Super User

Super User

Bazar ertəsi, 08 Sentyabr 2025 15:40

VAQİF SƏMƏDOĞLU, “Nüşabəyə”

 

Azərbaycan Ədəbiyyat Fondunun “Yazıçı” nəşriyyatında Xalq yazıçısı Anarın “2=3+4, yaxud iki ailədə üç Xalq yazıçısı, dörd Xalq şairi” adlı kitabı işıq üzü görüb. Nəfis tərtibatlı, illüstrasiyalı kitab Azərbaycan ədəbiyyatı irsinə böyük töhfələr vermiş iki nəsildən, onlar barədə həqiqətlərdən və onların ədəbi nümunələrindən ibarətdir.

 

608 səhifəlik bu unikal kitabı tərtib edən Xalq yazıçısı Anar uzun illər ərzində təkcə öz yazdıqlarını yox, qəhrəmanlarının – Səməd Vurğun, Rəsul Rza, Nigar Rəfibəyli, Vaqif Səmədoğlu, Ənvər Məmmədxanlı və Yusif Səmədoğlunun yazdıqlarını eyni ideya-estetik yaradıcılıq məcrasına qoşaraq, onları eyni axında birləşdirərək ən yeni ədəbiyyatın ən milli paradiqması olaraq təqdim edibdir.

 

“Ədəbiyyat və incəsənət” portalı kitabdan hissələri oxucularına təqdim edir. Anar qəhrəmanlarının ən populyar əsərlərini bir daha yaddaşlarda təzələyir:

 

 

VAQİF SƏMƏDOĞLU

       NÜŞABƏYƏ

 

Mən sənin yuxunam,

Oyansam ölləm.

 

Mən sənin yolunam,

Dayansan ölləm.

 

Özgə yuxusuna

boyansam ölləm.

 

Tale bizi belə

dilə gətirdi

 

Səninki, mənimki

belə gətirdi.

 

“Ədəbiyyat və incəsənət”

(08.09.2025)

 

 

Könül, “Ədəbiyyat və incəsənət”

 

MÜTALİƏ MƏDƏNİYYƏTİNİ NECƏ FORMALAŞDIRMALI?

“Ədəbiyyat və incəsənət” portalının təqdim etdiyi bu silsilə yazılar Azərbaycan Yazıçılar Birliyi Ədəbiyyat Fondunun Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərkib hissəsi olaraq nəşr edilir.

Sizlər üçün çağdaş yazıçı və şairlərimizin ən yaxşı ədəbi nümunələrini seçərək təqdim edəcəyik.

Azərbaycan Ədəbiyyat Fondu@

 

NƏSR                                                           

 

ELÇİN HÜSEYNBƏYLİ

 

QATARDA

(“Sevgi oyunları”  silsiləsindən hekayə)

 

...Qatarla səyahət etməyi sevirəm.

Ən sevdiyim fəsil payız olduğuna görə bu dəfə də payızda yola çıxmışdım. Çiskinləyirdi. Axşamüstü dağlardan qopan külək payız yarpaqlarını perronun yanına,  relslərin arasına gətirib yığmışdı...

SV, yəni iki nəfərlik kupeyə bilet götürmüşdüm. Yanımda adam olmasın deyə  ikisinin də pulunu ödəmişdim. Yanımda adam olanda yata bilmirəm. Bəlkə elə ona görə də evlənmirdim.

Vaqon bələdçisinə də öncədən demişdim ki, məni narahat eləməsin, nəsə lazım olsa, özüm çağıracam.

Vaqon bələdçilərini tanımırsınız? Bir az mənə oxşayırlar, danışdırmasalar da özüm danışıram, çağırmasalar da özüm haya gedirəm, başqası üçün narahat oluram. Bu dəfə də belə oldu. Kupem bələdçinin otağına yaxın olduğundan birinci onun haray-həşirini eşitdim. Kiminsə üstünə qaşqırır, vaqondan düşməsini tələb edirdi. Məcbur olub çölə çıxdım.

Bələdçi küncdə dayanmış miniatür qamətli,  gözəl  bir xanımdan vaqonu tərk etməyi tələb edirdi.

-Bu saat tərk edin vaqonu!

Qadın ovçudan (vəhşidən) qorxub küncə qısılan dovşan kimi dayanmışdı, amma əsib eləmirdi. Bu anda mən onu zərif göyərçinə də bənzədə bilərdim.

-Nə olub? - deyə bələdçidən soruşdum.

-Nə olacaq? Vaqona bezbilet (biletsiz) minib, öz yerimi təklif edirəm, razılaşmır, deyir ki, mən elə burda, ya da tamburda duracam. Elə bil bunu yeyəcəm. Hayasızlığa bax da.

Qadın ürkək-ürkək və nəzakətlə: -Danışığınıza fikir verin! - dedi.

-Nəyə fikir verim, necə fikir verim!? Düş vaqondan! Qatarın rəisi gəlsə, ona nə cavab verəcəm!? İndi vəziyyət əvvəlki kimi deyil e! Hər şey kantroldadır!

Yadımda deyil, qadına yazığım gəldi, yoxsa gözəlliyinə heyranlıqdan idi, ya nəydi, bəlkə də ilğım idi, yuxuydu, taleyin oyunu idi. Anidən: -Onun bileti var, - dedim.

Bələdçi nə dediyimi anladı, çünki məsələdən hali idi, biletləri ona vermişdim, qadın isə çaşdı.

-O, mənim kupemdə qalacaq, - dedim.

Qadın: -Sizin? - deyə təəccüblə üzümə baxdı.

-Narahat olmayın, - dedim, - mən öncədən iki bilet almışam. Biri sizin olsun!

Vaqon bələdçisi: -Məllim, birdən yoxlama olsa, nə cavab verəcəm, -soruşdu.

-Sən yox, mən cavab verəcəm, - ötkəmliklə dedim, - buyurun kupeyə, - qadına işarə elədim.

O, yerindən tərpənmədi. Bir mənə, bir də vaqon bələdçisinə baxdı. Sanki bizdən yox, özü-özündən şübhələnirdi:

-Qorxmayın, gəlin, - dedim.

O, çantasını sallaya-sallaya kupeyə tərəf gəldi, yenə də duruxdu. Mən kənara çəkildim və o, içəri keçdi, əl çantasını stolun üstünə qoydu, yağmurluğunu soyunmadan ətrafı seyr elədi. Mələfəni, yastığı əllədi, iylədi, sanki zifaf gecəsinə hazırlaşırdı. Mən də sakitcə tamaşa edirdim. 

Sonra yatacağa oturdu. Onun yumşaqlığını, bərkliyini yoxlamaq üçün yerində yırğalandı.

O, yerini rahatlayandan sonra: -Mənim borcum nə qədərdir? - deyə üzümə baxıb soruşdu.

Gözlərinin dərinliyində itmək olardı. Qara bəbəkləri gözlərinin ağında çalxalanırdı.

-Sizin mənə borcunuz yoxdur, - dedim.

-Mən biletin pulunu nəzərdə tuturam.

-Onun pulu ödənilib.

-Yəqin yoldaşınızın yeridir hə. Bəs o özü hanı?

-Mən evli deyiləm, - dedim.

-Amma...

-Narahat olmayın, - deyə onun sözünü yarımçıq kəsdim.

Qadın oturduğu yerdə şıltaq qızlar kimi ayaqlarını yelləməyə başladı.

Mən yerimə uzanıb kitab oxumağa davam elədim, amma fikrim  qadının yanındaydı, daha doğrusu toppuş ayaqlarındaydı və oğrun-oğrun onlara baxırdım. Üzünə baxmağa cəsarət eləmirdim. Bəlkə çox gözəl idi ona görə, bəlkə vurulmaqdan qorxurdum. O, sanki nağıllardan düşüb gəlmişdi, bəlkə su pərisiydi, sudan  indicə çıxmışdı? Gözlərimi yumdum. Sanki yuxu görürdüm...

Mənə görə onun 28-30 yaşı ancaq olardı. Çünki gözlərinin altı  və əlləri mərmər kimi sığallıydı. Boyu 155-160 sm olardı, çəkisi də ona uyğun.

Qadın çantasından güzgü çıxarıb baxdı, dodaqlarını yaladı, üzünü o tərəf-bu tərəfə çevirdi və güzgünü qaytarıb yerinə qoydu. 

