Super User
Bir tabletlik həqiqət - Silsilə esse
Arzu Əyyarqızı,
“Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyi"nin üzvü və Cəlilabad rayonu üzrə rəsmi təmsilçisi, "Həməşəra Poeziya Məclisi"nin yaradıcısı və rəhbəri, AYB və AJB-nin üzvü, şair-publisist. "Ədəbiyyat və incəsənət" üçün
Gündə bir tablet. Həkim Arzu təyin etdi. Amma bu dəfə ağrını yox, vicdanı müalicə etmək üçün.
İnsanlar dərmanlara inanır. Onlar kiçik, yuvarlaq, örtüklü möcüzələrdir. Bir tablet - və hər şey düzələcək. Baş ağrısı, ürəkbulanma, vicdan sancısı, hətta yaddaşın qabarıqları. Amma heç kim soruşmur: bu tabletin içində nə var? Həqiqətmi, yoxsa susdurulmuş simptomlar?
Həqiqət örtüklü tabletlərin tərkibini sizə izah etmək istəyirəm.
Tabletin üzərində parlaq bir örtük var - şəkərli, asan udulan. Həqiqət də bəzən belədir: acı olduğu üçün şirinləşdirilir. Mediada, məktəbdə, ailədə. "Hər şey yaxşı olacaq" - bu cəmiyyətin ən çox təyin etdiyi dozadır.
Yan təsirlərini də deyim.
Həqiqətin yan təsirləri var. Onu qəbul etdikdə:
İlk simptom: narahatlıq. Çünki artıq bilmədiyin şeyləri bilirsən.
İkinci mərhələ: inkar. "Yəqin bu tablet mənə uyğun deyil."
Üçüncü mərhələ: azadlıq. Həqiqət bədəni tərk edir, amma ruhda qalır.
D.S. (Da siqna)
Bazar ertəsi. 1 tablet vicdan
Təsiri - Gecə yuxusuzluq
Çərşənbə. 1 tablet sual
Təsiri - Sosial narahatlıq
Cümə. 1 tablet ironiya
Təsiri - Gülərək ağlama…
Həqiqət çeynənməz, udularsa dəyişdirir.
Tabletin ölçüsü kiçikdir, amma təsiri bəzən bir ömürlük.
Bəzi insanlar həqiqəti yeməkdən sonra qəbul edir - tox olduqları zaman.
Ən təhlükəli yan təsir: düşünmək.
Reseptsiz satılan yalanlar...
Ən çox yayılmış dərmanlar reseptsiz satılır. Yalanlar da elə. Onlar:
Reklam formatında təqdim olunur: "Bu sistem sizin xeyriniz üçündür."
Yan təsirləri gizlədilir: "Əgər narahat olursansa, deməli problem səndədir."
Dozası artırılır: "Hər gün bir az daha sus."
Yalanlar ucuzdur, əlçatan və asan udulan. Onlar cəmiyyətin əczaxana vitrinində ön sıradadır. Həqiqət isə arxa rəfdə, toz içində, istifadə qaydası bilinməyən bir tablet kimi gözləyir.
Bu esse bir tabletlikdir, nə çox, nə az. Amma içindəki maddə aktivdir: metafora, ironiya, vicdan. Əgər qəbul etsən, yan təsirləri ola bilər. Amma bəlkə də bu dəfə, ağrını yox, özünü müalicə edərsən, ey insan!
“Ədəbiyyat və incəsənət”
(20.10.2025)
Sənə xatirəm olsun peşmanlıq nəğmələri…
Nail Zeyniyev, “Ədəbiyyat və incəsənət”
Bəzən şeirlər qayıtmaq istəmədiyimiz yerlər kimidir..
Bundan yola çıxaraq, istəməsəm də o yerlərə bir də qayıdaraq yeni şeirlər kitabımı ərsəyə gətirmişəm və həmin kitab tezliklə sizlərlə olacaq, indi isə kitabın adını qoyduğum "Peşmanlıq nəğmələri" şeirini ilk dəfə təqdim edirəm..
Dünən eyni döngədə səninlə qarşılaşdıq,
Ürəyində iztirab, gözündə yaş görmədim.
O qayğısız illərin qorxusu yoxa çıxmış,
Sakitcə baxdın mənə, başqa təlaş görmədim.
Elə bildim əzəldən tanrı bizi ayırmış,
Elə bildim mən səni tanımadım nə vaxtsa.
Hər vüsalın sonuna bir ayrılıq varıymış,
Nə biləydım qapıma qəm gələcək nə vaxtsa.
Keçdi sənli xəyallar başımdan duman kimi,
Mən göylərə ağladım, göylər mənə ağladı.
Ağ günlərə çıxan tək qara saçlarım oldu,
Anam qara bağladı, atam qara bağladı.
O sahildə gözlədim, o son görüş yerində,
İçimdən bir ah etdim yoxluğuna, bağışla.
Qıymadığım tellərin boynuma kəndir oldu,
Heyif, niyə ölmədim, heyif, məni bağışla..
Ürəyim bu əzaba necə dözdü bilmirəm,
Oxuyuram özümə düşmanlıq nəğmələri.
Mürəkkəbim də qandı, qələm viran, mən viran,
Sənə xatirəm olsun peşmanlıq nəğmələri.
Və sonda:
Kitabın öncədən sifarişi üçün müəlliflə əlaqə saxlaya bilərsiniz, metrolara çatdırılma var.
