İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Teatr və kino sahəsində həm altyr kimi, həm də rejissor kimi fəaliyyət göstərmək gərgin əmək, konsentrasiya və peşəkarlıq tələb edir. Bu sahədə külüng döymüş Hilal Həsənovun bu gün anım günüdür.
Hilal Həsənov 10 sentyabr 1943-cü ildə Gəncə şəhərində anadan olub. 1959-cu ildə Gəncə şəhəri 20 saylı tam orta məktəbi bitirib. Həmin ilin oktyabr ayının 1-də Gəncə Dövlət Dram Teatrının yardımçı heyətinə aktyor kimi qəbul olunaraq əmək fəaliyyətinə başlayıb. Sənətə olan məhəbbəti onu 1962-ci ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun rejissorluq fakültəsinə gətirib. İnstitutda təhsil alarkən onun sənət müəllimi və kurs rəhbəri Rza Sarabski olub. Hilal Həsənov 1963–1966-cı illərdə hərbi xidmətə çağrıldığından ali təhsilini 1970-ci ildə bitirə bilib.
Azərbaycan Dövlət Akademik Musiqili Teatrında suflyor, rejissor köməkçisi və rejissor assisenti kimi də fəaliyyət göstərib. Bu teatrın səhnəsində 27 sentyabr 1969-cu ildə səhnəyə qoyulan dramaturq Asif Zeynallı və bəstəkar Nəriman Məmmədovun "Məmmədəli kurorta gedir…" pyesinin tamaşasında quruluşçu rejissor Səftər Turabovun və 7 mart 1970-ci ildə dramaturq Şıxəli Qurbanovla bəstəkar Süleyman Ələsgərovun "Sevindik qız axtarır" pyesinin tamaşasında quruluşçu rejissor Şəmsi Bədəlbəylinin assisenti olub.
Burada diplom işi üçün dramaturq Məhərrəm Əlizadə və bəstəkar Ağası Məşədibəyovun "Toy kimindir?" musiqili komediyasının quruluşu ona tapşırılıb. O, rəssam Adil Quliyev və dirijor Kamal Abbasovla birlikdə tamaşanı 1970-ci il iyulun 4-də uğurla təhvil verə bilib. Daha sonra o, 1971–1975-ci illərdə İrəvan Dövlət Azərbaycan Dram Teatrında aktyor və rejissor olaraq çalışıb.1975–1977-ci illərdə Moskvada Vaxtanqov adına Akademik Dram Teatrında təcrübə keçib. Təcrübə müddəti başa çatdıqdan sonra Gəncə Dövlət Dram Teatrına gəlib. O, burada səhnə fəaliyyətinə aktyor olaraq başlayıb.
Belə ki, H. Cavidin "Səyavuş"da Birinci məmur, C. Cabbarlının "Nəsrəddin şah"da İkinci silahlı, Ə. Məmmədxanlının "Şərqin səhəri"də Fəhlə, A. Məmmədovun "Həmyerlilər"də Gənc, Ə. Yusiflinin "Ürək sevərsə"də Poçtalyon, İ. Coşqunun "Komsomol poeması"da Şahsuvar, Y. Əzimzadənin "Anacan"da Qulu və başqa obrazlarını böyük ustalıqla yarada bilib.1986-cı ilə kimi burada aktyor və rejissor kimi fəaliyyət göstərib.
Gəncə Dövlət Dram Teatrının səhnəsində V. Şukşinin "Diribaş adamlar", İ. Coşqunun "Komsomol poeması", S. Rəhmanın "Xoşbəxtlər", S. Qədirzadənin "Gözəllik ondur…", Q. Rəsulov və Ə. Şərifovun "Molla Nəsrəddin zarafatları", Y. Əzimzadənin "Anacan", M. Qorkinin "Qoca", R. Əlizadənin "Doğmalar", O. Zaqradnikin "Zəngli saat", K. Vəliyevin "Üçtelli durna", L. Rəşidzadənin "Toya üç gün qalmış", C. Cabbarlının "1905-ci ildə", U. Şekspirin "III Riçard", E. Radzinskinin "Sokratla söhbətlər", İ. Şıxlının "Odlu çarpazlar", F. Əlyarbəylinin "Qonşular", N. Həsənzadənin "Atabəylər", N. Gəncəlinin "Səadət yağış deyil" və digər quruluşları maraqla baxılan səhnə traktofkalarındandır.
1979-cu ilin payızında Gəncə Dövlət Dram Teatrının bazasında yaradılan "Zərrabi" Nizami Poeziya Teatrının 1979–1990-cı illər ərzində repertuar zənginliyinin təmin olunmasında məhz rejissor olaraq Hilal Həsənovun xidmətləri əvəzsiz olub. Bu teatrın səhnəsində Nizami Gəncəvinin əsərləri əsasında özünün səhnələşdirdiyi "Xarəzm gözəli haqqında əfsanə", "Ədalət sorağında", "Qılıncla gələn, qılıncla ölər" pyeslərinə uğurlu səhnə həyatı bəxş etməklə müasir və maraqlı rejissor traktofkası ilə diqqəti cəlb edə bilib.
İstedadlı rejissor Hilal Həsənov 30 oktyabr 2019-cu il tarixində 76 yaşında İstanbulda vəfat edərək orada dəfn olunub.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(30.10.2025)


