Super User

Super User

Çərşənbə, 05 Noyabr 2025 12:00

ŞEİR SAATInda Furqan Sadıqın şeirləri

 

“Ədəbiyyat və incəsənət” portalının Şeir saatı rubrikasında gənc şair Furqan Sadıqın şeirləri tqdim edilir.

 

 

***

 

müharibə bitəndə

dostunun qanı tökülmüş

torpağı

evə aparan

qazi,

heyif ki,

onu çərçivələyib

evin divarından

asa bilməz

şəkil əvəzi...

 

 

***

 

ölməsəm,

yoxa çıxsam da olar bir gün,

məsələn, itkin düşsəm,

heç vaxt tapılmayıb unudulsam!

oğurlasa məni

orqan mafiyası –

orqanlarımı

vecinə almasa,

ölkənin daxili orqanları...

...ölməsəm,

yoxa çıxsam da olar bir gün...

 

 

***

 

ağac deyil

bu bina,

meyvə deyil

balkondakı o adam,

yarpaq deyil

ipdən asılan paltar,

külək deyil

o adamı titrədən...

 

 

***

 

qazarkən

tərimin axdığı

səngərdə

qanı axan şəhidlə

qan qardaşı

sayılırammı mən?!

 

 

***

 

oğlunun ölümündən

daha çox

bilirsinizmi

nə yandırır onu?!

bilsəydi ki

son dəfə danışır,

heç söndürərdimi

telefonu?!

 

 

***

 

1.

 

yolun qırağında ağac var,

əynimə geyinmişəm, yaraşıb.

kölgəsində oturub

gövdəsinə söykənmişəm,

qarışqalar bədənimə daraşıb.

heç hara tələsmirəm,

heç kim məni gözləmir.

hava həlim, ilıqdı,

yolun qırağında ağac var,

kim əkibsə, sağ olsun,

yol isə ayrılıqdı,

kim çəkibsə, sağ olsun.

bir maşın keçir yanımdan sürətlə,

toz olur!

 

2.

 

ağlımda heç nə yoxdu,

bir-iki qafiyə var,

şeir quraşdırıram.

yox, yox, ağlımda kimsə var,

ya da qarışdırıram.

ağac da gülür buna, yellənir,

yol gülmür, uzağa yollanır.

qəfil bir hadisə baş verir,

təəccüblənirəm –

bir maşın keçir şeirin içindən,

söz olur!

 

3.

 

bir rəssam lazımdı,

fırçayla, boyayla

bu rəsmi çəksin,

bilirəm,

bir maşın keçəcək rəsmin içindən,

ağac maşına oturub gedəcək,

qalacam tək!

dizimə döyüb deyəcəm:

mənə nə olursa,

az olur!

 

 

***

 

cənablar!

nə olar,

VƏTƏN sözünü

bu qədər

israf etməyin!

axı mən

V hərflərindən

quşatan düzəltmək istəyirəm...

 

 

***

 

üzündən oxunan həyatın

içində yazılan nədi ki?

qış ömrü yaşayan şairin

şeirində yaz olan nədi ki?

 

kim oldu yuxumu dağıdan?

qaralır gözümün ağı da...

yatmadan gördüyüm yuxuda

tərsinə yozulan nədi ki?

 

qulağımda susan səslərdən

mən, bir musiqi bəstələ!

deyəsən, segahdı bu yetim...

...və ona züy tutur həsrətim!

bilmirəm nə qədər gözlədim...

soruşma gözləmək nədi ki?

heç nədi...

mənimçün heç nədi...

 

üzündən oxunan həyatın

içində yazılan nədi ki?

çölümdə səssizlik, sükunət...

içimdə əzilən nədi ki?!

 

 

 “Ədəbiyyat və incəsənət”

(05.11.2025)

 

 

 

İstanbulda keçirilən beynəlxalq müsabiqə - “İstanbul Autumn Festival”da Azərbaycan, Qazaxıstan, İran, Rusiya, Türkiyə, Gürcüstan və digər ölkələrdən iştirakçılar yarışıblar. Azərbaycan nümayəndəsi - tanınmış rəqqas Fərid Kazakov müsabiqədə qalib gəlib.

 

“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən  xəbər verir ki, azərbaycanlı sənətçi “Sentimientos a través del tiempo” adlı yeni nömrəsi ilə “Modern Dance” nominasiyasında çıxış edib və bu rəqslə növbəti dəfə birinci yerə layiq görülüb. Qeyd edək ki, Fərid Kazakovun “Kazakov İnternational Academy” tələbələri də öz kateqoriyalarında qalib gəliblər.

