Super User

Super User

Şərəf Cəlilli,

Filologiya üzrə fəlsəfə doktoru, “Ədəbiyyat və incəsənət” üçün

 

 

“Mənə türklərdən ibarət bir ordu verin, dünyanı fəth edim”. “Türk əsgəri cəsurdur. Ana Vətənini sevər və onun üçün lazım gəlsə canını fəda edər”. “Türk əsillərin əsilidir. Yapma olmayan, göstəriş bulunmayan bu uca əlamət ona təbiətin hədiyyəsidir”. “Türklər irq və bir millət olaraq, yer üzünün ən şərəfli insanlarıdır”. “Dünyada iki kəşf edilməyən vardır: Biri qütblər, digəri türklər”.

 

Qüdrəti, əzəməti, mənəvi zənginliyi, ixtira və kəşfləri ilə dünyanın siyasi və mənəvi mənzərəsini dəyişən Bonapart Napoleona, Albert Eynşteynə, Pierro Lonidə, Limartinə, Albert Şorelə məxsus olan, artıq aforizmə çevrilən bu kəlamları oxuduqca gözlərinin önünə “Mancanaqlı araba”nı icad edən Meteni, dünyanın dörd bir yanını qılıncına müntəzir edən, imperiyalar quran Atillanı, Alparslanı, Məlik şahı, Osman Qazini, Fateh Mehmeti, Sultan Bəyaziti, Əmir Teymuru, Yavuz Sultan Səlimi, Şah İsmayıl Səfəvini, Şirvanşah İbrahimi, Nadir şah Əfşarı gətirir, taleyinin Ağa Məhəmməd şah Qacar, Cavad xan, Qubalı Fətəli xan, Məhəmməd Əmin Rəsulzadə, Qazi Mustafa Kamal Paşa Atatürk, Ulu Öndər Heydər Əliyev zirvələri ilə bir türk olaraq qürur duyur, iftixar hissi keçirirsən. Dünyanın məşhur araşdırma mərkəzlərinin keçirdiyi sorğuların sırasında ümumtürk kontekstində marağa səbəb olacaq cavablar var. Sorğuya əsasən ümumbəşəri dəyərlər və hərb tarixinə töhfələrinə görə beş Osmanlı padşahı zirvəni fəth edib.

Onun biri, daha doğrusu birincisi 9 yaşında “Qurani-Kərim”i oxuyub başa çatdıran Hafiz, 12 yaşında padşah, 21 yaşında İstanbulun fatehi kimi tarix yaradan, dövrünün mütəfəkkir alimlərindən sayılan, üləma titulu ilə şərəflənən, yeddi şərq və qərb dilini bilən, sadəcə qılıncı ilə deyil, zəkası, düşüncəsi ilə belə zamanına meydan oxuyan, hərbi nəzəriyyələri, döyüş texnikası, fəlsəfi traktatları, hüquq və siyasətə dair əsərləri ilə məşhur olan, Osmanlı imperiyasını dövrün tələblərinə uyğun şəkildə yenidən quran, ənənə ilə novatorluğun vəhdətində Osman Qazinin əzəmətindən Fateh Mehmet ucalığına körpü salan padşahımızdan, Fateh Sultan Mehmetdən sonra sıralamada ikinci yeri Yavuz Sultan Səlim tutur.

 

Zamanının Napoleonu – Yavuz Sultan Səlim

Səkkiz illik siyasi hakimiyyəti dönəmində üç qitəyə hökm edən, Şərqi bütünlüklə Osmanlının iradəsinə tabe edən, Məhəmməd peyğəmbər əleyhissəlamın müqəddəs əmanətlərini İstanbula gətirən, Osmanlı imperiyasının IX padşahı kimi Şərqi Anadolunu, Qüdsü, Mədinə və Məkkəni fəth edən, Abbasilərdən sonra xəlifəliyi Osmanlıya keçirən, 88-ci xəlifə kimi İslamın xilaskarına, həm də himayədarına çevrilən, İslamın mərkəzlərini Osmanlı imperiyasına birləşdirən, Bonapart Napaleonun 15 min əsgərlə 20 günə keçdiyi Sena səhrasını Misirin fəthinə gedərkən 6 min əsgərlə 10 günə keçən, Şah İsmayıl Səfəvinin “Zamanın İsgəndəri” deyib öydüyü, tərif etdiyi Yavuz Sultan Səlimin “Yavuz” ləqəbi də döyüş meydanında düşmən üstünə qan içməyə yerimək hissi, fateh duyğusu ilə bağlı idi.

Özünü “Anadolunun, Rumun, Əcəmin, türkmənin, kürdün, erməninin, ərəbin, gürcünün, tatarın, çərkəzin və adlarını sadalamadığımız millətlərin sultanı, Məhəmməd Peyğəmbər əleyhissəlamın ümməti, İslamın xəlifəsi, Məkkə və Mədinənin hizmətkarı adlandıran Yavuz Sultan Səlimin möhürbəndi olan üzüyünün üzərinə “Sultan Səlim şah” ətrafına isə “Təvəkkülete ala Hakkın” (“Yalnız Allaha güvənirəm”) kəlamını həkk etdirmişdi. “Kutsal Əmanətləri” İstanbula gətirtdikdən sonra, əmanətlərin başında gecə-gündüz “Qurani-Kərim” oxutdurmağı əmr edən padşahın hökmü nə az, nə çox 401 il hökmünü saxlamışdır. 1924-cü ildə Türkiyə Cümhuriyyəti qurularkən qüvvəsini itirən şah fərmanı 1991-ci ildə Türkiyə Cümhuriyyətinin 8-ci prezidenti Turqut Ozal tərəfindən bərpa olunmuşdur.

 

Unutma, ey Süleyman sən də hesab verəcəksən

Sorğu mərkəzlərinə, tarixi mənbələrə istinad edən alimlərin qənaəti ilə liderlik sırasında Osmanlı imperiyasında 46 il hökm edən Sultan Süleyman – Qanuni Süleyman üçüncü sırada dayanır. Osmanlının əzəmətini Avropaya yenidən sübut edən, onların qorxulu röyasına çevrilən, 46 illik hökmdarlığının 32 ilini səfərlərdə, at üstündə keçirən, dünyaya vida nəğməsini də at üstündə oxuyan “Mahaç” səfərindən sonra həmin gecəni “Unutma ey Süleyman, bu gün böyük zəfər qazandın ancaq sabah sən də belə bir çuxura girib hesab verəcəksən!” nidası ilə Osmanlının tərəqqisi naminə ilk Anayasanı – “Qanunnamə”ni hazırlayan, onu fərmanı ilə təsdiqləyən Sultan Süleyman bu səbəbdən də adını tarixə həm də, Qanuni Süleyman kimi yazdı. Fətih dastanını, sərkərdə əzəmətini tarixi yürüşlərində, səfərlərində sübuta yetirən Qanuni Süleyman, hökmdar qüdrətini fərman və sərəncamları ilə gerçəyə çevirdi.

 

Osmanlını bəylikdən dövlətə çevirən Sultan

Osmanlının qüdrəti, əzəməti naminə yoxdan var edən qanunlara qol qoyan, fərman və sərəncamlara imza atan, tarixçi alimlərin, səlnaməçilərin, təzkirə tutub cüng bağlayanların “qüdrətli hökmdar”, “Osmanlını bəylikdən dövlətə çevirən hökmdar”, “Yeniçəri ocağını”, “Timar sistemi”ni (vergi sistemi) quran, vəqf mədəniyyətini formalaşdıran Sultan kimi təsvir etdikləri I Sultan Murad təməlini qoyduğu vəqflər, mədrəsələrlə elmi-irfan bulağını qaynatdı. Osmanlının qüdrətli padşahları sırasında dördüncü yerdə bərqərar olan bu qüdrətli hökmdar – sərkərdə, həm də kitabxana, irfan evləri ilə məşhurlaşdı.

