İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Ədəbiyyatımızda çox nüfuzlu bir şəxsiyyət idi, ədəbi tənqiddə cəsarətli çıxışları ilə yer almışdı, ədəbi proseslərə dərhal reaksiya verir, yeni kitabları diqqətdən kənarda qoymur, yorulmadan çalışırdı. O – Şirindil Alışanov.
Şirindil Alışanov 1952-ci il oktyabrın 28-də Laçın rayonunun Əhmədli kəndində anadan olub. Bakının 19 və 111 nömrəli məktəblərində orta təhsil alıb. 1970-1975-ci illərdə Bakı Dövlət Universitetinin filologiya fakültəsində təhsilini davam etdirib, ədəbi tənqid üzrə ixtisas kursunu bitirib.
1976-1987-ci illərdə AMEA Ədəbiyyat İnstitutunda elmi işçi, İnstitutun elmi katibi, bölmə müdiri vəzifələrində çalışıb. 1977-1980-ci illər SSRİ Elmlər Akademiyası Maksim Qorki adına Dünya Ədəbiyyatı İnstitutunun Ədəbiyyat nəzəriyyəsi şöbəsində çalış¬mış, məşhur estetik Yuri Borevin rəhbərliyi ilə romantizm probleminə həsr olunan namizədlik dissertasiyası yazıb və 1981-ci ildə müdafiə edib.
1976-cı ildən ədəbi-tənqidi məqalələri ilə mətbuatda çıxış edib. "Ədəbi proses" silsilə məcmuələrinin əsas müəlliflərindən biridir. 1977-ci ildə Nizami adına Ədəbiyyat İnstitutunun və Azərbaycan Yazıçılar Birliyinin poeziyaya həsr olunan birgə respublika konfransında məruzə edib, ədəbi-nəzəri fikrin ən aktual problemləri ilə bağlı müzakirə və konfranslarda ardıcıl çıxış edib. O, ədəbi tənqidin nəzəri-metodoloji problemləri, müasir poeziya, onun əsas inkişaf meylləri, poetik axtarışları barədə dövri mətbuatda və bir çox məcmuələrdə ardıcıl çıxış edib.
1993-1998-ci illərdə «Elm» qəzetinin baş redaktoru, 1997-2013-cü illərdə "Elm" Redaksiya, Nəşriyyat-Poliqrafiya Mərkəzinin direktoru olub.
1998-2003-cü illərdə Nizami adına Ədəbiyyat İnstitutunun Tarixi poetika şöbəsinin müdiri olub. Bir sıra mötəbər elmi jurnalların və çoxcildlik nəşrlərin redaksiya heyətinin üzvü olub. Dörd kitabı və yüzdən artıq elmi və ədəbi-tənqidi məqaləsi çap olunub. Bir sıra beynəlxalq konfranslarda məruzə edib.
Elmi məqalələri
1. N.Xəzrinin lirikasında peyzaj. «Azərbaycan təbiəti» məcmuəsi. 1976.
2. Həqiqi poeziyanın xətrinə. «Ədəbiyyat və incə-sənət» qəz. 4.IX.1976.
3. Mənəvi sabahın sorağında. «Azərbaycan» jurn. 1977.
4. Poema: axtarışlar, tapıntılar. «Ədəbiyyat və incə-sənət» qəz. 29.X.1977.
5. Poeziya-77. «Ədəbi proses-77». «Elm», 1978
Beynəlxalq elmi konfranslarda iştirakı
1. Beynəlxalq Şəhriyar konfransı – Tehran-Təbriz, 1992 (İran)
2. Beynəlxalq Füzuli konfransı - Bağdad, 1994 (İraq)
3. Azərbaycan səbkinə həsr edilmiş Beynəlxalq konfrans – Urmiya, 1996 (İran)
4. Humanitar elmlərin müasir durumu və ədəbiyyat-şünaslığın nəzəri-metodoloji məsələləri. Beynəlaxq elmi konfrans. Bakı, dekabr 2010.
Elmi sessiyalarda məruzələr
1. Məmməd Cəfər – 80. M.Cəfərin bədii metod konsepsiyası. Bakı, 1980.
2. Yaşar Qarayev – 70. Bakı, 2006.
3. Mir Cəlal – 100. Mir Cəlalın nəzəri-estetik görüşləri. Bakı, 2008.
4. Məmməd Cəfər – 100. Məmməd Cəfərin nəzəri-estetik görüşləri. Bakı, 2009.
5. XX əsrin görkəmli ədəbiyyatşünası (Əziz Mirəhmədovun 90 illiyinə həsr edilmiş sessiyada mə¬ruzə). Bakı, 2010.
O, 14 mart 2024-cü ildə vəfat edib. Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(28.10.2025)