 

O bildirib ki, Azərbaycan Bayrağını beynəlxalq səhnədə ucaltmaq onun fəaliyyətində ən vacib və dəyərlidir.

 

“Ölkəmizin xoreoqrafiya sənətinin yüksək səviyyəsini nümayiş etdirərək Azərbaycana yenidən beynəlxalq səhnədə qələbə qazandırdığım üçün xoşbəxtəm. Bütün yaradıcılığım Azərbaycanı ən yüksək səviyyədə təmsil etməyə və bununla da sənətimizi xaricdə tanıtmağa yönəlib. Mən bu müsabiqə üçün uzun müddət hazırlaşdım. Çünki bu, mənim üçün yeni bir obraz idi. Təxminən bir ildir ki, İstanbuldakı Servantes İnstitutunda ispan dilini öyrənirəm. Buna görə də bu dildə mahnı seçimim təsadüfi deyildi. İspan mədəniyyətini sevirəm və artıq yanvar ayında tələbələrimlə birlikdə İspaniya və İtaliyada keçiriləcək yarışlara yollanacağam. Bu, mənim üçün vacib bir qələbədir, çünki xoreoqrafiyanın yaş məhdudiyyəti olduğu stereotipini qırmağa çalışıram. Allah mənə sağlamlıq və güc verdiyi müddətdə rəqs edəcəyəm. Ölkəmi beynəlxalq səhnədə və qələbə kürsüsündə təmsil etmək isə unudulmaz bir duyğular və emosiyalardır!” - deyə azərbaycanlı rəqqas əlavə edib.

 

Qeyd edək ki, Fərid Kazakov Azərbaycan və Rusiya rəqqası, xoreoqraf, balet sənətçisi, rəqs üzrə dünya çempionu, Rusiyanın üçqat ən yaxşı solisti, qlobal beynəlxalq “Most Fashionable Awards” mükafatı laureatı, “Central Asia's Got Talent” beynəlxalq istedadlar şousunun finalçısı, ikiqat Azərbaycan Milli Mükafatı laureatı, “Türkiyənin Ən İstedadlı Rəqqası” və Türkiyə Milli Mükafatı olan “Türkiye Zirvə Ödülləri” adların sahibidir. O, həmçinin yüksək kateqoriyalı müəllim, Avropa Mədəniyyət Assosiasiyasında Azərbaycan və Türkiyənin fəxri üzvü və səfiri, Bakı Xoreoqrafiya Akademiyasının və Moskva Dövlət Mədəniyyət İnstitutunun məzunu, beynəlxalq, ümumrusiya və milli müsabiqələrin dəfələrlə qalibi və Qran-Pri mükafatçısı, həmçinin Azərbaycan Prezidenti və Azərbaycanın Birinci vitse-prezidentinin “Zirvədəki Azərbaycanlılar” kitabına XXI əsrin Azərbaycan gəncliyinin görkəmli nümayəndəsi kimi daxil edilmiş sənətçidir.

 

“Ədəbiyyat və incəsənət”

(05.11.2025)

“İNNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzi”nin və “Sabah Hub”ın tərəfdaşlığı ilə “Rəqəmsal Startap Mükafatları” beynəlxalq müsabiqəsinin “Ən Yaxşı Startap Layihə” kateqoriyası üzrə Azərbaycan yarımfinalı uğurla baş tutub.

 

“Ədəbiyyat və incəsənət” portalına ASAN-dan verilən məlumata görə, yarımfinal mərhələsində ölkəmizi təmsil edən 20 innovativ startap layihəsi iştirak edib. Startap komandaları layihələrini münsiflər heyətinə təqdim edərək biznes modelləri, texnoloji yenilikləri və bazar potensialı kimi meyarlar üzrə qiymətləndirilib.

 

“Rəqəmsal Startap Mükafatları” proqramı regionun startap ekosistemində çoxpilləli inkişaf mexanizmini formalaşdıran, mərhələli seçim sistemi ilə fərqlənən beynəlxalq təşəbbüsdür. Proqramın üç əsas mərhələsindən biri olan “Ən Yaxşı Startap Layihə” kateqoriyası üzrə iki layihə — “StarKidsStories” və “Tryverse” qalib elan edilib.