-Deyəsən, siz də mənim kimi kitab oxumağı xoşlayırsınız? - üzümə baxmadan, etinasız halda soruşdu və pəncərədən çölə baxdı.

-Hə, - qısaca cavab verdim.

-Heyf ki, mən kitab götürməmişəm. Çünki çemodanımı evdə unutmuşam və düzünü bilmək istəyirsinizsə, mən qatara da təsadüfən minmişəm.

-Növbə ilə oxuyarıq, - gülümsünərək dedim.

-Bilmək olar, oxuduğunuz nədir?

-Öz kitabımdır, -dedim.

-Deməli, yazıçısınız?

-Belə də.

-Birinci dəfədir, öz kitabını oxuyan yazıçı görürəm.

-Çox yazıçı tanıyırsınız ki? - dedim və güldüm. O da mənə baxıb güldü.

-Yox, sözgəlişi dedim, elə bilə. Yəni yazıçılar da öz kitablarını oxuyur?

-Kitablarımı ona görə oxuyuram ki, necə pis yazmamağı öyrənim.

O, daha heç bir sual vermədi. Amma mən ondan gözümü çəkmədim. O da hərdən mənə baxır, nəsə fikirləşirdi. Yəqin məni təftiş edirdi.

-38 yaşım var, - dedim.

-Mən sizdən yaşınızı soruşmadım axı.

-Əzəl-axır soruşacaqdınız, - dedim və yenə də gülümsündüm. -İstəyirsiniz sizin yaşınızı da, peşənizi də deyim.

-Yaşımı çətin tapasınız.

-Əslində onu tapmışam, amma məlum səbəbdən demirəm...

-Yox, mənim elə bir kompleksim yoxdur. Özüm də deyə bilərəm.

-Vacib deyil. Həkimsiniz.

-Tapmadınız, - deyə güldü.

Fikir verdim ki, gözlərindən gülür, ovurdları da çalalanır.

-Müəlliməyəm, - dedi, - ədəbiyyat müəlliməsi. Sizi də tanıdım. Mən sizi tədris edirəm.

Onun bu etirafı xoşuma gəldi. Ona görə də dikəlib oturdum.

-Hə, mənə də dedlər ki, orta məktəbdə tədris olunuram, - bir az yekəxanalandım.

Susduq. Handan-hana o: -Bəlkə bir qədər hündürdən oxuyasınız, - dedi.

-Hündürdən oxumağı sevmirəm. Özü də öz mətnimi başqasına oxuya bilmərəm.

-Onda verin, mən də bir az oxuyum.

Təəccüblə ona baxdım.

-Özünüz demişdiniz axı, növbə ilə oxuyarıq, - dedi və güldü.

Gülüşü cingiltili və əfsunediciydi. Düzü, hələ indiyə kimi məni cəlb edən belə bir qadın olmamışdı. Bəlkə bu yuxuydu, ilğım idi, ya taleyin oyunuydu... Bəlkə vurduğu ətrin rayihəsiydi...

Kitabı ona uzatdım. O, zərif, göyərçin əlləriylə kitabı ehtiyatla məndən aldı, sanki güzgü götürürdü və yerə salmaqdan ehtiyat edirdi.

Mən yenidən yerimə uzandım.

O, kitabı oxuyur və haldan-hala düşürdü. Gah, gülümsünür, gah da qəmlənirdi.

Başını qaldırıb mənə baxdı və: -Yaxşı yazırsınız, - dedi. - Xüsusən də bir fikriniz xoşuma gəldi.

-Nə fikirdi elə? - yenə də dikəldim.

O, cavab vermədi. Yəni cavab verməyə imkanı olmadı. Qapı  döyüldü. Durub açdım. Bələdçiydi, yanında da paqonlu, kepkalı biri vardı. Qatar rəisi olduğunu dərhal anladım.

Qatar rəisi: -Mənə dedilər ki, sizin kupedə biletsiz sərnişin var, -dedi.

-Bizim kupedə biletsiz sərnişin yoxdur, - dedim, - biletlər bələdçidədir.

-Amma biletlərin hər ikisində sizin adınız yazılıb.

-Düzdür, biletləri mən almışam.

-Amma onun adı olmalıdır, - deyə qadını göstərdi.

-O, mənim arvadımdır, - anidən dedim.

-Kəbin kağızınız var?

-Yox, biz kəbini qatardan düşəndə kəsdirəcəyik.

Qatar rəsi ağzını açıb nəsə demək istəyirdi ki, özümü təqdim eləməyə məcbur oldum. O, qınayıcı nəzərlə bələdçiyə baxdı və sağollaşıb-eləmədən getdi. Mən də qapını bağladım. Onların, yəni qatar rəisinin səsi aydınca eşidilirdi:

-Axmağın biri axmaq, əvvəlcə öyrən, sonra mənə de də!

Bələdçi də özünə bəraət qzandırırdı:

-Rəis, mən hardan bilim e.

-Canına azardan!

Onların səsi kəsiləndən sonra qadın: -Siz niyə elə dediniz? - deyə təəccüblə üzümə baxdı. Mənə elə gəldi ki, onun  gözləri yaşarıb.

-Nə bilim. Nəsə özümdən uydurmalıydım da.

-Amma mənim xoşuma gəldi, - dedi və gülümsündü.

-Doğrudan?! - deyə qəhqəhə çəkdim, - zarafat edirdim də.

Deyəsən kədərləndi. Çiynini çəkdi. Kitabı qatlayıb özümə qaytardı və yenidən pəncərədən çölə baxdı.

-Bilrisiniz, mən belə zarafatları xoşlayıram. Bəlkə də bu, heç zarafat deyil...

O, üzünü mənə tərəf çevirdi və güldü...

Kefim durulmuşdu. Özümdən asılı olmayaraq dil qəfəsə qoymadan danışırdım. Heç o da məndən geri qalmırdı...

Yatmaq vaxtı gələndə çölə çıxdım. O, yerini rahatlayandan sona qapını döyüb içəri girdim.

Gənc xanım mənm də yerimi açmış və öz yerinə girmişdi.

-Nə əziyyət çəkirdiniz? - dedim.

Gülümsündü. Bəlkə də bayaqkı ər-arvad sözümə işarə vururdu...

Səhər yuxudan oyandıq, daha doğrusu o oyandı. Mən yatmamışdım ki. Səhərə kimi ona baxmışdım. O da səksəkəliydi. O tərəf-bu tərəfə çevrilir, hərdən ədyal üstündən sürüşür, bədəninin bir hissəsi açıq qalır və çöldən düşən işıqların haləsində cəzbedici görünürdü. Düzü, bunu qəsdən edirdi, ya yox, bilmədim...

Birinci o çölə çıxdı, əl-üzünü yuyub qayıtdı. Makiyajsız da gözəl idi. Mən də ayaqyoluna gedib qayıtdım. Mən gələnə qədər özünə sığal vermişdi və qapıya tərəf baxırdı, sanki məni gözləyirdi, üzü gülür, gözləri parıldayırdı.

Qəfildən: -Növbəti dayanacaq mənimdir, - dedi.

Təəccübləndim və nə edəcəyimi bilmədim.

-Elə bilirdim ki, siz də mənim kimi sona qədər gedəcəksiniz, - təəssüflə dedim.

-Mən də elə bilirdim, amma düşməliyəm. Sevgilim hardasa buralarda məni gözləməlidir, - sevinclə dedi.

“Sevgili” sözünü eşidəndə çaşdım. Beynimdə o qədər xəyallar qurmuşdum ki.

-Niyə fikrə getdiniz? - yenə də gülümsündü.

-Sevgilinizi qısqandım, - mən də özümü o yerə qoymayıb gülümsündüm. Amma gülüşlərimiz fərqliydi: onunku dürüst, mənimki istehzalıydı, yəni taleyin ironiyası...

O, heç nə demədən, gülümsünə-gülümsünə sağollaşdı, çantasını əlinə alıb qatardan düşdü və sanki özüylə ruhumu apardı...

Səfər ərzində bircə dəqiqə də onu unutmadım. Onun gülüşü, qara gözləri, alaqaranlıqda parlayan dərisi yadımdan çıxmırdı. Bu bir yuxuydu, ilğım idi, ya taleyin oyunuydu, bilmədim?

Səfərim başa çatdı və geri döndüm. Yenə də çiskinləyirdi. Yenə də külək payız yarpaqlarını ətrafa səpələmişdi...