 

İldırım kimi çıxan, günəş kimi parlayan Padşah

Osman Qazinin təməlini qoyduğu, Fateh Mehmetin fəth etdiyi, Yavuz Sultan Səlimin sınırlarını genişləndirdiyi, Qanuni Süleymanın Anayasasını tərtib etdiyi, Osmanlı imperiyasının tarixdə İstanbulun ayrıca yeri, məqamı var. Onun qala halına gətirilməsi Yıldırım Bəyazitin əzəməti, qüdrəti ilə bağlıdır. Əksər tarixçilər, araşdırma mərkəzərinin mütəxəssisləri tərəfindən Osmanlını imperiyaya çevirən padşahların sırasında beşinci pilləyə ucaltdıqları padşah Yıldırım Bəyazitdir. Döyüş meydanlarında ildırım kimi çaxan, günəş kimi parlayıb, ay kimi doğan Yıldırım Bəyazitin Ankara yaylasında Əmir Teymurla üz-üzə gəlməsi, qardaşın qardaşa qılınc sıyırması milli dövlətçilik tariximizin kədərli səhifəsi olsa da, bu gün də adı çəkiləndə Avropanın dizi titrəyən sərkərdə-xaqanımızla - Yıldırım Bəyazitlə ruhunda TURAN, əlində “Quran” olan hər bir türk, müsəlman qürur duyur.

 

“Ədəbiyyat və incəsənət”

(03.09.2025)

 

 

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Aktrisa Məleykə Ağazadənin ən məşhur rolu "Ulduz" filmində yaratdığı Nazik obrazıdır. Onun bu filmdə oynadığı fraqmentlər və söylədiyi ifadələr indiyə qədər sevilir. Bəli, bəzən bircə obraz yaratmaq kifayət edir ki, adın tarixdə qalsın.

 

Aktrisa Məleykə Ağazadə 3 sentyabr 1929-cu ildə Bakıda anadan olub. Kiçik yaşlarından pionerlər evinə və xoreoqrafiya məktəbinə gedib. Kiçik yaşlarından ayrı-ayrı şəhərlərdə solist kimi çıxışlar etməyə başlayıb. Müharibə dövründə əsgərlərə bu cür ruh vermək əlbəttə ki, təqdirəlayiq idi. 13 yaşında istedadı və bu sayaq çıxışlarına görə "Qafqazın müdafiəsinə görə" medalı ilə təltif olunub.

 Məktəbi bitirdikdən sonra Asəf Zeynallı adına musiqi məktəbinin opera sinfində oxuyub. Bundan sonra Rauf Hacıyevin Dövlət Orkestrində solist kimi fəaliyyət göstərib. 1956-cı ildən 1963-cü ilə qədər Musiqili Komediya Teatrında 40-a yaxın tamaşada oynayıb.

1972-ci ilə qədər filmlərə çəkilib.

O, "Əməkdə fərqlənməyə görə" medalı ilə təltif olunub.

 

Filmoqrafiya

1. Qızmar günəş altında

2. Onu bağışlamaq olarmı?

3. Qəribə əhvalat

4. Ulduz

5. Yaşamaq gözəldir, qardaşım!

6. Var olun, qızlar...

 

Aktrisa Məleykə Ağazadə 24 aprel 2019-cu ildə şəkər xəstəliyindən vəfat edib. Allah rəhmət eləsin.

 

“Ədəbiyyat və incəsənət”

(03.09.2025)

 

 

 

Harun Soltanov, “Ədəbiyyat və incəsənət”

 

Bəs görəsən?

Necə yəni axı?

Mənə şah olmaq seçimi verilsəydi mən kim olardım?

Bəlkə də mən, Xətai olmaq istərdim və ya Alparsan olub ədalət gətirərdim.

Bəs mən kim olmaq məcburiyyətində qaldım?

 

Bu suallar bəzən ruhumu qıran, bəzən məni sərbəst buraxan səs-küylü düşüncələrdir. Ölmüş yazıçılardan biri deyirdi ki, insan azadlıqdan qaça bilməz, başqa biri isə hər seçimin özünü yaratmaq olduğunu söyləyirdi. Başqası isə hər kəsin öz "üstinsan"ını tapmalı olduğunu. Amma mən… Mən özümə şah olmaq imkanı verilməmiş bir adamam. Kişiliyim cəsarətlə yox, qorxu ilə əlimdən alınıb. Sevgi ilə deyil, yalnız hökm və iztirabla dolu bir həyat.

"Əgər mən şah Qacar olsaydım? "Bu sadəcə tarixə bir sual deyil. Bu, hər insanın öz içindəki qaranlığına, hökmranlığına, məhrumiyyətinə bir çağırışdır.

Bu yazı bir etirafdır. Bir iztirabdır. Bir kimlik axtarışıdır. Çünki şah olmaq bəzən kişinin yox, qaranlığın hökmünə çevrilməkdir. Bəlkə də, şah olmaq, öz ölümünü qəbul etmək və yenidən doğulmaq deməkdir.

Əgər mən Şah Qacar olsaydım, tarixə hökm etməzdən əvvəl, öz qaranlığıma hökm etməyi öyrənərdim. Çünki insanın içindəki qaranlıq, onun başqasına göstərdiyi zülmətdən daha geniş, daha dərin, daha səssizdir. Orda sözlər getmir, dualar eşidilmir, Tanrı isə susur. O sükut ki, insanın içini çürüdür. Hətta sükutun özü də bir işgəncə formasıdır. Və mən o işgəncəni öz ruhumda daşıyırdım. Bədənim mənə xəyanət etmişdi. Və ya bəlkə də mən ona xəyanət etmişdim. Haradan biləydim? Mən kişi doğulmuşdum amma kişi edilməmişdim. Qanunlar, adətlər, Allahın və cəmiyyətin "normativ baxışı" məni ya yazıq, ya da gülməli hesab edirdi. Amma mən gülmədim. Mən ağlamadım. Mən yığıldım. Bütün əzabımı içimə çəkdim. Qaranlığım elə burdan başladı. Səssiz bir yerə çevrildim. Heç kim eşitməsin deyə ruhumu bağladım. Heç kim toxunmasın deyə baxışlarımı itirdim. Amma susqunluq çox zaman güc doğurur. Bəzən bir şeyə çevrilmədikcə, başqa bir şeyə çevrilirsən. Mən isə iradəyə çevrildim. Cəmiyyətin baxışlarında "yarımçıq" olan mən, onların qorxulu yuxusuna çevrildim. Onların "məzlumu" olaraq doğuldum, amma hökm verənə çevrildim. Çünki çox şeyi əlimdən aldılar. Mən sevgini, ehtirası, toxunuşu bilmədim. Onlar mənə bədən verdilər, amma bədənsizlik hissi yaşatdılar. İnsanlar mənə "sən kişi deyilsən", "bəhərsiz söyüdsən" dedilər. Amma unudurdular ki, bəzən kişi olmaq istəyi, kişi olmaqdan daha güclüdür.

 Əgər mən Şah Qacar olsaydım, ilk hökmümü öz daxilimdə verərdim, "bu qaranlıq, bu susqunluq, bu iztirab, məndən asılı olmayaraq mənə verilib. Amma onlarla nə edəcəyim, artıq mənim əlimdədir."