 

“StarKidsStories” süni intellekt texnologiyalarına əsaslanaraq fərdiləşdirilmiş uşaq hekayə kitabları yaradan innovativ startapdır. Layihə miqyaslana bilən modeli və yüksək mənfəət potensialı ilə seçilir.

 

“Tryverse” isə fiziki məhsulların onlayn satışını artırmaq məqsədilə 3D və artırılmış reallıq (AR) texnologiyalarını birləşdirən platformadır.

 

Bu iki startap layihəsi Özbəkistanda keçiriləcək beynəlxalq final mərhələsində 9 ölkədən olan ən perspektivli startaplarla mübarizə aparmaq imkanı qazanıb.

 

Ümumilikdə müsabiqəyə Azərbaycan üzrə 150-dən çox startap müraciət edib. “Rəqəmsal Startap Mükafatı” proqramı “IT Park Özbəkistan”ın innovasiya platforması "StartupBase" tərəfindən təşkil olunur. Proqramın məqsədi Mərkəzi Asiya və Qafqaz regionlarında rəqəmsal innovasiyaları təşviq etmək, startap ekosisteminin inkişafına dəstək vermək və gənc sahibkarların beynəlxalq səviyyədə tanınmasına şərait yaratmaqdır.

 

“Ədəbiyyat və incəsənət”

(05.11.2025)

Çərşənbə axşamı, 04 Noyabr 2025 11:47

Azərbaycanın turizm imkanları Pakistanda tanıdılıb

 

Dövlət Turizm Agentliyinin tabeliyindəki Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə Pakistan turizm sənayesinin Azərbaycan haqqında məlumatlılığını artırmaq məqsədilə Pakistanın Lahor, Karaçi və İslamabad şəhərlərində silsilə tədbirlər keçirilib.

 

Dövlət Turizm Agentliyindən AzərTAC-a bildirilib ki, tədbirlərdə “Azərbaycan Hava Yolları” QSC, “Şahdağ” Turizm Mərkəzi, “Absheron Hotel Group” və 2 yerli turizm şirkəti təmsil olunub.

Pakistanın 200-dən çox turizm sənayesi və 21 media nümayəndəsini bir araya gətirən tədbirlər çərçivəsində B2B formatlı görüşlər, həmçinin Azərbaycanın turizm imkanları haqqında təqdimatlar keçirilib, Azərbaycanın sağlamlıq turizmi və biznes tədbirləri üzrə potensialı tanıdılıb.

İslamabadda keçirilən tədbirdə Azərbaycan Turizm Bürosunun İdarə Heyətinin sədri Florian Zenqstşmid və Pakistan İslam Respublikasının Baş nazirinin Turizm məsələləri üzrə milli koordinatoru Sərdar Yasir İlyas Xan arasında görüş keçirilərək turizm sahəsində əməkdaşlıq imkanları müzakirə edilib.

Bu ilin 9 ayında Pakistanda ölkəmizə 66 mindən çox ziyarətçi gəlib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 15 faiz artım deməkdir.

 

“Ədəbiyyat və incəsənət”

(04.11.2025)

 

Respublika Uşaq Kitabxanasında “Uşaq Hüquqlarının Müdafiəsi aylığı” çərçivəsində “Uşaq hüquqları və uşaqların sosial müdafiəsi” adlı maarifləndirici tədbir təşkil olunub. Tədbirin məqsədi uşaqların hüquq və azadlıqları barədə biliklərinin artırılması, onların sosial müdafiəsi mövzusunda məlumatlılığın gücləndirilməsi və hüquqi tərbiyənin inkişaf etdirilməsidir.

 

“Ədəbiyyat və incəsənət” portalına Kitabxanadan verilən məlumata görə, tədbirdə Rüstəm Əliyev adına 3 nömrəli məktəbin 2A və 4C sinif şagirdləri fəal iştirak ediblər. Şagirdlər uşaq hüquqları mövzusunda öz biliklərini bölüşüb, gündəlik həyatda hüquqların qorunmasının vacibliyi barədə müzakirələr aparıblar.

Kitabxananın əməkdaşı iştirakçılara “Uşaq hüquqları haqqında” BMT Konvensiyasının əsas prinsipləri, uşaqların təhsil, sağlamlıq, sosial müdafiə və təhlükəsiz mühitdə yaşamaq hüquqları barədə ətraflı məlumat verib.

