Super User

Super User

Cümə, 29 Avqust 2025 15:03

Üç pişik – OLMUŞ HADİSƏ

Aynur İsmayılova, “Ədəbiyyat və incəsənət”

 

 

Bir səhər yuxudan oyandığımda damın üstündə 3 pişik gördüm. Biri qara, digər ikisi isə ağ-qara rəngdə idi. Sanki əkiz balalar idi. Məsafə uzaq olduğuna görə aydın seçmək olmurdu. Qara olan digər ikisindən böyük, hərəkətləri isə iti idi. Düşündüm ki, bu bala pişiklərin anasıdır. Sakitcə dayanıb onları izləməyə başladım. Ana pişiyin nəsə etməyə çalışdığını gördüm. O an içimdə baş qaldıran həvəs, edəcəyim bütün işlərdən daha güclü idi.

 

Ana pişik onları damdan aşağı düşürmək istəyirdi. Onların ora necə çıxdığı barədə heç bir təsəvvürüm yox idi. Çox balaca idilər. Sanki bu damda dünyaya göz açmışdılar. Bu vaxta qədər onları orada heç görməmişdim. Gördüyüm mənzərədə isə hiss etdiyim qara pişiyin balalarını damdan aşağı endirməyə çalışması idi. Hərəsi bir tərəfdə dayanmış balaca balalar diqqətlə analarının nə etməyə çalışdığına baxırdı. Ana pişik nərdivanın pilləkənlərinə çıxdı, cəld hərəkət edərək aşağıya doğru düşməyə başladı. Bu onun üçün adi bir hərəkət idi. Heç çətinlik çəkmədən təkrar yuxarı dırmandı. Bala pişiklər üçün isə bu yeni və qorxulu bir addım idi. Onlar bu mənzərə qarşısında heç nə edə bilmirdi. Sadəcə kənardan baxaraq səssizcə dayanmışdılar. Ana pişiyin bütün cəhdləri boşa çıxırdı; balaların heç biri yerindən tərpənmək fikrində deyildi.

Bir müddət sonra pişik bu təkrarlanan hərəkətlərin boşa olduğunu hiss etdi və özü nərdivandan aşağı enərək yoxa çıxdı. Hara və nə üçün getdiyini anlaya bilmədim.

Bir müddət yalnız qalan bala pişikləri izlədim. Bir neçə dəqiqə sonra pişiklərdən biri yavaş-yavaş nərdivanın yanına yaxınlaşdı. Aşağıya doğru baxdı və enmək üçün ayağını nərdivanın ilk pilləkəninə qoydu. Birinci cəhd uğursuz oldu; o, aşağı enə bilmədi. Özünü geri çəkdi. Bir müddət aşağı baxdı, lakin bir daha ora yaxınlaşmadı. Digər bala pişik isə yerində dayanıb öz pəncəsi ilə üzünü, qulaqlarını tumarlayırdı. Onun üçün sanki baş verənlərin heç bir əhəmiyyəti yox idi.

 

Bir müddət daha bala pişikləri izlədim. Dəyişən heç nə yox idi. Nə ana pişik görünürdü, nə də bala pişiklər aşağı enməyə cəhd edirdi. Həvəsimin azaldığını hiss edərək izləməyə davam etmədim. Ancaq onların aşağı necə enəcəkləri məni düşündürməyə davam edirdi.

Günorta çağı mən öz işlərimi bitirib həyətə düşdüm. Həyətdə gördüyüm mənzərə qarşısında təəccübümü gizlədə bilmədim. Bala pişiklərin hər ikisi hündür otların arasından boylanırdı. Hər ikisi yemək üçün bir şeylər axtarırdı. Bala pişiklərdən biri yavaş-yavaş mənə tərəf yaxınlaşırdı; bununla sanki ac olduğunu, yeməyə bir şey istədiyini göstərməyə çalışırdı. Digər pişik isə otların arasından tərpənmirdi. Çox gözlədiyimə baxmayaraq, onların damdan necə düşdüyünü, bura necə gəldiklərini görə bilmədim. Bu mənim üçün bir sirr olaraq qaldı. Ana pişik isə yenə də ətrafda görünmürdü.

 

“Ədəbiyyat və incəsənət”

(29.08.2025)

 

Cümə, 29 Avqust 2025 14:31

VAQİF SƏMƏDOĞLU, “Füzuliyə...”

Manşet

 

Mütaliə mədəniyyəti

 

 

 

Azərbaycan Ədəbiyyat Fondunun “Yazıçı” nəşriyyatında Xalq yazıçısı Anarın “2=3+4, yaxud iki ailədə üç Xalq yazıçısı, dörd Xalq şairi” adlı kitabı işıq üzü görüb. Nəfis tərtibatlı, illüstrasiyalı kitab Azərbaycan ədəbiyyatı irsinə böyük töhfələr vermiş iki nəsildən, onlar barədə həqiqətlərdən və onların ədəbi nümunələrindən ibarətdir.

 

608 səhifəlik bu unikal kitabı tərtib edən Xalq yazıçısı Anar uzun illər ərzində təkcə öz yazdıqlarını yox, qəhrəmanlarının – Səməd Vurğun, Rəsul Rza, Nigar Rəfibəyli, Vaqif Səmədoğlu, Ənvər Məmmədxanlı və Yusif Səmədoğlunun yazdıqlarını eyni ideya-estetik yaradıcılıq məcrasına qoşaraq, onları eyni axında birləşdirərək ən yeni ədəbiyyatın ən milli paradiqması olaraq təqdim edibdir.

 

“Ədəbiyyat və incəsənət” portalı kitabdan hissələri oxucularına təqdim edir. Anar qəhrəmanlarının ən populyar əsərlərini bir daha yaddaşlarda təzələyir:

 

 

VAQİF SƏMƏDOĞLU,

       FÜZULİYƏ

 

Bu gün dənizi siləndə

Gilavarın yaylığı

Yenə dindi təkliyimin

Yorğun söz azadlığı…

Sən bəlkə də sevinərdin

Baxıb dənizə sarı.

Axı yuxuna girməzdi

Rus çarının tankları…

Bilirsənmi, vaxt dəyişib,

Məcnun fit çalır tində.

Özbəklər xələt paylayır

Sənin yubileyində…

Bilirsənmi, artıq kəsib

Ümid keçən yolları

Tikilməmiş türmələrin

Hörülməmiş hasarı…

Gecə yarı, ay sapsarı,

Nə yapışmışam səndən?

Yəhərlənməmiş dünyanın

Yıxılıram belindən…

 

“Ədəbiyyat və incəsənət”

(29.08.2025)

 

Cümə, 29 Avqust 2025 14:04

Qalmaqal da var, istedad da

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Özünəməxsus publikası olan müğənnilərdən biri də Azərbaycanın əməkdarartistiAbbasBağırovdur.

Şou biznesdə bəzən qalmaqallarla da gündəmə gəlir, elə “Aləm gözəl” mahnısının müəllifliyi ilə bağlı illərlə davam edən layları desək, bəs edər. Bununla belə, istedadlı müğənnidir, öz dəst-xətti var, ifası da gözəldir.

 

29 avqust 1982-ci ildə Gəncə şəhərində, ziyalı ailəsində anadan olub. 1988-ci ildə Gəncə şəhərində 34 nömrəli orta məktəbə daxil olub və eyni zamanda Gəncə şəhəri 2 nömrəli musiqi məktəbində fortepiano üzrə Kamal Şirinovdan dərs alıb. 1998-ci ildə məktəbi bitirib. 2000–2002-ci illərdə Tərtər rayonundakı Maliyyə İqtisad kolecində təhsil alıb. 2002-ci ildən musiqi ilə ciddi məşğul olmaq üçün Bakı şəhərinə gəlib və vokal sənətini ciddi öyrəni öyrənərək müxtəlif sənətkarlardan dərs alıb.

2002-ci ildən Azərbaycanın əməkdar artisti Ənvər Sadıqov ilə çalışmağa başlayıb. Gəncədə yaşayarkən uşaqlıq dostu olan pianoçu və aranjmançı Samir Şirinovla birgə çalışıb. 2003–2005-ci illərdə Bakı Musiqi Akademiyasının müəllimlərindən dərslər alıb. Bakı şəhərində keçirilən bir çox festivallarda laureat olub. Həmçinin Türkiyə, Rusiya, Fransa, İtaliya, Amerika və digər Avropa ölkələrində təşkil olunan festivallarda da Azərbaycanı təmsil edib.

 2005–2009-cu illərdə "A-trio" adlı qrup yaradıb. Lakin bir müddət sonra qrup dağılıb. 2006-cı ildə "Sarı gəlin" xalq mahnısına qısametrajlı film-klip çəkdirib.

2007-ci ildə Gəncə şəhərinin 2500 yaşıyla əlaqədər şəhər icra hakimiyyətinin önündəki meydanda konsert verib. Son bir neçə ildir ki, özü də mahnı yazır: həm sözlərini, həm muqiqisini. Bu bəstələri, həm özü, həm də bir çox digər müğənnilər ifa edirlər. 2011-ci ildə Azərbaycan prezidenti İlham Əliyevin imzaladığı sərəncama əsasən Azərbaycan Respublikasının Əməkdar Artisti fəxri adına layiq görülüb.

 

- Diskoqrafiya

Mahnılar

1. Bakım mənim

2. Sevgilim

 

Albomlar

1. Cənnətdir Bakı

2. Yağış

3. Aldanma

4. Heç nə istəmirəm

5. Aləm gözəl

6. Sev məni

 

Kliplər

1. Cənnətdir Bakı

2. Eşqin məhəbbəti

3. Son Dəfə

4. Aldanma

5. Balamın balası

 

- Filmoqrafiya

1. Qış nağılı

2. Məhəllə

3. Məhəllə 2 Moskvada

4. 3 bacı

 

“Ədəbiyyat və incəsənət”

(29.08.2025)

 

Könül, “Ədəbiyyat və incəsənət”

 

MÜTALİƏ MƏDƏNİYYƏTİNİ NECƏ FORMALAŞDIRMALI?

“Ədəbiyyat və incəsənət” portalının təqdim etdiyi bu silsilə yazılar Azərbaycan Yazıçılar Birliyi Ədəbiyyat Fondunun Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərkib hissəsi olaraq nəşr edilir.

Sizlər üçün çağdaş yazıçı və şairlərimizin ən yaxşı ədəbi nümunələrini seçərək təqdim edəcəyik.

Azərbaycan Ədəbiyyat Fondu@

 

 

NƏSR

 

 

 

 

NATİQ RƏSULZADƏ,

Xalq yazıçısı

 

 

HİFZ ET VƏ BAĞIŞLA

(hekayə)

 

«Səhər saat 4-də, ölümündən yarım saat əvvəl cismən sаğlаm, xasiyyətcə son dərəcə dinc adam olan Tarıverdiyev yuxuda özünü at üstündə, əlində sıyrılmış qılınc hücuma keçən yerdə görürdü, onu da görürdü ki, ağaclıqda gizlənmiş snayper düz onun gözlərinin içinə baxır və bircə saniyə sonra onun atdığı güllə ürəyinə sancılacaq. Elə həmin anda güllənin ürəyini necə parçaladığını hiss etdi, köksündə dəhşətli ağrı duydu, ağlından keçən ani, ürkək fikrinə rəğmən də ağrı azalmaqdansa daha da güclənir, artaraq bütün bədəninə yayılırdı. Qorxu və soyuq tər içində yuxudan oyandı, özünü saxlaya bilməyib yatağı islatdı, yanında yatan arvadını səsləmək istədi, əvəzində sakitcə xırıldadı, soyumaqda olan əlləri ilə boğazından yapışdı, kəskin ağrıdan yatağa mıxlanmış kimi, tərpənməyə halı qalmasa da, gücünü itirə-itirə, ağzı ilə havanı udub nəfəs almağa çalışdı... Beşin yarısıda Tarıverdiyev həyata vida etdi».

