Super User

Super User

Çərşənbə, 10 Sentyabr 2025 12:03

Müasir rəssamların folklorla dialoqu

Rəqsanə Babayeva

Beyləqan rayon Mədəniyyət Mərkəzinin rejissoru, “Gənclik” xalq teatrının rəhbəri, yazıçı. “Ədəbiyyat və İncəsənət” üçün

 

 

Folklor hər xalqın ruhunun, tarixinin və mədəni kimliyinin ən dərin ifadəsidir. Nağıllar, dastanlar, rəvayətlər və xalq musiqisi illərlə nəsildən-nəslə ötürülən xəzinələrdir. Müasir rəssamlar isə bu zəngin irsi yalnız qorumaqla kifayətlənməyib, onu çağdaş sənət dili ilə oxucuya və tamaşaçıya çatdırırlar. Bu dialoq həm milli kimliyi təbliğ edir, həm də folklorun zamanla necə dəyişdiyini və yenilənə biləcəyini göstərir.

 

Folklor motivlərinin yenidən işlənməsi

 

Bugünkü rəssamlıqda folklor motivləri təkcə mövzu kimi deyil, həm də vizual poetikanın bir hissəsi kimi istifadə olunur. Nağıl və dastan obrazları rəng, xətt və forma vasitəsilə təkrar doğulur, tamaşaçının duyğularına və təxəyyülünə toxunur. Bu yanaşma folkloru sadəcə arxivdə saxlanılan bir irs olmaktan çıxarıb, yaşayan və daim yenilənən bir mədəniyyət nümunəsinə çevirir.

Folklor elementləri rəssamlıqda həm simvolik, həm də abstrakt formada işlənir. Məkan və zamanın sərhədlərini aşan bu əsərlər, qəhrəmanları yalnız fiziki simvol kimi deyil, həm də insan təcrübəsini və emosiyalarını ifadə edən vasitə kimi təqdim edir. Belə işlər izləyicini həm keçmişə aparır, həm də müasir dünyanı onun prizmasından görməyə imkan verir.

 

Milli irsin qorunması və inkişafı

 

Rəssamların folklor motivlərini işləməsi yalnız mədəni irsin qorunması deyil, onu gənc nəsillərə çatdırmaqdır. Nağıllar, dastanlar və rəvayətlər tuvalda, kağız üzərində və rəqəmsal formatda yenidən canlanır. Bu, oxucular və tamaşaçılar üçün həm öyrədici, həm də emosional təcrübədir.

Folklor vasitəsilə yaradılan rəssamlıq əsərləri milli dəyərləri vurğulamaqla yanaşı, insanın daxili aləmini zənginləşdirir. Onlar tarixi yaddaşı və mədəni kimliyi qoruyur, eyni zamanda yaradıcılıq sərhədlərini genişləndirir.

 

Texnologiya və çağdaş ifadə

 

Müasir rəssamlıq yalnız tuval və kağızla məhdudlaşmır. Rəqəmsal sənət, animasiya və multimedia vasitələri ilə folklor motivləri yeni formatda təqdim olunur. Bu, klassik nağılları və dastanları gənc nəsillə paylaşmaq üçün əvəzsiz bir yoldur.

Rəssamlıqda texnologiyanın istifadəsi folklorun çağdaş dünyaya uyğunlaşmasını təmin edir. Interaktiv rəqəmsal əsərlər tamaşaçını nağılların içində hiss etdirir, onların obrazları ilə qarşılıqlı əlaqə qurmağa imkan verir. Belə yanaşmalar göstərir ki, folklor yalnız keçmişin yadigarı deyil, həm də yaşayan və daim yenilənən bir mədəni sərvətdir.

 

Tamaşaçı ilə dialoq

 

Folklor əsasında yaradılan müasir rəssamlıq yalnız vizual zövq deyil, həm də emosional və intellektual dialoq yaradır. Rənglər, xətlər, simvollar tamaşaçının öz uşaqlıq xatirələrinə, milli yaddaşına və şəxsi təcrübəsinə toxunur. Hər bir əsər izləyicini yalnız baxışla deyil, həm də hisslə iştirak etməyə dəvət edir.

Bu dialoq folklorun əbədiliyini və müasir mədəniyyətlə uyğunlaşma qabiliyyətini ortaya qoyur. Rəssamlıq folkloru yenidən doğur, onu qoruyur və inkişaf etdirir, eyni zamanda milli kimliyin zənginliyini vurğulayır.