Tədbir çərçivəsində kitabxana əməkdaşı Cenifer Murmalinos tərəfindən, Con Devis ilə birgə müəllifi olduqları “Yaşıdların təhlükəli təzyiqi” adlı kitabın icmalı təqdim olunub. İcmal zamanı müəlliflərin yaşıd təzyiqinin uşaqların davranışına və psixoloji durumuna təsiri, bu hallarla mübarizə üsulları və ailə dəstəyinin rolu haqqında fikirləri uşaqlara aydın və maraqlı şəkildə çatdırılıb.

Respublika Uşaq Kitabxanası tərəfindən keçirilən bu tədbir uşaqların hüquqi savadlılığının artırılması, onların hüquqlarının qorunması istiqamətində həyata keçirilən maarifləndirici fəaliyyətlərin davamı kimi böyük əhəmiyyət daşıyır.

 

“Ədəbiyyat və incəsənət”

(04.11.2025)

 

 

 

 

Bu il Azərbaycan bəstəkarı, Şərqdə ilk operanın yaradıcısı, böyük musiqişünas-alim, istedadlı publisist, dramaturq və pedaqoq, tanınmış ictimai xadim, Xalq artisti, Dövlət mükafatları laureatı, Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü Üzeyir Hacıbəylinin anadan olmasının 140 ili tamam olur. Prezident İlham Əliyevin dahi bəstəkarın 140 illik yubileyinin keçirilməsinə dair imzaladığı Sərəncamdan irəli gələn tədbirləri həyata keçirmək məqsədilə Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında mütəmadi olaraq materiallar hazırlanır.

 

 

“Ədəbiyyat və incəsənət” portalına Kitabxanadan verilən məlumata görə, istifadəçilərə təqdim edilən növbəti material kitabxananın rəsmi saytında yer alan elektron məlumat bazasıdır. “Dahi bəstəkar Üzeyir Hacıbəyli 140” adlı elektron bazada  bəstəkarın həyat və fəaliyyəti haqqında məlumat, bir sıra görkəmli şəxslərin onun haqqında söylədikləri dəyərli fikirlər, rəsmi sənədlərin tam mətni yer alır. Elektron bazada dahi bəstəkarın layiq görüldüyü orden, mükafat və fəxri adlarla yanaşı, müəllifi olduğu operaların, musiqili komediyaların, romansların, vokal əsərlərin və mahnıların siyahısı təqdim edilir. Bazada görkəmli bəstəkarın həyat və fəaliyyətinə, zəngin ədəbi və mədəni irsinə həsr edilən “Üzeyir Hacıbəylinin Azərbaycanda musiqi təhsilinin inkişafında rolu”, “Bir millətin ruhunu nota danışdıran adam”, “Sənətkar ömrü” kimi məqalələrin  tam mətni ilə yanaşı,  müəllifi olduğu, redaktə etdiyi, ön söz yazdığı və onun haqqında qələmə alınan Azərbaycan, türk, ingilis, fransız və rus dillərində nəşr edilən kitab və məqalələrin siyahısı da yerləşdirilib.  Kitabxana əməkdaşları tərəfindən hazırlanan elektron bazada “Dissertasiya və avtoreferatlar”, “İzomateriallar”,  “Tələbələr”, “Xatirəsinin əbədiləşdirilməsi”, “Elektron resurslar”, “Səsyazmalar”, “Audio materiallar”, “Filmoqrafiya”,  “Foto və video qalereya” kimi bölmələr də sərgilənir.

 

“Dahi bəstəkar Üzeyir Hacıbəyli 140” adlı elektron bazası kitabxananın rəsmi saytında yerləşdirilib.

 

“Ədəbiyyat və incəsənət”

(04.11.2025)

 

“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Ədəbiyyatı Antologiyası layihəsində Təbriz təmsilçimiz Əli Çağlanın növbəti təqdim etdiyi şair Parsabadda yaşayan Zaman Paşazadədir. Şeirlərin orfoqrafiyasına toxunulmayıbdır.