Hekayənin təxmini başlanğıcını beləcə yazıb, təkrar oxudu və yersiz sözü valideynlərin gözündən yayındırmaq istəyən uşaqlar kimi səliqə ilə, cidd-cəhdlə yazılanları göy mürəkkəblə qaralamağa başladı, sonra dayandı, laqeydliklə kağızı əzdi və iri yazı masasının bir küncünə atdı. Xeyli müddət bükük, bəyaz, qalın kağızın asta xışıltı ilə bacardığı qədər düzəlib canlanmaq cəhdinə tamaşa etdi. Pəncərələrdən o yana gecə idi, dərin bir gecə, gecə... Şəhərin bu nüfuzlu hissəsində, gecələr çox nadir hallarda maşınlar ötüşərdi və pəncərə altından keçən donmuş küçə də nəsə çox yad, təcrid olunmuş görünərdi. Ona elə gəldi ki, artıq dünyada yoxdur. Bu fikirdən diksinsə də düşüncələrini sona çatdırmağa çalışdı və müəyyən dərəcədə buna nail də oldu. Qorxdu - axı, dünyanı özündən ayrı təsəvvür etmək demək olar ki, mümkün deyil, bu, həyat deyil, cəfəngiyyat və qarma- qarışıqlıqdır, nə isə tamamilə qaranlıq, öyrənilməmiş bir şeydir.

Qeyri-müəyyənlik isə həmişə vahimə doğurur. Yox, yox, o, gərəksiz, faydasız şeylər haqqında düşünməyəcək, çünki işləmək lazımdır, fıkrini işə yönəltməlidir, çoxdandır heç nə yazmayıb. O, fikrini cəmləşdirməyi bacarırdı. Qırx illik yazıçı təcrübəsi özünü ələ alıb işləmək həvəsi yaratmağı öyrətmişdi ona, son illər məişət qayğıları və boş, mənasız vurnuxmalar başını qatsa da, birdən yadına düşürdü ki, çoxdandır əlinə qələm almır, bu zaman peşəkarlığı karına gəlirdi. Yazıçı vicdanının oyandığı anlardan biri də bu gecənin payına düşmüşdü. O, özünün peşəkar yazıçı adını saxlamağa çalışırdı, lakin bu barədə inadla düşündüyü və özünü bu işə vadar etdiyi üçün heç nə alınmırdı, qəlbində sözlə ifadə olunmayacaq, deyilməmiş xoş bir şey oyanmırdı və masanın üstündə və altında yarısı qaralanmış əzik-üzük kağızların sayı çoxalırdı. Iş getmirdi ki getmirdi.

Yazıçı Manafov haqqına yaxşı nasir sayılırdı və altmış dörd illik həyatında çox şeyə nail olmuşdu: ədəbi mükafatlar, fəxri adlar, onlarla kitab, ssenarisinə çəkilmiş filmlər, şan-şöhrət və sair, hə, bircə dəqiqə...                 

Otağın qapısı səssizcə aralandı, lakin nə isə yazmaq cəhdinin uğursuzluğa düçar olmasından əsəbləri gərilmiş Manafovun qulağı səsi aldı və hirslə açıq qapınm qaralan boşluğunda solğun kölgə kimi dayanmış arvadına sarı döndü. Gözü ağır, yeknəsəq zəng çalıb səhər saat dördü göstərən iri divarboyu saata sataşdı, Manafovun alınmamış hekayəsinin qəhrəmanının məqsədi bilinməyən süvari hücumüna keçdiyi vaxt idi. Saat yazıçının ilboyu davam etmiş və ölkənin müxtəlif müəssisə və təşkilatlarında qeyd edilmiş yubiley tədbirlərindən birində hədiyyə edilmişdi. Manafov arvadına elə baxdı ki, elə bil təhlükəsizlik komitəsinin köhnə əməkdaşı Dzerjinskinin heykəlinə siyiyən adamı görürdü. Arvad ərinin sual verməsini gözləmədən onu qabaqladı:

- Sənin telefonun zəng çalır.

-Bu vaxt? - Manafov bir qədər yumşalaraq təəccüblə soruşdu.

Qadm çiyinlərini çəkdi - yəni mən nə bilim? Bununla belə həvəssiz dilləndi:

-Bəlkə xaricdəndir?

- Mən işləyirəm. İş görməyə çalışıram, - artıq hirslənməyə başladı. -İstəyirsən, özün dəstəyi götür.

-Niyə? – qadın tələsmədən sual verdi - o yerlərdə bir adamımız yoxdur ki, onun üçün narahat olum, - deyib astaca qapını örtdü.

Kişi kip bağlanmış qapıya baxdı, qələmi kağız qalağının üstünə atdı, kresloda çevrildi və küçəyə baxmağa başladı. Qulaqlarında arvadının göynərti duyulan son sözləri səslənirdi. On il əvvəl onlar on beş yaşlı oğullarını itirmişdilər. Oğlan dostları ilə çimərliyə getmiş və dənizdə boğulmuşdu. Yeganə övladları dünyaya gələndə Manafovun otuz doqquz, arvadının isə otuz altı yaşı vardı və onlar on üç il idi ki, evlənmişdilər. Arzusunda olduqları övladlarını uzun illər gözləmişdilər. Bu hadisədən sonra Manafov xeyli vaxt dənizə baxa bilmirdi, dənizkənarı parkın təkcə görünüşü onda kəskin qəzəb dolu ağrı hissi doğururdu, çimərlikdən isə söhbət gedə bilməzdi.

Manafov bir müddət küt baxışlarla alaqaranlıq küçəyə baxdı. Sonra siqaret yandırdı və qələmi götürüb barmaqlarının arasında oynatmağa başladı. Arabir isə qələmi ağ kağızın üzərinə yönəldirdi, guya onu indicə ölməz sözlə yükləyəcəkdi. Heç bir həzz duymadan siqaret çəkdi, halbuki arvadı getdikdən sonra çəkmək istəyirdi. Qeyri-iradi bir neçə qullab vurub, əriməkdə olan siqareti ömrünü başa vurmaq üçün iri külqabıya atdı. Manafov siqareti heç vaxt külqabıya basıb söndürməzdi və fəlakət siqnalına bənzəyən tüstü xeyli müddət kötüklərin üzərində dumanlanardı, sanki şikayət edirdi- axırıma çıx, belə közərə-közərə yaşamaq tstəmirəm.

Oğlunun ölümündən sonra Manafov sözün həqiqi mənasında başını işlə qatırdı, işsiz qalmaq əzab idi, çünki eyni düşüncələr onun ağlını başından alırdı. Anbaan bir səhnə gözlərinin önündə canlanırdı: dizinin üstündə əyləşmiş dörd yaşlı oğlu birdən başını döndərir, çevrilmiş vəziyyətdə sifəti də, işıqlı, ciddi baxışlı gözləri də məzəli görünür və uşaq təmamilə gözlənilmədən soruşur:

-Ata, sən ölməyəcəksən ki?...

 Yadındadır ki, onda o, nəzərlərini yayındırmışdı, lakin elə o dəqiqə oğluna baxmışdı ki, uşaq atasınm cavabdan qaçdığını düşünməsin, bu zaman uşağın yaşına uymayan yaşlılara məxsus ifadəli gözləri ilə rastlaşmış, məhəbbətdən ürəyi sıxılmışdı, başa düşürdü ki, oğluna verəcəyi cavabdan çox şey asılıdır və qətiyyətlə demişdi:

-Yox. Mən ölməyəcəyəm.

Və uşaq inanmışdı, başını aşağı salıb televizorda cizgi fllminə baxmaqda davam etmişdi. O, öz dünyasından arxayın idi, inanırdı ki, burada həmişə əmin-amanlıq, dinclik olacaq, axı, atası onu aldada bilməzdi. Manafov təəssüf hissi ilə düşündü ki, əslində bu belə də oldu, o, oğlunu aldatmamışdı. Çoxdan baş vermiş bu hadisə bütün aydınlığı ilə tez-tez gözünün qabağında canlanır, onu dəli edirdi. Başını içki ilə qatmaq istədi, lakin alkoqol bihuşluğundan sonra dərdi daha da şiddət edirdi, boğazından yapışıb bütün daxilini sökürdü, o, içində müdhiş keylik, qeyri -insani soyuqluq, düşkünlük hiss edir, həyatda varlığını lazımsız, artıq sayırdı. Belə halda özünü işlə taqətdən salmağa çalışırdı, sonraya - qara günə, təxəyyülünün kasadlaşacağı vaxta saxladığı köhnə qaralamalarını çıxarırdı, qara gün isə qəfıl gəlmişdi, erkən, özü də gözləmədiyi tərəfdən gəlmişdi. İşin içərisində batırdı. Və nə yazırdısa, hamısı oğluna aid olurdu. Bütün ağrısı, taleyin amansızlığından duyduğu yandırıcı küskünlük kağızlara hopurdu, təsirli, içinə düşdüyü, nəfəsini kəsən, suyunu ovuc-ovuc dağıtdığı quyu kimi dərin əsərlərində əks olunurdu. Və bu onu real gerçəkliklə bağlayan yeganə vasitə idi. O vaxtdan da onun yaradıcılıq yüksəlişi başlandı. Dözülməz dərdin kürəsindən keçərək sənəti mükəmməlləşir, püxtələşirdi, eyni zamanda yazı üslubu qəribə tərz alır, on illərlə qadağalara məhkum olunmuş mistikaya meyllənirdi. Cəmiyyətin hərtərəfli dəyişməyə başladığı zamanda bu lap yerinə düşürdü, populyarlıq da, əsl şöhrət də o zaman gəldi, elə bil ki, Allah aldığının əvəzini vermək, qəlbini bu yolla ovutmaq istəyirdi. On beş il əvvəl dəyişməyə başlamış Manafovun və onun həmkarlarlarının  uyğunlaşa bilmədikləri dövran (yazıçı zəhməti ilə dolanmağa adət etdiklərindən çaş-baş qalmışdılar) birdən-birə mehribanlıqla onu ağuşuna aldı. Çoxdan həsrətində olduğu sponsorlar elə bil göydən düşür, kitablarını çap etmək istədiklərini bildirir, rejissorlar əsərlərini ekranlaşdırmaq üçün ssenarilər sifariş verirdilər, beləliklə işi başından aşırdı. Manafovun arvadı üçün isə ağır idi. O, yaradıcılıqdan uzaq adam olduğundan bu təsəllidən məhrum idi. Onu bütünlüklə əzən intəhasız, dağıdıcı dərdi ilə təkbətək qalmışdı, həyatını mənalandıra biləcək hər şeyi itirmişdi. Artıq arvad ərindən uzaqlaşmışdı, kişiyə də elə gəlirdli ki, onlar bir-birlərini başa düşmürlər, ya da bir-birilərini onlara üz vermiş bədbəxtlikdən əvvəl olduğundan az anlayırlar. Oğullarının ölümü getdikcə onları müxtəlif tərəflərə yönəldən, yollarını ayırdıqca ayıran gözəgörünməz maneəyə çevrilmişdi. Çoxdandı onlar bir yerdə yatmırdılar, arvad uzun müddət idi qeyri-normal tərzdə susurdu. Arvadının ruhi sağlamlığı üçün narahat olaraq evə qonaq dəvət edir, yaxın qohumlardan, dostlardan xahiş edirdi ki, tez-tez evlərinə təşrif gətirsinlər. Onlar da vəziyyəti bildiklərindən qadının halına yanaraq dəvətləri qəbul edirdilər. Eyni zamanda tanınmış yazıçıının daimi müsafirləri olmaq fürsətini əldən vermirdilər. Gəlib-gedənlər arasında qabiliyyətli, lakin diqqəti cəlb etməyən, tanınmayan psixiatr da var idi, o, vaxtı itirmədən yavaş-yavaş elə qonaqlıqlar zamanı xəstə ilə bərpa seansları aparırdı. Nəticədə qadının vəziyyəti bir qədər yaxşılaşsa da, əvvəlki diribaş, şən, hazırcavab, güləyən, ədəbsiz lətifələr danışıb hamıdan qabaq qəhqəhə çəkən qadın birdəfəlik yox olmuşdu. Onun yerində özünə qapılmış, heç kəsə qaynayıb- qarışmayan əsəbi qadın dururdu. Oğlunun ölümündən keçən on il heç nəyi dəyişməmişdi.

