Super User

Super User

Cümə, 05 Sentyabr 2025 12:34

İrəvanda bir kimsəmiz qalmadı...

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Qərbi Azərbaycandan – bir zamanların azman İrəvan xanlığından indi yalnız xatirələr qalıb. Biz Qərbi Azərbaycan kökənli insanları daha çox təbliğ etməli, onları daha çox dinləməliyik. Axı onların ürəkləri yaralıdır və onlar – o torpaqların bizə məxsus olduğunu genkodunda daşıyan sonuncu aborogenlərdir. Orada doğulan ən gənc insan – 1989 təvəllüdlü ola bilər. Təəssüf ki, həmin ildən sonra o torpaqlarda bircə azərbaycanlı qalmayıbdır.

 

Azərbaycan dövlət xadimi Hidayət Orucov 5 sentyabr 1944-cü ildə Qərbi Azərbaycan Meğri rayonunun Maralzəmi kəndində anadan olub. Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsini bitirib. Bir müddət kənddə müəllim, "Sovet Ermənistanı" qəzetində ədəbi işçi işləyib, 1968-ci ilin iyul ayında C. Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının direktoru təyin olunub, fasiləsiz olaraq on altı il Azərbaycanın bu qədim sənət ocağına başçılıq edib.

Ədəbi mühitdə Hidayət adı ilə tanınan yazıçı, eyni zamanda, Ermənistan Yazıçılar İttifaqının Azərbaycan Ədəbiyyatı Şurasına rəhbərlik edib, İrəvan Pedaqoji İnstitutunun Azərbaycan şöbəsində XIX–XX əsr Azərbaycan ədəbiyyatından dərs deyib. Onun təşəbbüsü və bilavasitə rəhbərliyi ilə həmin dövrdə təkcə İrəvanın deyil, indi Ermənistan adlandırılan Oğuz ellərinin milli ədəbi-mədəni mühitində canlanma yaranıb, Qərbi Azərbaycanda onlarla şair və nasirlərin kitabları İrəvanda işıq üzü görüb, "Ədəbi Ermənistan" məcmuəsi nəşr olunub.

Hidayət Orucovun həyatının İrəvan dövründə poeziya, publisistika, nəsr, tərcümə kitabları nəşr edilib, pyesləri İrəvan və Azərbaycan teatrlarında səhnəyə qoyulub. Ədəbiyyatın və incəsənətin inkişafındakı xidmətlərinə görə ona 1978-ci ildə Ermənistan SSR əməkdar mədəniyyət xadimi fəxri adı verilib. Hidayət 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü, soydaşlarımızın deportasiya və soyqırımı siyasətinə etiraz olaraq Ermənistan SSR Əməkdar mədəniyyət xadimi fəxri adından imtina edib.

 

Bakıya köçərək "Gənclik" nəşriyyatının baş redaktor müavini, sonra baş redaktoru  vəzifələrində işləyib. Bu illərdə "Gənclik" nəşriyyatında böyüməkdə olan nəsillər üçün dəyərli kitablar, o cümlədən Azərbaycan klassik ədəbi irsi, flokloru, tarixi keçmişi sistemli şəkildə nəşr edilib yayılıb. "Gənclik" nəşriyyatında onun baş redaktor olduğu müddətdə 50 cildlik "Dünya Uşaq Ədəbiyyatı Kitabxanası"nın nəşri Azərbaycanın kitab mədəniyyəti tarixində mühüm bir hadisədir.

Hidayətin təşəbbüsü və rəhbərliyi ilə 15 cildlik "Azərbaycan folkloru", 25 cildlik "Macəra və fantastika", 17 cildlik "SSRİ Xalqları Ədəbiyyatı" kitabxanalarının, bir sıra mühüm seriyaların nəşrinə də həmin illərdə başlanıb. Hidayət ədəbiyyat, incəsənət, kitab mədəniyyəti məsələləri, millətlərarası münasibətlər, din, milli-mənəvi dəyərlərimiz barədə eyni zamanda tarixi keçmişimiz, türk xalqlarının deportasiyası və soyqırlarımına, yaşadığımız günlərin problemlərinə həsr olunan 150-dən çox məqalənin, publisist qeydlərin müəllifidir. Onun "Heydər Əliyev və Azərbaycanda milli siyasət" monoqrafiyası ingilis, rus, gürcü, türk, ərəb, qırğız dillərində də nəşr olunub.

 

Kitabları

Yazıçının altmışdan çox poeziya, nəsr, publisistika, tərcümə və s. kitabları nəşr olunub. Hidayətin xarici dillərdə nəşr olunan "Mən belə yaşayıram", "Nura qovuşacağıq" (rus dilində), "İntizar", "Sənsiz" (gürcü dilində), "Sabaha çox var" (Dağıstan dillərində), "Dağlar nəğməsi" (özbək dilində) və s. kitabları maraqla qarşılanıb. Əsərləri otuzdan çox dilə çevrilib.

1. "Məni səsləyəndə" (şeirlər və poema)

2. "Məhəbbət qocalmır" (şeirlər və poemalar)

3. "Bir az gözləyin məni"

4. "Məhəbbət qocalmır" (şeirlər və poemalar)

5. "Zirvə cığırı" (şeirlər)

6. "Bir teatrın üç aktyoru" (publisistika)

7. "Dənizi harayladım" (şeirlər)

8. "Eviniz analı olsun" (şeirlər və poemalar)

9. "İrəvanda xal qalmadı" (dramaturgiya, nəsr, publisistika)

10. "Qatardan məktub" (şeirlər)

və s.

 

Mükafatları

1. Ermənistan SSR Əməkdar mədəniyyət xadimi

2. Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanı

3. "Ləyaqət" ordeni. (Gürcüstan)

4. Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi

5. Rus Pravoslav kilsəsinin "Müqəddəs Mömin Moskva Knyazi Daniil" ordeni

6. "Şöhrət" ordeni

7. Dağıstan Respublikasının Fəxri Fərmanı

9. Çuvaşıstan Respublikasının ali ədəbi mükafatı – Paydulla İskeyev adına Çuvaş Beyənlxalq Ədəbi Mükafatı

9. Rus Pravoslav kilsəsinin "Şöhrət və Şərəf" ordeni

 

“Ədəbiyyat və incəsənət”

(05.09.2025)

 “Ədəbiyyat və incəsənət” portalı gənc yazar Elşad Baratın şəhidlər barədə silsilə şeirlərinin təqdimini davam etdirir.

 

Şəhid Osman Cəfər

Osman Cəfər 1998-ci il iyunun 17-də İmişli rayonunun Otuziki kəndində anadan olub. 2005-2016-cı illərdə İmişli şəhərində 5 nömrəli tam orta məktəbdə təhsil alıb. 2016-2020-ci illərdə isə Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) ali təhsil alıb. Subay idi.

Osman Cəfər 2020-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə idi.

Azərbaycan Ordusunun əsgəri olan Osman Cəfər 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Qubadlının və Laçının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Osman Cəfər noyabrın 4-də Laçın döyüşləri zamanı şəhid olub. İmişli rayonunda dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Osman Cəfər ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Osman Cəfər ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycanın Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Osman Cəfər ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Osman Cəfər ölümündən sonra "Laçının azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını və xidməti vəzifələrini yerinə yetirən zaman fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 30.12.2020-ci il tarixli Sərəncamına əsasən Osman Cəfər ölümündən sonra "Hərbi xidmətlərə görə" medalı ilə təltif edildi.

 

Tarix boyu bu xalqın,

Başı bəlalar çəkib.

Yurdumuza düşmənlər,

Zaman-zaman göz dikib.

 

Min dəfə yara alıb,

Min dəfə sağalmışıq.

Əsrlərdir ilk dəfə,

Geri torpaq almışıq.

 

Bunu edən sizsiniz,

Azərbaycan əsgəri.

Yurdumuza gətirdiz,

Bu tarixi zəfəri.

 

Osman kimi igidlər,

Vətənə səs verdilər.

Savaş meydanlarında,

Düşmənə dərs verdilər.

 

Hamıya qismət deyil,

Vətənə qurban olmaq.

Əbədi tarix olub,

Yenidən ruh, can olmaq.

 

Əbədi yaşayırsan,

Zəfər tariximizdə.

Ruhun baş üstündədir,

Adın ürəyimizdə.

 

“Ədəbiyyat və incəsənət”

(05.09.2025)

 

 

 

“Ədəbiyyat və incəsənət” portalına ASAN-dan verilən məlumata görə, 15-26 yaş arası gənclər ASAN könüllüsü olmaq üçün portal.asanvolunteers.az saytında təhsil səviyyəsindən asılı olmayaraq rahat, təhlükəsiz və sürətli şəkildə qeydiyyatdan keçə bilərlər. 

ASAN könüllüləri fəaliyyət müddəti ərzində “ASAN xidmət” mərkəzlərinin daha operativ şəkildə fəaliyyət göstərməsinə, vətəndaş axının idarə olunmasına və vətəndaş məmnunluğunun təmin olunmasına dəstək göstərirlər. Eyni zamanda könüllülük onların biliklərini fərqli sahələrdə tətbiq etmələrində, real mühitdə təcrübə qazanmaqlarında əvəzsiz rol oynayır. Fəaliyyətini uğurla başa vuran gənclərin hər birinə xüsusi sertifikat verilir ki, bu da onların karyera həyatına uğurlu bir keçid fürsəti olur. 

“ASAN xidmət”in fəaliyyətə başladığı ilk gündən etibarən bu prosesə 43.000-ə yaxın könüllü gənc qoşulub. Könüllülər tərəfindən 8000-dən çox təlim, 900-dən çox yerli və beynəlxalq layihə keçirilib. 3500-dən çox könüllü isə “ASAN Kadr” portalı vasitəsilə işlə təmin olunub.

Qeydiyyatla bağlı videoçarxa keçid: https://youtu.be/darTLr5BLUY?si=-a-VBCcaxLM5BDA2

 

“Ədəbiyyat və incəsənət”

(05.09.2025)

Harun Soltanov, “Ədəbiyyat və incəsənət”

 

Hamınız yazırsız. Danışırsız. Deyirsiz. Paylaşırsız. Tələsirsiz. Gözləyirsiz ki, sizi görsünlər. Mən isə burda, bu vərəqin içində, susuram. Susuram ki, bir gün bəlkə bu sükut səs kimi eşidilər. Amma olmur. Eşidilmir. Mən burdayam. Və heç kim görmür.

 

Mən vaxtsız doğulmuşam. Elə bir ana gəlmişəm ki, bu dövrə aid deyiləm. Bədənim indi burdadı. Amma ruhum hansısa başqa vaxtda itib. Heç bilmədiyim, heç olmadığım bir dövrdə qalıb. Mənim üzərimdən minlərcə gün keçib, amma bir saat keçməyib. Zaman axmır. Hərəkət var, amma zaman yoxdu. Və insan zaman olmadıqda, yaşaya bilmir.

 Yaza bilmirəm. Əlim var. Sözüm var. Təhsilim, az çox savadım, bəlkə də içimdə az qala partlayacaq qədər həqiqətim var. Amma yaza bilmirəm. Və bu, mənim gücsüzlüyüm deyil. Bu, dünyanın korluğu. Bu, dilin özünün xəyanətidir. Mən başa düşürəm ki, nə qədər çox şey bilirəmsə, bir o qədər az şey deyə bilirəm. Çünki sözlər mənim üçün artıq kifayət deyil. Sənin düşündüyün qədər dərin deyil dünya. İnsanlar düşündükləri qədər eşitmir, hiss etmirlər. Onlar səthə öyrəşiblər. Məni isə səth artıq iyrəndirir. Mənim üçün hər şey artıq çılpaq olmalıdır. Bəzək yoxdur. Təsəlli yoxdur. Mən yazmaq istəmirəm. Mən ifadə olunmaq istəyirəm. Və ifadə olunmaq, bu əsrdə ən nadir, ən mümkünsüz ehtiyacdır. Deyirlər ki, xoşbəxtsənsə, yazmazsan. Yalandır. Mən sevirəm. Mən sevilirəm. Mən sevgiyə toxunuram, o mənə nəfəs verir. Bəlkə də məni xilas edit. Amma bu tıxanıqlıq sevgisizlikdən deyil, daxilimdəki mənə çatmamaqdandır. Mən özümə girməyə çalışıram, amma içimdə heç kim yoxdur. Özüm özümə bir xarabam. Qırılmış divarların arasında "mən" deyə qışqırıram. Cavab yoxdur.