Əlaqə nömrəsi: 055-519-35-75
“Ədəbiyyat və incəsənət”
(20.10.2025)
Gənclər Kitabxanasında Müstəqilliyin Bərpası Günü ilə əlaqədar silsilə materiallar hazırlanıb
Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında 18 Oktyabr - Müstəqilliyin Bərpası Günü ilə əlaqədar silsilə materiallar – “Müstəqilliyimizin bərpası ən böyük nailiyyətimizdir” adlı daycest, virtual və ənənəvi kitab sərgiləri hazırlanıb.
“Ədəbiyyat və incəsənət” portalına Kitabxanadan verilən məlumata görə, hazırlanan materiallarda Azərbaycan dövlətçiliyinin müstəqillik tarixi, qurucuları haqqında məlumatlar əks olunur. Daycestin “Rəsmi sənədlər” hissəsində Ümummilli Lider Heydər Əliyevin “18 Oktyabr - Dövlət Müstəqilliyi Gününün Azərbaycan Respublikasının dövlət bayramı kimi qeyd edilməsi haqqında” 15 oktyabr 1994-cü il tarixli Fərmanı, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin “Müstəqillik Günü haqqında” 15 oktyabr 2021-ci il tarixli Qanunu təqdim edilir. Kitabxana əməkdaşları tərəfindən hazırlanan materialda görkəmli şəxslərin müstəqillik haqqında söylədikləri dəyərli fikirlər, “Ümummilli Lider Heydər Əliyev müasir, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusudur”, “Heydər Əliyev yolunun davamçısı” kimi məqalələrin tam mətni, dövlət rəmzləri haqqında məlumatlar əks olunur. Kitabxananın rəsmi saytında https://www.ryl.az/funds/daycest yerləşdirilən materialda Azərbaycanın müstəqillik tarixindən, onun bərpası və mahiyyətindən bəhs edən 2017-2025-ci illərdə dövrü mətbuatda dərc edilən məqalələrin təsviri, qısa məzmunu və elektron mənbələri istifadəçilərə təqdim olunur. Daycestdə məqalələr illər üzrə, daxildə isə əlifba ardıcıllığı ilə verilir.
“18 Oktyabr - Müstəqilliyin Bərpası Günü” adlı virtual sərgidə bir sıra rəsmi sənədlərin, “Müstəqilliyimiz əbədidir” nəşrinin 38 cildi ilə yanaşı “Heydər Əliyev. Müstəqillik yolu”, “Müstəqillik yollarında: Liderlik missiyası” kimi kitabların, “Müstəqillik yollarında: Heydər Əliyevdən İlham Əliyevə”, “18 oktyabra aparan yol”, “Müstəqilliyimizin memarı” kimi məqalələrin tam mətni təqdim edilir. Virtual kitab sərgisi kitabxananın rəsmi saytında https://www.ryl.az/multimedia/18-oktyabr-musteqilliyin-berpasi-gunu-1 yerləşdirilib.
Kitabxanada 18 Oktyabr - Müstəqilliyin Bərpası Günü ilə əlaqədar ənənəvi kitab sərgisi də hazırlanıb. Sərgidə müstəqillik və Zəfər tarixindən bəhs edən kitablar, dövri mətbuat nümunələri və kitabxana əməkdaşları tərəfindən hazırlanmış “Müstəqilliyimizin bərpası ən böyük nailiyyətimizdir” adlı daycest sərgilənməkdədir.
“Ədəbiyyat və incəsənət”
(18.10.2025)
Türk Mədəniyyəti və İrsi Fondu Türkmənistanda kitab təqdim edib
Aşqabad şəhərində (Türkmənistan) Məxdumqulu Türkmən Dövlət Universitetində Türk Mədəniyyəti və İrsi Fondu rərəfindən buraxılan Məxdumqulu Fəraqinin “Aşiq Olmuşam” kitabının təqdimat mərasimi keçirilib.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, tədbir Türk Mədəniyyəti və İrsi Fondunun Türkmənistanın YUNESKO üzrə Milli Komissiyası və Türkmənistan Elmlər Akademiyası tərəfindən birgə təşkil olunan “Mahmud Kaşğarinin “Divani Lüğət ət-Türk” əsərində Sülh və Etimadın rolu” mövzusunda beynəlxalq elmi konfrans çərçivəsində baş tutub.
Tədbirdə Fondun prezidenti xanım Aktotı Raimkulovanın adından təşkilatın layihə rəhbəri Leyla Həsənova çıxış edərək bildirib ki, “Məxdumqulu Fəraqi türkmən ədəbiyyatının böyük klassiki olmaqla yanaşı, ümumtürk dünyasının mənəvi birliyinin və ortaq dəyərlərinin təcəssümüdür. 2024–2025-ci illər üçün YUNESKO-nun Yubiley Təqviminə daxil edilmiş Məxdumqulu Fəraqinin 300 illik yubileyinin beynəlxalq səviyyədə qeyd olunması onun irsinə göstərilən dərin hörmətin bariz nümunəsidir. Həmçinin şairin əlyazmalarının YUNESKO-nun “Dünyanın yaddaşı” reyestrinə daxil edilməsi onun yaradıcılığının bəşəri əhəmiyyətini təsdiqləyir”.
