Super User

Super User

 

Kübra Quliyeva, “Ədəbiyyat və incəsənət”

 

İnsan ölmüş babası üçün darıxdığını başqalarının sağ babalarını görüb baba deməyə dili gəlməyəndə hiss edirmiş...

Keçən ildən bu ilə nə dəyişdiyini müşahidə edəndə gördüm ki, keçilər böyüyüb...

 

Yay tətili müddəti ənənəvi olaraq Novxanıdakı bağımıza köçürük. Lakin, artıq tətildə 3 ay dincələcək yaşı çoxdan ötdüyüm üçün məcbur oyanıb yarım stəkan çayımı içib özümü saat 07.34-də Novxanıdan keçən qatara çatdırırdım ki, işə gecikməyim.

 Novxanı mənim uşağlığımın ən gözəl çağlarının olduğu, yeniyetməliyimin keçdiyi, daim getməyə can atdığım doğma yurdumdur. Daş-kəsəkli küçələri, Rəsulzadə heykəli, heykəlin yanındakı uşaq baxçası, 1manat pul ilə hər şeyi ala bildiyimiz vaxtlardan qalma kənd marketi, səsi evimizə qədər gələn Azanın oxunduğu məscid minarələri, dağılmış köhnə hamam və sevdiyim insanı məndən alan qəbirstanlıq.

Özümü bildim biləli babagilə getməyə can atan, bütün gün babayla vaxt keçirməyə çalışan biri olaraq sözsüz ki, 75 yaşında belə olsa onun ölümü məni çox dərindən incitmişdi. Lakin, insan bəzən canının yandığını elə möhtəşəm gizlədər ki, heç kim bunun fərqinə varmazmış. Hərdən elə anda elə bir darıxarmış ki, o anda nəfəsinin kəsildiyini belə hiss edərmiş.

Və keçilər böyüdü, babam isə çoxdan ölmüşdü.

İndi başqalarının babaları keçiləri otlağa aparır.

Novxanıda qaldığım müddətdə hər gün evdən daha tez çıxıram ki, qatara gedib çata bilim. Və hər zaman 20 dəqiqəlik yolu 11 dəqiqəyə gedər, qatar gələnə qədər olan vaxtda da, keçilərini otlağa gətirən qoca baba ilə salamlaşaraq biraz söhbət edərdim.

-Necəsən nənə? (bu onun adət etdiyi xitab idi)

-Yaxşıyam, siz necəsiz?

- Sağol gözəl balam, bacın necədi?

- O da, yaxşıdır.

- Salam söyləyərsən.

- Təşəkkür edirəm.

- Allah işinizi avand eləsin, dualarımdasız.

- Allah sizə də ömür versin.

- Bax gör keçən yaydan bu yana nə dəyişib?

- Keçilər böyüyüb.

- Hə, sənin xoşuna gələni görəsən deyə nə satdım nə kəsdim. İstəyirsən şəkillərini çək.

- İcazəniz olarsa istəyirəm.

Şəkil çəkib, sağollaşaraq qatara doğru getdim.

Telefonumda çəkdiyim şəkil kənardan baxan bir cüt gözə boş, mənasız baxış kimi gəlsə belə o şəkildə danışan bir həsrət, 5 yaşlı nəvələr, böyüyən keçilər və qocalan babalar var.

 

“Ədəbiyyat və incəsənət”

(05.09.2025)

 

 

Cümə, 05 Sentyabr 2025 09:29

Skripkaçı və dirijor - ƏSL MAESTRO

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Yenə də gəlib ona çıxdıq ki, bu gün diringi musiqilərin meydan suladığı bir zamanda klassik, simfonik musiqi, balet kölgədə qalmaqda, bu sahələr üzrə mütəxəssis yetişdirilməsi isə axsamaqdadır. Hələ ki köhnə baqajdan istifadə edirik. Kim bilir, sabah necə olacaq.

 

Azərbaycan skripkaçısı və dirijoru Sərvər Qəniyevdən danışacağam. O, 1937-ci il avqustun 5-də Bakı şəhərində anadan olub. İlk musiqi təhsilini Azərbaycan Konservatoriyasının nəzdindəki musiqi məktəbində skripka aləti üzrə alıb. Hələ gənc ikən Sərvər Qəniyev Niyazinin rəhbərlik etdiyi Üzeyir Hacıbəyli adına Dövlət Simfonik Orkestri ilə birlikdə çıxış edərək, musiqi ictimaiyyətinin rəğbətini qazanıb. Azərbaycan Dövlət Konservatoriyasına daxil olan musiqiçi ikinci kursdan etibarən peşəkar musiqi təhsilini Pyotr Çaykovski adına Moskva Dövlət Konservatoriyasında davam etdirib. 1960-cı ildə konservatoriyanı bitirdikdən sonra o, həmin ali təhsil ocağının aspiranturasında öz peşə kamilliyini artırıb.

1963-cü ildə Bakıya qayıdan musiqiçi Azərbaycan Dövlət Konservatoriyasında müəllim və Azərbaycan Dövlət Filarmoniyasının solisti kimi çalışmağa başlayıb. 1965-ci ildə Sərvər Qəniyevin təşəbbüsü ilə konservatoriyanın nəzdində simli kvartet yaradılıb və 1979-cu ildən bu kvartet filarmoniyanın nəzdində uğurla fəaliyyət göstərib.