  Yazmaq mənim üçün var olmaqdır. Yaza bilməyəndə yox oluram. Və bu yoxluq kimsəyə görünmür. Çünki mən gündəlik həyatdakı rollarımı çox gözəl oynayıram. Söhbət edirəm. Gülümsəyirəm. Fikirlərimi deyirəm. Amma heç biri mən deyil. Heç biri bu içdən çürüyən, bu zamanın içində itib gedən varlığım deyil. Və bəli, qəzəbliyəm. Sizə yox. Dünya da heç vecimə deyil. Mən özümə qəzəbliyəm. Çünki hər gün yazmayıb, sonra özümü günahlandırıram. Sonra bir gün anlayıram ki, bu artıq günah yox, bir həyat tərzidir. Susmaq, vərdiş halına keçib. Mən öz sözümü içinə basdıran bir varlıq olmuşam. Qəbirsiz ölülər kimi. Bəzən beynimdə bir cümlə dolaşır ki, "Bir az sonra yazaram." Bu xbir az sonra" mənim həyatımı yeyib. Hər şeyi təxirə salmışam. Hər şeyi. Düşüncələrimi. Sözlərimi. Səssiz qaldığım bütün vaxtlar da, bir əsər olub və ölüb. Hər susqunluğum, bir ideyanın dəfnidir.

Və siz, oxucular. Bilirəm, bu da sizə qəribə gələcək. Çünki siz oxumağa hazırsınız, amma sırf məni anlamağa yox. Mən sizə qəzəbli deyiləm, amma ümidli də deyiləm. Mən yazıram, sizə yox. Özümə də yox. Sadəcə yazıram. Qoy harasa ilişsin. Qoy kağız da dözsün bu sətirlərə. Çünki mən artıq dözə bilmirəm. Əgər bu sözləri kimsə oxuyursa, unutmasın. Mən sevilirəm. Və yenə də çürüyürəm. Mən hər şeyə sahibəm. Amma yenə də boşluqda qalmışam. Səbəbi isə sadədir. Özümə çatmırdım. Mən burdayam. Və sən görmədin.

Daha danışmıram. Səbəbini belə izah etməyə ehtiyac yoxdur. Susuram. Çünki izah etmək, anlaşıla biləcəyinə inanmaqdır..Mən inanmıram. Susmağın necə vərdişə çevrildiyini bilirəm. Əvvəl fikirləri saxlayırsan. Sonra bir gün danışmalı olduğun bir an gəlir, amma keçirsən. Növbəti dəfə bir az daha rahat keçirsən. Üçüncü dəfə, artıq heç nə demirsən. Səssizlik səni içindən alıb aparır. Sən bunu "hüzur" zənn edirsən. Amma bu öz dilindən, öz cümləndən imtinadır. Və ən sonda, heç kimin içində danışmağa dəyər bir səs olmadığını düşünməyə başlayırsan.

Yəni mən belə başladım bu boşluğa. İndi nə hiss edirəm?  Heç nə. Bu, çox dəqiq ifadədir, heç nə.

 Qəzəb var. Bəli. Amma o da artıq emosional deyil. Qəzəb, sanki sümüyün bir hissəsinə çevrilib. Sən hərəkət etdikcə içində qırılır, qırıldıqca daha da içindəki sükutun sərtləşir. Mən sakit deyiləm.

Mən sadəcə çürüməyi çox sakit yaşayıram. Və bu vaxtsızlıq, bu hər gün içimdə təkrarlanan "bu gün də olmadı" cümləsi məni öldürmür. Yox. Məni adiləşdirir. Mənim faciəm bu deyil ki, yazmıram. Faciə budur ki, mən yazmamağıma öyrəşmişəm. İnsan nəyə öyrəşirsə, o olur. Susmağa öyrəşmişsənsə, susan olursan. Vaxtsızlığa öyrəşmisənsə, artıq heç nə üçün tələsmirsən. Yazmamağa öyrəşmisənsə, artıq yarımçıq doğulmuş olursan. İçindəki fikirlər beyində qalıb abort edilmiş ideyalardır. Və hər kiçik problem, böyük problemlərə hamilədir. Yarımçıq. Doğulmadan boğulmuş.

Mətnlər, artıq yazılmır. Sadəcə ağrılı şəkildə sənin içində sıxılır.

Bəzən bir cümlə gəzir beynimdə, "Əgər yazsam, nə dəyişəcək?".Hər şey. Yəni, heç nə. Yazmaq məni dəyişmir. Məni xilas da etmir. Sadəcə bu dünyada olduğumu sübut edir. Sözüm çıxırsa, deməli varam. Yoxdursa, mən də yoxam. Bu qədər. Bu qədər qaranlıq və bu qədər dürüst. Amma bu qaranlıqda bir şeyi danmıram, sevilirəm. Və sən düşünə bilərsən ki, bu məni qoruyur. Qorumur. Sadəcə daha dərindən çürüməyimi yavaşladır. O yanımdadır, sevgilim. Gözlərimə baxanda orda bir şey görür. Amma o gördüyünü mən içimdə hiss etmirəm. Mən orda deyiləm. Çünki mən.. bu vərəqdə itmişəm. Bu boşluqda donmuşam. Səni sevirəm. Sözsüz, şəksiz, nəfəs kimi.

Bu sualların cavabı yoxdur. Amma mən yazıram. Çünki bu, mənim dirilməyə çalışmaq cəhdimdir. Əgər bir gün dayanarsam, bilin ki, mən getmişəm. Amma hələlik burdayam. Və yenə də qışqırıram:

 "MƏN BURDAYAM. VƏ HƏLƏ DƏ HEÇ KİM GÖRMÜR."

 

“Ədəbiyyat və incəsənət”

(05.09.2025)

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Almaniyada yaşayan azərbaycanlı bəstəkar Xədicə Zeynalovanın “Heinrix və Leyla” adlı simfonik əsəri Detmold şəhərində yerləşən Christuskirche abidə zalında ifa olunub.

 

Komitədən verilən məlumata görə, Azərbaycan və Almaniya arasında dostluq münasibətlərinin 200 illik tarixinə həsr olunan konsert proqramında beynəlmiləl tərkibli “Bridge of Sound” orkestri çıxış edib. Dirijor Fərhad Qarayusiflinin rəhbərliyi ilə səsləndirilən əsər Şərq və Qərb musiqisinin unikal sintezini yaradaraq tamaşaçılara dərin təsir bağışlayıb. 12 hissədən ibarət olan "Heinrix və Leyla" əsərində Avropa klassik orkestr alətləri ilə yanaşı, Azərbaycan muğam elementlərinə geniş yer verilib. Əsər musiqinin dili ilə milli irsimizin zənginliyini beynəlxalq auditoriyaya çatdıraraq, xalqlar arasında mədəni körpü rolunu oynayıb.

Bəstəkar Xədicə Zeynalova əsərin yaranma tarixindən, musiqidə əks olunan hadisələrdən və Azərbaycan-Alman dostluğunun tarixi köklərindən danışıb.

Almaniyalı tədqiqatçı Mayk Flek bu layihəyə görə müəllifə təşəkkürünü bildirib və layihəni iki xalq arasında mədəni dialoqun mühüm nümunəsi kimi dəyərləndirib.

Qeyd edək ki, uzun illərdir Almaniyada yaşayan və fəaliyyət göstərən bəstəkar, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Almaniya "Bridge of Sound" orkestrinin bədii rəhbəri, eyniadlı cəmiyyətin yaradıcısı və sədri Xədicə Zeynalova Almaniyanın Mədəniyyət Nazirliyinin 2024-cü ilin ən yaxşı bəstəkarı adına və "Artist in Residence" nominasiyasına layiq görülüb. Almaniyada "Harmony of sound" adlı Beynəlxalq Musiqi Festivalının yaradıcısı və bədii rəhbəri olan soydaşımız Detmold Konservatoriyasının və Paderborn Universitetinin dosenti, Almaniya, Hollandiya, İngiltərə, Azərbaycan və Yaponiyada çap edilən sayca 40-dan çox elmi kitab, əsər və dərsliklərin müəllifidir. Xədicə Zeynalova Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin "Nizami" adına medalına, Azərbaycan Respublikasının "Diaspor fəaliyyətində xidmətə görə" medalına layiq görülüb.

 

“Ədəbiyyat və incəsənət”

(05.09.2025)

“Ədəbiyyat və incəsənət” portalı DİN-in Daxili Qoşunlarının “Əsgər” qəzetinin redaktoru, mayor, Azərbaycan Jurnalistlər Birliyinin üzvü Anar Əhmədovun “İblisin övladları” adlı hekayəsini diqqətinizə çatdırır.

 

 

Giriş

Ayaz vahiməli bir səslə qışqıraraq yuxudan oyandı. Dərhal yerindən qalxıb divanda oturdu. Kondisionerin işləməsinə baxmayaraq, bədəni qan-tərin içində idi. Gördüyü dəhşətli yuxunun təsiri hələ də keçməmişdi.   

 

Səssiz və qaranlıq evdə ondan başqa kimsə yox idi. Yay tətili olsa da, işlərinin gərginliyi səbəbindən özü gedə bilməmiş, ailəsini istirahət üçün rayona göndərmişdi. Beləcə, paytaxtın bu tənha gecəsində tək qalmışdı.

Bir qədər özünə gələndən sonra telefonunu götürüb, ekranındakı saata baxdı. Gecə saat 03:30-u göstərirdi. Telefonunda xəbərlərə baxa-baxa necə yuxuya getdiyini belə xatırlamırdı. Tam ayılsa da, hələ də o vahiməli yuxunun təsirindən çıxa bilmirdi. Belə hallarda adətən yuxusunu suya danışardı. Amma bu dəfə nədənsə divandan qalxıb, lampanı yandırdı və yazı masasının arxasına keçdi. Gördüyü yuxu sanki ibrətamiz bir hekayənin mövzusu idi. Yazacağı hekayənin adını düşündü və ağlına gələn ifadə ürəyincə oldu - “İblisin övladları”. Bu sadəcə ad deyildi, bir xəbərdarlıq idi…

Ayaz uzun illərdir ki, dövlət qurumlarından birində mətbuat katibi vəzifəsində çalışırdı. Dünyada və ölkədə baş verən ictimai-siyasi hadisələri izləmək artıq onun üçün işə deyil, həyat tərzinə çevrilmişdi. Harada olur-olsun, istər işdə, istər evdə, istərsə də yolda xəbər saytlarını mütləq gözdən keçirirdi. 

Son zamanlar Ayaz xəbər saytlarını izləyərkən, neqativ məlumatlara daha çox rast gəlirdi. Əvvəllər bu cür xəbərlərin hər birini oxusa da, indi onların çoxluğu artıq onu təəccübləndirmirdi. Hər şey adiləşmişdi - müharibələr, terror, ölüm-itim. Ona görə də yalnız başlıqlarla kifayətlənirdi: “Rusiya “Xəncər” və “İsgəndər”lərlə Ukraynanı vurdu”, “Ukrayna Rusiyanın itkilərini açıqladı”, “Husilər İsrail hava limanına raket zərbəsi endirdi”, “İsrail qırıcıları Qəzzanı bombalayıb”, “Türkiyədə terror aktı törədilib” və s. Başlıqları gözdən keçirib, dərin bir ah çəkdi: 

- Ax, yenə müharibə, yenə qan, yenə ölüm-itim... Görəsən, bu dünyada bir gün həqiqi sülh olacaqmı?