...Birdən onu gördüm. Yağışın altında dayanıb mənə baxırdı. Çətirsiz-filansız. Üst-başı əməllicə islanmışdı. Bir-birimizi aralıdan tanıdıq. O, mənə tərəf yüyürdü və qarşımda dayanıb gülümsündü. Saçlarından yağış damırdı...

-Bu siziniz? - deyə təəccüblə soruşdum. O da gülə-gülə başı ilə təsdiqlədi. - Sevgilinizi qarşılamağa gəlmisiniz?

-Hə!

-Bəs sevgiliniz hanı?

-O, mənim qarşımdadır, - dedi.

Çaşdım.

-Bəs...

-Mən onu axtarmağa çıxmışdım. Tapandan sonra qatardan düşdüm. Necə yazmışdınız? “İnsanlar xoşbəxtliyini vağzallarda tapır, vağzallarda da itirir...”

-Bu nədir, taledir? - deyə məşhur pritçanın sözlərini pıçıldadım.

O da eyni pritçadakı cavabı verdi:

-Yox, bu sevgidir, - dedi.

Mən onun qara gözlərinə uzun-uzadı baxdım, sonra qucaqlayıb dodaqlarından doyunca öpdüm: ilğım kimi, yuxu kimi, taleyin oyunu kimi...

 

“Ədəbiyyat və incəsənət”

(08.09.2025)

 

Bazar ertəsi, 08 Sentyabr 2025 14:28

Üzeyr Hacıbəyov – Şərqin musiqi dahisi

 

Rəqsanə Babayeva,

Beyləqan rayon Mədəniyyət Mərkəzinin rejissoru, “Gənclik” xalq teatrının rəhbəri. “Ədəbiyyat və incəsənət” üçün

 

 

Azərbaycan musiqi mədəniyyətinin ən uca zirvələrindən biri, bütün türk dünyasında şöhrət qazanmış sənətkar – Üzeyr Hacıbəyov yalnız bir bəstəkar deyildi. O, həm də maarifçi, publisist, teatr və ədəbiyyat bilicisi, xalqın ruhuna işıq salan böyük ziyalı idi. Onun həyat və yaradıcılığı XX əsrin əvvəllərində milli özünüdərkin, azadlıq və mədəni inkişaf uğrunda mübarizənin ayrılmaz bir hissəsidir.

 

İlk addımlar və maarifçi ruh

 

Üzeyr bəy 1885-ci ildə Şuşada anadan olmuşdu – musiqi nəfəs alan, muğamın, aşıq sənətinin məbədi sayılan bir şəhərdə. Onun uşaqlıq mühitində saz havaları, muğam sədaları, xalq nəğmələri əsl məktəb rolunu oynadı. Gənc yaşlarından həm şərq klassik musiqisini, həm də Avropa musiqi ənənələrini öyrənən Hacıbəyov, Şərqlə Qərbin harmoniyasını yaratmaq məqsədini qarşısına qoydu.

Moskva və Peterburq musiqi təhsili onun dünyagörüşünü daha da zənginləşdirdi. Lakin o, Avropanın yalnız texniki tərəflərini deyil, milli ruhla sintezini əsas götürdü. Hacıbəyov üçün musiqi sadəcə sənət deyildi – xalqı maarifləndirən, ona öz kimliyini, gücünü xatırladan bir vasitə idi.

 

Opera və musiqili teatrın banisi

 

1908-ci ildə yazdığı “Leyli və Məcnun” operası ilə o, təkcə Azərbaycan deyil, bütün Şərqdə ilk operanın müəllifi oldu. Bu əsər yalnız bir sevgi hekayəsi deyildi – xalqın klassik irsi, muğam zənginliyi, Avropa musiqi texnikası ilə qovuşaraq yeni bir janrın – milli operanın təməlini qoydu.

Daha sonra “Əsli və Kərəm”, “Koroğlu” kimi operaları, “Arşın mal alan”, “O olmasın, bu olsun” kimi musiqili komediyaları xalq arasında böyük populyarlıq qazandı. Xüsusilə “Arşın mal alan” dünya səhnələrində oynanılaraq Azərbaycan musiqisini beynəlxalq mədəniyyət xəritəsinə daşıdı.

Üzeyr Hacıbəyovun tamaşaları xalqın həyatına yaxından toxunur, gündəlik məişət mövzularını yumorla, musiqi dili ilə təqdim edirdi. Bu əsərlər həm güldürür, həm düşündürür, həm də xalqın özünə güvənini artırırdı.

 

Pedaqoji fəaliyyəti və tələbələri

 

Hacıbəyovun musiqi maarifçiliyi onun müəllimlik fəaliyyətində daha da parlaq görünür. 1920-ci illərdə təsis olunan Azərbaycan Dövlət Konservatoriyasının qurucularından biri olaraq o, illərlə gənc bəstəkar və musiqiçilərin yetişməsinə xidmət etdi.

Onun pedaqoji yanaşmasının əsasını milli musiqiyə sevgi və eyni zamanda peşəkar Avropa təhsili təşkil edirdi. Tələbələrinə yalnız texniki biliklər yox, həm də vətənpərvərlik ruhu aşılayırdı.

Üzeyr bəyin yetişdirdiyi bəstəkarlar arasında Qara Qarayev, Fikrət Əmirov, Cövdət Hacıyev kimi Azərbaycan musiqi tarixində öz damğasını qoymuş şəxsiyyətlər vardır. Onlar müəllimlərinin ideallarını davam etdirərək Azərbaycan musiqisini daha da zənginləşdirdilər.

 

Elmi və publisistik fəaliyyəti

 

Hacıbəyov yalnız bəstəkar yox, həm də musiqişünas alim idi. O, Azərbaycan xalq musiqisini sistemləşdirərək elmi şəkildə tədqiq etdi. Muğamın nəzəri əsaslarını araşdırdı, onu yazılı nota çevirməyə çalışdı. Məqalələrində musiqinin tərbiyəvi rolunu, gənclərin milli köklərə bağlı qalmasının vacibliyini vurğuladı.

Onun maarifçi məqalələri yalnız musiqi ilə məhdudlaşmırdı. O, teatrın, məktəbin, ədəbiyyatın xalqın gələcəyi üçün nə qədər zəruri olduğunu yazır, mədəniyyətin dövlətçiliyin əsas dayaqlarından biri olduğunu göstərirdi.

Dövrün ictimai-siyasi şəraiti və yaradıcılığa təsiri

Üzeyr Hacıbəyovun ömür yolu çətin və mürəkkəb bir dövrə təsadüf edirdi. XX əsrin əvvəllərində Qafqazın ictimai-siyasi mənzərəsi köklü dəyişikliklərlə zəngin idi: çar Rusiyasının hakimiyyəti, inqilabi dalğalar, Birinci Dünya müharibəsi, Azərbaycan Xalq Cümhuriyyətinin yaranması və süqutu, sovetləşmə prosesi.

Bu çətin şəraitdə Hacıbəyovun musiqisi xalqın birliyi və gələcəyi üçün mənəvi dayaq rolunu oynadı. “Koroğlu” operasında xalqın azadlıq uğrunda mübarizəsi, ədalət arzusu səslənirdi. “Arşın mal alan”da isə gülüş və yumor vasitəsilə ənənəvi düşüncələrə qarşı müasirlik ideyaları çatdırılırdı.

Sovet hakimiyyəti illərində də Hacıbəyov milli musiqini qorumağa və inkişaf etdirməyə çalışdı. Onun fəaliyyəti göstərirdi ki, mədəniyyət siyasət və ideologiyanın fövqündə dayanaraq xalqa xidmət edə bilər.

 

Əsərlərinin bu günkü tamaşaları və gənc nəsilə təsiri

 

Bu gün Üzeyr Hacıbəyovun əsərləri yalnız klassik irs kimi deyil, həm də müasir tamaşaçı üçün canlı və aktual sənət nümunələri kimi səhnəyə çıxarılır. “Koroğlu” operası azadlıq, ədalət və xalqın birliyi ideyaları ilə bu gün də tamaşaçını düşündürür. “Arşın mal alan” isə gənclərin ailə, sevgi, azad seçim mövzularına yanaşmasında yenə də aktualdır.