1971-1979- cu illərdə Qahirə konservatoriyasında simli alətlər kafedrasının müdiri vəzifəsində işləyib və eyni zamanda Qahirə simfonik orkestri ilə müxtəlif Avropa ölkələrində qastrol səfərlərində olub. Onun Misirdə yetişdirdiyi tələbələr bu ölkənin müxtəlif musiqi kollektivlərində müvəffəqiyyətlə çalışıblar.

Azərbaycana qayıdandan sonra musiqiçi zəngin konsert proqramları ilə çıxış etməklə yanaşı, Dövlət Konservatoriyasının professoru və kafedra müdiri vəzifəsini tutub. 1991-ci ildən ömrünün sonunadək o, Türkiyənin Bilkənd Universitetinin skripka kafedrasının professoru, kamera və simfonik orkestrinin bədii rəhbəri və dirijoru olub.

Milli mədəniyyətimizi müxtəlif ölkələrdə mahir ustalıqla təmsil etməklə Sərvər Qəniyev Azərbaycan musiqisinin və ifaçılıq sənətinin təbliğində böyük xidmətlər göstərib. O, ifaçılıq sənətini pedaqoji fəaliyyətlə uğurla tamamlayan sənətkar kimi musiqiçi kadrların yetişdirilməsində də nailiyyətlər əldə edib.

Musiqi sənəti sahəsindəki xidmətlərinə görə Sərvər Qəniyev 1967-ci ildə "Azərbaycan SSR əməkdar artisti", 1982-ci ildə "Azərbaycan SSR xalq artisti" fəxri adlarına layiq görülüb. Sərvər Qəniyevin yaradıcılığı Azərbaycan dövləti tərəfindən daim yüksək qiymətləndirilib. O, 2007-ci ildə "Şöhrət" ordeni ilə təltif olunub.

Prezident təqaüdçüsü Sərvər Qəniyev 2010-cu il sentyabr ayının 5-də ömrünün 74-cü ilində vəfat edib.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(05.09.2025)

Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”

 

 

MÜTALİƏ MƏDƏNİYYƏTİNİ NECƏ FORMALAŞDIRMALI?

“Ədəbiyyat və incəsənət” portalının təqdim etdiyi bu silsilə yazılar Azərbaycan Yazıçılar Birliyi Ədəbiyyat Fondunun Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərkib hissəsi olaraq nəşr edilir.

Azərbaycan Ədəbiyyat Fondu@

 

-Cəmi 6 dəqiqə kitab oxumaq stressin səviyyəsini 30 %-ə qədər azalda bilir ki, bu da musiqi terapiyasından və ya gəzintidən daha səmərəlidir. 

-Həkimlər sübut ediblər ki, mütaliə həm də güclü sağaldıcı prosedurdur. Bu gün inkişaf  etmiş ölkələrin bir çox aparıcı klinikalarında yeni müalicə metodu – biblioterapiya tətbiq edilir. 

-Tədqiqat zamanı zəngin süjet xəttinə malik romanların beş gün ərzində oxucunun beyin hüceyrələrini dəyişdiyi sübut edilib.

Sizləri cəlb edə bildik, elədirmi? Onda hər gün mütaliə mədəniyyəti barədə oxuyun və özünüzdə mütaliə vərdişləri aşılayın.

 

10.

MÜTALİƏ NÖVLƏRİ

 

Mütaliənin dörd əsas növü var.

-Axtarış

-Tanışlıq

-Öyrədici

-Nəzəryetirici

Bu növlərin hər biri barədə digər bölmələrdə sizlərə məlumat verəcəyik.

 

11.

MÜTALİƏ MƏDƏNİYYƏTİNƏ NƏ DAXİLDİR?

 

Təbii ki, qarşımızda dayanan ilk sual budur: Oxucunun mütaliə mədəniyyətinə nə daxildir? Ümumiləşdirilmiş bir cavab verməyə çalışsaq, onda cavabımız belə olacaq: Mütaliə mədəniyyəti anlayışı özlüyündə mütaliənin mövzu etibarı ilə hərtərəfl, geniş və məqsədəyönəldilmiş olmasını, kitaba həm ictimai-siyasi hadisələrlə, həm peşə seçmək, karyera qurmaq məsələləri ilə, həm də mənəvi təlabatı ödəmək məqsədiylə müraciət etməyi, əsərin ideya və məzmununu ayırd edə bilmək bacarığını, kitablardan səciyyəvi cəhətləri seçməyi, oxucunun mütaliədən aldığı biliyi sistemləşdirib təcrübi işdə tətbiq etməsini ehtiva edir.

Oxucuların mütaliə mədəniyyətinə yiyələnməsi üçün onlarla aparılan işin əsasını aşağıdakı məsələlər təşkil etməlidir:

1.Kitaba bir bilik mənbəyi kimi həmişə önəm vermək;

2.Mətbu əsərlə işləmək vərdişi, şüurlu və diqqətli mütaliə etmək hissi tərbiyə etmək;

3.Nitq mədəniyyətini tərbiyə etmək üçün bədii sözün həyat həqiqətlərini əks etdirən vasitə olduğunu dərk etmək.

