Super User
AFORİZM BOXÇASI - Y.Simonis: “Yüksəyə qalxmaq istəyirsənsə, lap aşağıdan başlamalısan”
Əlibala Məhərrəmzadə, “Ədəbiyyat və incəsənət”
Ta qədimdən filosoflar, yazıçılar, dövlət xadimləri uğur barədə, məqsəd və hədəfə çatma yolları barədə fikirlər söyləmiş, rəy bildirmişlər. Bu söylənilənlərdən ən qiymətliləri aforizim halını almış, tarixin sınağından çıxaraq bu günə qədər gəlib çıxmışdır.
Bu aformzmləri elə bircə dəfə oxumaq insana bəs edir ki, fikir təlatümlərindən qopub müəyyən qərarları qəbul etsin, özünə lazımi keyfiyyətlər aşılasın, uğura, məqsədə doğru gedən düz yolu tapıb inamla, qətiyyətlə irəliləməyə nail olsun. Bu cür kəlamlardan bəziləri, düşünürəm ki, uğura doğru yolunuza işıq tuta bilər. Odur ki, uğur barədə aforizmlərdən ən seçmələrini verməyi məqsədyönlü hesab edirəm.
Bu gün daha 10 aforizm:
Yüksəyə qalxmaq istəyirsənsə, lap aşağıdan başlamalısan.
Y.Simonis
İnsan həyatına müdriklik deyil, uğurlar yön verir.
Siseron
Kiçik uğurlarınızla qürrələnməyin.
Sokrat
Layiq olmadan qazanılan uğurlar narahatlıq doğurur.
H.Spenser
Dünyanın böyük adamları öz istəklərinə böyük zəhmət və əziyyət sayəsində çatmışlar.
C.Teylor
Rahat yaşamaq və uğur qazanmaq üçün səy göstərmək lazımdır.
A.Tomas
İnsan uğur qazana bilməsə də, əgər o, uğur üçün əlindən gələni edibsə, heç vaxt onu qınamaq fikrinə düşməyin.
C.Vaşinqton
Kürək çəkməyi bacarana qayıqda həmişə yer tapılar.
Afrika xalqları atalar sözü
Uğur qazanmaq üçün bir az da laqeyd olmaq lazımdır.
Alman atalar sözü
Səndən hərəkət, məndən bərəkət.
Azərbaycan atalar sözü
“Ədəbiyyat və incəsənət”
(03.11.2025)
“Kütlə insanın canı, xalq onun ruhudur” – HƏR GÜN KAMAL ABDULLADAN 7 QRANULA
Xalq yazıçısı, akademik Kamal Abdullanın əsəsrlərindən seçilmiş bir sıra qranula – cövhər sayıla biləcək məqamları “Ədəbiyyat və incəsənət” oxucularına təqdim edir.
Kamal Abdulla özü seçilmiş bu cövhərlər barədə yazır: “İllərdən bəri yazdığım müxtəlif şeirlərin, esselərin, pyeslərin, hekayə və romanların, publisistik məqalələrin və elmi əsərlərin, verdiyim intervülərin hər birinin içində yer almış və bu gün də öz məzmunu, tutumu, forması ilə diqqətimi çəkən misralar, cümlələr günlərin bir günü sanki dil açıb mənə dedilər ki, bizim bir-birimizdən zaman və məkanca ayrılığımıza son qoy və bizi bir-birimizin yanında yerləşdir. Sən görəcəksən ki, bu zaman biz tamamilə yeni bir cazibədə zühur etmişik. Onlar qeyri-səlis məntiq dili ilə desək, içində olduqları mətnin qranulaları (ilkin vacib hissəcikləri) idi. Qranula, başqa cür ifadə etsək, cümlədən (mətndən) bütün artıq hissələri siləndən sonra yerdə qalan cövhərdir.”
Beləliklə, hər gün Kamal Abdulladan 7 qranula:
1.
Servantes “Don Kixot”un ikinci hissəsini birinci hissədən xeyli sonra yazmışdı. Müasirləri deyirdilər ki, romanın ikinci hissəsi birinci hissədən zəif alınıb. Bu ona görə belə olub ki, ikinci hissəni yazanda Servantes artıq bilirdi ki, o dahidir.
2.
İnsan həm kütləyə aiddir, həm də xalqa. Kütlə onun canı, xalq onun ruhudur.
3.
Təyyarə göydə uçarkən sürəti hiss olunmur. O, yalnız yer üstündə hərəkət edən zaman sürəti duyulur. Təkərlər yerdən ayrıldımı, sürət itir.
4.
Əbədi mühərriki insanlar heç cür icad edə bilməzdilər. Çünki onu Allah artıq icad eləmişdi. Əbədi mühərrik insanın özü idi. Öldükcə doğulurdu və həyatı əbədi bir hərəkətlə davam edirdi.
5.
“Payız sevgisi gəldi gizlicə,
Gizlicə getdi gəldiyi kimi.
Mən elə bildim, bitməz o gecə,
Hər şey olmayır bildiyin kimi.”
6.
Əgər biz İblisə yalnız İblis kimi yox, həm də alçaldılmış və cənnətdən qovulmuş bir mələk kimi baxa bilsəydik...
