Payızı sevmək, ya sevməmək ? – EKSPRESS SORĞU Featured

 

Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət"

 

Portalın əməkdaşlarının cavablandırdıqları növbəti ekspress-sorğu hazırda sərin-ilıq günlərini yaşadığımız payız fəsli ilə bağlıdır. Payızı niyə sevmək, yaxud niyə sevməmək?

 

Payızı niyə sevirəm, niyə sevmirəm?

Bəzən duyğuların sərhədində ilişib qalırıq.

Duyğular bir- birinə zidd olaraq daxili boşluq yaradır.

Elə bu duyğulara şahid payızdır. Bu fəsil həm ruhun özünə qapanması, həm də özünədərkini sanki sürətləndirir. Payız sonu, eyni zamanda başlanğıcı öz sarı örtüyündə gizlədir. Payızın sehri Günəşin küsüb uzaqlaşmasındadırmı?

Bəlkə, hə, bəlkə də yox.

Ağaclar Günəşin isti nəfəsindən məhrum qaldıqca təravətini itirir. Külək də yaralı yarpaqlara balta çalır. Hər yarpağın ölümü, bir arzunun ölümüdürmü? Yağışlar səmaların yarpaqlara saxladığı yası andırır. Hər yarpaq insanların ölmüş arzularıdımı? Bu kədərli düşüncələr payızda məni melanxoliya məclisinə dəvət edir, həsrət şərabı ilə doldurur badəmi..  Payıza olan sevgimi kədər acımadan öldürməkmi istəyir?

Mən sarışın payızı sevirəm axı..

Mənim sevgim yenilməz, ölməzdir axı

Sevmək, ya sevməmək, bu təzad, bu ağrı içimizi doğrayan zəhər kimidir.

Sevdiklərimiz idealdırmı?

- Əlbəttə, yox.

Hamının müsbət və mənfi tərəfi var.

Niyə bu sarışın payızın olmasın ki?

Bəlkə, elə bizi- sevgimizi sınayır.

Günəşlə sözləşib istiliyini azaldır, küləyi fitvalayıb buludların üstünə göndərir.

Ey sarışın payız, mən sənin tərəfindəyəm.

Sən kədərləndirmirsən, düşündürürsən. Yaşıl yarpağı xəzələ çevirirsən.

Anladırsan ki, yaşıl olanda qədrini bil, ömrünü boşa xərcləmə. Anladırsan ki, həmişə isti münasibət sənə sarılmayacaq, soyuğun da dadını bil.

Anladırsan ki:

Ey uca budaqlardan boylanan yarpaq,

bir gün enməyin var,

halsız, ayaqlar altında

can verməyin var..

Qürrələnmə, ey uca budaqda

taxt quran yarpaq!

Hə, sarışın payızım, səni sevirəm, sevmirəm- deyə bilmərəm. Mən YARADANIN yaratdığı bu möcüzəni sevməyə bilmərəm. Bəlkə də, adını dəyişib yaza çevrilirsən, mən buna inanıram.

Sən soyundurduğun budaqları yenidən yaşıla bürüyürsən, sən də mənim kimi yaşılı sevirsən, Günəşi sevirsən, elə yaşılı daha da sevdirmək üçün sarıya çevirib həsrət çəkdirəndən sonra yenə də yaşıla boyayırsan.

Mənim sarışın PAYIZIM, ərköyün, şıltaq olsan da, səni sevirəm!

                        

 “Ədəbiyyat və incəsənət”

(05.11.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.