Növbəti:12. Mütaliə mədəniyyətinin ünsürləri

 

“Ədəbiyyat və incəsənət”

(09.10.2025)

 

 

 

Azərbaycan Prezidenti İlham Əliyev Yusif Səmədoğlunun 90 illiyinin qeyd edilməsi haqqında Sərəncam imzalayıb.

“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, Sərəncama əsasən, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Azərbaycan Yazıçılar Birliyinin təkliflərini nəzərə almaqla, Xalq yazıçısı Yusif Səmədoğlunun 90 illik yubileyinə dair tədbirlər planı hazırlayıb həyata keçirməlidir.

Nazirlər Kabinetinə isə bu Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

XX əsr Azərbaycan nəsrinin yetirdiyi nadir istedada malik böyük simalardan olan Yusif Səmədoğlu məşhur “Qətl günü” romanı ilə Azərbaycanın hüdudlarından uzaqlarda da şöhrət qazanıb. O, rəhbəri olduğu mühüm ədəbi-bədii məcmuələrdən milli düşüncə və ideyanın daha geniş yayılması üçün tribuna kimi istifadə edib, ölkədə azadlıq hərəkatının və müstəqillik uğrunda mübarizənin ön sıralarında dayanıb, xalqın taleyüklü məsələlərinə münasibətdə həmişə vətəndaş-ziyalı mövqeyi ilə seçilib.

 

“Ədəbiyyat və incəsənət”

(05.09.2025)

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Filologiyamızın ən böyük alimlərindən biri olan Ağamusa Axundovun bu gün anım günüdür.

Təbii ki, onu şərəflə anır, ruhuna dualar oxuyuruq.

 

Ağamusa Axundov 1932-ci il fevralın 2-də Kürdəmir şəhərində anadan olub. Orta məktəbi medalla bitirdikdən sonra ADU-nun filologiya fakültəsində və Azərbaycan Pedaqoji Dillər İnstitutunun Qərbi Avropa dilləri fakültəsində təhsil alıb. Eyni zamanda ADU-nun aspirantı, müəllimi, baş müəllimi, dosenti, sonra universitetin ümumi dilçilik kafedrasının professoru, fılologiya fakültəsinin dekanı olub. Ümumi dilçilik kafedrasının müdiri vəzifəsində işləyib.

AMEA-nin Dilcilik institunun direkroru, AMEA-nın Rəyasət Heyətinin müşaviri vəzifəsində çalışıb.

Ədəbi fəaliyyətə "İnqilab və mədəniyyət" jurnalında (1951, N 12) çap olunan "İkinci görüş" adlı ilk hekayəsi ilə başlayıb. Bundan sonra bədii yaradıcılıqla, xüsusən poeziyanın sənətkarlıq problemlərinin tədqiqi ilə ciddi məşğul olub.

Sovet Türkoloqları Komitəsinin, Almaniya Demokratik Respublikasında nəşr edilən "Fonetika, dilçilik: Kommunikativ tədqiqatlar" adlı beynəlxalq nəzəri jurnalın redaksiya heyətinin, Azərbaycan EA Terminologiya Komissiyası sədrinin müavini, Azərbaycan Ali Soveti Rəyasət Heyətinin Toponimika Komissiyasının, AzərTAC-ın tərcümə şurasının, Azərbaycan və Ərəb ölkələri Dostluq Cəmiyyəti İdarə Heyətinin üzvü, Sovet-Amerika dostluq cəmiyyəti Bakı şöbəsinin sədri kimi geniş ictimai-elmi fəaliyyət göstərib.

Yaponiya Elmə Yardım Cəmiyyətinin dəvəti ilə bir ay Tokio Universitetində Azərbaycan dili dərsi deyib, Kobe Universitetində və Tokio Şərq Kitabxanasında "Azərbaycan dili inkişaf yollarında" mövzusunda 2 konfrans keçirib. Onun "Ümumi dilçilik", dilçiliyə dair şərikli yazdığı "Dilçiliyə giriş", "Azərbaycan dili"  kitabları döna-dönə nəşr olunub. "Azərbaycan dilinin tarixi-etimoloji lüğəti" əsəri üzərində işləyib.

Azərbaycan Respublikası Dillərin işlənməsı və inkişaf qanunauyğunluqları əlaqələndirmə Şurasının sədri, ASE-nin Məsləhətçilər Şurasının, Gürcüstan EA-nın Dilçilik İnstitutunun və BDU-nun doktorluq dərəcəsi verən ixtisaslaşmış müdafiə şuralarının, XMA-nın Azərbaycan bölməsi komitəsinin, "Sovetskaya tyürkologiya", "Ulduz" və "Azərbaycan" jurnallarının redaksiya heyətlərinin üzvü olub. "Sovetskaya tyürkologiya" jurnalının baş redaktoru, Dil və Ədəbiyyat üzrə ekspert şurasının sədri işləyib.

Xalqlar dostluğu sahəsində mühüm xidmətlərinə görə ABŞ-nin "Frendşip fors" ("Dostluq qüvvələri") ictimai təşkilatının fəxri fərmanına layiq görülüb. ABŞ-nin Nyu-Orlean şəhərinin fəxri xarici vətəndaşı, Luiziana ştatının paytaxtı Baton Rujun şəhər şurasının fəxri üzvüdür. Azərbaycan Ali Attestasiya Komissiyası Rəyasət Heyətinin üzvüdür. "Şöhrət" ordeni ilə təltif edilib.