7.
“Şahin kimi uçdu, getdi, itdi uzaqda,
Bir həsrətli yuxu imiş bu Oğuz yolu.
Boz ayğırlı Beyrək oldu nöqtə uzaqda,
Kafir qızı hasar üstə, gözləri dolu...”
“Ədəbiyyat və incəsənət”
(03.11.2025)
ŞEİR SAATInda Cahan Seyidzadənin şeirləri
“Ədəbiyyat və incəsənət” portalı Şeir saatı rubrikasında sizlərə gənc şair Cahan Seyidzadənin şeirlərini təqdim edir.
20 MART
İndi yaxşı anlayıram
"Ayrılıq" üç-beş sözə sığdıra biləcəyimiz cümlələr deyilmiş.
"Ayrılıq" pencəyinin sağ cibindən çıxan
doğma xətlə yazılmış "nərdivan" şeiridir.
"Ayrılıq" sonuncu dəfə söykəndiyin divarın
əzbərlədiyim bir neçə santimetrlik yeridir.
"Ayrılıq" ölüm deyil,
ölmək deyil,
"Ayrılıq"
heç vaxt şuxluğunu itirməyən,
aramızda yaşayan diridir.
İndi yaxşı anlayıram,
Bir dəfə vidalaşa bilməyəndə insan
hər gün vidalaşmalı olur doğmalarıyla.
Hər dəfə də bir başqa cür.
Bakının boz və solğun küçələrində
"Ayrılıq" çiyinlərimizə ən ağır yük kimi
Hər dəfə bir başqa cür düşür.
İndi yaxşı anlayıram,
Daha ağac olsam,
yarpağım da səni sevəcək.
İndi yaxşı anlayıram,
mən öləndə torpağım da səni sevəcək...
Mənə uzaqlardan salam yolla,
Elə salam ki, səni xatırlatsın:
Bir körpənin gülümsəməsində,
Bir qağayının səsində,
Bir insanın gəlməməsində.
Bilim ki, bunu sən etdin,
sən etdin, ata.
Hər yerə bahar gəlmişdi,
sən niyə getdin, ata?
MAĞARANIN DİVARINA YAZILMIŞ ŞEİR
Yorğunam.
Yaralıyam.
Qorxuram.
Yaxşı ki, bu mağaranın yerini unutmamışam,
İllər əvvəl tərk edib getdiyim kimidir.
Heç nəyi dəyişməyib, divarlarındakı cızıqlar,
həmin qaranlıq ab-hava.
Axırıncı dəfə gələndə isinmək üçün
qaladığım ocağın izləri də hələ qalıb.
Onda elə bilirdim ki, bura bir daha dönməyəcəm.
Yanılmışdım.
Hər insan kimi.
Çünki bir gün hamı öz mağarasına geri qayıdır,
Çünki ora bizim əbədi sığınacaq yerimizdir.
Özümüzlə baş-başa qaldığımız və yaralarımızı
sağaltmaq üçün qaçıb gizləndiyimiz yer.
Ətrafa göz gəzdirirəm: divardakı şeirə sataşır gözüm.
Mən yazmışdım bunu, günəşli bir aprel səhəri:
Hər fırtına gəlməmişdən əvvəl
öz sakitliyini göndərir
və
bəzi yaralar ən çox sağalandan sonra
göynədir...
Qorxma, balaca, uzat əllərini, mən səni aparmağa gəlmişəm,
Biz sənin saçlarını uzaq diyarların torpaqlarına əkərik.
Saçlarının ətri yayılar evlərə,
insanlar qucaqlarında dəstə-dəstə saçlarını apararlar
sevdiklərinə.
Sonra əllərini uçurarıq səmaya,
qanadlılar kimi yalqız insanların çiyinlərinə qonarlar.
Dünyada savaşlar oldu, balaca;
insanlar savaşdılar...
Yaxşı dost olacaq ikən,
sevgili olacaq ikən,
qarşı-qarşıya dayandılar.
Bəlkə də, bir vaxtlar əcdadları eyni mağaraya sığınıb
birlikdə qorunmuşdu təhlükələrdən.
Əcdadları bir mağaraya sığan insanlar
nəhəng bir dünyaya sığışa bilmədilər.
Sığışdıra bilmədilər təkəbbürlərini bapbalaca qəlblərinə...
Heç vaxt onların olmayacaqlar üçün dayanmadan didişdilər...
Onda balaca bir mamont balası
gülümsəmişdi istehzayla:
həyatda hər şey vərdişdir,
ovlamağa bir şey tapmayanda
özünüzü ovlamağa başlayacaqsınız,
özünüzə çevriləcək silahlarınız.
Bu nağıl deyil, balaca.
Mamont balaları da gülümsəyə bilir, inan...
Dünyadakı bütün canlılar ağlaya bildikləri kimi,
gülümsəyə də bilir...
Mən bapbalaca bir saman çöpündən də
yapışardım, balaca.
Böyüdərdim, böyüdərdim, dünyanın ən
nəhəng çinarı edərdim onu gözümdə,
əgər getməsəydin...