Təqdimat mərasimində həmçinin Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun “Elmi nəşrlər” şöbəsini müdiri Töhfə Talıbova (onlayn), Azərbaycan Respublikasının Türkmənistandakı fövqəladə və səlahiyyətli səfiri Qismət Gözəlov, Türkmənistanın Məxdumqulu adına Dil, Ədəbiyyat və Milli Əlyazmalar İnstitutunun baş direktoru Davud Orazsahedov çıxış edərək, Məxdumqulu Fəraqinin yaradıcılığının yalnız öz dövrünün deyil, həm də bütün türk dünyasının mənəvi-ədəbi simvoluna çevrildiyini, poeziyasında insanlıq, vətənpərvərlik, ədalət və birliyə çağırış kimi bəşəri dəyərləri tərənnüm etdiyini vurğulayıblar.
Tədbirdə Türkmənistanın mədəniyyət və elm qurumlarının nümayəndələri, Məxdumqulu Türkmən Dövlət Universitetinin professor-müəllim heyəti və tələbələri, Türkmənistanda akkreditə olunmuş diplomatik korpusun üzvləri və KİV təmsilçilərinin iştirak ediblər.
“Ədəbiyyat və incəsənət”
(19.10.2025)
Aşqabadda Mahmud Kaşğari mövzusunda beynəlxalq elmi konfrans keçirilib
15 oktyabr, 2025-ci il tarixində Aşqabad şəhərində (Türkmənistan) Maxdumqulu Türkmən Dövlət Universitetində Türk Mədəniyyəti və İrsi Fondu, Türkmənistanın YUNESKO üzrə Milli Komissiyası, Türkmənistan Elmlər Akademiyası tərəfindən birgə təşkil olunan “Mahmud Kaşğarinin “Divani Lüğət ət-Türk” əsərində Sülh və Etimadın rolu” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, konfrans 2025-ciilin “Beynəlxalq Sülh və Etimad İli” elan olunması və Türkmənistanın daimi neytrallığının 30 illiyinin qeyd olunması çərçivəsində baş tutub.
Türk Mədəniyyəti və İrsi Fondunun layihə rəhbəri Leyla Həsənova bütün iclas iştirakçılarını salamlayaraq Fondun prezidenti xanım Aktotı Raimkulovanın rəsmi təbrik məktubunu oxuyub: “Azərbaycan Respublikasının Qəbələ şəhərində keçirilmiş Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşü zamanı Türkmənistanın Fondun müşahidəçi dövlət statusunda rəsmi olaraq qəbul edilməsi olduqca sevindirici haldır. Türkmənistanın Türk Mədəniyyəti və İrsi Fondu ailəsinin üzvü olmasından böyük şərəf duyuruq”.
Məktubun davamında qeyd olunub: “Mahmud Kaşğarinin dünya filologiyasına və türk mədəni isinə töhfəsi olduqca dəyərlidir. ‘Divani Lüğət ət-Türk’ sadəcə bir lüğət deyil, ümumtürk dilinin, düşüncəsinin və həyat fəlsəfəsinin ensiklopediyasıdır. Bu, danılmaz bir faktdır,” – deyə xanım Aktotı Raimkulovanın fikirləri məktubda əks olunub.
Leyla Həsənova eyni zamanda Fondun fundamental əsərin 950 illik yubileyinə həsr olunmuş fəaliyyəti istiqamətlərindən söz açıb.
Plenar iclasda həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik İsa Həbibbəyli (onlayn), Türkmənistanın YUNESKO üzrə Milli Komissiyasının məsul katibi, Türkmənistanın Qəhrəmanı, fəlsəfə elmləri namizədi Çınar Rüstemova çıxış edərək Mahmud Kaşğarinin “Divani Lüğət ət-Türk” əsərinin türk dünyasının mənəvi və elmi irsində tutduğu əvəzsiz roldan danışıblar.
Konfrans 2 sessiyadan – “Mahmud Kaşğarinin“ Divani Lüğət ət-Türk” əsərində Sülh və Etimadın rolu” və “Mahmud Kaşğarinin “Divani Lüğət ət-Türk” əsərinin filologiyaya qazandırdığı töhfələr” ibarət olub.
Tədbirdə Azərbaycan, Qazaxıstan, Türkiyə, Özbəkistan, Türkmənistan, Moldova, Birləşmiş Ərəb Əmirlikləri, İran İslam Respublikası, Hindistan və digər ölkələrdən qatılmış yüksək səviyyəli alimlərin iştirakı ilə Mahmud Kaşğarinin əsərinin filoloji və mədəni əhəmiyyəti, onun humanitar elmlərin inkişafında rolu, xalqlar arasında qarşılıqlı anlaşmanın möhkəmlənməsinə verdiyi töhfə müzakirə olunub.
“Ədəbiyyat və incəsənət”
(18.10.2025)
Müstəqilliyimiz dönməzdir, əbədidir
İmran Verdiyev,
“Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi
Oğuz rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə Oğuz Peşə məktəbində 18 oktyabr Müstəqilliyin bərpası günü münasibətilə "Bərpa olunmuş müstəqillik: dünən, bugün, sabah" adlı dəyirmi masa keçirilib. İlk öncə Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə Oğuz rayon Heydər Əliyev Mərkəzinin direktoru Mehriban Abbasova açıb. Daha sonra Mərkəzin əməkdaşı Sevinc Rəsulova mövzu haqqında geniş məruzə ilə çıxış edib. Bildirib ki, ötən əsrin sonunda yaranmış tarixi şərait Azərbaycana dövlət müstəqilliyini yenidən bərpa etmək imkanı verdi. Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktının qəbul edilməsindən artıq 34 il ötür. Dövlət müstəqilliyinin bərpası, həm də Azərbaycan xalqının müstəqillik arzusu və azadlıq mübarizəsi nəticəsində mümkün olmaqla Azərbaycanın müstəqilliyi ağır sosial-iqtisadi şəraitdə və xalqımızın ağır sınaqlardan keçdiyi bir dövrdə əldə edildi.Belə ki, müstəqilliyi bərpa etdikdən qısa müddət sonra xalqımız yenidən onu itirmək təhlükəsi ilə üzləşdi. Bir tərəfdən Ermənistanın ölkəmizə qarşı başladığı ərazi iddiaları və elan olunmamış müharibə şəraiti, digər tərəfdən dövlət rəhbərliyində olanların səriştəsizliyi, daxildə gedən siyasi çəkişmələr, vətəndaş qarşıdurması müstəqilliyin beşiyindəcə boğulması təhlükəsini yaradırdı. Belə bir zamanda Azərbaycan xalqının tələbi ilə 1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra müstəqilliyi qorumaq və inkişaf etdirmək mümkün oldu.