5 sentyabr 2015-ci ildə vəfat edib, Bakıda, II Fəxri Xiyabanda dəfn edilib.

 

Kitabları

1. Felin zamanları

2. Müasir Azərbaycan ədəbi dilinin fonetikası

3. Müasir Azərbaycan dilinin fonetikasından mühazirələr

4. Dil və üslub məsələləri

5. Azərbaycan dilinin fonemlər sistemi

6. Azərbaycan dilinin tarixi fonetikası

7. Ümumi dilçilik (dilçiliyin tarixi, nəzəriyyəsi və metodları)

8. Riyazi dilçilik

9. Şeir sənəti və dil

10. Azərbaycan dilinin fonetikası

 

Filmoqrafiya

- Mənim universitetim

- Dünya şöhrətli məzun

- Liderlik missiyası. 1-ci hissə

- Üç zirvənin fatehi

 

Allah rəhmət eləsin!

Amin!

 

“Ədəbiyyat və incəsənət”

(05.09.2025)

“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Poeziyası Antologiyası layihəsində Təbriz təmsilçimiz Əli Çağlanın növbəti təqdim etdiyi şair Parsabadda yaşayan Tohid Namvərdir

 

 

Tohid Namvər

Parsabad

 

 

TANIYIRAM BU DƏRDİ

 

Demə hər şey dağılandı, itəndi,

Dərd var ötüşməyən, dərd var ötəndi,

Ömür sürüb öləcəyim vətəndi,

Torpağından tanıyıram bu dərdi.

 

"Sevincin azlığı bir növ əzabdı"

Bol sevinc axtardım, dərd məni tapdı,

Bu, içdiyim qırx beş illik şərabdı,

Bardağından tanıyıram bu dərdi.

 

O sürgündən, bu sürgünə dönmüşəm,

Hansı dindən, hansı dinə dönmüşəm!

Tüfəng olub hədəfinə dönmüşəm -

Qundağından tanıyıram bu dərdi.

 

Gündən-günə çiçəklənən, güllənən,

Hər puçuru budağımda minlənən,

Yeri tutan, göyü tutan, enlənən,

Yarpağından tanıyıram bu dərdi.

 

Sıxar məni otağımda dər-divar,

Dərdlərin də namərdi var, mərdi var,

Hər əzabın tətiyində rəddi var,

Barmağından tanıyıram bu dərdi.

 

Üst-başımı yalatmışam bu dərdə,

Öz əlimlə qol atmışam bu dərdə,

Ürəyimi yal atmışam bu dərdə,

İt çağından tanıyıram bu dərdi...

 

“Ədəbiyyat və incəsənət”

(04.09.2025)

 

 

                                                

“Ədəbiyyat və incəsənət” portalı NƏSR SAATI rubrikasında sizlərə AYB Lənkəran bölməsinə rəhbərlik edən Qafar Cəfərlinin “Gülgəzi” adlı hekayəsini təqdim edir.

 

 

Müğənninin səsi Məşəbilənin canına yağ kimi yayılırdı:

 

         Bağa girdim üzümə,

         tikan batdı dizimə.

         Əyildim çıxarmağa,

         yar sataşdı gözümə”.

 

         Musiqinin ahənginə uyğun olsa da, Məşəbilənin yaşına uyuşmayan əl-qol hərəkətləri, çiyin oynatması, arada ayaqlarını çarpazlayıb sürətli dönüşü həmişə olduğu kimi, yenə də məclis əhlinin gur alqışları ilə müşayiət olundu. Gülgəzin onun üzünə zillənib əynindəki uzunqol paltarın biləyinə kimi örtdüyü əllərini havada oynatması, gözlərini nazla süzüb, ilıq bir təbəssümlə gülməsi, arada başından açılıb boynuna tərəf sürüşən örpəyini ani bir hərəkətlə alnına kimi dartması və yenidən əda ilə rəqsinə davam etməsi də hamının ürəyinə yatırdı. Bu zaman alqışların Məşəbiləyə və ya Gülgəzə aid olmasını ayırd etmək çətin idi.

         Məşəbilənin centlmensayağı Gülgəzin əlindən tutub oturduğu stula kimi müşayiət etməsi də hər dəfə olduğu kimi, yenə məclisdəkilərin gülüşü və alqışına səbəb oldu.

         Gülgəz gözlərinin ədası ilə tərəfmüqabilinə minnətdarlıq edib yerində oturdu. Məşəbilə isə masa başına keçən kimi artıq stəkana süzülmüş növbəti yüz qram arağı başına çəkdi, özündən razı halda məclisdəkiləri seyr etməyə başladı...

         Məşəbilənin əsl adının Qüdrət olduğunu öz yaşıdlarından başqa kənddə çox az adam bilirdi. Hələ məktəb illərində dostlarının əzizləmə formasında “bilə” – deyə onu çağırmaları Qüdrətin də ürəyinə yatırdı. Toy mağarında böyük kişilərin olduğu həmin vaxtlarda Qüdrət kimi uşaqlar çadırın kənarında, qaranlıq bir yerdə sümüklərinə düşən havalara o ki var oynamağa adət etmişdilər. Çox sayda kənd uşaqları rəqs etməyi elə bu sayaq oynamaqla öyrənmişdilər. Onların arasında Qüdrət xüsusi olaraq seçilirdi. Qüdrəti başqalarından fərqləndirən bir qəribə cəhəti də elə uşaq yaşlarından “Gülgəzi” havasına daha şövqlə oynaması idi. Tay-tuşları bu rəqsin qocafəndi olduğunu ona dəfələrlə başa salmağa çalışmışdılar. Amma xeyri yox idi, Qüdrət deyilənləri qəbul etmir, üstəlik, bu havaya olan sevgidən hər dəfə öz rəqsinə yeni əlavələr edirdi.

