Tələbə yaradıcılığı – Yusif Əhmədin hekayəsi Featured

 

“Ədəbiyyat və incəsənət” portalının Tələbə yaradıcılığı rubrikasında təqdim edilən növbəti tələbəmiz Naxçıvan Dövlət Universitetitnin Jurnalistika ixtisası üzrə I kurs tələbəsi, TEC Yazarlar klubunun üzvü Yusif Əhməddir. Hekayəsi “Son uçuş” adlanır.

 

Mən stüardessayam.

Bilirsiniz, peşəmi necə də sevirəm? Əslində, təyyarəyə minərkən həmişə qəza anında sərnişinlərin nə etməli olduğunu onlara izah edəndə, içimdə bir boşluq hissi keçirdirdim. Düşünürdüm ki, əgər bir gün belə bir şey baş versə və mən sağ qalsam, özümü bağışlamaram.

25 dekabr 2024-cü ildə biz Bakı vaxtı ilə saat 07:56-da havaya qalxmalı idik. Təyyarənin uçuşa qalxmağına 15 dəqiqə qalırdı. Hava qaranlıq və soyuq idi. İnsanlar bir-bir yerlərini tuturdular. Hələ aralarında təyyarəyə ilk dəfə minənlər də var idi. Hər kəs yerlərini tutduqdan sonra vaxt tamam oldu. 07:56-da havaya qalxdıq. Yolumuz Qroznıya idi. Təyyarəmiz bu gün çox sakit və soyuqqanlı şəkildə uçurdu. İçimi bir narahatlıq hissi bürüdü. Axı mən təyyarənin dilini bilirdim. İllərlə bu işin içində idim.

Hər uçuşumuzda təyyarə ilə danışırdım. Ona deyirdim ki: “Dostum, xahiş edirəm səndən, heç bir nasazlığın olmasın. Bizi salamat gedəcəyimiz yerə qədər daşı.”

Sanki təyyarə mənə cavab verirdi. Həmişə bu sözləri ona deyəndə, turbulansa düşür, yavaşca titrəyərək mənə cavab verirdi. Amma bu dəfə isə dediklərimə cavab vermədi. Bu soyuqluq məni çox qorxudurdu.

Yavaşca ona pıçıldadım:

“Dostum, cavab ver mənə… Bu qədər insanların arzularını, ümidlərini, gələcəyini puç etmə.”

Dostumun mühərrikindən gələn xırıltıdan hiss etdim ki, o artıq yaxşı deyil və özünü yaxşı göstərməyə çalışır. Hələlik bunu uğurla gizlətməyə çalışırdı.

Qroznının dumanlı hava limanı uzaqdan görünürdü. Hava şəraiti çox pis idi. Hava limanı bağlanmışdı. Məcburən əvvəlcə Mahaçqalaya, sonra isə Aktauya yönəldik.

İnsanların üzündə təlaşı oxuyurdum. Bilirsiniz, bu artıq suda boğulmaq kimi bir hiss idi — necə ki insan suda boğulanda ümid edir ki, indi kimsə gəlib onu çıxaracaq… İnsanlar da ümid dolu baxışlarla mənə baxırdılar ki, onlara hər şeyin yaxşı olduğunu deyim.

Mən isə kapitanımız İqor Kşnyakinə və köməkçisi Aleksandr Kalyaninova güvənirdim. Onlar əllərindən gələn hər şeyi edirdilər ki, bircə sağ qalaq. Təyyarədə baş verən nasazlıqdan dolayı titrəmə baş verdi. Bu, məni sağ qalmağımız üçün qurduğum xəyallardan ayırdı.

