İnci Məmmədzadə,
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
Ötən əsrin əvvəllərində Azərbayvan səhnəsində bir ulduz parlayırdı. Amma tale onu qürbətə aparıb...
Aliyə Terequlova 13 may 1913-cü ildə Tiflisdə anadan olub. Məşhur Terequlovlar (Tanrıqulovlar) nəslindəndir. Məlahətli və cazibəli səhnə görkəmi, yaraşıqlı qədd-qaməti olub. Mürəkkəb mizanlarda, hərəkət edə-edə ariya və duet oxumağı ustalıqla bacarıb. Qəhrəman sevgililərin partiyalarının ifasını quruluqdan çıxaran, onlara romantizm, lirizm, səmimiyyət gətirən ilkin aktrisalardandır.
On yaşından musiqi ilə müntəzəm məşğul olub və orta təhsil aldıqdan sonra Azərbaycan Dövlət konservatoriyasında oxuyub. Oranın vokal şöbəsini 1937-ci ildə bitirib və Opera və Balet Teatrına solist götürülüb. Burada Nərgiz və Məryəmin ("Nərgiz", Müslüm Maqomayev), Gülzarın ("Şahsənəm", Reynqold Qlier), Ağca qızın ("Aşıq Qərib", Zülfüqar bəy Hacıbəyov) partiyalarını oxuyub.
1938-ci ildə Azərbaycan Dövlət Musiqili Komediya Teatrı açılanda Aliyə Terequlova da truppaya dəvət edilib. 1949-cu ildə teatr bağlananda Filarmoniyanın nəzdində yaradılan musiqili estrada ansamblında, Gənc Tamaşaçılar Teatrında işləyib. MKT 1956-cı ildə yenidən açılanda bir müddət burada işləyib.
Aktrisanın Musiqili Komediya Teatrında oynadığı əsas rollar: Asya və Gülçöhrə, Minnət xanım, Gülnaz ("Arşın mal alan", "Ər və arvad" və "Məşədi İbad", Üzeyir bəy Hacıbəyov), Beatriçe ("İki ağanın bir nökəri", Karlo Haldoni və Şəmsəddin Fətullayev), Şərəfnisə ("Dərviş Məstəli şah", Mirzə Fətəli Axundzadə və Şəmsəddin Fətullayev), Keto ("Keto və Kote", Vladimir Dolidze), Durna ("Durna", Süleyman Rüstəm və Səid Rüstəmov), Bayadera ("Bayadera", İmre Kalman)
Yüksək zövq və istedad sahibi olan Aliyə Terequlova 17 iyun 1943-cü ildə Azərbaycan Respublikasının əməkdar artisti fəxri adına layiq görülüb.
Aliyə Terequlova ömrünün son on ilini Moskvada yaşayıb və 13 mart 1968-ci ildə orada vəfat edib
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(13.03.2026)