Onun musiqisi məktəblərdə, konservatoriyalarda gənc nəslin təlim proqramına daxil edilərək milli musiqi ənənələrinin qorunmasına xidmət edir. Gənclər Hacıbəyovun əsərlərində həm musiqi gözəlliyi, həm də milli kimlik şüurunu tapırlar.

Bugünkü tamaşalarda, festivallarda və yubiley tədbirlərində onun əsərlərinin müasir quruluşlarda təqdim olunması, həm milli köklərə bağlılığı, həm də dünya səhnəsi ilə ayaqlaşmağı nümayiş etdirir.

 

Dünya musiqi tarixində yeri və beynəlxalq tanınması

 

Üzeyr Hacıbəyov yalnız Azərbaycan mədəniyyəti üçün deyil, həm də dünya musiqi tarixi üçün mühüm fiqurdur. Onun “Leyli və Məcnun” operası Şərqdə ilk opera kimi tarixə düşmüş, “Arşın mal alan” isə dünyanın 70-dən çox ölkəsində səhnələşdirilmişdir. Bu fakt özü onun əsərlərinin universal dəyərlərə sahib olduğunun göstəricisidir.

Hacıbəyovun musiqisi Avropa klassik ənənələri ilə Şərq muğamını birləşdirərək yeni bir musiqi modeli yaratdı. Bu sintez dünya musiqiçilərinin marağına səbəb oldu və Azərbaycan musiqisinin beynəlxalq səviyyədə tanınmasına yol açdı.

UNESCO səviyyəsində dəfələrlə anılan, müxtəlif dillərə tərcümə edilən əsərləri Hacıbəyovu yalnız bir milli bəstəkar yox, həm də beynəlxalq miqyasda Şərqin musiqi simvolu kimi tanıtdı.

 

Yubileylərinin keçirilməsi və dövlət səviyyəsində yad edilməsi

 

Üzeyr Hacıbəyovun yubileylərinin qeyd olunması Azərbaycan dövlətinin mədəniyyətə verdiyi önəmin parlaq nümunəsidir. Hər bir yubiley tədbiri yalnız bir bəstəkarın xatirəsinə hörmət deyil, həm də xalqın musiqi irsinin dünyaya təqdim olunmasıdır.

Onun anadan olmasının 100, 120, 130 illik yubileyləri UNESCO səviyyəsində qeyd edilmiş, əsərləri dünyanın müxtəlif səhnələrində ifa olunmuşdur. Dövlət səviyyəsində təşkil edilən bu tədbirlər, həm gənc nəslin milli mədəniyyətə sevgisini artırır, həm də Azərbaycan musiqisinin beynəlxalq miqyasda tanınmasına töhfə verir.

Üzeyr Hacıbəyovun xatirəsinə ucaldılmış abidələr, onun adını daşıyan musiqi məktəbləri və konsert zalları, hər il keçirilən Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı onun irsinin daim canlı qalmasına xidmət edir.

Üzeyr Hacıbəyovun ömür yolu bir həqiqəti sübut edir: mədəniyyət və musiqi millətin yaddaşıdır. O, milli musiqini Avropa musiqisi ilə birləşdirərək yeni bir üfüq açdı, xalqını dünyaya tanıtdı və göstərdi ki, mədəniyyət millətin ən güclü silahıdır.

Onun əsərləri ilə tanış olan hər kəs yalnız musiqi gözəlliyini deyil, həm də milli qüruru duyur. Hacıbəyovun həyatı və yaradıcılığı bizə bir mesaj verir: kimliyimizi qorumaq, mədəniyyətimizi yaşatmaq və dünyaya təqdim etmək hər birimizin borcudur.

 

Üzeyr Hacıbəyovdan sitat

 

“Musiqi xalqın ruhudur, xalqın ruhu isə millətin gücüdür. Hər bir əsərimiz gələcək nəsillərə işıq saçmalıdır”.

 

“Ədəbiyyat və incəsənət”

(08.09.2025)

Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”

 

 

MÜTALİƏ MƏDƏNİYYƏTİNİ NECƏ FORMALAŞDIRMALI?

“Ədəbiyyat və incəsənət” portalının təqdim etdiyi bu silsilə yazılar Azərbaycan Yazıçılar Birliyi Ədəbiyyat Fondunun Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərkib hissəsi olaraq nəşr edilir.

Azərbaycan Ədəbiyyat Fondu@

 

-Cəmi 6 dəqiqə kitab oxumaq stressin səviyyəsini 30 %-ə qədər azalda bilir ki, bu da musiqi terapiyasından və ya gəzintidən daha səmərəlidir. 

-Həkimlər sübut ediblər ki, mütaliə həm də güclü sağaldıcı prosedurdur. Bu gün inkişaf  etmiş ölkələrin bir çox aparıcı klinikalarında yeni müalicə metodu – biblioterapiya tətbiq edilir. 

-Tədqiqat zamanı zəngin süjet xəttinə malik romanların beş gün ərzində oxucunun beyin hüceyrələrini dəyişdiyi sübut edilib.

Sizləri cəlb edə bildik, elədirmi? Onda hər gün mütaliə mədəniyyəti barədə oxuyun və özünüzdə mütaliə vərdişləri aşılayın.

 

12.

MÜTALİƏ MƏDƏNİYYƏTİNİN ÜNSÜRLƏRİ

 

Mütaliə mədəniyyətinə kitab seçməklə başlanılır. Bu, mütaliə mədəniyyətinin 1-ci ünsürüdür. Mütaliə üçün kitab çoxdur, minlərlədir. Necə edəcən ki, səhv seçim etməyəsən? Biblioqrafiya göstəricisindən, tənqidi yazılardan, kitabxanalardan, kitabxanaçılardan, kitabqurdlarından (mütaliəni hobbiyə çevirən insanlardan – red.), nəşriyyat kataloqlarından, radio, TV və qəzet məlumatlarından istifadə etməklə düzgün seçim etmək mümkündür.

Düzgün kitab seçməklə bağlı tövsiyyələrimizi sizlərə əlbəttə ki təqdim edəcəyik. Hələliksə, mütaliə mədəniyyətinin digər ünüsürləri ilə tanışlığı davam etdiririk.

Kitabın müəllifini tanımaq, müqəddəməsi ilə tanışlıq mütaliə mədəniyyətinin 2-ci ünsürünü təşkil edir. Kitabın adı da bəzən məzmunu barədə çox şey deyir.

Məlum olmayan hər bir sözün mənasını öyrənmək üçün məlumat kitablarından, lüğətlərdən istifadə etmək, söz ehtiyatını, lüğət tərkibini zənginləşdirmək və nitq mədəniyyətini inkişaf etdirmək mütaliə mədəniyyətinin 3-cü ünsürüdür.

Mütaliə mədəniyyətində bədii əsəri dərk etmək meyar sayılır.

Mütaliə mədəniyyəti oxucunun bədii əsəri anlaması, onun tərbiyəvi cəhətlərini mənimsəməsi, ideyasını dərk etməsi deməkdir.

Bəs mütaliə mədəniyyətini uşaqlarda, yeniyetmə və gənclərdə kim və necə formalaşdırmalıdır? Necə formalaşdırmaq elə bizim ana mövzumuz olduğundan, kitab boyu bu barədə bilgilənəcəksiniz. Kim formalaşdırmalıdır sualına gəlincə isə,  sualın ən yaxşı cavabını bu sahənin Azərbaycanda ən əsas tədqiqatçılarından olmuş professor A.A. Xələfov verib: “El arasında belə bir kəlam var: Uşaqlar bizim gələcəyimizdir. Sual olunur: bu gələcəyə erkən yaşda kim təhsil və tərbiyə verməlidir? Kim onu cəmiyyətə layiq bir insan kimi formalaşdırmalıdır? Əlbəttə, bu şərəfli vəzifə yaşlı nəslin – ata, ana, baba, nənə, müəllim, kitabxanaçıların, bütün ziyalıların öhtəsinə düşür. Əgər bu gün yaşlı nəsil mütaliə etməzsə, kitabın gücünə bütün biliklərin mənbəyi, mənəviyyatın daşıyıcısı olmasına inanmazsa, özü mütaliə etməzsə gənc nəslin tərbiyəsində şübhəsiz ki, yaxından iştirak edə bilməyəcəkdir. Beləliklə, mütaliədən uzaqlaşmağa can atan nəsil yetişməyə başlayacaq ki, bu da millətin faciəsidir.”