Artıq dostum özünü pis hiss edirdi. Tez-tez və çılğın şəkildə turbulansa düşürdü. İçimdə ona nə qədər bağırsam da, əsəbləşsəm də, xeyri yox idi. Bəzən düşünürdüm ki, bəlkə də bağırdığım üçün belə edir. Sonra sakit tərzdə danışırdım. Bu qədər insanın sağ qalması üçün dostumu sakitləşdirməkdə əlimdən sadəcə bu kimi şeylər gəlirdi…

Saat 09:35-də artıq kritik vəziyyət idi. Qəza siqnalı verildi. İlahi, mən necə də həyəcanlanmışdım… Amma əgər bunu sərnişinlərə bildirsəydim, vəziyyət daha da gərginləşəcəkdi. Ona görə də özümü şux tutmuşdum.

09:49-da pilotlarımız Aktauya təcili eniş tələb etdilər. Təyyarəni birbaşa rejimdə idarə etməyə başladılar. Bu dəqiqələr, bu saatlar ərzində səmada neçə dəfə dövrə vurduq…

Hər zaman mənə sakit tərzdə cavab verən dostum sanki bu gün məni eşitmirdi. Elə bil ki, son dəqiqələrini yaşayırdı. Göyləri süzmək istəyirdi. Hiss edirdim ki, artıq son saatlarıdır. Deyəsən, bu gün onunla yollarımızı ayıracağıq. Bunu hiss etdikcə elə təəssüflənirdim ki, axı o mənim neçə illik dostum idi. Mühərriyi necə də xırıldayırdı. Sanki mənə demək istəyirdi ki:

“Mən heç də yaxşı deyiləm… Məni qanadlarımdan vurublar, sanki…”

 

Bu dəqiqələr ərzində onun necə əziyyət çəkdiyini bir mən bilirdim. Yavaşca, heç kimin eşitməyəcəyi, tez-tez vuran ürəyimdən səslənirdim:

“Bir az da dayan… Hər şey yaxşı olacaq. Biz yerə sağ çatacağıq. Sənin qanadlarını təmir edəcəyik, mühərriyindəkiı xırıltını aradan qaldıracağıq… Bircə döz.”

Nə qədər eləsək də, yerə enmirdi. Sərnişinlər necə də qorxmuşdular…

11:25-də mən sərnişinlərə səsləndim:

“Hər kəs kəmərlərini bağlasın. Hər şey…” — sözlər boğazımda düyünlənirdi. Çünki onlar ümid dolu gözlərini məndən ayırmırdılar. Hələ o təyyarəyə ilk dəfə minən sərnişinlər… Pis olmamağım əlimdə deyildi. Bunu onlara bildirməməli idim axı… Ona görə anında özümü yığışdırdım və dedim:

“Hər şey yaxşı olacaq!”

11:27 idi. Dostum son dəfə var gücü ilə dövrə vurdu. Bəlkə bir daha qalxa bilməyəcəkdi bu göylərə... Bəlkə də bu son dəfə o sərinliyi, istiliyi, dumanı, buludları, ildırımı, yağışı dadmaq istədi.

11:28 olmağına cəmi 10 saniyə qalırdı. Hər saniyədə dostuma bağırırdım. Bu saniyələrdə onun bircə “Mən bacarmadım…” sözünü eşitdim.

Artıq 11:28 idi. Ruhum getdikcə bədənimdən çıxırdı. Amma mən hələ də peşman deyildim. Heç olmadım da…

Mənimlə birgə neçə adamın ruhunun göyə qalxdığını gördüm. Artıq ruhum bədənimdən ayrılmışdı. Mənimlə birgə həlak olmuş cisimlərdən ruhları görürdüm. İş yoldaşlarım da onların arasında idi. Bütün ruhlar əl-ələ tutub göylərə qalxırdıq.

Qalxdıqca ikiyə bölünmüş dostumu gördüm. O necə də pərt olmuşdu…

Mənim adım Hökumə Əliyevadır.

İndi mən çox yaxşıyam. Dostlarım da hamısı yaxşıdır. Biz sizi göylərin ən yüksək mərtəbələrindən izləyirik.

Mən çiçəkləri çox sevirdim axı…

İndi olduğum yerdə elə gözəl çiçəklər var ki…

 

“Ədəbiyyat və incəsənət”

(03.11.2025)

 

 

              

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.