 

 

Zaman Paşazadə

Parsabad

 

 

EVƏ QAYIDIRDIM…

 

Günəş saçmalamağa başladı

Durub özümü oyaqlığa vurdum

Məxmər darıxmalarım əynimdəykən şəhərə çıxdım

Nəbzini yoxladım

Hələ də yanıb-sönürdü trafik ışıqları

Bəlkə də inqiza tariximizi alnımızda yanlış oxumuşdu Nostradamus

Bəlkə də inqiraz tariximizi ertələmişdi Zeus

Öz yarasını yalayan pişik kimi idi şəhər

Divarlarında yazılan şeirdən bunu sezmək olurdu:

“Dinozavrların öldüyü çağda

Peyğəmbər yoldaykən

Mən sənin şairin idim.”

Neft dəkəllərinin zambi dişləri torpağa batıb-çıxdıqca

şeirə dolmuşdu

Bəraheni

Neft dəkəllərinin dalından

dinozavrların ölüm mədlulunu çıxarmışdı.

Amma unutmuşdu şairlərin nəsli kəsildikdə şeir doğulur

Özgürlüyə çıxır kələmələr.

Unutmuşdu Təbriz dəlixanalarında divarlarla öpüşən dəlilər

Ağrılarını öpüşlə yazırlar.

 

Amma Təbriz öz quyruğunu çalan ilan kimidir

Dolanbac küçələrində dolanıb özümlə qarşılaşarkən bunu anladım

Mən “Düşmənsiz bir savaşçı

Özümdən bir düş-mən kopiyalayıb savaşdım.”

Özümü uzaltdım bulvara

Nəbzimi yoxladı narkoman bir kişi;

Quş dedi quşsan rahatlayacaqsan

Barmağımı saldım boğazıma

Bir quş çıxartdım

Uç dedim, uçsan rahatlayacaqsan

Baxıb gülürdü şəhər

Durub özümü ağıllılığa vurdum

Pambıq dəliliyim əynimdəykən

Evə qayıdırdım…

 

 

 “Ədəbiyyat  və incəsənət”

(04.11.2025)

 

Çərşənbə axşamı, 04 Noyabr 2025 15:28

ANAR, “Dünyadan usanıb...”

 

Azərbaycan Ədəbiyyat Fondunun “Yazıçı” nəşriyyatında Xalq yazıçısı Anarın “2=3+4, yaxud iki ailədə üç Xalq yazıçısı, dörd Xalq şairi” adlı kitabı işıq üzü görüb. Nəfis tərtibatlı, illüstrasiyalı kitab Azərbaycan ədəbiyyatı irsinə böyük töhfələr vermiş iki nəsildən, onlar barədə həqiqətlərdən və onların ədəbi nümunələrindən ibarətdir.

 

608 səhifəlik bu unikal kitabı tərtib edən Xalq yazıçısı Anar uzun illər ərzində təkcə öz yazdıqlarını yox, qəhrəmanlarının – Səməd Vurğun, Rəsul Rza, Nigar Rəfibəyli, Vaqif Səmədoğlu, Ənvər Məmmədxanlı və Yusif Səmədoğlunun yazdıqlarını eyni ideya-estetik yaradıcılıq məcrasına qoşaraq, onları eyni axında birləşdirərək ən yeni ədəbiyyatın ən milli paradiqması olaraq təqdim edibdir.

 

“Ədəbiyyat və incəsənət” portalı kitabdan hissələri oxucularına təqdim edir. Anar qəhrəmanlarının ən populyar əsərlərini bir daha yaddaşlarda təzələyir:

 

 

ANAR, ŞEİRLƏR

“Dünyadan usanıb...”

 

***

Ürəyimi yaxan gizli dərdimi

Desəm öldürərlər, deməsəm ölləm.

Aşıq Qərib

 

Dünyadan usanıb doyandan sonra

Acsam öldürərlər, acmasam ölləm.

Sirrimi gizlində qoyandan sonra

Açsam öldürərlər, açmasam ölləm.

 

İçim öz-özümü alovlandırır,

Çölüm özgələri yaxıb-yandırır,

Hərə bir şey deyir, bir şey qandırır,

Qaçsam öldürərlər, qaçmasam ölləm.

 

Dost-düşmənim göz qoyurlar içəndə

Söz çıxarıb, car çəkirlər – içəndi!

(Dərd azalmır, qəm çilənir, iç indi!)

Bu toranda, bu dumanda, bu çəndə,

İçsəm öldürərlər, içməsəm ölləm.

 

Bir səs gəlir, haray gəlir içimdən,

Yüz ölçmüşəm, bir dəfə də biçim mən,

Qismət olsun, qıl körpüsün keçim mən,

Keçsəm öldürərlər, keçməsəm ölləm.