 İnsan öz taleyini seçmir dostum, amma onunla necə davranacağını seçə bilir. Ekzistensializm demişdi ki, insan azaddır, hətta edam meydanında belə. Mən də öz edam meydanımı içimdə yaratdım. Mənim "kişiliyim" yox idi, amma özümə hökm etmək gücüm vardı. Və bu hökm, taxtdan daha yüksəkdə dururdu. Taxt, gözə görünən idi. Hökm isə görünməz. Və mən görünməyənin şahı olmaq istədim.

 Əgər mən O olsaydım, qaranlıqdan qorxmazdım. Çünki mən qaranlığın içindən çıxmamışdım, qaranlıq mənim içimdən doğmuşdu. Mənim taxtım qızıldan yox, iztirabdan düzəldilmişdi. Mənim tacım daşdan yox, rədd edilmədən hazırlanmışdı. Mənə vurulan hər zərbə, bir mərhələ idi. Mənə göstərilməyən hər şəfqət isə bir divar daşı.

Və mən o divarlardan öz sarayımı tikdim. Qaranlıq saray. Qapıları sevgiyə bağlı. Pəncərələri işığa tutulmuş. Tənhalığı ilə qüdrətli bir yer. Orda yalnız bir şah vardı və o, öz zülməti ilə barışmışdı. Əgər mən Şah Qacar olsaydım, sevgi arxasınca qaçmazdım.

Çünki sevgi, gəlməyə söz verib, sonra gəlməyən bir qatar kimidir. Hər kəs onu gözləyir. Hər kəs onunla qurtuluş gələcəyini düşünür. Amma bəziləri üçün o qatar heç vaxt dayanacaqdan keçmir. Mən o dayanacaqda illərlə dayanmışdım. Yox.. Gözləməmişdim. Sadəcə baxmışdım, başqalarının minib getdiyi qatarlara. Mənim üçün sevgi yox idi. Çünki sevgi mənə verilməmişdi. Sevgini almazsan, verə də bilməzsən. Və insan sevgini verə bilmirsə, onun əvəzinə nə edər səncə? Cavb verim dostum,  o, qorxunu yaradar.

Sevgi zəifləri təsəlli edir. Qorxu isə güclüləri qoruyur.

 Əgər mən Qacar olsaydım, sarayımın divarlarını mərhəmətlə yox, qorxu ilə tikərdim. O qorxu ki, insana itaət etdirir, dilləri susdurur, baxışları yerə endirir. Məni anlamazdılar, bu doğrudur. Amma anlamaq heç nədir, anlamayıb itaət etmək daha üstündür. Mən elə bir hökmranlıq istərdim ki, insanlar məni sevməsin, sadəcə məndən imtina edə bilməsinlər. Məni çirkin adlandıranlar olmuşdu. Məni kişi saymayanlar olmuşdu. Məni yarımçıq görənlər olmuşdu. Onlara cavabım yalnız bir jest olardı, əlimi qılıncın dəstinə qoymaq. Ya da sadəcə susmaq. Amma elə bir susmaq ki, susqunluğun içində hədənin səsi eşidilsin. Çünki çox danışanlar çox üzr istəyirlər. Mən isə üzr istəməyə dəyəcək heç nə etməzdim.

  Sartr yazmışdı ki, insan öz seçimləridir. Mən də seçərdim – amma mərhəməti yox, hökmü. Tənhalığı yox, iradəni. Çünki məni bu cəmiyyətin "normal" qəliblərinə uyğunlaşdırmağa çalışanların heç biri, mənim keçdiyim yollardan keçməmişdi. Onlar sevə-sevə böyümüşdülər. Mən isə qorxula-qorxula böyümüşdüm. Onlar toxunaraq tanımışdı dünyanı, mən isə uzaqdan baxaraq. Mən Qacar olsaydım, sevgiyə üz tutmazdım, çünki sevgiyə yer olmayan bir bədəndə, yalnız iradə sığına bilər. Və o iradə mənim qılıncım olardı

Ağa Məhəmməd kişi deyildi. Bu, artıq tarix kitablarının dilinə düşmüş bir fakt. Amma.. Onun qədər kişi olduğunu sübut etməyə çalışan bir başqa adam da olmayıb. Bəlkə də bu səbəbdən, o heç Tanrıya da üz tutmadı. Çünki Tanrı ona kişi olmağı qıymamışdı. Tanrı ədalətli deyilsə, onda Tanrı nədir?

Əgər mən Şah Qacar olsaydım, ilk qəzəbim insanlara yox, göyə qarşı olardı. O göyə ki, baxırsan və susur. O Tanrıya ki, çağırırsan və cavab vermir. Əgər o mənə "kişi" deməyibsə, əgər o mənim qismətimə sevgi yazmayıbsa, əgər o məni başqalarının lağ mövzusuna çeviribsə, niyə mən onun qanunlarına tabe olum? Susqun Tanrı qarşısında insan özü hökm çıxarır. Və mən hökm çıxarardım.

Dostoyevski demişdi ki, "Əgər Tanrı yoxdursa, hər şeyə icazə verilir." Bəli. Amma mən icazə axtarmazdım. Mən verərdim. Qanunu da özüm yazardım, cəzanı da. Mərhəmət göstərməzdim, çünki mənə heç vaxt mərhəmət göstərilməmişdi. Dua etməzdim, çünki mənim dualarım daha doğulmadan boğulmuşdu. Əgər mən Qacar olsaydım, sarayımın qapısına o cümləni qızıl hərflərlə yazdırardım:

"Tanrı səssizdirsə, hökm mənimdir."

 Çünki hökm sahibsiz qala bilməz. Əgər Allah öz səsini kəsibsə, deməli, taxt boşdur. Və mən o taxta tək oturmazdım, öz içimin qaranlığı ilə birlikdə oturardım. Tanrı yox idi, ya da mənim üçün yox idi.Ona görə də mən özümə Tanrı olmaq istədim. Tanrı olmaq, sonsuzluq deyil.

Tanrı olmaq, itaət tələb etməkdir. Məni anlamayanlar çox idi. Amma izah da etməzdim. Çünki bəzi həyatların izahı olmur, yalnız hökmü olur. Mənim həyatım hökm vermək üçün idi, anlamaq üçün yox.

 Əgər mən Şah Qacar olsaydım, Tanrıya bircə dəfə baxıb, sakitcə deyərdim:

"Əgər sən məni unutdunsa, mən də səni tanımıram. Bu torpaqda bir şah var, O da mənəm."

Əgər mən Şah Qacar olsaydım, Qarabağa yürüş edərkən yalnız torpaq üçün getməzdim. Mən torpaqdan çox, özümə tərəf gedərdim. Çünki insan bəzən döyüşə qələbə üçün getmir. Bəzən döyüş, bir sualın cavabıdır. Bəzən döyüş, insanın özünü sübut etməyə çalışması deyil, özünü anlaması olur. Və mənim üçün Qarabağ, xəritədəki bir dağlıq ərazi yox, ruhumun parçalanmış yeri idi. Mən ora hökm etməyə yox, öz parçalarımı bir yerə toplamağa gedərdim.

Uşaq vaxtı eşitmişdim ki, "Torpaq uğrunda ölən varsa, vətəndir." Mən isə doğulduğum torpaq uğrunda yox, doğulmadığım sevgi uğrunda ölərdim. Çünki mənə sevgi verilməmişdi. Mənə ailə deyə biləcəyim bir yer olmamışdı. Bədənimdən kişi alınmışdı, ruhumdan mərhəmət soyulmuşdu. Belə bir insan üçün torpaq, sadəcə torpaq deyil. O, haqqdır. O, ədalətdir. O, bədənə qaytarıla bilməyən kişiliyin rəmzidir. Mən Qarabağa gedəndə, əmr vermək üçün yox, öz iztirabımın haqqını almaq üçün gedərdim. Çünki mən susduqca başqaları danışırdı. Mən gizləndikcə başqaları hökm sürürdü. Və bir gün o hökmə cavab olaraq, mən atımı dağa tərəf sürərdim. Hər döyüş bir xatirəyə bənzəyərdi.