 

Növbəti:13.Mütaliə mədəniyyətinin inkişaf mərhələləri

 

“Ədəbiyyat və incəsənət”

(08.09.2025)

 

Bazar ertəsi, 08 Sentyabr 2025 13:00

Xalçalara gözəllik verən şəxs

 

 

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

8 sentyabr tarixi Azərbaycan mədəniyyətinin iki görkəmli simasının dünyadan köçdüyü gündür. Bunlardan biri Xalq artisti, dahi kamança ustası Havil Əliyev, digəri Xalq rəssamı, xalça sənətinin mahir ustadı Lətif Kərimovdur.

 

Azərbaycan SSR xalq rəssamı Lətif Kərimov 17 noyabr 1906-cı ildə Şuşa şəhərində anadan olub. Onların nəsli – bütün "Allahverənlər" tayfası toxuduqları qəşəng xalçaları ilə Qarabağ mahalında məşhur olub. 1912-ci ildə onların ailəsi İranın Məşhəd şəhərinə köçüb. Xalça sənətinə məhəbbəti Lətifi burada Mirzə Ələkbər Hüseynzadənin emalatxanasına gətirib çıxarıb.

Sonradan yenidən Şuşaya qayıdıblar.

Şuşa şəhərində "Qarabağxalça" artelində 1928-ci ildə təlimatçı kimi fəaliyyət göstərən Lətif Kərimov, başqa rayonlarda da yerli xalçatoxuma işinin sirlərini öyrənib.  O, 1930-cu ildən xalça sənəti mütəxəssisi kimi "Azərbaycanxalça" birliyində rəssam-təlimatçı vəzifəsində fəaliyyət göstərib.

İlk dəfə olaraq Bakıda və Qubada xalça məktəblərinin açılmasında Lətif Kərimovun böyük zəhməti olub. Lətif Kərimov təkcə xalçaçılıq sahəsində deyil, dekorativ tətbiqi sənətin başqa sahələrində də fəaliyyət göstərib.

1930–1940-cı illər Lətif Kərimovun yaradıcılığında xüsusi yer tutur. Bu illərdə yaratdığı bədii tərtibatlarda və başqa sahələrdə Şərqin bədii sənət xəzinəsindən ilham alan ustad əlinin izlərini görürük.

1937–1939-cu illərdə Moskvada Ümumittifaq Kənd Təsərrüfatı Nailiyyətləri Sərgisində Azərbaycan Respublikasının pavilyonuna verdiyi bədii tərtibat, binanın Milli memarlıq forması ilə möhkəm vəhdət təşkil edib. Tanınmış rəssamlarımız (K.Kazımzadə, İ.Axundov və başqaları) ilə birlikdə 1940–1941-ci illərdə dahi Azərbaycan şairi Nizami Gəncəvinin yubileyinə həsr edilən beş xalça hazırlayıb. Bu xalçalarda şairin "Xəmsə"sinə daxil olan poemalardan götürülmüş epizodlar təsvir edilib.

 

Keçən əsrin 40-cı illərində Lətif Kərimov Azərbaycan Radiosunda fars diktoru vəzifəsində çalışıb. 1946-cı ildə Aydın Qaradağlının səsini bəyənib radionun sədri Şəmsəddin Abbasova təqdim edərək görkəmli sənətkarın yaradıcılıq yoluna yaşıl işıq yandırıb. Elmi-yaradıcılıq fəaliyyətinə Azərbaycan SSRİ EA-nın Memarlıq və İncəsənət institutunda başlayan Lətif Kərimov 1945-ci ildə ayrıca xalça şöbəsinin açılmasına nail olub.

Onun "Azərbaycan xalçalarında ornament" kitabı xalçalarımızdakı naxışların, ornamentlərin öyrənilməsi baxımından misilsiz əhəmiyyətə malikdir. Böyük elmi əhəmiyyəti olan bu əsərə görə 1950-ci ildə Lətif Kərimova Leninqrad şəhərində sənətşünaslıq namizədi-alimlik dərəcəsi verilib. Onun monumental tədqiqat işlərindən biri də çoxcildli "Azərbaycan xalçası" monoqrafiyasıdır. Birinci cildi 1961-ci ildə dərc edilən monoqrafiya qırx ilə yaxın aparılan elmi işlərin bəhrəsidir. Lətif Kərimovun təşəbbüsü ilə 1967-ci ildə Bakıda xalça muzeyi təşkil olunub.

 

Filmoqrafiya

1. Hədiyyə xalçası

2. Habil Kaman

3. İşıqlı ilmələr. Lətif Kərimov

4. Onlar belə sevirdilər

 

Mükafatları

1. "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı

2. "Stalin" mükafatı (1-ci dərəcə)

3. 2 dəfə "Qırmızı əmək bayrağı" ordeni

4. "Xalqlar Dostluğu" ordeni

5. "Şərəf nişanı" ordeni

6. "Qafqazın müdafiəsinə görə" medalı

7. "1941-1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə" medalı

8.Azərbaycanın Xalq Rəssamı fəxri adı.

 

Görkəmli rəssam 8 sentyabr 1991-ci ildə vəfat edib.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(08.09.2025)

 

 

 

Afaq Şıxlı,

Azərbaycan, Rusiya və Avrasiya Yazarlar birliklərinin üzvü, AYB Moskva bölməsinin katibi. “Ədəbiyyat və incəsənət” üçün

 

Ustadıməbədiyyətə köçəndən bütün dünyam dəyişib sanki. Yalnız tələbələri, şeir dünyası deyil, doğma yurdu – Əsrikdəki mavi evi də yetim qalıb. Uzaqdan göyün bir parçasına bənzəyən o ev boşalıb, sahibinin səsini, sözünü itirib. İndi orada acı, amma nurla dolu bir sükut hökm sürür. Bu sükut böyük şairin nəfəsini daşıyır...

 

***

Bu möhtəşəm evi görmək, ustadımla sakitlikdə vidalaşmaq üçün Əsrikə gəldim. Qəlbim həyəcanla döyünürdü: bilirdim ki, bu, sadəcə keçmişlə deyil, həm də əbədiyyətlə görüşdür – Məmməd İsmayılla söz, xatirə və sükut görüşü...

Evin qarşısında dayandım. Sahibsiz qalmış ağaclar şairin misraları kimi göyə can atırdı. İndi bu ev də, bağ da yetim qalmışdılar. Amma mənə elə gəlirdi ki, evin yiyəsi hələ də buradadır. O, hər otun, hər yarpağın, hər daşın içində yaşamaqdadır.

Gözüm yan tərəfdəki dirəyə sataşdı. Dəlik-deşik olmuş gövdəsində bir ağacdələn oturmuşdu. Dimdiyinin səsi ürəyimdə əks-səda verdi. Necə ki, şair bir zamanlar o ritmi poeziyaya çevirmişdi, quş da sanki həmin misralarını təkrar edirdi:

"Mənim qapım – yer üzünün qapısı..."

Bağa girdim. Alma ağacları meyvələrin ağırlığından əyilmişdi. Beş alma dərdim – Məmməd İsmayılın xatirəsinə. Hər alma bir rəmz oldu: minnətdarlıq, hörmət, sevgi xatirə, əbədiyyət... Gələcək nəsillərin ruhuna qalacaq beş diri misra!..

Kövrəlmiş qəlbimlə yavaş-yavaş şairin məzarına sarı üz tutdum. Üstündəki yaşıl ipək örtük, yerlə göy arasındakı sərhəd kimi, onu bizdən ayırmışdı... Ətrafda elə bir işıqlı və harmonik mənzərə açılırdı ki, mənim də ruhum göyə can atırdı.

Bu sirli-sehirli həyətdə dayanarkən anladım ki, mavi divarların sükutu heç də  boşluq demək deyil. Çünki buralara şairin nəfəsi hopub.

Bu ev, bu bağ qəribsəsələr də, bu məzar ustadımın yoxluğunu xatırlatsa da, onun gözəl şeirləri dipdiri ayaqda qalacaqlar.

Onlar xoşbəxtdirlər, çünki hər zaman seviləcək, oxunacaq və məhəbbətlə səslənəcəklər.

Əsrik torpağı onun addımlarını, ağaclar baxışlarını, əllərinin istisini xatırlayacaq. Quşlar onun misralarının ritmiylə oxumaqda davam edəcəklər...