İndi isə
özündən ağır yükü aparmağa çalışan
balaca qarışqayam,
həm də bir az başqayam.
Pişiklərlə danışıb,
çiçəklərə gülürəm,
insanlardan daha çox
ağacları sevirəəəəmmmm.
Gözlərimi dikirəm
Günəşin gözlərinə,
Soruşuram: İnsanın
bu dünyayla dərdi nə?!
Özümü maşınların önünə,
Parkda gəzişən insanların qarşısına atıb
Qışqırmaq istəyirəm:
Anidən baş verəcək hər şey,
anidən.
Birinin ağlında xatirəyə çevriləcəksiniz,
birinin evində əşyaya.
Bir də gəlmək şansınız olmayacaq dünyaya
Onunçün də gec olmadan
qollarınızı açın səmaya
qucaqlayın günəşi,
Yaşayın doya-doya!
***
Mərhum qum hissəciklərindən
yaranmış
kirli şüşə qarşısında dayanıb düşünürəm:
gecəni biz uydurmuşuq
darıxmaq,
darıxmaq,
darıxmaq üçün!
Mərhum qum hissəciklərindən
yaranmış soyuq divarlar arasında
dayanıb düşünürəm:
Keçmişi biz uydurmuşuq
Darıxmaq,
Darıxmaq,
Darıxmaq üçün!
Yəni
Məni dustaq edən keçmiş
işıq da verə bilər...
Ondan nə yaratdığına bağlı...
Məsələn,
mən Tanrını uydurdum ki,
Özümü bağışlaya bilməyəndə
O, məni bağışlasın...
Səni isə uydurdum ki,
Özümü öldürə bilməyəndə
Sən məni öldürəsən...
“Ədəbiyyat və incəsənət”
(03.11.2025)
“Biri ikisində” – Altınbek İsmailin şeiri ilə
“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə Biri ikisində layihəsində bu gün Şeir vaxtıdır, sizlərə çağdaş türk dünyasının gənc şairlərinin şeiriləri təqdim edilir.
Altınbek İSMAİL
(Qırğız)
1982-ci ildə Qırğız Respublikasının Oş bölgəsinin Köldük kəndində anadan olub. Hazırda MANAS Universitetinin əməkdaşıdır. Qırğız Respublikasının Milli Yazıçılar Birliyinin üzvüdür.
TANRI DAĞI
Tanrı dağı – Günəşin doğduğu yerdir.
Tanrı dağı – rüzgarın donduğu yerdir.
Tanrı dağı – buludun qonduğu yerdir.
Tanrı dağı – qırğızların olduğu yerdir!
Tanrı dağı – şeytanın "öldüyü" yerdir.
Tanrı dağı – mələyin saçını hördüyü yerdir.
Tanrı dağı – qaranlığın söndüyü yerdir.
Tanrı dağı – qırğızların özünü gördüyü yerdir!
Tanrı dağı – ruhların axdığı yerdir.
Tanrı dağı – Manasın yatdığı yerdir.
Tanrı dağı – tarixin daşlara batdığı yerdir.
Tanrı dağı – qırğızların Tanrıya tapındığı yerdir!
Uyğunlaşdırdı: Məleykə Mirzəli
“Ədəbiyyat və incəsənət”
(03.11.2025)
Güney Azərbaycan Ədəbiyyatı Antologiyasında Zaman Paşazadənin “Sadəcə sən bilirsən” şeiri
“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Ədəbiyyatı Antologiyası layihəsində Təbriz təmsilçimiz Əli Çağlanın növbəti təqdim etdiyi şair Parsabadda yaşayan Zaman Paşazadədir. Şeirlərin orfoqrafiyasına toxunulmayıbdır.
Zaman Paşazadə
Parsabad
SADƏCƏ SƏN BİLİRSƏN…
Indi yerin boş olsa da
Önümdəki oturacaqda kapşenimi çiyninə atmışam
Və əllərimi gözlərində qızdırıram.
Sadəcə mən bilirəm bu kafedə gözlərinin rəngində bir içki serv olur
Yoxsa çoxları qəhvəni şəkərsiz içir.
Yoxsa çoxları Jak Brelin “məni tərk etmə” mahnısını
qəhvə ilə qarışdırır
mənasını bilmədən
Sadəcə sən bilirsən bütün mənaları
Və bir an öncə tərk etdin kafeni.
Sadəcə sən bilirsən taksilər yolları qısaltmaq deyil,
hadisə yerindən uzaqlaşmaq üçündür.
Sadəcə sən bilirsən caddələr gəlmək deyil,
tərk etmək üçündür.
Sadəcə mən bilirəm
Daha Sezen get mahnısını mələməyəcək
Get
Deyəcək
Get…
Amma hardasa, ürəyinə quraşdırdığım saatlı bomba partlayıb
Düyünlü yumruğunu barmaq-barmaq parçalayacaq
Və görüşə uzanacaq əlin.
İndi yerin boş olsa da
Gözlərinin rəngi üstümə dağılmış
Və kapşenimin cibini axtarır polislər.