Hər qılınc zərbəsi bir səssiz hıçqırıq qədər içli, hər atın nal səsi bir qadın baxışı qədər uzaq və hər yara bir dəfə eşidilməyən duanın əvəzini daşıyardı. Mənim döyüşüm tək deyildi. Mənimlə birgə döyüşən, çırpınan bir keçmiş, tanınmaq istəyən bir ruh, kişilik adlı əskikliyə çevrilmiş acı bir yaddaş idi. Mən özüm üçün döyüşərdim.

Amma bu "özüm" bir bədən deyildi. Bu "özüm"bir fikir idi. Və fikir bəzən qılıncdan kəskindir. Qılınc adam öldürər, fikir isə nəsilləri dəyişər. Əgər mən Ağa Məhəmməd olsaydım, yürüş zamanı düşmənə yox, əvvəlcə öz içimdəki zəifliyə zərbə vurardım. O zəifliyə ki, illərlə mənim içimdə pıçıldadı,"Onlar haqlıdır. Sən yarımçıq doğulmusan. Sən yalnızlıqdan başqa heç nəyi bacarmazsan." Mən o səsi susdurmaq üçün döyüşərdim. Mənə "söyüdsən" deyən tarixə deyərdim, "Bax, mən bir orduya rəhbərlik edirəm. Bax, mən hökm verirəm. Mənim bədənim yox, iradəm kişidir."

Savaşlar çoxdur. Amma hər savaşda adam öldürülmür. Bəzən sadəcə öz keçmişinlə vidalaşırsan. Bəzən keçmişini öldürmədən, gələcəyinə sahib çıxa bilmirsən. Və mənim Qarabağ yürüşüm, daha çox vidalaşma yürüşü olardı. Vidalaşardım uşaq vaxtı üzümə gülüb arxamca pıçıldayan gözlərdən. Vidalaşardım məni kişi yox, oyuncağa çevirmək istəyən qadın baxışlarından. Vidalaşardım başqalarının həyatına tamaşa etdiyim pəncərələrdən. Vidalaşardım öz kölgəmdən və bəlkə də, öz adımdan belə.

 Əgər mən Şah Qacar olsaydım...Hər qələbə, bir az məğlubiyyət dadardı. Çünki mən döyüşdə torpaq alardım amma həyatdan sevgi ala bilməzdim.

Əgər mən Şah Qacar olsaydım, hər gecə, taxtımın qarşısında, öz kölgəmlə üz-üzə oturardım. Ətrafda hər kəs diz çökəndə, bircə kölgəm düz dayanardı. Ona görə yox ki, o məndən qorxmurdu. Ona görə ki, o, məndən ibarət idi. Taxtda oturmaq güc deyil. Taxtda oturmaq, sualdır. Niyə sən? Niyə bu qədər qüsurunla, yaralılığınla, çatışmazlıqlarınla sən? Daha sağlam, daha sevilən, daha yaraşıqlı adamlar varkən, niyə hökm verən məhz sənsən?

Cavab gec gəlir. Bəzən heç gəlmir. Amma mən içimdə belə cavab eşidərdim: "Çünki sən qurban oldun. Amma qurban olaraq qalmaq istəmədin. Sənə bədən verilmədi amma sən ruhuna hökm verməyi öyrəndin. Sənə sevgi verilmədi, amma sən qorxudan bir sistem yaratdın. Və sən öz iztirabından bir taxt düzəltdin."

Məni kişi saymadılar. Olsun. Mən kişi olmaq üçün yaşamırdım. Mən var olmaq üçün yaşayırdım. Kişi olmaq, bioloji fakt ola bilər. Amma insan olmaq, fəlsəfi qərardır. Və mən o qərarı çox erkən verdim.

Əgər mən Qacar olsaydım, taxtda oturduğum an özümə qarşı çıxan hər şeyi içimdə əzərdim. Təkliyimi danmazdım. Bütöv olmasam da, bütün kimi davranardım. Çünki insanlar bütöv görünənlərin hökmünü qəbul edir. Onlar daxildən çürümüş güllərə bəzənə-bəzənə sitayiş edirlər amma içi yanan, dili lal, gözü susmuş bir padşahı anlamazlar.

Mən kim idim?

Bir çətin sual daha. Bəzən bədənindən başqa heç nəyi olmayan bir varlıq, bəzən isə bədəni yox, yalnız iradəsi olan bir varlıq.

Əgər mən kişi deyildimsə, bəs niyə kişi kimi hökm verdim? Əgər mən sevilməyə layiq deyildimsə, bəs niyə bu qədər adam məndən qorxaraq itaət etdi? Deməli, bəzən insanlar sənə bədəninə görə yox, qaranlığına görə qiymət verir. Və mənim içimdəki qaranlıq o qədər dərin idi ki, başqa heç kim ora baxmağa cəsarət etməzdi. Baxanlar ya yandı, ya da diz çökdü.

Əgər mən Şah Qacar olsaydım, hər hökmü verəndə öz-özümə pıçıldayardım. "Əgər bu taxtı mən daşıyıramsa, deməli, bu dünya mənim kimi birinə ehtiyac duyub. Mən olmasaydım, bəlkə də bəziləriniz əzablarınızı unutmazdınız."

Taxt, sadəcə taxta parçaları deyil. Taxt, insanın keçmişindən düzəltdiyi qurbangahdır. Və mən o taxtda oturanda, yalnız padşah deyildim, mən həm də qurbanıydım... Öz sistemimin.

Sonda bir şey qalır. Mən kim idim? Cavab budur. "Mən bədənini itirmiş, amma öz kölgəsinə hökm edən adam idim."

"Mən sevilmədən sevilməyin nə olduğunu anlayan, amma onu heç vaxt istəməyən adam idim."

"Mən Şah Qacar deyildim. Mən, insanın öz iztirabına taxt qurduğu hekayə idim."

Əgər mən Şah Qacar olsaydım, ölüm mənim üçün taxta oturmaq qədər qaçılmaz olardı. Gecənin qaranlığını, ətrafdakı səssizliyin içində, bir çadırda, yoldaşlarımın namərd xəncəriylə yıxılar qarşımda. Bədənim yerə sərilər, amma hökmüm yerində qalardı. Çünki hökm, bədənlə deyil, iradə ilə yaşar. Amma ölüm heç vaxt son deyil. O, yalnız başqa bir başlanğıcdır, bəzən insanın ən böyük azadlığıdır. Mən o gecə öldüyümdə, düşünməzdim ki, məni öldürənlər nə vaxtsa anlayacaq ki, mən taxtda yox, öz qaranlığımda şah idim. Onlar məni yox edərkən, mən artıq başqa bir aləmə qədəm qoyurdum. Orada mən kişi olmaq məcburiyyətində deyildim. Orada mən sadəcə var olacaqdım.

Amma dayan! Sən bu hekayənin sonunu bildiyini sanırsan, eləmi?

Səncə bu bir tarix yazısıydı? Yoxsa bir bioqrafiya? Səncə mən Şah Qacar idim?

Xeyr.

