283 nömrəli məktəbin 5-ci sinif şagirdləri Respublika Uşaq Kitabxanasına ziyarət ediblər. Ziyarət çərçivəsində uşaqlar üçün maarifləndirici və bədii məzmunlu görüş təşkil olunub.
“Ədəbiyyat və incəsənət” portalına Kitabxanadan verilən məlumata görə, görüş zamanı kitabxananın əməkdaşı məktəblilərə müxtəlif janrlarda yeni nəşrlər haqqında məlumat verib, oxu vərdişlərinin inkişafında bu əsərlərin əhəmiyyətini vurğulayıb.
Kitabxana əməkdaşı yazıçı Humayın Sevincin “Xarıbülbül” əfsanələri”, türkiyəli yazıçı Nilgün Özelin “Şirinin Dünyası”, italyan yazıçısı Françesko D’Adamonun Azərbaycan dilinə tərcümə olunmuş “Çanta, dəniz və ümid”, eləcə də Mürşüd İsmayılzadənin “Hər günə bir sual” adlı kitabları haqqında məktəblilərə geniş məlumat verib.
Uşaqlar xüsusilə “Xarıbülbül” mövzusuna böyük maraq göstəriblər. Onlar “Xarıbülbül” sözünün mənası, bu gülün harada yetişdiyi və ona niyə belə ad verildiyi barədə yeni biliklər əldə ediblər. Şagirdlər həmçinin bu simvolun Azərbaycan xalqı üçün mənəvi dəyəri və azadlıq rəmzi kimi əhəmiyyəti barədə öz maraqlı fikirlərini səsləndiriblər.
Tədbir zamanı şagirdlər müzakirələrdə fəal iştirak edib, oxuduqları əsərlərin mövzusu, qəhrəmanları və hadisələri haqqında düşüncələrini bölüşüblər.
Sonda məktəblilər kitabxananın müxtəlif bölmələri ilə tanış olub, uşaq ədəbiyyatı fonduna daxil olan yeni kitablarla maraqlanıblar.
Ziyarətin məqsədi uşaqlarda kitabxana mədəniyyətini formalaşdırmaq, mütaliəyə marağı artırmaq və onların ədəbiyyat haqqında biliklərini zənginləşdirmək olub.
“Ədəbiyyat və incəsənət”
(03.11.2025)


