Gənclər Kitabxanası Silahlı Qüvvələr Günü münasibətilə hazırladığı materialları geniş istifadəçi auditoriyasına təqdim edir Featured

Azərbaycan xalqının Ümummilli Lideri, Müasir Azərbaycan Ordusunun qurucusu Heydər Əliyevin 1998-ci il mayın 22-də imzaladığı fərmanla 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan edilmişdir. Ulu Öndər Heydər Əliyevin bu fərmanı tarixi həqiqətin və Milli Ordu quruculuğunda varislik ənənələrinin bərpası istiqamətində çox gərəkli bir addım idi. Artıq beşinci ildir ki, 26 iyun - Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü fərqli əhvalda - Qələbə ovqatında qeyd edilir.

 

“Ədəbiyyat və incəsənət” portalına Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasından verilən məlumata görə, kitabxanada 26 iyun Silahlı Qüvvələr Günü ilə əlaqədar  virtual və ənənəvi sərgi, videoçarx və “Qalib və müzəffər Azərbaycan ordusu” adlı daycest hazırlanmışdır.

Kitabxananın əməkdaşları tərəfindən hazırlanan videomaterialda Silahlı Qüvvələr Gününün keçdiyi tarix yolu, bu günün əhəmiyyəti haqda məlumat verilir. Materialda AXC dövründə Milli ordunun yaradılması, Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəldikdən sonra  Azərbaycan ordusunun inşafındakı rolunu əks etdirən maraqlı məlumatlarla yanaşı, müasir Azərbaycan ordusunun görüntüləri də yer alır.

Videomaterial kitabxananın rəsmi saytında https://www.ryl.az/multimedia/qalib-azerbaycan-ordusu  yerləşdirilib.

26 iyun Silahlı Qüvvələr Günü haqqında qələmə alınan dövrü mətbuat məqalələrinin biblioqrafik təsvirini, annotasiyasını və keçid linkinı özündə cəmləyən daycestin hazırlanmasında əsas məqsəd geniş istifadəçi kütləsini qalib və müzəffər Azərbaycan ordusu haqqında dərc olunmuş materiallarla tanış etməkdən ibarətdir. Kitabxananın rəsmi saytında https://www.ryl.az/funds/daycest  yerləşdirilmiş vəsaitdə bir sıra rəsmi sənədlərin və “Heydər Əliyevin qətiyyəti, cəsarəti və siyasi iradəsi ilə qurulan ordu” adlı məqalənin tam mətni təqdim edilir. Əsasən 2021-2025-ci illəri əhatə edən məqalələr toplusu vəsaitdə illər üzrə, daxildə isə əlifba ardıcıllığı ilə verilmişdir.

 “26 iyun - Silahlı Qüvvələr Günü” adlı ənənəvi kitab sərgisində isə Silahlı Qüvvələr Gününün tarixini, əhəmiyyətini əks etdirən nəşrlər və kitabxana əməkdaşları tərəfindən hazırlanmış vəsait sərgilənməkdədir.

 

“Ədəbiyyat və incəsənət”

(26.06.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.