Sonra ölkə gündəmini gözdən keçirdi: “Narkotik satan kuryerlər saxlanıldı”, “Sərxoş sürücü iki nəfərin ölümünə səbəb oldu”, “Məşhur kafedə əxlaqsızlıq yuvası aşkarlanıb”, “26 yaşlı gənc narkotikdən dünyasını dəyişdi”, “Gənclərdə artan təhlükə: telefonda qumar asılılığı”, “Qısqanclıq zəminində dostunu qətlə yetirdi”, “Sərxoş şəxslərin mübahisəsi ölümlə bitdi”, “Qanunsuz fəaliyyət göstərən kazino aşkar edilib” və sairə...

Bəli, Ayaz bu cür xəbərlərə artıq tez-tez rast gəlirdi. Hər dəfə eyni təəssüflə başını bulayır, öz-özünə düşünürdü:

- Görəsən hara gedir bu cəmiyyət? Gəncləri uçuruma aparan nədir axı?

Bu düşüncələrlə divanda arxaya yaylanıb gözlərini yumdu və özü də bilmədən yuxuya daldı…

Yuxusunda “gözəgörünməz” bir varlıq kimi İblis ailəsinin çağırılmamış qonağına çevrilmişdi. Onlar Ayazın orada olduğunu bilmədən aralarındakı bütün sirləri dilə gətirirdilər. Ayaz nəfəsini belə içində tutaraq hər sözə diqqətlə qulaq asmışdı. Lakin sonda nəsə hiss edən İblis qəfil çevrilib onun üzərinə hücum çəkmiş, o da vahimə içində qışqıraraq yuxudan ayılmışdı…

 

I. İblisin dünyası

 

İblis və sevimli arvadı Şeytanə sonsuz qaranlıqda oturmuşdular. Onlar zaman-zaman insanların qəlbinə səpdikləri, şovinist və yırtıcı niyyətlərlə suvarılmış kin-küdurət toxumlarından boy atmış “bəhrələrdən” - son dərəcə amansız, qəddar, dağıdıcı müharibələrdən, soyqırımlardan və saysız-hesabsız qətllərdən ləzzət alır, qəhqəhə çəkir, öz mənfur xislətləri ilə fəxr edirdilər. Axı necə fəxr etməsinlər ki? Zaman keçdikcə və elm, texnologiya inkişaf etdikcə, onlar tərəfindən yolundan azdırılmış Adəm övladları artıq İblisin öz şəninə daha dağıdıcı, daha amansız və bütöv bəşəriyyəti yox edə biləcək bombalar, kütləvi qırğın silahları istehsal etməyə başlamışdılar. “Şeytanlaşmış” və artıq böyük gücə çevrilmiş bu insanlar elə bir səviyyəyə çatmışdılar ki, öz mənfur əməlləri ilə İblis ailəsini belə kölgədə qoymuş, hətta onların işlərini xeyli asanlaşdırmışdılar…

İndi İblis və Şeytanə ancaq onlar üçün daha asan, bir növ, əyləncəyə çevrilmiş “işlərlə” - dövlətin “kiçik modeli” hesab olunan ailələri dağıdıb məhv etməklə məşğul idilər. Bu iki varlıq bəşər övladının inkişafına uyğun, insanların ruhunu yandırmaq üçün övladlar belə böyütmüşdülər. Bəşəriyyətin ən zəif nöqtələrini tapmaq və onları öz planlarına uyğun şəkildə məhv etmək üçün.

Bu övladlar adi uşaqlar deyildilər. Onlar İblisin qəzəbi və Şeytanənin kin-küdurətinin canlı təcəssümü idilər. Qəribəsi bu idi ki, onların adlarını belə insanlar özləri qoymuşdular. “Məsləklərinə” uyğun olaraq - Narkoman, Alkoqol, Qumarbaz və Şəhvət.

Hər biri insanların ailə dəyərlərini dağıtmaq, onları mənəvi uçuruma sürükləmək üçün “tərbiyə olunmuşdu”. İnsanlar bu adlara nifrətlə yanaşdıqları halda, İblis və Şeytanə isə əksinə, bu adları çox bəyənmiş, hətta yetişdirdikləri övladları ilə qürur duyurdular.

O an İblis ağır-ağır ayağa qalxdı. Qaranlıq titrədi. O, təkəbbürlü baxışlarını övladlarının üzərinə dikdi və gur səslə dedi:

- Gedin dağıdın, yoldan çıxardın və sındırın. İnsanların ruhlarını mənim kimi qaranlığa batırın.

Beləliklə, İblisin övladları insan dünyasına göndərildi, hər biri öz missiyasını yerinə yetirmək üçün. Onların adı qorxu, onların izi isə dağıntı idi…

 

II. Ailə tablosu

 

İblis yalnız bir şeyi sevirdi - öz ailəsini. Çünki onun kimi mənfur, qaranlıq xislətli ailəsi bəşəriyyətin bağrına sağalmaz yaralar açır, Adəm övladının ərşə qalxan ah-naləsi ilə İblisə zövq, ruhuna qəribə bir dinclik bəxş edirdi. Yalnız bu zaman onun içindəki zülmət sakitləşirdi.

Şeytanə - İblisin sevimli arvadı. Bu ifritənin sonsuz nifrəti, tükənməz kin-küdurəti və saymaqla bitməyən mənfur əməlləri vardı. Elə buna görə də İblis onu altı min altı yüz altmış altı cin “gözəlinin” arasından seçib özünə həyat yoldaşı etmişdi. Bəli, Şeytanə İblisin ən yaxın “silahdaşı”, qaranlıq məsləhətçisi olmaqla, insan ruhunu zəhərləməkdə mütəxəssis sayılırdı. Onun adı insanların dünyasında saysız-hesabsız fəlakətlərlə, ailələrin dağılması, dostluqların və sevginin bitməsi ilə qoşa çəkilirdi. Yalan danışmaq, inam və etibarı sarsıtmaq, tamahkarlıq, paxıllıq, fitnə-fəsad yaymaq, abırsızlıq, həyasızlıq və yada düşüb-düşməyən neçə-neçə iyrənclik bu “xanımın” amalı idi. Həyatda baş verən bütün iyrənc hadisələrin arxa fonunda əgər diqqətlə baxılsa, mütləq Şeytanənin qaranlıq kölgəsi görünərdi.

Narkoman - ailənin ən səssiz, amma ən qəddar üzvü idi. Sanki daim yuxu halında yaşayırdı. Göz qapaqları ağır, nəfəsi tüstü ilə dolu, baxışları isə boşluqda donmuşdu. Onun varlığı qaranlıq bir duman kimi evlərə çökər, heç nə demədən orada olan hər şeyi boğmağa başlayardı. Narkoman təkcə bədənləri yox, ruhları da zəhərləyərdi. O, insan iradəsini uyuşduran bir yırtıcı idi - görünməz, amma hər şeyə nüfuz edən. Girdiyi ailələrdə əvvəlcə gülüş yoxa çıxar, sonra sevgi sönərdi. O, ölümlə həyat arasında boğulanların pıçıltısında yaşamağı sevərdi.

Alkoqol - bu ailənin ən cəsarətli və ikiüzlü üzvü idi. O, dost kimi yaxınlaşar, dərdlərə “səbrli dinləyici” kimi qulaq asar, sonra isə zərbə vuran qatillərdən betər zərbə endirərdi. Onun şüşə içində gizlənən gülümsər siması çoxlarını aldadırdı. İnsanlar onunla dərdini unutmaq istəyərdi, amma Alkoqol heç nəyi unutdurmazdı. Əksinə, ağrıların köklərini daha da dərinə basdırar, sonra da oradan qaranlıq çiçəklər bitirərdi. Onun səsi təkcə içki şüşəsində yox, ailə mübahisələrində, dağılan süfrələrdə, uşaqların qorxu dolu baxışlarında da eşidilirdi. O, “bir qədəhlə nə olar ki?” - deyə başlayan cümlələrin sonundakı qiyamət idi.

Qumarbaz - ailənin ən “oyunbaz”, lakin ən məkirli üzvü. Daim gülümsər, əlləri vəd dolu, baxışları isə cazibədar idi. Onun danışığında bir sehr vardı - hər şeyin daha yaxşı olacağına dair saxta ümid. Lakin o, heç vaxt udmazdı və həmişə uduzdurardı. Onun girdiyi ailələrdə atalar evlərini, analar övladlarını, gənclər gələcəklərini masanın üstündə bir kartlıq ümidə qurban verərdi. Qumarbaz hər dəfə uduzduran qələbələrlə geri dönərdi. Onun varlığı zərərin özü idi - gecikmiş peşmanlıq, dağılmış sərvət və təklənmiş insan taleləri.

Şəhvət - İblisin ən cazibədar övladı. Gözəlliyi ilə aldadıb, rüsvayçılığı ilə məhv edən. Onun varlığı yalnız bədəni satan qadını yox, həm də hər şeyi - şərəfi, sevgini, etibarı, ailə sədaqətini pula, ehtirasa, ya da sadəcə marağa dəyişən hər kəsi simvolizə edirdi. O, şəhvətin adıyla gəlir, xəyanətin izi ilə gedərdi. Şəhvətin qoxusu bir dəfə evə girdimi, oranı uzun müddət tərk etməzdi. Onun varlığı münasibətlərin içinə salınmış çürük toxum kimi idi - əvvəlcə görünməz, sonra isə bütün ağacı içdən-içə məhv edərdi. Şəhvət sadəcə ad deyil, həyat tərzi idi. Bu tərzə bürünən hər kəs bir gün ya başqasını yıxar, ya da özü yıxılardı.

 

III. Səssiz qonaq - Narkoman

 

Gecəydi. Pəncərənin o tayında yağan yağış damlalardan çox, göz yaşı kimi görünürdü. Doğma və əziz ailə öz evində idi - ata, ana və on beş yaşlı oğulları Murad. Sakit bir axşam yeməyindən sonra hər kəs öz otağına çəkilmişdi. Amma Muradın otağında bir “nəfər” də vardı. Səssiz, görünməz, amma orada - nəfəsinin içində, göz qapaqlarının altında və ona olduqca yaxın...

Narkoman - ailənin yeni qonağı çoxdan bura gəlmişdi. Amma bu axşam, ilk dəfə olaraq, Murad onun varlığını hiss etdi. Əvvəlcə sadəcə baş ağrısı ilə, sonra bir az sıxıntı, bir az darıxma, səbəbsiz bir boşluq. Sanki həyat anlamsızlaşmışdı. Sanki hər şeyin rəngi solmuşdu. Sanki içində dərin bir boşluq vardı və bu boşluğa ancaq bir şey töküləndə yüngülləşə bilərdi - amma nə?

O an telefonuna bir bildiriş gəldi. Dostu Emil yazmışdı:

“Səndə də sıxıntı var? Bu axşam bir az rahatlanmaq istəyirsənsə, gəl, bir şey tapmışam...”.

Bəli, hələ yeddinci sinifdə oxuyarkən Murada ilk dəfə siqareti də elə ən yaxın “dostu” Emil “məsləhət” görmüşdü.

Emilin ailəsi səkkiz il öncə bu məhəlləyə köçmüş, Muradgilin yaşadığı binadan mənzil almışdılar. O zamanlar Emil sakit, mehriban, dərslərinə ciddi yanaşan bir uşaq idi. Həmişə bir az utanar, müəllimlərlə hörmətlə danışar, nənəsinin əlindən tutub məktəbə gedərdi. Amma üç il əvvəl bir qəzada valideynləri və kiçik bacısı həlak olanda, Emilin həyatı bir anda tərsinə döndü. Elə bil o gün evin qapısından təkcə cənazələr yox, bir uşaq təbəssümü, bir gəncliyin ümidləri də çıxıb getmişdi.

Emil əvvəlcə dərslərə gecikməyə başladı. Sonra dostları ilə mübahisələr, əsəbi davranışlar artdı. Bəzən heç məktəbə gəlməzdi. Gözlərinin dibi qaralır, baxışlarında yersiz bir boşluq dolaşırdı. Sinif rəhbəri bu dəyişiklikləri başa düşməyə çalışırdı. Onun acısını anlayırdı və hər dəfə sadəcə nəsihət verməklə kifayətlənirdi: “Zamanla düzələr... Uşaqdı, keçər...”.