Məmməd İsmayıl getməyib. O sükuta, havaya, işığa qarışıb. Sözlərə çevrilib. Harada ölməz poeziyanın izləri varsa, o da orada olacaq. Çünki poeziya əbədiyyətin nəfəsidir. Və ona bir dəfə toxunan şəxs heç zaman ölmür.

 

“Ədəbiyyat və incəsənət”

(08.09.2025)

 

 

 

 

 

Cahangir Namazov,

“Ədəbiyyat və incəsənət” portalının Özbəkistan təmsilçisi.

 

Bu günkü həmsöhbətimiz– tanınmış Azərbaycan şairəsi, yazıçı, tərcüməçi, iqtisad elmləri doktoru, professor, Azərbaycan Yazıçılar Birliyinin üzvü, bir sıra beynəlxalq mükafatların laureatı Rəsmi̇yyə Sabirdir.

 

 — Elm və poeziya aləmində hər iki sahəni bir arada yaşatmaq sizin ruhunuza hansı yeni qatlar gətirir? Gündəlik həyatınızda yaradıcı və elmi fəaliyyəti necə balanslaşdırırsınız?

 

— Mən hər zaman deyirəm ki, mən şair doğulmuşam, iqtisadçı olmuşam. İkisini bir arada yaşatmağın çətinliyi ilə bağlı mənə tez-tez suallar verirlər.

Düzü, poeziya və elmi bir arada yaşatmaq həm çətindir, həm də asan. Bildiyiniz kimi elm çətin sahədir. Yuxusuz gecələr, gərgin zəhmət tələb edir.

Ona görə asandır ki, elmdəki yorğunluğumu poeziya aradan qaldırır.

Çətindir ona görə ki, şeiri yazmaqla iş bitmir. Bu şeirlərin ölkə daxilində və xaricdə çap olunması, kitabların nəşri, beynəlxalq arenada ölkəni təmsil etmək və s. kimi məsələlər də var. Amma çalışıram ki, hər iki işin öhdəsindən layiqincə gəlim. Çünkü hər iki sahəni sevirəm və onlar mənim həyat tərzimdir.

Hər iki sahəni balanslaşdırmağa çalışıram və deyilənlərə görə (təvazökarlıqdan uzaq olsa da) hər ikisinin öhdəsindən uğurla gəlirəm.

Elm də, poeziya da insanı zənginləşdirir. Hər ikisi yaradıcılıqdır. Birindən yorulanda o birisi köməyimə çatır.

 

 — Şeirlərinizdə qadın baxışı və incə duyğular var. Bu incəlikləri qorumaq üçün hansı daxili ritmləri və praktikaları izləyirsiniz?

 

— Bizim poeziyamız bizim iç dünyamızdır. Doğrudur, yazar təkcə öz taleyini yazmır, eyni zamanda ətrafında, cəmiyyətdə baş verənləri iç dünyasından keçirərək poeziyaya çevirir.

Qadın olmaq, həm də duyğusal olmaq deməkdir.

 Şairlik isə ikiqat duyğusallıqdır. Odur ki, bu duyğusallıq yaradıcılığımıza da hopur.  Adi insanları təsirləndirməyən şeylər biz yazarları kövrəldə bilər. Bir şeirimdə yazmışdım ki:

Ağlaraq varaqda sözün dərdinə,

Yanaram ocaqda közün dərdinə,

Bilinməz şairin axı, dərdi nə,

Mən xoşbəxt olmaqçün doğulmamışam.

Yəni, biz şairlər ocaqdakı közün dərdinə də, varaqdakı sözün dərdinə də yanan insanlarıq. Çalışıram ki, dünyanın pislikləri qəlbimdə iz salmasın. “Mənim həyatım” adlı şeirimdə deyirəm ki:

Dəyişdi ömrün fəsilləri…

Dəyişdi dünya…

Dəyişdi zaman…

Dəyişdi insanlar…

Ancaq

dəyişmədi

dünyaya,

zamana,

insana baxışım.

Mən bu ömrü

belə yaşadım, dostum.

Fikrimcə, ömür gözəl şeylərə sərf olunmalıdır. Hər zaman deyirəm ki, həyat mənfi şeylərə, paxıllığa, həsədə, nifrətə sərf olunacaq qədər uzun deyil.

Bir sözlə, daxilimdəki gözəlliklə bu incə ruhu qoruyub saxlaya bilirəm.

 

 — Sosial məsuliyyət hissi sizi yaradıcılığa və elmi araşdırmalara necə ilhamlandırır?

 

— Söz yaratmağın özü də məsuliyyətdir.  Mən hər zaman yaradıcılığımda bu məsuliyyəti hiss etmişəm. O ki qaldı sosial məsuliyyətə, təbii ki, biz şair olmazdan əvvəl həm də vətəndaşıq. Mənim üçün vətəndaş olmaq şairlikdən, alimlikdən öncə gəlir. Bu məsuliyyət mənim şeirlərimə də hopub. Hər kitabımda Vətənlə bağlı ayrıca şeirlərim var.

Qarabağ işğalda olanda Vətən həsrətli şeirlər yazırdım, müharibə zamanı isə əsgərlərimizi ruhlandıran, zəfər ətirli şeirlər yazdım. Şuşa alınan gün “Vətən, gözün aydın” adlı şeirim çap olundu. Mən, Suriyadan qaçarkan dənizdə boğulan uşağa da şeir yazmışam.

Mən, Türkiyədə zəlzələ zamanı həlak olan insanlara da şeir həsr etmişəm.

Saharadan cənubdakı uşaqların aclığından bəhs edən şeirlərim də var. Şair zamanının güzgüsü olmalıdır. O ki, qaldı elmi araşdırmalarıma, bəlkə də bu sosial məsuliyyət hissindəndir ki, mən sosial-iqtisadi məsələlərin tədqiqatçısıyam.

Tədqiqatlarımda əhalinin gəlirlərinin artırılması, sosial müfafiənin gücləndirilməsi, həyat keyfiyyətinin yaxşılaşdırılması, sosial ədalətin təmin olunması, gəlir bərabərsizliyinin azaldılması kimi məsələlər üstünlük təşkil edir. Bir şeyi də qeyd edim ki, mən zövq aldığım işlə məşğul olan insanlardanam.

Nəylə məşğul olurumsa, onu sevə-sevə edirəm. 

 

 — Səyahət etdiyiniz ölkələrdə insanlarla və mədəniyyətlərlə qarşılıqlı təcrübələr sizin əsərlərinizə hansı yeni rəngləri qatıb?

 

— Hər bir səyahət insana nələrisə qazandırır, zənginləşdirir.  Şair ətrafdan aldığı impulsların təsiri və öz daxili dünyasının səsiylə danışır.  Mən çoxsaylı ədəbiyyat tədbirlərində olmuşam, bir sıra ölkələrdə şeir festivallarında iştirak etmişəm, müxtəlif yaradıcı insanlarla, onların mədəniyyətləri ilə tanış olmuşam. Təbii ki, bu tanışlıqlar, müxtəlif mədəniyyətlərdən əxz etdiklərim yaradıcılığımda hər hansısa formada özünü göstərir. Lakin mənim yaradıcılığım daha çox millidir, ondan türkçülük ətri gəlir. Türkçülük mənim həyat fəlsəfəmdir.

 

 — Gənc qadın alim və şairlər üçün ruhani və praktik tövsiyəniz nədir?

 

— Gənc qadın alimlərə tövsiyəm odur ki, bu yoldan heç yorulmasınlar. Elmi həyat tərzi edənlərdən olsunlar. Sevmədikləri halda elmlə məşğul olmasınlar. Çünkü elm çətin və şərəfli yoldur. Gənc qadın şairlərə isə tövsiyəm odur ki, çoxlu mütaliə etsinlər. Öz əsərlərini yerli və beynəlxalq platformalarda nəşr etdirsinlər. Ölkəmizi xaricdə layiqincə təmsil etsinlər.

 

 — Milli-mənəvi dəyərlərimizi qorumaq və dünyaya çatdırmaq üçün yazı və tərcümə işlərinizdə hansı prinsipləri əsas götürürsünüz?

 

  Milli-mənəvi dəyərləri yaşatmaq kimliyindən asılı olmayaraq hər bir vətəndaşın borcudur. Mən milli-mənəvi dəyərləri təkcə yaradıcılığımda deyil, həm də gündəlik həyatımda da yaşadıram. Dünya Gənc Türk Yazarlar Birliyinin bir layihəsi olan “Unudulmaqda olan milli-mənəvi dəyərlərimiz” adlı kitabın tərtibçisi də mən olmuşam. Yaradıcılığımda isə ənənələrə bağlı biriyəm. O ki, qaldı tərcümələrə. Tərcümədə keyfiyyət prinsipini əsas götürürəm.

