“1 şair, 1 şeir”də Əfrayim Hüseynli Featured

 

Təqdim edir: İlqar İsmayılzadə, “Ədəbiyyat və incəcənət”

 

“Ədəbiyyat və incəsənət” portalının “1 şair, 1 şeir” rubrikasında bu gün Əfrahim Hüseynlinin “Bizim qismətimiz belə ömürdü” şeiri təqdim edilir. Əfrahim Hüseynli Azərbaycan Yazıçılar Birliyinin üzvüdür, həkim və şairdir.

 

 

BİZİM QİSMƏTİMİZ BELƏ ÖMÜRDÜ

 

Ürək də dəyişib, bir sözə bənddi,-

Yağış selə dönüb yuyacaq bəndi...

Bu ömür açılmaz bir qıfılbənddi,-

Bizim qismətimiz belə ömürdü.

 

Getdik harayına süfrə başından

Qəlbi kövrəyin də, qəlbi daşın da.

Əlacı biziksə, axan yaşın da...

Bizim qizmətimiz belə ömürdü.

 

Arzu var, muraz var düşüb düyünə,-

İsinə bilmirik toya - düyünə.

Dözdük, acımadıq bu ömür-günə,

Bizim qismətimiz belə ömürdü.

 

Varsa da üstündə Tanrı kölgəsi,

Bizi soraqlayar, gəzər bəndəsi.

Dərd yiyəsi qalıb, biz əriyəsi...

Bizim qismətimiz belə ömürdü.

 

Arzuya körpüyük, keçib gələn yox,

Dərdliyə sevincik, deyib-gülən yox.

Əriyən biziksə, bunu bilən yox,-

Bizim qismətimiz belə ömürdü.

 

...Vaxt qısa, ötənlər uzaqda qaldı,

İllər ya yuxudu, ya da nağıldı?!

Başıma yığışan dostlar dağıldı,-

Bizim qismətimiz belə ömürdü.

 

Taledən, ömürdən nəydi istəyim?-

Nə zirvə, nə də ki, göydü istəyim!

Dərd olub qapını döydü istəyim,

Bizim qismətimiz belə ömürdü.

 

Hamıya yanırıq...daha nə xeyri?

Bir yan günəşlidi, bir yan qüzeyli.

Bacı da, qardaş da bizdən gileyli,-

Bizim qismətimiz belə ömürdü.

 

Ürək də dəyişib, bir sözə bənddi,-

Yağış selə dönüb yuyacaq bəndi.

Bu ömür acılmaz bir qıfılbənddi,

Bizim qismətimiz belə ömürdü.

 

“Ədəbiyyat və incəsənət”

(28.10.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.