Mən heç vaxt o adam olmamışam. Bu məqalə, bir xəyaldır. Daha doğrusu, bir güzgü. Sənin içinə tutulan, sənin boylandığın, bəlkə də, qorxub çevrildiyin bir görüntü. Mən sənəm dostum. Və ya sən, mənim içimdəki səssən. Baxmaq istəmədiyin tərəfəm. Düşünməkdən qorxduğun versiyanam.

Bu yazı bir şahın yox, bir insanın hekayəsidir..Daha doğrusu, insanın içindəki şahın. Sevilməmiş, rədd edilmiş, kişi olmağa qoyulmamış, amma hökm etmək istəyən bir ruhun. Sən hələ də elə bilirsən ki, bu yazı "tarix"dir?

Yox. Bu tanışlıqdır. Sənin, öz qaranlığınla tanışlığın. Əgər bu yazıdan bir şey qalacaqsa səndə, o da bu olmalıdır. Həqiqi şah olmaq, öz qaranlığına hökm edə bilməkdir. Bədənlə yox, iradəylə. Qılıncla yox, susqunluqla. Taxtla yox, daxili səssiz müqavimətlə. Və bəzən, ən böyük hökm, istəmədiyin özünü öldürməkdir.

Yəni keçmişini, maskalarını, təqlid etdiyin səsləri öldürmək. Sən bunları "özün" sanırsan.

Amma… Əgər sən özünü öldürsən, bəs kim hökm verəcək? Əgər sən öz qaranlığına sahib çıxmasan, onu başqası idarə edəcək. Əgər sən öz içindəki şahı tanımasan, onu tarix susduracaq.

Bəlkə də, tarix qorxur. Bizdən yox. Bizim özümüzə çevrilmək cəsarətimizdən. Çünki tarixə təsir edən, hadisələr deyil, qorxulacaq qədər səssiz bir insanın, öz içində yaratdığı hökmdür...

 

“Ədəbiyyat və incəsənət”

(03.09.2025)

 

 

Harun Soltanov

Çərşənbə, 03 Sentyabr 2025 11:44

Şəhidlər barədə şeirlər - Ramid Tağıyev

 “Ədəbiyyat və incəsənət” portalı gənc yazar Elşad Baratın şəhidlər barədə silsilə şeirlərinin təqdimini davam etdirir.

 

Şəhid Ramid Tağıyev

Ramid Tağıyev 1994-cü il fevralın 25-də Daşkəsən rayonunun Yuxarı Daşkəsən qəsəbəsində anadan olub.

Azərbaycan Ordusunun kiçik çavuşu olan Ramid Tağıyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. Ramid Tağıyev sentyabrın 27-də Murovdağ döyüşləri zamanı şəhid olub.


Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ramid Tağıyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Ramid Tağıyev ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi.

Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Ramid Tağıyev ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.

 

Hamının taleyində,

Uğurlu yol şansı var.

Sənin tale yolunda,

Yolların hamısı var.

 

Hamı yaxşılıq edir,

Neçə yola can atır.

Hamımızın məqsədi,

Cənnəti qazanmaqdır.

 

Bu yolların hamısın,

Bir anlığa keçmisən.

Sən öz şəhidliyinlə,

Öz yolunu seçmisən.

 

Sənin yolun vətənçün,

Canı qurban etməkdə

Birnəfəslik yoludur,

Qəhrəmanlıq yoludur,

Müqəddəslik yoludur.

 

Yolun mübarək, şəhid.

Bu milləti şad etdin,

Hamımızın yerinə,

Vətəni azad etdin.

 

İndi bizim borcumuz,

Adınızı yaşatmaq,

Qəlbimizdə gəzdirmək,

Başımız üstə tutmaq.

 

 “Ədəbiyyat və incəsənət”

(03.09.2025)

 

 

 

Bahəddin Salman, “Ədəbiyyat və incəsənət” üçün

 

 

İki ildir yazmırdım. Bu sükut bəzən məni rahatladırdı, bəzən də içimdə izaholunmaz bir boşluq yaradırdı. Amma yaxşı bilirdim ki, bu tilsimi nə vaxtsa qırmalıyam. Yazının mənim üçün həm azadlıq, həm də məcburiyyət olduğunu dəfələrlə dərk etmişəm. Bu dəfə hekayə yazmadım, amma bir hekayədən yazdım. O hekayə İvan Buninin “Soyuq payız” əsəridir.

 

Bunin yalnız rus ədəbiyyatının deyil, ümumən dünya nəsrinin ən incə psixoloji ustalarından biridir. Onun hər bir əsərində həm təbiətin poetik mənzərəsi, həm də insan ruhunun ən dərin qatları birləşir. “Soyuq payız” isə bu ustalığın ən parlaq nümunələrindəndir.

Məni bu əsərə bağlayan yalnız süjet deyil, onun yaratdığı mənəvi auradır. Oxuduqca sanki hər dəfə başqa bir həqiqəti dərk edirəm. Hekayə mənim üçün illərdir həm iztirabın, həm də təsəllinin qapısıdır.

Bunin mənə bu hekayəsi ilə nəyi öyrədib? Ən əvvəl, sevgi ilə zamanı, sükutla sübutu üz-üzə qoymağı.

Çünki hekayədə sevgi və zaman, sükut və sübut həm ən dürüst, həm də ən qəddar tərbiyəçilərdir. Sevgi hər zaman işıq saçır, zaman isə bu işığı kölgə altına salmağa çalışır. Sükut isə hər şeyin sonunda ən etibarlı şahid kimi qalır.

Bu hekayənin əsas sütunu məhz sevgi və zamandır. Onların kəsişməsindən doğan xatirə isə oxucu üçün həm mənəvi qida, həm də həyat metaforası olur. Hər kəs öz taleyində bu hekayədən bir parça tapır.

 

 Sevinc, bəxtsizlik və qadın sevgisi

 

Əsərin faciəsi qəhrəmanın atasının sözləri ilə açılır:

“Hə, dostlar, müharibədir! Sarayevdə Avstriya vəliəhdi qətlə yetirilib. Bu, müharibə deməkdir!”

Bu xəbər bir-birini sevən iki gəncin taleyini qəflətən dəyişir. Müharibə onların xoşbəxtliyini əlindən alır.

Müharibə, tarix boyu olduğu kimi, yenə də həm qələbələr, həm də məğlubiyyətlər doğurur. Amma Bunin göstərir ki, bəzən ümumi qələbə fərdi məğlubiyyəti ört-basdır edə bilmir.

Bu hekayədə qəhrəmanlar hamısı o soyuq qatara minməyə məcbur qalır. O qatar isə yalnız ölümə aparır. Sağ qalan təkcə qadın qəhrəmandır, amma onun sağ qalması belə bir qalibiyyət deyil, daha çox bitib-tükənməyən bir əzabdır.

Aradan otuz il keçsə də, qadın hələ də bir axşamı xatırlayır – nişanlısı ilə keçirdiyi son payız axşamını. Bu xatirə onun həyatının ən böyük sərvəti, həm də ən ağır yüküdür.

O axşamda az da olsa sevinc var idi. Nişanlısı ilə baxçada gəzintiyə çıxırlar, ədəbli bir təmkinlə öpüşürlər, Fetdən şeir söyləyirlər. Həmin axşam həyatlarının yeganə parlaq anı kimi yaddaşda qalır.

Nişanlısı deyir: “Nə qədər ki yaşayıram, bu gecəni əbədi xatırlayacağam.” İlk baxışda bu, pafoslu bir sevgi ifadəsi kimi görünür. Amma zaman keçir, həyat hər şeyi alt-üst edir, yalnız bu sözlər unudulmur.

Qadın üçün bu cümlə ömrün yeganə həqiqətinə çevrilir. Bəlkə də nişanlısı sağ qalsaydı, bu sözləri bir gün unutmuş olacaqdı. Amma o ölür və sözlər ölmür.