İstər Azərbaycan ədəbiyyatını dünyaya tanıtdırarkən, istərsə də dünya (xüsusilə də Türk dünyası) ədəbiyyatından tərcümələr edərkən keyfiyyətli əsərlərə, əsl ədəbiyyat nümunələrinə üstünlük verirəm.  

 

 — Həyat fəlsəfənizdə xoşbəxtlik və balansı qorumağın xüsusi yolları varmı?

 

— Mənim üçün həyatda əbədi xoşbəxtlik anlayışı yoxdur. Ancaq sənətdə özümü əbədi xoşbəxt sayıram. Türk dünyasnın məşhur yazarı, Azərbaycanın xalq şairi Sabir Rüxtəmxanlı mənim 2002-ci ildə nəşr olunan ilk kitabıma “Ədəbi xoşbəxtlik vəsiqəsi” adlı gözəl bir ön söz yazmışdı. Həyatda isə əbədi xoşbəxt olmaq çox çətindir, mən deyərdim ki, mümkünsüzdür. Çünkü bizim xoşbəxtliyimiz yalnız özümüzlə bağlı deyil. Zaman-zaman itirdiklərimiz olur. Bu müsahibəni verən günü mənim anamı itirməyimin 20-ci ilidir.

Mən necə əbədi xoşbəxt ola bilərəm? Xoşbəxt olduğumuz bəzi anlarımız, saatlarımız, günlərimiz var. Şairə ani xoşbəxt olmaq üçün çox şey lazım deyil. Bir iltifat, deyilmiş bir xoş söz belə bizi ani olaraq xoşbəxt etməyə yetər. Mənə elə gəlir ki, insana müəyyən yaşdan sonra rahatlıq daha vacib olur. Ümumiyyətlə, daxilimdəki insanlıq sevgisi məni rahatladır.

 

 — İnsan psixologiyası və emosiyaları əsərlərinizə necə təsir edir və onları necə izləyirsiniz?

 

— Tənqidçilərə görə, mənim şeirlərim dərin psixologizmlə seçilir. Ümumiyyətlə, poeziya insan hisslərinin ən dərin qatlarına enməyi bacarmalıdır. Poeziya insan psixologiyasının, emosiyalarının tərənnümüdür. İnsan psixologiyası və emosiyaları, əslində, yazarların yaradıcılığının “gizli drayveri”dir. Onlar həm mövzunun seçilməsinə, həm də üslubun formalaşmasına birbaşa təsir göstərir.

Bizim əsərlərimiz gündəlik həyatda insanların baxışlarını, danışıq tonunu, susqunluğunu, hətta kiçik destlərini izləməklə, başqalarının ağrısını və sevincini özününkü kimi hiss etməklə yaranır.

Yaşadığımız sevinc, itki, qorxu, ümid kimi hisslər yazıda yalnız təsvir kimi deyil, iç dünyamızın səsi, rəngi kimi əks olunur. Yaradıcılıq bəzən birbaşa deyil, simvol və metaforalardan istifadə etməklə, emosiyaları birbaşa təsvir etmək əvəzinə, onu təbiət təsvirləri, rənglər, səslər vasitəsilə çatdırır. Bəzən bir personajın nə deməsi deyil, nəyi deməməsi onun psixoloji halını daha yaxşı göstərir. Ümumiyyətlə isə, yaradıcılıqda əsas odur ki, sən nə qədər səmimisən? Səmimi oldunsa oxucu sənin yaradıcılığını qəbul edəcək, sənin yaratdığın əsərlərdə özünü tapa biləcək və sənin yaradıcılığını sevəcək.

 

 — Elm və poeziyada tənqidi baxışla sevgi və rəğbət hissi arasında necə balans yaradırsınız?

 

— İnsan dürüst olanda hər iki sahədə tənqidi baxışla sevgi və rəğbət hissi arasında balans yaratmaq da asanlaşır.

Mən hər zaman deyirəm ki, cəmiyyətdəki mənfilikləri görüb tənqid etmək sevgidən irəli gəlir. Mirzə Cəlil və Mirzə Ələkbər Sabir öz xalqını ən çox sevən ədiblər olublar.

Lakin cəmiyyətdəki naqislikləri ən çox da onlar tənqid ediblər. Səbəbi öz millətində heç bir qüsur görməmək istəyi olub.

Mən də bu cür düşünənlərdənəm. Öz millətimi hər şeydən çox sevirəm və cəmiyyətimizdəki qüsurların aradan qaldırılmasını istəyirəm.

 Odur ki, istər ədəbi, istərsə də elmi yaradıcılığımda tənqidə çox rast gələ bilərsiniz.  Çünkü daha yaxşı cəmiyyət arzusundayam.

 

 — Gündəlik həyatınızda hansı kiçik ritual və ya adət yaradıcılıq və elmi fəaliyyət sizə enerji verir?

 

— Gündəlik həyatımda enerjini qızımdan alıram. Hər sabah ilk olaraq qızımın gözlərinə baxıram. Onun gözlərinə baxanda bütün çətinlikləri unuduram. Qızım mənim yaşam səbəbim, həyat enerjimdir.

“Bəzən həyat” mənim yaşantılarımı anladan ən gözəl şeirlərimdəndir.

Onun sonluğu belə bitir:

Bəzən həyat

üzərimə yeriyir.

Məni yandırıb-yaxır.

Narahat səbrim darıxır.

Nə yaxşı ki

dünyanın hər yerindən

Qızımın gözləri baxır...

Məncə bu sonluq hər şeyi aydın şəkildə ifadə edir.  Tanrı bütün balaları qorusun.

 

 — Qlobal mədəniyyətlərarası dialoqda Azərbaycan ədəbiyyatının səsi necə qorunmalı və tanıdılmalıdır?

 

— Azərbaycan ədəbiyyatının səsini qlobal mədəniyyətlərarası dialoqda qorumaq və tanıtmaq üçün həm mədəni özünüdərk, həm də peşəkar təqdimat lazımdır.

Bu iş təkcə yazıçıların və şairlərin deyil, həm də tərcüməçilərin, nəşriyyatların, mədəniyyət qurumlarının və diasporun birgə məsuliyyətidir.

Mövzularımızda milli yaddaşı, folkloru, tarixi təcrübəni qorumalıyıq. Tərcümələrdə Azərbaycan dilinin poetik təfəkkürünü hiss etdirməliyik. Peşəkar tərcümələr olmalıdır. Beynəlxalq ədəbiyyat festivallarında iştirak zəruridir. Rəqəmsal ədəbiyyat platformalarında Azərbaycan müəlliflərinin əsərləri yer almalıdır. Xarici universitetlərin türkoloji, qafqazşünaslıq və ədəbiyyat dərslərində müasir Azərbaycan ədəbiyyatı nümunələri tədris olunmalıdır. Mədəniyyət attaşeləri, diaspor təşkilatları vasitəsilə ədəbiyyatımızı tanıdan layihələr (oxu gecələri, mühazirələr, sərgilər və s.) həyata keçirilməlidir. Müasir gənc auditoriya üçün şeirlər video-performans, podkast və animasiya formatında yayılmalıdır

 

 — Yaradıcı və elmi fəaliyyət sizin şəxsi həyatınıza, ailənizə və daxili ritmlərinizə hansı təsirləri göstərib?

 

— Yaradıcılıq, elmi fəaliyyət insana nələrisə verir, nələrisə alır. Xüsusilə elmi fəaliyyətə daha çox vaxt sərf edirəm. Axı elm dinamik bir prosesdir. Hər gün onunla məşğul olmasan, az zamanda geriləyəcəyini görəcəksən. Bəzən qızıma ayıracağım vaxtdan elmə ayırmalı oluram. Etiraf edim ki, bu məni incidir. Ancaq qızıma da başa salıram ki, sənin anan nail olduqlarını öz zəhməti sayəsində əldə edib. O, da artıq məni anlayacaq yaşdadır. Mən bütün həyatı boyu vicdanlı, dürüst olmağa üstünlük verdim. Yetişdirdiyim tələbələrimə, davamçılarıma da bunu öyrətməyə çalışdım.