Amma zaman keçdi, Emil düzəlmədi. Əksinə, daha da sərtləşdi və bir gün sinifdə, onu düz yola dəvət edən müəllimi açıq-aşkar söyüb təhqir etdi. Həm də sinif yoldaşlarının gözü qarşısında. Bu, son damla oldu və intizamsız şagird kimi məktəbdən xaric edildi.

Murad isə o gündən etibarən dostunun daha bir tərəfini tanımağa başladı. Bu, artıq tanıdığı Emil deyildi. Bu, bir başqa varlığın daşıyıcısı idi...

Murad gözlərini yumdu. Başının içində qaranlıq bir pıçıltı dolaşırdı. O səsə bənzəmirdi, amma düşüncəyə oxşayırdı - zəhərli, çəkici, sakit və ölümcül.

“Heç nə olmaz... sadəcə bir dəfə... nə var ki bunda?”

Bu pıçıltı Narkomanın səsi idi. O artıq oğlanın içində idi. İlk nəfəsini almışdı.

Murad paltosunu tələsik geyindi. Çantasına heç nə qoymadan evdən çıxdı. Qapını sakit örtdü ki, atası ilə anası duymasın. Hava soyuq idi, amma o, istini içində hiss edirdi - yox, bu isti deyildi, bu yanğı idi. O, özü də bilmədən harasa can atırdı. Sadəcə bir “cəhd”, bir “macəra”, bir “rahatlanmaq”.

Emillə bir binanın zirzəmisində görüşdülər. Ora nə oyunxana idi, nə də dost evi - ora tənəzzülün, uçurumun ilk addımı olan bir məkandı. Murad gülürdü, çünki hələ heç nə baş verməmişdi. Hələlik.

Emil ona kiçik bir paket uzatdı. Qəhvəyi selofanın içində, burulmuş kağızda bir şey vardı. Murad bir an tərəddüd etdi. Amma o tərəddüd uzun çəkmədi. Narkoman artıq onun çiynində əyləşmişdi. Onun düşüncələrinə pıçıldayırdı:

“Sadəcə bir dəfə. Özünü pis hiss edirsənsə, bu sənə kömək edəcək. Hamı belə başlayır…”.

Murad kağızı açdı. Səhəri heç xatırlamayacaqdı…

Sonrakı günlərdə Muradın baxışları dəyişdi. Gözləri qırmızı, hərəkətləri yavaş, danışığı qısa oldu. Ana əvvəl yorğun olduğunu düşündü. Sonra məktəbdən zəng gəldi - Murad dərsləri buraxırdı. Ata əsəbiləşdi, intizamlı olması üçün “kişi sözü” ilə məsələni çözmək istədi.

Ancaq Murad artıq tək deyildi. İçində bir sükut vardı - ağır, uyuşdurulmuş, nəfəs alan bir sükut. Ana daha çox dua etməyə, ata daha çox qışqırmağa başladı. Amma heç biri bilmirdi: artıq ailəyə Narkoman girmişdi. Onlar üç nəfər deyildilər, dörd idilər.

Muradın otağından qəribə qoxular gəlirdi. Gözlərinin altında qara kölgələr yaranırdı. Anası bir dəfə çantasını yoxladı və içində alışqan, əzik kağız, və tanımadığı bir əşya tapdı. Əlini ağzına tutub, için-için ağlamağa başladı. Anladı, hiss etdi. Lakin o an artıq gec idi.

Narkoman artıq otaqda idi. Muradın nəfəsində, paltarında, bədənində və ruhunda…

Axşamlar daha uzun gəlməyə başlamışdı. Otaqların işıqları yanırdı, amma evdə işıq yox idi. Murad artıq danışmırdı, sadəcə susurdu. Otağına girəndə gözləri qorxunc dərəcədə boş görünürdü, sanki bir ruh bu bədənə aid deyildi artıq.

Ana hər səhər sobaya çay qoyur, amma Muradın fincanı toxunulmamış qalırdı. O, bir dəfə oğlunun otağına yemək aparanda, yatağın kənarında bükülmüş bir kağız gördü. Açmadı. Daha oxumurdu, daha soruşmurdu, daha nəyəsə qarışmırdı. Çünki artıq bilirdi. İçindən bir səs deyirdi:

“O artıq sənin oğlun deyil. O, indi başqasınındır…”.

Ata isə hələ də inadkarcasına mübarizə aparırdı. Qapını döyüb qışqırırdı:

- Oğlum, çıx bu otaqdan! Nə edirsən orada?!

Bir dəfə Murad səssizcə qapını açıb, atasının gözlərinin içinə baxdı. Lakin bu baxışda bir damla sevgi, bir zərrə günahkarlıq yox idi. Sadəcə boşluq. Sadəcə susqun nifrət. Sonra qapını yavaşca bağladı. Ata ilk dəfə idi ki, ağladı. İlk dəfə idi ki, səsini yüksəltmədi. Çünki artıq başa düşmüşdü - bu sükut, qışqırıqdan da bərk idi.

Evi qəribə bir abu-hava bürümüşdü. Süfrədə üç boşqab qoyulurdu, amma yalnız iki nəfər otururdu. Bıçaqla çörək kəsiləndə səs divara çırpılan vicdan kimi qayıdırdı. Ananın barmaqları titrəyirdi. Ata tavanın küncünə baxırdı. Muradın otağından gələn qoxu artıq bütün evə yayılmışdı. Bu təkcə tütün yox, tənəzzülün, ümidin çürümüş qoxusu idi.

Və bir gün...

Ana səssizcə Muradın otağına girdi. Murad yerdə uzanmışdı. Nəfəsi vardı, amma sanki yox idi. Dodaqları qurumuş, barmaqları titrək, alnı soyuq idi. Ananın içindən bir qışqırıq qopdu - illərin susqunluğundan yoğrulmuş bir nalə:

- Murad!... Balaaaaam...!

Ata o səsi eşidib içəri cumdu. Otaqdakı qoxu bu dəfə ölümdən xəbər verirdi. Əşyalar da susurdu. Divar da.

Təcili yardım gəldi. Həkimlər müalicəyə başladı. Həyatla ölüm arasında nazik bir ip çəkilmişdi. O ipin üstündə bir yeniyetmə çabalayırdı.

Ancaq ailə artıq əvvəlki deyildi. Çünki İblisin övladı öz işini görmüşdü. Narkoman bir ailənin belini qırmış, sevgini parçalamış, ruhlara möhür vurmuşdu…

Muradın nəfəsi zəif, bədəni soyuq, dodaqları titrək idi. Amma onun ruhu artıq zərbə almışdı. Ürəyinin içindəki gənclik odu sönməyə yaxın idi. Gözlərinin içindəki parlaqlıq yox olmuşdu. Ana həkimlərin dediklərini eşidəndə diz çökdü:

- Əgər geciksəydiniz… bir neçə dəqiqə belə…

Otaq bir müddət səssiz qaldı. Lakin bu səssizlikdən kənarda - gözə görünməyənlər aləmində başqa səslər yüksəlirdi.

Narkoman qaranlıqdan ayrılıb, yuxarı qalxırdı. O, sevinirdi. Addımları ləng, lakin əmin idi. Qəfil yoxa çıxan bir tüstü zolağı kimi evin pəncərəsindən havaya qalxdı və görünməz bir cığırla geri - qaranlığa, ata evinə yönəldi.

 

IV. Hesabat

 

Sonsuz zülmətin içində İblis taxtında oturmuşdu. Barmaqlarını bir-birinə birləşdirmiş, gözlərini yumub səbrlə gözləyirdi. Şeytanə isə güzgü qarşısında öz qaranlıq simasını cilalayır, qəhqəhə ilə gülürdü. Birdən uzaqdan ayaq səsləri eşidildi. Qaranlıq dalğalandı.

Narkoman öz kölgəsindən ibarət paltarla salona daxil oldu. İblis gözlərini açdı, Şeytanə gülümsədi. Hər şey plan üzrə gedirdi.

- Gəldin? – deyə İblis soruşdu. - Hesabatını ver.

Narkoman baş əydi. Səsi dumanlı, amma sabit idi:

- Tapşırıq yerinə yetirildi. Gənc bir bədənə yol tapdım. Adı Murad. Onun ruhunda çatlar yaratdım. Gözündə həyat yoxdu artıq. Ana ilə ata bir-birinə düşmən oldu. Evin içində sevgini boğdum, ümidləri zəhərlədim. O, artıq bizdən biridir - ya tam mənimsənəcək, ya da ömrü boyu yarımcan qalacaq.

Şeytanə razılıqla başını yellədi.

- Əla. Ana artıq özünü günahlandırır. Ata isə susmağa başlayıb. Hər şey doğrudur.

İblis ayağa qalxdı. Ətrafdakı zülmət silkələndi. Səsi divarları yandırdı:

- Bu yalnız başlanğıcdır. Sən öz payını götürdün. Növbəti ailə hazırdır. İndi növbə qardaşındadır - Alkoqol.

Narkoman geri çəkildi. Amma içində böyük bir qürur vardı. O, bir ailəni yıxmış, bir ruhu sındırmışdı. Bu, onun üçün sadəcə başlanğıc idi…

 

V. Qədəhin içindəki iblis - Alkoqol

 

Həyat öz axarı ilə davam edirdi. Muradın faciəsi kimi, başqa evlərdə də pıçıltılarla başlayan, qışqırıqlarla bitən dramlar yaşanırdı. Amma bu dəfə hədəfdə başqa bir ailə vardı - Nicatın ailəsi.

Nicat otuz iki yaşlarında idi. İki övladı, bir gözəl xanımı, bir də görünməyən dərdi vardı. İllərlə qurduğu biznes pandemiyada dağılmış, borclar həddindən çox artmış, dostlar uzaqlaşmış, ailənin təməli sarsılmışdı.

İlk vaxtlar özü ilə danışırdı:

“Bu günlər də keçər… Hər şey düzələr…”.

Sonra bu cümləyə bir cümlə əlavə olundu:

“Bir qədəhlə nə olar ki?...”.

İlk içki - səssiz idi. Sanki vicdan da ona “hə, bu qədər də olar” demişdi. Amma ikinci içkidə qaranlıq başladı.

Nicat başını stolun üstünə qoyub, öz-özünə pıçıldayanda Alkoqol artıq otaqda idi. Onu görmək olmurdu, amma hər udumda nəfəsi Nicatın boğazından içəri süzülürdü. O, təkcə içkidə deyil - tənhalıqda, özünə yazığı gəlməkdə, “kaş ki” ilə başlayan cümlələrdə yaşayırdı.

Arvadı Aybəniz əvvəlcə başa düşməyə çalışdı. Soruşdu, səbəb axtardı. “Sən əvvəl belə deyildin” dedi. Amma artıq gec idi. Alkoqol çoxdan onların süfrəsində əyləşmişdi - təkcə şüşədə yox, Nicatın davranışlarında, sözlərinin tonunda, gözlərindəki dəyişiklikdə.

Günlər keçdi…

Nicat artıq gecələr evə sərxoş gəlirdi. Uşaqlar qapının cırıltısından gizlənəcək yer axtarırdılar. Səhərlər sakit, axşamlar isə qışqırıq dolu olurdu. Əvvəlcə sözlər dəyişdi, sonra rəftar, sonra isə zərbələr başladı.

Bir axşam, Aybənizin üzündə ilk dəfə əl izi qaldı. Uşaqlar qışqırmadı - artıq öyrəşmişdilər. Həmin gecə Alkoqol qaranlıq bir guşədə oturub, zövqlə Nicatın halına baxırdı. İblisin övladı iş başındaydı.

Növbəti gün Nicat peşman oldu. Hər zaman olduğu kimi:

“Bağışla, nə etdiyimi bilmirdim…”.

Amma bilirdi. Bilirdi, amma artıq içindəki Alkoqol onu susdurmuşdu. Hər dəfə “bu son olacaq” deyirdi. Lakin son olmurdu. Çünki hər “son”un arxasında bir daha böyük başlanğıc dayanırdı - məhv olmaq üçün başlanğıc.