 

Cənnət deyib cəhənnəmi qurdular,

Bu yollarda yoruldular, yordular,

Uçanların qanadını qırdılar,

Uçsam öldürərlər, uçmasam ölləm.

 

Əcəl gəldi, növbə çatdı mənəmi?

Gözlə deyib, möhlət alım yenəmi?

Hələ qucmadığım gözəl Sənəmi,

Qucsam öldürərlər, qucmasam ölləm.

 

“Ədəbiyyat və incəsənət”

(04.11.2025)

 

 

Rəqsanə Babayeva,

Beyləqan Rayon Mədəniyyət Mərkəzinin rejissoru, “Gənclik” Xalq Teatrının rəhbəri, yazıçı.  “Ədəbiyyat və incəsənət” üçün

 

 

Sənət — insanın iç dünyasının səsi, cəmiyyətin aynası, zamanın yaddaşıdır. Lakin hər bir azadlıq kimi, sənət azadlığı da məsuliyyət tələb edir. Azadlığın sərhədi haradadır? Bu sual təkcə incəsənətin deyil, bütöv bir millətin mənəvi portretini müəyyənləşdirir.

 

Sənətkar azad olmalıdır — bu, birmənalıdır. Amma azadlıq heç vaxt başıboşluq deyil. Hər bir sənət əsəri, istər rəsm, istər film, istərsə də tamaşa — insan ruhuna toxunur. Ruh isə məsuliyyət tələb edir. Çünki sənət sadəcə gözəllik deyil, həm də dəyərlərin daşıyıcısıdır.

 

Azadlığın mənası – kim üçün, nəyə görə?

 

Bəzən “sənət azadlığı” ifadəsi yanlış başa düşülür. Elə bil ki, bu azadlıq istənilən davranışa, istənilən fikrə bəraət qazandıra bilər. Amma əslində, sənət azadlığı — fikrin sərbəst ifadəsi ilə yanaşı, onun mənəvi nəticələrini dərk etmək bacarığıdır.

 

Əgər bir rejissor səhnədə yalnız şok effekti yaratmaq üçün müqəddəs dəyərləri lağa qoyursa, bu, azadlıq deyil – məsuliyyətsizlikdir.

Əgər bir yazıçı ictimai ağrını göstərmək əvəzinə, cəmiyyətin ağrıya alışmasını təbliğ edirsə, bu, sənət deyil – manipulyasiyadır.

 

Sənətkar azad ola bilər, amma o azadlığın içində xalqının ruhu, tarixi, inancı və dəyərləri var. Onları görməməzlikdən gəlmək, sənətin özünü mənasızlaşdırmaq deməkdir.

 

Sənət – güzgü, yoxsa istiqamətverici?

 

Sənət çox zaman “cəmiyyətin aynası” adlandırılır. Amma əsl sənət təkcə əks etdirmir – o, həm də istiqamət verir. Əgər sənət sadəcə reallığı təkrarlayırsa, o zaman o, həyatın kölgəsinə çevrilir. Amma sənət reallığa mənəvi işıq tutursa, deməli, o, dəyişdirici qüvvəyə malikdir.

 

Kino, teatr, musiqi və ədəbiyyat – cəmiyyətin mənəvi termometridir. Onların səviyyəsi xalqın ruh halını əks etdirir.

Məsələn, əgər teatrda səhnəyə qoyulan tamaşalarda yalnız qaranlıq, ümid­sizlik və xaos göstərilirsə, bu, təkcə bədii forma deyil – həm də ictimai mesajdır. Çünki tamaşaçı səhnədən təsir alır, düşünür, bəzən yönəlir.

 

Sənətin məsuliyyəti də buradadır — insanın düşüncəsinə təsir etmək.

Bu təsir ya ümid, ya da ümidsizlik yarada bilər.

Bir rejissorun kamerası təkcə hadisəni çəkmir, həm də onun mənəvi dəyərini müəyyən edir.

 

Mənəvi sərhədlərin dəyərləndirilməsi

 

Mənəvi məsuliyyətin sərhədi heç də senzura deyil. Bu sərhəd vicdanla müəyyən olunur.

Bir millətin mənəviyyatı yüzilliklərin süzgəcindən keçib gəlir. Hər xalqın öz “qırmızı xətləri” var – müqəddəsləri, simvolları, şəhidləri, ailə anlayışı, torpaq sevgisi.