         Qüdrət cavan yaşlarında, hətta qohumu Xədicə ilə evlənib ailə quranda da, tək övladı olan Sonanı gəlin köçürəndə də elə bu havaya oynamışdı. Qızının toyunda rəqs etməyinin digərlərindən fərqi həmin vaxtı qeyri-iradi kövrəlməsi, bir neçə damcı göz yaşının çənəsinə doğru üzüaşağı axması olmuşdu. Amma bunun sevinc göz yaşı olduğunu qızının qulağına pıçıldaması ilə həm özü, həm də qızı məmnun qalmışdı.

         Sövet hökumətinin dağılması hamı kimi Qüdrətin də həyatında izsiz keçmədi. Sovxoz torpaqları pay kimi kənd camaatına paylandıqdan sonra orta ixtisas təhsilli aqronom olan Qüdrət də işsiz qaldı. O vaxtlar yaşı qırx beşi haqlamışdı. Ən azından yaşamaq üçün Qüdrət bir yol axtarmağa məcbur idi. Çıxış yolunu bir neçə il əvvəl aldığı “07” markalı “Jiquli” avtomobili ilə adam daşımaqda ğördü. O zamanlar bu avtomobilə “Sovetin Mersedesi” deyilirdi. Qüdrətin gündəlik işi hər gün bir-iki reys edib kimlərisə kənddən şəhərə aparmaq oldu. Bu cür çətin həyata birtəhər öyrəşməyə çalışırdı. Və öyrəşdi də. Öyrəşdiyi həm də adı kimi çağrılan “Bilə”yə “Məşə” sözünün əlavə olması idi. Bu söz dostlarının təkidi ilə gəzməyə getdiyi İranın Məşhəd şəhərindən geri dönəndən sonra adının üstündə qaldı.

         Artıq toy məclislərində Məşəbilənin “Gülgəzi” havasına oynamasını bilməyən az musiqiçi tapılardı.

         Məşəbiləni kənddə hamı xoşrəftar, həm də tamahsız, gözü-könlü tox biri kimi tanıyırdı. Son günə kimi heç kimə zəhmət haqqı olaraq veriləcək pulun məbləğini dilinə gətirməmişdi. Kişilər qız-gəlini, arvad-uşağı ona etibar edirdilər. Hamı bilirdi ki, Məşəbilə maşını səliqə ilə sürüb adamı sağ-salamat mənzil başına çatdıracaq. Amma...

         Onun bir gün bu işdən birdəfəlik uzaqlaşması çox gözlənilməz oldu. Adamlar həm kədərləndilər, üzüldülər, həm də çox təəssüf etdilər. Kənd sakinləri onu və düşdüyü vəziyyəti uzun müddət kədərlə, yaxınları isə göz yaşı ilə xatırladılar. Həmin dəhşətli gündə Məşəbilə avtomobil qəzasına düşmüşdü. Qəzada öz Xədicəsi və qonşu arvad dünya ilə vidalaşdı. Faciə, dərd, kədər, itki, üstəlik də Məşəbilə buna görə  ömrünün beş ilini dörd divar arasında keçirməli oldu.

         Azadlığa qovuşanda Məşəbilənin yaşı keçmiş, təqaüdə bir neçə ili qalmışdı. Daha əvvəlki halı, əvvəlki şuxluğu yox idi. Amma oynamaq – rəqs etmək vərdişindən də əl çəkə bilmirdi. Heç getdiyi məclisdəkilər də onu rahat qoymurdular. Ondan xəbərsiz “Gülgəzi”ni çaldırır, durub gözləyirdilər. Məşəbilə qeyri-ixtiyarı yerindən dikəlirdi. Oynamağa başlayanda yüz, oturanda isə ikinci yüzü vurub rumkanı kənara itələyirdi. Və bunu da hər kəs yaxşı bilir, daha bir “yüz” vurmasını heç kəs təkid etmirdi.

         Türmə həyatından sonra Məşəbilənin əhvalından, əyin-başından, tör-töküntüsündən, səliqəsizliyindən, ən azı ütüsüz şalvar-köynəyindən, bulaşıq boyunluğundan onun çətinliklər içində yaşadığını görmək, bilmək, hiss etmək mümkün idi. Və artıq bunu kənddə onu tanıyan hər kəs bilir və danışırdı. Qızı və bir-iki yaxın dostu Məşəbilənin evlənməsinə təkid edib çətinliklə olsa da, onu razı sala bildilər. Amma eşidib sevinənlər “gəlin”in adını biləndən sonra bir o qədər təəccübləndilər. Məşəbilənin namizədi qonşu kənddə yaşayan Gülgəz adlı qarımış qız idi. Gülgəz onun sinif yoldaşı, həm də gənclik dostu Xəlilin bacısı idi. Xəlil Birinci Qarabağ müharibəsində şəhid olandan sonra Gülgəz uzun illər yorğan-döşəyə möhtac qalan anasının qulluğunu tutduğundan ərə getməmişdi. Yəqin ki, bu barədə heç düşünməyə vaxtı belə olmamışdı.