Başı işə qarışan Manafovun hərdən gecələr arvadı yadına düşürdü və geniş mənzili keçərək, onun yataq otağına gələrdi. Arvadının yuxuya getmədiyini bilsə də bir müddət çarpayısının qırağında əyləşərdi. Qadın gözlərini açıb ərinə baxar, sonra da baxışlarını tavana zilləyərdi. Bəzən də heç gözlərini açmazdı. Zəngli iri saat səssiz-səmirsiz işləyirdi. Evdə saat çox olsa da onlara məhəl qoyan kim idi ki?! Zəngli saatdan danışmaq isə artıqdı. Kimi oyadacaqdı ki?!  O, hərdən mürgüləyər, ayılan kimi yanında əyləşmiş ərinin əlindən tutardı. Əl-ələ tutub dinməzcə durardılar. Nədən danışacaqdılar? Hər ikisinə aid olan yeganə bir şey var idi: oğullarının ölümü. Bu barədə isə danışmaq çox ağrılı idi.

Getdikcə o, özünü işə daha çox həsr edirdi, şöhrətin ardınca gedirdi, adətkərdə olmasa da canına yaman yayılırdı qəzetlərdə, telekanallarda, mətbuat konfranslarında verdiyi müsahibələr, müxtəlif ziyafətlər, öz şərtlərini diqtə etdiyi nəşriyyat müqavilələləri, kitablarının xarici dillərə tərcüməsi, mütərcimlərlə əməkdaşlıq, müxtəlif ədəbi mükafatlar (yağışdan sonrakı göbələk kimi artan mükafatların çoxu onları təsis edənlərin zirək əli ilə də yığılar və xeyrini də özləri görərdilər), mətbuatda işıqlandırılması, çəkiliş meydançalarında görünməsi yüksəliş təsəvvürü yaradaraq məşhurlaşmasına xidmət etsə də, əslində populyarlıq son illər bu balaca ölkədə orduya çevrilmiş diribaş cızmaqaracıların dedi-qodularına, cəfəngiyyat dolu yazılarına rəvac verirdi. Bütün bunlar onun vaxtını çox alırdı. Manafov get-gedə daha çox yazı stolunun üstündəki köhnə dəbli, yaşıl abajurlu lampanın həsrətini çəkir, əzablardan doğan təbinin hökmü ilə yazılacaq sətirləri gözləyən ağappaq kağız topası üçün qəribsəyirdi. Lakin iztirablar getdikcə azalırdı, qəlbindəki ağrı da əvvəlkitək sızıldamırdı.

Günlərin birində yorğun-arğın iş otağındakı divanda özünü yatmağa məcbur eləyərkən, qəfildən ağlına gəldi ki, bütün bunların: huşunu başından alan üzücü iş, şan-şöhrət, mükafatlar, fəxri adlar, ehtiram, bir sözlə, hər şeyin bünövrəsi on il əvvəl qoyulub... düz on il əvvəl, o vaxt ki... nəfəsi kəsildi, durub oturdu, qaranlıqda əl havasma axtararaq, döşəmədən siqaret qutusunu tapdı. Siqaret yandırdı, əsəbi-əsəbi qullab vurdu. Parketin üzərinə tökülən külə fikir vermədən bir neçə dəqiqə beləcə oturdu.

Sakitləşməyə çalışırdı. Sanki üzünə şillə vurulmuşdu, o isə cavabını verməmişdi. Belə çıxır ki, oğlunun ölümü ona düşüb... siqaret titrəyən barmaqlarının arasından döşəməyə düşdü, hıçqırıqları eşidilməsin deyə, yumruqlarını ağzına sıxdı, bütün bədəni əsirdi. Özünü tezcə də ələ aldı, sakitləşdi. Ayağa qalxıb siqareti yerdən götürdü və külqabıya atdı, stolun üstündəki lampanı yandırdı, siyirmədən yuxu dərmanı götürüb, üstündən su içmədən iki həb atdı. Siyirməni bağlayarkən dibdə qeyd dəftərlərinin altında nəsə dəstək göründü.

Cəld yerinə uzandı və daş kimi yuxuya getdi. Bütün gecəni möhkəm yatsa da, səhərə yaxın yuxu gördü. Bunu heç yuxu da adlandırmaq olmazdı, yuxunun fraqmentləri idi: guya, o, siyirməni açıb tapançanı götürür. Vəssalam. Siyirməni açır və tapancanı götürür.

Səhər arvadı əsəb gərginliyi keçirdiyi üçün katibəsinə zəng vurub - indi onun öz ofisi və katibəsi vardı, fikrindən ədəbi jurnal açmaq da keçirdi - bütün işlərini, görüşlərini təxirə saldığını bildirdi və psixiatrın dalınca maşın göndərdi. Bütün günü arvadı ilə əlləşdilər, yarımçıq röyası da, yazı stolunun gözündəki tapança da yadından çıxdı.

Hamı tərəfindən qəbul edilsə də aşına zəhər qatanlar da tapılırdı. Tanınmış adamların həyatından maraqlı hadisələr çap etməkdə ixtisaslaşmış xırda qəzetlərdə hərdən onu da sancırdılar. Gənclik qəbahətlərindən, sərxoş vəziyyətdə qumar oynamasından, udduğu xeyli miqdarda pulu tərəfmüqabilləri ilə (söhbəti də elə onlar yaymışdılar) qızlara və içkiyə sərf etməsindən, səhvini etiraf edib peşmançılıq hissi keçirməsindən, fahişələrlə yaxınlığından, dava-dalaşlardan, sürtülmüş cins şalvarınının arxa cibində gəzdirdiyi beşbarmağı işə salmaq adətindən xəbər tutmuşdular. Belə səviyyəsiz yazıları dərc edən tanınmamış qəzetlər ertəsi gün diqqət mərkəzində dururdu, «it hürər, karvan keçər» prinsipi ilə yaşayan və gəncliyini gur keçirməkdə heç bir qəbahət görməyən Manafov cavab verməməyi düzgün sayırdı. Lakin bir dəfə povesti əsasında ekranlaşdırılmış fılmin ilk nümayişinə həsr olunmuş mətbuat konfransında təhrikedici sual qarşısında dözməyərək qeyd etdi ki, peşəkar jurnalistlərin sayı azdır, altı yüzdən artıq mətbuat orqanının fəaliyyət göstərdiyi şəraitdə bu təbiidir, bu qədər peşəkarı haradan tapasan, buna görə də onların yerini insanları qıcıqlandırmağı peşə seçən cızmaqaraçılar tutur, bax elə mənim haqqımda da anaları belə belə... Ustad yazıçının bu sərbəst çıxışı konfrans iştirakçılarının xoşuna gəldi, gülüş səsləri eşidildi. Səhəri gün köhnə palan içi tökməklə məşğul olan qəzetin redaktoru zəng vurdu və yazıya görə üzr istədi.

-Təkzib verin, - Manafovun təklifi belə oldu.

-Necə ola bilər, - redaktor təəccübləndi, - bir səhifəlik materialdır.

-Bilirsinizmi, arvadım neçə illərdir depressiyadan əziyyət çəkir,- zorla dilləndi və o dəqiqə də peşman oldu,- xəbər tutsa, çox ağır təsir edəcək. Təkzib verin.

-Mən zəng vurdum və üzr istədim,- redaktorun səsində soyuqluq duyulurdu. - Ancaq təkzib verə bilmərik. Qəzetin nüfuzu enər.

Manafov soruşdu:

-Belə olan halda niyə zəng edirsiniz?

-Üzr istəmək üçün, - hiss olunurdu ki, redaktor vəzifəsini bununla bitmiş hesab edir. Yəqin bu birinci dəfə deyildi: əvvəlcə qəzet adamı ağ yuyub, qara sərir, sonra da redaktor telefonda üzr istəyirdi, - sizcə, daha niyə görə?

-Mən sizin üzrünüzü... üstəlik ananızı da! - Manafov təmkinini pozmadan dilləndi. - Rastlaşanda sizin ağız-burnunuzu məmnuniyyətlə əzəcəyəm. Bir daha xəbərdarlıq edirəm: təkzib verməsəniz, ömrünüz boyu peşman olacaqsmız.- Burada Manafov nəyi isə xatırlamış kimi sözünü kəsdi. Sonra əlavə etdi. - Ancaq bəlkə də peşman olmadınız. Bu, bütün qalan ömrünüzü necə yaşayacağınızdan asılıdır.

Manafov redaktora baş qoşub onunla kəlmə kəsməsindən yüngülvari təəssüflənərək telefonun dəstəyini yerinə qoydu.

Beş il keçdi. Manafovun arvadı bir qədər yaxşılaşmışdı, bununla belə yenə qaradinməz, adamayovuşmaz idi. Bütün görkəmi ilə, “zaman hər bir dərdin dərmanıdır” məsəlini inkar edirdi, ötüb keçən illər onun yarasına məlhəm olmamışdı. Manafov çoxdan fikrində tutduğu jurnalı açmışdı, bu jurnal yaradıcılığında getdikcə daha tez-tez yaranan fasilələri doldururdu, bundan əlavə xeyli gəlir də gətirirdi. Jurnalın təsisçisi və baş redaktoru Manafovun özü idi, özünə cavan, işgüzar bir müavin də götürmüşdü, tədricən oxucu bazarına bələd olub, xeyli irəli getmiş, dünyanın dörd ölkəsində jurnallarının satışını təşkil etmişdilər, indi Manafovun bu ölkələrdəki bank hesablarına ayda iki dəfə xeyli məbləğ otururdu. Arvadının pula marağı çoxdan sönmüşdü, özü də bu qədər vəsaiti haraya xərcləyəcəyini bilmədiyindən ahıl vaxtında əxlaqsızlığa qurşanmışdı, redaksiyada gənc qızlardan kiçik bir hərəmxana yaratmış, xidməti vəzifəsindən geninə-boluna istifadə edir, lakin hamının haqqını səxavət və insafla ödəyir, səhərədək uzanan gurultulu məclislər qurur, evə çox vaxt kefli qayıdırdı.