Tədbirdə Oğuz Peşə məktəbinin direktor əvəzi Ceyhun Kərimov, məktəbin müəllimi Günay Cəfərova çıxış edərək bildiriblər ki, Bu gün Azərbaycanın üçrəngli Dövlət Bayrağı ölkəmizin bütün şəhər və rayonlarında dalğalanır. Özünün müdrik, uzaqgörən və qətiyyətli Liderinin rəhbərliyi ilə möhtəşəm uğurlara imza ataraq tarixi Zəfər qazanan xalqımız bütün dünyaya göstərdi ki, Azərbaycanın müstəqilliyi əbədidir, dönməzdir.
Sonda Müstəqilliyin bərpası günü münasibətilə videoçarx nümayiş etdirilib.
“Ədəbiyyat və incəsənət”
(18.10.2025)
Novator teatr rejissoru Vaqif İbrahimoğlu
İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Teatr tariximizdə teatr yaradcıları kimlər olubdur? Kimlər teart yaradıblar? Amalya Pənahova Bakı Bələdiyyə Teatrını, Rafiq Tağıyev Rəşid Behbudov Teatrını,Fikrət Məmmədov "Tələbə Teatrı"nı, Arif Quliyev İsmayıl Şıxlının Adını Daşıyan Teatrı, Mikayıl Mikayılov "Dərnəgül Teatrı"nı,Vidadi Sərdarov "Sərdarov Teatrı"nı,Fəxrəddin Manafov "Mədəniyyət Teatrı"nı yaradıblar. Və əlbəttə ki bu sırada Vaqif İbrahimoğlunun yaratdığı Yuğ Teatrı xüsusi yer tutur.
Vaqif İbrahimoğlu 18 oktyabr 1949-cu ildə Bakı şəhərinin Mərdəkan qəsəbəsində anadan olub. 1967-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsinə daxil olmuş, 1972-ci ildə həmin institutu bitirib. 1973–1976-cı illərdə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında aktyor kimi çalışıb.
1976–1979-cu illərdə Azərbaycan Teatr Cəmiyyətinin nəzdindəki Eksperimental Teatr Studiyasında, 1979–1982-ci illərdə Tədris Teatrında Bədii rəhbər, 1982–1989-cu illərdə isə Azərbaycan Dövlət Musiqili Komediya Teatrında baş rejissor vəzifəsində fəaliyyət göstərib.
Azərbaycan Milli Akademik Dram Teatrında, Türkiyənin Ankara və Bursa teatrlarında, Estoniyanın Uqala Teatrında tamaşalar hazırlayıb. 1989-cu ildə yaradıb YUĞ Teatrını, özü də bədii rəhbəri vəzifəsində çalışıb. 1992-ci ildə YUĞ Teatr-Studiyası dövlət statusu alıb.
Vaqif İbrahimoğlu "YUĞ" teatrında 1989-cu ildən həyatının sonuna qədər 90-a yaxın tamaşaya quruluş verib. 22 may 1991-ci ildə Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi fəxri adı ilə təltif olunub.
Teatr Xadimləri İttifaqənən təsis etdiyi "Qızıl Dərviş" mükafatı laureatı, ADMİU-nun dosenti idi. 2006-cı ildən Azərbaycan Respublikası Prezidenti təqaüdü alırdı. Vaqif İbrahimoğlu 12 may 2011-ci ildə Bakıda vəfat edib.
Filmoqrafiya
1. Dantenin yubileyi
2. Bağlı qapı
3. Əlavə iz
4. Qəm pəncərəsi
5. Qurama
6. Otel otağı
7. Dağın nəvəsi
8. Pəri qala
9. Sahə
2019-cu ilin martında Bakıda Vaqif İbrahimoğlunun xatirəsinə həsr olunan "Boş məkanın dolğunluğu" adlı eksperimental tamaşalar festivalı keçirilib.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(18.10.2025)
Vəkilovlardan daha biri – Mehdixan
İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Vəkilov deyincə, ilk ağla Səməd Vəkilov – dahi şairimiz Səməd Vurğun gəlir. Amma redaqoqika tariximizdə yeri olan bir Vəkilov da var, Səmədin böyük qardaşı. Bu gün onun doğum günüdür, anadan olmasının tam 123-cü ildönümüdür. Gəlin ruhuna dualar oxuyub da bir qədər həyat hekayəsinə nəzər yetirək.