         Məşəbilə ildə bir neçə dəfə dostunun ailəsinə baş çəkər, hər gedişi və apardığı pay-puşla onları yad edərdi. Gülgəzin adını eşidənlər Məşəbilənin ömrü boyu bu adda rəqs havasına olan sonsuz sevgisinə başqa bir səbəb tapmağa belə cəhd etmədilər. Hamı Gülgəzin onun gənclik segisi olduğunu sübut etməyə çalışırdı. Məşəbilənin özü də arada bu deyilənlərə gülümsəyir, həqiqət kimi qəbul etmək istəyirdi. Amma Gülgəzə olan sevgisinin belə tez, özü də bu cür olacağına isə heç özü də inana bilmirdi. Sonralar aylar ötdü, il dolandı, Gülgəz ona nəinki yeni həyat yoldaşı, çox çətinliklə dünyaya gətirdiyi tək oğlunun da anası oldu. Üstəlik, o həm də “Gülgəzi” havasına da əsl sahib çıxdı. Məşəbilənin məclisdə qollarını açması ilə Gülgəzi öz qarşısında görməsi bir olardı və onların ətrafa sevgi saçan gözlərlə, bir-birinə məhrəm baxışlarla rəqs etmələri məclisin ən yaddaqalan və günlərlə bitib-tükənməyən sözü-söhbəti olardı.

         ...Hər şey hamı üçün gözlənilməz oldu.

         Məşəbilənin ilk həkim müayinəsinə getməsi, bir müddət xəstəxanada yatması, sonra öz xahişi ilə illərin xatirələrini özündə yaşadan doğma ocağına dönməsi və günlərin birində isə bir əli atasının adını yaşadan oğlu Məmmədin, o biri əli onu bütün varlığı ilə sevən, on dörd il onu öz “uşağı” kimi əzizləyən Gülgəzin əlində bu dünyaya əlvida deməsi heç bir ay çəkmədi.

         ...Bütün məclis həyəcan içində idi. Uşaqlı-böyüklü hər kəs yerindən dikəlib müsiqiçilərin oturduğu yuxarı başa boylanırdılar. “Gülgəzi” havası çalınırdı. Son il yarım ərzində kənd əhlinin eşitmədiyi bu hava hamını təsirləndirmişdi. Tədricən hamı ayağa qalxmağa başladı. Amma kimsə rəqs etməyə cürət etmirdi. Məşəbilənin yoxluğunu bilsələr də, sanki hər kəs möcüzə gözləyirdi.

         Gənc müğənninin səsi isə şadlıq sarayını başına götürmüşdü:

 

         “Bağa girdim üzümə,

         tikan batdı dizimə.

         Əyildim çıxarmağa,

         yar sataşdı gözümə”.

 

         Sonra baş verənləri məclis əhli heyrət içində izlədi.

         Əri Məşəbilənin ölümündən keçən il yarım ərzində ilk dəfə baldızı nəvəsinin toyuna gələn Gülgəz arvad birdən irəli çıxdı, qol götürüb rəqs etməyə başladı. Elə gözəl rəqs etdi ki, hamı biixtiyar əl çalmağa, onu alqışlamağa məcbur oldu. Bir azdan məclis büsbütün alqışlara qərq oldu. Gülgəz əvvəlkitək ədalı baxışlarla biləyinə kimi örtülü əllərini xüsusi bir zərifliklə çiyinləri bərabərində oynadır, gözlərini qırpmadan qarşısındakı məchul nöqtəyə baxır, sanki qarşısındakı “Məşəbiləni” süzür, arada isə boynuna düşən örpəyi cəld hərəkətlə alnına kimi dartıb nazlana-nazlana dövrə vururdu. Əvvəlki vaxtlarda heç olmayan isə örpəyin tam örtə bilmədiyi ağ saçları və yanaqlarında şırım açan göz yaşları idi.

         Məclis əhlinin yenidən və daha gur alqışları isə doqquz yaşlı Məmmədin eynən atası kimi oynamağına ünvanlanmışdı.

 

“Ədəbiyyat və incəsənət”

(29.08.2024)

 

                                                                                                

 

 

 

 

 

 

 

 

Cümə axşamı, 04 Sentyabr 2025 15:41

LİRİKA DƏFTƏRİ - Zaur Ərmuğanın şeirləri

“Ədəbiyyat və incəsənət” portalı sizlərə LİRİKA DƏFTƏİ rubrikasında Zaur Ərmuğanın şeirlərini təqdim edir.

 

 

Bir həsrət simi

 

Baxıram günümün dan aynasından,

Üzümə, gözümə işığı düşür.

Çıxıb fikirlərin ağır yasından,

Yadıma bir də kənd uşağı düşür.

 

Mənim sısqa canım, balaca boyum,

Ruhumda bir çağın itən qoxusu.

Könlümü çağıran səsdənmi doyum?!

Oyanır içimdə yaddaş yuxusu...

 

Əlində çomağı sürü dalınca

Yamacdan yamaca dolanır düzü.

Başını atanda bir daş balınca

Söykənir qaraca torpağa üzü.