-Yadından çıxmayıb ki, neçə yaşın var? - Ruhən yorğun olduğu üçün arvadı mülayim tərzdə soruşardı.

-Əlbəttə! Tezliklə yubileydir, -o səndələyərək arvadını qucaqlayardı, - yeri gəlmişkən, səni də dəvət edirəm.

-Qoca əxlaqsız, - deyərdi arvadı.

-İkinci söz daha çox xoşuma gəlir.

Yaşla bağlı idi, ya nədəndi - getdikcə Manafovda gülməli adətlər yaranırdı. Məsələn, qadınlarla bağlı hər məsələdə (o zaman onu haqlamış qocalıq yaddan çıxırdı) zirək Manafov hərdən layiq olduğu şöhrətə nail olmuş ağsaqqal roluna girir, başını əsdirir, rəyasət heyətində sızıldayaraq kresloya çökür (əslində bu proses xüsusi səy tələb etmir), ordunu doldurub, gözlərini qıyaraq xeyli müddət verilən sualları cavabsız qoyurdu, ətrafındakılara elə gəlirdi ki, o sualı unudub, ya da huşunu itirib. Təbiətən fəal, işgüzar, tündməcaz olsa da, ozünə ahıllığın və mötəbərliyin əsas əlamətləri hesab etdiyi xüsusiyyətlərini aşılayırdı.

Xarici qonağın şərəfınə verdiyi ziyafətlərdən birində hörmətli qonaq özü əlində badə Manafova yaxınlaşaraq söylədi ki, onun ölkəsində Manafovu tanıyırlar və əsərlərini çox nəşr edirlər.

-Mənim ölkəmdən fərqli olaraq, - Manafov səbəb olmadan başını əsdirərək və azacıq belini bükərək dilləndi, özü də istəmədən dilini saxlaya bilməyib əlavə etdi - Ancaq məlumdur ki, heç kəs öz vətənində peyğəmbər olmur. He...he..he... burada öz problemlərimiz özümüzə bəs edir, yazıçılar heç kimin yadına düşmür.

Hörmətli qonaq görkəmli yazıçı ilə bahəm gülümsəyərək  daha bir neçə xoş ifadə işlətdi, bu zaman baş nazir təbəssümlə Manafova baxaraq qonağı kənara çəkdi.

Prezident aparatının məsul işçisi Manafovu görüb dostcasına səslədi və eyni zamanda gözlərini ətrafa dolandırdı ki, görsün onun məşhur yazıçını yaxın adamı kimi salamladığını görən və eşidən varmı, nəticədən razı qaldı. Vacib şəxslərin hamısı görmüş və eşitmişdi.

-A! Möhtərəm yazıçımız! Necəsiniz?

-Pis, - hörmətli yazıçı cavab verdi.

-Niyə belə? - məsul işçi təlaşla soruşdu və dərindən narahatçılıq keçirdi, bütün görkəmi ilə prezident aparatının məsul işçilərinin imkanları dairəsində Manafovun həyatını yaxşılaşdırmağa hazır olduğunu ifadə etməyə çalışdı.

-Belə də... - Manafov nıqqıldadı. - Qəbahətli həyat tərzi keçirirəm: çox yatıram, az işləyirəm...

-Sizmi az işləyirsiniz? - Məsul şəxs etiraz etdi. - Yazdıqlarınızı çatdırıb oxuya bilmirik. Qiyamətdir! Doğrudan, necə yaşayırsmız? Işləriniz necədir?

-Uzun söhbətdir... -Manafov başını yersiz tərpədərək ağızucu cavab verdi. - Zəhlətökən olmaq istəmirəm.

-Nə? - Müsahibi anlamadı.

-Zəhlətökən, olmaq istəmirəm! - karla danışırmış kimi bərkdən təkrar etdi. – Bilirsiniz, zəhlətökən kimə deyirlər?

Məsul işçi lətifəyəbənzər bir şey eşidəcəyini yəqinləşdirərək şən halda yüngülcə başını yellədi.

-«İşlərin necədir?» sualının müqabilində işlərinin necə getməsi barədə ətraflı danışan adama. He-he-he.

-He-he-he! – digər məsul işçilər ədəbsizlik kimi qəbul etməsinlər deyə, məsul işçi həddi gözləyərək ucadan gülüb müsahibinə qoşuldu. - Əla. Kəsərlidir. Yadımda saxlayaram.

-Əslinə qalsa, burada mənim, demək olar ki, heç bir işim yoxdur,- Manafov istər-istəməz onun sualına cavab verməyə başladı. - Mənim işlərim xaricdədir. Bizdə nə var? Can üstə olan jurnala başına degeneratları yığmış allahlıq iddiasında olan xəstə adam başçılıq edir.

-Hə? Kimdir o?

-Siz tanımırsınız?

-A. Bəli, bəli, eşitmişəm,- məsul işçi üz-gözünü turşutdu-nə etmək olar? Yadımda saxlayaram.

-Yadınızda saxlayın, saxlayın,- Manafov təqdir etdi.- Ona görə danışıram.

-Belə jurnala Siz başçılıq etməlisiniz- məsul işçi yarınmaq istədi.

-Nə danışırsınız, əzizim, deyirsiniz də?!- Manafov süni şəkildə hiddətləndi. Avqinin tövlələrini təmizləmək üçün mən artıq qocayam. Bir də ki, siz bilirsiniz, mənim öz jurnalım var.

-A, bəli, bəli! Əlbəttə!

-Ancaq bizim jurnal bütünlüklə xaricə gedir. Nə etmək olar, pul qazanmaq lazımdır, sübut etmək lazımdır ki, bizim varlığımızın da bu dünyaya bir xeyri var.- Manafov qollarını gərdi, çox danışdığını, söhbəti kəsməyin və sızanağa bənzər məsul işçini rahat buraxmağın vaxtı çatdığını anladı.

Kənarda dayanmış tanışlarının Manafova əl etməsi lap yerinə düşdü, yeriməyə çətinlik çəkirmiş kimi ağır, əzəmətli addımlarla müsahibindən aralanaraq nəzərləri ilə onu müşayət edən adamlara tərəf getdi.

O, indi gəncliyində arzuladığı hər şeyə nail olmuşdu. Lakin gəncliyin özü yox idi və üstəlik də oğlu da yox idi. O, qaradinməz, ehtiyatlı, sahibini sözsüz anlayan sürücünün idarə etdiyi bahalı, sanballı, xarici maşında yayxanaraq evə gedirdi.

Bəli, onun hər şeyi var. Işləmək həvəsindən başqa. Beləliklə, nəticəyə gəlmək olar, onun hər şeyi var. Oğlundan, cavanlığından və işləmək həvəsindən savayı. Əslində isə onu həqiqətən sevindirəcək heç nə yoxdur. Evdə onu gülümsəməyi belə unutmuş arvadı gözləyir. Yox, heç gözləmir də. Sadəcə olaraq o, bu evdə məskunlaşıb və zəng edib ofısdə gecələyəcəyini bildirəndə - son vaxtlar tez-tez belə olurdu - qətiyyən etirazını bildirmir və səsində heç bir narahatçılıq duyulmurdu. Düşündü ki, onlar yadlaşmağa başlayırlar, yox, onlar artıq yaddırlar. Əvvəllər arvadı onu dəlicəsinə qısqanırdı, çoxdan, lap çoxdan - onların oğulları olanda. Çox vaxt da, əsassız, heç bir səbəb olmadan, çünki onlar kasıbyana, sadə yaşayırdılar. Indi elədiklərini - çox gec və əsl zövq duymadan özünə müsaidə edə bilmədi. Pilləkənləri asta-asta qalxaraq fikirləşdi ki, hər şeyi itirib, təkcə bir şey qalır, bərk-bərk işdən yapışmaq, işi əldən buraxmamaq, əvvəllərdə olduğu kimi onu təmiz hava gətirən nəfəsliyə çevirmək.

Mənzilə girən kimi elə paltolu arvadının yataq otağına keçdi, hər tərəfdən gözə girən saatlar gecə birin yarısını göstərirdi. Arvadı on birdə yerinə girirdi- evdə hər bir işi xidmətçinin görməsinə baxmayaraq - bununla belə tez yorulurdu. Görünür o, sadəcə yaşamaqdan usanmışdı.

Arvadı yataqda uzansa da, yatmamışdı, ərinə baxdı, elə bir yad təbəssümlə gülümsədi ki, kişinin ürəyi sıxıldı.

-Sənsən? - qadın elə tərzdə soruşdu ki, sanki qaçılmaz bir faktı müəyyənləşdirmək istəyirdi, - gecə necə keçdi?

-Rəsmi, - əri cavab verdi,- qeyri-adi heç nə yox idi. Adi qəbuldu. Prezidentlə, qonaqlarla söhbət etdim.

Arvadının yanında əyləşdi, əlindən tutdu.

-Bəs, sənin günün necə keçdi?

-Şükür Allaha ki, keçdi,- uzun-uzadı danışmağı sevməyən qadın qısa cavab verdi.

-Yaxşı, - dedi,- bu gün bir az işləmək istəyirəm, - bir az susub sonra əlavə etdi, - əgər baş tutsa.

-Yorulmamısan? - deyə qadın soruşsa da, hiss olunurdu ki, ərinin yorulub-yorulmamasının onun üçün heç bir fərqi yoxdur.

- Yarım saat dincəlib işə başlayacağam! - O, işgüzarcasına əllərini bir-birinə sürtdü, sanki işləmək üçün darıxıb, nəhayət, ikinci dərəcəli, vacib olmayan şeylər arxada qaldıqdan sonra o...   

Hərəkətləri də, ifadələri də çox qeyri-təbii alındı. Saxtakarlıqdan doğan təəssüratı aradan qaldırmaq üçün isə əlavə etmək istədi...

-Di get, - arvadı dilləndi, - mən yatıram.

O, qapıya tərəf getdi, qapının dəstəyindən yapışıb çıxmağa hazırlaşarkən arvadı onu səslədi. Kişi təəccüblənib geri, döndü.

-Çoxdan soruşmaq istəyirdim, - çətinlik çəkirmiş kimi sözləri uzada-uzada danışdı.

Kişi araya çökmüş sükutu pozmayaraq bir qədər narahatlıqla və sualedici nəzərlərlə arvadına baxırdı. Qadın sözünə davam etdi:

-Sən indi çox şeyə nail olmusan, - nəfəsi azacıq təngidiyindən susdu, hər ifadədən sonra nəfəsini dərmək üçün susurdu.

Arvadının bu sözlərini dinlədikdən sonra təzə şakəri üzrə başını əsdirmək, nıqqıldamaq, özünü qoca və əldən düşmüş göstərmək istədi. Lakin vaxtında özünü yığışdırdı, onu ovcunun içi kimi tanıyan arvadının qarşısında özünü belə aparmaq gülünc görünərdi.

Qadın danışmağa çətinlik çəkirdi:

-De görüm, oğlumuzun yenidən bizimlə olması üçün bütün qazandıqlarından keçərdinmi?

Əngəlli, dolaşdırıcı suallara barmaqarası yanaşmağa, mümkün olduğu qədər dərinliyə getməməyə adət etmiş Manafovu sual qəfil haqlamış, öz çılpaqlığı ilə çaşdırmışdı. Lakin güclü intuisiya bir anda işə düşdü və xəbərdarlıq etdi ki, cavabı gecikdirmək olmaz.