Mehdixan Vəkilov 1902-ci il iyun ayının 15-də Qazax qəzasının Yuxarı Salahlı kəndində doğulub. Dörd sinifli kənd məktəbini bitirdikdən sonra Cənubi Qafqaz müftisi Hüseyn əfəndi Qayıbzadənin Tiflisdə təsis etdiyi pansion tipli məktəbə göndərilib. O, 1918-ci ildə Zaqafqaziya (Qori) Müəllimlər seminariyası əsasında təşkil edilən Qazax Müəllimlər Seminariyasına daxil olub, 1924-cü ildə həmin tədris ocağını bitirib
Gənc nəslin tərbiyə edilməsi, xalqın maariflənməsi sahəsində böyük səylər göstərən Mehdixan Vəkilov Gəncə qəzası məktəblərində müfəttiş, Quba qəza maarif şöbəsinin müdiri və Şuşa şəhərində təşkil olunmuş müəllimlər kursunun müdiri vəzifəsində çalışıb.
1926–1931-ci illərdə Lenin adına Universitetdə (sonralar Azərbaycan Pedaqoji İnstitutunda) təhsilini davam etdirdiyi dövrdə də vurğunu olduğu sevimli peşədən ayrılmayıb, Balaxanı, Suraxanı fabrik-zavod məktəblərində İctimaiyyət fənnindən dərs deyib. Həmin məktəblərdə onun tələbələri arasında sonralar məşhurlaşan görkəmli yazıçı Mirzə İbrahimov və tanınan şərqşünas alim Məmmədağa Sultanov da var idi.
O, 1931–1934-cü illərdə Qəbələdə müəllim olub, Gəncədə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda, Bakı kolxoz məktəbində ictimai elmlərdən dərs deyib, 1934–1938-ci illərdə Xalq Maarif Komissarlığında müfəttiş, 1938–1941-ci illərdə Respublika Xalq Komissarları Soveti nəzdində İncəsənət işləri idarəsində teatr şöbəsinin müdiri və Elmlər Akademiyası Azərbaycan filialının tarix institutunda şöbə müdiri vəzifələrində çalışıb.
Mehdixan Vəkilov İkinci dünya müharibəsi başlayandan sonra 1941-ci ilin sentyabr ayında Təbriz şəhərinə ezam olunub və 1942-ci ilin may ayına kimi orada “Vətən Yolunda” və“Qızıl Ordu” qəzetlərində (“Qızıl Ordu”nun redaktoru Mirzə İbrahimov olub), eləcə də Təbriz ziyalılarının nəşr etdikləri "Azərbaycan" (redaktoru İsmayıl Şəms) qəzetində əməkdaşlıq edərək, İran Azərbaycanında antiimperialist və antifaşist təbliğatının genişlənməsində səmərəli fəaliyyət göstərib. Və əlbəttə ki, bu fəaliyyətdə əsas yön iki Azərbaycanın ən azı mənəvi birləşməsi olubdur.
1942-ci ilin sentyabr ayından Mehdixan Vəkilov Qazax Rayonu Zəhmətkeş Deputatları İcraiyyə Komitəsinin sədri işləyib, həmin ilin noyabr ayından 1945-ci ilin may ayına qədər Ağstafa rayonuna rəhbərlik edərək, cəbhəyə ümumxalq yardımının güclənməsində fəal iştirak edib.
Kitabları
1. Minin və Pojarski
2. Cavanşir (roman)
3. Azərbaycanda mədəniyyətin çiçəklənməsi
4. Ömür dedikləri bir karvan yolu
5. Anadillər
Qeyd etdik, o, Xalq şairi Səməd Vurğunun böyük və yeganə qardaşıdır, həm də diplomat Cavanşir Vəkilovun atası, xalq yazıçısı Yusif Səmədoğlunun əmisi, xalq şairi Vaqif Səmədoğlunun da əmisidir.
18 oktyabr 1975-ci ildə vəfat edib.
“Ədəbiyyat və incəsənət”
(18.10.2025)
Azərbaycanın xalq artisti Gülnaz İsmayılovanın doğum günüdür
İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Vokal, klassik musiqi, opera sənəti – bu sahələr həssas sahələrdir, hazırkı internet, sosial media əsrində bayağı musiqinin hegomonluğu bu sahələrə diqqət və qayğı tələb etməkdədir.
Gülnaz İsmayılova 1960-cı ildə Bakı şəhərində anadan olub. Bakı Musiqi Akademiyasının ifaçılıq (fortepiano) və vokal fakültələrini bitirib. Musiqi ifaçılarının Zaqafqaziya müsabiqəsinin laureatı (1985) və vokalçıların Bülbül adına 1 Beynalxalq müsabiqəsinin diplomatı (1997) olub.
1994-cü ildən Bakı Musiqi Akademiyasında pedaqoji fəaliyyətlə məşğul olur. Solo oxuma və opera hazırlığı və fortepiano kafedrasının müəllimidir.
2001-ci ildən Azərbaycan Dövlət Opera və Balet Teatrının solistidir. Gülnaz İsmailova F. Əmirovun "Min bir gecə" baletində vocal partiyasını da çox bacarıqla ifa edir. Dövlət Xor Kapellası və Ü. Hacıbəyli adına Simfonik orkestrin müşayiəti ilə konsert fəaliyyəti ilə də məşğul olur. ABŞ, Meksika, Almaniya, Çexiya, Türkiyə, Fransa, Şimali Kipr, Misir, Rusiya, Ukrayna, Belorus, Moldova, Qırğızıstan və s. ölkələrdə qastrol səfərlərində olub.
2006-cı ildə Azərbaycan Respublikasının Əməkdar Artisti, 27 may 2018-ci ildə Azərbaycanın xalq artisti fəxri adına layiq görülüb.
