Aygün Bayramlı, “Ədəbiyyat və İncəsənət”
Hələ 1930-cu illərdə Şərq məkanında bir qızın baletlə məşğul olması imkansız görünsə də, bu dövrdə bütün sərhədləri aşaraq balet sənətinin izi ilə getməkdə iddialı olan bir qızcığaz var idi. Bu cəsarətli arzu ailəsinin və cəmiyyətin kəskin münasibətini bilsə də, getdikcə daha da böyüyürdü. Axı sənət sevgisi həyatda heç nə ilə müqayisə oluna bilmir. Balet geyimi, səhnə, sərbəstlik bu qədər rədd olunduğu, pisləndiyi bir zamanda bütün bunlara məhəl qoymadan yalnız sənətin izinə düşən və Azərbaycan mədəniyyət tarixində ilk qadın balerina kimi tanınan Qəmər Almaszadə yetişdi.
Məlumdur ki, o dövrdə hələ balet məktəbi yox idi, yalnız balet studiyası fəaliyyət göstərirdi. Balaca Qəmər evdən xərclik üçün aldığı pulları toplayaraq bu studiyada dərs almağa sərf edirdi. Burada olan müəllimlər bu istedadlı qızın yüksək qabiliyyətini görərək onun dərslərə davam etməsi üçün şərait yaradırlar. Beləcə, balet sənətinə gedən yol məhz buradan başlanır.
Əlbəttə ki, Qəmər xanım təhsilini davam etdirmək üçün sonralar ardıcıl şəkildə bu sənətin dərinliklərinə qədər öyrənir. Moskva məktəbi Qəmər xanım üçün klassik Avropa balet texnikasını Azərbaycana gətirmək baxımından əvəzsiz başlanğıc olur. Beləliklə, dünya məktəbinin istiqamətləri yerli ənənə ilə vəhdət təşkil edir.
Bununla da Qəmər xanım təkcə ifaçı kimi deyil, həm də Azərbaycanda Xoreoqrafiya məktəbinin qurucularından birinə çevrilir. Məhz bu günkü Xoreoqrafiya məktəbi Qəmər Almaszadənin mirasıdır. Bəlkə də o bilirdi ki, bir gün studiyada başlayan sənət yolu, özünün təməlini qoyduğu balet məktəbində davam edəcək.
Prima balerina dövrünün ən məşhur balet tamaşalarında əsas rolların ifaçısı olmuş və bu tamaşalarda öz peşəkar ifası, texnikası ilə bənzərsiz iz qoymuşdur. Lakin səhnə təkcə istedadla kifayətlənmir. O, eyni zamanda ciddi intizam, məsuliyyət, səbr və əzm tələb edir. Bu zərif sənətin sərt, ağrılı tərəfləri də var axı. Buna baxmayaraq, o, bütün çətinliklərin öhdəsindən məharətlə gəlir.
Qəmər xanım təkcə rəqs etmədi, həm də gələcək addımlara yol açdı. O, tarixdə mübariz Azərbaycan qadınının portretini yaratdı. Zərif görünüşü, lakin polad iradəsi ilə ilklərdən oldu. Qəmər xanım sənət fədaisi kimi bu sənətin təməl daşına çevrildi. Elə buna görə də tarix onu unutmadı.
Həqiqətən də həyat belədir – bəzən bilmədiyimiz bir yerdən işıq doğur. O işıq özü parlamaqla yanaşı, ətrafını da nura boyayır. Qəmər xanım həmin işıq idi. Bəzən bir insan yaranır və varlığı, əməyi, sevgisi, cəsarəti ilə olduğu məkanın istiqamətini dəyişir, taleyini yazır. Qəmər xanım da bütöv bir balet tarixinin istiqamətini dəyişdi, taleyini uğurla yazdı.
Bu gün yenə pərdələr açılır, pərdələr bağlanır, Qəmər Almaszadə adı heç zaman səhnədən enmir.
“Ədəbiyyat və incəsənət”
(05.03.2026)