Alkoqol artıq sadəcə içki deyildi - o, bir evin divarlarını çürüdən nəm kimi idi. Görünməzdi, amma hər yerə yayılmışdı. Nicatın ağlında, dilində, hərəkətlərində... Sanki bir vaxtlar güclü olan adam yavaş-yavaş öz içində çökür, yıxıldıqca da onu alqışlayan tək varlıq elə Alkoqolun özü idi.

Bir gün yaxın qohumlarından biri Nicatı ailəliklə oğlunun toy məclisinə dəvət etdi. Aybəniz əvvəl tərəddüd etsə də, uşaqların xətrinə razılaşdı. Nicat, Aybəniz və böyük oğulları Nihadla birlikdə toya yollandılar.

Məclis başladıqdan bir müddət sonra, Nicatın illər əvvəlki dostlarından olan Səməd onu öz stollarına çağırdı. Aybənizin narazı baxışlarına baxmayaraq, Nicat “bir-iki dəqiqəyə qayıdıram” deyib, onların yanına keçdi.

Elə həmin an İblisin oğlu Alkoqol qonaqların arasında görünmədən dolaşırdı. O, Səmədə yaxınlaşıb, astadan qulağına pıçıldadı:

- Bəlkə, bu axşam Nicatı yaxşıca əyləndirək? Ona bu gecəni unudulmaz edək.

Səməd ağlına batan bu fikirləri bir zarafat kimi qəbul edib, şərab şüşəsini doldurdu. Bir qədəh, sonra bir daha… və bir daha… İçki artdıqca, Nicatın dili açılır, rəftarı dəyişir, gözü dönürdü.

Nəhayət, musiqi səsləri yüksəldi, dostları rəqsə qalxdı. Amma Nicat özünü saxlaya bilmədi. Rəqs meydanına çıxıb, əvvəlcə oynadı, sonra isə özünü səhnədə itirdi. Ayı kimi donbalaq aşmağa, meymun kimi hoppanıb-düşməyə, top kimi yerdə diyirlənməyə başladı. Gənclər ona baxıb qəhqəhə ilə gülür, telefonlarını çıxarıb çəkirdilər. Yaşlılar isə bir zamanlar şəhərdə biznesmen kimi hörmətlə anılan, adının sonluğuna xitabən “müəllim”, “bəy” deyə müraciət olunan bu adamı qınayır, başlarını bulayıb, üzlərini çevirirdilər.

Aybənizin üzü qızarmışdı. Nihad utanıb başını aşağı salmışdı. Qohum-əqrəbanın içində bu mənzərə ailəni pərt etmişdi. Aybəniz həyat yoldaşına baxdı. Qarşısındakı adam nə ər, nə də ata idi - o, yalnız içkinin köləsinə çevrilmiş bir bədən idi. 

Alkoqol Nicatın səhnədə sürünən halına baxıb qımıldanır, məmnunluqla gülümsəyirdi. Amma İblis və Şeytanə üçün əsas tamaşa bu deyildi. Onlar Aybənizin yanağında alışan utancdan, Nihadın başını aşağı salmasından, qohumların pıçıltılarından həzz alırdılar. Çünki əsl zərbə içkidən yox, göz önündəki rüsvayçılıqdan gəlirdi.    

O gün Aybəniz uşaqları da götürüb anasının evinə getdi. Sükut düşdü. Ev boşaldı. Alkoqol güzgü qarşısında gülümsəyərək pıçıldadı:

- Təklik, peşmanlıq və təkrar… Sən artıq mənimsən, Nicat.

Eyni anda qaranlıq bir məkanın dərinliyində, İblis yenə taxtında idi. Alkaqol içəri daxil oldu. İblis gözlərini yumdu:

- Hesabat ver.

Alkoqol gülümsədi, səsi şüşə kimi cingildəyirdi:

- Bir ailəni dağıtdım. Qadının göz yaşlarını, uşaqların qorxusunu, kişinin peşmanlığını şərabla qatıb içirdim. Artıq o, heç vaxt tam sağalmayacaq. Onun vicdanı içki şüşəsinin dibində boğulub.

Şeytanə başını tərpətdi:

- Qadın artıq sevgidən deyil, qorxudan susur. Uşaqlar ata sözünü eşidəndə ağlamağa başlayır. Əla iş.

İblis razılıqla gülümsədi:

- İndi sıra qardaşında - Qumarbaz!

 

VI. Qələbə və uduzma

 

Cavid gənc idi. Hələ iyirmi yaşı vardı. Qəbul imtahanında yüksək bal toplayıb universitetə daxil olmuşdu. Anası fəhləlik edirdi, atası onu uşaq yaşlarında atıb getmişdi. Cavid oxuyurdu, çalışırdı, amma eyni zamanda - daha çox, daha tez, daha parlaq bir gələcək istəyirdi.

Dostları onu bir gün internet klubuna apardılar. Orada sadə bir oyun oynadılar - əvvəlcə əyləncə xatirinə. Sonra o oyunlar real pulla oynanmağa başladı. Bir gün Cavid ilk dəfə uddu.

Həmin axşam Cavid heç nə yemədi, heç kimlə danışmadı - yalnız öz-özünə təkrar edirdi: “Bu, şans deyil. Bu, bacarıqdır”.

Caviddə yeni bir “dost” peyda olmuşdu. Onun adını heç vaxt demirdi, amma o daim yanında idi. Baxışlarında bir təkəbbür, ovucunda isə pul ehtirası vardı. O dostun adı Qumarbaz idi.

Qumarbaz səssiz idi. Sanki Cavidin içində oturmuşdu. Hər məğlubiyyətdən sonra ona pıçıldayırdı: “Daha çox pul qoy… İndi çıxma… Uduzduğun hər şey geri qayıdacaq”.

Cavid artıq dərslərə getmirdi. Telefonunu tez-tez satıb geri alırdı. Anasının qızıl sırğalarını bir dəfə “gizlicə” götürdü. O gecə heç nə uduzmadı. Amma nə isə itdi - vicdanı.

Qumarbaz məmnun idi. Onun işi cəlb etmək deyildi - aldatmaq, asılılıq yaratmaq və uduzdurmaq idi. Bunu Cavidlə mükəmməl bacarırdı. Hər dəfə oğlan “son dəfə oynayıram” deyirdi, amma hər dəfə masaya oturanda bir “yeni başlanğıc” olurdu.

Bir axşam Cavid bütün pulunu itirdi. Sonra dostlarından borc aldı. Onu da uduzdu. Evə qayıdanda anası ona bir stəkan çay süzdü. Cavid susdu. O gecə evdə sükutun içinə “boşluq” qarışdı…

Zaman ötdükcə Qumarbazın səsi daha cəsarətli, daha inandırıcı gəlməyə başlamışdı. Artıq təkcə oyuna deyil, həyata da onun pıçıltıları ilə yanaşırdı. O, Cavidə təkcə uduzmağı deyil, aldatmağı da öyrətmişdi. Əvvəlcə yalnız oyun aparatlarını aldatmaq istədi. Sonra insanları. Sonra özü-özünü.

Bir gün qonşularından borc istədi. Sadə, təmiz, səmimi bir dillə:

- Anam xəstədir… dava-dərmana ehtiyac var.

Qonşu qadın acıyaraq verdi. Cavid o pula toxunmadı. Dediyi vaxtından bir gün tez qaytardı. Cavid qadının gözlərində minnətdarlıq yox, inam gördü. Bu, ona pulla oynamaqdan daha şirin gəldi. O inamı və güvəni silaha çevirdi.

Bir neçə həftə sonra həmin qadından yenidən borc istədi - bu dəfə daha çox. Qadın tərəddüdsüz verdi. Amma bu dəfə pul oyunlara getdi. Bu dəfə geri qayıtmadı.

Cavid artıq qohumlardan da borc alırdı. Biri-birini tanımayan adamlardan, tanışlardan, müəllimlərdən, anasının adından da istifadə edərək. Onun gözləri içində sönməkdə olan bir insanın kölgəsi vardı, amma kənardan baxana sadəcə “təəssüf doğuran bir gənc” kimi görünürdü.

Lakin yalanın ömrü qısadır. Bir səhər qapı döyüldü. Əvvəlcə bir nəfər. Sonra daha biri. Sonra iki nəfər birlikdə. Sonda hamısı bir anda. Hamısının da dilində eyni sözlər: “Pulumu ver!”.

Anası eşitdi və anladı. Qadının gözləri doldu, dodaqları titrədi, amma heç nə demədi. Sadəcə Cavidə baxdı. Uzun, ağrılı, sonsuz bir baxış.

Həmin an Cavid qumarı uduzmadı. O, öz anasını uduzdu. Onun gözlərindəki son ümidi, son güvəni...

Yaşadıqları evin mövcud bazar qiyməti artıq o borcların hamısına bərabər idi. Satılsaydı, borc qurtarardı. Amma sonra? Kirayəni necə ödəyəcəkdilər? Kommunalı necə verəcəkdilər? İsti bir çörəyi, çayı haradan tapacaqdılar?

Cavid öz-özünə dedi: “Yox bunu edə bilmərəm. Anamı evsiz-eşiksiz qoya bilmərəm. Bu ailə üçün sadəcə ölüm deməkdir…”. 

Sonra isə fikirli halda gözlərini bir nöqtəyə zilləyib, pıçıltı ilə: “Ölüm? Bəlkə…”.

Ətrafa baxdı. Əlləri əsdi. Sakitcə divara söykəndi. Gözləri tavana zilləndi. Və… Gözləri anasının paltar asdığı ipə sataşdı. Gözlərini yumdu. Beyni qaranlıq fikirlərlə doldu. Sanki içindəki Qumarbaz fısıldadı: “Hər şeyə son qoya bilərsən. Elə bu gün. Elə indi. Ən azı anana daha yük olmayacaqsan…”.

Qumarbaz pəncərənin kənarında dayanıb, Cavidə baxırdı. Onun baxışlarında təəssüf yox idi - zövq vardı. İnsan gələcəyini bir kartlıq ümidə dəyişmişdi. Bu, Qumarbaz üçün qələbə idi…

Qaranlıq yenə silkələndi. Qumarbaz İblisin qarşısında baş əydi.

- Mən də hazıram, ata. Sənin verdiyin oyunu bir gəncə oynatdım. Onu azdırdım. Qəlbinə düşdüm. Əvvəlcə maraq oyatdım, sonra ehtiras... Daha sonra ehtiyac. Yalan danışdırdım. Anasını ağlatdım. Gələcəyini satdı, inamını uduzdu. Evini satmaq həddinə gətirdim. Onu ipə baxan bir adam etdim. Cavid hazırdır. Bir addım qalır. Hələlik sağdır, amma artıq yaşamır.

İblis yerindən qalxmadan başını tərpətdi:

- Əla. Nəhayət, bəşəriyyətin son sipərinə çatırıq. İndi bacınız Şəhvət yola çıxır.

Şeytanə yüngülcə qəhqəhə çəkdi:

- O, hamısından daha incə işləyir. Ən məsum görünüb, ən dərin yaraları açar…

 

VII. Susqun xəyanət

 

Gülbahar müəllimə idi. Tanınmış liseydə dərs deyirdi, iki övladı və nüfuzlu bir həyat yoldaşı vardı - Fəqan. Elə ailələrdən biri idilər ki, kənardan baxanda hər şey “mükəmməl” görünürdü: şəhərin mərkəzində lüks ev, gülərüz övladlar, sosial şəbəkədə məşhur restoran, istirahət və əyləncə mərkəzlərində çəkilən şəkillər, “xoşbəxtik” pozaları…

Amma bu sakitliyin arxasında boşluq gizlənmişdi.

Fəqan son vaxtlar gec gəlməyə başlamışdı. Telefonuna şifrə qoymuş, qadınına olan diqqətini itirmişdi. Gülbahar əvvəlcə görməməzlikdən gəldi. “İşi çoxdur” deyə özünü inandırdı. Sonra güzgüdə özünə baxıb, “bəlkə mən dəyişmişəm?” deyə düşündü.