8 may 2025-ci ildə Prezident Mükafatına layiq görülüb
“Ədəbiyyat və incəsənət”
(18.10.2025)
18 Oktyabr – Müstəqilliyin bərpası günüdür
Şərəf Cəlilli,
Filologiya üzrə fəlsəfə doktoru, “Ədəbiyyat və incəsənət” üçün
Biz azadıq, biz müstəqilik, kimsə bizim İstiqlalımızı əlimizdən ala bilməz!
Tarixə müharibələr, inqilablar,repressiyalar,elmi nailiyyətlər, texniki tərəqqilər əsri kimi daxil olan ötən əsrin əvvəlində Çar Rusiyasında cərəyan edən hadisələr nəticə etibarı ilə Güney Qafqazın siyasi mənzərəsini dəyişdi. Qafqaz Seyminə daxil olan Azərbaycanın “İstiqlal Bəyannaməsi”nə imza atması ilə Şərqin ilk Demokratik Cumhuriyyəti quruldu. Məhz həmin tarixi mərhələdə Manna, Midiya, Atropatena, Şirvanşahlar, Atabəylər, Qaraqoyunlular, Ağqoyunlular, Səfəvilər, Əfşarlar, Qacarlar kimi qüdrətli dövlətlər quran Azərbaycan xalqı “Gülüstan” və “Türkmənçay” müqavilələrindən sonra imperiyaların əsarətinə son qoyaraq “Bizim də yaşamaq, azad yaşamaq hüququmuz var!”- deyib İstiqlaliyyətini bəyan etdi. Cəmi 23 ay fəailliyət göstərən, Tiflis, Gəncə, Bakı taleyi yaşayan Cumhuriyyət Bolşevik Rusiyasının Qırmızı terroru ilə iflasa uğrasa da, “Bir kərə yüksələn bayraq bir daha enməz!”- nidası ilə yenidən Əbədi İstiqlala qovuşacağı günə inamını itirmədi.
Milli mücahidlərin savaşı, xalqın haqq davası Müstəqilliyin bərpası ilə nəticələndi
1988-ci ilin Meydan hərəkatı ilə İmperiyanın üstünə yeriyən Azərbaycan xalqı 20 Yanvar dəhşətləri ilə sınağa çəkilməsinə baxmayaraq Milli Mücadilədən dönmədi. Aparılan gərgin mübarizə nəticəsində xalq istəyinə nail oldu. 1991-ci il avqustun 30-da Azərbaycan Respublikası Ali Sovetinin növbədənkənar sessiyasında qəbul edilən “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyini Bərpa Etmək Haqqında” Bəyannamə azadlığın, Əbədi İstiqlalın ilk rəsmi sənədi kimi tarixə düşdü.
1991-ci il oktyabrın 18-də ölkə əhalisi daha cəsarətli bir addım atdı. Həmin gün “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında” Konstitusiya Aktı yekdilliklə qəbul edildi. Beləliklə, Azərbaycan xalqı üstündən 73 il ötəndən sonra bir daha dünyaya bəyan etdi: Biz azadıq, biz müstəqilik! Biz “İstiqlal Bəyannaməsi”nə imza atan, Şərqin ilk Demokratik Cumhuriyyətini, ilk Avropa tipli Universitetini quran, qadına seçmək, seçilmək hüququnu Avropadan 70 il öncə verən Cumhuriyyət Qurucularının varisləriyik. Kimsə bizim İstiqlalımızı əlimizdən ala bilməz, kimsə bizi haqq davamızdan döndərə bilməz!
Milli mücahidlərin savaşı, xalqın haqq davası milli müstəqilliyin bərpası ilə nəticələndi. Qısa zaman kəsiyində ölkəmiz beynəlxalq aləmdə nüfuz sahibinə çevirildi. 1920-ci ildə Versal Sülh konfransında tanınaraq dünya dövlətləri sırasında yerini tutduqdan 71 il sonra da, Cumhuriyyət dönəmində olduğu kimi onun özgürlüyünü tanıyan ilk ölkə Türkiyə Cümhuriyyəti oldu. 1991-ci ilin noyabrına təsadüf edən bu tarixi hadisədən sonra Rumıniya, Pakistan, İsveçrə, İran, ABŞ, Rusiya və digər dövlətlər Azərbaycanın suverenliyini, müstəqiliynin tanıdılar. 1992-ci il martın 2-də isə üçrəngli, hilallı, ulduzlu bayrağımız BMT-nin binasında dalğalandı. Ölkəmiz beynəlxalq aləmin bərabərhüquqlu üzvünə çevrildi.
Müstəqillik asanlıqla qazanılmadığı kimi, asanlıqla da qorunmadı. Dövlətçiliyimizin ilk illəri ağır sınaqlarla baş-başa qaldı. Ermənistanın ölkəmizə qarşı ərazi iddiaları, 30 il davam edən Ermənistan- Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, qanlı müharibə, Qarabağın və Şərqi Zəngəzurun işğalı, daxili çəkişmələr, vətəndaş qarşıdurması, kədərli olsa da etiraf edək ki, səriştəsiz rəhbərlik əldə olunan tarixi nailiyyəti, müstəqilliyi təhlükə ilə üz-üzə qoydu.