Müasir rəssamların folklorla dialoqu göstərir ki, mədəni irs yalnız qorunmaq üçün deyil, yaşamaq və inkişaf etmək üçün də vardır. Nağıllar, dastanlar və rəvayətlər rəssamlıq vasitəsilə yeni nəfəs alır, texnologiya və müasir üslublarla gənc nəsillərlə paylaşılır. Bu, həm milli kimliyin, həm də yaradıcılığın zənginləşdirilməsi üçün ən gözəl nümunədir.

Folklor və müasir sənət arasında qurulan bu dialoq göstərir ki, milli mədəniyyət yalnız tarixdə qalmaqla kifayətlənmir; o, hər dövrdə yenilənir, yeni nəsillərə yol göstərir və insanın ruhunu zənginləşdirir.

 

“Ədəbiyyat və incəsənət”

(10.09.2025)

 

Çərşənbə, 10 Sentyabr 2025 11:30

Chris Columbus - kinonun dahiyanə yenilikçisi

 

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Chris Columbus – amerikalı rejissor, prodüser və ssenaristdir. O, öz xüsusilə ailəvi və macəra janrında çəkdiyi filmlərlə tanınır. Tam adı Chris Joseph Columbusdur. 10 sentyabr 1958-ci ildə Pensilvaniyada  dünyaya göz açıb.  New York Universitetinin Tisch School of the Arts fakültəsində ssenaristlik ixtisası üzrə təhsil alıb. Bu gün bu böyük rejissorun doğum günüdür.

 

Chris Columbus əvvəlcə ssenarist kimi çalışıb. 1980-ci illərdə onun yazdığı ssenarilərdən bəziləri məşhur filmlərə çevrilib:

 

1. Gremlins (1984) – ssenari müəllifi

2. The Goonies (1985) – ssenari müəllifi

 

Daha sonra rejissorluğa başlayıb və çox sevilən ailə filmlərinə imza atıb:

 

- Adventures in Babysitting (1987) – ilk rejissorluq işi

 

- Home Alone (1990) və Home Alone 2: Lost in New York (1992) – dünya şöhrəti gətirən filmlər

- Mrs. Doubtfire (1993) – Robin Williams ilə böyük uğur qazanan komediya

- Harry Potter and the Sorcerer’s Stone (2001) və Harry Potter and the Chamber of Secrets (2002) – “Harry Potter” seriyasının ilk iki filminin rejissorluğu.

Columbusun filmləri adətən ailə dəyərlərini, yumoru və fantaziyanı birləşdirir. Onun işləri həm uşaqlar, həm də böyüklər üçün maraqlı olur.

Rejissor Hollivudda ailəvi kino janrının ustası hesab olunur. Amma ona dünya şöhrətini təbii ki, Harry Potter gətiribdir.

 

Chris Columbus filmoqrafiyası (rejissor)

1. Adventures in Babysitting

2. Heartbreak Hotel

3. Home Alone

4. Only the Lonely

5. Home Alone 2: Lost in New York

6. Mrs. Doubtfire

7. Nine Months

8. Bicentennial Man

9. Harry Potter and the Sorcerer’s Stone

10. Harry Potter and the Chamber of Secrets

11. Harry Potter and the Prisoner of Azkaban (yalnız prodüser)

12. Rent

13. I Love You, Beth Cooper

14. Percy Jackson & the Olympians: The Lightning Thief

15. Pixels

 

Chris Columbus bir çox filmlərdə ssenarist və prodüser kimi də fəaliyyət göstərib. (Gremlins, The Goonies, The Help, The Witch və s.)

Mənsə, hələ də Harry Potter filmlərinə baxmadığım səbəbindən YouTube platformasına qoşuluram ki, bu filmlərdən heç olmasa birinə tamaşa edim.

 

“Ədəbiyyat və incəsənət”

(10.09.2025)

 

 

Çərşənbə, 10 Sentyabr 2025 11:01

Yalnızlığın səsi – ESSE

 

Aynur İsmayılova, “Ədəbiyyat və incəsənət”

 

Hər yeni başlanğıc özündə yeni arzular, yeni ümidlər, yeni insanlar gətirir. Başlanğıclar insana fərqli həyəcan, fərqli hisslər yaşadır. Ancaq bir hiss var ki, səndən qopmur. Harada olduğundan, kimlə olmağından asılı olmayaraq səni özünə çəkir. Sən onu basdırmağa çalışsan da, o bir söz, bir səs, bir baxışda sənə varlığını xatırladır.