Sadəcə sən bilirsən mən özümü öldürməmişəm
Və qatil soyuqqanlılıqla uzaqlaşır taksidə.
“Ədəbiyyat və incəsənət”
(03.11.2025)
ANAR, “Sevdalı bulud”
Azərbaycan Ədəbiyyat Fondunun “Yazıçı” nəşriyyatında Xalq yazıçısı Anarın “2=3+4, yaxud iki ailədə üç Xalq yazıçısı, dörd Xalq şairi” adlı kitabı işıq üzü görüb. Nəfis tərtibatlı, illüstrasiyalı kitab Azərbaycan ədəbiyyatı irsinə böyük töhfələr vermiş iki nəsildən, onlar barədə həqiqətlərdən və onların ədəbi nümunələrindən ibarətdir.
608 səhifəlik bu unikal kitabı tərtib edən Xalq yazıçısı Anar uzun illər ərzində təkcə öz yazdıqlarını yox, qəhrəmanlarının – Səməd Vurğun, Rəsul Rza, Nigar Rəfibəyli, Vaqif Səmədoğlu, Ənvər Məmmədxanlı və Yusif Səmədoğlunun yazdıqlarını eyni ideya-estetik yaradıcılıq məcrasına qoşaraq, onları eyni axında birləşdirərək ən yeni ədəbiyyatın ən milli paradiqması olaraq təqdim edibdir.
“Ədəbiyyat və incəsənət” portalı kitabdan hissələri oxucularına təqdim edir. Anar qəhrəmanlarının ən populyar əsərlərini bir daha yaddaşlarda təzələyir:
ANAR, ŞEİRLƏR
SEVDALI BULUD
Nazim Hikmətə
Ömrün uzun yolunda
Gözləməkdən yoruldum,
Uzaq qarlı şəhərdə
Ümidlərim doğruldu.
Bir payız axşamında
Ömrümə girdi birdən
Soneşqinmöcüzəsi,
Soneşqinfaciəsi.
Nəkeçmiş, nəgələcək
Yalnız, yalnızvarindi.
İndigecəvəgündüz
Axşam, səhərsənindi.
Bueşqmacərasında
Axırqaldıqüçümüz.
Qaldıqüçümüz, gülüm,
Birsən, birmən, birölüm.
“Ədəbiyyat və incəsənət”
(03.11.2025)
Tələbə yaradıcılığı – Yusif Əhmədin hekayəsi
“Ədəbiyyat və incəsənət” portalının Tələbə yaradıcılığı rubrikasında təqdim edilən növbəti tələbəmiz Naxçıvan Dövlət Universitetitnin Jurnalistika ixtisası üzrə I kurs tələbəsi, TEC Yazarlar klubunun üzvü Yusif Əhməddir. Hekayəsi “Son uçuş” adlanır.
Mən stüardessayam.
Bilirsiniz, peşəmi necə də sevirəm? Əslində, təyyarəyə minərkən həmişə qəza anında sərnişinlərin nə etməli olduğunu onlara izah edəndə, içimdə bir boşluq hissi keçirdirdim. Düşünürdüm ki, əgər bir gün belə bir şey baş versə və mən sağ qalsam, özümü bağışlamaram.
25 dekabr 2024-cü ildə biz Bakı vaxtı ilə saat 07:56-da havaya qalxmalı idik. Təyyarənin uçuşa qalxmağına 15 dəqiqə qalırdı. Hava qaranlıq və soyuq idi. İnsanlar bir-bir yerlərini tuturdular. Hələ aralarında təyyarəyə ilk dəfə minənlər də var idi. Hər kəs yerlərini tutduqdan sonra vaxt tamam oldu. 07:56-da havaya qalxdıq. Yolumuz Qroznıya idi. Təyyarəmiz bu gün çox sakit və soyuqqanlı şəkildə uçurdu. İçimi bir narahatlıq hissi bürüdü. Axı mən təyyarənin dilini bilirdim. İllərlə bu işin içində idim.
Hər uçuşumuzda təyyarə ilə danışırdım. Ona deyirdim ki: “Dostum, xahiş edirəm səndən, heç bir nasazlığın olmasın. Bizi salamat gedəcəyimiz yerə qədər daşı.”
Sanki təyyarə mənə cavab verirdi. Həmişə bu sözləri ona deyəndə, turbulansa düşür, yavaşca titrəyərək mənə cavab verirdi. Amma bu dəfə isə dediklərimə cavab vermədi. Bu soyuqluq məni çox qorxudurdu.
Yavaşca ona pıçıldadım:
“Dostum, cavab ver mənə… Bu qədər insanların arzularını, ümidlərini, gələcəyini puç etmə.”
Dostumun mühərrikindən gələn xırıltıdan hiss etdim ki, o artıq yaxşı deyil və özünü yaxşı göstərməyə çalışır. Hələlik bunu uğurla gizlətməyə çalışırdı.
Qroznının dumanlı hava limanı uzaqdan görünürdü. Hava şəraiti çox pis idi. Hava limanı bağlanmışdı. Məcburən əvvəlcə Mahaçqalaya, sonra isə Aktauya yönəldik.