 

Burnumu göynədir tozu yolların,

Bir də sığal çəkir ayrılıqlara.

Açılır sinəmin geniş qolları,

O uşaq haraya qaçdı, bəs hara?!

 

-- Sıyrılıb dirsəyi, qanayıb dizi,

Onu görmədiniz? -- Daşdan soruşdum.

-- Yolların köksünə düşmüşdü izi! --

Getdim Kür boyuna, bəndi sovuşdum.

 

Söyüdlü arxlardan sərin su içib,

Alnında naxışı çəmənin rəngi.

Bir göz qırpımında dünəni keçib,

O uşaq indi bir xəyal çələngi...

 

-- Ay mənim beşiyim, a yaşıl dərə!

Küləkmi qoparmış kövrək budağı?..

Üz tutdum gümanım gələn hər yerə, --

Axı neyləmisiz dilsiz uşağı?

 

... Deyirəm, necə də quş qanadında

Uçub, uçub çıxıb ovcumdan mənim.

Geriyə baxsam da, bir yel atında

Qayıtmaz bu günə o ötənlərim...

 

Qayıtmaz, bilirəm, bir də qayıtmaz!

Əlimi uzatsam, uzalı qalar.

Daha nağıllar da könül ovutmaz,

Ömrə payız düşər, sozalıb qalar.

 

Boylanar gözümdən yolumun üstə,

Baxar baxışımdan bir şəkil kimi.

Ha çağır, yenidən o çağı istə,

Dinən xatirədir, bir həsrət simi.

 

                                             5 avqust 2024

 

Vaxtım

 

Coşub çağladı çeşmətək

Zamanın bulağı vaxtım.

Bu dünyayla hey təkbətək

Bir ömrün sınağı vaxtım.

 

Qəlbin qəmi, sevinciyəm,

Bir taleyin girinciyəm.

Nə fərq, barışam, inciyəm?!

Olub gün qınağı vaxtım.

 

Ömür dolaşıq yuxudur,

Bircə kitablıq oxudur.

Nə həvəsdir, nə qorxudur

Bir ünvan sorağı vaxtım?!

 

İnancım qəlbin bütüdür,

Hökmün yazısı qətidir.

Bu yerdən göyə ötürür

Məni, yol çarığı vaxtım.

 

Aldanış məni uyuda,

Dərdi azacıq soyuda.

Cavablar dərin quyuda,

Sual yük qalağı, vaxtım.

 

Ulduzlu yolları keçib,

Könlünə dan yeri seçib,

Ümiddən bir ovuc içib

Dünyanın qonağı vaxtım.

 

                                       2024

 

Günü ağlı-qaralı dünya

 

Dəyişib dadın, tamın çox,

Yeri, göyü buralı dünya.

Biz qəribik, ya sənsənmi yad?

Bizdən düşdün aralı, dünya.

 

Qocalıb yorulan dünyasan,

Dolub da boşalan dünyasan,

Gen ikən dar olan dünyasan,

Ey ürəyi yaralı dünya.

 

Günah bizdə, bəlkə də, səndədir,

Taleyimiz gör nə gündədir!

Azdın, yolun ayrı yöndədir,

Haralısan, haralı, dünya?

 

De, suala dilin dinə nə?

Yalanınla baş qatma yenə!

Gözümüz çox öyrəşib sənə,

Günü ağlı-qaralı dünya...

 

                                           2024

 

“Ədəbiyyat və incəsənət”

(04.09.2025)

 

Misir Prezidenti Əbdül Fəttah əl-Sisi azərbaycanlı tədqiqatçı-alim Seymur Nəsirovu birinci dərəcəli “Elm və Fənlər” ordeni ilə təltif edib. 

 

“Ədəbiyyat və incəsənət” portalına Seymur Nəsirovun verdiyi məlumata görə, Misir Prezidentinin şəxsən özü tərəfindən təqdim olunan bu orden elmin inkişafı və yayılması sahəsində müstəsna xidmətləri olmuş görkəmli alim və maarifpərvər şəxslərə verilir. 

Həmyerlimiz Misirdə Azərbaycan diasporunun sədri, Misir-Azərbaycan Dostluq Cəmiyyətinin İdarə Heyətinin sədri, Qahirə Universitetində Azərbaycan dili müəllimi, Dünya Azərbaycanlı Alimlər Birliyinin həmtəsisçisi və həmsədridir. Misirdə 23 il ərzində onun rəhbərlik etdiyi müəssisələrdə dünyanın əksər ölkələrindən olan minlərlə tələbə təhsil alaraq ölkələrinə qayıdıb. Hazırda dünyanın 65 ölkəsindən Misirdə təhsil alan 1700-dən çox tələbə bu müəssisələrdə təhsillərini davam etdirirlər.

O, 25 ildən çoxdur ki, ərəb mənbələrində Azərbaycanla bağlı tədqiqatlar aparır. Bu tədqiqatlardan ərsəyə gələn, 250-dən çox əslən azərbaycanlı alim haqqında iki kitabın müəllifidir. 

S.Nəsirov 1600-dən çox misirliyə Azərbaycan dilini tədris edib. Onun yazdığı məqalələr və elmi-ictimai fəaliyyətlər ərəb mediasında geniş şəkildə dərc olunur. 