Amma günlərin birində təsadüfən - bəli, sadəcə təsadüfən, Fəqanın telefonunda bir mesaj gördü. Mesajda bir qadın yazmışdı:

“Dünənki gecə üçün təşəkkürlər... Səninlə olmaq həyatdır”.

Nömrə Gülbahara tanış gəldi. Baxdı… və ürəyi sinəsində çırpınmağa başladı.

- Yox! Bu ola bilməz... Bu... bu... Şəlalənin nömrəsidir! Aman Allah!

Sözlər boğazında düyünləndi. Qolları keyidi, dizlərinin taqəti kəsildi. Əllərini saçlarına salıb hönkürtü ilə yerə çökdü. Amma o ağlamadı. Ağlamaq yox, yanmaq istəyirdi. Və içindəki alov qəfil partladı. Mətbəxə keçib, əl atdığı ilk qabı divara çırpdı. Ardınca boşqab, stəkan, kasalar... Çınqıltı... qırılan şüşələrin səsi... içində qırılanların səsinin əks-sədası kimi.

“Mənim bacı dediyim qadınla?!”, - deyə qışqırdı. - Ay alçaq! Ay şərəfsiz!

Elə bu vaxt Fəqan içəri girdi. Səsə gəlmişdi. Qapıdan girən kimi yerə səpələnmiş şüşələri, mətbəxin dağılmış halını və gözlərindən alov yağan Gülbaharı gördü.

- Nə olub sənə, dəli olmusan?

Gülbahar qırıq bir qabı əlində sıxaraq ona tərəf çevrildi. Gözləri qan çanağına dönmüşdü.

 - Nə olub? Mənə nə olduğunu özün yaxşı bilirsən! - deyə bağırdı. - Şəlalə ilə?! Mənim bacı bildiyim qadınla?!

Fəqan çaşqınlıqla geri çəkildi və asta səslə: “Nə danışırsan sən?”.

Gülbahar telefonunu ona tulladı: “Oxu! Oxu, gör nə danışıram!”.

Fəqan mesajı oxuyanda sanki dili tutuldu. Donub qaldı. Söz tapa bilmədi.

- Bu... bu bir səhvdir... Mən…

“Səhv?!” - deyə Gülbahar çığırdı. - Bu səhv deyil, xəyanətdir! Məni yox, bütöv bir ailəni pis günə qoydun sən! Qardaş dediyin Davudun üzünə necə baxacaqsan? Hələ, Davudun sənə “əmi can” - deyib, qaçaraq gəlib boynuna sarılan o gül balalarının necə?  

Fəqan bir neçə söz mızıldansa da, artıq gec idi. Gülbahar nə səbr buraxmışdı, nə də güvən.

Get! Çıx evimdən! Unutma! Bu evə bir daha “ərinəm” deyib girə bilməzsən!

Fəqan üzünü tutub otaqdan çıxdı. Arxasında isə qırılmış şüşələrin içində yanan bir qadın qaldı... Həmin an İblisin sevimli övladı Şəhvət otağa daxil oldu. Gülbaharın sarsılmış üzünü görüb yaxınlaşdı və astadan pıçıldadı:

- Sən də intiqamını al, Gülbahar. Fəqandan mütləq intiqamını al. Qoy hər kəsin içində rüsvay olsun. Ağzını açıb, kişi kimi danışmağa dili olmasın. Sənin kimi qoy onun da canı yansın. Elə ən yaxın dostu Davud ilə onu aldat…

Davud Fəqanın ən yaxın dostu idi. Elə bir yaxınlıq ki, illərlə çiyin-çiyinə durmuş, acılı-şirinli günləri birlikdə yaşamış, ailəvi bağları daha da möhkəmləndirmişdilər.

Davudun həyat yoldaşı Şəlalə ilə Gülbahar isə sadəcə dost deyildilər - bacı kimi idilər. Əslində, Gülbaharın heç vaxt öz bacısı olmamışdı. Amma Şəlalə vardı. Onunla gülüb ağlamış, sirr paylaşmış, bir-birinin evində çay süzüb qonaq qarşılamaqdan zövq almışdılar. Bayramlarda, ad günlərində, ailəvi gəzintilərdə, pikniklərdə elə bir-birilərinə qaynayıb qarışmışdılar ki, onları ayırmaq mümkün deyildi. Elə Davudun da xətrini ən əziz qardaşı kimi çox istəyirdi.

Uşaqları da bir-biriləri ilə çox mehriban idilər - elə doğma bacı-qardaş kimi böyüyürdülər. Onların birgə oyunlarında, çığır-bağırtılı sevinclərində iki ailənin iç-içə yaşadığı görünürdü. Hər şey bu qədər səmimi və təmiz idi.

Gülbahar üçün ən ağır olanı da məhz bu idi: təhlükə yad birindən gəlməmişdi. O, evini yıxan qadına arxasını çevirməmiş, onu içəri özü dəvət etmişdi…

Davud isə xarici şirkətlərlə işlədiyindən tez-tez ezamiyyətlərə gedərdi. Belə zamanlarda ailəsinə lazım olan ehtiyacları almağı, uşaqlara göz-qulaq olmağı, hətta bir-iki gündəlik xırda işləri də çox zaman dostu Fəqana etibar edərdi.

Həmin o dəhşətli gecə... Fəqanın bacı dediyi Şəlalə ilə bir otaqda olduğu gecə, məhz Davudun ölkədən uzunmüddətli ezamiyyətdə olduğu vaxt idi...

Etibar dağılmışdı. Dostluq, ailə, qardaşlıq, bacılıq - hamısı çürüyüb tökülmüşdü.

Gülbahar artıq yalnız xəyanətin deyil, həm də rüsvayçılığın, alçaldılmanın, içindən məhv edilməyin nə olduğunu yaşayırdı.          

Şəhvət gizlicə gülümsədi. Gözləri parıldayırdı, sanki içindəki zəhərli sevinci gizlədə bilmirdi:

- Əgər ömür-gün yoldaşı, övladlarının anası Gülbahar da Fəqanı aldatsa… Ona Davudla xəyanət etsə… bu, mənim üçün ikiqat qələbə olacaq, - deyə düşündü.

Amma Gülbaharın namuslu və vicdanlı qəlbi, bu planı sanki bir daş kimi divara çırpdı. Bir anlıq içindən keçdi bu fikir. Hə, keçdi… Amma iz buraxmadı. Gələn kimi də donduruldu. Sanki qəlbi bir anda buz bağladı. Üsyan qığılcımı içində alışdı. Nəfəsi soyudu, canından üşütmə keçdi. Tükləri biz-biz oldu.

Qəzəblə öz-özünə pıçıldadı - yox, hayqırdı:

- Lənət şeytana! Mən belə olmayacağam! Mən namusumu, şəxsiyyətimi, qadınlığımı itirməyəcəyəm! Belə bir şey əsla ola bilməz!

Şəhvət anası Şeytanənin ona keçdiyi dərsləri yadına saldı: “Gördün ki, “A” planın pozuldu, dərhal “B” planını işə sal!”. Şəhvət qəzəbini içində boğub, yenidən astaca və daha sərt pıçıldadı:

- Elə isə Davuda zəng et. Ona hər şeyi anlat. Qoy Şəlalənin də yuvası səninki kimi dağılsın, məhv olsun…

Gülbahar sanki hipnoz altına düşmüş kimi əlini titrəyə-titrəyə telefonuna uzatdı. Davudun adını tapdı. Bir toxunuş bəs edərdi. Bir cümlə və bütün həqiqətlər paramparça olacaqdı. Amma... barmağı ekrana toxunmadan dayandı. Gözləri dumanlandı. Anidən keçmişdən bir səhnə gözlərinin önündə canlandı.

Davud xəstəxana çarpayısında uzanmışdı. Sol tərəfini hiss etmirdi. Həkimlərin səsi otaqda əks-səda verirdi:

- Təcili stent! Əgər bu dəfə də ürəyi tab gətirməsə…

O, bir dəfə infarkt keçirmişdi. Nəfəsi daralır, üzündə ölümə bənzər bir solğunluq dolaşırdı. Ailəsi başında göz yaşı tökürdü. Gülbahar da oradaydı… Onda Davudun gözlərində yalnız bir qorxu vardı - ailəsini itirmək qorxusu. Çünki özü yox, ailəsi üçün yaşayırdı.

Bir müddət sonra daha ağır bir əməliyyat - açıq ürək əməliyyatı keçirmişdi. Bıçaq altından sağ çıxmış, amma o gündən sonra sanki incə bir şüşə üzərində yeriyirmiş kimi olmuşdu. Onu incitmək üçün bir acı söz bəs edərdi. Bir xəyanət xəbəri isə... qətiyyən yox…

Gülbaharın barmaqları dondu. Telefon əlindən yerə düşdü. Otaqda dərin bir sükut yarandı. Daxilində bir tufan qopdu… və o tufanla birlikdə göz yaşları yanaqlarından süzüldü.

- Yox… yox… mən bunu Davud qardaşa deyə bilmərəm… - deyə hönkürdü. - O bu yükü çəkə bilməz… Ürəyi partlayar… Özümü ömür boyu bağışlamaram. Axı o ailəsini dəli kimi sevir… övladlarının nəfəsi ilə nəfəs alır…

İyrənc planlarının məhvi sanki Şəhvətin abırsız üzünə vurulmuş dəhşətli bir sillə oldu. O qədər bərk, o qədər qəti oldu ki, sanki qaranlığı parçaladı. Bu dəhşətliı sillənin səsi olmasa da, ağrısı vardı. Bu ağrını ilk hiss edən İblis və Şeytanə oldu…

Qaranlıqda bir alov yandı. Şəhvət süzgün addımlarla İblisin qarşısında dayandı. Qəhqəhə səsləri onu qarşılayırdı. Şeytanə məmnun idi.

- Necə keçdi?

Şəhvət gülümsədi. Baxışları oynaq, səsi zərif idi:

- Mən heç kimi öldürmədim. Heç kimi vurdurmadım. Heç bir səs salmadım. Amma bir qadını özünə inamsız, bir kişini xəyanətkar, iki uşağı isə yaralı etdim. Ailə artıq yoxdur - amma heç kim haradan dağıldığını bilmir.

İblis yerindən qalxdı. Gözləri alışıb yanırdı:              

- Ən gözəl işi sən gördün, qızım. Sakit dağıtmaq - qışqırmadan öldürmək - əsl iblislik, əsl şeytanlıq budur! O ki qaldı ikiqat qələbə çala bilməməyinə, bundan qətiyyən üzülmə. Qadınların hamısı heç də Gülbahar kimi deyildir. Bu hələ başlanğıcdır. Növbəti səfərlərində ikiqat qələbələrin də olacaq, həm də çox! - deyə İblis ucadan qəhqəhə çəkib güldü. 

Həmin gecə İblis və Şeytanə - dörd övladının gördüyü işlərə baxaraq bir daha qürurla pıçıldadılar: “Bəşəriyyət artıq bizim övladlarımızla tərbiyə olunur…”.

 

Sonluq

 

... O gecədən sonra Ayaz artıq əvvəlki adam deyildi.

O, yuxusunu unuda bilmədi. Əksinə, həmin gecədən sonra sanki o yuxu təkcə gecələr deyil, gündüzlər də onunla birgə gəzir, xəbər başlıqları arasında gizlənir, küçədə gənclərin davranışlarında, virtual aləmdəki aqressiyada, insan münasibətlərindəki soyuqluqda yenidən canlanırdı.

Bəzən özünə sual verirdi: “Görəsən, bu bir yuxu idimi? Yoxsa bir xəbərdarlıq? Ya da gələcəyin pıçıltısı?”.

Ayaz yazmağa başladı. Gördüyü və hiss etdiyi hər şeyi. Yalnız yazmaqla təsəlli tapırdı. Kağızda həqiqətlə yalan, yuxu ilə reallıq arasında sərhədlər yox olurdu.