-Əlbəttə, - o qətiyyətlə cavab verdi. - Hələ bir soruşursan da?

-Yaxşı, - nə üzündə, nə də səsinin ahəngində heç nə ifadə olunmayan qadın dilləndi, - get.

Kişi yataq otağından çıxıb qapını arxasınca möhkəm bağladı.

İş otağına girib köhnə yazılarını, qaralamalarını araşdırmağa başladı, ehtiyat üçün yazılmış süjetlərə, eskizlərə, ideyalar qeyd olunmuş əlyazmalarına baxdı, zəif, çiy şeylər çox idi, ancaq işlənməli maraqlı fıkirlər də az deyildi. Lakin o, kağızlara səthi baxırdı və getdikcə xəyalı pərən-pərən düşürdü. Ağ kağızları qabağına çəkdi və fikrini toplamağa çalışdı, bir dəqiqə sonra nə alınacağının fərqinə varmadan yazmağa başladı.

«Həbsxana həyətinin kandarını ötüb azadlığa çıxan Tarıverdiyev başını göyə qaldırdı, günəşin parlaq şüaları gözünü qamaşdırdı, gülümsəyərək düşündü: «Burada səma tamam başqadır».

Bir müddət qeyri-iradi qəhrəman, onun hərəkətləri, nə üçün tutulması, uzun həbsdən sonra haraya yollanması barədə yazmaqda davam etdi. Artıq obraz aydınlaşmağa, ana bətnindən doğulan uşaq kimi başını göstərməyə başlayır, hekayə, bəxti gətirsə lap povest alınırdı və artıq o, yazının təsiri altındaydı.

Onun Tarıverdiyevi hərəkətləri, düşüncələri ilə tədricən göz önündə canlanır, get-gedə dolğunlaşır, təəccüblü dərəcədə canlı görünürdü və artıq yaradıcısını öz ardınca aparır, hətta yazıçı nə isə qəlp bir şeyi onun xarakterinə aid etmək istəyəndə sanki etiraz edirdi. Yazıçı Manafovun ürəyindən əvvəllər olduğu kimi- bu nə zaman olmuşdu? - isti dalğalar keçərək, nə isə yeni bir şeyin başlanğıcının qoyulduğunu xəbər verirdi. Kim bilir bir həftə, bəlkə də bir ay dünyada hər şeyi unudaraq şövq ilə işləyəcək, axı yaradıcılığın doğurduğu heyranlıq hissi heç nəylə müqayisəyə gələ bilməz! Artıq, artıq, artıq...

Qəfıldən qorxunc, təhqiramiz bir fikir beynində gurultu qoparıb partladı, öldürücü qəlpələr sıçrayaraq ürəyini, qəlbini yaraladı.

«Demək, fıkir beynini deşərək ağrıtmaqda davam edirdi - sən oğlunun ölümündən bacardığını əldə etmisən, qazandıqların oğlunun ölümü sayəsində mümkün olmuşdur. Oğlun ölməsəydi, sən də kitablarını arvadlarından başqa heç kim oxumayan yazıçılardan biri olaraq qalacaqdın...». «Axı, mən istəməzdim! - qəzəblə özünü müdafiə etməyə çalışırdı, -tale, tale belə rəva görmüşdü». «Bu, sənə bəraət vermir», - Başındakı səs rəhmsizcəsinə susmaq bilmirdi, - sən oğlunun ölümündən hər şey, hər şey»...

Manafov əlləriylə başını tutdu, qələmi tulladı, yazılı vərəqləri stolun üstündən süpürlədi, dərindən nəfəs alaraq bir neçə dəqiqə hərəkətsiz oturdu. «O, niyə, niyə məndən bu barədə soruşdu?! Nə demək istəyirdi?- fikirləşdi - bu nə deməkdir? O, nə üçün belə etdi? Mən çoxdan sakitləşmişdim, mən rahat idim, yaram sağalırdı, niyə bu sualı mənə verdi? Aman, Allah»... Bəli, oğlunun ölümü təkan verdi, bütün həyatıını dəyişdi, aləmə baxışıını dəyişdi, ətrafındakıları, dostlarını, məhəbbəti, işi, istedadı, yaxınlarını, həyatı, ölümün özünü də, varlığını da başqa cür dərk etməyə başladı. O başqa cür yazmağa başladı, əvvəlki kimi yox, lakin bu, o demək deyil ki... məgər əvvəlki kimi yaşasaydılar, o heç nə edə bilməsəydi, arvadı kimi öz  gücsüzlüyündə və dərdində boğulsaydı yaxşı olardı?! Varlı gərəksizlərin ikrah duyduqları şərəfsiz həyat sürsəydilər, o heç nəyə nail olmasaydı yaxşı idi? O, niyə soruşdu, varlığını alt- üst etdi, sualı ilə onu öldürdü. «Gərək elə bunu soruşaydı: sən hər şeyini verərdinmi ki, oğlumuz qayıtsın? Aman allah, məgər bu mümkündür? Bir də ki, belə bir razılaşma olmuşdu ki, sən məndən oğlumu alırsan, əvəzində isə... yox, yox, belə olsaydı mən heç bir vaxt... mən nə danışıram, nə danışıram, ilahi, məni bağışla, mən, mən oğlunu itirmişəm. Məgər Allahla muqavilə bağlamaq olar?! Belə işi ancaq şeytan bacarar, bu, iblisin işləkləridir. Məni bağışla, Allah, gör ağlıma nə gəlib - sən oğlumu əlimdən alırsan, əvəzində... Yox, yox, o vaxt belə fikir, heç fikrin kölgəsi də ola bilməzdi...

« Bəs indi?» - qəsdinə durmuş səs oğrun-oğrun soruşurdu. Indi? Bəs indi necə?» «Necə indi? Nə demək istəyirsən?» «Arvadın artıq soruşub, çavab ver!» «Mən ona o dəqiqə cavab verdim, heç bir an da fikirləşmədən». «İndi fikirləş»- səs əl çəkmirdi. «Fikirləşməyə ehtiyac yoxdur, mən... sən də bu... belə suallar vermə.. bu nə işgəncədir, Allahım?! Nəyə görə?» «Çoxdan yatmış bir şeyi oyatmağa qorxursan?»- səs susmaq bilmirdi «Yatan nədir? Nə?»  «Vicdan, nə olacaq ki... Ağır sözdü və ağır yuxuya gedib sənin vicdanın, oyatmaq istəmirsən, hə? Bir yoxla, bəlkə ölüb? Axı, Allah insanı yaradır, sənəti yox, bütün əməllər, peşələr sonra gəlir, çoxu da məkrdən. Insan isə Allahdandır və sən necə insansan ki, arvadının sualına cavab vermirsən? Uzun və ağır zəhmətlə qazandıqlarını itirmək çətindir? »

«Başa düşə bilmirəm? Başa düşə bilmirəm bu nə cəfəngiyyatdır?! Əgər mən imtina etsəm, oğlum diriləcək?» «Heç imtina edərsən, edərsən?Hə? Hə?» «Bəsdir, bəsdir, əl çək, mənim işim var, mənim işim var, mən işləyirəm.» «Sən vicdansız necə işləyəcəksən? Sən də özünə alüdə cızmaqaraçıların tayı olacaqsan?». «Necə? Yox. Yox, olmaram, mənim vicdanım var. Yatmayıb, ölməyib, mən bacararam, bacararam...»

Həyəcanlı fıkirlər sürətlə beynindən keçırdi və birdən hiss etdi ki, qırsaqqız olub mübahisə edən səs ondan əl çəkdi. Beynindəki ağırlıq bir anda keçdi, uçub buxarlandı, elə bil heç nə olmamışdı. O, rahat nəfəs aldı, mətbəxə keçdi, soyuducudan su götürüb içdi, sakitləşdi, geri qayıtdı, kinli-kinli arvadının yataq otağına tərəf baxdı, bir qədər durub qulaq kəsildi, özü də bilmirdi ki, qapısı kip bağlanmış otaqdan nə eşitmək istəyrdi - bəlkə onun ölümqabağı xırıltısını?

İş otağna tərəf addımladı. Yenidən qulaqlarında arvadının sualı aydın eşidilməyə başladı, verdiyi cavab da yadına düşdü, vaxtında işə düşmüş intuisiya, bunun sayəsində arvadının onun çaşqınlığını və tərəddüdünü başa düşməməsi. Ancaq indi, indi...

İş otağına girdi. O, stolun üstünə dağılmış kağızları səliqə ilə yığdı, bu vaxt lampanın gur işığı altında aydın seçilən tapancanı gördü. “Mən bunu nə vaxt çıxarmışam?”- ciddi-cəhdlə fikirləşərək yadına salmağa çalışdı.

 

 “Ədəbiyyat və incəsənət”

(29.08.2025)

 

Rəqsanə Babayeva,

Beyləqan rayon Mədəniyyət Mərkəzinin rejissoru, "Gənclik" Xalq Teatrının rəhbəri. “Ədəbiyyat və incəsənət” üçün

 

Şəhər yalnız daş, beton və küçələrdən ibarət deyil — o, insan yaddaşının, yaradıcılığının və ruhunun toxunduğu canlı bir orqanizmdir. Onun küçələrində tarix danışar, parklarında poeziya nəfəs alar, meydanlarında isə incəsənət insanlara öz səsini çatdırar. Şəhər mədəniyyəti və incəsənət, insanın estetik duyğusunu formalaşdıran, ona gözəlliyin nə olduğunu anladan görünməz bir müəllimdir.

 

 

Tarix və modernliyin kəsişdiyi məkanlar

 

Azərbaycanın şəhərləri — Bakı, Gəncə, Şəki, Naxçıvan və digər qədim diyarlar — keçmişin zərif xatirələri ilə müasir həyatın dinamikasını birləşdirir. Qədim karvansarayların divarları ilə şüşə göydələnlərin parıltısı eyni panoramada görüşür. Bu harmoniyada insan həm köklərinə bağlı qalır, həm də yeniliyə açılır. Belə bir məkanda formalaşan şəhər mədəniyyəti, həm milli yaddaşı qoruyur, həm də müasir incəsənətin nəfəsini şəhərin ritminə qatır.

 

İncəsənət — şəhərin ürək döyüntüsü

 

Teatrların səhnəsindəki işıq, muzeylərin sakit salonlarındakı əsərlər, küçə rəssamlarının divarlara vurduğu rənglər — bunlar şəhərin nəfəsidir. Bir şəhərin incəsənət həyatı onun ruh sağlamlığının göstəricisidir. Gözəllik duyğusu burada təkcə baxmaqla deyil, yaşamaqla qazanılır. Hər tamaşa, hər sərgi, hər heykəl insanın daxili aləminə kiçik, lakin dərin izlər buraxır.

 

Gözəllik duyğusunun yetişməsi: təcrübə, təhsil, təmas

 

Gözəllik duyğusu doğuşdan gələn bir ilham deyil, zamanla yoğrulan bir şüurdur. Uşaq ilk dəfə bir teatr tamaşasına gedəndə, ilk dəfə bir rəsm sərgisində dayananda, ilk dəfə qədim bir məscidin naxışlarına baxanda, gözəlliyin dilini öyrənməyə başlayır. Təhsil müəssisələrində estetik tərbiyə proqramları, muzey ziyarətləri, yaradıcılıq dərsləri bu prosesi sürətləndirir. Çünki mədəniyyətin toxumu erkən yaşda səpilərsə, o toxum ömür boyu yaşayar.