 

Sanki deyir: “Qaçma, bu sənsən, özündən xəbərsiz yaşama.” Görməkdən məmnun olmadığın tərəflərin içində gizli gücünü də daşıyır. Qəbul etdikcə güclənəcək, azadlaşacaqsan. Çünki insan qaranlığın arxasındakı işığı tapanda özünə rast gəlir. Sən isə qaranlıqda özünə yer tapmağa çalışırsan. Amma işıq çox uzaqda deyil, özünə imkan versən, o sənə parlayacaq.

Bu hiss hər insanın varlığında kök salır, amma hər kəsdə fərqli ölçüdə. Sən bunu daha çox hiss edirsən və bir o qədər də ondan qaçırsan. Amma ən çox da ona ehtiyac duyursan. O yalnızlıqdır — insanın həm qorxduğu, həm də özünü ən çox tanıdığı aynası. Yalnızlıq bir sınaq kimidir: ya özünü dərk edirsən, ya da özündən qaçırsan. Qaçdıqca o səni geri çağırır. Çünki sən orada özünlə baş-başa qalırsan. Özünü tapırsan. Kimsə olmasa da, sən özünə bəs etməyi öyrənirsən. Hansı duyğu olduğundan asılı olmayaraq, öz həqiqətlərini, öz xoşbəxtliyini, öz səsini, öz hisslərini qucaqla. Çünki yalnızlıq sənə öz iç dünyanı dinləməyi öyrədir. Və sən özünə yaxın olduqda, dünya da sənə yaxınlaşır…

 

“Ədəbiyyat və incəsənət”

(10.09.2025)

 

Çərşənbə, 10 Sentyabr 2025 10:31

Şairə Epitafiya

 

Afaq Şıxlı,

həkim, şair, publisist, tərcüməçi, Azərbaycan Yazıçılar Birliyinin Moskva şöbəsinin məsul katibi, “Ədəbiyyat və incəsənət” üçün

 

Böyük şairimiz Məmməd İsmayılın ölümü sadəcə bir son deyil, xatirələrin, düşüncə selinin və möcüzələrin də başlanğıcı oldu.

 

O, özünü həmişə kəndlərindəki tənha,amma möhtəşəm dağdağan ağacı ilə müqayisə edərdi. Şairin qızı Gülzar İsmayıl xatırlayır: "Atama baxanda, mənə doğma kəndimiz Əsrikdə, Kəmər-qayanın ətəyində kökləri daşlara keçmiş, təkbaşına, heç bir dəstəyi olmadan, gurultulu tufanlara və şimşəklərə mərdliklə sinə gərən dağdağan ağacı yadıma düşürdü. Ətrafında nə bir ağac, nə də bir kol yox idi ki, dəstək olsun, ya da göz oxşasın. Atam da elə o dağdağana bənzəyirdi.  Tale ilə, dünya ilə, həyatın çətinlikləri ilə təkbaşına mübarizə aparıb özünə yol açırdı. Atam hətta o uca ağacla müqayisəsini misralara da çevirmişdi…"

Və mən dostlardan eşitdim ki, şair xəstələnəndən bəri ağac da solmağa başlayıb, onun qədərini paylaşıb.

***

Ümumi dostlarımızla söhbət əsnasında öyrəndim ki, Məmməd müəllimin dəfn mərasimi günəşli, isti bir günə rast gəlibmiş. Və o zaman ikinci bir möcüzə baş verib – ağ bir bulud günəşi örtərək matəmdə olanları qızmar şüalardan qoruyub və sazın sədaları altında şairlə layiqincə vidalaşmağa imkan yaradıb.

Bu, sanki təbiətin özündən bir hörmət, bir şəfqət təzahürü idi ki, qəlblərdəki itki ağrısını yüngülləşdirmişdi.