Düşünürəm ki, şərəfli ömür yaşamışam.

 

“Ədəbiyyat və incəsənət”

(08.09.2025)

Bazar ertəsi, 08 Sentyabr 2025 11:43

Şəhidlər barədə şeirlər - Ramil Babayev

 “Ədəbiyyat və incəsənət” portalı gənc yazar Elşad Baratın şəhidlər barədə silsilə şeirlərinin təqdimini davam etdirir.

 

Şəhid Ramil Babayev

Ramil Babayev 1991-ci il dekabrın 12-də Kürdəmir rayonunun Şilyan kəndində anadan olub. O, ilk təhsilini Kürdəmir şəhər 1 saylı orta məktəbdə alıb. Məktəbi bitirdikdən sonra öz istəyi ilə Cəmşid Naxcıvanski adına Hərbi Liseyində təhsil alıb. Daha sonra təhsilini Ali Hərbi Akademiyada dava etdirərək oranı bitirib və zabit rütbəsi alıb. İlk xidmətə Goranboy rayonunda başlayıb və xidməti boyunca vətənə layiqli xidmət edib və dəfələrlə komandirləri tərəfindən mükafatlara layiq görülüb. Ailədə üç uşağın ən kiçiyi olan Ramil həmişə yaşadığı rayonda da igid, cəsur, vətənpərvər oğul kimi tanınıb.

Ramil Babayev ailəli idi, onun bir oğul və bir qız övladı var. Yeni doğulan oğlunun anadan olmasından xəbərsiz şəhid oldu. Ailəsi isə yeni doğulan körpəyə şəhid atasının adını qoyub.

 

Azərbaycan Ordusunun baş leytenantı olan Ramil Babayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. Ramil Babayev sentyabrın 27-də Murovdağ döyüşləri zamanı şəhid olub. Uzun müddət nəşi tapıla bilməyib. 2021-ci il yanvarın 31-də Kürdəmir rayonunda dəfn olunub.

 

Otuz ildir bu xalqa,

“Məğlub xalq” deyirdilər.

Hamının düşüncəsin,

Sənin kimi oğullar,

Kökündən dəyişdilər.

 

Dəyişdilər zamanın,

Geri dönən çarxını,

Götürdülər bu xalqın,

Üzündəki qorxunu.

 

Azərbaycan xalqının,

İgidlik, qorxmazlığın,

Dünyaya sübut edib,

Torpaqları aldılar,

Yeni bir tarix yazıb,

Şanlı zəfər çaldılar.

 

Yenə də o millətik,

Yenə də o əsgərik.

Nə qədər ki biz varıq,

Sizləri unutmarıq.

 

“Ədəbiyyat və incəsənət”

(08.09.2025)

 

 

Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”

 

Salam, əziz " Psixologiya və Şair" rubrikasının sevimli izləyiciləri, xoş gördük sizləri. Bu dəfə də gözəl şeir və dəyərli psixoloqumuzla sizlərin qonağıyıq.

Hər birimizin içində görünməyən bir dünya var.  O dünyada duyğularımız səssiz danışır. Gəlin elə sizinlə birlikdə o gizli dünyaya səyahət edək.

Bu gün şair qonağımız dəyərli Sakit İlkin, psixoloq qonağımız isə Telan Təlim Tədris və Nitq inkişaf mərkəzinin təlimçi psixoloqu Həmidə Əliyevadır.

 

 

-Əziz Həmidə xanım, buyurun, Sakit bəyin şeirinə psixoloji təhlil verin.

 

Sapand atdım, o daş dağa dəymədi,

Dil qurudu, yaş damağa dəymədi...

Ha çarpışdım, yaşamağa dəymədi,

Gördüm kimin dünyasıymış bu dünya....

***

Ölüm çıxır yaxşıların ovuna,

Mənim könlüm çətin bir də ovuna....

Çox çalışdım, yenə düşdüm toruna,

Gördüm kimin dünyasıymış bu dünya...

***

Bu dünyanın qışı qar yox, dərd yağır,

Ömrə sevinc dost dolanır, dərd...yağı...

Qəgəh-qədəh ürək içir dərd yağı.

Gördüm kimin dünyasıymış bu dünya...

***

Allah bilir bu dünyada tək, nədi...

Mən doldurdum, o boşaltdı təknəmi,

Tək atanı, tək oğulu təklədi,

Gördüm kimin dünyasıymış bu dünya....

***

Gecə keçir,ulduz səssiz, Ay...sakit,

Ömrün keçir ahu-vayla, say...sakit...

Bu dünyaya belə bağlama, ay SAKİT,

Gördün kimin dünyasıymış, bu dünya...

 

-Əziz Ülviyyə xanım, bu dəyərli dəvət üçün təşəkkür edirəm. Şair Sakit İlkinin şeiri dərin mənalarla doludur. Şeir boyu müəllifin həyatın mənası, dünya ilə insanın mübarizəsi və taleyin qaçılmazlığı üzərində düşüncələrini görürük.

Burada psixoloji olaraq diqqət çəkən məqam ümidsizlik, daxili yorğunluq və həyatın çətinlikləri qarşısında insanın özünə verdiyi suallardır. “Yaşamağa dəymədi” kimi ifadələr insanın emosional yanğısını, daxildəki məyusluğu göstərir. Bu, depressiv duyğuların poeziyada poetik dillə ifadəsidir.

Digər tərəfdən, şair bir növ təslimiyyət və qəbul etmə mərhələsinə keçir. “Gördüm kimin dünyasıymış bu dünya” misrası bir insanın nə qədər çalışsa da, bəzi şeylərin onun gücündən kənarda olduğunu qəbul etməsi ilə bağlıdır. Bu isə psixoloji baxımdan insanın həyatın faniliyini anlama prosesidir.

Şeirdə həm də tənhalıq və ədalət axtarışı güclü şəkildə hiss olunur: “Tək atanı, tək oğulu təklədi” misrası insanın özünü dünyada yalnız hiss etməsini, həyatın bəzən ədalətsiz görünməsini ifadə edir.

 Son bənddə müəllif bir mesaj verir: “Bu dünyaya belə bağlama, ay Sakit”. Bu sətirlərdə artıq özünə və oxucuya müraciət var. Yəni, bütün çətinliklərə baxmayaraq, həyata çox bağlanmamaq, amma eyni zamanda yaşamağa davam etmək lazımdır.

Psixoloji baxımdan bu, insanın yaşantılarını ifadə edərək yüngülləşməsi və özünü təsəlli etməsi kimi görünür. Poeziya burada həm yaradıcılıq, həm də sağalma vasitəsinə çevrilir.

 

“Ədəbiyyat və incəsənət”

(08.09.2025)

 

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasında həyata keçirilən “Milli Qəhrəmanlarımız” layihəsi çərçivəsində 2025-ci ildə yubileyləri olan Milli Qəhrəmanlar haqqında növbəti videoçarx təqdim olunub.

 

“Ədəbiyyat və incəsənət” portalına kitabxanadan verilən məluçata görə, vətən üçün canından keçən qəhrəmanlar heç vaxt unudulmur. Onların mübarizəsi, Vətən sevgisi gənclərimiz üçün örnəkdir. Növbəti beşinci videoçarxda şəhidlərimiz haqqında Ümummilli Lider Heydər Əliyevin, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sözləri verilmişdir. Videoçarxda Milli Qəhrəmanlar Əjdər Babayevin, Əli Məmmədovun, Sərdar Səfərovun, Əsəd Əhmədovun, Hidayət Rüstəmovun, Fərhad Ağayevin, Arif Qədiməliyevin, Elnur Nuriyevin igidliyi və şərəfli döyüş yolu, onların təltifləri və xatirələrinin əbədiləşdirilməsi haqqında məlumatlar verilir.

Videoçarxdakı Milli Qəhrəmanlardan dörd nəfər  Birinci Qarabağ müharibəsində, bir nəfər Gəncə şəhərindəki qiyam yatırılan zaman (1994), üç nəfər 13-17 mart (1995) tarixlərində dövlət çevrilişinə cəhdin qarşısının alınması zamanı qəhrəmanlıq göstərmişdilər.

Videoçarx kitabxananın YouTube kanalında nümayiş olunur:

https://www.youtube.com/watch?v=NxynbTzhF4c

 

 

“Ədəbiyyat və incəsənət”

(08.09.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.