 

Texnologiya və müasir estetika

 

Bugünkü rəqəmsal əsr incəsənəti yeni məkanlara daşıyır. Virtual sərgilər, 3D modelləşdirilmiş abidələr, interaktiv instalyasiyalar şəhər sakinlərinə fərqli baxış bucaqları qazandırır. Texnologiya, incəsənəti coğrafi sərhədlərdən azad edərək hər evin, hər cibin içinə gətirir. Bu isə gözəllik duyğusunun daha çox insana, daha sürətli və təsirli çatmasını təmin edir.

 

Çağırışlar və məsuliyyət

 

Şəhər mədəniyyətinin qarşısındakı ən böyük sınaqlardan biri, sənətin kommersiyalaşma təzyiqidir. Bəzən populyarlıq və “layk” uğruna yaradılan səthi əsərlər, sənətin dərinliyini kölgədə qoya bilir. Əsl incəsənətin qorunması üçün sənətkarın vicdanı, ictimaiyyətin zövqü və dövlətin dəstəyi birgə hərəkət etməlidir.

 

 

Dövlət və Cəmiyyət: Birlikdə Yaradan Güc

 

İncəsənət layihələrinə davamlı maliyyə dəstəyi

 

Peşəkar təhsil və ustad dərslərinin genişləndirilməsi

 

İctimai məkanda sənət nümunələrinin artırılması

 

Gənc istedadlar üçün platformaların yaradılması

 

 

Bu tədbirlər təkcə şəhərin simasını dəyişmir, həm də insanın daxili aləmini zənginləşdirir.

 

 

Şəhər — Ruhun aynası

 

Şəhər mədəniyyəti və incəsənət, insan ruhunu aynada əks etdirir. Gözəllik duyğusu şəhərdə başlayır, onun küçələrində yetişir, sonra isə bütün dünyaya yayılır. Əgər biz bu mədəniyyəti qoruyub inkişaf etdirə bilsək, gələcək nəsillər üçün estetik və mənəvi baxımdan zəngin bir miras qoymuş olarıq.

 

“Ədəbiyyat və incəsənət”

(29.08.2025)

 

 

 

 

 

 

 “Ədəbiyyat və incəsənət” portalı gənc yazar Elşad Baratın şəhidlər barədə silsilə şeirlərinin təqdimini davam etdirir.

 

 

Şəhid Elməddin Həsrətov

 

Elməddin Həsrətov 21 may 1997-ci ildə Goranboy rayonunun Qarasuçu kəndində dünyaya göz açmışdır. Subay idi.

Orta məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanan Elməddin hərbi xidmət müddəti bitəndə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq hərbi xidmətini davam etdirmişdir.

Azərbaycan Ordusunun əsgəri olan Elməddin Həsrətov 2020-ci ilin 27 sentyabrından Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. Murovdağın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Elməddin Həsrətov 2 oktyabr 2020-ci ildə Murovdağ istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olmuşdur.

 Uzun müddət nəşi tapıla bilməmişdir. Müdafiə Nazirliyi tərəfindən rəsmi olaraq itkin düşən hərbi qulluqçu hesab olunmuşdur. Onun tapılıb ailəsinə məlumat verilməsi üçün zəruri tədbirlər görülmüşdür.

Nəticədə Elməddin Həsrətovun nəşi 26 iyun 2021-ci ildə tapılmış və 27 iyun tarixində Goranboy rayonunun Qarasuçu kəndində dəfn olunmuşdur.

 

 

Vətən vətəndə itməz,

Şəhidlər vətəndilər,

Vətənin can ağrısın,

Canında çəkəndilər.

 

Hamımız can deyirik,

Yurdun azadlığına.

Şəhidlərsə qan tökür,

Vətənin sağlığına.

 

Sən də şirin canını,

Vətənə fəda etdin,

Bütün arzularına,

Əbədi vida etdin.

 

Bəlkə, ən böyük arzun,

Şəhidlik olub sənin,

Dönməzlik, qəhrəmanlıq,

İgidlik olub sənin.

 

Necə olub bilmirəm.

And içirəm torpağa.

Bircə onu bilirəm.

Sən müqəddəs bayrağı,

Sancmısan Qarabağa.

 

 “Ədəbiyyat və incəsənət”

(29.08.2025)

 

“Ədəbiyyat və incəsənət” portalı 3 gün ardıcıl sizlərə Təranə Dəmirin yeni şeirlərini təqdim edir. Bu gün növbəti 5 şeirlə tanış olacaqsınız.

 

 

6.

Yay gecəsi,

Tənha  otaq,

İçimdə  fırtına,

gözümdə  qaranlıq,

qulaqlarımda  cırcırama  səsi

Asılmışam zamandan.

Yanımda  dolaşır  ruhumun  kölgəsi.

Kirpiklərim yanaqlarımda, 

Ürəyim ovcumda  çırpınır.

Ciyərim  yanır,

Ocaq  qoxuyur  nəfəsim,

Dodaqlarım susayır  göz yaşlarına,

Saçlarıma  sığal  çəkir  barmaqlarım,

Əllərim utanır.

Baxışlarım  rəsmini  çəkir  darıxmağın,

Gecəylə, bürküylə, sükutla 

baş-başa verib  dadın  çıxarırıq   ayrılığın.

 

 

7.

Nə gözəl  parlayır  günəş  bu səhər,

Gözləri  alışır  səhərin  bu gün.

Qonub pəncərəmə  yaz  təbəssümü,

Sevgiyə  açılıb səhərim  bu gün.

 

Uçuram  ruhumun  qanadlarında,

Mənimdi  bu  çəmən, bu çöl, bu  orman.

Gəzirəm  baharı  xəyallarımda,

Dərə  dolaşıram, düz  dolaşıram.

 

Duyğular qaldırıb göylərə  məni,

Ayağım  üzülüb  yerdən  bu səhər.

Günəşi  çəkirəm  ciyərlərimə,

Dadıram  işıqdan, nurdan bu  səhər.

 

Basmışam  bağrıma  bəxtəvərliyi,

Könlümdən  təptəzə  arzular  keçir.

Bu  səhər  gözündə  ümid  doğulub,

Payızın  içindən  bir  bahar  keçir.

 

 

8.

Bu  bahar da bitəcək,

Dəyişəcək  yerini  günəşlə  ayaz.

Yarpaqlar  xəzələ, xəzəllər  torpağa  dönəcək,

Köçəcək  hər  şey zamanın   yaddaşına:

Siyah, bəyaz...

Gecəylə  gündüz  yarışa  çıxacaq  yenə,

Günlər  aylara, aylar  illərə qarışacaq.

Sonra  unudulacaq  köhnə  sevdalar,

Köhnə  albomlardakı  köhnə  şəkillərin  yaddaşına  hopacaq  köhnə  duyğular,

Üstünü  toz basacaq  xatirələrin,

Sonra  büsbütün  yaddan  çıxacaq  hər  şey,

təzə   sevdalar doğulacaq 

Payız qoxulu, külək  saçlı,

Yağış  gözlü, ayrılığa  sevdalı,

ürkək, qorxaq.

Küçələr  həsrətə, gecələr  göz  yaşına  bələnəcək.

Təzə  arzular  baş  qaldıracaq  payız  rəngdə,  payız dadda,

Boğulacaq  hicran  yağışında  rəngli  xəyallar,

Təzə  ümidlər  boylanacaq   torpaq  altdan,

Sonra   hər  gün  buğda  dənəsi  boyda  qırılacaq  ümidlər.

Sonra  təzədən bahar  gələcək,

Qırıldığı  yerdən   birləşəcək   könüllər,

Göz  yaşı   içində  tərtəmiz    duyğular  göyərəcək –

baxışlarında  nida,  saçlarında  sığal,

Yarı  həsrət, yarı  vüsal.

 

 

9.

Eyni  payız,

Eyni  şəhər,

Eyni  ayrılıq,

Eyni  həsrət,

Eyni  qədər,

Eyni  peşmanlıq,

Eyni  kədər...

Xəyallar, xəzəllər, küçələr.

 

 

10.

Əyilib  beli, buxunu,

Bu  ev nə yaman  köhnəlib.

Bu  evdə  zaman   dayanıb,

Köhnəlib, aman, köhnəlib.

 

Tökülübdü   üstü-başı,

Üz-gözü  cırmaq yeridi.

Ağlayır divarı, daşı,

Bura yalquzaq yeridi.

 

Quş  uçur, qulaq  tutulur,

Bağlanıb  bağı, bərəsi.

İlahi, burdakı  sükut

Adamın  nəfəsin kəsir.

 

Bu evin yiyəsi hanı,

Hanı  bu evin qonağı?

Son dəfə kim  söndürübdü

Görən bu evin çırağın?

 

“Ədəbiyyat və incəsənət”

(28.08.2025)

 

Bugünkü həmsöhbətimiz Azərbaycan ədəbiyyatının parlaq nümayəndəsi, tanınmış yazıçı, jurnalist, Azərbaycan Ədəbiyyat Fondunun Baş direktoru, “Ədəbiyyat və incəsənət” portalının baş redaktoru, Ümumdünya Yazıçılar Təşkilatının (WOW) katibi, Əməkdar jurnalist və bir sıra beynəlxalq mükafatların laureatı Varisdir.


— Varis bəy, xatirələrinizin hansı nöqtəsində qələm əlinizdə doğulub? Uşaqlıqda eşitdiyiniz hansı səs – ananın duası, xalqın nağılı, yoxsa susqun bir kölgənin pıçıltısı sizi yazıçı olmağa çağırdı?

—Mənim atam Musa Yolçu dövrünün tanınmış ədəbiyyatşünası olub, mən dünyaya gələn mənzildə nəhəng bir kitabxana vardı, evimizə gəlib gedən ən tanınmış yazıçı şairlər vardı, bitib-tükənməyən ədəbiyyt söhbətləri var idi. Üç min kitabın içində böyüyən uşaqda get-gedə kitab sevgisinin formalaşması, əlbəttə ki, qanuna uyğunluqdur. 
Və birini də deyim. Azərbaycanda belə bir məsəl var, ot kökü üstündə bitər. Mənim ata yurdum Azərbaycanın Qərbi, Qazax mahalıdır, Qazaxın Yuxarı Salahlı kəndidir. Kiçik bir kənddir. Bu kiçik kənddən Azərbaycan klassik poeziyasının günəşi Molla Pənah Vaqif, Azərbaycan Sovet poeziyasının günəşi Səməd Vurğun və müstəqil Azərbaycan poeziyasının günəşi Vaqif Səmədoğlu kimi dahi şairlər çıxıblar. Bəlkə də ata yurdumun Yuxarı Salahlı olması idi məni yazıçı olmağa çağıran.

— Siz təkcə bir yazıçı deyil, həm də ədəbi prosesin təşkilatçısı, idarəedicisi, yol göstərəni olmusunuz. Ədəbiyyat Fonduna rəhbərlik etmək və eyni zamanda yazıçı ruhunu qoruyub yaşatmaq arasında necə bir vəhdət tapırsınız? 

— Düzü, yazıçılıqla məmurluq əsla bir-biri ilə uyuşmayan şeylərdir. Hər bir sənəd, hər bir direktiv, hər bir tədbir ərsəyə gəlməyən bir hekayə, bir povest, bir roman deməkdir. Bununla belə, təsəlliverici odur ki, bu yolla da ədəbiyyata xidmət edirəm. Hansısa gənc yazarın kitabını çıxarırıqsa, hansısa istedadlı yazarı dünya arenasına təqdim ediriksə, bu bizim böyük ədəbiyyat qarşısında xidmətimizdir.

