“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə Biri ikisində layihəsində bu gün Şeir vaxtıdır, sizlərə çağdaş türk dünyasının gənc şairlərinin şeiriləri təqdim edilir.
Altınbek İSMAİL
(Qırğız)
1982-ci ildə Qırğız Respublikasının Oş bölgəsinin Köldük kəndində anadan olub. Hazırda MANAS Universitetinin əməkdaşıdır. Qırğız Respublikasının Milli Yazıçılar Birliyinin üzvüdür.
TANRI DAĞI
Tanrı dağı – Günəşin doğduğu yerdir.
Tanrı dağı – rüzgarın donduğu yerdir.
Tanrı dağı – buludun qonduğu yerdir.
Tanrı dağı – qırğızların olduğu yerdir!
Tanrı dağı – şeytanın "öldüyü" yerdir.
Tanrı dağı – mələyin saçını hördüyü yerdir.
Tanrı dağı – qaranlığın söndüyü yerdir.
Tanrı dağı – qırğızların özünü gördüyü yerdir!
Tanrı dağı – ruhların axdığı yerdir.
Tanrı dağı – Manasın yatdığı yerdir.
Tanrı dağı – tarixin daşlara batdığı yerdir.
Tanrı dağı – qırğızların Tanrıya tapındığı yerdir!
Uyğunlaşdırdı: Məleykə Mirzəli
“Ədəbiyyat və incəsənət”
(03.11.2025)