***

Şairin dəfnindən bir neçə gün sonra mən Moskvadan gəlib, onun evini və məzarını ziyarət etmək üçün Əsrikə yol aldım. Müəllimimin məzarı başında durub keçmişləri andım, özlüyümdə ruhu ilə halallaşdım. Hətta bizə yolçuluq edən Bayram adlı şəxs "ağacdələn" şeirinin yaranmasına səbəb olan taxta dirəyi də göstərdi. Özümdən asılı olmayaraq gözlərimdan yaş axa-axa o şeiri söylədim. O istidə, bürküdə haradansa sərin meh əsdi... Sanki bir rahatlıq hiss etdim, toxdadım...

***

Qazaxdakı ata ocağımıza geri qayıdanda isə üçüncü, inanılmaz bir möcüzə baş verdi – ağacda bir ağacdələn gördüm. O, dimdiyi ilə, Morze əlifbası kimi, sanki sevimli şairimdən təşəkkür sözləri ötürürdü. Bu ritmik tıqqıltı təsadüf deyil, onun ruhunun var oluşunu, görüşünə gəlişimi qiymətləndirdiyini təsdiqləyən bir mesaj kimi görünürdü.

***

Mənim üçün bu üç hadisə Məmməd İsmayılın möcüzələri oldu. Onlar göstərdilər ki, insan, təbiət və sənət arasında əlaqə ölümlə qırılmır, sadəcə transformasiya olunur.

Ağac, bulud və ağacdələn xatirənin, hörmətin və minnətdarlığın simvolu oldular. Onlar bizə xatırlatdılar ki, Məmməd İsmayılın ruhu onu unutmayanlarda, sənətini qiymətləndirənlərdə, dünyanın gözəlliklərini görənlərdə yaşamağa davam edir. O, bizə insan ruhunun gücünü, dünyanın gözəlliyini və ətrafımızda mövcud olan möcüzələri (əgər onu görməyi bacarırıqsa) xatırladır.

                                        Qazax-Bakı

 

“Ədəbiyyat və incəsənət”

(10.09.2025)

Çərşənbə, 10 Sentyabr 2025 10:16

Şəhidlər barədə şeirlər - Elxan Məmmədov

 

 “Ədəbiyyat və incəsənət” portalı gənc yazar Elşad Baratın şəhidlər barədə silsilə şeirlərinin təqdimini davam etdirir.

 

Şəhid Elxan Məmmədov

 

Elxan Məmmədov 1998-ci il mayın 15-də Qobustan rayonunun Cəyirli kəndində anadan olub. 2005-2016-cı illərdə Qobustan rayonunun A. Quliyev adına Cəyirli kənd tam orta məktəbində təhsil alıb. 2016-2018-ci illərdə Azərbaycan Ordusunun sıralarında müddətli həqiqi hərbi xidmətdə olub.

Azərbaycan Ordusunun əsgəri olan Elxan Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Elxan Məmmədov oktyabrın 11-də Füzuli döyüşləri zamanı ağır yaralanıb və 18 gün xəstəxanada müalicə aldıqdan sonra oktyabrın 29-da şəhid olub. Qobustan rayonu Cəyirli kəndində dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elxan Məmmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

 

Sən elin xanısan,

Qəhrəmanısan.

Çünki şəhidisən,

Vətən canısan.

 

Səninlə fəxr edir,

İndi bu millət.

Sizin sayənizdə qayıtdı torpaq.

Bitdi Kəlbəcərə,

Şuşaya həsrət.

 

Bu şeir mənimdir?

Yox, sizlərindir.

Bu vətən

Hamıdan çox sizlərindir.

 

Sizlər ölməmisiz,

Şəhidlər ölmür,

Şəhidlər yaşayır tarix boyunca.

Sən ey savaşların allahı şəhid

Əgər burdasansa,

Başım üstündə

Gətir əllərini öpüm doyunca.

 

“Ədəbiyyat və incəsənət”

(10.09.2025)

 

 

 

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Bəzi kino sənətkarları var ki, onlardan daim daha çoxunu gözləyirsən, amma gözlədiklərin gəlmir. Sanki onlara nəsə mane olur, şedevrlər yaratmağı daim təxirə salır, daim nəyisə gözləyirlər.

 

Operatorlar rejissorlar kimi öndə olmazlar, kadr atrxasında qalarlar, amma kino tarixində məhz operator filmləri az olmayıbdır. Biz Rafiq Əliyevdən məhz belə bir film gözləməkdəyik.