– Sizin yaradıcılığınız Azərbaycan ədəbi mühitini aşaraq, beynəlxalq aləmdə də öz yerini tapıb. Sizin üçün "milli ruh" və "qlobal missiya" anlayışları hansı poetik balansda birləşir? 

— Dünya dəyişir, yeni İnformasiya Kommunikasiya Texnologiyaları çağdaş insanı dəyişir, süni intellekt fenomeni bütün əvvəlki qayda-qanunları alt-üst edir. Üçüncü minillikdə digital insan formalaşır ki, onun da milli-mental xüsusiyyətləri kölgədə qalır. Mənim romanlarımda dövrün trendinə uyğun olaraq milli hədəflər, missiyalar deyil, qlobal hədəflər və missiyalar qoyulur. Amma bu missiyanı icra edənlər isə milli ruha bağlanan insanlardır. 
Mən düşünürəm ki, milli mədəniyyətləri boğmaq və ümumdünya mədəniyyəti formalaşdırmaq ideyası kökündən yanlış ideyadır, mədəniyyət bir ağacdırsa, hər bir xalqın yaratdığı milli mədəniyyət onun bir qolu, budağıdır.

– Hər böyük yazıçı ruhən kimlərinsə övladıdır. Sizi ruhən doğuran, ana bətniniz olan müəlliflər kimlərdir? 

— Mənim ədəbiyyatda müəllimim, ustadım görkəmli Azərbaycan yazıçısı, “Dəli Kür” romanı ilə adını sovet ədəbiyyatının ən qızıl səhifələrinə yazan İsmayıl Şıxlıdır. Ən sevdiyim iki yazıçı isə Haruka Murakami və Orxan Pamukdur.
Amma birini də deyim, mən ədəbiyyata fərqli ampluada gəlmişəm – bədii nəsrlə publisistikanın, jurnalistikanın bir sintezini qurmuşam. Düşünmüşəm ki, 3-cü minilliyin oxucusunu internetdən qoparmaq üçün ona mütləq tərkibində bol informasiya və fakt olan, həm də düşündürən və həyəcanlandıran bədii ədəbiyyat təklif etmək olar. Sonradan 2016-cı ildə Nyu-Yorkda “Bestseller yazmağın qızıl qaydaları” kursunu alanda anladım ki, düşündüklərim, əslində, 3-cü minilliyin bestsellerinin incəlikləri imiş.

– Ədəbi təşkilatlara rəhbərlik etmək – yalnız status deyil, mənəvi bir yükdür. Siz bu yükü necə daşıyırsınız?

— Bu yükü daşımaq dedikcə çətindir. Hansı bir təşəbbüsə qoşulursansa, orada təbii ki, hər kəs təmsil oluna bilməz. Ən obyektiv seçimi etsən belə seçilməyənlər, qazanmayanlar səni topa-tüfəngə tutacaqlar. Subyektiv yazıçı baxışı “mən hamıdan üstünəm”, “mən yaxşı hər şeyə layiqəm” çəklində olarsa, ədəbiyyatın faciəsi başlayar.
Bax belə bir şəraitdə qurub yaradırıq.

– Son zamanlar bəzi yazıçılar, xüsusilə sosial şəbəkələrdə, tənqidi və şəxsi münasibətləri qarışdırır. Sizcə, ədəbiyyat nə zaman zövq məsələsindən çıxıb savaş alətinə çevrilir? 

— Sosial şəbəkələrin müsbət keyfiyyətləri çoxdur, amma ən mənfi keyfiyyəti odur ki, o, hər kəsə hücum etmək silahı veribdir. Bu silah savadsıza elm dərsi vermək, əxlaqsıza əxlaqdan danışmaq, qorxağa isə cəsurluq nümayiş etdirmək imkanı yaradır, nəticədə mizan-tərəzi itir. 
Psevdotənqidçi zümrəsi peyda olur ki, öz dəstəsindən olan ən axırıncı səviyyə cızmaqaraçıya dahi yazıçı adı qoyur, eyni zamanda ən populyar və tələb olunan yazıçını isə yıxıb-sürüyür.
Ədəbiyyat zövq məsələsidir, amma həm də tək zövqlülərə xidmət etməməlidir, zaman-zaman zövqsüzlərin belə zövqünə sığal çəkib onu formalaşdırmalıdır.

– Sizi mükafatlandıran ölkələrin, təşkilatların sayı çoxdur. Amma bu qədər fərqli coğrafiyada eyni nüfuzu qazanmaq – yalnız istedadla yox, həm də böyük bir "insanlıq dili" ilə mümkündür. Bu dili siz necə öyrəndiniz? 

— Mən çox mütaliə edirəm. Məncə, müxtəlif ölkələrin tək bədii ədəbiyyat nümunələrini oxumaq işin hamısı deyil. Mütləq aparıcı xaricı ədəbiyyatşünaslıqdan da xəbərdar olmaq, dünya ədəbiyyatındakı prosesləri də izləmək lazımdır. Ədəbiyyatın dili bax budur. Bunu bildikdə, məhz tələb olunan janrı, mövzunu da ayırd edə biləcəksən. 
Və bir də, sənin verdiyin mesaj da çox böyük önəm daşıyır. Hazırda dünya ədəbiyyatında və incəsənətində Şərin Xeyir üzərində qələbəsinin təntənəsi dəbi vardır. Bu, əsərini maraqlı etməyə cəhd edən sənətkarların insanlığa vurduqları köklü zərbədir. Mənim bütün əsərlərimdə Xeyir qələbə çalır. Mənim əsərlərim insanları ümidsizliyə yox, ümidli olmağa, inamsızlığa deyil, inama səsləyir. 

– Bir çox yazıçının içində gizli bir dualıq olur – ya yazmaq, ya dəyişdirmək. Sizin iç dünyanızda qələm nəyi dəyişmək istəyir – insanı, cəmiyyəti, yoxsa özünüzü?

— Mən həqiqətən də insanlığa xidmət edən əsərlər yazmağa çalışıram. Sevindiricidir ki, onları oxuyan tək azərbaycanlılar deyil, əcnəbilər də təsirinə düşürlər, dəyişilirlər. Qarabağ müharibəsindən bəhs edən “Bir ovuc torpaq” romanımı oxuyan Mübariz İbrahimov adlı gənc əsərin qəhrəmanına bənzəyəcəyini izhar edir, cəhbədə şücaət göstərərək Azərbycanın milli qəhrəmanı olur. “Yetmiş yeddinci gün” romanını oxuyan onlarca türk gənci əsərin qəhrəmanından nümunə götürərək 77 gün dalbadal körfəzə gedib günəşi qarşılayırlar. Ögey atasının əlindən zinhara gəlib intihar etmək istəyən səmərqəndli özbək qız evin damında özünü asmaq istəyərkən yerdə “Sonuncu ölən ümidlərdir” romanını hissə-hissə dərc edən “Darakçı” qəzetinin parçalarını görür, onu oxuyur, intiharı təxirə salıb gedib kitabxanadan əvvəlki hissələri də tapıb oxuyur, sonrakı hissələrin də çıxmasını gözləyir. Və oxuduqca əsərin qəhrəmanı Nailəyə bənzəmək, haqsızlıqlara boyun əymək deyil, onlarla mübarizə aparmağa köklənir. İntihar fikrindən daşınıb həyatda qurduğu karyera ilə ögey atasından qisasını alır.
Belə misalların sayı çoxdur əlbəttə.

— Həm həyatınızda, həm də ədəbi yolunuzda sizə ən çox təsir edən bir kitab və ya bir insan varmı, onun təsirini bu gün də hiss edirsinizmi? 

— Mənə ən çox təsir edən insan atam olub. Mən atamda tutduğu sənətə sədaqət və vəfa görmüşəm. Atam ədəbiyyatla nəfəs alırdı, heç vaxt ədəbiyyata dönük çıxmadı. Həyatımda elə dönəmlər olub ki, ədəbiyyatdan küsüb böyük biznesə qoşulmaq, vətəni tərk edib qürbətlərdə xanimanlar qurmaq şanslarım yaranıb. Bax onda atam gəlib durub gözümün qabağında.

— Bəllidir ki, yazıçılıq həm ilham, həm zəhmət tələb edir. İlham sizi tərk etdikdə nə edirsiniz? 

— Düzü, əgər bir neçə ölkədə nəşriyyat hesabına kitabların çıxırsa, on minlərlə insan səndən yeni roman gözləyirsə, üstəlik, yaşadığın dövlət məhz sənə prioritet hesab etdiyi tarixi mövzuda roman sifarişi verirsə, demək ki, ilham səni tərk edə bilməz. Yazıçılıq bir missiyadır, minlərlə insandan yalnız birinə o missiyanı daşımaq həvalə edilir. 
Demək, daşıyacaqsan.

— Yazmaq istəmədiyiniz bir şey sizi yazmağa məcbur edibmi? 

— Bəzi mövzular var ki, onlar barədə susmaq istəyirsən, bu mövzunu utanc gətirici, bayağı, yaxud ədəbiyyata yad bir mövzu hesab edib qələmə almaq istəmirsən. Bir sözlə, bu mövzuları öz mövzun hesab etmirsən. Amma sonradan bu mövzunun fəsadlarını o qədər aşkar görürsən ki, yazmaq məcburiyyətində qalırsan. Bəzən sosial sifariş sənin istəyindən daha güclü olur.
   
—Sizə görə hansı daha güclüdür – sözün sehri, yoxsa sükutun fəlsəfəsi?

— Məncə sükutun fəlsəfəsi daha öncəki dövrlərə xas bir silah olubdur. Elə bir zamanlara ki, o zamanlarda insanlar daha çox susublar, başqalarını dinləmək etikasına riayət ediblər. Hazırda isə bu aktual deyil. Bu gün sözün sehri daha aktualdır. Bu gün yetən-yetməyən, hamı danışır. Bu gün söz bazarında müxtəlif qışqırtılar, bağırtılar, səsgücləndirici qurğulardan sui-istifadə apogey halına çatıb. Bu qarışıqlıqda sənin dediyin söz nə qədər dərin, məzmunlu, mistik, sehirli – bir sözlə cəlbedici, cazibədar olmalıdır ki, diqqəti özünə çəkə bilsin. 
Biz istəsək də, istəməsək də insanlıq münasibətlərinin tam yeni bir dövrünə qədəm qoymuşuq. 
Bu dövrdə hər bir kəslə öz dili ilə danışmaq lazımdır.

Söhbətləşdi: Cahangir Namazov



“Ədəbiyyat və incəsənət”

(29.08.2025)












 

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Azərbaycan tarzəni, Azərbaycanın ilk xalq artist Qurban Pirimovu bu 29 avqust günündə anırıq. Axı bu gün onun anım günüdür.

 

Qurban Pirimov 1880-ci ilin oktyabrında Şuşa qəzasının Gülablı kəndində dünyaya gəlib. XVIII əsrdə Qarabağın məşhur aşığı olan Valehin nəticəsidir.

