Boyat tezislərin yenidən “isidilmə”si Featured

Əkbər Qoşalı,

“Ədəbiyyat və incəsənət” portalının redaktoru

 

“Hesabat”, “monitorinq”, “insan haqları” kimi beynəlxalq nüfuzlu terminlərin heç də hər zaman yerində və ədalətli təqdim olunduğunu görmürük.

O gözəlim terminlərin arxasında elə “gözəl” təqdimatlar olur, təqdimatlar elə “özəl” olur – heyrət edirsən.

Öz gözlərində tiri görməyənlərin bizim gözümüzdə tük axtarmasına isə – çoxdan alışmışıq.

Belə çıxır ki, bəzən beynəlxalq siyasətdə söz silahdan daha təsirli vasitəyə çevrilir. ABŞ Beynəlxalq Dini Azadlıq Komissiyasının Azərbaycanla bağlı son hesabatı məhz belə bir siyasi texnologiyanın “qara örnəy”i kimi diqqət çəkir.

 

Sənəd formal olaraq dini azadlıqların durumuna dair qiymətləndirmə kimi təqdim edilsə də, məzmununa diqqətlə baxdıqda bunun obyektiv incələmədən çox, geosiyasi ritorikanın məhsulu olduğu aydın görünür. Azərbaycana qarşı səsləndirilən iddiaların böyük hissəsi faktoloji əsasdan məhrumdur və uzun illərdir müxtəlif lobbi qruplarının istifadə etdiyi boyat tezislərin yenidən “isidilmiş” versiyasını xatırladır.\

Azərbaycanın dini mühitinin gerçək mənzərəsi nədən ibarətdir? – bunu görmək üçün xüsusi araşdırmaya da ehtiyac yoxdur. – Kor kor, gör gör – gözlə görünən, necə deyərlər, toxunula bilən hər şeyə qara yaxmaqla deyil axı.

Azərbaycan tarixən müxtəlif dinlərin və məzhəblərin mehriban, yanaşı yaşadığı coğrafiya olub. Qafqaz Albaniyasının xristian irsindən tutmuş İslamın müxtəlif məzhəblərinə, eləcə də yəhudi icmalarına qədər bu torpaqlarda dini müxtəliflik təkcə mövcud olmayıb, həm də dövlət tərəfindən ləyaqətlə qorunub.

Ölkəmizdə məscidlərlə yanaşı pravoslav kilsələrinin, katolik məbədlərinin və sinaqoqların fəaliyyət göstərməsini kim nə haqla təsadüf saya bilər?

Bu, Azərbaycan modelinin – dini tolerantlıq və multikulturalizm modelinin praktiki nəticəsidir.

Ona görə də Azərbaycanda guya dini azadlığın “kobud şəkildə pozulduğu” barədə iddialar siyasi ritorika təsiri bağışlayır. Əgər bir ölkədə müxtəlif dinlərin ibadət məkanları dövlət vəsaiti ilə bərpa olunur, dini icmalar hüquqi status alır və dövlət tədbirlərində bərabər təmsil olunursa, bu ölkəni dini azadlığın pozulduğu məkan kimi təqdim etmək ciddi suallar doğurur.

Qarabağ mövzusuna gəlincə – faktların yerinə siyasi folklor, ideoloji mifologiya qoyulması da öyrəşdiyimiz başqa bir əsassız “ittiham xətti”dir.

Bəli, adıyaman hesabatın ən diqqət çəkən bölümlərindən biri Qarabağla bağlı irəli sürülən iddialardır. Burada iki əsas tezis irəli sürülür:

1.      guya xristian dini abidələrinin sistemli şəkildə dağıdılması;

2.      keçmiş işğalçı və separatçı rejim nümayəndələrinin dini zəmində təqib olunması.

Bu iddiaların hər ikisi faktlarla tam ziddiyyət təşkil edir.

Qarabağ ərazisində mövcud olan xristian abidələrinin böyük hissəsi (qədimlərinin hamısı) Qafqaz Albaniyası irsinə aiddir və Azərbaycan dövləti bu irsin qorunmasını öz mədəni siyasətinin tərkib hissəsi kimi görür. İkincisi isə Azərbaycanın müvafiq dövlət orqanlarının saxladığı şəxslər dini mənsubiyyətlərinə görə deyil, konkret cinayət ittihamlarına görə məsuliyyətə cəlb olunublar. - Bunun əksini düşünmək, ən yumşaq ifadə ilə desək, nadanlıq, korafəhimlik, qərəzlilikdir. Başqa adı – birilərinin erməni cibindən asılılığı ola bilər.

Burada dini mövzunun qabardılması siyasi manipulyasiyadır. Çünki məsələ sırf hüquqi müstəvidədir, qətiyyən dini müstəviyə çəkilə bilməz.

