Göyərçini dünyada sülhün rəmzi o edibdir Featured

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Təbii ki bu rəssamın adı şəkiləndə dərhal göz önünə göyərçin rəsmi gəlir. Azərbaycanlılardan, gərək ki sumqayıtlılar onu daha yaxşı tanımalıdırlar, çünki şəhərin bağrında göyərçin abidəsi yer alıbdır və bu abidə həm də şəhərin simvoludur.

 

Pablo Pikasso 25 oktyabr 1881-ci ildə İspaniyada dünyaya göz açıb. O, rəssamlığa çox erkən yaşlarında başlayıb. İlk rəssamlıq dərslərini isə rəsm müəllimi olan atası Xose Ruisdən alıb və tezliklə bu sənətə mükəmməl yiyələnib.

8 yaşında ikən özünün ilk ciddi əsəri olan "Pikador"u yaradır və bunu bütün ömrü boyu özü ilə saxlayır. Pikasso 1894–1895-ci illərdə La-Korunyada incəsənət məktəbində təhsil alır. 1895-ci ildə Barselona incəsənət məktəbinə daxil olur. İlk əvvəl atasının adı — Ruiz Blasko adı ilə işləyir, lakin sonradan anasının soyadını — Pikassonu seçir.

1897-ci ilin sentyabr ayında Madridə yollanan Pikasso San-Fernand akademiyasına daxil olur. Pikasso Barselonaya 1898-ci ilin iyununda dönür və burada "Els Quatre Gats" kafesində fəaliyyət göstərən rəssamlar cəmiyyətinə üzv yazılır. Onun ilk rəsm sərgisi məhz bu kafedə nümayiş etdirilir. O, Barselonada yaxın dostları olan Karlos Kasagemas və Jaim Sabarteslə tanış olur.

1900-cü ildə Pikasso dostu Kasagemasla Parisə yollanır. Pablo Pikasso məhz burada impressionistlərin yaradıcılığı ilə tanış olur. Ömrünün bu illəri müxtəlif çətinliklərlə müşayiət olunur, dostu Kasagemasın intiharı isə gənc rəssamı dərindən sarsıdır. Məhz bu şəraitdə 1902-ci ilin əvvəllərində sonralar "mavi dövr" adlandırılacaq üslubda əsərlər işləməyə başlayır. Pikasso bu üslubu 1903–1904-cü illərdə Barselonaya dönüşündən sonra işləyir.

Bu dövrə aid əsərlərində yoxsulluq, melanxoliyanın və kədərin xarakterik obrazları olan qocalıq və ölüm kimi mövzular açıq-aydın ifadə olunur, insanların hərəkətləri də çox yavaşıyıb ("Absent həvəskarı", 1901; "Görüş", 1902, "Gənc və Dilənçi qoca", 1903). Çünki, Pikassoya görə dərdli adam daha səmimi olur. Rəssamın palitrasında mavi çalarlar üstünlük təşkil edir. İnsan iztirablarını əks etdirən Pikasso bu dövr əsərlərində korlar, dilənçilər, əyyaşlar və fahişələri canlandırırdı. Onların bir qədər uzunsov bədənləri ispan rəssamı El Qrekonun əsərlərini xatırladırdı.

Məşhur "Şar üzərində qızcığaz" əsəri "mavi" və "çəhrayı" dövrlər arasındakı keçid mərhələsinə aiddir.

Pikasso 1904-cü ildə Parisdə məskunlaşır. "Çəhrayı dövr" adlandırılacaq yeni mərhələ açılır. Bu illərdə "mavi dövrün" qəm və kədəri teatr və sirkin daha canlı obrazları ilə əvəzlənir. Rəssam əsərlərində çəhrayı-qırmızımtıl və çəhrayı-bozumtul çalarlara üstünlük verir. Əsərlərin personajlarına gəldikdə bunlar bir qayda olaraq sərsəri komediantlar, rəqqaslar və akrobatlar idilər. Bu dövr əsərləri sərsəri komediantların romantikadan məhrum olan faciəvi tənha həyatlarını əks etdirirdi ("Akrobat ailəsi meymunla", 1905).

Rənglərlə eksperimentlərdən və əhval-ruhiyyənin ötürülməsindən formaların analizinə keçən Pikasso Sezanın birtərəfli interpretasiyası və Afrika heykəltaraşlığını yeni janra çevirir. 1907-ci ildə Jorj Brakla görüşən Pikasso naturalizm və incəsənətin təsviri-idrak funksiyasını inkar edən bədii cərəyan olan kubizmin əsasını qoyur.

Kompozisiyalarda "kubistik kriptoqrafiya" — şifrələnmiş telefon nömrələri, evlər, sevgililərin adı, küçə adları yazılmış kağız parçaları, qəlyanaltılar meydana gəlir. Kollaj texnikası kubistik prizmaların kənarlarını daha böyük müstəvilərdə birləşdirir (Gitara və skipka, 1913) və ya çox rahat və yumoristik tərzdə tapıntını büruzə verir (Qızın portreti, 1914). "Sintetik" dövrdə təmkinli kompozisiyalarla koloritin harmonizasiyasına cəhd edilir.

Ən məşhur əsərləri sırasında erkən-kubist "Avinyonlu qızlar" (Les Demoiselles d'Avignon, 1907) və İspaniya vətəndaş müharibəsi zamanı dinc Gernika şəhərinin alman Kondor Legionu tərəfindən bombalanmasına həsr edilmiş "Gernika" (Guernica, 1937) əsəri xüsusi qeyd edilə bilər.

İndi isə göyərçinə qayıdaq. Pikasso ilk dəfə 1949-cuildə dünyanın ağ sülh göyərçininin rəsmini qrafikada işləyibdir. Sonra dəfələrlə bu mövzuya müraciət edibdir. Mən dəqiqini bilmirəm, niyə Sumqayıta simvol kimi sovet dönəmlərində məhz sülh göyərçininin təsvirini seçiblər. Bəlkə də sırf bir sovet beynəlmiləl şəhəri anlayışçına görə. Amma təsadüfə baxın, göyərçinin rəsminin şəkilmə dövrü də 1949-dur, Sumqayıtın yaranışı tarixi də.

Pikasso 8 aprel 1973-cü ildə, 91 yaşında vəfat edib.

 

“Ədəbiyyat və incəsənət”

(25.10.2025)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.