Soyuq payız yalnız mövsüm deyil. O, həm də insan taleyinin soyuqluğudur. Qara budaqlar, ulduzların işığı, evlərin pəncərələrindən süzülən işıltı – bütün bunlar bir simvoldur. Bunlar insanın gələcək taleyini proqnozlaşdıran metaforalardır.

 

 Sükut, zaman və insan taleyi

 

Hekayənin bir yerində nişanlısı soruşur:

“Birdən məni öldürsələr? Onda yəqin dərhal unutmazdın məni, hə?”

Qadın cavab verir:

“Belə danışma! Sənin ölümünə dözə bilmərəm!”

Amma həyat insanı hər şeyə dözdürür. Qadın da dözür.

Bunin qəhrəmanını sanki Tanrı kimi imtahana çəkir. Çünki həyat da belədir: biz gözləmədiyimiz anda ən sevdiklərimizi bizdən alır.

Əsərdə məni ovsunlayan yalnız bir qadının dramı deyil, həm də həyatın öz qəfil sərtliyidir. Çox vaxt biz izah edə bilmirik: niyə bu qədər əzab var? Amma həyatın özü cavab vermir.

Qəhrəman soruşur: “Mən bu həyatda nə gördüm ki?” Və cavab verir: “Bircə o soyuq payız axşamını.”

Bu cavab insan ruhunun ən acı etirafıdır. Həyatın uzun illəri, bütün çətinliklər, bütün mübarizələr yalnız bir neçə dəqiqənin kölgəsində qalır.

Bunin qəhrəmanın taleyini ironik şəkildə qələmə alır. O, nişanlısını müharibədə itirir, sonra mühacirətə gedir, ailə qurur, ögey uşaq böyüdür, məişət çətinlikləri ilə yaşayır. Amma bütün bunlar sadəcə “yan cümlə”dir. Əsas cümlə – yalnız o payız axşamıdır.

 

 Ümid və sükutun faciəsi

 

Əsərin ən təsirli tərəfi qəhrəmanın ölümdən sonrakı ümididir. O inanır ki, nişanlısı onu orada gözləyir.

Bu, dini bir fanatizm deyil. Bu, yalnız insan ruhunun sarsıntı qarşısında tapdığı təsəllidir.

Bunin sanki Tanrı rolundadır. O görünmür, amma hər cümlədə nəfəsini hiss edirsən. Qəhrəmanına yalnız bir ümid verir – sevdiyi ilə ölümdən sonra görüşmək.

Bu həm təsəlli, həm də faciədir. Çünki bu ümid həyatın içində deyil, yalnız ölümün o tərəfindədir.

Əsərdə səsli-küylü hadisələr yoxdur. Əsərin ruhu sükutdur. Bu sükut həm cəza, həm də mükafatdır.

Bunin zamanı su kimi axıdır, amma duyğuları dondurur. Sanki bütün həyat yalnız bir axşam yaşanılıb, sonrası isə boşluqdur.

“Soyuq payız” göstərir ki, insanın bütün ömrü bəzən yalnız bir neçə anın kölgəsində keçir. Bəzən bir gecə, bir söz, bir baxış bütün həyatın mahiyyətini əvəz edir.

Sevgi və zaman – insan taleyinin ən böyük imtahanlarıdır. Sükut və sübut – bu imtahanın dəyişməz şahidləridir.

Bunin qəhrəmanı soruşur: “Mən bu həyatda nə gördüm ki?” Cavabı isə sadədir: “Bircə o soyuq payız axşamını.”

Əsərin bütün yükü bu cavabın içindədir. İnsan ruhunu donduran, amma eyni zamanda onu yaşadan cavab da budur.

“Soyuq payız” – bu yalnız bir sevgi hekayəsi deyil, həm də həyatın sərt metaforasıdır. O bizə öyrədir ki, bəzən bütün ömrün yaddaşda saxladığı şey yalnız bircə xatirədir. Amma elə həmin xatirə insan ömrünə bərabər olur.

 

“Ədəbiyyat və incəsənət”

(03.09.2025)

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasının fonduna yeni daxil olan uşaq kitabları haqqında videoçarx hazırlanıb.

 

“Ədəbiyyat və incəsənət” portalıma kitabxanadan verilən məlumata görə, videoçarxda uşaq kitabları 4 bölmədə verilib: “Keçmişə səyahət”, “Ensiklopediyalar”, “Nağıllar aləminə səyahət”, “Bunlar da maraqlıdır”. Uşaqlara “Daş dövrü”, “Qədim türklər”, “Qədim Misir”, “Qədim Yunanıstan”, “Yırtıcı heyvanlar” əyləncəli ensiklopediyası, “Heyvanlar” ensiklopediyası, “Sual-cavab ensiklopediyası”, “365 gün nağıl”, “Hər günə bir nağıl”, Ojeqoj Kasderkin “Pul kisəsi və orda yaşayanlar” (iqtisadiyyata dair 50+1 hekayə), Birsen Ekim Özenin “Şirin məhəllənin ruhu”, Nilgün Özelin “Şirinin dünyası”, Stiv Kortenkamp “Kosmosu mənə göstər”, Pətrik Veqanın “Mənim ilk atlasım” kitabları nümayiş olunur və onların anonsu verilir.

Videoçarx Mərkəzi Kitabxananın YouTube kanalında nümayiş olunur: https://www.youtube.com/watch?v=aKR-OWt7BAk

 

“Ədəbiyyat və incəsənət”

(03.09.2025)

Çərşənbə, 03 Sentyabr 2025 11:03

Bu günün adı YAŞAR NURİ

 

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Kino, teatr və teletamaşalarımıza gözəllik, kolorit, maraq gətirən görkəmli aktyorumuz, aramızda olmasa da yeri daim görünən Yaşar Nurinin bu gün doğum günüdür. Yaşasaydı, 74 yaşını qeyd edərdi.

 

Azərbaycan xalq artisti Yaşar Nuri 1951-ci il sentyabr ayının 3-də Bakıda tanınan aktyor Məmmədsadıq Nuriyevin ailəsində dünyaya gəlib. Səhnəyə ilk dəfə 11 yaşında ADMKT-də "Toy kimindir?" (dramaturq Məhərrəm Əlizadə) tamaşasında Tapdıq rolunda çıxıb. Məktəbli vaxtlarında dövlət televiziyasının "Yelkən" verilişinin aparıcılarından olub.

Bundan başqa O, "Buratino", "Qaranquş", "Pioner" uşaq verilişi-teatrlarında müntəzəm iştirak edib. Müxtəlif dram dərnəklərinə gedib, 26-lar adına mədəniyyət sarayı xalq teatrının tamaşalarında çıxış edib.

Şagird Yaşar gözəgörünən fitri istedada malik olub. O, cəld, çevik olub, sıxılmayıb, improvizə edə bilib. Səsi aydın və yapışıqlı, çöhrəsi şirin, xoşagəlimli olub. Uşaq Yaşar rol apararkən gözləri gülüb. O, özü də öz oyunundan zövq alıb.

10 yaşından Azərbaycan televiziyasında uşaq verilişlərində çəkilən və teatr səhnələrində uşaq rollarını ifa edən aktyor 1968-ci ildə Bakıdakı 173 nömrəli orta məktəbi bitirib, Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsinə daxil olub. Orada kurs rəhbərləri, tanınan səhnə xadimləri Rza Təhmasib və Əliheydər Ələkbərovdan aktyorluq sənətinin incəliklərini öyrənib.