Azərbaycan kinooperatoru, prodüser Rafiq Əliyev 10 sentyabr 1953-cü ildə Bakıda anadan olub. 1972–1976-cı illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunda təhsil alıb. 1976-cı ildə Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında operator assistenti kimi əmək fəaliyyətinə başlayıb. 1978-ci ildə Moskvada Dövlət Kino Komitəsi nəzdində ixtisasartırma kurslarında iştirak edib.

1980–1985-ci illərdə Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun kinooperatorluq fakültəsində Aleksandr Qalperinin emalatxanasında təhsil alıb.

Bir neçə bədii və sənədli filmin quruluşçu operatorudur. ANS televiziyasının baş operatoru çalışmışdır.

Hazırda "Aranfilm" Yaradıcılıq Mərkəzinin baş operatorudur

 

Filmoqrafiya

1. Bizi bağışlayın

2. Yolda adamlar

3. Araqarışdıran

4. Monoloq

5. Müsəlmanlar sülh uğrunda mübarizədə

6. "Neftçi"-87

7. Yol hərəkətinin təhlükəsizliyi

8. Sahilsiz gecə

9. Dəvətnamə

10. İmam Mustafayev. Ömürdən səhifələr

 

“Ədəbiyyat və incəsənət”

(10.09.2025)

Nigar Xanəliyeva, “Ədəbiyyat və incəsənət”

 

Türk Mədəniyyəti və İrsi Fondu ilə “Ədəbiyyat və incəsənət” portalının birgə layihəsində bu gün sizlərə maraqlı bir mövzuda yazı təqdim edilir - orta əsr türk ordusunda qadın döyüşçülər.

 

Türk xalqlarının tarixi yalnız kişi qəhrəmanlarla deyil, həm də qadın döyüşçülərlə zəngindir. Orta əsrlərdə türk cəmiyyətində qadın yalnız ailə daxilində deyil, həm də ictimai-siyasi və hərbi sahələrdə mühüm mövqeyə malik olmuşdur. Qədim mənbələr, dastanlar və arxeoloji tapıntılar türk qadınlarının döyüş meydanında iştirakını təsdiqləyir. Bu fenomen dünya mifologiyasındakı Amazon döyüşçüləri motivi ilə paralel aparıldıqda, maraqlı oxşarlıqlar və fərqlər ortaya çıxır.

Türk ordusunda qadınların iştirakı təsadüfi hadisə deyil, sosial-mədəni ənənələrin nəticəsi idi. Hun, Göytürk, Uyğur və daha sonrakı dövlətlərdə qadınlar həm ailəni, həm də torpağı qorumaq üçün silaha sarılırdılar. Qədim Çin salnamələrində türklərin “atlı qadınları”ndan bəhs edilir. Onların cəsarəti, ox atma bacarığı və süvari kimi döyüş təcrübəsi xüsusi qeyd olunur. Dastanlarda isə qadın qəhrəmanlar — Banuçiçək, Burla xatun, Gürcü qızı Nigar və s. igidlikləri ilə kişilərdən geri qalmırdılar.

Qədim yunan mifologiyasında Amazon qadınları müstəqil döyüşçü qəbiləsi kimi təsvir edilir. Onlar kişilərdən ayrı yaşayır, özlərinə məxsus silah və idarəetmə sistemi qururdular. Türk qadın döyüşçüləri isə fərqli idi: onlar kişilərdən ayrılmır, ailə və dövlət strukturlarının tərkib hissəsi kimi fəaliyyət göstərirdilər. Əgər Amazanlarda qadın-kişi qarşıdurması motivi ön plandadırsa, türk ənənəsində qadın döyüşçülər kişilərlə bərabər, yan-yana vuruşurdu. Bu, türk cəmiyyətində qadın-kişi münasibətlərinin daha balanslı olduğunu göstərir.

Arxeoloji qazıntılarda qadın skeletləri ilə birlikdə silahların tapılması (ox, qılınc, nizə) onların döyüşdə iştirakını təsdiqləyir. Orta əsr mənbələrində qadınların dövlət idarəçiliyində və diplomatik fəaliyyətlərdə də rol aldığı qeyd olunur. “Kitabi-Dədə Qorqud” dastanında qadın obrazları döyüşkən, müstəqil və şərəfli surətlər kimi təqdim edilir. Bu obrazlar Amazonlarla müqayisədə daha realist və sosial həyatla bağlıdır.