“İblisin övladları” adlı hekayəsi hazır idi. Bəlkə də oxuyanlar sadəcə bir fantaziya kimi qəbul edəcəkdilər. Amma Ayaz bilirdi - bu yazdıqları bir xəyaldan daha artıq idi. Bu, bir cəmiyyətin içindən keçən qaranlığın səsi, gələcəyin xəbərçisi, vicdanın son çırpınışları idi.

O, hekayəsinin son sətirlərində bu sözləri yazdı:

“Əgər susmağa davam etsək, İblisin övladları artıq yuxularımıza deyil, evlərimizə, övladlarımıza, cəmiyyətin damarlarına kök salacaq. O zaman isə ayılmaq üçün sadəcə bir qışqırıq kifayət etməyəcək...”.

 

“Ədəbiyyat və incəsənət”

(05.09.2025)

 

 

 

“Fondazione Prada” Film Fondu ölkə, mövzu, janr və ya dil baxımından məhdudiyyət olmadan film layihələrinin seçimini açıq elan edib.

“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, layihələr həm inkişaf və istehsal, həm də postprodakşn mərhələsində təqdim oluna bilər.

Yekun seçim yalnız keyfiyyət, orijinallıq, baxış bucağı, eləcə də istehsalçı şirkət strukturunun gücü və etibarlılığı kimi meyarlara əsaslanacaq.

Qəbul üçün müraciət oktyabrın 17-dək davam edəcək.

“Fondazione Prada” Film Fondunun ilk buraxılışı üçün seçilən layihələrin adları 2026-cı il yanvar-fevral ayları arasında açıqlanacaq.

 

“Ədəbiyyat və incəsənət”

(05.09.2025)

Şərəf Cəlilli,

filolofiya üzrə fəlsəfə doktoru, “Ədəbiyyat və incəsənət” üçün

 

Milli-mənəvi dəyərlər və milli dövlətçilik tariximizdə Kəlbəcərin öz yeri, öz məqamı var. Sivilizasiyaların, dinlərin və mədəniyyətlərin dialoq məskəni olan Kəlbəcər sərt-sıldırım qayaların üstündə binə tutan, çay üstündə qala kimi tarixin yaddaşına yazılan diyarımız, yaddaş yerimizdir.

 

Qədim insan məskənlərindən, yaşayış yerlərindən sayılan Kəlbəcərdə 30 min ildən çox tarixi olan yaşayış məskənlərinin, 6 min il yaşı olan qayaüstü abidələrin, təsvirlərin, çöp şəkilli əski türk əlifbası nümunələrinin olması dediklərimizə əyani sübutdur. Qəbirüstü abidələri, sənduqələri, at və qoç heykəlləri, məbəd, məscid kimi Tanrı evlərini ziyarətdə bulunduqca tarixlər müasirlik arasında körpü olan bu diyarın müqəddəsliyini etirafda bulunursan.

Sərt, sıldırım qayalar üzərində, Tərtər çayın sahilində sıralanan mağaralar, kahalar, əski türklərdə “Kefliçər – Çay üstündə qala” kimi təqdim olunan Kəlbəcərin qədim yaşayış məskənləri, oronim, oykonim və toponimləri də, əski türk inanclarına, dünyagörüşünə bağlıdır. “Türk qəbiristanlığı” Heredoddan, Mixtar Qoşdan üzü bu yana dünya tarixçilərinin əsərlərinə daxil edilən Kəlbəcər abidələri heç bir yörədə analoqu olmayan Alıbəyli və Zar qəbiristanlıqları dediklərimizə əyani sübutdur. Burada mövcud olan daş kitabələr, əski mixi yazılarla zəngin olan sənduqələr, Tanrıçılığı, atəşpətəstliyi, xristianlığı və islam dəyərlərini özündə ehtiva edən abidələr, məbədlər, məscidlər onu yaradan, ona ruhundan qida verən insanların təkcə inancı deyil, qurub yaratmaq, inanıb etiqad etmək kimi müqəddəs hisslərinin, duyğularının, daşa, yaddaşa köçən dünyasının aynasıdır.

 

Dinlərin, mədəniyyətlərin, tolerantlığın ünvanı

 

Qobustanın qayaüstü abidələri, Gəlinqaya təsvirləri ilə yanaşı Kəlbəcərin “Sultan Heydər”, “Qurbanalı çay”, “Turşsu”, Ayçınqıllı”, “Gəlinqayası”, “Böyükdəvəgözü”, “Sərçəli” qayaüstü abidələri, təsvirləri də qədim yaşayış məskənləri əski çağ mədəniyyəti ilə dünyaya meydan oxuyan Odlar Yurdu Azərbaycanın milli kimliyinə, etnodil proseslərinə şahidlik edən daş salnamələrdir. Bazalt daşlara, sərt, sıldırım qayalara həkk edilmiş keçələrdən, ov səhnələrindən, yallıyabənzər oyunlardan ibarət daş kitabələr bu torpağın əski çağ mədəniyyəti, dəyərləri ilə bağlı ən ciddi informasiyaların daşıyıcılarıdır. Kəlbəcər insanının, daha doğrusu bu qədim yaşayış məskəninin tarixi sakinlərinin yaşantısını, həyat tərzini, məişətini, kosmoqonik görüşlərini, dini inanclarını özündə ehtiva edən təsvirlər göylə yerin arasından ilahi eşqinin, Tanrı sevgisinin ünvanıdır. Bu təsvirlər ruhunu daşa, yaddaşa köçürən insanların, yoxdan var edənə ülvi duyğularının ifadəsi olmaqla yanaşı, Kəlbəcərin sərt, sıldırım qayalarını ilk tədris mərkəzlərinə, sənət, mədəniyyət, incəsənət ocaqlarına çevirən insanların analitik təfəkkürünün, intellektual potensialının aynasıdır.

Vəngli kəndində mövcud olan Kəlbəcər və Xoxanberd monastrının, Xaçın knyaz sarayının, Havartuğ monastrının, Bazarkənd kəndində mövcud olan Vaçar yaşayış yeri, Mamakan xatun kilsəsi, Müqəddəs Stepanos kilsəsi, Kolatan kəndində olan Böyük Aran və Kolatan monastrları, Dovşanlı kəndindəki Harva kilsəsi, Bağlıpəyə kəndindəki Xudavəng monastrı, Zar kəndindəki Müqəddər Tanrı anası monastrları Qozlu kəndindəki Qırmızı, Vaqaus və Xatirəvəng monastrları, Çapar kəndindəki Qırımızı daş, Çərəkdar kəndindəki Çərəkdar monastrları, Yayçı kəndindəki Xilaskar kilsəsi Qafqaz Albaniyasının abidələr panteonu olan Kəlbəcərin sivilizasiyaların, dinlərin, mədəniyyətlərin dialoq ünvanı olduğunu sübut etməklə yanaşı, Odlar Yurdu Azərbaycanın mənəvi əzəmətini, qüdrətini, zənginliyini dünyaya nümayiş etdirir.

 

Qala kimi qala, məbəd kimi məbəd

 

Min illər boyu qılıncla qələmin vəhdətində dövlətlər quran, vardığı məmləkətlərdə altundan saraylar yapan türklər Şaman duaları ilə Tanrıya əl açdılar. Əslində əllərini deyil, könüllərini, qəlblərini açdılar. Uca dağlar başında tonqal çatdılar. Davuldan qavala yol gəldilər, baş köşələrində şamanlara – qamlara yer verdilər. Müqəddəs ruhları çağırdılar, ilahilər bəstələdilər. Ruhun nəğməsinə dönən saz havaları, muğamlar yaratdılar. Ruhların nəğməsini yer üzündə çağıranlar yerdən göyə körpü saldılar. Sonra müqəddəs ruhun – Uca Yaradanın eşqinə tonqalı məbədə gətirdilər. Oda, atəşə aşiq oldular. Odlar Yurdu Azərbaycan atəşpərəstlərin diyarı kimi tanındı. Bozqurdun nuruna, oda, atəşə sitayiş edənlər, tək Tanrıya inandıqlarından idi ki, İsa Məsihi, İncili haqqa yol hesab etdilər. Xristianlığı həyat tərzinə çevirdilər. Məbədlər, monastrlar, kilsələr yapdılar. Sonra islama, mələklərin qanadında yer üzünə endirilən, Məhəmməd Peyğəmbər əleyhissəlamın ruhundan cücərən Qurani-Kərimə, Adəmdən – Xatəmə yol gələn 124 min peyğəmbərin sonuncusuna, “Beşikdən qəbir evinəcən oxuyun” kəlamı ilə düşüncənin düzənini dəyişən Peyğəmbərə tapındılar. Adına türbələr, məscidlər, yapdılar. Sütunu ilahi eşqdən, tavanı Tanrı sevgisindən qurulan məscidlərdə hüzur buldular. İrfan bulağından içdilər. “Ey Ulu Tanrı əgər mən sənə cənnət eşqindən xidmət edirəmsə məni ondan məhrum eylə, cəhənnəm qorxusundan xidmət edirəməs məni onun girdabına at, yox əgər mən sənə təkcə sənə görə xidmət edirəmsə onda mənim taleyim sənə necə sərf edir, o cür də həll et!” – dedilər. Taşı, tuncu yondular, sərt qayaları çapdılar, Alpan-işıq, işraq, nur məbədlərini qurdular. Çərkədar kəndinin Həsən Camal kilsəsi, Qanlı kəndin Lök qalası, Qalaboyunlu qalası, Comərd qalası, Keşikçi qalası, Kəlbəcər məscidi, Başlıbel məscidi, Otaqlı məscidi, Tərtərçayın zümrüd qaşı – Tağlıdaş körpüsü, bu torpaqların tarixi sakinləri və sahibləri, alpanların – albanların, Ağvan, Ağuan müqəddəsliyinə bağlı Ağdaban yaşayış məskəni və məbədi, Laçında, Lev, Uluxan, Qalaboyun, Comərd məbədləri Haqdan qopub haqqa varan yolda dili dualı, Tanrı sevdalı Kəlbəcərin, daha doğrusu sazlı-sözlü, “Şüara” və “Qələm” müjdəli Kəlbəcərin tək Tanrıya, ulu yaradana, Qurani-Kərimə bağlı müqəddəsliyinə işarədir.

Qafqaz Albaniyasının möhürbəndinə, imzasına dönən Alpan-Alban məbədləri Kəlbəcərlə yanaşı, əski türklərin məskən saldığı əksər yörələrimizdə də mövcuddur. Borçalıda, Şəkidə, Qəbələdə, Laçında, Qərbi Azərbaycanda (indiki Ermənistan Respublikasının ərazisində erməni katolikoslarının əl qoyub, kilsə kimi təqdim etdikləri) mövcud olan məbədlər Ərəb istilasından sonra erməni katolikoslarına, ərəb xəlifələri tərəfindən əta edilsə də, əski oğuz-türk tayfalarının oda, atəşə, tək Tanrıya inamının ifadəsinə dönən abidələr barədə Vatikanda, İngiltərə, Fransa, Almaniya, Rusiya kafedral kilsələrində, Osmanlı tarixini mühafizə edən Nur Osmaniyə, Şərqin dəyərlər xəzinəsi sayılan Misir kitabxanalarında qorunan sənədlər də dediklərimizi təsdiq edir.