Bəli, qarşımıza təzyiqin yeni-köhnə  forması – “Hesabat diplomatiyası” ilə çıxmaqdadırlar.

Müxtəlif fondlar, komissiyalar və qeyri-hökumət qurumları vasitəsilə hazırlanan sənədlər dövlətlərə qarşı siyasi təzyiq vasitəsinə çevrilmişdir.

Bu mexanizmin əsas özəlliyi hesabatın formal olaraq ekspert rəyinə bənzərliyi, lakin əslində çirkin siyasi mövqeni ifadə etməsidir.

Azərbaycanın son illərdə artan geosiyasi rolu – enerji layihələri, daşımaçılıq dəhlizləri, regional təşəbbüslər – bəzi mərkəzləri bərk rahatsız edir. Bax, belə bir ortamda insan haqları və dini azadlıqlar mövzusu tez-tez siyasi alətə çevrilir.

 

Bölgənin mürəkkəb dönəmində təsadüfi olmayan zamanlamanı da vurğulamalıyıq.

Budur, “hesabat”ın yayımlandığı dövrə diqqət edək. Yaxın Şərqdə və İran ətrafında gərginliyin artdığı bir mərhələdə Azərbaycan haqqında “şiə din xadimləri ilə bağlı” iddiaların qabardılmasını necə təsadüfi saya bilərik?..

Bu, bölgədə həssas dini və siyasi balansı nəzərə alsaq, müəyyən siyasi ismarıcların verilməsi kimi də yozula bilər.

Azərbaycanın dövlət siyasəti sadə və aydındır:

din – dövlət siyasətinin aləti deyil, toplumun mənəvi, ruhani sahəsidir.

Bu prinsip ölkənin hüquq sistemində öz əksini tapmışdır. Dövlət dini icmaların fəaliyyətinə münbit ortam yaradır, lakin dini institutların siyasi manipulyasiya alətinə çevrilməsinə də imkan vermir.

Məhz bu balans – din azadlığı və dövlət təhlükəsizliyi arasında qorunan tarazlıq – Azərbaycanın unikal modelini fərqləndirən əsas cəhətlərdəndir.

 

Beləliklə,

hər hansı hesabat obyektiv və faktlara əsaslanan incələmə olduqda dəyərli sayıla bilər; lakin o siyasi stereotiplərin təkrarına çevrildikdə, öz etibarını sıfırlamış olur.

Azərbaycanla bağlı son “hesabat” da məhz bu sualı gündəmə gətirir:

bu sənəd həqiqətən dini azadlıqları araşdırmaq üçün hazırlanıb, yoxsa geosiyasi ismarıclar ötürmək üçün?

Ağsaçlı tarix nə göstərir? – Göstərir ki, həqiqət gec-tez öz yerini tutur.

Azərbaycan öz çoxəsrlik mədəni və dini müxtəlifliyi ilə bu həqiqətin ən canlı sübutlarından biri olaraq qalır. – Vardıq, varıq, var olacağıq!

Gün işığını torpaqlamaq mümkünsüzdür; qızıl torpaq altında qalmış olsa belə yenə qızıldır. Biz nə Günəş, nə qızıl deyilik və öz torpaqlarımızı alnımızın ağı, damarımızın qanı, ruhumuzun gücü ilə azad etmişik. – Müsəlman, xristian, yəhudi… şiə, sünni ayırmadan… – vətəndaşlar hamımız bir can olmuşuq, savaş meydanında qızıl ləyaqət göstərmişik. Biz belə xalqıq, belə ölkəyik!

 

Siz indi tarixin ironiyasına baxın:

Azərbaycan Ermənistana taxıl daşıyan vaqonların keçidinə icazə verir,

Ermənistanın Baş naziri Avropa Parlamentində yüksək tribunadan Azərbaycan Prezidentinə təşəkkür edir,

seçki yolu ilə hakimiyyətə gələn Paşinyan hökuməti yox, okeanın o tayındakı bir dəxlsiz komitə erməni hökumətinin bizdən istəmədiyini istəyir;

ayrıca, Azərbaycan ilə Ermənistan arasında sülh anlaşmasının paraflanması məhz ABŞ-də olmuşdu və indi o, ABŞ-nin bir komitəsi sülhə zərər verə biləcək “hesabat” yayır…

ABŞ İsrail ilə birgə şiələrin mütləq çoxluqda olduğu ölkəni, onun paytaxtı Tehranı və digər şəhərləri bombalayarkən, Azərbaycan ABŞ-nin bir Komitəsi tərəfindən şiə din adamlarının hüququnu pozmaqda ittiham olunur… İngilis özü belə yerdə deyir: no comment.

DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!

 

“Ədəbiyyat və incəsənət”

(13.03.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.