Liderin dərin zəkası, iradəsi, dövlət idarəçilik təcrübəsi ölkəni iflasdan səfalətdən xilas etdi
1985-ci ildən, Qarbaçovun Azərbaycana qarşı təcavüzkar mövqeyindən, Qərbi Azərbaycanın bütövlüklə boşaldılmasından, Dağlıq Qarabağda münaqişə ocağının körüklənməsindən, SSRİ Nazirlər Soveti sədrinin müavini vəzifəsindən istefa verən, 20 Yanvar dəhşətlərindən sonra Kommunist Partiyasından imtina edən Ulu Öndər Heydər Əliyev Vətənin xilası üçün doğma yurduna döndü.
Siyasi fəaliyyətinin Naxçıvan mərhələsindən sonra tarix yenidən öz xilaskarını səhnəyə çıxardı. 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə Qayıdışı Azərbaycanın, Azərbaycan xalqının taleyini dəyişdi. Parçalanmaq təhlükəsi ilə üz-üzə qalan dövlət, milli genefondu tükənmək üzrə olan məmləkət məhz onun, o, qüdrətli Liderin dərin zəkası, iradəsi, dövlət idarəçilik təcrübəsi, uzaqgörən siyasəti sayəsində iflasdan, səfalətdən, vətəndaş müharibəsindən, qardaş qırğınından xilas oldu. Ölkədə sabitlik, əmin-amanlıq bərpa edildi. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin dayandırılması üçün, Ermənistanla Azərbaycan arasında“Atəşkəs müqaviləsi” imzalandı. “Əsrin müqaviləsi” ilə iqtisadi islahatlar başlanıldı. Ulu Öndər Heydər Əliyevin “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir!” kəlamı müstəqil Azərbaycanın inkişaf strategiyasının təməl prinsipinə çevrildi. “Azərbaycanın müstəqilliyi daimidir, əbədidir, dönməzdir!” nidası ilə ölkənin kompleks inkişafına nail olan Ulu Öndər Tarixi Zəfərin konturlarını müəyyənləşdirməklə kifayətlənmədi. Azərbaycan xalqının taleyini daha etibarlı əllərə, özü qədər inandığı Liderə- Müzəffər Ali Baş Komandan İlham Heydər oğlu Əliyevə etibar etdiyini dilə gətirdi. Ulu Öndərin mənəvi və siyasi varisi olaraq ölkənin iqtisadi potensialını intellekt kapitalına çevirən, qüdrətli ordusu, əzəmətli ölkəsi, əyilməz iradəsi, dönməz xarakteri ilə tarixi qərarlar alan prezident İlham Əliyev Müstəqil Azərbaycan Respublikasından, Şərqin ilk Demokratik Cumhuriyyətinə daha etibarlı bir körpü saldı . “15 oktyabr 2021-ci il tarixli qanuna əsasən 28 May Müstəqillik Günü, 18 Oktyabr isə Müstəqilliyin Bərpası Günü kimi təsbit olundu.
Bu qərar Azərbaycan dövlətinin iki mərhələli, lakin eyni amal uğrunda istiqlal və suverenlik yolunda mübarizə əzmini özündə ehtiva etdi. Bu gün Azərbaycanın suverenliyi yalnız tarix kitablarında yazılmır. Tikilən, qurulan Vətən torpağının hər bir guşəsində Əbədi İstiqlalın havası duyulur.
“Yaşa, yaşa, çox yaşa Azərbaycan!”
“İstiqlal Bəyannaməsi” ilə mənsub olduğu millətin qüdrətini, əzəmətini, hürriyyət, istiqlaliyyət sevdasını dünyaya bəyan edən, yoxdan bir Bayraq yapıb, Dövlət quran, “Yaşa, yaşa, çox yaşa Azərbaycan!” nidası ilə repressiyanın, mühacirətin burulğanında əriyən 44 Mücahidin varisləri 1991-ci ildə qürurla Müstəqillik Aktına imza atıb, Leninin, Kirovun, Marksın, Engelsin, Şaumyanın, “26-lar”ın abidələrini söküb yerində Əbədi Məşəl Kompleksini qurdu. Şəhidlər Xiyabanını saldı, Lenin meydanını Azadlıq meydanına çevirdi. 44 günlük Vətən Müharibəsində, haqq davasında isə dünyaya sübut etdi ki, o, ölümü gözə alıb: “Bizim də yaşamaq, azad yaşamaq hüququmuz var!” nidası ilə Müsəlman Şərqində ilk Demokratik Cümhuriyyəti quran liderlərin çatdığı İstiqlal Məşəlini kimsə söndürə bilməz! Məhəmməd Əmin Rəsulzadə, Əlimərdan bəy Topçubaşov, Fətəli xan Xoyski, Həsən bəy Ağayev, Nəsib bəy Yusifbəyli, Əli Əsgər bəy Mahmudbəyov, Firudin bəy Köçərli, Xudadat bəy Rəfibəyli, Xudadat bəy Məlik-Aslanov, Məmmədhəsən Hacınski kimi tarixi şəxsiyyətlərin, “Ağıl olan yerdə zora ehtiyac yoxdur!” nidası ilə siyasi hakimiyyətinin hər iki mərhələsini mənsub olduğu millətin Əbədi İstiqlal sevdasının, özgürlük, hürriyyət, istiqlaliyyət adlı haqq davasının tərcümanı, Ulu Öndər Heydər Əliyevin ruhunun davamı olan millət yenidən qılınca söykəndi. “Kimsənin bir qarış torpağında gözümüz yoxdur. Kimsəyə də bir qarış torpaq vermərik. Bizim işimiz haqq işidir. Biz Zəfər çalacağıq. Qarabağ Azərbaycandır!” həqiqəti ilə taleyin sərt üzündən özü öz tarixi torpaqları ilə həmsərhəd olan Vətənin, Odlar Yurdu Azərbaycanın qisasını qiyamətə qoymayan, mənsub olduğu milləti, məmləkəti Xudafərin körpüsündə, Şuşa qalasında bayrağa döndərən, Liderinə arxalanan millət Lider-Xalq birliyinin nümunəsi kimi zülmətləri yardı, Şuşa qalasına ruh bədənə girən kimi girdi. 30 illik işğala, intizara son qoydu.