İnstitutda, fakültədə, kursda Yaşar qeyri-formal lider olub. Tələbəlik çağlarında hamı ondan çox şey gözləyib, hamı onu "hazır aktyor" sayıb. Yaşarın istedadı yaşından yaşlı olub. İnstitut dövründə "Sevil"də Balaş, "Toy"da Salmanov, "Günahsız Müqəssirlər"də Neznamov və s. obrazları yaradıb.

1972-ci ildə institutu bitirdikdən sonra 1 il orduda xidmət edib və institutun tədris teatrında aktyor işləyib. 1974-cü il dekabr ayının 1-də Akademik Milli Dram Teatrının baş rejissoru Tofiq Kazımovun dəvətilə bu kollektivin aktyor truppasına qəbul olunub.

 

Onun əsasən baş rolları ifa etdiyi teletamaşalar televiziyanın fondunda daimi sənət nümunələri kimi qorunur. Bunlardan Ramiz Həsənoğlunun hazırladığı Ruhəngiz Qasımovanın "Yollar görüşəndə…", "Ömrün yolları", İsi Məlikzadənin "Qatarda", Anarın "Evləri köndələn yar", Mövlud Süleymanlının "Kökdən düşmüş piano", Hüseyn Cavidin "Topal Teymur", Aslan Qəhrəmanovun əsərləri əsasında Tariyel Vəliyevin lentə aldığı "Səni axtarıram", "Bağışla", "Səndən xəbərsiz" trilogiyası, İslam Səfərlinin "Göz həkimi", Əbdürrəhim bəy Haqverdiyevin əsərləri əsasında "Ac həriflər" və s. televiziya tamaşalarını misal göstərmək olar.

Aktyor özünü həm kinoda, həm də teatrda rejissor kimi sınayıb. Teatrda İsi Məlikzadənin "Subaylarınızdan görəsiniz" əsərinə quruluş verib, kinoda isə "Spasibo" filmini çəkib. 2008-ci ildə aktyor hamını sarsıdaraq, taleyinin ən çətin filmində aldığı baş rolu da adlayıb, ötüşdürüb.

Bu qorxulu rolda Yaşarı yaşadan və yaşamaq eşqini artıran yenə xalq məhəbbəti, tamaşaçı sevgisi olub. Çətin və ağır əməliyyatdan sonra ilk dəfə böyük sənət yoldaşı, unudulmaz Həsənağa Turabovun 70 illik yubileyində səhnəyə çıxan Yaşar Nuri yenə də uzun-uzadı alqışlarla qarşılanıb.

 

Teatr səhnəsindəki rolları

1. Tapdıq

2. Bədəl

3. Silva

4. Pərviz

5. Neznamov

6. Cığatay

7. Səlim

8. Namiq

9. Milan

10. Rəhim

 

Yaşar Nuri uzun sürən xəstəlikdən sonra 22 noyabr 2012-ci ildə Mərkəzi Gömrük Hospitalında vəfat edib. Novxanıdakı bağ evində xatirə muzeyi fəaliyyət göstərir. 2012-ci ildə “Yaşadan, yaşayan Yaşar” adlı tammetrajlı sənədli televiziya filmi ona həsr olunub.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(03.09.2025)

Çərşənbə, 03 Sentyabr 2025 10:47

Diaspor Komitəsində yaddaqalan görüş

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Kanadanın Riyazi Elmlərin Araşdırılması üzrə Fields İnstitutunun direktoru professor Deirdre Haskellə görüşüb.

 

“Ədəbiyyat və incəsənət” portalına komitədən verilən məlumata görə, qonağı səmimi salamlayan komitə sədri Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən çoxşaxəli diaspor siyasəti barədə danışıb, xaricdə yaşayan azərbaycanlıların vahid diaspor şəbəkəsinin yaradılması ideyası haqqında məlumat verib.

Görüşdə Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin Bakıda keçirilən Forumu, azərbaycanlı elm adamlarının nüfuzlu xarici araşdırma mərkəzləri və ali təhsil ocaqları ilə əməkdaşlıqları, bu əməkdaşlıqlar çərçivəsində aparılan birgə elmi tədqiqatlar, konfranslar, təlimlər barədə geniş məlumat verilib. Qeyd olunub ki, hazırda dünyaca məşhur ali məktəblərdə, elmi araşdırma mərkəzlərində yüzlərlə azərbaycanlı alim çalışır, onların ixtiraları bir çox yerlərdə tətbiq olunur. Azərbaycan dövləti xaricdəki alimlərin fəaliyyətlərini hər zaman diqqətdə saxlayır, ölkəmizlə əlaqələrinin möhkəmlənməsinə xüsusi önəm verir.

Səmimi qəbula görə təşəkkürünü bildirən Deirdre Haskell Azərbaycana ilk dəfə gəldiyini və ilk səfərin onda xoş təəssüratlar yaratdığını xüsusi qeyd edib. Kanadalı professor bildirib ki, azərbaycanlı alimlərin uğurları və ölkəmizdə beynəlxalq standartlara uyğun kadrların hazırlanması barədə məlumatlıdır, alimlər arasında elmi mübadilənin genişlənməsinə də böyük maraq göstərir.

Komitə sədri Fuad Muradov Fields İnstitunun icra etdiyi layihələrə Azərbaycan diasporundan riyaziyyatçı alimlərin cəlb olunmasının vacibliyini vurğulayıb, komitənin həmin layihələrə qanunvericilik çərçivəsində hər hansı dəstəyin göstərilməsi istiqamətində imkanlarını qonağın diqqətinə çatdırıb.

Qonaq həmçinin, əməkdaşlıq məsələlərinin müzakirəsi ilə bağlı ADA Universitetində olduğunu diqqətə çatdırıb, burada tələbələr və alimlər üçün yaradılan şərait barədə fikirlərini bölüşüb.

Qeyd edək ki, Fields İnstitutunun ömürlük mükafatına layiq görülmuş ilk azərbaycanlı alim Məsud Əfəndiyev bir neçə ildir ki, komitə ilə adıçəkilən institut arasında əlaqələrin yaradılması və inkişaf etdirilməsində yaxından iştirak edir. Görüşdə elmi əməkdaşlıqların vacibliyini diqqət mərkəzinə gətirən Məsud Əfəndiyev dünyanın müxtəlif ölkələrinin elmi ictimaiyyəti ilə xaricdəki azərbaycanlı alimlərin əlaqələrin yaranmasında və intensivliyində Diasporla İş üzrə Dövlət Komitəsinin xüsusi rol oynadığını vurğulayıb.

 

“Ədəbiyyat və incəsənət”

(03.09.2025)

 

 

Rəqsanə Babayeva,

BeyləqanrayonMədəniyyətMərkəzininrejissoru,"Gənclik" Xalq Teatrının rəhbəri. “Ədəbiyyat və incəsənət” üçün

 

Sənətin ən sadə, amma ən dərin dili — rəngdir. Bir dağ silueti, bir xalça naxışı və ya bir üzün kölgəsi rənglərlə danışır; bu danışıq isə tariximizin, xatirəmizin və kimliyimizin şifrəsini saxlayır. Bu şifrə itdikcə və ya səthiləşdikcə, milli-mədəni yaddaşımız zədələnir. Azərbaycanda təsviri sənətdə rənglərin rolu təkcə estetik deyil — o, kollektiv yaddaşın daşıyıcısına çevrilir. Bu yazıda məqsədimiz həm problemə işıq salmaq, həm də ruh tərbiyəsinə xidmət edən praktik yol xəritəsi təklif etməkdir.