 

Sənət bu dəyərləri sorğulaya bilər, amma onları məhv etmək üçün deyil – anlamaq, dərinləşdirmək üçün.

Əks halda, sənət provokasiyaya çevrilir.

Provokasiya isə bir anlıq gurultu yaradar, amma ruhu boşaldar.

 

Əsl sənətkar bilir ki, azadlığın dəyəri onun hansı həddə qədər vicdanla istifadə edilməsindadır.

Əgər sənət cəmiyyətin köklərinə bıçaq kimi saplanırsa, bu, azadlıq deyil – etinasızlıqdır. Amma əgər o, yaraları göstərir ki, şəfa tapsın, bu, həqiqi sənətdir.

 

Tarixi təcrübə – sənətin rolu

 

Dünyanın böyük sənətkarları həmişə azadlıqla məsuliyyət arasında tarazlıq axtarıb. Dostoyevski yazırdı: “Əgər Tanrı yoxdursa, hər şeyə icazə var.”

Bu fikir əslində sənətin mənəvi sərhədlərinin fəlsəfi izahıdır.

 

Bizim klassiklərimiz də eyni məsələni öz dövrlərində qaldırıblar.

Mirzə Fətəli Axundzadə azad düşüncənin vacibliyini göstərdi, amma eyni zamanda, xalqın maariflənməsi uğrunda mübarizə aparırdı.

Hüseyn Cavid sənətin kosmik azadlığını qəbul etsə də, əsərlərində mənəvi məsuliyyəti ön plana çıxarırdı. Onun “İblis” əsərindəki dialoq hələ də aktualdır: azadlıq nə vaxtsa məsuliyyətsizliyə çevriləndə, insan özünü itirir.

 

Bu gün də eyni məsələ aktuallığını saxlayır. Qloballaşan dünyada, sosial media çağında sənət azadlığı daha geniş, amma bir o qədər də zərif tarazlıqdadır.

 

Müasir dövrün dilemma­sı – azadlıq və reytinq

 

Sosial media, kommersiya və trendlər sənətin istiqamətini çox zaman diktə edir. “Daha çox baxış”, “daha çox bilet”, “daha çox paylaşım” – bunlar sənətin keyfiyyət meyarına çevrilməyə başlayıb.

 

Amma sənətin məqsədi kütləvi xoşbəxtlik yaratmaq deyil, mənəvi oyanış yaratmaqdır.

Reytinqə görə dəyərləri satmaq, sənəti səthiləşdirir. Əgər bir sənət əsəri yalnız qalmaqal üzərində qurulubsa, onun ömrü bir gün olur.

Əsl sənət isə illərlə, əsrlərlə yaşayır.

 

Sənətkarın azadlığı – onun səmimiyyətindədir.

Səmimi sənət, hətta ən sərt tənqidi ifadə etsə belə, xalq tərəfindən qəbul edilir. Çünki o, zərbə vurmaq üçün yox, düşünməyə çağırmaq üçün danışır.

 

Dövlət və sənət münasibəti

 

Bəzən sənətkarlar “dövlət müdaxiləsi” qorxusu ilə məsuliyyəti tamamilə üzərlərindən atmaq istəyirlər.

Halbuki sağlam münasibət – qarşılıqlı anlayış üzərində qurulmalıdır.

Dövlət mədəniyyət siyasəti yürüdərkən sənətkarı yönləndirmir, ona şərait yaradır.

Teatrların, mədəniyyət mərkəzlərinin, xalq kollektivlərinin, kino fondlarının dəstəklənməsi — sənətin azad nəfəs alması üçün infrastrukturun yaradılmasıdır.

 

Azadlıq təkcə “deməyə icazə” deyil, həm də “yaratmağa imkan”dır.

Əgər sənətkar öz ideyasını ifadə edə bilir, tamaşaçısına çata bilirsə, deməli, o, azaddır. Amma bu azadlıq, milli dəyərlərdən uzaq düşməməlidir. Çünki sənətkar yalnız fərdi şəxsiyyət deyil – o, xalqın təmsilçisidir.

 

Mənəvi məsuliyyət – sənətin içindəki səs

 

Hər bir sənətkarın içində görünməz bir səs var – vicdanın səsi.

Bu səs bəzən redaktorun, senzuranın, hətta ictimai fikrin səsindən də güclüdür.