Orta əsr türk ordusunda qadın döyüşçülərin varlığı türk cəmiyyətində qadının yüksək sosial statusunu nümayiş etdirir. Onlar yalnız ailə və məişətdə deyil, həm də döyüş meydanında xalqın, torpağın qoruyucusu olmuşlar. Amazon motivləri ilə müqayisədə, türk qadın döyüşçülərinin fərqli cəhəti onların müstəqil qəbilə kimi deyil, dövlət və ailə strukturlarının ayrılmaz parçası kimi fəaliyyət göstərməsidir. Bu fakt türk xalqlarının sosial-mədəni inkişafında qadın-kişi münasibətlərinin qarşılıqlı əməkdaşlıq üzərində qurulduğunu sübut edir.

 

“Ədəbiyyat və incəsənət”

(10.09.2025)

 

Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”

 

 

MÜTALİƏ MƏDƏNİYYƏTİNİ NECƏ FORMALAŞDIRMALI?

“Ədəbiyyat və incəsənət” portalının təqdim etdiyi bu silsilə yazılar Azərbaycan Yazıçılar Birliyi Ədəbiyyat Fondunun Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərkib hissəsi olaraq nəşr edilir.

Azərbaycan Ədəbiyyat Fondu@

 

-Cəmi 6 dəqiqə kitab oxumaq stressin səviyyəsini 30 %-ə qədər azalda bilir ki, bu da musiqi terapiyasından və ya gəzintidən daha səmərəlidir. 

-Həkimlər sübut ediblər ki, mütaliə həm də güclü sağaldıcı prosedurdur. Bu gün inkişaf  etmiş ölkələrin bir çox aparıcı klinikalarında yeni müalicə metodu – biblioterapiya tətbiq edilir. 

-Tədqiqat zamanı zəngin süjet xəttinə malik romanların beş gün ərzində oxucunun beyin hüceyrələrini dəyişdiyi sübut edilib.

Sizləri cəlb edə bildik, elədirmi? Onda hər gün mütaliə mədəniyyəti barədə oxuyun və özünüzdə mütaliə vərdişləri aşılayın.

 

14.

MÜTALİƏNİN HƏRTƏRƏFLİ OLMASI QAYDASI

 

“Nə gəldi oxuma!” – şübhəsiz, bu tövsiyyələri hər biriniz eşitmisiniz. Həqiqətən də, mütaliə zamanı seçim imkanlarından istifadə etmədən kortəbii şəkildə nə gəldi oxumaq əsla yolverilməzdir.

Kitab anlayışına bu formatda çap edilən istənilən çap məhsulu aiddir. Gəlin unutmayaq, heç bir bədii şuradan, senzuradan, yoxlamadan keçməyən, müəllif hesabına çap olunan minlərlə kitablar var ki, onlar oxucu zövqünü korlayır, onlara fayda vermək əvəzinə aqressiya, küskünlük, ətrafdakılara nifrət hissi aşılayır, onları səhv yollara sürükləyir. Dövlətin nəşr prosesinə müdaxilə etməməsi bu cür əyriliklərə, neqativliyə yol açır. Buna görə də müəlliflərin öz məsuliyyətlərini bir kənara qoyub (hər kəs özünü dahi sanır), naşirlərdən maddi gəlir naminə bu sayaq kitablara meydan verməməyi tələb etməyin əsil zamanıdır.

Biz seçmələdik və ziyanlı kitabları yox, faydalılarını seçdik. Bu, işin birinci tərəfidir. Bəs bu faydalıları necə gəldi, hansı ardıcıllıqla oldu oxumağımız düzgündürmü? Bu isə işin ikinci tərəfidir.

Təsadüfi deyil ki, mütaliəni məktəbə bənzədirlər. Hər bir məktəbin dərəcəsi, öz sinifləri olduğu kimi, mütaliənin də dərəcəsi və sinifləri vardır. IX sinif proqramını mənimsəməmiş şagirdin X sinfə keçməsi mümkün olmadığı kimi, oxucunun bilik səviyyəsinə uyğun gəlməyən kitabı mütaliə etməsi də ona lazımi fayda verə bilməz.