Onu da qeyd edək ki, Seymur Nəsirov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 2017-ci il 28 dekabr tarixli Sərəncamı ilə xalqlar arasında dostluğun möhkəmləndirilməsi və Azərbaycan diasporunun inkişafı sahəsindəki xidmətlərinə görə “Tərəqqi” medalı və 2024-cü ildə azərbaycançılıq ideyasının həyata keçirilməsində, dünya azərbaycanlılarının həmrəyliyinin möhkəmləndirilməsində xidmətlərinə görə “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı ilə təltif olunub. 

Biz də görkəmli alimimizi səmimi qəlbdən təbrik edirik!

 

“Ədəbiyyat və incəsənət”

(04.09.2025)

Cümə axşamı, 04 Sentyabr 2025 15:09

O, musiqimizin pop janrına yeni nəfəs gətirib

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Təbii ki, hər ifaçı musiqiyə yeni nəfəs gətirəmməz. Bunun üçün bəstəçilik və ifaçılığın, ya da ın azı oranjimançılıq ilə ifaçılığın vəhdəti olmalıdır. Azərbaycan televiziyasının və radiosunun solisti Fuad Musayevdə məhz bu keyfiyyətlər birləşibdir. O musiqimizin pop janrına həqiqətən də yeni nəfəs gətirib.

 

Fuad Musayev 4 sentyabr 1975-ci ildə Gəncə şəhərində musiqiçi Elmidar Musayev və Ofeliya Musayevanın ailəsində dünyaya göz açıb. 1982–1992-ci illərdə orta məktəbi bitirib. Orta ixtisas musiqi məktəbində və texnikumunda fortepiano üzrə təhsil allb. 21 yaşında olarkən Rusiyanın Moskva şəhərinə köçüb və orada musiqi fəaliyyətini davam etdirib. 8 il Moskvada çalışıb.

2006-cı ildə Bakıya qayıdan müğənni, elə həmin il " FM Express" adlı qrup yaradıb, xalq artisti Nazpəri Dostəliyeva ilə " Ayrılıb gedirəm bu şəhərdən " adlı ilk duetini və ona çəkilən klipini Azərbaycan auditoriyasına təqdim edib. Müğənniyə populyarlıq qazandıran digər dueti isə Xalq artisti Alim Qasımovla birlikdə ifa etdiyi "Ürək" adlı kompozisiya olub. Mahnı tamaşaçılar tərəfindən sevilərək qarşılanıb.

Müğənni müxtəlif illərdə əsgərlər üçün təşkil olunan konsertlərdə də çıxış edib.

2016-cı ildə DTX-nın peşə bayramına həsr olunan təntənəli mərasimin bədii hissəsində təqdirəlayiq iştirakına görə, 2016-cı ildə hərbi qulluqçuların ictimai siyasi həyatında fəal iştirakına görə, 2018-ci ildə milli qəhrəman Albert Aqarunovun xatirəsinə həsr olunan "Qaradəniz və Xəzəryanı ölkələrarası karate üzrə beynəlxalq turnirin" keçirilməsində göstərdiyi dəstəyə görə, 2018-ci ildə "Gənc nəslin hərbi vətənpərvərlik təbliğatında" fəal iştirakına görə, Azərbaycan silahlı qüvvələrinin yaradılmasının 98 illiyinə həsr olunan "Ordumuz qürurumuz" adlı tədbirdə fəal iştirakına görə, mədəniyyət və incəsənət sahəsində əvəzolunmaz xidmətlərinə görə, "Silahlı Qüvvələrin yaradılmasının 100 illik yubileyi" münasibətilə keçirilən tədbirdə iştirakına görə, 2017-ci ildə "Zirvə ziyalılar təşkilatı" nın 25 illik ildönümü münasibətilə "Ilin ən yaxşı müğənnisi", 2019-cu ildə " Multikultural dəyərlərin təbliğatı" nda fəal iştirakına görə diplom və mükafatlara layiq görülüb.

2021-ci ildə Xalq artisti Eyyub Yaqubovun təşəbbüsü ilə "Big Band Sound Pro" (orkestr) yaradılıb. Həmin ilin noyabrında ifaçı "Big Band Sound Pro" ilə DTX mədəniyyət mərkəzində iki gün, 2022-ci ilin yanvar ayında Heydər Əliyev sarayında dörd gün, fevral ayında Gəncə şəhərində bir günlük böyük konsert proqramı ilə çıxış edib.

2023-cü ilin fevral ayında Laçında N saylı hərbi hissədə, mart ayında isə Zəngilanda çıxışları olub. 2023-cü ilin mart ayının 25-i və 26-sı "Big Band Sound Pro"nun müşayiəti ilə Xalq artistləri Eyyub Yaqubov və Cavan Zeynallı ilə birlikdə Heydər Əliyev sarayında 2 günlük anşlaqla keçən konsert proqramının təşkilatçısı olub, eyni zamanda konsert proqramı ilə çıxış edib.

2024 ilin avqust ayında işğaldan azad olunan Laçın şəhərində şəhər gününə həsr olunan konsertdə çıxış edib. 2024 ilin 31 dekabrda Almaniyada Dünya azərbaycanlıların həmrəylik gününə həsr olunan konsert proqramı ilə çıxış edib.

 

“Ədəbiyyat və incəsənət”

(04.09.2025)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.