İnsanların üzündə təlaşı oxuyurdum. Bilirsiniz, bu artıq suda boğulmaq kimi bir hiss idi — necə ki insan suda boğulanda ümid edir ki, indi kimsə gəlib onu çıxaracaq… İnsanlar da ümid dolu baxışlarla mənə baxırdılar ki, onlara hər şeyin yaxşı olduğunu deyim.
Mən isə kapitanımız İqor Kşnyakinə və köməkçisi Aleksandr Kalyaninova güvənirdim. Onlar əllərindən gələn hər şeyi edirdilər ki, bircə sağ qalaq. Təyyarədə baş verən nasazlıqdan dolayı titrəmə baş verdi. Bu, məni sağ qalmağımız üçün qurduğum xəyallardan ayırdı.
Artıq dostum özünü pis hiss edirdi. Tez-tez və çılğın şəkildə turbulansa düşürdü. İçimdə ona nə qədər bağırsam da, əsəbləşsəm də, xeyri yox idi. Bəzən düşünürdüm ki, bəlkə də bağırdığım üçün belə edir. Sonra sakit tərzdə danışırdım. Bu qədər insanın sağ qalması üçün dostumu sakitləşdirməkdə əlimdən sadəcə bu kimi şeylər gəlirdi…
Saat 09:35-də artıq kritik vəziyyət idi. Qəza siqnalı verildi. İlahi, mən necə də həyəcanlanmışdım… Amma əgər bunu sərnişinlərə bildirsəydim, vəziyyət daha da gərginləşəcəkdi. Ona görə də özümü şux tutmuşdum.
09:49-da pilotlarımız Aktauya təcili eniş tələb etdilər. Təyyarəni birbaşa rejimdə idarə etməyə başladılar. Bu dəqiqələr, bu saatlar ərzində səmada neçə dəfə dövrə vurduq…
Hər zaman mənə sakit tərzdə cavab verən dostum sanki bu gün məni eşitmirdi. Elə bil ki, son dəqiqələrini yaşayırdı. Göyləri süzmək istəyirdi. Hiss edirdim ki, artıq son saatlarıdır. Deyəsən, bu gün onunla yollarımızı ayıracağıq. Bunu hiss etdikcə elə təəssüflənirdim ki, axı o mənim neçə illik dostum idi. Mühərriyi necə də xırıldayırdı. Sanki mənə demək istəyirdi ki:
“Mən heç də yaxşı deyiləm… Məni qanadlarımdan vurublar, sanki…”
Bu dəqiqələr ərzində onun necə əziyyət çəkdiyini bir mən bilirdim. Yavaşca, heç kimin eşitməyəcəyi, tez-tez vuran ürəyimdən səslənirdim:
“Bir az da dayan… Hər şey yaxşı olacaq. Biz yerə sağ çatacağıq. Sənin qanadlarını təmir edəcəyik, mühərriyindəkiı xırıltını aradan qaldıracağıq… Bircə döz.”
Nə qədər eləsək də, yerə enmirdi. Sərnişinlər necə də qorxmuşdular…
11:25-də mən sərnişinlərə səsləndim:
“Hər kəs kəmərlərini bağlasın. Hər şey…” — sözlər boğazımda düyünlənirdi. Çünki onlar ümid dolu gözlərini məndən ayırmırdılar. Hələ o təyyarəyə ilk dəfə minən sərnişinlər… Pis olmamağım əlimdə deyildi. Bunu onlara bildirməməli idim axı… Ona görə anında özümü yığışdırdım və dedim:
“Hər şey yaxşı olacaq!”
11:27 idi. Dostum son dəfə var gücü ilə dövrə vurdu. Bəlkə bir daha qalxa bilməyəcəkdi bu göylərə... Bəlkə də bu son dəfə o sərinliyi, istiliyi, dumanı, buludları, ildırımı, yağışı dadmaq istədi.
11:28 olmağına cəmi 10 saniyə qalırdı. Hər saniyədə dostuma bağırırdım. Bu saniyələrdə onun bircə “Mən bacarmadım…” sözünü eşitdim.
Artıq 11:28 idi. Ruhum getdikcə bədənimdən çıxırdı. Amma mən hələ də peşman deyildim. Heç olmadım da…
Mənimlə birgə neçə adamın ruhunun göyə qalxdığını gördüm. Artıq ruhum bədənimdən ayrılmışdı. Mənimlə birgə həlak olmuş cisimlərdən ruhları görürdüm. İş yoldaşlarım da onların arasında idi. Bütün ruhlar əl-ələ tutub göylərə qalxırdıq.
Qalxdıqca ikiyə bölünmüş dostumu gördüm. O necə də pərt olmuşdu…
Mənim adım Hökumə Əliyevadır.
İndi mən çox yaxşıyam. Dostlarım da hamısı yaxşıdır. Biz sizi göylərin ən yüksək mərtəbələrindən izləyirik.
Mən çiçəkləri çox sevirdim axı…
İndi olduğum yerdə elə gözəl çiçəklər var ki…
“Ədəbiyyat və incəsənət”
(03.11.2025)
Xalqın ruhu harada gizlənib?
