Qırğızıstanda Mədəniyyətlərarası ilk Gənclər Düşərgəsi keçirilib Featured

Qırğızıstanın İssık-Kul gölünün sahilində Azərbaycan Respublikasının Diasporlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Qırğız Respublikası Azərbaycanlılarının "Birlik" İctimai Birliyinin təşkilatçılığı ilə Mədəniyyətlərarası ilk Gənclər Düşərgəsi keçirilib. Düşərgədə hər iki ölkədən nümayəndələr, o cümlədən Qırğızıstan Xalq Assambleyasının üzvləri yer alıblar.

 

“Ədəbiyyat və incəsənət” portalına Komitədən verilən məlumata görə, bu düşərgənin əsas məqsədi Azərbaycan və Qırğız xalqlarının tarixini, dilini və adət-ənənələrini tanıtmaq, interaktiv fəaliyyətlər vasitəsilə qarşılıqlı anlaşmanı möhkəmləndirmək və çoxdilli, yaradıcı mühitdə ortaq layihələrə zəmin yaratmaq olub.

Düşərgədə qırğız, Azərbaycan və rus dillərində ünsiyyət imkanları genişləndirilib. İştirakçılar xalq rəqsləri və musiqidən tutmuş müasir incəsənət layihələrinədək müxtəlif sahələrdə birgə yaradıcılıq fəaliyyətinə cəlb olunublar.

Tədbirin proqramı “Rux-Ordo” kompleksinə səfər, tonqal ətrafında keçirilən axşamlar, rəqs yarışları və göl sahilində təşkil olunan gəzintiləri əhatə edib.

“Biz gənclərin bir-birinin mədəniyyətinə böyük marağına, ünsiyyət üçün səmimi istəyinə şahid olduq. Gənclərin belə həvəslə iştirakı millətlərarası harmoniyanın möhkəmləndirilməsi və humanitar əlaqələrin inkişafı üçün bu cür layihələrə ehtiyac olduğunu təsdiqləyir",- deyə Qırğız Respublikası Azərbaycanlılarının "Birlik" İctimai Birliyinin rəhbəri Xansıvar Baxşəliyev bildirib. O, həmçinin Azərbaycan Respublikasının Diasporlarla İş üzrə Dövlət Komitəsinə, Qırğızıstanın Mədəniyyət, İnformasiya və Gənclər Siyasəti Nazirliyinə, Dövlət Dili və Dil Siyasəti üzrə Milli Komissiyasına və Qırğızıstan Xalq Assambleyasına tədbirin təşkilinə göstərdikləri dəstəyə görə təşəkkür edib.

Panel iclasında mədəniyyət, informasiya və gənclər siyasəti nazirinin müavini Marat Taqayev, Dövlət Dili və Dil Siyasəti üzrə Milli Komissiyanın sədri Melis Murataliyev, Azərbaycan Respublikasının Diasporlarla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Əli Baytalov çıxış ediblər.

İssık-Kul sahilində reallaşan bu layihə iki ölkənin yeni nəslinin gələcək görüşləri, yaradıcı əməkdaşlığı və uzunmüddətli münasibətləri üçün sağlam zəmin formalaşdırıb.

Təşkilatçılar bu təşəbbüsün ənənəyə çevriləcəyinə və gələn il daha geniş miqyasda keçiriləcəyinə ümidvar olduqlarını bildiriblər.

Tədbirin sonunda iştirakçılara Təşəkkürnamə təqdim edilib.

 

“Ədəbiyyat və incəsənət”

(26.06.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.