 

Rənglərin simvolikası — keçmişdən gələn palitra

 

Xalça, miniatür, keramika və memarlıq elementlərimiz yüzilliklərdir müəyyən palitranı formalaşdırıb: torpaq tonları, zəngin qırmızılar, mavi və sarının spesifik nüansları. Bu rənglər coğrafiyanın, iqlimin və gündəlik həyatın daşıyıcılarıdır — bir növ vizual eynilə. Klassik rəssamlarımızın palitrası bu köklərdən qaynaqlanır; onlar yalnız gözəllik yaratmayıb, həm də milli duyğuları rəng dilinə çeviriblər.

 

Ənənədən müasirliyə — sintez, yoxsa səthi təkrarlama?

 

Müasir rəssamlıq ənənəvi motivləri müxtəlif formalarda — abstraksiya, qarışıq texnika, rəqəmsal illüstrasiya — istifadə edərək yenidən oxuyur. Bu sintez uğurlu olduğunda milli kodlarımızı çağdaş ifadə vasitələri ilə zənginləşdirir. Lakin təəssüf ki, bəzən naxış və simvollar sadəcə dekorativ element kimi götürülür — məzmunun və dərinliyin üzərinə «estetik örtük» çəkilir. Bu halda sənət formal uğur qazana bilər, amma kimlik yükünü daşımır.

 

Milli elementlərin kommersiyalaşması — ehtiyat siqnalı

 

Sponsorlu layihələr, ticarət sərgiləri və “populyar” çağırışlar sənətçilər üçün imkan yaratsa da, sənətin məramı ilə bazar tələbləri arasında tarazlıq itdikdə milli dəyərlər səthi və kontekstindən uzaqlaşdırıla bilər. Burada məqsəd bazarı qınamaq deyil — məqsəd yaradıcılığın dərinliyini qoruyan mexanizmləri gücləndirməkdir.

 

Gənc rəssamların sintezi — yeni nəfəs, yeni məsuliyyət

 

Gənc nəsil həm ənənəni bilir, həm də beynəlxalq təsirə açıqdır. Onların işi milli motivi yeni formada təqdim etmək üçün böyük potensiala malikdir. Lakin bu proses məsuliyyət tələb edir: milli kodu səthi "ornament" kimi istifadə etmək yox, onun tarixini, semantikasını və mənasını dərk etməklə sintez etmək. Dövlətin və peşəkar mühitin dəstəyi burada həlledicidir — təhsil proqramları, residensiyalar və sərgilər gənclərin dərin yaradıcılığı üçün əsas şərtlərdir.

 

Sənət və ictimai məkan — rənglərin gündəlik rolu

 

Milli rəng palitramız yollarımızda, parklarımızda, bələdiyyə və mədəniyyət obyektlərində də görünməlidir. İctimai sənət layihələri, divar rəsmləri, memoriallar və dizayn həlləri şəhər estetikası vasitəsilə insanlarda milli ruhu oyatmağa xidmət edə bilər. Bu, həm də şəhər mədəniyyətinin formalaşmasıdır — estetik seçimlər insanın daxili dünyasını təsir edir; buna görə də "ruh tərbiyəsi" funksiyası daşıyır.

 

Nə etməliyik? — praktik təkliflər

 

Təhsil və sərgilər: Məktəblərdə vizual incəsənət proqramlarını zənginləşdirmək, muzey və qalereya təcrübələrini şagirdlər üçün əlçatan etmək.

Peşəkar dialoq: Akademiya, qalereya və kuratorlar arasında davamlı platformalar yaratmaq — klassiklərlə müasir arasındakı dialoqu gücləndirmək.

Reside nsi və dəstək: Gənc sənətçilər üçün yerli və beynəlxalq residensiya proqramları, kiçik qrantlar və sərgilər.

Rəqəmsal arxiv: Ədəbi və vizual irsimizi rəqəmsal olaraq qoruyub geniş auditoriyaya təqdim etmək.

İctimai sənət: Şəhər məkanlarında milli motivləri estetik və informativ şəkildə təqdim edən layihələrin təşviqi.

Əl sənətləri ilə əməkdaşlıq: Xalçaçılıq, misgərlik, keramika ustaları ilə müasir sənətçilərin əməkdaşlığı, ənənə və müasirliyin bir-birini tamamlaması.

 

Rənglər yaddaşdır, sənət isə onun müdafiəçisi

 

Milli kimlik yalnız tarixi faktların toplusu deyil; o, gündəlik estetik seçimlərimizin, xatirələrimizin və baxışlarımızın formasıdır. Azərbaycan təsviri sənəti zəngin rəng palitrası ilə bu kimliyi daşıyır — amma bu daşıma həm peşəkarlıq, həm vicdan, həm də kollektiv məsuliyyət tələb edir. Dövlətin mədəniyyətə verdiyi dəstək və cəmiyyətin məhəbbəti ilə bu məsuliyyəti paylaşmaq mümkündür. Rənglərimizi sadəcə gözəllik üçün istifadə etməyək — onları yaddaşımızın, ruhumuzun, gələcəyimizin tərcüməçiləri edək.

 

“Ədəbiyyat və incəsənət”

(03.09.2025)

 

 

 

 

 

Bu il dünyaşöhrətli kimyaçı alim, Dövlət Mükafatı laureatı, kimya elmləri doktoru, akademik Yusif Məmmədəliyevin anadan olmasının 120 illiyi tamam olur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 5-də alimin anadan olmasının 120 illiyinin qeyd edilməsi ilə bağlı Sərəncam imzalayıb. Bu Sərəncama uyğun olaraq Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında akademikın mənalı ömür yolundan və fədakar elmi, ictimai fəaliyyətindən bəhs edən elektron məlumat bazası hazırlanaraq istifadəçilərə təqdim edilib.

 

 

“Ədəbiyyat və incəsənət” portalına kitabxanadan verilən məlumata görə, elektron məlumat bazasında Yusif Məmmədəliyevin həyat və fəaliyyətinin əsas tarixləri, bir sıra görkəmli şəxslərin onun haqqında söylədikləri dəyərli fikirlər, layiq görüldüyü mükafatlarla yanaşı, “Dünya elminə töhfələr verən alim”, “Dünya şöhrətli kimyaçı alim”, “Elm fədaisi, müəllim, ziyalı, milli fəxrimiz” kimi məqalələrin tam mətni təqdim edilir.

 

Elektron bazada görkəmli alimin müəllifi, redaktoru olduğu, Azərbaycan və rus dillərində nəşr edilən kitabların, məqalələrinin eləcə də onun haqqında qələmə alınan kitabların, dövri mətbuat nümunələrinin siyahıları yer alır. Yusif Məmmədəliyevin 120 illik yubileyi ilə əlaqədar hazırlanan məlumat bazasında “Filmoqrafiya”, “Bədii ədəbiyyatda”, “Xatirəsənin əbədiləşdirilməsi”, “Virtual sərgi”, “Foto və videoqalereya” kimi bölmələr də təqdim edilir. Kitabxana əməkdaşları tərəfindən hazırlanan elektron məlumat bazasında Yusif Məmmədəliyevin Azərbaycan Milli Elmlər Akademiyasında rəhbərliyi dövründə bu elm mərkəzində təşkil olunmuş institutlar və akademikın dövlət və ictimai-siyasi fəaliyyəti haqqında  geniş məlumat təqdim edilir. 

 

“Akademik Yusif Məmmədəliyev – 120” adlı elektron məlumat bazası  kitabxananın rəsmi saytında yerləşdirilib.

https://ryl.az/melumat-bazalari/Akademik_Yusif_Memmedeliyev_el_melumat_bazasi/index.html  

 

“Ədəbiyyat və incəsənət”

(03.09.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.