Vicdanlı sənətkar bilir: bəzi sözlər deyilməməlidir, bəzi həqiqətlər isə mütləq deyilməlidir.

 

Sənətin dəyəri məhz bu seçimin məsuliyyətində ölçülür.

Bir aktyor səhnədə yalnız söz demir, o, tamaşaçıya inam, sevgi və düşüncə ötürür.

Bir rejissor kadrda yalnız təsvir yaratmır, o, həyat fəlsəfəsini formalaşdırır.

Bir yazıçı qələmlə yalnız hekayə yazmır, o, xalqın mənəvi kimliyini qoruyur.

 

Buna görə də sənətin azadlığı ilə mənəvi məsuliyyəti bir-birinə qarşı deyil, bir-birini tamamlayan anlayışlardır.

Azadlıq olmadan sənət nəfəs ala bilməz, məsuliyyətsiz azadlıq isə sənətin ruhunu öldürər.

 

Azadlığın ən ali forması – məsuliyyətli azadlıq

 

Sənətin tarixi göstərir ki, ən böyük azadlıq, əslində, vicdanın azadlığıdır.

Mənəvi məsuliyyət – azadlığın içindəki qayədir.

Sənətkar azad olanda, amma eyni zamanda xalqına, dilinə, tarixinə sadiq qalanda, sənət əbədi olur.

 

Bizim dövrümüzdə bu tarazlıq daha da əhəmiyyətlidir. Çünki sürətlə dəyişən dünyada dəyərlərin qorunması yalnız qanunla deyil, sənətlə mümkündür.

Sənətkar isə bu dəyərlərin səssiz mühafizəçisidir.

 

Ona görə də sənətin azadlığı – məsuliyyətlə ölçülməlidir.

Azadlıq bir qanaddırsa, məsuliyyət o biri qanaddır.

Hər ikisi olmasa, sənət uça bilməz.

 

“Ədəbiyyat və incəsənət”

(04.11.2025)

 

 

 

 

Çərşənbə axşamı, 04 Noyabr 2025 16:36

“Biri ikisində” – Ayşən Rəhimin şeiri ilə

                                     

“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə Biri ikisində layihəsində bu gün Şeir vaxtıdır, sizlərə çağdaş türk dünyasının gənc şairlərinin  şeirləri təqdim edilir.

 

 

Ayşən RƏHİM

(Azərbaycan)

 

***

 

Bir gün mən gedəcəyəm...

Nəhayət, büküləcək günəşin biləyi, 

Son dəfə izləyəcək dözülməz zaman  qürubu

addım-addım...

Sonsuzluğa uzanan yolumu

Sovuracaq yoxluğun küləyi ...

Bir gün mən öləcəyəm...

Söküləcək ulduzlar bir-bir

Gecə libasından.

Və utanmadan soyunacaq gecə

 kainatın qarşısında..

Uçacaq bütləri məbədlərin,

Tapdanacaq bütün müqəddəslər...

Qırılacaq qapısı arzuların,

Dualar yağacaq göyüzündən.

Geyinəcək ovuclarımı əbədi...

Bu gün mən öləcəyəm..

Sükut asılır

Lal olmuş yalnızlığımdan.

Eşidilir indi ölümün səsi uzaqdan,

Həyatım öləziyir.

Gecikən yoxluğa qaçır ayaqlarım,

Avazıyır ümidlərin rəngi,

Qarışır heçliyin əlamətinə: qara qaranlığa..

İndi mən öləcəyəm,

yüküylə birgə arxamca gəlir

Dünənlərə yığılan bütün keçmişlər...

Toxunulmamış bir gələcək boğuldu

Bilinməyən sularda...

Və bir həqiqətin parçası olmaq arzusu

Doğuldu...

Ölürəm...

Zaman keçərkən üstümdən

Neçə həyat bitəcək mənimlə?

Kimisi unudacaq keçmişin  rəflərində

Tozlu məzhərin səhifələrində...

Kim isə miras buraxdığım xatirələrdən

Yapışacaq...

Və bir gün heç nə qalmayacaq məndən...

Bircə

Qibləsiz müqəddəslərin qarğışı,

Simasız başdaşı,

  göz yaşı..

Ölürəm...

Səsim asılacaq qulaqlarından

Neçə öpülməmiş sözlərim düşəcək

Dodaqlarından...

 

 

“Ədəbiyyat və incəsənət”

(04.11.2025)

 

88 -dən səhifə 2609

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.