 

Xudanın bulunduğu yer – Xudavəng

 

30 illik işğal, erməni təcavüzü nəticəsində Qarabağda, Şərqi Zəngəzurda daş-daş üstündə qalmadı. Bu torpaqların tarixi sakinlərinin yaddaşı, dini etiqadı, inancı ilə bağlı bütün abidələr yerlə-yeksan edildi. XVIII yüz ildən sonra Qafqaza, Qarabağa köçürülən gəlmələrin – ermənilərin şərəfinə çar cəlladlarının təməlini qoyduğu kilsələr, Ağoğlan qəsri və Xudavəng məbədi məhv edilmədi. Üzərindəki albanlara məxsus tamğalar, mixi yazılar, təsvirlər pozuldu. İrəvandan gələn katolikosların iradəsi ilə tarixi həqiqətin üzərinə kölgə salınmağa cəhd edilsə də, 44 günlük Vətən müharibəsindən, haqq davasından sonra Xudavəng monastrının və Ağoğlan qəsrinin məbədə, alpanların ziyarətgahına çevrilməsinə nail olundu. Kəlbəcərin şərqində, işğaldan azad olunan qədim yaşayış məskənlərimizin mərkəzinin 29 kilometrliyində, Murovdan və Qarabağ silsilələrinin qovuşduğu dağlıq vadidə, yüksək təpəlik, daha doğrusu sərt, sıldırım qayalar üzərində mövcud olan Xudavəng məbəd kompleksi Qarabağın mədəniyyət mərkəzlərindən biri kimi onun orta əsrlərdə mənəvi tərəqqisinə töhfələr vermişdir. Dini-mədəni mərkəz rolunu oynayan, adı tarixi mənbələrdə Dadivəng kimi də qeyd olunan  Xudavəng Məbəd Kompleksinin Dadi sözünün mahiyyəti – etimologiyası Qafqaz Albaniyasının tarixi ilə bilavasitə bağlıdır. “Dadi və ya Dada Həvvari Faddey tərəfindən “xristianlığın təbliğ edilməsi üçün şimal və şərq ölkələrinə göndərilmiş 70 həvaridən biri olmuşdur”.

“Xudavəng monastrına dini və dünyəvi xarakter daşıyan ondan çox müxtəlif ölçü və dizayna malik tikililər daxildir. Həmin tikililər müxtəlif tarixi dövrlərdə, müxtəlif şəxslərin sifariş və himayəsi ilə inşa edilmişdir. Kompleksin təməli VI-VII əsrlərdə qoyulmuşdur. Həmin tikili müqəddəs Faddeyin göstərişi ilə xristianlığı təbliğ etmək üçün gəlmiş və yerli Abqar adlı hakim tərəfindən öldürülmüş Həvari Dadinin məzarı üzərində inşa edilmişdir. Kompleksə daxil olan kafedral statusu daşıyan Arzu xatun kilsəsi isə 1214-cü ildə Yuxarı Xaçın knyazı Vaxtanın həyat yoldaşı tərəfindən inşa olunmuşdur. VI-VII əsrlərdə Alban knyazı tərəfindən tikilən XV əsrdən isə knyazlığın dini məbədinə çevrilən Xudavəng monastrı Alban hökmdarı Həsən Cəlal tərəfindən yenidən inşa edilmişdir. Hökmdarın xatunu Arzu xatunun bu qalada dəfn olunması ilə Həsən Cəlal ona diqqətini bir qədər də artırmışdır. Həsən Cəlalın anası Arzu xatunun və görkəmli tarixçi Muxtar qoşun da divarına daş qoyub hördüyü məbədin tikintisində şərq memarlığını da nəzərə alınması abidənin tarixi sahiblərinin ünvanını göstərən amillərdəndir. “Üstü gümbəz kimi tikilən bu kompleksin tikilməsindən ağac materiallarından da istifadə olunmaqla yanaşı, Tərtər çayının sahilində - bir dərədə yığılaraq süxurlanmış və kristallaşmış gildən əmələ gələn daşlardan istifadə olunmuşdur. Vəng kəndində yerləşən bu məbəd kompleksin divarlarında boya ilə çəkilmiş çoxsaylı şəkillər və mixi yazılar mövcuddur”.

30 illik işğal dövründə erməni katalikoslarının ibadətgah yerinə çevrilən Xudavəng Məbəd Kompleksi 44 günlük Vətən müharibəsindən sonra azad edilmiş, məbədin tarixi sahibləri, Qəbələdə yerləşən Alban-Udi Ocağının nümayəndələri onu ziyarətə getmiş, ayinlər gerçəkləşdirmişdilər. 2020-ci il dekabrın 5-də isə Alban-Udi kilsəsinin  rəhbəri Rafik Dadakari məbədə vaiz təyin olunması ilə Xudavəngdə yeni mərhələnin əsası qoyulmuşdur. 2020-ci il noyabrın 28-dən sonra hüzura qovuşan Kəlbəcər bu gün tikilir, qurulur, sərt, sıldırım qayaların qoynuna yeni nəfəs gəlir. Qafqaz Albaniyasının abidələr panteonun gözünün nuru Xudavəng tarixi sakinlərinin, sahiblərin duaları moizələri ilə nura qərq olur.

 

İsa Məsihin əmanətləri satışa çıxarıldı

 

2020-ci il dekabrın 16-da baş verən bir hadisə ilə Tanrı evinə belə əl uzadanların haqqdan, ədalətdən uzaq simasını dünyaya nümayiş etdirdi. Həmin gün tarixi Azərbaycan şəhərində - Ermənistanın paytaxtı İrəvan şəhərindəki Xalq Sənətləri Muzeyində “Dadivəngdən İrəvana” adlı satış-sərgi keçirildi. Sərgidə Xudavəng Monastr Kompleksindən gətirilən Bibliya, xaçlar, ikonalar, suvenirlər, həmçinin kitablar, fotoalbomlar nümayiş olundu”.

Tanrının bir adı Allah, bir adı da Xudadı. Xudavəng sözü Xuda ilə başlayır. 1992-ci ildə Kəlbəcər didərgin düşəndə kəlbəcərli qız gəlinlər erməni daşnaklarının əlinə keçib rəzil olmamaq üçün özlərini Murovun zirvəsindən dərəyə atdılar. Kəlbəcrin iki qüdrətli şairi Bəhmən Vətənoğlu və Sücaət onun iyini, ətrini tutiya bilib, ruhunda yaşatmaq üçün Murovun ətəyində binə qurdular, ondan qopub ayrılmadılar.

“Ağlaya-ağlaya köçən Kəlbəcər, bir gün gülə-gülə qayıdacaqdır”, deyən Sücaət də, Bəhmən də Kəlbəcərsiz köçdü dünyadan. Aşıq Şəmşirin Ağdabandakı yurdunu oda qalayan, 12 ailə üzvünü soyqırımı qurbanına çevirən, Xudavəngdən apardığı Tanrı, din, iman nümunələrini, İsa Məsihin əmanətlərini bazara çıxaran erməni daşnakları “Qars Bəyannaməsi”ndən “Şuşa Bəyannaməsi”nə, Beynəlxalq əməkdaşlıq naminə “Tramp marşrutu”na qol qoyan, Zəngəzur dəhlizinin qapısını Turanın, türk dünyasının, Böyük İpək Yolunun üzünə açan Liderin – Prezident cənab İlham Əliyevin simasında tarixə həm də, Qafqaz Albaniyası kimi qüdrətli bir dövlət bəxş edən millətin, məmləkətin, Odlar yurdu Azərbaycanın əzəməti ilə üz-üzə gəldi. Bu, Xudanın bulunduğu yerdə – Xudavəngdə özünə yuva qurmaq istəyənlərə 44 günlük Vətən Müharibəsindən sonra verilən ən böyük dərslərdən biri idi.

 

“Ədəbiyyat və incəsənət”

(05.09.2025)

 

\

UNESCO Günləri çərçivəsində İsveçrənin Zürix şəhərində “İnteqrasiya və İsveçrə” adlı layihə həyata keçirilib. Azərbaycanlıların İsveçrədəki Mədəniyyət Mərkəzinin rəhbəri Qasım Nəsirovun müəllifi və layihə rəhbəri olduğu layihə Zürixdəki gimnaziyaların birində 160 isveçrəli şagirdin iştirakı ilə baş tutub.

 

“Ədəbiyyat və incəsənət” portalına Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, tədbirin əsas məqsədi Azərbaycan mədəniyyətini tanıtmaq, multikultural dəyərləri təbliğ etmək və gənclər arasında qarşılıqlı inteqrasiyanı təşviq etmək olub. Layihə çərçivəsində şagirdlər Azərbaycanın zəngin tarixi, mədəni irsi və milli dəyərləri ilə bağlı geniş məlumat əldə ediblər.

Tədbirin ən yadda qalan hissələrindən biri isə İsveçrənin Cenevrə şəhərində yaşayan həmyerlimiz, rəqs müəllimi Mariya Xan-Xoyskayanın rəhbərliyi ilə təqdim olunan Azərbaycan milli rəqsləri olub. Rəqslər böyük maraqla qarşılanıb və bir çox şagird qısa müddət ərzində milli rəqslərimizi öyrənərək səhnədə nümayiş etdirib.

Sonda iştirakçılar layihə ilə bağlı təəssüratlarını bölüşüb, Azərbaycan mədəniyyətinin rəngarəngliyindən və rəqslərin ruhlandırıcı təsirindən danışıblar.

 

“Ədəbiyyat və incəsənət”

(05.09.2025)

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Bir vaxtlar Şəmi, Şöşü, Fəlakət, yaxud Hozu, Mozu yox idi komediya və yumor dünyasında, əvəzində Nəsibə Zeynalova, Lütvəli Abdullayev, Bəşir Səfəroğlu, Hacıbaba Bağırov, Səyavuş Aslan var idi. Bir vaxtlar olanlardan birinin – Siyavuş Aslanın – korifey sənətçimizin bu gün yubileyidir, anadan olmasının 90-cı ildönümüdür. Sağ olsaydı, demək ki, 90 yaşını qeyd edəcəkdi. Deyirlər, satirik, komedik aktyorlar daim gülüş içində olurlar deyə ömürləri də uzun olur. Amma Səyavuş Aslan çox kədərli bir ömür yaşayaraq bu dünyadan köçüb.

 

Azərbaycan realist aktyor məktəbinin nümayəndələrindən biri Səyavuş Aslan 1935-ci il sentyabr ayının 5-də Bakının (indi bu kənd Abşerona aiddir) Saray kəndində doğulub.

1954-cü ildə az müddət musiqili komediya estrada truppasında, 1958-ci ildə Quba Dövlət Dram Teatrında işləyib. 1959-cu ildə Bakıya qayıdan Səyavuş Aslan Azərbaycan Dövlət Musiqili Komediya Teatrının yardımçı heyətinə işə qəbul olunur. Elə həmin il Ağası Məşədibəyovun "Toy kimindir?" tamaşasında Qoşun rolunu uğurla ifa etdiyinə görə aktyor heyətinə keçirilir.

Uzun illər Azərbaycan Dövlət Musiqili Komediya Teatrının aparıcı aktyorlarından idi. Bir müddət həmin teatrın bədii rəhbəri işləyib və bir çox obrazların mahir ifaçısı olub.

 

Filmoqrafiya

1. 100

2. Sabiqlərin yeni sərgüzəştləri

3. Sevdagül və Şarlotta

4. Sehrli çıraq

5. Ulduz

6. Ünvansız eşq

7. Üzr istəyirəm

8. Yaşıl eynəkli adam

9. Yaşıl eynəkli adam-2

10. Yaxşı qurtardıq

11. Yay gününün xəzan yarpaqları

12. Yeganə çıxış yolu

13. Yol əhvalatı

14. Yuxu

15. Həmyerlilər

16. Bizim qəribə taleyimiz

17. Metranpaj

18. Dəvətnamə

19. Evlənmək istəyirəm

20. Bəyin oğurlanması

21. Belə lazımdır

 

Mükafatları

- "Azərbaycan SSR əməkdar artisti" fəxri adı

- "Azərbaycan SSR xalq artisti" fəxri adı

- Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü

- Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu

- "Şərəf" ordeni

- "Şöhrət" ordeni

 

Səyavuş Aslan uzun sürən xəstəlikdən sonra 27 iyun 2013-cü ildə Bakıda vəfat edib. II Fəxri xiyabanda dəfn olunub.

 

2004-cü ildə Səyavuş Aslanın 70 illiyinə Əsgər Əsgərov tərəfindən 70-dən 1-ə… 1-dən 70-ə adlı qısametrajlı sənədli televiziya filmi həsr olunub.

Masazır kəndində Əliağa Vahidə abidə qoyulub. Bu əladır. Nə olardı, Saray kəndində də Səyavuş Aslanın doğulduğu evə barı bir xatirə lövhəsi və barelyefi vurulardı.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(05.09.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.