İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
SSRİ dönəmində Azərbaycan musiqisini, mədəniyyətini ittifaq miqyasında ən yaxşı tərənnüm edən, ən populyar müğənni olub Müslüm Maqomayev. Ölkə boyunca ən müxtəlif xalqlardan ibarət on milyonlarca pərəstişkarı vardı dahi sənətçinin. Geniş vokal imkanlarına malik səsi, əla repertuar seçimi, səhnə plastikası – onda hər şey vardı. Təsadüfi deyil ki, adı musiqi tariximizdə əbədi yer tutubdur. Bakının Neftçilər prospektində, Dənizkənarı parkda ona qoyulan abidə buna sübutdur.
SSRİ xalq artisti Müslüm Maqomayev 1942-ci il avqustun 17-də Bakı şəhərində anadan olub. İlk dəfə 14 yaşında dənizçilər klubunda çıxış edib. 19 yaşında Helsinkidə gənclər festivalında, 1963-cü ildə Moskvada keçirilən Azərbaycan mədəniyyəti günlərində uğurlu çıxışları ilə şöhrət qazanmağa başlayıb. 1960-cı illərdə Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti olub, İtaliyanın Milan şəhərindəki "La Skala" teatrında təcrübə keçib.
Enriko Pyatsa ilə "Sevilya bərbəri" operasından Fiqaronun "Toska" operasından Skarpianın partiyalarını hazırlayıb. 1966-cı ildə Parisin "Olimpiya" konsert salonunda ilk konsertini verib. 1968-ci ildə Azərbaycan Dövlət Konservatoriyasını bitirib. 1969-cu ildə Sopotda (Polşa) keçirilən Beynəlxalq Mahnı Festivalında ilk mükafatını alıb.
1975-ci ildə "Azərbaycan Dövlət Estrada Simfonik Orkestri"nin bədii rəhbəri təyin edilib. Bu orkestrlə Sovet İttifaqının bir sıra şəhərləri ilə yanaşı Fransa, Bolqarıstan, Polşa, Finlandiya, Kanada və İranda konsertlər verib. 1970-ci illərdən həyatını estrada ilə bağlayıb və görünməmiş populyarlıq qazanıb. Keçmiş SSRİ-nin hər yerində çıxışlar edib, stadionlarda konsertlər verib, televiziya onun konsertlərinə geniş yer ayırıb, qrammofon valları böyük tirajla buraxılıb.
Repertuarı hərtərəfli və olduqca genişdir. Populyar mahnılarla yanaşı, dünya hitlərini, klassik əsərləri, kinolara yazılmış mahnıları məharətlə səsləndirib. Azərbaycan Ali Sovetinin deputatı olub, bir sıra orden və medallarla təltif edilib. Qeyri-adi uğurlara imza atan Müslüm Maqomayevin həyat və sənət yolu da qeyri-adidir. 1950-ci illərin axırlarında, yeniyetməlik və ilk gənclik illərində Bakı məhəllələrindən birindəki həyətlərində, dostlarının arasında oxuyardı.
Gənc Müslümün nadir səsi, qeyri-adi istedadı təbii ki, Azərbaycanın musiqi ictimaiyyətinin diqqətini də cəlb edib. Məşhur dirijor və bəstəkar Niyazi onu çox sevir, sənətdəki hər addımına göz qoyur, qayğısına qalırdı. Oxumaqdan yorulmayan Müslüm təcrübəli pedaqoqlardan dərs aldıqca səsi daha da cilalanır və gözəlləşir, tembri zənginləşirdi.
O, ilk rəsmi uğurunu 1962-ci ildə qazanır. Maestro Niyazinin tövsiyəsi ilə tələbə və gənclərin Helsinkidə keçirilən VIII Ümumdünya Festivalına göndərilən Müslüm Bakıya medalla qayıdır. Populyar "Oqonyok" jurnalı onun portretini və "Bakılı gənc dünyanı fəth edir" başlıqlı məqalə dərc edir. 1940–50-ci illərdə Rəşid Behbudov öz ecazkar tenor səsi ilə SSRİ-də və dünyanın digər ölkələrində şöhrət qazanıb, oanunrdıcılı, gənc həmkarı Müslüm isə 1960-cı illərin ortalarında SSRİ-də və bir sıra digər ölkələrdə geniş tanınıb.
Onun ən böyük arzularından biri İtaliyada təhsil almaq olub. Nəhayət, həmin gün də gəlib yetişib və gənc Müslüm Azərbaycan Opera və Balet Teatrı tərəfindən "La skala" teatrına təcrübə toplamağa göndərilib. O, hələ uşaqlıqdan Mattia Battistini, Enriko Karuzo, Mario del Monako, Tinna Ruffo kimi italyan klassiklərinin qramplastinkaları ilə maraqlanıb, onlardan qiyabi olaraq vokal dərsləri alıb. İndisə gənclik xəyalları gerçəkləşib və ona Çenarro Barro, Enriko Pyatsa kimi canlı korifeylərdən dərs almaq nəsib olub.
O, Eldar Quliyevin filmlərinə musiqi yazırdı. Daha sonra rejissor Qleb Drozdovun sifarişlərini yerinə yetirib. "İqor polku haqqında dastan" əsərinin motivləri əsasında hazırlanan "Yaroslavna" tamaşasına musiqi bəstələyib. Özü həmin tamaşada knyaz İqor, həyat yoldaşı Tamara Sinyavskaya isə Yaroslavna rollarını ifa edib.
Rejissor Tofiq İsmayılov 1971-ci ildə onun haqqında "Oxuyur Müslüm Maqomayev" adlı film-konsert çəkib. İllərlə dinləyicilərin sevgisini qorumağı bacaran Müslüm Maqomayev SSRİ "Qırmızı Əmək Bayrağı" və "Xalqlar Dostluğu" ordenləri ilə təltif edilib, SSRİ-nin xalq artisti adını alıb.
Filmoqrafiya
1. Abşeron ritmləri — mahnı ifa edən
2. Azərbaycan incəsənəti
3. Azərbaycan naminə!
4. Bəstəkar Müslüm Maqomayev
5. Burulğan
6. Dostluq himni
7. İntibah
Mükafatları
1. Azərbaycan SSR əməkdar artisti
2. "Qırmızı əmək bayrağı" ordeni
3. Azərbaycan SSR xalq artisti
4. SSRİ xalq artisti
5. "Xalqlar Dostluğu" ordeni
6. "Şöhrət" ordeni
7. "Şərəf" ordeni (Rusiya)
8. "İstiqlal" ordeni
Müslüm Maqomayev 25 oktyabr 2008-ci ildə vəfat edib, Bakıdakı Birinci Fəxri Xiyabanda dəfn olunub.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(25.10.2025)