Rəqsanə Babayeva,
Beyləqan Rayon Mədəniyyət Mərkəzinin rejissoru, “Gənclik” Xalq Teatrının rəhbəri, yazıçı. “Ədəbiyyat və incəsənət” üçün
Zaman hər şeyi dəyişdirir. Dəyişməyən tək bir şey var – insanın öz kökünə olan ehtiyacı. Bu ehtiyac bəzən musiqinin bir sədasında, xalçanın bir naxışında, ya da qədim bir bayramın qoxusunda özünü göstərir. Mədəni yaddaş dediyimiz o görünməz qüvvə millətin ruhunu, varlığını qoruyub saxlayan ən böyük xəzinədir.
Hər xalqın mədəni yaddaşı onun kimliyidir. Amma yaddaş yalnız muzeydə qorunan bir əşya deyil, canlı orqanizmdir. O nəfəs alır, danışır, dəyişir və bizdən qayğı gözləyir. Mədəni yaddaşın qorunması – təkcə keçmişi saxlamaq deyil, gələcəyi formalaşdırmaq məsuliyyətidir.
İtirilən simvollar – ruhumuzun qırıq parçaları
Biz çox vaxt gündəlik həyatın tələskənliyində xalqımızın əsrlər boyu yaratdığı simvolları – xalçadakı quşu, kəmərdəki ulduzu, sazın səsindəki çağırışı – görmürük. Halbuki hər biri bir məna daşıyır.
Xalça naxışlarında minillik tarix yatır: “Buta” sevgini, “Sarmaşıq” həyatın davamını, “Qoçbuynuzu” igidliyi, “Səkkizguşəli ulduz” Tanrıya bağlılığı ifadə edir. Biz bu simvolları sadəcə naxış kimi görməyə başladığımız an, mənəvi körpünü itiririk. Hər naxış, hər rəng bir düşüncə sistemidir; atalarımızın kainatı anlama modelidir.
Bugünkü gənc nəsil bu kodları oxumaqda çətinlik çəkir. Çünki məktəb proqramları, informasiya axını, sosial mediada yayılan qlobal simvollar çox zaman milli düşüncənin dərin qatlarını kölgədə qoyur. Amma xalq öz köklərini unutduqca, yad təsirlər içində ruhən kiçilir.
Xalq yaddaşının daşıyıcıları
Mədəni yaddaş təkcə yazılı tarixdə deyil, həm də sözsüz ötürülən ənənələrdə yaşayır. Nənələrimizin “layla”sı, ustaların “dua”sı, kənd toylarında çalınan “yallı”lar — bunlar hamısı xalqın kodlaşdırılmış xatirələridir.
Məsələn, “Kosa-Kosa” və “Novruz” mərasimlərində oynanan hər hərəkət – torpağın oyanışına, insanın təbiətlə vəhdətinə işarədir. Biz bu mərasimləri “əyləncə” kimi görsək də, onlar dərin mədəni semantikaya malikdir.
Eləcə də “aşıq sənəti” – yalnız sazla qoşma söyləmək deyil, həm də xalqın yaddaşını diri saxlamaq missiyasıdır. Hər aşıq öz dövrünün salnaməçisidir. Əgər bu gün gənclər aşıq dastanlarını anlamırsa, bu, təkcə marağın azalması deyil, həm də yaddaşın zəifləməsidir.
Modernləşmə və unudulmaq təhlükəsi
Texnologiyanın, sosial medianın, qlobal mədəniyyətin artması ilə insanlar “universal” olmaq istəyir. Amma universallıq, bəzən “özünə yadlaşmaq” demək olur. Ən pisi odur ki, bu yadlaşma yavaş, səssiz və “müasirlik” adı ilə baş verir.
Məsələn, gənclər xalq geyimlərini yalnız “səhnə kostyumu” kimi görür, milli ornamentlərdən ilham almaq əvəzinə, Qərb markalarının simvollarını geyimlərinə yapışdırırlar. Halbuki dünya modasında etnik motivlərə dönüş tendensiyası güclənir.
Azərbaycan və türk mədəniyyətinin zəngin vizual simvolları — “buta”, “xarı bülbül”, “bədii kalliqrafiya” — həm estetik, həm fəlsəfi dəyərlər daşıyır. Biz onları gündəlik həyatımıza, dizayna, sənətə qaytarmaqla yaddaşın canlanmasına xidmət edə bilərik.
Mədəniyyət – dövlətin səssiz dayağı
Bəzən düşünürük ki, mədəniyyət yalnız “keçmiş”lə bağlıdır. Amma əslində, dövlətin ideoloji sütunlarından biri də mədəni dəyərlərdir. Güclü dövlətlər mədəni simvollarını dünyaya ixrac edir – kinoda, musiqidə, memarlıqda, brendlərdə.
Azərbaycanın son illərdə mədəni irsə, teatr və folklor sənətinə göstərdiyi diqqət təsadüfi deyil. Dövlət teatrlarının, xalq kollektivlərinin, mədəniyyət evlərinin fəaliyyətinin bərpası təkcə incəsənət deyil, milli yaddaşın bərpasıdır.