Çox kitab oxumaq heç də əsas şərt deyil. Əsas şərt oxuduğunu başa düşmək, dərk etmək, ondan nəticə çıxarmaqdır.

Mütaliənin müəyyən sistem üzrə aparılması şərtdir. Pedaqoq və alimlərdən bir çoxu bədii ədəbiyyatı tarixi xronoloji qayda ilə mütaliə etməyi məsləhət görür. Əvvəl keçmişi, sonra müasiri.

Əks xronoloji qayda da var, əvvəl yaxın dövrləri, get-gedə uzaq dövrləri.

Belədə adi oxucu uzun müddət müasir ədəbiyyatdan uzaq düşür. Digərində isə klassiklərdən bixəbər olur. Bəs qızıl qayda hansıdır? Oxucu bədii əsərləri paralel olaraq iki istiqamətdə mütaliə etməlidir. Yeni və keçmiş. Çünki yenini mütaliə etməyən müasir həyatdan ayrı düşür, keçmişi mütaliə etməyən isə mədəni inkişafdan geri qalar.

Sadə şəkildə şərh edilən kütləvi kitablardan başlayıb tədricən elmi kitablara keçmək məsləhət görülür. Oxucu birdən-birə çətin kitablara müraciət edərsə başa düşməz və onun mütaliəyə olan marağı sönər. Bacarıqla seçilmiş kitab mütaliənin müvəffəqiyyətli olmasını təmin edir.

Əsəri öyrənmək məqsədi ilə oxuyan oxucunun mütaliəsi onu poetik əsər kimi oxuyan oxucunun mütaliəsindən fərqlənir. Makedoniyalı İskəndər Homerin “İlliada”sını Axilles surətini bir ideal sayaraq dönə-dönə oxumuşdur.

 

Növbəti: 15.Mütaliəyə ayrılan zaman

 

“Ədəbiyyat və incəsənət”

(10.09.2025)

 

 

Avstriyanın paytaxtı Vyanada Azərbaycan klassik musiqisinin banisi, Şərqdə ilk operanın müəllifi Üzeyir Hacıbəylinin 140 illik yubileyinə həsr olunan “Sounds of the Land of Fire” (“Odlar Yurdunun Sədaları”) adlı ikinci beynəlxalq piano müsabiqəsi başa çatıb.

 

“Ədəbiyyat və incəsənət” portalına Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, müsabiqə Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Avstriyada fəaliyyət göstərən Azərbaycan Akademik Birliyinin təşkilatçılığı və Vyanadakı Azərbaycan Mədəniyyət Mərkəzinin tərəfdaşlığı ilə keçirilib.

Bu genişmiqyaslı layihənin direktoru Azərbaycan Akademik Birliyinin rəhbəri Sahilə Rzazadədir. Proqramın ərsəyə gəlməsində Abuzər Manafzadə (müsabiqənin məsləhətçisi), Sabina Rzazadə (incəsənət üzrə məsləhətçi), Ramazan Nəbiyev (müavin və informasiya texnologiyaları üzrə məsləhətçi), Elçin Bağırov (maliyyə üzrə məsləhətçi) və Raul Məmmədzadənin (mədəni təşkilatlarla əməkdaşlıq üzrə köməkçi) böyük rolu olub.

Beynəlxalq piano müsabiqəsinin final mərhələsi Vyana şəhərinin mərkəzində yerləşən Fortepiano Qalereyasının İmperator zalında, laureatların qala-konserti isə Azərbaycan Mədəniyyət Mərkəzində təşkil olunub.

Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Leyla Qasımova bu mötəbər tədbirin qala-konsertinə ev sahibliyi etməkdən qürur duyduğunu bildirib. O, müsabiqənin ikinci dəfə keçirilməsini və dahi bəstəkar Üzeyir Hacıbəylinin yubileyinə həsr olunmasını yüksək qiymətləndirib.

Azərbaycan Akademik Birliyinin rəhbəri Sahilə Rzazadə isə iştirakçıların həm istedad, həm də cəsarət nümayiş etdirdiklərini vurğulayıb. Tədbirin ərsəyə gəlməsində əməyi olan tərəfdaşlara, dəstəkçilərə və münsiflər heyətinə minnətdarlığını ifadə edib.

Münsiflər heyətinin sədri, Xalq artisti, professor Fərhad Bədəlbəyli gənc istedadların üzə çıxarılmasında xüsusi əhəmiyyətə malik olan müsabiqəyə qarşıdakı illərdə uğurlar arzulayıb.