 XIX əsrin sonlarında ifaçılıq etməyə başlayıb, həm solo, həm üçlükdə, həm də orkestrin tərkibində ifalar nümayiş etdirib. Belə ki, o,1905-ci ildən xalq müğənnisi Cabbar Qaryağdıoğlu və Saşa Oqanezaşvili ilə birlikdə musiqi üçlüyü yaradıb. Həmin muğam üçlüyü 20 ilə qədər öz fəaliyyətini davam etdirib. Pirimov həmin fəaliyyəti dövründə məşhurlaşıb, müxtəlif yerlərdə — Zaqafqaziya, Orta Asiya, Kiyev, Moskva və İranda qastrol səfərlərində olub. Onun ifa etdiyi muğamlar 1906–1916-cı illər ərzində Riqa, Varşava və Kiyev şəhərlərində "Potte", "Sport-Rekord", "Qrammafon" firmaları tərəfindən qrammofon valına yazılıb.

15 yaşında ikən müəllimi Sadıqcanın xeyir-duasını alan Qurban Qarabağ toylarında seçilən məşhur xanəndələri müşayiət edib. Belə toyların birində xanəndə İslam Abdullayev Qurbanın tar çalmasını görüb onu özünə tarzən götürüb. 1905-ci ildə Qurbanın taleyində uğurlu tarix olur. Çünki Gəncə toylarının birində Cabbar Qaryağdıoğlu onun tar çalmağını bəyənib və İslam Abdullayevin razılığı ilə gənci özü ilə Bakıya gətirib.

Dramatik və musiqili səhnə əsərlərində tarda müşayiət edib. O, Üzeyir Hacıbəyovun 1908-ci ildə ilk dəfə tamaşaya qoyulan "Leyli və Məcnun" əsərində orkestrin solisti olub, tarda ifa edib

 1920-ci ildən ömrünün sonunadək Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti olub. O, Qliyerin "Şahsənəm" operasının tamaşaya qoyulmasında bilavasitə iştirak edib. Eyni zamanda 1934-cü ildə Tiflisdə keçirilən Zaqafqaziya xalqlarının olimpiadasında birinci yeri tutmuş, 1939-cu ildə Moskvada keçirilmiş musiqiçilərin ümumittifaq baxışının qalibi olub.

 

Filmoqrafiya

1. Neft və milyonlar səltənətində

2. Bakılılar

3. Üzeyir ömrü

4. Qızıl fonddan seçmələr

 

Mükafatları

1. "Azərbaycan SSR xalq artisti" fəxri adı

2. "Azərbaycan SSR əməkdar artisti" fəxri adı

3. "Qırmızı əmək bayrağı" ordeni

4. "Şərəf nişanı" ordeni

 

Məşhur xanəndələri müşayiət edən tarzən onların arasında ən çox Xan Şuşinskiyə bağlanıbmış. Görkəmli musiqişünas Şuşinski xatirələrində onu belə yad edirdi:

"Mən Qurban Primovu son dəfə 1965-ci il avqustun 10-da M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında çıxış edərkən görmüşəm. Konsertdə gənc ifaçılarla bərabər, 85 yaşlı qocaman tarzən də iştirak edirdi. O, "Rahab" çalırdı. Sənət yollarında saç ağartmış tarzən öz sədəfli tarını sinəsinə, barmaqlarını simlərə gənclik ehtirası ilə toxundurduqca tellərdən qopan xoş, ürək oxşayan səda dinləyicilərin ruhunu oxşayırdı. Tarzən "Rahabı" 23 dəqiqə çaldı. Dinləyicilər hərarətli təbrik sədaları altında qocaman tarzəni 3 dəfə səhnəyə dəvət etdilər”.

 

Qurban Pirimov 29 avqust 1965-ci ildə Bakı şəhərində vəfat edib və I Fəxri Xiyabanda torpağa tapşırılıb. Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(29.08.2025)

İlhamə Məhəmmədqızı,

Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının sədr müavini. “Ədəbiyyat və incəsənət” portalının Sumqayıt təmsilçisi

 

Azərbaycanın inkişaf salnaməsində xüsusi yeri olan, dinamikliyi ilə seçilən Sumqayıt bu gün ikinci böyük sənaye və mədəniyyət şəhəri kimi ölkəmizin hazırkı simasının parlaq və nüfuzlu göstəricilərindəndir. Bakıdan cəmi 31 kilometr məsafədə, Xəzərin sahilində yerləşən bu əsrarəngiz şəhər qısa bir tarixi yol qət etməsinə baxmayaraq, müasir infrastruktur, zəngin sənaye potensialı və gənclik enerjisi ilə seçilir.

 

Hazırda əhalisi 427 min nəfərə yaxın olan Sumqayıt həm iqtisadi, həm də sosial həyatda strateji önəm daşıyan şəhərlərdən biridir.

 

Sənaye nəhəngi və iqtisadi qüdrətin ünvanı

Sumqayıtın təməli 1949-cu ildə qoyulmuş, qısa zamanda  Azərbaycanın ən iri sənaye mərkəzlərindən birinə çevrilmişdir. İlk illərdə kimya sənayesinə əsaslanan şəhər, zamanla metallurgiya, maşınqayırma, energetika və digər sahələrdə də ölkənin aparıcı istehsal ocaqlarından olmuşdur.

Müasir dövrdə isə şəhərin iqtisadi gücü Sumqayıt Kimya Sənaye Parkı və Sumayıt Texnologiyalar Parkı (STP) ilə daha da möhkəmlənmişdir.

Kimya Sənaye Parkı 2011-ci ilin dekabrında yaradılmış, sahəsi 505 hektar olan bu böyük sənaye məkanı artıq onlarla rezident şirkəti özündə birləşdirir. Burada kimya, plastik, tikinti materialları, kənd təsərrüfatı və digər sahələr üzrə müasir müəssisələr fəaliyyət göstərir, minlərlə iş yeri açılmışdır.

Texnologiyalar Parkı isə kabel, transformator, günəş panelləri kimi yüksək texnologiyalı məhsullar istehsal edir. Bu məhsullar həm daxili bazarı təmin edir, həm də xarici ölkələrə ixrac olunur.

Statistikaya görə, hazırda Sumqayıt Azərbaycanın ümumi sənaye məhsulunun 25 faizini istehsal edir. Bu fakt özü-özlüyündə şəhərin milli iqtisadiyyatda tutduğu mövqeyini aydın göstərir.

 

Elm, təhsil və gənclik

Sumqayıt yalnız sənayesi ilə deyil, həm də gəncliyi ilə fərqlənir. Burada 60-dan çox orta məktəb, peşə liseyləri, kolleclər və ali məktəb fəaliyyət göstərir. Bu təhsil müəssisələri gənc nəslin bilik və bacarıqlarını inkişaf etdirmək üçün geniş imkanlar yaradır.

Xüsusilə Sumqayıt Dövlət Universiteti şəhərin elmi və intellektual həyatında mühüm rol oynayır. Burada təxminən 6000-dən çox tələbə təhsil alır, 6 fakültə və 18 kafedrada yüzlərlə müəllim, pedaqoq gənc mütəxəssilərin hazırlanmasına xidmət edir. Universitetin məzunları bu gün Azərbaycanın müxtəlif bölgələrində, eləcə də xaarici ölkələrdə nüfuzlu elmi və praktiki fəaliyyətlə məşğuldurlar.

Gənlər yalnız elm və təhsildə deyil, həm də idman və vətənpərvəlikdə fəaldırlar. Onların beynəlxalq yarışlarda əldə etdikləri uğurlar, xüsusən də İkinci Qarabağ müharibəsində göstərikləri qəhrəmanlıqlar Sumqayıtı “gənclər şəhəri” adına daha da layiq edib. Sumqayıtlı gənclər respublika və beynəlxalq miqyasda böyük uğurlar qazanırlar. Beynəlxalq olimpiadalarda, idman yarışlarında və yaradıcılıq müsabiqələrində onların əldə etdikləri medallar şəhərin adını ucaldır. 2020-ci ildə Vətən müharibəsi zamanı Sumqayıtın yüzlərlə gənci könüllü olaraq döyüşlərə yollanmış, onlardan çoxu qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucalmışdır.  Bu gün şəhərdə onların adını daşıyan məktəblər, küçələr, xatirə lövhələri var. Bu, gənclərin həm elm yolunda fədakarlığının, həm də vətənpərvərlik ruhunun bariz nümunəsidir.

Təsadüfi deyil ki, Sumqayıt 2025-ci ilin “Gənclər paxtaxtı” seçilib. 

 

Mədəniyyət, istirahət və şəhərin siması

Sumqayıt həm də mədəniyyət və incəsənət şəhəridir. Burada Dövlət Dram Teatrı, Poeziya Evi, mədəniyyət sarayları və kitabxanalar  fəaliyyət göstərir.  Müxtəlif ədəbi-bədii tədbirlər, konsertlər və sərgilər  şəhərin ictimai-mədəni həyatını zənginləşdirir.

Xüsusi olaraq qeyd etmək lazımdır ki, 2016-ci ildə istifadəyə verilən Sumqayıt Bulvarı şəhərin yeni simvoluna çevrilmişdir. Uzunluğu 4,2 km, sahəsi isə 106 hektar olan bu möhtəşəm kompleks təkcə şəhər sakinləri üçün deyil, həm də qonaqlar üçün rahat istirahət yeridir. Burada yaşıllıq zolaqları, idman meydançaları, uşaq əyləncə parkları və mədəniyyət  məkanları salınmışdır.

İdman həyatı da diqqət mərkəzindədir. Mehdi Hüseynzadə adına stadion 9500 tamaşaçı tutumu ilə həm yerli idman oyunlarının keçirilməsinə, həm də gənclərin sağlam ruhda böyüməsinə xidmət edir. Eyni zamanda, Azərbaycanın iri stadionlarından biri kimi Sumqayıt Futbol Klubunun oyunlarına ev sahibliyi edir və şəhərin idman həyatının mərkəzidir.

 

Gələcək perspektivlər

Sumqayıtın gələcək inkişafı yaşıl enerji və ekoloji layihələrin keçirilməsi ilə bağlıdır. Şəhərdə bərpa olunan enerji mənbələrinin istifadəsinin artırılması, ekoloji təmiz istehsal sahələrinin inkişafı və yaşıl sahələrin genişləndirilməsi planlaşdırılır. Bu addımlar şəhərin davamlı inkişafını təmin edəcək və gələcək nəsillərə yaşanabiləcək bir mühit yaradacaq.

Nəticə etibarilə, Sumqayıt bu gün özündə sənaye nəhəngliyini, gəncliyin enerjisini və mədəniyyətin zənginliyini birləşdirən şəhərdir. Burada sabahın alimi, mühəndisi, müəllimi, idmançısı formalaşır. Həmçinin ölkənin iqtisadi inkişafına xidmət edən iri müəssisələr fəaliyyət göstərir.

Sumqayıtlılar haqlı olaraq deyirlər: “Bizim şəhər sənayeylə nəfəs alır, gəncliklə yaşayır, mədəniyyətlə ucalır! ” Bu sözlər təkcə bir şüar deyil, Sumqayıtın gerçək portreti, onun bu günü və sabahıdır.

Bir sözlə, Sumqayıt bu gün Azərbaycanın sənayesi, gəncliyi, elmi və mədəniyyəti ilə vəhdət təşkil edən şəhərdir. Onun simasında keçmişin zəhməti, bugünün inkişafı və gələcəyin arzuları bir arada görünür. Bu şəhərin son on ildəki hekayəsi isə, elə indidən gələcəyin parlaq səhifələrini yazır.

 

“Ədəbiyyat və incəsənət”

(29.08.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.