Bu istiqamətdə rayon mədəniyyət mərkəzlərində aparılan işlər – festival və teatr layihələri – regionların mənəvi dirçəlişində mühüm rol oynayır.
Simvolları yenidən oxumaq – gələcəyə baxış
İtirilmiş simvolları tapmaq təkcə arxeoloqların yox, həm də sənətkarların işidir. Rəssamlar, rejissorlar, yazıçılar, musiqiçilər öz əsərlərində milli simvolları çağdaş dildə təqdim etməlidir.
Sənət insanı keçmişlə bu gün arasında vasitəçi kimi çıxış etməyə vadar edir.
Teatr səhnəsində qədim bir motiv – məsələn, “Xızır” obrazı, yaxud “Su” elementinin təmizləyici funksiyası – yeni bədii məna ilə təqdim oluna bilər. Bu yolla mədəni yaddaş unudulmur, əksinə, müasir təfəkkürlə yenidən doğulur.
Yaddaş yalnız qorunmalı deyil, həm də yenidən oxunmalıdır. Çünki hər nəsil öz dövrünün dilində həmin yaddaşı tərcümə etməlidir. Əks halda, ən gözəl simvollar belə muzeylərin tozlu guşələrində qalır.
Yaddaşın qorunmasında teatrın rolu
Teatr — canlı sənətdir. O, hər tamaşada yenidən doğulur. Buna görə də teatr xalqın mədəni yaddaşının ən güclü qoruyucularından biridir.
Bir tamaşada qədim oyun elementlərinin, xalq musiqisinin, milli geyimin, simvolik hərəkətlərin istifadəsi – sadəcə estetika deyil, həm də yaddaşın səhnəyə qayıdışıdır.
Xalq teatrlarının fəaliyyəti bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Onlar şəhərlərin təmtəraqlı səhnələrində yox, xalqın içində, insanların gündəlik həyatına yaxın mühitdə doğulur. Bu teatrlar unudulmaqda olan simvolları yenidən dirildirlər.
Hər tamaşa bir dua kimidir – keçmişə sayğı, gələcəyə ümid. Bu mənada mədəniyyət evləri və xalq teatrları təkcə sənət ocaqları deyil, həm də xalqın mənəvi qalasıdır.
Yaddaş yaşadıqca xalq da yaşayır
Mədəni yaddaş bir xalqın kollektiv ruhudur. Onu itirən millət, sanki, ruhunu itirir. Amma o ruh hələ yaşayırsa, deməli, simvollar tam yox olmayıb – sadəcə tozlanıb, səssizcə bizi gözləyir.
Bizim vəzifəmiz onları yenidən tapmaq, anlamını dərk etmək və gələcək nəsillərə ötürməkdir.
Bir xalçanın naxışında, bir mahnının sədasında, bir tamaşanın səhnəsində – xalqın ruhu yaşayır.
Və oruhuqorumaqhərbirimizinmənəviborcudur.
“Ədəbiyyat və incəsənət”
(03.11.2025)
Türk Mədəniyyəti və İrsi Fondu anlaşma memorandumu imzalayıb
30 oktyabr 2025-ci il tarixində Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsinin 30 illiyinə həsr olunmuş Beynəlxalq Parlament Konfransı çərçivəsində Türk Mədəniyyəti və İrsi Fondu ilə Qlobal Dözümlülük və Sülh Şurası (GCTP) arasında Anlaşma Memorandumu imzalanıb.
“Ədəbiyyat və incəsənət” portalına Türk Mədəniyyəti və İrsi Fondundan verilən məlumata görə, sənədi Fondun prezidenti Aktotı Raimkulova və Qlobal Dözümlülük və Sülh Şurasının prezidenti Ahmed Aljarwan imzalayıblar.
Memorandumun məqsədi mədəni irs, sülh və dözümlülük dəyərlərinin təşviqi, qarşılıqlı anlaşmanın gücləndirilməsi və ortaq layihələrin həyata keçirilməsi istiqamətində əməkdaşlığın genişləndirilməsidir.
Görüş sırasında çıxış edən Aktotı Raimkulova Fondun Türk dünyasının zəngin mədəni irsinin qorunması və beynəlxalq miqyasda tanıdılması istiqamətində həyata keçirdiyi fəaliyyətlərdən söz açaraq, bu əməkdaşlığın mədəni dialoq üçün yeni imkanlar yaradacağına inamını bildirib.
Öz növbəsində Ahmed Aljarwan Türk Mədəniyyəti və İrsi Fondunun sülh və mədəniyyətlərarası anlaşmanın təşviqində mühüm rol oynadığını vurğulayıb və gələcəkdə birgə təşəbbüslərin həyata keçirilməsinin beynəlxalq əməkdaşlığa töhfə verəcəyini qeyd edib.
Tərəflər arasında imzalanan sənədin gələcək layihələrin icrasında qarşılıqlı əlaqələrin daha da dərinləşməsinə xidmət edəcəyi bildirilib.
