıb bir ailədə dünyaya gəlib. Atası mədən işçisi olub. Uşaqlıqdan musiqiyə böyük marağı olub. 6 yaşında ikən atasının aldığı bağlama (saz) aləti ilə musiqiyə başlayıb. Orta məktəbdən sonra ailəsi ilə birlikdə İstanbul şəhərinə köçüb. Gənc yaşlarında həm işləyir, həm də musiqi təhsili alıb

 

"Musiqi karyerasının başlanğıcı"

Ahmet Kaya 1970-ci illərin sonlarında musiqi fəaliyyətinə başlayıb. 1985-ci ildə ilk albomu “Ağlama Bebeğim” işıq üzü görüb. Bu albomdakı sosial və duyğusal mahnılar sayəsində qısa müddətdə tanınıb.

Onun mahnılarında: yoxsulluq, azadlıq, insan haqları, sevgi və ayrılıq kimi mövzular ön planda olub

 

"Ən tanınmış albomları və mahnıları"

Ahmet Kaya 20-dən çox albom buraxılıb. Onlardan bəziləri və məşhur mahnıları aşağıdakılardır:

 

Ən məşhur albomları

1. Ağlama Bebeğim (1985)

2. Acılara Tutunmak (1985)

3. Şafak Türküsü (1986)

4. Yorgun Demokrat (1987)

5. Başkaldırıyorum (1988)

6. Resitaller (Canlı konsert seriyası)

7. Beni Bul (1990)

8. Kurtuluş Savaşı Destanı (1994)

9. Dosta Düşmana Karşı (1998)

 

Ən məşhur mahnıları

Kum Gibi

Yorgun Demokrat

Ağladıkça

Kendine İyi Bak

Beni Vur

Şafak Türküsü

Başım Belada

Söyle

Karar Verdim

Birazdan Kudurur Deniz

 

Televiziya proqramlarında və mediada sərt hücumlara məruz qalıb, nəticədə Türkiyəni tərk edərək Fransaya mühacirət edib. Ahmet Kaya Fransada sürgün həyatı yaşayıb. O, Parisdə yaşadığı müddətdə də musiqi fəaliyyətini davam etdirib. Lakin sürgün həyatı və gördüyü haqsızlıqlar onu dərin psixoloji gərginliyə salıb. 16 noyabr 2000-ci ildə ürək tutmasından vəfat edib.

 

 Mirası və xatirəsi

Ahmet Kaya ölümündən sonra Türkiyədə yenidən qiymətləndirilib.

Mahnıları gənc nəsillər tərəfindən yenidən oxunmağa başlayıb, sənətinə dərin hörmət formalaşıb. 2001-ci ildə ölümündən sonra “Yılın Sanatçısı” (İlin sənətçisi) mükafatına layiq görülüb.

 

 Sitatları

> “Ben halkımın sanatçısıyım, onların acısını anlatırım.”

> “Beni anlamak için yüreğini dinlemen gerek.”

 

Ahmet Kaya-nın sənətinin xüsusiyyətləri

Mahnılarında həm siyasi, həm də insani duyğuları birləşdirib Səs tonu dərin, duyğulu və səmimi olub. Sözləri çox vaxt şeir formasında olub, xalq musiqisi ilə rok elementlərini birləşdirib.

Ahmet Kaya yalnız bir müğənni deyildi – o, xalqın səsini dünyaya çatdıran bir simvol, ədalət və azadlıq axtarışının siması olub. Onun mahnıları bu gün də dinlənilir və bir çox insan üçün ümid və dirəniş rəmzidir.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(28.10.2025)

 

89 -dən səhifə 2595

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.