“Ümid körpüsü”nü qurmaqla “Qars Bəyannaməsi”ndən “Şuşa Bəyannaməsi”nə uzanan yolu göstərən Ulu Öndərin Varisi müstəqilliyin yenicə əldə olunduğu ərəfədə ABŞ-nin təhdid dolu “907-ci düzəlişi”nin üstündən xətt çəkdirməklə, “Beynəlxalq sülh və rifah naminə Tramp marşrutu”na imza atmaqla müstəqillikdən böyük sərvətin olmadığını dünyaya nümayiş etdirdi. Azərbaycanı Türküstandan Çin səddinə, Doğudan Batıya uzanan yolun körpüsünə çevirməklə, tarixi İpək Yolunun bərpasına nail olan, Zəngəzur dəhlizi ilə “Şərqin, Türkün qapısı” adlandırılan, Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvanın qolundan buxovu açıb zənciri qopardı. Cıdır düzündəki tarixi çıxışı, “Əgər kimsə revanşist addımlar atmaq istəyirsə, Biz buradayıq! Dəmir Yumruq da yerində!” nidası ilə daşnaqlara yerini göstərdi.
Yer üzünün, insanın, insanlığın nicatının sülhdə, sabitlikdə, əmin-amanlıqda, tolerantlıqda, hörmət, məhəbbət, mərhəmət dolu duyğularda, birlikdə, bütövlükdə olduğunu dünyaya sübut edən, Lider – Varis dastanı ilə tarix yaradan, 44 fədainin – Cumhuriyyət Qurucusunun, “Biz o torpaqlara qayıdacağıq, mütləq qayıdacağıq!” inamı ilə Müasir Azərbaycanın memarı Ulu Öndər Heydər Əliyevin yarımçıq arzularını gerçəyə çevirən, “İstiqlal Bəyənnaməsi”nə, Müstəqillik Aktına imza atan mücahidlərin şərəfinə dünyanın ən əzəmətli Bayraq Meydanını quran, Sərkərdə-xaqan ucalığı ilə kürsüləri fəth edən, “Konstitutsiya və suverenlik ili” ilə bağlı imzaladığı sərəncamla müqəddəs ruhları şad edən, “Mən xoşbəxt adamam ki, ata vəsiyyətinə əməl etdim!” nidası ilə General atasının hüzurunda Müzəffər Ali Baş Komandan kimihesabat verən, Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin varisi olduğunu təsdiq etdi.
Millət, məmləkət də insan kimidir, Yaddaşı ilə yaşayır
18 oktyabr Milli Müstəqilliyin Bərpası günüdür! O sadəcə bir tarix deyil. Onun əzəmətini dəryalar mürəkkəb, meşələr qələm olsa belə, yazıb qurtara bilməz. Onda dərisi soyulan zaman əbədiyyət üfüqlərində doğan günəş kimi rəngi saralan Seyid İmadəddin Nəsiminin, qolları budananda “40 il qul kimi yaşamaqdansa, bir gün azad yaşamaq xoşbəxtlikdir” deyən Babək Xürrəminin, “Bizim də yaşamaq, azad yaşamaq hüququmuz var”, “Yaşa, yaşa, çox yaşa Azərbaycan” heyrətilə ölümün, repressiyanın, mühacirətin ağuşuna atılan Cümhuriyyət Qurucularının, “Azərbaycan, mənim baxtsız anam oy!”, “Ya azad ol, ya tamam yan, Azərbaycan!” harayı ilə qələm çalan Almas İldırımın, Əhməd Cavadın, “Azərbaycan gec qızan bir daş qazana bənzər, o gec qızar, gec də soyuyar!” nidası ilə Savalanın ətəyində, Ərk qalasında qılınc sıyıran Şeyx Məhəmməd Xiyabaninin, Səttarxanın, Pişəvərinin harayı var!
Millət, məmləkət də insan kimidir. Yaddaşı ilə yaşayır. Nə yaxşı ki, Odlar Yurdu Azərbaycan adında qüdrətli bir diyar, ölkə, məmləkət var! Nə yaxşı ki, onun yolunda hər an savaşa, mücadiləyə hazır olan millət var! Və nə yaxşı ki, o qüdrətli millətin, məmləkətin iradəsinin tərcümanı olan Prezident İlham Əliyev adlı müstəqilliyin qarantı, Birliyin, Bütövlüyün, Tarixi Zəfərin rəmzi, simvolu olan bir Lider – Sərkərdə-xaqan var! Kimliyindən asılı olmayaraq millət, məmləkət Liderinə, Lider də qopub gəldiyi müqəddəsliyə bağlıdır.
Hürriyətdən gözəl nemət, İstiqlaliyyətdən qiymətli sərvət, Müstəqillikdən – Özgürlükdən şirin səadət yoxdur! Onu bizə ərməğan edənlərin, tutiya bilib gələcəyə ötürənlərin ruhu şad, keşiyində duranların məqamı uca olsun!
“Ədəbiyyat və incəsənət”
(18.10.2025)