“Ədəbiyyat və incəsənət”
(03.11.2025)
Qərbi Azərbaycan mədəni irsi: tarixi abidələr və onların taleyi
Nigar Xanəliyeva, “Ədəbiyyat və incəsənət”
Qərbi Azərbaycan torpaqlarında çoxsaylı abidə və memarlıq nümunələri — məbədlər, karvansaralar, türbələr, qəbirüstü kitabələr, qəbiristanlıqlar, köhnə yaşayış məntəqələri mövcud olmuşdur. Bu abidələr türk‑əlaqəli etnik elementlərin dili, dövrü, memarlıq üslubu və epigrafik izləri ilə zəngindir. Məsələn, bir tədqiqatda qeyd edilmişdir ki, “Aysasi” kəndində VII‑XIII əsrlərə aid qəbirüstü kitabələrdə vuruşan atlardan, saz çalan fiqurlardan və şir təsvirlərindən ibarət motivlər var, bu da həmin məkanın türk‑mədəni kökləri olduğunu göstərir. Ayrıca, “Return: Our Material‑Cultural Heritage in Western Azerbaijan” adlı elmi nəşrdə 144 abidənin adları, təsnifatı və cari vəziyyəti təqdim edilmişdir: 21 ziyarətgah‑müqəddəs məkan, 6 məscid, 12 qəbirüstü kitabə monumenti, 16 qala, 5 karvansara və s.
Bu da onun göstəricisidir ki, bölgə yalnız milli deyil, eyni zamanda mədəni irs baxımından çox zəngindir.
Abidələrin taleyi və problemlər
Abidələrin qorunması və onların mövcud vəziyyəti müxtəlif təzyiqlərə məruz qalmışdır. Bir neçə əsas problem sahələri aşağıdakılardır:
- Dağılma, tərk edilmə və baxımsızlıq: Tədqiqatlar göstərir ki, 532 abidədən illik sahədə müəyyən edilmiş 144‑ü tam şəkildə tədqiq edilmişdir və onların arasında 32 abidə məhv edilmiş, 42 abidə xarabalığa çevrilmiş, 70 abidə isə mənimsənilmiş və ya qeyri‑rəsmi kontrollar altına düşmüşdür.
- Etnik‑siyasi münaqişə və vandalizm: Məqalədə bildirilir ki, bölgədəki abidələrdən bəziləri “erməni tərkibli işğal siyasəti” kontekstində dağıdılmışdır; abidələrə misal olaraq Erivan qalası (Erivan Fortress), Abbas Mirzə məscidi kimi məscidlər göstərilir.
- Beynəlxalq nəzarət və monitorinqin çatışmazlığı: Yerli ictimai təşkilatlar və abidə müdafiəçiləri bildirirlər ki, beynəlxalq təşkilatlar (məsələn, UNESCO, ICESCO) tərəfindən monitorinq və müdaxilə imkanları məhdud olmuşdur.
- Məlumatların qeyri‑tamlığı və arxiv işlərinin məhdudluğu: Abidələrin tarixi, orijinal memarlıq üslubları və arxiv sənədləri haqqında müstəqil elmi tədqiqatlar azdır və bu sahədə ciddi boşluqlar mövcuddur. Məsələn, nəşrlər abidələrin vəziyyətini təqdim etsə də, bəzi hallarda orijinal tikinti və memarlıq haqqında tam arxiv məlumatı olmur.
Nəticələr və gələcək perspektivlər
Bu abidələrin taleyi milli-mədəni yaddaş, kimlik və etnoqrafik araşdırmalar üçün vacibdir. İrəliyə baxdıqda bir neçə vacib məqam önə çıxır:
· Qərbi Azərbaycan abidələri yalnız həmin bölgənin deyil, ümumilikdə türk‑ası mənşəli mədəniyyətin təzahürüdür; onların qorunması isə milli irsin qorunması ilə bərabər, beynəlxalq mədəni irs çərçivəsində də əhəmiyyət kəsb edir.
· Məhv edilmiş və ya xarabalığa çevrilmiş abidələr gələcək nəsillərə keçə biləcək tarix, memarlıq və estetik dəyərləri itirməklə nəticələnir. Bu həm milli identifikasiyanın zəifləməsi, həm də elmi araşdırma üçün böyük itki deməkdir.
· İctimai şüurun formalaşmasında və diaspor fəaliyyətində bu abidələrin tanıdılması, elektron bazaların yaradılması və beynəlxalq müzakirələrə daxil edilməsi zəruridir. Artıq belə təşəbbüslər mövcuddur, məsələn, “Return: Our Material‑Cultural Heritage in Western Azerbaijan” kitabı və dijital kataloqlar.
· Qorunma və bərpa işləri üçün həm yerli, həm beynəlxalq təşkilatların əməkdaşlığı vacibdir. Abidələrin yalnız siyahıya alınması yox, aktiv olaraq bərpa edilməsi və turizm-mədəni resurs kimi inteqrasiya olunması da perspektivlərdəndir.
· Elmi‑araşdırma baxımından, abidələrin memarlıq-tarixi üslubları, epigrafik mətnləri, məkan‑fonu və sosial konteksti daha dərindən işlənməlidir. Bu sahə magistr və doktorluq tədqiqatları üçün böyük potensial təklif edir.
“Ədəbiyyat və incəsənət”
(03.11.2025)