Müsabiqə zamanı müxtəlif ölkələrdən olan gənc pianoçular Qara Qarayev, Cövdət Hacıyev, Əşrəf Abbasov, Tofiq Quliyev, Qalib Məmmədov, Fərhad Bədəlbəyli və digər tanınmış Azərbaycan bəstəkarlarının zəngin irsinə müraciət ediblər.

Münsiflərin qərarına əsasən, Eunseon Ahn (Cənubi Koreya, 27 yaş) I dərəcəli laureat, Nanase Kuroki (Yaponiya, 29 yaş) və Naoe Sasaki (Yaponiya, 24 yaş) II dərəcəli laureat, Hidayət Sadıqbəyli (Azərbaycan, 21 yaş) və Tomiris Bekturova (Qazaxıstan, 25 yaş) III dərəcəli laureat adına layiq görülüblər.

Azərbaycan bəstəkarları Əşrəf Abbasovun "Folk Song" (6 miniatura) və "Humoreska", eləcə də Cövdət Hacıyevin "Joke" və "Fairy Tale" əsərlərini yüksək peşəkarlıqla ifa etdiyinə görə 23 yaşlı çexiyalı musiqiçi Daniel Boura xüsusi mükafatla təltif edilib.

Müsabiqə ilə bağlı daha ətraflı aşağıdakı linkdən tanış ola bilərsiniz:

www.lofmc.com

 

“Ədəbiyyat və incəsənət”

(10.09.2025)

 

 

 

Çərşənbə, 10 Sentyabr 2025 08:04

Gənclər niyə teatra getmir?

 

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Gənclər Teatrı həqiqətən də gənclərimiz üçün çalışır. Tamaşalarda həm didaktika, həm informasiya, həm motivasiya var. Amma nədənsə tamaşalar zamanı zalda gənclərə istisna halda rast gəlmək olur. Gənclər, niyə belə passivsiniz, bilmək olmur.

Bu gün həmin teatrın bir aktrisası barədə danışaçağam.

 

Bu gün doğum günü olan Azərbaycan Respublikasının əməkdar artisti Qəmər Məmmədovadır.

10 sentyabr 1954-cü ildə Bakıda doğulub. 1975-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun «Dram və kino aktyorluğu» fakültəsini bitirib. 1975-79-cu illərdə Şəki Dövlət Dram teatrında, 1979-cu ildən İncəsənət İnstitutunun nəzdində Tədris teatrında aktrisa vəzifələrində işləyib. 1983-cü ildə Şəki Dövlət Dram Teatrına qayıdıb 2002-ci ilə kimi aktrisa vəzifəsində çalışıb. 2002-ci ildən Azərbaycan Dövlət Gənclər teatrında aktrisa vəzifəsində çalışıb.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllimidir. 2009-cu il may ayının 1-dən Azərbaycan Dövlət Gənc Tamaşaçılar teatrının aktrisasıdır. 2000-ci ildə Azərbaycan Respublikasının Əməkdar Artisti fəxri adı ilə təltif olunub. 2013-cü ilin dekabr ayının 10-da Azərbaycan Respublikasının Əməkdar İncəsənət Xadimi fəxri adına layiq görülmüşdür.

 

Əsas rolları:

1. Sara xatun - («Sara xatun», N.Cəfərli)

2. Nazlı - («Qarışqa yuvası», Ə.Qiyas)

3. Güllü - («Vicdanın hökmü»,H.Mirələmov)

4. Sevgili - («Generalın son əmri», V.Səmədoğlu)

5. I qadın - («Labirint», E.Hüseynbəyli)

6. Anaxanım - («Axırı sakitlikdir», E.Hüseynbəyli)

7. Hosuil Emmi - («IV Kin», Q.Qorin)

8. İolanka - («Gecə soyğunçuları», M.Mitroviç)

9. Gövhər xanım - («Məhv olmuş gündəliklər», İ.Əfəndiyev)

10. Marianna – («Tədbirə qarşı tədbir», V.Şekspir

 

Filmoqrafiya

- O dünyadan salam

- Həm ziyarət, həm ticarət...

- Yalan

- Cavad xan

 

“Ədəbiyyat və incəsənət”

(10.09.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.